Rusiyada daha bir qatar qəzası baş verdi

Gecə saatlarında Kursk vilayətinin Jeleznoqorsk rayonunda yük qatarının keçdiyi körpü uçub. Sozcu.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn məlumat verib. “Körpünün uçması nəticəsində vaqonların bir hissəsi avtomobil yoluna düşüb”, - Xinşteyn bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində teplovoz yanıb.

Venesuela kəşfiyyatı rusiyalı məmuru həbs etdi

Venesuelanın Hərbi Əks-kəşfiyyatının Baş İdarəsi Karakasda Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Roman Frolenkonu həbs edib. Sozcu.az xəbər verir ki, bu barədə “İnfobae” nəşri məlumat yayıb. Qeyd edilir ki, o, San Bernardino rayonundakı evində mayın 15-də saxlanılıb, mənzildə axtarış aparılıb. Nəşr həbsin Frolenkonun Karakasda yerli “La Piedrita” silahlı qruplaşması tərəfindən təşkil edilmiş Naməlum əsgər abidəsinin açılışında iştirak etməsi ilə əlaqələndirir: “Frolenko bir neçə il ərzində Venesuelada qaranlıq bizneslə məşğul olub və özəl sahibkarları hədəf alan fırıldaqçılıqlar edib”.

Xaçmazda 20 yaşlı gənc dəm qazından öldü

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Sara Xatun küçəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb. İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb. A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 988 mini ötdü

Ukrayna müharibənin 1194-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 988 560 hərbçi, 10 872 ədəd tank, 22 656 ədəd zirehli döyüş maşını, 28 527 ədəd artilleriya sistemi, 1 401 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 173 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 50 325 ədəd avtomobil texnikası, 38 366 ədəd PUA, 3 268 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 903 xüsusi avadanlıq itirib.

Rusiyada qatarın keçdiyi körpü partladıldı: 7 ölü, 66 yaralı

Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib. “388 sərnişinin olduğu Klimov-Moskva qatarı hərəkət edərkən körpüdə partlayış baş verib”, - Boqomaz bildirib. Boqomazın məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 66 nəfər yaralanıb.

Mina terroru: 400 vətəndaşımız ölüb, bu, ermənilərin məqsədli addımıdır - Hacıyev

2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. "Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı məqsədli şəkildə və geniş miqyasda yerləşdirilib. Bir çox hallarda minalar hərbi zərurət olmadan, sırf mülki əhalini hədəfə almaq və köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitmək məqsədilə basdırılıb. Bu mənada minalar kütləvi qırğın silahları qismində çıxış edir və ciddi təhlükə mənbəyidir", - Hikmət Hacıyev qeyd edib.

Təyyarə yaşayış binasına çırpıldı

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Korşenbroyx şəhərində təyyarə qəzası baş verib. Sozcu.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Mönxenqladbax şəhərinə enməsi nəzərdə tutulan təyyarə qəzaya uğradıqdan sonra bir evin üzərinə düşüb. Hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin 71 yaşlı qadın pilot olduğu bildirilir. O, uçuş zamanı mühərrikdə nasazlıq barədə əvvəlcədən xəbər versə də, qəzanın qarşısını ala bilməyib. Hadisə nəticəsində evdə böyük dağıntılar baş verib. Ev sahibi təyyarəni görərək qaçmağa müvəffəq olsa da, hadisə yerində bir qadın həyatını itirib. Hazırda qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.

Salyanda güclü yanğın: iki mindən çox bağlama...

Salyan rayonunda baş verən yanğın hadisəsi zamanı, iki mindən çox ot bağlaması yararsız hala düşüb. Sozcu.az xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb. Kənd sakininə məxsus təsərrüfatda baş verən yanğın zamanı iki mindən çox ot bağlaması yanıb, yardımçı tikiliyə ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Avtobus körpüdən aşdı: 21 idmançı öldü

Nigeriyanın Kano əyalətində avtobus körpüdən aşıb. Sozcu.az xəbər verir ki, bu barədə "Daily Post" məlumat yayıb. Məlumata görə, qəza zamanı avtobusda 30 idmançı olub. Hadisə nəticəsində 21 idmançı həlak olub. İdmançılar Oqun əyalətinin Abeokuta şəhərində başa çatmış idman festivalından qayıdırdılar. Nəşrin məlumatına görə, zərərçəkənlər xəstəxanaya çatdırılır.

