Şəhid adları verilmiş küçələrdə onların statusu niyə qeyd olunmur? - “Nazirlər Kabineti Lermontovdadır...”

“Qarabağ müharibəsi ilə bağlı bəzi paradoksal və ziddiyətli məsələlər var. Bu məsələlər aradan qaldırılmalıdır”. Bu sözləri "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov deyib. Ehtiyatda olan polkovnik bildirib ki, hər iki Qarabağ müharibəsinin iştirakçılarına bərabər yanaşma olmalıdır: “Mayın 6-da Prezidentin hərbi məsələlər üzrə köməkçisi general-mayor Fərid Seyidovun qəbulunda oldum. Xeyli məsələləri qaldırdım. Necə olur ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərə baş nazirin imzası ilə “Vətən müharibəsi iştirakçısı” döş nişanı verilir, amma bizə, Birinci Qarabağ müharibəsi iştirakçılarına o döş nişanı verilmir? Axı Vətən eyni vətəndir, dövlət eyni dövlətdir, ordu həmin ordudur. Fərid Seyidov mənimlə razılaşdı ki, doğru deyirsiniz, vahid yanaşma olmalıdır. Yəni birmənalı olaraq o döş nişanı Birinci Qarabağ müharibəsi iştirakçılarına da verilməlidir”.  Ü. Cəfərov qeyd edib ki, şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar: “Bəzi yerlərdə şəhid olmuş şəxsin sadəcə ad-soyadını yazırlar. Məsələn, Əliyar Əliyev küçəsi. Əliyar Əliyev Azərbaycanın həm Milli Qəhrəmanıdır, həm də şəhiddir. Siz Binəqədi rayonunu nümunə çəkdiniz. O rayonda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ailəsi yaşayır. Binəqədinin icra hakimiyyətinə təklif etdik ki, Allahverdi Bağırovun adı küçələrdən birinə verilməklə əbədiləşdirilsin. Anmma bu günə qədər həmin bu məsələ həllini tapmayıb. Ən maraqlısı odur ki, Nazirlər Kabinetinin yerləşdiyi küçənin adı Lermontovun adınadır. Halbuki o küçəyə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi üçün canından keçmiş, generallardan, yaxud sıravi şəhidlərdən birinin adını vermək olar. Mən bunu dəfələrlə rəsmi görüşlərdə də demişəm. Şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar”. Xatırladaq ki, sosial şəbəkələrdə şəhid adları daşıyan küçələrdə ad-siyaddan qabaq "şəhid" sözünün qeyd olunmamasına da dair müzakirələr gedir. Etirazla qarşılann bu hallardan biri də Binəqədidəki Şəhriyar Qasımov küçəsinə aiddir. İkinci Qarabağö müharibəsi şəhidinin adı həmin küçəyə bir müddət əvvəl verilib. 

Körpü tikintisində bədbəxt hadisə: Fəhlə öldü

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az qafqazinfo-ya istinadla xəbər verir ki, mayın 23-ü saat 19 radələrində Kalva kəndinin ərazisində 1964-cü il təvəllüdlü Qobustan rayon sakini Umud Cəfərov hündürlükdən yıxılıb. Muğanlı-İsmayıllı yolunda körpü tikintisində fəhlə kimi çalışan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, tikintisi aparılan körpü Azərbaycanın ən uzun və hündür asma körpüsü olacaq.

Paşinyan Bakıya GƏLƏCƏK

Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini dəstəkləyib. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat yayıb. Paşinyan eyni zamanda, Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışladığını vurğulayıb. Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcək. Siyasi ekspertlər deyirlər ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı ilə bağlı qəbul edilən qərarlar Nikol Paşinyanın Bakıya yolunu açıb. Təbii ki, əgər Paşinyan 2028-ci ilə qədər hakimiyyətdə qala bilsə... Xatırladaq ki, Nikol Paşinyan ötən il Bakıya gəlmək fürsətini qaçırmışdı - o, Azərbaycanda keçirilən COP29 tədbirinə qatılmağa tərəddüd etmişdi.. "Paşinyan Azərbaycandakı Zirvə toplantısında iştirak edə bilər" Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Paşinyan Azərbaycanda keçiriləcək  sammitdə iştirak edə bilər: "Bu, həm də arzuolunan haldır və sülh prosesinin sürətlənməsinə müsbət təsir edəcək. Nə qədər tez gəliş-gediş olsa, bir o qədər proses sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. Mən bir an öncə sülh müqaviləsinin imzalanmasının tərəfdarlarındanam. Dəyişən dünyada bizim üçün ən uğurlu, avantajlı durumdayıq. Vəziyyətdən istifadə edib sülh müqaviləsinin imzalanmasına nail olmaq lazımdır. Qalan məsələlər də iş prosesində həll olunar. Doğrudur, Azərbaycan Ermənistandan konstitusiyasını dəyişməsini istəyir. Amma  konstitusiya dəyişikliyini Paşinyan indi istəsə belə, edə bilməz. Çünki onun və partiyasının siyasi nüfuzu buna yetmir". "Zirvə toplantısına qədər sülh və ya çərçivə müqaviləsinin imzalanması baş tuta bilər" Sabiq diplomat vurğulayıb ki, Avropa Siyasi Birliyinin Ermənistandakı Zirvə toplantısında Azərbaycan Prezidentinin iştirakı müsbət hal olar: "Bəlkə də, bundan əvvəl artıq sülh və ya çərçivə müqaviləsi imzalanmış olar. Məncə, bu daha arzuolunan haldır".  

