Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın ölkədən çıxışına qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bunu Sərkisyanın tərəfdarlarından olan Armen Aşotyan deyib. O bildirib ki, sabiq prezidentə yeni ittiham irəli sürülüb.

Belarusun ən böyük neft emalı zavodunda yanğın...

Belarusun ən böyük neft emalı zavodu olan “Naftan”da yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Naftan ASC-nin ərazisindəki texnoloji blokda baş verən yanğın söndürülüb”, - məlumatda bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının hansı şəraitdə baş verməsi araşdırılır.

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan ərazisindən keçməklə Ermənistana gətirilən Rusiya buğdası Qida Təhlükəsizliyi Xidməti tərəfindən yoxlanılacaq. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Qida Məhsullarının Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya, Konsaltinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anuş Arutyunyan deyib. O, prosesin ümumi olduğunu və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində həyata keçirilən bütün tranzitlərdə məhsulların yoxlanıldığını bildirib: “Fitosanitar ekspertiza üçün nümunə götürüləcək və beləliklə məhsulun keyfiyyəti yoxlanılacaq. Aİİ ölkələri arasında yükdaşıma qaydası var, buna görə sərhəd nəzarəti həyata keçirilmir. Lakin yük boşaldıldığı yerdə yoxlanılacaq”. Qeyd edək ki, Azərbaycan tərəfi Rusiya buğdasının əvvəlcə ölkə ərazisi, sonra Gürcüstandan keçməklə Ermənistana çatdırılmasına icazə verib.

Bolqarıstan "Lukoyl"un zavodunu belə ələ keçirir

Bolqarıstan Rusiyanın neft nəhəngi “Lukoyl”a məxsus Burqasdakı neft emalı zavodunu nəzarətə götürməyə və başqa bir sahibkara satmağa imkan verən qanunvericilik dəyişiklikləri hazırlayır. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, qanun layihəsi xüsusi təyin olunmuş menecerə neft emalı zavodunun satışına nəzarət etməyə imkan verəcək və onun sahibi “Lukoyl” şirkətinin qərara səs vermək və ya etiraz etmək hüququ olmayacaq.

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan NATO nümayəndə heyətini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. İşğal tarixi, postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə səfirlərə məlumat verib. Bununla yanaşı, bölgədəki mina təhdidi diqqətə çatdırılıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Onkoloji xidmətlər icbari sığortaya daxil edilsin! - Komitə sədrindən TƏKLİF

“Təəssüf ki, icbari tibbi sığort ailə əhatə olunan dövlət proqramlarının tərkibində onkoloji xidmət yoxdur. Büdcədən ayrılan vəsait də bu xəstələrin adekvat müalicəsi üçün yetərli deyil”.  Sozcu.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, bu xəstələri müasir səviyyədə effektli müalicə etmək üçün target və immunterapiya dərman vasitələrinə ehtiyac duyulur: “Bu dərman vasitələrinin qiyməti isə kifayət qədər yüksəkdir. Ayrılan vəsait bu dərmanların alının Azərbaycana gətirilməsinə kifayət etmir. İmkan daxilində belə preparatların alınıb Azərbaycana gətirilməsinə əlavə vəsaitin ayrılması da nəzərdən keçirilməlidir. Çünki bu preparatlar olmadan onkoloji xəstələrin adekvat müalicəsi mümkün deyil. Bütövlükdə onkologiyanın problemi bu dövlət proqramının icbari dövlət sığorta ilə əhatə olunması ilə həll ediləcək”.

Çiskin, duman, 23 dərəcə isti... - Sabahın habvası

Bakıda və Abşeron yarımadasında noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Rusiyanın iki neft emalı zavodu vuruldu

Ukrayna bu gün Rusiyanın neft emalı zavodlarına PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Volqoqrad vilayətində “Lukoyl” neft emalı zavodu vurulub. Zərbələr nəticəsində zavodda yanğınlar baş verib. Krımdakı “Krımneftesbıt” neft emalı zavodu da PUA hücumuna məruz qalıb.