Türkiyədə meşə yanğını: 7 helikopter cəlb olundu

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda meşə ərazisində yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir. Əraziyə bir təyyarə, yeddi helikopter və digər texniki vasitələr cəlb olunub. Hadisənin səbəbi məlum deyil.

Zaqatalada ağır qəza: sürücü öldü

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində VAZ-2106 və motosiklet toqquşub. Sozcu.az xəbər verir ki, nəticədə motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Vasif Talıbovun səhhəti pisləşdi - Ölkədən buraxılmadı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində problem yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Yenisabah.az-a V.Talıbovun qohumlarından biri məlumat verib. Onun sözlərinə görə, V.Talıbovun səhhətində olan problemlər son bir neçə ayda özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Ötən həftə isə keçmiş rəhbərin sağlıq durumu daha da pisləşib. Şəxsi həkimi onu evində müayinə edəndən sonra xəstəxana şəraitində müalicə almasını vacib olduğunu bildirib. Amma Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə getməkdən imtina edib. Qohumu deyib ki, sabiq sədr xaricdə müalicə olunmağa üstünlük versə də, bu arzusunu reallaşdıra bilməyib. Bakı onun ölkəni tərk etməsinə imkan verməyib. Qeyd edək ki, Vasif Talıbov 21 dekabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Bundan sonra o, Naxçıvandakı malikəsinə çəkilərək, kənar şəxslərlə əlaqəni tamamilə kəsib. Keçmiş “Xan”ın hətta yaxın qohumlarının xeyir-şər məclislərinə də qatılmadığı bildirilir.

Kollec bitirən işsiz qalırsa, bu diplom kimə lazımdır?