Qriqoryan Moskvaya getməkdən imtina etdi

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 27-29-da Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək Yüksək Təhlükəsizlik Nümayəndələrinin XIII Beynəlxalq Toplantısında iştirak etməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Armenpress”in sorğusuna cavab olaraq Təhlükəsizlik Şurasının aparatından bildirilib. Qriqoryanın Moskvaya getməməsi Ermənistanda keçiriləcək Respublika Gününə həsr olunmuş tədbirlərdə iştirakla əlaqələndirilib.

Bu rayonlara leysan yağıb - Faktiki hava

Mayın 24-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 millimetrdir. Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir. Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Gəl, ana! " Gəl, gör nə gündəyəm, ana"silsiləsindən...

Gözlərimdə yer kürəsi, Yurd salan eşqin zərrəsi... Dərdim olub ev kirəsi, Gəl, gör nə gündəyəm, ana?! Əllərim hey boşa çıxır, İşlərim də daşa çıxır, Dərdim-qəmim başa çıxır, Gəl, gör nə gündəyəm, ana?! Eh, dolanıram bir təhər, Boğazımı tutub qəhər, Ürəyimi sıxır şəhər, Gəl, gör nə gündəyəm, ana?! Bu şəhərin gözləri nəm, Bu şəhərin sözləri qəm, Kədərim çox, sevincim kəm, Gəl, gör nə gündəyəm, ana?! ***  ***  ***  ***  *** Gəl, ana,        Gəl! Yuxun çin olub,       Gəl! Ağ göyərçin olub,       Gəl! Təkcə mənə yox, Bütün Millətimizə ANA gərək! Düşmən ayaqları altında əzilən, Min yerə yozulan, Min yerə çözülən Qeyrətimizə ANA gərək! Avtobus dayanacaqlarında Var gücü ilə bağıran, Müştəri çağıran, səsi yekə, özü bir tikə              oğlanlara              ANA gərək! Hamıya yalan sırıyan, Hamıya yalanla yarıyan, Yalanla qocalan, Yalanla qarıyan, Yalanla böyüyən, Yalanla öyünən, Ürəyi yalanla               döyünən, Əti, qanı, namusu, vicdanı, Qaşı, gözü, hər kəlməsi, hər sözü yalan olan. Yalandan doğulan, Yalanın içində               boğulan, Özü boyda yalan olan yalanlara              Bir halal              ANA gərək! Bu yalanların, Zəhəri diş altında olan ilanların anası olsaydı,            yalan olmazdı, anası olsaydı,           ilan olmazdı, Bunlar insan deyillər,                        ANA. Bunlar insanı yeyirlər,                        ANA. Yalandan - Millət -                     deyənlərə, Millətin sərvətini yağlı tikə kimi                     yeyənlərə, Milləti çöllərə                    salanlara, Milləti ələ              salanlara, Milləti ac qoyanlara, Necə insan deyim, ana, insan? Şeytandı bunlar, ana,                               şeytan. Bunlar çörək əvəzinə Pul yeyirlər, Su əvəzinə             dollar içirlər, odda yanmırlar, sudan quru keçirlər. Dollar deməkdən, Dollar yeməkdən, Rəngləri yaşıla, göyə çalan kərtənkələlərə dönüblər. Bunlar dollara sarınıblar, Qorxu bilmirlər, Bunlar dollara bürünüblər. Hardan dolların səsi gəlsə, O səmtə sürünürlər. Gəl, ana, gəl, Şeytan olanda               nə olar, Şeytana da                 ANA gərək. Gəlsən, pis olmaz, Şeytanın anası olsa, Şeytan olmaz. İlanlıqdı, şeytanlıqdı, Millətin bəlası, Ana südüdü, Ana öyüdüdü, Bu dərdin dəvası! Gəl, ana, gəl!!! XATİRƏ ƏZİZ Rəhimli Şair-publisist

Harvarddan Trampın qərarına reaksiya

Harvard Universiteti ABŞ Prezidenti Donald Tramp administrasiyasının xarici tələbələrin qəbulunu müvəqqəti dayandırmaq qərarına etiraz olaraq Boston Federal Məhkəməsinə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə "Assoşeyted Press" agentliyi məlumat yayıb. Bildirilib ki, sözügedən qərar ABŞ Konstitusiyasının birinci bəndinə ziddir və Harvardda təhsil alan 7 mindən çox xarici tələbəyə ciddi zərər verir. Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp administrasiyası Harvard Universitetinin beynəlxalq tələbə və akademik mübadilə proqramının lisenziyasını ləğv edib.