Avro bahalaşdı, rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat olub. Sozcu.az xəbər verir ki, lirənin manat qarşısında dəyəri sabit qalıb və 100 lirə 4.04 manata bərabər olub. Avronun məzənnəsi artaraq 1.9561 manatda qərarlaşıb. 100 rublun məzənnəsi isə azalaraq 2.0897 manat təşkil edib.

Rusiyanın nəhəng elektrik stansiyası vuruldu

Rusiyanın Kostroma vilayətindəki enerji infrastrukturlarına PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində Kostroma DRES-də partlayışlar və yanğınlar baş verib. Stansiyanın ciddi zədə aldığı bildirilir. Qeyd edək ki, Kostroma DRES gücünə görə Rusiyanın üçüncü ən böyük İES-i hesab olunur. 3720 MVt gücü olan stansiya Rusiyanın mərkəzi regionlarının əhəmiyyətli hissəsini elektrik enerjisi ilə təmin edir.

Azərbaycanda ər odlu silahla arvadını öldürdü

Şamaxı rayonunda qadın həyat yoldaşı tərəfindən odlu silahla qətlə yetirilib. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Türkiyə aviaşirkəti Monteneqroya uçuşları ləğv etdi

Türkiyənin “Peqasus” aviaşirkəti Ankara və İzmirdən Monteneqroya uçuşları müvəqqəti olaraq ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə Monteneqro Hava Limanı məlumat yayıb. “Türkiyənin aşağı büdcəli aviaşirkəti “Peqasus Airlines” noyabr 29-dək Ankara və İzmirdən Podqoritsaya planlaşdırılan bütün uçuşları ləğv edib. Şirkət Podqoritsa - Sabiha Gökçən istiqamətində aviareysləri isə davam etdirir”, - məlumatda bildirilib. Bundan başqa, Podqoritsa ilə Tivat və İstanbul aeroportu istiqamətində uçuşlar hazırda “Air Monteneqro” və Turkiyə Hava Yolları tərəfindən həyata keçirilməyə davam edir.

ABŞ Rusiyaya qarşı qabaqlayıcı nüvə raket zərbəsi məşqi keçirdi

ABŞ Rusiyaya qarşı qabaqlayıcı nüvə raket zərbəsi məşqi keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib. O, nüvə raket zərbəsi məşqinin oktyabr ayında keçirildiyini vurğulayıb.

Qriqoryan: TRİPP-in məqsədi Azərbaycanla...

TRİPP layihəsinin məqsədi təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də digər MDB ölkələri ilə əlaqələr qurmaq, Ermənistan nəqliyyat marşrutlarının Avrasiya məkanı da daxil olmaqla daha geniş şəbəkələrə inteqrasiyasını təmin etməkdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib. O qeyd edib ki, TRİPP marşrutu təhlükəsizliyin təmin edilməsində mühüm vasitədir.

Fransada 35 yaşlı kişi maşını piyadaların üstünə sürdü, 10 nəfər yaralandı

Fransanın Oleron adasında sürücü maşını piyadaların və velosipedçilərin üzərinə sürüb. APA “NDTV”yə istinadən xəbər verir ki, nəticədə 10 nəfər xəsarət alıb və onlarda 4-nün vəziyyəti ağırdır. Hadisəni törədən 35 yaşlı şəxs polis tərəfindən saxlanılıb.  Yerli prokurorluğun bildirdiyinə görə, sözügedən şəxs Fransa hüquq-mühafizə orqanlarının izlədiyi radikal şəxslərin siyahısında olmayıb. Onun adanın yerli sakinlərindən olduğu bildirilib və cinayəti törətmək motivinin naməlum olduğu qeyd olunub. Detallar araşdırılır.