Hazırda bir çox kollec məzunları iş tapa bilmədiklərini, diplomlarının əmək bazarında keçərli olmadığını bildirirlər. Bu şəraitdə belə bir sual yaranır: əgər kolleci bitirən gənclər nə dövlət, nə də özəl sektorda öz ixtisaslarına uyğun iş tapa bilmirlərsə, bu təhsil müəssisələrinin fəaliyyət məqsədi nədir?  Bu barədə Moderator.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, orta ixtisas təhsil pilləsində – kolleclərdə çalışan müəllimlərə, rəhbər işçilərə, həmçinin orada təhsil alan çoxsaylı tələbələrə qarşı heç bir sayğısızlıq etmək fikrində deyiləm. Onun sözlərinə görə, onların çəkdiyi əziyyətin, göstərdiyi zəhmətin nə qədər böyük olduğunun tam şəkildə fərqindəyəm: “Lakin bir reallığı da etiraf etməyə məcburuq. Bu reallıq ondan ibarətdir ki, ölkəmizdə orta ixtisas (subbakalavr) təhsili daha çox formal xarakter daşıyır və çox təəssüf ki, bu hal hələ də davam etməkdədir. Düzdür, son illər bu sahədə müəyyən irəliləyişlər var. Bu irəliləyişin əsas səbəbi isə bir neçə il əvvəl kollecləri ortalama bal göstəricisi ilə bitirən şəxslərə imtahansız şəkildə universitetlərə qəbul olmaq imkanı verilməsidir. Məsələn, kolleclərə maraq əvvəlki illərlə müqayisədə xeyli artmışdı. Ötən il ixtisas seçimi zamanı az qala kolleclər universitetlərlə rəqabət aparırdı. Təbii ki, universitet səviyyəsində ola bilməz, amma onlardan geri də qalmırdı. Nəyə görə? Çünki abituriyent düşünür ki, əgər universitetə qəbul ola bilməsə belə, kollecdə iki-üç il təhsil alaraq yüksək nəticə göstərməklə imtahansız və müsabiqəsiz şəkildə universitetə qəbul olmaq imkanı qazanacaq. Yalnız bu imkan kolleclərə olan marağı müsbət istiqamətdə ciddi şəkildə artırmış oldu. Ümumilikdə kolleclər təhsil sistemimizdəki rolu və əmək bazarındakı yeri baxımından o qədər də faydalı deyildi. Mən bunu bir irad, ya da şikayət kimi yox, ürək ağrısı ilə deyirəm. Təəssüf ki, reallıq budur. Təsəvvür edin, elə peşə təhsili müəssisələri var ki, orada oxuyanların iş tapmaq potensialı kolleclərlə müqayisədə dəfələrlə çoxdur. Mən hətta yüksək standartlı, müasir peşə təhsil mərkəzlərini nəzərdə tutmuram. Sadə, orta səviyyəli peşə məktəblərinin məzunları ilə kolleci bitirənlər arasında iş tapmaq potensialı baxımından böyük fərq mövcuddur. Burada üstünlük, təbii ki, peşə məktəbini bitirən şəxsin tərəfindədir. Əmək bazarı bəzi məsələləri öz tənzimləyir”. Təhsil eksperti vurğulayıb ki, kolleclərlə bağlı vəziyyətin getdikcə yaxşılaşacağına inanıram: “Birincisi, dediyim kimi, kolleci bitirənlərə universitetə qəbul imkanı verilməsi bu inamı yaradır. İkincisi isə, xüsusilə son illərdə daha aydın hiss olunur ki, əmək bazarı üçün bəzi zəruri ixtisaslar yalnız kolleclərdə mövcuddur. Məsələn, tibb yönümlü ixtisaslar. Hazırda bu sahədə əsas tədris məhz kolleclərdə həyata keçirilir. Bakıda və bölgələrdə ümumilikdə ona yaxın tibb kolleci fəaliyyət göstərir və bu kolleclərdə tədris olunan ixtisaslar olduqca vacibdir. Bu gün tibb bacısı, tibb qardaşı, diş texnikliyi, mamaçalıq,aptek işi, ortopedik müayinə kimi ixtisaslara əmək bazarında böyük ehtiyac var. Bu sahələrin bir çoxu yalnız kolleclərdə tədris olunur, ali təhsil müəssisələrində isə bu ixtisaslara rast gəlmək olmur.  Bu gün peşəkar tibb bacılarına, diş texniklərinə, mamaçalara, tibb qardaşlarına ciddi ehtiyac duyulur. Deməli, bu, kolleclərin müsbət tərəflərindən biridir və mütləq vurğulanmalıdır”. E.Nuri onu da əlavə edib ki, digər sahələrdə də elə ixtisaslar var ki, onlar yalnız kolleclərdə mövcuddur:  “Bu iki faktoru nəzərə alaraq deyə bilərik ki, kolleclərin əmək bazarındakı gələcək rolu müəyyən qədər artacaq,amma bu gün üçün bunu tam ürəklə demək çətindir. Çünki hər şey tibb kollecindən ibarət deyil. Axı müxtəlif profilli kolleclər var. Desək ki, onların hamısında tədris olunan ixtisasların əmək bazarındakı mövqeyi yüksəkdir, bu, reallığı əks etdirməz və yanlış olar”.

Müəllim autizmli uşağı DÖYDÜ - Rəsmi AÇIQLAMA - FOTO

“Bakının Nizami rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin müəllimi övladıma şiddət göstərib”. Bu barədə “Qafqazinfo”ya adıçəkilən məktəbin 2-ci sinfində təhsil alan C.E.-nin anası şikayət edib. O bildirib ki, övladında ötən ildən etibarən qorxu, narahatlıq halları artıb: “Autizm spektorlu uşaqlara daha da həssas davranmaq lazımdır. O özünə çox qapanıqdır. Belə halların artdığını görüb həkimə getdik. Müayinədən sonra həkim bizdən soruşdu ki, “bu uşağa evdə hər hansı təzyiq olur?” Ancaq biz övladımıza çox həssas yanaşırıq. Bundan sonrakı müayinələrdə də həkim övladımızın vəziyyətinin geriyə doğru getdiyini bildirdi. Bu məqamda artıq məktəbdən şübhələndik. Ümumi nəzarət etmək və başına hər hansı bir hadisə gəlməməsi üçün “smart saat”dan istifadəyə başladıq. Bu saat vasitəsilə övladımın harada olduğunu müəyyən etmək olurdu. Dərsdə olarkən təsadüfən zəng etdiyimiz zaman müəllimin bir neçə dəfə telefonla oynadığını, uşaqlara isə sakit qalmaqları üçün qışqırdığını eşidirdik”. Valideynin iddiasına görə, müəllim dərs zamanı uşağa şiddət göstərib və o bunu “smart saat”la müşahidə edib: “Bundan sonra dərhal direktorun qəbulunda olduq, evə çatmadan müəllim Rəna Heydərova bizə ağlayaraq zəng etdi. O xahiş etdi ki, şikayəti geri çəkim, yoxsa direktor onu işdən çıxaracaq. Bu hadisədən sonra o qədər yalvardı ki, onu nəzərə aldıq. Ancaq bundan sonra öyrəndik ki, dərsdə övladımın qolundakı saatı çıxarırlar. Sonra müəllimlər uşağın oxumamasından şikayətlənərək onun əlavə hazırlığa gəlməsini dedilər. Biz əlavə ödəniş etməklə uşağı hazırlığa qoyduq. Lakin heç bir faydasını görmədiyimiz üçün dayandırdıq”. O, həmçinin qeyd edib ki, geridə qalan təhsil ili ərzində uşağın bədənində bir neçə dəfə xəsarət izləri aşkar ediblər: “Son hadisələrdən sonra düşünməzdik ki, belə iş görsünlər... Uşağın bədənindəki izləri Rəna müəllimdən soruşduq. O isə bildirdi ki, guya başqa sinifdən uşaqla dalaşıb. Qardaşım bu məsələni maraqlanmaq üçün məktəbə zəng etdi. Ancaq məktəb direktoru Nüşabə Məmmədova ona qışqıraraq təhqir edib. Xüsusi qayğıya ehtiyacı olan və nitq qabiliyyəti olmayan bir uşağa qarşı olunan bu vəhşiliklə bağlı aidiyyəti qurumlara müraciət etmişik”. Bakupost.az Məsələ ilə bağlı 3 nömrəli xüsusi internat məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, II sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) müəllim tərəfindən təzyiqə məruz qalması barədə irəli sürülən iddialar həqiqəti əks etdirmir: “Qeyd olunan şagird davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar edir, eyni zamanda digər şagirdlərə təzyiq göstərir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib. Tədris prosesini davamlı olaraq pozduğu, davranış pozuntusu nümayiş etdirdiyi, digər şagirdlərə təzyiq göstərdiyi üçün övladının evdə təhsilə keçirilməsi valideynə tövsiyə olunub. Lakin buna baxmayaraq valideyn məktəbə gələrək müəllimi təhqir edir, ona hədə-qorxu gəlir, açıq ictimai hörmətsizlik nümayiş etdirir. Valideyn müəllimi ölümlə təhdid etdiyinə görə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə də məlumat verilib”. Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) isə sözügedən problemlə bağlı araşdırma aparılacağı açıqlandı: “Bu kimi hallarda bütün təhsilalanların hüquqlarının və müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır”. İddiaları araşdırmaq üçün Daxili İşlər Nazirliyi (DİN) ilə də əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirdi ki, Nizami rayonunda yerləşən xüsusi təyinatlı təhsil müəssisələrindən birində təhsil alan şagirdin zorakılıq halı ilə üzləşməsi barədə onun valideyninin şikayəti polisə daxil olub: “Müraciətlə bağlı ekspertizalar təyin edilib. İş üzrə Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqat araşdırması davam etdirilir”.

Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB

25 may ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak həyata keçirilib. Sozcu.az xəbər verir ki, "Asan TV"də abituriyentlərin suallarını cavablayan Məleykə Abbaszadə qeyd edib ki, açıq sualların yoxlanılması prosesi uzun vaxt ala bilər. Bu səbəbdən də cavablar 4 həftədən sonra, təxminən iyunun 21-dən sonra açıqlanacaq.  Qeyd edək ki, mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə 50 mindən çox abituriyent imtahan verib. 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib.