Sertifikaya imtahanı verəcək müəllimlər sınağa çəkiləcək

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq. Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib. Sınaq imtahanının səhifəsi 30 may tarixində saat 10:00-dan başlayaraq 19:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq. Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək. "Hörmətli müəllimlər, sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəldən qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir", - məlumatda qeyd olunub.

Avropa liderləri Bakı və İrəvanda TOPLAŞACAQ

Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin Sammitinin keçirilməsi üçün bir-birinin namizədliyini dəstəkləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan, eyni zamanda, Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışladığını vurğulayıb. Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcək.

Nazirlik hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 24-dən 25-i gündüzədək bəzi bölgələrdə yağış yağacağı və şimşək çaxacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir: "Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını xatırladır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Bundan əlavə, ölkə ərazisində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur".

Hikmət Mirzəyev Metin Tokelle görüşdü

Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı, general-polkovnik Hikmət Mirzəyev ölkədə səfərdə olan Türkiyə Quru Qoşunlarının Birinci Ordu komandiri, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sozcu.az xəbər verir ki, görüşdə Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər. Türkiyə nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini də ziyarət edib. Mərkəzdə təşkil edilən görüşdə brifinqlər təqdim olunub və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.

Onların bütün nəticələri ləğv olunacaq - Xəbərdarlıq

İmtahana gizli telefon keçirilməsinə görə növbəti dəfə xəbərdarlıq edilib. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. DİM sədri bildirib ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur, onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər: “Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.

"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər"

Azərbaycanın Xalq artisti Faiq Ağayev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, Xalq artisti Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk üç ilində yalnız dərs aldıqları müəllimlərinin müalicəsi ilə məşğul olmalı olduqlarını qeyd edib. Faiq Ağayev düşünür ki, bu addım səhiyyənin səviyyəsini qaldıra bilər: “Səhiyyəmizin səviyyəsini yüksəltmək üçün, Tibb Universitetinin məzunları praktiki təcrübələrinin ilk 3 ilini yalnız dərs aldığı müəllimlərinin müalicəsi ilə məşğul olmalıdır.” Paylaşımda xalq artisti tibbi simvol və təcili yardım emojisinə də yer verərək, məsələnin ciddiliyinə diqqət çəkib. Qeyd edək ki, Faiq Ağayev tez-tez cəmiyyətin müxtəlif sahələrinə dair fikirlərini sosial şəbəkə hesablarından bölüşür və ictimaiyyətin marağına səbəb olur.

İmtahan cavabları süni intellektlə yoxlanılacaq?

2025-ci ildə buraxılış imtahanlarında 2 milyon 700 min yazı işi Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi proqram təminatı vasitəsilə yoxlanılıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, yalnız proqram və ya yalnız insan tərəfindən aparılan yoxlamalarda mexaniki və subyektiv səhvlərin baş verməsi mümkündür: “Məhz bu səbəbdən, yazı işlərinin qiymətləndirilməsi prosesində süni intellektlə yanaşı mütəxəssis müdaxiləsi də təmin olunur. Süni intellektdən istifadə prosesini addım-addım həyata keçiririk. Hazırda müəyyən proseslər artıq insan müdaxiləsi olmadan yerinə yetirilir. Lakin yazı işlərinin yoxlanması mərhələsində təkcə süni intellektdən istifadə olunması barədə danışmaq hələ tezdir”. Məleykə Abbaszadə qeyd edib ki, DİM yaxın gələcəkdə Çağrı mərkəzi sisteminə də süni intellektin inteqrasiyasını planlaşdırır.

Ali məktəblərə keçid balı açıqlandı

“Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur”. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfransında deyib. M.Abbaszadə bildirib ki, ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər.

DİM rəhbəri: Bu il 130 mindən çox abituriyent qəbul üçün qeydiyyatdan keçib

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Sozcu.az report-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var: “Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Builki buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib".

ABŞ-da gərgin anlar: Mərkəzi Kəşfiyyat İdarəsinin qarşısında ATIŞMA

ABŞ-ın Virciniya ştatının Lenglidə yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş qərargahı yaxınlığında silahlı insident qeydə alınıb. Sozcu.az xəbər verir ki, CBS-in məlumatına görə, hadisə zamanı MKİ-nin mühafizəçiləri avtomobillə quruma yaxınlaşan və dayanmaq əmrinə tabe olmayan bir qadına atəş açıblar. Qadın güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Onun müalicə aldığı tibb müəssisəsinin adı açıqlanmır. Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) araşdırmalara başlayıb. Bu, hüquq-mühafizə orqanlarının silah tətbiq etdiyi hallarda adi prosedur sayılır.

Qurban bayramı ilə bağlı fitva verildi

Qurban bayramı ilə bağlı fitva verilib. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib. QMİ sədri qeyd edib ki, Qurban bayramı iyun ayının 6-da qeyd olunacaq.

Baydenin bu qədər ömrü qalıb

ABŞ-ın keçmiş prezidenti Co Baydendə prostat xərçəngi dördüncü mərhələdədir və artıq sümüklərinə metastaz verib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin keçmiş həkimi Ronni Cekson məlumat verib. O, Baydenin 12-18 ay ərzində ölə biləcəyini söyləyib. “Bu mənim ixtisasım deyil, amma danışdığım bir çox uroloq deyib ki, Baydenin 12-18 ay ömrü qalıb. Ümid edirəm ki, o, daha uzun yaşayar. Amma görünür ki, xəstəlik çox inkişaf edib”, - həkim bildirib.

Sabah 31 dərəcə! - Cümə gününün HAVA PROQNOZU

Bakıda və  Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olub. Hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur. Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər. Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb. Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb. İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İyunda neçə gün iş olmayacaq?

Xəbər verdiyimiz kimi, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq. Sozcu.az xəbər verir ki, iyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək. İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir.

Dünya ölümcül epidemiya ilə üz-üzə: Daşıyıcısı pişiklər ola bilər

Pişiklərdən insanlara quş qripi virusunun keçmə ehtimalı yüksəkdir. Hazırda Avropa və ABŞ-da pişiklərin bu infeksiyaya kütləvi yoluxması müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə "İzvestiya"ya müsahibəsində Rusiyanın N.F.Qamale adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq danışıb. Ekspert hesab edir ki, pişiklər virusun mutasiyaya uğraması üçün bir növ “inkubator” rolunu oynayır və bu, insanlar üçün potensial təhlükə yaradır. “Qrip virusu heyvanlar və insanlar arasında dövri şəkildə hərəkət edir. O, heyvanlarda olduğu zaman antigenliyini dəyişə bilər, çünki heyvanlar insanların yoluxmadığı digər ştammlarla xəstələnir. Əgər bir hüceyrədə fərqli variantlar qarşılaşarsa, müxtəlif komponentlərdən yeni bir genomun yığılması baş verə bilər”, - deyə Gintsburq izah edib. Ekspertin sözlərinə görə, quş qripi virusunun pişiklərdən insanlara keçmə ehtimalı yüksəkdir. Bu baş verərsə, quş qripi virusunun yayılması həddindən artıq yoluxucu və potensial ağır nəticələrə görə çiçək epidemiyası ilə müqayisə edilə bilər. Buna görə də, epidemiya halında sürətli reaksiya vermək üçün H5N1 ştammına qarşı peyvəndin prototipinin təcili olaraq hazırlanması zəruridir. Gintsburqun fikrincə, lazım gələrsə, bu vaksinin kütləvi istehsalını bir neçə həftəyə başlamaq mümkündür.Bakupost)

Elgünün dayısı: Xəstəxanada dedilər ki, uşağı möhkəm döyüblər - VİDEO

“Sosial şəbəkələrdə Elgünün ölümü ilə bağlı ağıllarına gələni yazırlar. Anası Fizzə yanıb tökülür. Biri deyir, maşınla vurub atıblar, biri deyir, intihardır. Bu yazılanlar anasına pis təsir edir. Biz hər kəsə səslənirik ki, istintaqın fikrini başqa yerə yayındırmasınlar”. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Elgün İbrahimovun dayısı Nofəl Zeynalov deyib. O bildirib ki, ailə istintaqın nəticəsini gözləyir: “Elgünün düşməni yox idi, özü də dalaşqan deyildi. Sinif yoldaşları da daxil olmaqla hər kəs bacımın balasının başına and içirdi. Ona görə də şübhələndiyimiz yoxdur. Ancaq dəqiq bildiyimiz bir şey var: Elgün qətlə yetirilib. Biz hadisə olan günü xəstəxanaya da getdik. Dedilər, uşağı möhkəm döyüblər. Ona görə də bacım fikirləşir ki, uşağını döyüb öldürüblər.” Məlumata görə, “Musavat”ın Gəncədəki müxbirinə deyilib ki, ərazidə heç kimə bu barədə danışmağa icazə verilmir.