Sabunçuda hindliləri saxlayan pakistanlı tutuldu

Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı həbs edilib. Sozcu.az “Qaynarinfo"ya istinadən xəbər verir ki, məlumatına görə, 1978-ci ildə Pakistanın Haripur şəhərində anadan olmuş İrşad Məhəmməd barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, İrşad Məhəmməd azərbaycanlı qızla ailə həyatı quraraq Bakıda yaşayıb və işləyib. O, Hindistanın "Surjit" adlı turizm şirkətinin müdiri Surcit Sinq ilə Bakıda tanış olub. Daha sonra tərəflər razılığa gələrək işbirliyinə başlayıblar. Razılaşmaya əsasən, Surcit hər bir Hindistan vətəndaşından 1 000 ABŞ dolları almaqla onları Bakıya işləməyə göndərəcək, Bakıda isə həmin şəxslər Beynəlxalq Dəniz Limanında aylıq 800 dollar maaşla işlə təmin ediləcəklər.  Bakıya gəldikdən sonra 31 hindistanlı İrşad Məhəmmədin Sabunçu rayonunda kirayələdiyi evdə bir aydan artıq qalıb. Təqsirləndirilən şəxs onların hər birindən əlavə olaraq 2 500 dollar alıb. Sabunçuda gizli yaşayan hindistanlılar ərazidəki sakinlərin şikayəti əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar ediliblər. Məhkəmədə İrşad Məhəmməd elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Hindistan və Pakistan arasında gərgin münasibətlərə istinad edərək, hindistanlıların ondan qisas almaq məqsədilə istintaqa yalan ifadələr verdiklərini iddia edib. Aparılan araşdırma nəticəsində İrşad Məhəmmədin həqiqətən də Surcit Sinq ilə cinayət əlaqəsinə girərək, 31 Hindistan vətəndaşının ölkədə qalma müddəti bitdikdən sonra onların qanunsuz şəkildə Azərbaycanda qalmasını təmin etdiyi və təkrarən qanunsuz miqrasiyanı təşkil etdiyi sübuta yetirilib. Məhkəmənin hökmü ilə İrşad Məhəmməd 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Sarkisyan yenidən məhkəmə qarşısına çıxarıldı

Bu gün Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın işi üzrə növbədənkənar məhkəmə iclası keçirilib və prokurorun vəsatəti əsasında üçüncü prezidentə qarşı qətimkan tədbirinin dəyişdirilməsi məsələsi müzakirə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Hakim Givi Ovannisyan bildirib ki, prokuror Tsovak Mnatsakanyan dünən axşam saatlarında Serj Sarkisyanın respublikadan kənarda qalmasının qadağan edilməsi təklifi ilə vəsatət təqdim edib. Prokurorluğun məlumatına görə, onlara keçmiş prezidentin Ermənistanı tərk etməyi planlaşdıra biləcəyi barədə əməliyyat məlumatı daxil olub, buna görə də respublikadan kənarda qalmamaqla bağlı məhdudiyyətin yenidən tətbiq edilməsi üçün vəsatət təqdim edilib.

“Temu” istifadəçilərinə PİS XƏBƏR: Bədəni zəhərləyir!