Buraxılış imtahanında 17 şagird 300 bal topladı - Adlar

Aprelin 20-də keçirilən 9 illik buraxılış imtahanında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 300 bal toplayan şagirdlərdən 12-si qız, 5-i oğlandır. Onların siyahısını təqdim edirik: 1. Sadıqov Rəvan Nadir oğlu - Gəncə şəhər Fizika, riyaziyyat ve informatika təmayüllü lisey 2. Cəfərov Fərid Qüdrət oğlu - Bakı şəhər Fizika, riyaziyyat va informatika təmayüllü lisey 3. Hüseynli Turqut Emil oğlu - BDU-nun nəzdində "Gəncə istedadlar" liseyi 4. Qasımova Xədicə Tahir qızı - Sumqayıt şəhər 4 saylı tam orta məktəb 5. Əşrəf Xədicə Səbuhi qızı - Bakı şəhər 336 saylı tam orta məktəb 6. Mənsimli Ləman Zaur qızı - M.Ələkbərov adına Saray qəsəbəsi 1 saylı tam orta məktəb 7. Eyvazlı Məryəm Səfər qızı - Bakı şəhər 308 saylı tam orta məktəb 8. İsmayılova Zeynəb Mətləb qızı - BDU-nun nəzdində "Gənc istedadlar" liseyi 9. Yaqubəliyeva Fidan Vasif qızı - BDU-nun nəzdindı "Gənc istedadlar" liseyi 10. Quliyeva Elvira Vüqar qızı - Gəncə şəhər Fizika, riyaziyyat ve informatika təmayüllü lisey 11. Əliyeva Aysu Vüqar qızı - Bakı şəhər Fizika, riyaziyyat va informatika təmayüllü lisey 12. Sultanova İlahə Ramiz qızı - Bakı şəhər 147 saylı texniki-humanitar təmayüllü lisey 13. Cəfərova Fəridə Eldar qızı - Akademik Z.Əliyeva adına lisey 14. Xanməmmədova Nəzrin Rəşad qızı - Akademik Z.Əliyeva adina lisey 15. Həsənov Elxan Tapdıq oğlu - Akademik Z. Əliyeva adına lisey 16. Əlizadə Fidan Elçin qızı - Sumqayıt şəhər 21 saylı orta məktəb 17. Nəbiyev Rəşad Taleh oğlu - Bakı şəhər 182 saylı orta məktəb

GƏZİRƏM!

Saçlarım düm ağ ağarıb, İçində qara gəzirəm! Varlı ölkə vətəndaşı – Qürbətdə para gəzirəm! Qurtarmadı pandemiya, Söndü işıq, itdi ziya, Yatanda gedib yuxuya – Minirəm, şara gəzirəm. Səksən manat alır qazi,  Qaçır qiymət, qovur tazı Baxıb  bunlara  narazı – Ürəyim  yara  gəzirəm. Dərdim böyük, dərdim incə, Kal meyvəni dərdim incə, Xəstə armudu yeyincə – Ayıya  çarə  gəzirəm. Dərddən, qəmdən, çıxıb yola, Vurnuxuram sağa, sola, İlişdikcə kosa, kola – Bilmirəm hara gəzirəm. Əzrayıla hay salmışam, Can da almır vay, qalmışam, Yaşamaqdan vayqanmışam- Cəhənnəm gora, gəzirəm. El oğluyam, el həkimi, Aparsa da sel, həkimi, Görən gözü, görməz kimi – Bənzədib kora gəzirəm. Hərdən də yumub gözümü, Söyləyirəm haqq sözümü, Məmur yeyir  süd üzünü,– Mən həsrət şora gəzirəm. Bu vətəndə yalqızam mən, Fərqim yoxdur bir səfildən, Zakiri tutub  qəfildən – Salıblar tora gəzirəm. Zakir İsmayil

“İmperiyanın bərpasının qarşısını almaq üçün postsovet ölkələrində “5-ci kalon” və rus dilində təhsil ləğv olunmalıdır...”

“Ona görə ki, bu gün Ukraynaya qarşı o işğalçı müharibənin ideoloji əsaslandırılması həmin o “Rus dünyası” deyilən anlayışdır.  Bu əsaslandırma da məhz ondan irəli gəlir ki, filan yerdə rusdilli əhali var və biz onu qorumalıyıq. Rusdilli əhali “Rus dünyası”nın tərkib hissəsidir...” “Əgər doğrudan da Rusiya tərəfindən keçmiş SSRİ sərhədləri boyunca imperiyanı bərpa etmək cəhdləri olarsa, demokratik dünya birliyi nələr etməlidir? Təbii ki, öncə postsovet ölkələrinə hərtərəfli və geniş dəstək verilməlidir.  Söhbət əsasən iqtisadi, siyasi, hərbi, kəşfiyyat və s. sahələrindən gedir”.  Bunu Moderator.az əməkdaşının “Rusiya tərəfindən keçmiş SSRİ sərhədləri boyunca imperiyanı bərpa etmək cəhdləri gerçəkləşəcəyi halda bu prosesin qarşısını almaq üçün qarşı tərəf - demokratik dünya birliyi, ABŞ, Avropa, həmçinin və ən əsası, real təhlükə altındakı postsovet ölkələri, o cümlədən Azərbaycan hansı tədbirləri görməlidirlər və görə bilərlər?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib. “Amma ən əsası həmin keçmiş müttəfiq ölkələrin özləri bir vacib tədbiri görməlidirlər. Bunun üçün Putinin qondarma “Rus dünyası” ideologiyasına söykənən imperialist siyasətinin təsirini zəiflətməkdən ötrü öz ərazilərində “rus dili”, “rusdilli” anlayışlarını, rus dilində təhsili aradan qaldırmalıdırlar. Ona görə ki, bu gün Ukraynaya qarşı o işğalçı müharibənin ideoloji əsaslandırılması həmin o “Rus dünyası” deyilən anlayışdır.  Bu əsaslandırma məhz ondan irəli gəlir ki, filan yerdə rusdilli əhali var və biz onu qorumalıyıq. Rusdilli əhali “Rus dünyası”nın tərkib hissəsidir. Odur ki, rusdilli əhali anlayışı gündəmdən çıxarılmalı, rus dilində təhsil ləğv olunmalıdır. Rusiyanın bütün təbliğat imkanları son dərəcə məhdudlaşdırılmalıdır. Ən başlıcası da, Rusiyanın postsovet ölkələrindəki, o cümlədən Azərbaycandakı “5-ci kalon”u ləğv olunmalıdır. Və bunu dövlət ən ciddi şəkildə etməlidir. Dövlətlər bunu edəcəkmi? Bu artıq başqa söhbətin mövzusudur”, -deyə davamında analitik bildirib.

Hakan Fidan Umerovla görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşüb. Sozcu.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Nazirlərin hansı məsələləri müzakirə etdiyinə dair məlumat verilməyib. Qeyd edək ki, Ukraynada səfərdə olan H.Fidan daha əvvəl bu ölkənin Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bir ailənin Zəngilana köçürülməsi xərci 908 manat təşkil edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub. Sozcu.az xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “Azcargo Logistics and Management Services” MMC (VÖEN – 1002781441) olub. “Azcargo Logistics and Management Services” MMC “Qaçqınkom”un sifarişi ilə 103 məcburi köçkün ailəsini Zəngilan rayonunun Ağalı, 242 məcburi köçkün ailəsini Cahangirbəyli, 188 məcburi köçkün ailəsini isə Məmmədbəyli kəndinə köçürəcək. “Qaçqınkom” 533 ailənin Zəngilan rayonuna köçürülməsi üçün “Azcargo Logistics and Management Services” MMC-yə 483 min 800 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Zəngilana köçürülməsi xərci orta hesabla 908 manat təşkil edəcək.yeniavaz)

Araz Musayevə görə milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var. Bu barədə "Haberturk TV" məlumat yayıb. Kanalın yaydığı məlumata görə, üçü özbək, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, türk jandarması onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir. Saxlanılan şəxslərdən birinin Azərbaycan milli komandasının baş məşqçisi olduğu bildirilir. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan gedir. Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.

“TikTok”da qadınları şantaj edən şəxs yaxalandı

Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək “TikTok”da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - 19 yaşlı Müqdət Nəhmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, M.Nəhmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə həmin qadınlarla əlaqə saxlayaraq şəkillərin silinməsi müqabilində pul tələb edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Tramp İstanbula nümayəndə göndərməyəcək

ABŞ öz nümayəndə heyətini Ukrayna və Rusiya arasında İstanbulda keçiriləcək danışıqların ikinci raunduna göndərməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Atlantik” nəşri məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp son günlər köməkçiləri ilə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə etsə də, qərar qəbul etmək üçün danışıqların ikinci raundunun nəticələrini gözləmək istəyir: “O, eyni zamanda, nümayəndə heyəti göndərmək istəmir, əksinə, irəliləyiş görmək istəyir. Prezident irəliləyişin olmamasından məyus olsa da, anlaşma istəyir. O, ən yaxşı həll yolunu tapmağa çalışır”.

Ömrüm bərəkətli, yolum uğurlu olsun! Ürəyim fərəhlənsin, gözlərim gülsün!

Yeni yaşımın qədəmləri sevincə bürünsün! Taleyimdə, bəxtimdə xoş günlər görünsün! Ömrümü-günümü ağ günlər bürüsün! Güzgülü tarixlər adlanan 25.05.2025 - ci il. Bu unudulmaz tarixdə gülərüzlə, sevinclə yeni yaşımı qarşıladım.  Uca, Böyük Yaradan! Yeni yaşım xeyir-dualı olsun, taleyimə, bəxtimə uğur gətirsin! Fəslin çiçəkli bahar günü-mayın 25-də sevgi dolu gözəl bir gündə dünyaya göz açdığım gündür! Uca, Böyük Yaradana şükranlıq duaları edirəm mənə qismət etdiyi bu mənalı, xoş keçən ömrə-günə görə. Çox-çox şükürlər olsun mərhəmətli, rəhmli Yaradanın böyüklüyünə, varlığına!  Ən gözəl, ən xoş arzularım həyata keçsin! Dualarım ulu Tanrının Dərgahına çatsın! Kaş ki, arzu-istəklərim, murazım, niyyətim çin olsun! Həyatın bütün gözəllikləri, sevgi dolu günlər taleyimə yazılsın! Ulu Tanrım xoşbəxtliyi, bəxtəvərliyi kaş ki, ömrümdən heç vaxt əsirgəməsin! Ömrümə yazılsın Tanrının bəxş etdiyi gözəlliklər! Ürəyim həmişə sevgilə döyünsün! Getdiyim yollar xeyirli günlərə tuş olsun. Ömrümü sevgi bürüsün. Uca Tanrı ən xoşbəxt, ən bəxtəvər günləri bəxtimə qismət etsin! Bu gözəl dünyamızın xoşbəxt xanımlarından olum! Taleyim, bəxtim bəxtəvər, xoşbəxt günlərlə baş-başa qalsın! Ömrüm bərəkətli, yolum uğurlu olsun! Ürəyim fərəhlənsin, gözlərim gülsün! Yeni yaşımın qədəmləri sevincə bürünsün! Taleyimdə, bəxtimdə xoş günlər görünsün! Ömrümü-günümü ağ günlər bürüsün! Onu da söyləyim ki, yaşadığım ömür yolunda çox keşməkeşli yollardan keçdim. Amma həyatın bütün çətinliklərinə dözdüm, tab gətirdim. Neçə-neçə sınaqla üzləşdim əzab-əziyyətli tale yollarında. Nə xoş ki, ömrüm boyu üzləşdiyim bir çox çətin, ağır imtahandan şərəflə keçə bildim.  Baxmayaraq ki, həyatım boyunca nə qədər çətinliklərlə rastlaşdım, əzablı günlərlə üz-üzə qaldım, amma yenə də üzülmədim, başımı dik tutdum, çətinliklərlə mübarizə apardım, sınaqlardan üzüağ çıxmağı bacardım. Uca, Böyük Yaradanın böyüklüyünə, varlığına, mərhəmətinə, rəhminə bir daha şükürlər olsun!  Bəxt-taleyimə nəsib etdiyi bu həyata görə, bu ömrə-günə görə, sevgi dolu Rəbbimə şükranlıq duaları edirəm! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist