Sabah qar yağacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq

Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib. "Məğlub olsaq da şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz ÇL in qrupuna düşmək idi. Şükürlər olsun ki bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki bir qələbə olsun. Çox şükür ki artıq iki qələbəmiz var. Azərbaycana belə klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı formada idi. Bu gün 60, 70 dəqiqə tab gətirə biliriksə deməli sabah daha da irəli gedə bilərik. Təəssüf ki Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə çalışırıq ki rəqiblərə aciz şəkildə məğlub olmayaq", - baş məşqçi əlavə edib. Qeyd edək ki, Q.Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Bakıda faciəvi şəkildə ölən şəxs 2 gün idi yoxa çıxıbmış...

Binəqədidə 1991-ci il təvəllüd qəsəbə sakini Taleh Şahid oğlu Fehruzlu elektrik cərəyanı vurması nəticəsində ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində onu dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurduğu məlum olub. Qeyd edək ki, faciəli şəkildə ölən şəxs dekabrın 12-si saat 10 radələrində yaşadığı evdən çıxıb və ondan heç bir məlumat alınmayıb.

Bu tarixə kimi qar yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir. Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu barədə Sozcu.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirlib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Şərurlu İsfəndiyarla bağlı məhkəmə istintaqı yekunlaşdı

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Asim Abbasov məhkəməyə elektron qaydada təqdim etdiyi vəsatəti səsləndirib. Vəkil bildirib ki, mütəxəssis rəyində yeyinti sözü yazılsa da, cinayət predmeti kimi Cinayət Məcəlləsinin müvafiq maddələrində əks olunsa da, iş üzrə tənqidi hal kimi yanaşılıb. Təqdim edilən rəydə dələduz sözünə toxunulmayıb, təhqiqat aparılmayıb. Videoda müəyyən məbləğlər səsləndirilsə də, bu barədə heç nə yazılmayıb. Həmçinin vəkil əlavə edib ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru hazırda dövlətə xəyanətdə təqsirləndirilən Ramiz Mehdiyevin vəzifədə olan zaman təyin edilib. Həmçinin bəzi media resurslarında Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqənin olması ilə bağlı yazılar dərc edilib. Bu da ona əsas verir ki, rəy qərəzlidir. Rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm. Müdafiə tərəfinin vəkili Ülvi Nəsibli bildirib ki, İsfəndiyar Axundovu Ramiz Mehdiyevlə əlaqələndirmək məsələsinə yumorla yanaşmaq lazımdır. Vəkil Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbər olmalıdır. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqə olmayıb. Təqsirləndirilən İsfəndiyar Axundov bildirib ki, Ramiz Mehdiyevlə əlaqəsi yoxdur. Ümumiyyətlə, Ramiz Mehdiyev söhbətinə gəldikdə isə bu işlə DTX məşğuldur. Lazımi şəxslərin qanuni cəzası veriləcək. Biz onlardan çox bilmirik. Vəkil Asim Abbasov bildirib ki, mətbuatda dərc edilən yazılar yeni deyil, 2020-ci ildə dərc edilib və həmin zaman Ramiz Mehdiyev vəzifədə idi. Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxs özü, həm də övladı bizimlə danışıqlara gedib və razılaşma ilə bağlı zənglər edib. Bununla bağlı qeydlər də var. Bizim tələbimiz sizin etdiyiniz səhvin etiraf edilməsidir. Məhkəmə rəyin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb və vəsatətə yekun məhkəmə aktının çıxarıldığı zaman qiymət veriləcəyini bildirib. Həmçinin məhkəmə əvvəlki prosesdə vəkil Asim Abbasovun rəyi verən mütəxəssisin dindirilməsi ilə bağlı verdiyi və baxılmamış saxlanılan vəsatətə münasibət bildirib. Məhkəmə sözügedən vəsatəti təmin etməyib. Daha sonra sənədlər tədqiq edilib. Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqının yekunlaşdığını elan edib. Xüsusi ittiham qaydasında iddia qaldıran Emil Səməndərovun vəkili çıxış üçün vaxt istəyib. Məhkəmənin növbəti prosesi 22 dekabra təyin edilib. Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İsfəndiyar Axundov müsahibələrindən birində Emil Səməndərovu dələduz kimi təqdim edib.

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Qusar rayonunun Üzdənoba kəndində dəm qazından zəhərlənmə baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərlənib. Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova və iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlara müvafiq tibbi yardım göstərilib, evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1390-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 188 490 hərbçi, 11 410 ədəd tank, 23 721 ədəd zirehli döyüş maşını, 35 041 ədəd artilleriya sistemi, 1 567 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 259 hava hücumundan müdafiə sistemi, 432 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 69 798 ədəd avtomobil texnikası, 90 124 ədəd PUA, 4 073 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 026 xüsusi avadanlıq itirib.

Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. Sozcu.az xatırladır ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəman yunan-Roma güləşi üzrə dəfələrlə respublika çempionu, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1988-ci ilin fevralında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlanıb və ilk qaçqın dalğası Qubadlıdan keçib. Elə bu illərdə Əliyar Əliyev Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınır. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru" adlanıb. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilib. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunub. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Qubadlı şəhəri 25 oktyabr 2020-ci il tarixində işğaldan azad olunub. Digər işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra Milli Qəhrəmanın qəbri bərpa edilib. Qəbirdaşı hazırlanaraq ətrafı səliqəyə salınıb.

Rusiyanın neft emalı zavodları vuruldu

Bu gün Rusiyanın bir neçə regionundakı neft emalı zavoduna PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Volqoqrad vilayətindəki Uryupinsk şəhərində neft emalı zavoduna zərbələr endirilib. Yerli sakinlər güclü partlayış və yanğınların baş verdiyini bildiriblər. Hücumları Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov da təsdiqləyib. Bundan başqa, Smolensk vilayətindəki DRES-ə PUA zərbələri endirilib. Yaroslavl şəhərindəki “Slavneft-YANOS” ASC-yə məxsus neft emalı zavodu da vurulub. Rusiya Teleqram kanalları Krasnodar diyarındakı Afipski neft emalı zavodunun da vurulduğunu bildiriblər.

NATO Rusiya ilə Atlantika uğrunda döyüşə hazırlaşmalıdır

NATO özünün strateji çərçivəsini yenidən gözdən keçirməli, Atlantika uğrunda döyüş və ya Avropadakı quru əməliyyatlarının hüdudlarından kənara çıxacaq Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır. Sozcu.az xəbər verir ki, bu, NATO Hərbi Kollecinin son icmalında qeyd olunub. Sənədin müəllifi, kollecin elmi əməkdaşı Endryu Monaqan iddia edib ki, dövlətin bütün dəniz qüvvələrinin inkişafı Moskvanın siyasətinin əsas xüsusiyyətidir. Ekspert qeyd edib ki, bu, Rusiyaya geoiqtisadi rəqabət dövründə özünü lider kimi göstərməyə imkan verir. "Bu, NATO-nun oriyentirlərinin çərçivəsini bərpa olunmuş "Atlantika uğrunda döyüş"dən və ya Şimal-Şərqi Avropadakı quru əməliyyatları ssenarilərindən kənara, qlobal üfüqlərə malik, çoxcəbhəli, müxtəlif növlü Rusiya çağırışına doğru yönəldir", - icmalda bildirilib. Alyans analitikləri onu da qeyd ediblər ki, böhran ssenariləri tez-tez Baltik dənizindən Kara dənizinə qədər vahid strateji istiqamətdə gərginliyin artmasına diqqət yetirir.

Türkiyədə fabrikdə güclü yanğın baş verdi

Türkiyənin Dənizli şəhərinin Çardak rayonu ərazisində filtr sistemləri istehsal edən bir fabrikin anbar hissəsində yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Yanğın qısa müddət içərisində fabrikin böyük hissəsinə yayılıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadalar göndərilib. Xəsarət alanlar barədə məlumat verilməyib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Kürdə batan şəxsin meyiti tapıldı

3 gün əvvəl Kürdə batan kişinin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, Kür çayında boğulan Sabirabad rayonunun Şıxsalahlı kənd sakini 1987-ci il təvəllüdlü Alməmmədov Anar Şamil oğlunun meyiti bu gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

DİN-dən əməliyyat: 9 nəfər saxlanıldı

Ötən gün dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, keçirilən əməliyyat tədbirləri ilə sözügedən şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Azərbaycandan Rusiya ordusuna əsgər cəlb edənlər KİMLƏRDİR...

“Azərbaycanın təhlükəsizlik orqanları Rusiyanın işğalçı müharibəsi üçün ölkəmizdə aparılan rekrutinqi qəti şəkildə əngəlləməlidir”. Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli Ukraynada döyüşmək üçün şirnikləndirici vədlərlə Azərbaycandan Rusiya ordusuna muzdlularıncəlb edilməsi barədə danışarkən deyib. “Xüsusən qazilərimizin, ehtiyatda olan zabitlərimizin Rusiya ordusu ilə müqavilə bağlayıb, ukraynalılara qarşı cinayətlərdə iştirakı və orada ölməsi faciədir. Əlbəttə ki, bu problem təkcə təhlükəsizlik aspekti ilə məhdudlaşmır. Məsələnin sosial‐‎iqtisadi və siyasi‐‎təbliğati tərəfləri də var. Əvvəla, işsiz, yoxsul və sosial təminatı aşağı səviyyədə olan kişilər, o cümlədən qazilər əlavə gəlir mənbələri axtararkən Rusiya ordusuna əsgər cəlb edən şəbəkələrlə rastlaşırlar və orada müqavilə imzalandıqda verilən ödənişin cazibəsinə qapılırlar”, - ekspert vurğulayıb. Onun sözlərinə görə, sosial‐‎iqtisadi çətinliklər Azərbaycandakı bəzi insanları öz nəzərlərini ölkə xaricindəki gəlir fürsətlərinə çevirməsinə səbəb olur. “İkincisi, çox təəssüf ki, Azərbaycan mediası, xüsusən televiziyalar Ukrayna mövzusuna geniş yer ayırsalar da, Rusiyanın apardığı savaşın cinayətkar mahiyyəti və əxlaqi baxımdan alçaqlığına az diqqət yetirirlər. Əksinə, işğala məruz qalan tərəfi haqsız çıxaran, Rusiyaya əsasən örtülü, bəzən də açıq şəkildə haqq qazandıran rəylərə yer verilir. Bəzi şərhçilər də var ki, əslində Rusiyanı dəstəkləməsələr də, çıxışlarında yalnız Ukrayna rəhbərliyini, prezident Zelenskini ‐‎ yəni qurbanı məsuliyyətsizcəsinə hədəf almaqla, faktiki olaraq Rusiya təbliğatının dəyirmanına istəmədən su tökmüş olurlar. Bu isə Azərbaycan cəmiyyətində rusiyayönümlü əhval‐‎ruhiyyələrə töhfə verərək Rusiyanın tərəfində döyüşməyin pis, ayıb bir şey olmadığı qənaətini də yaradır. Başqa bir tərəfdən, telekanallar müharibənin amansızlığı, tərəflərin nə qədər ağır itkilər verdiyi gerçəyini izləyiciyə lazımi səviyyədə çatdırmır. Cəbhə xəttində əsgərlərin ömrünün çox qısa olduğu, xüsusən Rusiyanın hər gün 1000‐‎1500 əsgər itridiyi və onların bir çoxunun meyitlərinin tapılmadığı, dronlar tərəfindən tikə‐‎parça edildiyi hər kəs tərəfindən bilinərək dərk edilsə, muzdlu qismində o müharibədə iştirak həvəsi yəqin ki, azalar”, - Şahin Cəfərli qeyd edib. Hərbi bloger Tofiq Şahmuradov da belə faktların olduğunu təsdiqləyib. O bildirib ki, Rusiyadakı bəzi azərbaycanlılar sosial şəbəkələrdə Rusiya üçün Ukraynada gedən müharibəyə adam cəlb edirlər. "Xüsusən 44 günlük Vətən müharibəsində iştirak etmiş, müxtəlif səbəblərlə Azərbaycan Ordusundan tərxis olunmuş keçmiş hərbçilərə sosial şəbəkələr vasitəsilə yazırlar, onları şirnikləndirirlər. Bu hərbçilərin arasında sosial yaşayışı aşağı olanlar çoxdu deyə, onlara qarmaq atırlar. Bunlara döyüş təcrübəsi olan adamlar lazımdır. Verdikləri vədlər də bitmir: “Ay mən getdim fırlatdım, sonra burada 3 ev aldım, narahat olma gəl, komandirlər tanışdı, deyəcəm sən də fırladacaqsan, qəşəng pul qazanacaqsan və s…” Qardaşlar, belə vədlərə inanmayın, hazırda Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrinin 750 mindən çox canlı qüvvəsi var, orda it yiyəsini tanımır. Lap tutaq ki, onun orda tabor komandiri, “kombrik” dostu var, kim qarantiya verə bilər ki, sən onların bölüyünə və ya briqadasına düşəcəksən? Rusiya rəhbərliyi öz millətini arxada saxlıyıb, etnikləri, başqa xalqların nümayəndələrini “ət maşınına” basır. Bəziləri düşünə bilər ki, eybi yox, gedim ölüm, ailəm 100-150 min dollar kompensasiya alsın,  normal dolansın... Kompensasiyanı verməmək üçün meyitinizi itə-quşa yedirdəcəklər”, - T.Şahmuradov vurğulayıb. Qeyd edək ki, T.Şahmuradovun sosial şəbəkədəki paylaşımına rəy yazan bəzi şəxslər Azərbaycan vətəndaşlarını şirnikləndirci vədlərlə Rusiya ordusuna cəlb etməyə çalışanların olduğunu təsdiqləyiblər. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu dünən Ukraynada gedən müharibədə həlak olub. O, Rusiya ordusuna cəlb edilən qurbanlardan biridir.(Modern)

Ermənistan ordusunda intihar: əsgər silahla özünü vurub

Dünən Ermənistan ordusunda daha bir ölüm hadisəsi qeydə alınıb. Hərbçi Smbat Kirakosyanın cəsədi tapılıb. Sozcu.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsindən bu gün yerli mətbuata bildirilib ki, hadisə intihar kimi təsnif edilir. "12 dekabr 2025-ci ildə hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb. İlkin məlumatlara görə, hərbçi təyin olunmuş silahla özünü başına atəş açıb və nəticədə ölümünə səbəb olub".

6 uşaq anasını həyata qaytaram həkim - Hamı ondan yazır

Bu gün daha bir qəhrəmanı tanıdıq. Həkim Jalə Müslümova ürəyi dayanan 6 uşaq anasına düz 45 dəqiqə ürək masajı edərək həyata qaytarıb. Sozcu.az xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın uzun mübarizədən sonra həyata qaytarılıb. Xəstənin həyatını xilas edən həkim - xəstəxananın ikinci reanimasiya şöbəsinin müdiri Jalə Müslümova artıq sosial şəbəkə fenomeninə çevrilib. Hamı ondan yazır.

Kəndin ruhu köçürülə bilərmi? Çormanla bağlı açıq suallar

İşğaldan azad olunmuş rayonlarda kəndlərin birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bu rayonlar arasında Kəlbəcər xüsusi spesifik xüsusiyyətləri ilə seçilir. Burada hər kəndin özünəməxsus danışıq ləhcəsi, adət-ənənəsi və sosial-məişət həyatı formalaşıb. Kəlbəcər rayonunun Çorman kəndi isə bu baxımdan xüsusilə diqqət çəkən yaşayış məntəqələrindən biridir. Çorman çox qədim tarixə malikdir. Kənd ərazisində IX–X əsrlərə aid iki Alban məbədi mövcud olub. Həmin məbədlərdən birinin hasar qalıqları bu gün də qalmaqdadır. Kənddə eyni zamanda qədim su dəyirmanının izləri mövcuddur. Kəndin güney hissəsində, xüsusilə “Güney Kalafalıq” adlanan ərazidə qədim yaşayış məskənlərinin qalıqları bu günədək qorunub saxlanılıb. Yaylaq sahəsində, yüksək bir təpəlikdə yerləşən Qırıb qəbiristanlığının isə tarixi dəqiq məlum deyil və tədqiqata ehtiyac var. Çorman kəndi ərazisində yerləşən digər qədim yaşayış məskəni “Köhnə kənd” adlanır. Yerli sakinlərin söylədiklərinə görə, vaxtilə buradan dörd kənd ayrılıb: Çorman, Keçiliqaya, Qaragüney və Zülfüqarlı. Kəndin təbiəti olduqca zəngindir. Çorman Kəlbəcərin ən böyük meşə sahələrinə malik kəndlərindən biridir, bəlkə də birincisidir. Ərazi daxilində 1 isti su, 1 turş su, 85-dən artıq bulaq, 13 şəlalə, 20-dən çox xırda çay və bir nisbətən böyük çay mövcuddur. Kəndin yaylaqları isə bölgə əhalisi arasında xüsusi məşhurluğa malikdir. Aran Qarabağdan və Şirvandan olan elat camaatı Çiçəkli, Göybulaq və Dükanlı yaylaqlarını bu gün də yaxşı xatırlayır. Hazırda isə Çorman kəndinin sakinləri öz doğma kəndlərinə deyil, digər bölgələrdə – əsasən də Ağdərə rayonunda məskunlaşdırılır. Bu vəziyyət insanların tarixi yurd-yuvalarından uzaq salınması, sosial bağlarının qırılması və kənd həyatının davamlılığının zəifləməsi deməkdir. Belə bir kəndin unudulması və ya tarixi-coğrafi bağlarından qoparılması, sözün əsl mənasında, tariximizə və mədəni yaddaşımıza ağır zərbədir. Əsas narahatlıq doğuran məsələ isə kəndin birləşdirilərək salınması planlaşdırılan ərazinin əkin-biçin və otlaq sahələrindən 15–20 kilometr uzaqda yerləşməsi ehtimalıdır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün ciddi problemlər yaradır. Belə olan halda, mal-qaranın hər gün nəqliyyat vasitələri ilə örüşə aparılıb-gətirilməsi zərurəti yaranacaq. Halbuki geri qayıdan əhalinin əsas dolanışıq mənbəyi əkinçilik və maldarlıq olmalıdır. Bu imkanlar olmadan kənddə davamlı məskunlaşma necə təmin ediləcək? Bu baxımdan sual yaranır: Görəsən, müvafiq dövlət qurumları kəndlərin birləşdirilməsi zamanı bu cür sosial-iqtisadi, tarixi və mədəni amilləri kifayət qədər nəzərə alırlarmı? Müəllif: Kəlbəcər rayonu, Çorman kənd sakini – Hüseyin Əliyev

Sirkə turşusu içən kişi xəstəxanada keçindi

Bakıda 4 gün öncə səhvən sirkə turşusu içən 47 yaşlı kişi xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxın Xətai rayonunda baş verib. Rayonun Babək prospektində 1978-ci il təvəllüdlü Asif Nadir oğlu Əliyev yaşadığı evdə səhvən sirkə turşusu içib. O, ötən gün xəstəxanada ölüb.

"Azərişıq"ın əməkdaşı öldü

Dekabrın 12-də Abşeron rayonunda bədbəxt hadisə baş verib: "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb. Sozcu.az-ın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində baş verib. Belə ki, Abşeron rayonunun Fatmayı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidli elektrik dirəyində cərəyan vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Azad olunan bölgələrdə silah-sursat aşkarlandı

Azərbaycanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə dekabrın 12-də silah-sursat aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında, eləcə də işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 6 tüfəng, 10 patron darağı, 882 ədəd müxtəlif çaplı patron, 23 ədəd top mərmisi, 18 mina və 28 ədəd giliz aşkar edərək götürüblər.

Rusiyanın şok itkiləri - 35032 ədəd artilleriya sistemi məhv edilib

Ukrayna müharibənin 1389-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 187 780 hərbçi, 11 409 ədəd tank, 23 714 ədəd zirehli döyüş maşını, 35 032 ədəd artilleriya sistemi, 1 567 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 258 hava hücumundan müdafiə sistemi, 432 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 69 717 ədəd avtomobil texnikası, 89 684 ədəd PUA, 4 060 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 026 xüsusi avadanlıq itirib.

Qaldırıcı qırıldı, üzərinə maşın düşüb öldü

Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində qaldırıcı onun üzərinə düşüb və o ölüb. Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.

Tramp "dayandırmışam" dedi, amma döyüşlər davam edir

Kamboca hakimiyyəti Tailand ordusunun sərhəd zonasındakı hədəflərə zərbələr endirməyə davam etdiyini açıqlayıb. Sozcu.az "Röyters"ə istinadən xəbər verir ki, Banqkok da öz növbəsində Kamboca ordusunun mülki obyektləri hədəf alaraq "beynəlxalq hüququn təkrarən pozulması"nı iddia edib. ABŞ Prezidenti Donald Tramp isə dekabrın 12-də Tailand və Kamboca arasındakı münaqişənin gərginləşməsinin qarşısının alınması üçün hər iki ölkənin liderləri ilə danışdığını bildirib. O, tərəflərin sərhəddəki toqquşmalardan sonra oktyabr ayında əldə edilən sülh razılaşmasına qayıtmaq barədə razılığa gəldiklərini qeyd edib.