“Polyester dediyimiz material əslində polietilendən əldə edilən süni bir lifdir. Bu maddə gündəlik həyatda istifadə etdiyimiz bir çox qablaşdırma məhsullarının, məsələn, şirə butulkalarının, plastik qabların hazırlanmasında da əsas xammal kimi istifadə olunur. Yəni polyester neft mənşəli bir materialdır və kimyəvi yolla emal edilərək lif halına gətirilir. Bunu “Yeni Sabah”a həkim-allerqoloq Şahvələd Məmmədov bildirib. O, “Temu” onlayn ticarət platformasından alınan ucuz məhsulların tərkibi ilə bağlı narahatlığa aydınlıq gətirib.  Ş Məmmədov əksər geyimlərin polyester materialından hazırlanmasına toxunaraq bunun dəri sağlamlığına necə təsir etdiyini izah edib:  "Bu lifdən hazırlanan geyimlər uzunömürlü, davamlı və elastik olur. Onlar yuyulmaya qarşı dözümlüdür, formalarını asanlıqla itirmir. Məhz buna görə polyester parça həm idman geyimləri, həm də gündəlik paltarların istehsalında geniş istifadə edilir”. Həkim xəbərdarlıq edir ki, polyester geyimlərin uzunmüddətli istifadəsi sağlamlıq üçün fəsadlar doğurur: “O cümlədən, uzun müddət polyester materialdan hazırlanmış geyimdən istifadə allergik xəstələrdə qıcıq yaradır, allergik dermatitin, eqzemanın əmələ gəlməsinə səbəb olur. Elə xəstələr var ki, polyester geyim onların dərilərində yanıq yarada bilər. Buna “polyester yanığı” deyirlər. Uzun müddət bu tip geyimlər geyinmək məsləhət deyil”. Mütəxəssis qeyd edib ki, eyni materialdan hazırlanan plastik qablar və butulkalar da sağlamlıq üçün risklidir: “Həmin polietilendən hazırlanan qablar, plastik butulkalar, əslində, sağlamlıq baxımından müəyyən risklər daşıyır. Bu cür qablar yüksək temperatur və ya günəş işığına məruz qaldıqda tərkibindəki kimyəvi maddələr içkiyə keçə bilər. Məsələn, su, “Cola”, “Fanta” kimi qazlı içkilər bu qabların içərisində uzun müddət qaldıqda  onların tərkibindəki bəzi birləşmələr orqanizm üçün zərərli təsir göstərə bilər. Məhz buna görə, xüsusilə, Avropa ölkələrində içkilərin şüşə qabda satılmasına daha çox üstünlük verilir. Şüşə qablar həm təbii, həm də kimyəvi baxımdan daha təhlükəsiz sayılır və içkilərin dadını, tərkibini dəyişmir. Bu, sağlamlıq baxımından daha doğru seçim hesab olunur”.

Tələbələrin köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi

Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair saxta məlumat (şəkil) yayılıb. Həmin paylaşımlarda guya tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yayılan bu məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib. Görüntülərdəki “elan” saxtalaşdırılıb. Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər.

Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil: Devalvasiya olacaq, manat isə...

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı son 5 ildə devalvasiya ilə bağlı risklərin müşahidə olunmadığını bildirib. Lakin bazarda dollarlaşma meylinin hələ də qalması bu sabitliyin nə dərəcədə davamlı olduğu barədə suallar doğurur. Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, nazirin bəyanatı hökumətin makroiqtisadi sabitliyə inamını ifadə edir və bu, əsasən üç amilə söykənir: “Birincisi, Azərbaycanın Mərkəzi Bankı və Dövlət Neft Fondunun birgə valyuta ehtiyatları 82 milyard dollara yaxındır ki, bu da milli valyutanın dayanıqlığı üçün ciddi təminat sayılır. İkincisi, neft və qaz ixracında müəyyən azalma olsa da, qiymətlərin yüksək qalması ixracın azalmasını kompensasiya edir və valyuta daxilolmalarını sabit saxlayır. Üçüncüsü, xarici borc ÜDM-ə nisbəti 10 faizdən azdır ki, bu da makroiqtisadi riskləri azaldır”. Ekspertin sözlərinə görə, bu göstəricilər qısa və orta müddətdə texniki devalvasiya ehtimalını zəif göstərir. Bununla belə, son iki ildə dollara tələbatın təxminən üç dəfə artması potensial risk kimi qiymətləndirilə bilər. “2015-ci ilin ikiqat devalvasiyası cəmiyyətdə dərin iz buraxıb. İnsanlar hələ də manatın uzunmüddətli sabitliyinə tam etibar etmir. Üstəlik, iqtisadiyyatın böyük hissəsi – enerji, tikinti və xammal bazarları dollarla qiymətləndirilən sektorlarla bağlıdır. Əmanət faizlərinin azalması da insanları dollar saxlamağa sövq edir. Üstəlik, maliyyə bazarının dərin olmaması, manatla uzunmüddətli və gəlirli alətlərin azlığı da bu prosesi gücləndirir,” – deyə Nəsirli vurğulayıb. Ekspert əlavə edib ki, hazırda devalvasiya riski aşağı olsa da, tam sıfır deyil. O, riskin artmasına səbəb ola biləcək dörd əsas amili də sadalayıb: Qlobal neft qiymətlərinin uzunmüddətli enməsi (40 dollar səviyyəsinə qədər); Xarici ticarət balansında mənfi saldonun yaranması; Dövlət xərclərinin və idxalın artması nəticəsində valyutaya tələbin çoxalması; Regional siyasi gərginliklərdən qaynaqlanan psixoloji təzyiqlər. “Hazırda bu amillər aktiv deyil, amma uzunmüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsi zəif qaldıqca, manatın dayaqları əsasən neft gəlirlərinə bağlı olacaq. Əsl sabitlik yalnız iqtisadi strukturun diversifikasiyası və manatla gəlir gətirən aktivlərin artması ilə təmin oluna bilər. Yəni baş nazir Mikayıl Cabbarovun başımızın altına qoyduğu yastıq o qədər də yumşaq deyil,  iqtisadiyyatda ciddi islahatlara ehtiyac var,” – iqtisadçı əlavə edib.

Pensiyaların nə qədər artacağı məlum oldu

Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır. Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib. Nazir bildirib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub: "Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür. Proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır”.

“Zaman Trampın əleyhinə işləyir”

“Demokrat qadınlar Ebiqeyl Spanberger və Mikki Şerrillin Virciniya və Nyu Cersi ştatlarında keçirilən qubernator seçkilərində, müsəlman əsilli demokrat Zöhran Məmdaninin Nyu-Yorkun bələdiyyə sədri seçkisində qələbəsi prezident Donald Trampın ağır məğlubiyyətidir”. Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Xəqani Cəfərli bildirib. Onun sözlərinə görə, ABŞ-də ekspertlər bu seçkilərin nəticəsinin Trampa münasibətin bariz nümunəsi hesab edirlər: “Xüsusilə Nyu Cersi seçkiləri Trampa etimad referendumu (referendum on Trump) kimi dəyərləndirilirdi. Ötən gün keçirilən seçkilərin nəticələri seçicilərin Trampa etimadsızlıq göstərdiyini təsdiq etdi. İki ştatda qubernator seçkisində qadın namizədin, Nyu-Yorkda isə müsəlman əsilli namizədin qalib gəlməsi XXI əsrin qadın əsri olduğunu, qadınların rolunun çox önə çıxacağını təsdiq edir”. X.Cəfərli bildirib ki, 4 noyabr seçkiləri Tramp və Respublikaçılar Partiyası üçün həyəcan siqnalı olmalıdır: “Belə davam etsə gələn ilin noyabrın 4-də keçiriləcək aralıq seçkilərdə respublikaçılar Nümayəndələr Palatasının tam tərkibinin və Senatın üçdə birinin seçkilərini uduzacaqlar. Demokartlar Konqresdə çoxluğu qazansalar Trampa qarşı impiçment tətbiq etməyə çalışacaqları isə gün kimi aydındır. Konqresdə azlıqda ola-ola buna cəhd edirlərsə, çoxluğu ələ keçirdikdən sonra buna dərhal cəhd edəcəklərini proqnozlaşdırmaq çətin deyil. Bu isə respublikaçıların 2028-ci il prezident seçkilərin də bəri başdan uduzması demək olar. Zaman Trampın və Respublikaçılar Partiyasının əleyhinə işləyir.Aralıq seçkilərə bir ildən az vaxt qalır. Tramp seçicilərin etimadını geri qazanmaq üçün qətiyyətli addımlar atmalı, uğurlar qazanmalıdır. Ona görə də tərəddülərdən xilas olub, Venesuela, İran və Rusiya məsələsində uğur qazanmalı, Kanada kimi yaxın müttəfiqi ilə münasibətləri əvvəlki səviyyəyə qaytarmalıdır”.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Lakin 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.

ÇL: "Qarabağ"ın oyununa hansı kanalda baxaq?

Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun bəzi matçlarına Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Sozcu.az xəbər verir ki, qarşılaşmalar "CBC Sport" və İctimai TV vasitəsi ilə nümayiş etdiriləcək. Azərbaycan "CBC Sport" 21:45. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) 00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) İctimai TV 00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə) Türkiyə TRT-1 00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə)