Azərbaycana qaçaqmalçılıq yolu ilə 62 kq narkotik gətirildi

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir. Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və tiryək aşkarlanıb. Qeyd edək ki, N.Fərəcov şübhə oyatmamaq üçün narkotik vasitələri çatdırdığı ünvanlara ailə üzvləri ilə birlikdə gedib. Aparılan araşdırmalar zamanı onun ayrı-ayrı vaxtlarda şəxsiyyətləri araşdırılan İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Xaricdə onlayn təhsillə bağlı Xəbərdarlıq

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır”.  Sozcu.az xəbər verir ki, bu barədə Agentliyin yaydığı açıqlamada qeyd olunub.   Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir: “Bildiririk ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”. Açıqlamada, həmçinin qeyd olunub ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu  halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir. Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (//e-qanun.az/framework/54957), həmçinin //www.tkta.edu.az/ FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik”. Agentlik xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırıb.

Sülh sazişi 2026-cı ilin sonunadək İMZALANA BİLƏR

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı Birgə Bəyannamə Cənubi Qafqazda uzun illər davam edən münaqişəyə son qoymaq istiqamətində tarixi addım kimi qiymətləndirilir. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşma regionda yeni siyasi və iqtisadi imkanlar yaradır. Sozcu.az-ın məlumatına görə, bu barədə "Foreign Policy" jurnalında dərc olunan məqalədə bildirilib. Məqalənin müəllifi ABŞ Milli Müdafiə Universitetinin Strateji Tədqiqatlar İnstitutunun araşdırmaçısı Ceffri Mankoffdir. O yazır ki, razılaşma yalnız Bakı və İrəvan üçün deyil, bütün Cənubi Qafqaz üçün dönüş nöqtəsidir. ABŞ uzun müddətdən sonra postsovet məkanında ən böyük diplomatik təşəbbüslərindən birinə imza ataraq bölgəyə qayıdışını nümayiş etdirdi. Mankoff hesab edir ki, Azərbaycanın 2020-ci ildəki hərbi qələbəsi və 2023-cü ildə Qarabağın tam azad edilməsi yeni reallıq yaratdı. Paşinyan bu məğlubiyyət fonunda sülhün zəruriliyini qəbul etdi, Bakı isə üstün mövqeyindən çıxış edərək daha sərt şərtlər irəli sürdü. Sazişə görə, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması nəzərdə tutulur. Ən mübahisəli məqam Naxçıvana gedən dəhliz ilə bağlıdır. Azərbaycan bu yolun maneəsiz açılmasını tələb edir, Ermənistan isə suverenliyinə təhlükə yarada biləcək xarici hərbi nəzarətə qarşı çıxır. ABŞ diplomatiyasının əsas yeniliyi dəhlizin inkişaf hüquqlarının eksklüziv olaraq Vaşinqtona verilməsi təklifidir. Digər mühüm məsələ Ermənistan Konstitusiyasına dəyişikliklərdir. Razılaşma hər iki ölkə üçün mühüm faydalar vəd edir. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq əldə edərək enerji və infrastruktur layihələrinə sərmayə cəlb edə, həmçinin müdafiə sahəsində məhdudiyyətlərin aradan qalxmasına nail ola bilər. Ermənistan isə uzun illərdir bağlı olan sərhədlərin açılması, Türkiyə ilə normallaşma və regional ticarət şəbəkələrinə qoşulmaq imkanı qazanır. Bu proses “Orta Dəhliz” layihəsini gücləndirərək regionu Avropa və Asiya arasında strateji körpüyə çevirə bilər. Bununla belə, risklər də az deyil. Ermənistanda siyasi qeyri-sabitlik və çevriliş cəhdləri, Rusiyanın və İranın kəskin narazılığı, habelə ictimai etimadın zəifliyi sülh prosesini çətinləşdirir. Moskva artıq Ukraynada Azərbaycan şirkətlərinə məxsus obyektlərə hücum etməklə xəbərdarlıq edib, İran isə ABŞ-ın bölgədə möhkəmlənməsini açıq şəkildə rədd edir. Müəllifin qənaətinə görə, bütün risklərə baxmayaraq, bu sənəd Cənubi Qafqazda yeni dövrün başlanğıcını simvolizə edir. Bu addım yalnız siyasi liderlərin cəsarətini deyil, həm də ABŞ və Fransanın diplomatik səylərini əks etdirir. Onilliklərdir davam edən münaqişənin sonlanması, regionun inteqrasiyası və beynəlxalq güclərin maraqlarının yenidən formalaşması Cənubi Qafqaz üçün yeni perspektivlər açır. Mankoff yazır ki, Vaşinqtonda imzalanan çərçivə razılaşması hələ yekun sülh sənədi deyil. ABŞ administrasiyası bu ilkin sazişin gələcəkdə tam sülh müqaviləsinə çevriləcəyini gözləyir. Məqalədə göstərilir ki, Tramp administrasiyası 2026-cı ilin sonuna qədər yekun sülh sazişinin imzalanıb ratifikasiya olunacağına ümid edir. Yəni 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənəd yalnız çərçivə razılaşmasıdır, əsas sülh sazişinin isə 2026-cı ildə rəsmiləşdirilməsi planlaşdırılır.modern)

Ağdamda dəhşət: azyaşlıya işgəncə verildi - Atası tutuldu

Ağdamda azyaşlı valideynləri tərəfindən işgəncəyə məruz qalıb. Sozcu.az xəbər verir ki, körpənin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, körpə əqli qüsurlu olan hər iki valideyni tərəfindən əvvəllər də işgəncəyə məruz qalıb. 13.09.2023 təvəllüdlü R.M. 2024-cü ildə Ağdam məhkəməsinin qərarı ilə valideynlərindən alınaraq uşaq evinə verilib. Lakin bir müddət sonra Nəsimi rayon məhkəməsinin qərarı ilə yenidən valideynlərinə qaytarılıb.  Azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.   Faktla bağlı araşdırma aparılır.

Bakının üç rayonunda söküntü olacaq - ÜNVANLAR

Bakıda daha 3 rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək. Sozcu.az Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü işləri paytaxtın Sabunçu, Suraxanı və Səbail rayonlarında aparılacaq. Səbail rayonunda istismar müddəti bitmiş qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub. Tenderi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi keçirir. Sözügedən layihə çərçivəsində Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, eləcə də Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək. Həmçinin, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntüsü üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə də Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən tender elan edilib. Söküntü işlərinin aparılacağı ünvanlar aşağıdakılardır: Sabunçu rayonu, Y.Qasımov küçəsi, ev 39 Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və bina 6 Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 43 Qeyd edək ki, hazırda söküntü işlərinin aprıldığı ərazilərdə əhaliyə iki yol təklif olunur. Vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif edilir. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur. Digər yol isə vətəndaşlara söküləcək mənzilləri müqabilində kompensasiya verilməsidir. Hazırda Bakı üzrə kompensasiya məbləği 2500-2800 AZN arasında dəyişir.

Bakıdan Ağdama qatar: tarix, saat və QİYMƏT

Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 manat təşkil edir. Sozcu.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə biletlərin minimum qiyməti 12,80 manatdır. Qeyd edək ki, Bakı-Ağdam-Bakı marşrutu üzrə biletləri 27 avqustdan ADY-nin veb-saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar. İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq. Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkün olacaq. Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Tramp Putini hədələdi: Müharibə olacaq

“Əgər Rusiya Prezidenti Vladimr Putin Ukrayna prezidenti Volodimr Zelenski ilə sülh danışıqlarına doğru irəliləyişə getməsə, Rusiya ciddi iqtisadi cəzalarla üzləşə bilər”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O, Rusiyaya xəbərdarlıq edib: “Bu, dünya müharibəsi olmayacaq, amma iqtisadi müharibə olacaq. Və bu iqtisadi müharibə pis olacaq. Rusiya üçün pis olacaq və mən bunu istəmirəm”. Bloomberg-in məlumatına görə, Tramp, münaqişə uzandığı təqdirdə “çox ciddi” nəticələr olacağını bildirib. Ondan soruşublar ki, Putinə qarşı sanksiyaları tətbiq etməzdən əvvəl nə qədər vaxt verməyə hazırdır. Tramp cavabında deyib: “Əgər bunu etməli olsam, ağlımdakı şey çox ciddidir”.

İstilər geri qayıdır: Sabah...

Azərbaycanda avqustun 28-də 39 dərəcə isti olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Küləki hava bu tarixədək davam edəcək

Azərbaycanda müşahidə olunan küləkli havanın avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 mm). Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Culfada 21, Neftçalada 20 m/s-dək güclənir.

“Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı" - İlham Əliyev

Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib. Sozcu.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlardan danışarkən qeyd edib ki, Azərbaycan yalnız konstruktiv və hüquqi şəkildə cavab verir, lakin heç vaxt Azərbaycana qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək. “Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.

Rusiyada partlayış olub, ölən və yaralananlar var

Rusiyanın Perm diyarında dəmir yolu sisternlərinin planlı işlərə hazırlanması zamanı qaz-hava qarışığının partlaması nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb. Sozcu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Perm diyarının Dövlət Əmək Müfəttişliyi məlumat yayıb. "Dəmir yolu sisternlərinin planlı təmirə hazırlanması zamanı qaz-hava qarışığı partlayıb. Hadisə nəticəsində ağır dərəcəli yanıq xəsarəti almış üç işçi xəstəxanaya yerləşdirilib, onlardan biri tibb müəssisəsində vəfat edib", - qurumdan bildirilib. Dövlət Əmək Müfəttişliyinin təhqiqat materialları təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün istintaq orqanlarına göndəriləcək.

Merz Rusiyanı hədələdi: Sanksiyalar artacaq...

Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutmasa, Avropa və ABŞ antirusiya sanksiyalarını artıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib. “Biz, yəni avropalılar və amerikalılar birlikdə Zelenski ilə Putin arasında görüşün iki həftə ərzində baş tutacağına ümidimizi ifadə etdik. Əgər belə görüş baş tutmasa, məsələ yenidən bizim tərəfimizə keçəcək. O zaman bu mövzunu yenidən müzakirə edəcəyik. Bu müzakirələr Rusiyaya qarşı təzyiqi artırmaq üçün keçiriləcək”, - Merz bildirib.

Sabah metro gücləndirilmiş iş rejimində çalışacaq

“Bakı Metropoliteni” QSC avqustun 27-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. QSC-dən Sozcu.az-a bildirilib ki, xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən metronun “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək. “Bakı metrosunun müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq. Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq. Həmçinin qeyd edək ki, qarşılaşma əlavə vaxtla davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün Bakı metropoliteninin iş saatının uzadılması planlaşdırılıb”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Ali təhsil müəssisələrinə qəbul olunanların sayı açıqlandı

Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Sozcu.az xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 57 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub. Avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir. Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.80%). TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb. III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər. II ixtisas qrupu üzrə də 98.12% olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 2842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25% dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39% və 96.84% dolub. Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 43 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, bundan əlavə, 26 ali təhsil müəssisəsində 90%-dən çox dolub. Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 6461-dir və ötənilki göstəricidən 826 nəfər daha azdır. Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texnologiya Universiteti (589), Mingəçevir Dövlət Universiteti (506 nəfər) və Azərbaycan Dövlət Aqrar Universitetinə (459 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 47.75%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 42.04%-nin subbakalavr olduğunu görərik. Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir. Qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1549 (RK üzrə 1255, Rİ üzrə 294) plan yeri boş qalıb. Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 4 nəfərdir. Rİ altqrupu üzrə müvafiq say 38-dir. RK altqrupunda ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 599 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər yalnız Şərabçılıq (tədris ingilis dilində) ixtisasını seçə bilərlər (ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayanlar). Digər ixtisaslar üzrə boş yerlər qalmayıb. II ixtisas qrupu üzrə 278 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Bu şərti ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 18 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb. III ixtisas qrupu üzrə 30 (hamısı DT altqrupu üzrə) plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. DT altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3249 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb. IV ixtisas qrupu üzrə 218 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 233 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı isə 291 nəfərdir. Bu abituriyentlər yalnız Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər (rus bölməsi üzrə yalnız “Садоводство и овощеводство”). V ixtisas qrupu üzrə 144 plan yeri boş qalıb. Lakin bir daha abituriyentlərin diqqətinə çatdırırıq ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar (müvafiq komissiyalar) üzrə müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq. Belə ki, keçirilmiş müsabiqə nəticəsində “Abituriyent” jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara qəbul aparılmayacaq və "Abituriyent" 7 jurnalında verilməyəcək. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunacaq.

Toya gedərkən qəzaya düşdülər: 5 yaralı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan bir neçə avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmiş.

Sabunçuda süni göldə uşaq batdı

Sabunçu rayonunda süni sututarında 1 uşağın batması barədə məlumat daxil olub. Bu barədə Sozcu.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur

Ukrayna ABŞ-dan aldığı silahlarla bağlı məhdudiyyətlər görə, Rusiyaya qarşı cavab hücumlarında yerli istehsal olunan raketlərdən istifadə etməyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat yayıb. “Biz aqressiv Rusiyaya cavab verəndə artıq Pentaqondan icazə istəmirik. Çünki artıq Amerika istehsalı olan raketlərdən istifadə etmirik. Öz pilotsuz raketlərimizdən yararlanırıq", - deyə o bildirib. Qeyd edək ki, Ukrayna bu yaxınlarda ardıcıl, “Neptun” və “Flamingo” adlı iki ədəd yeni raket hazırladığını elan edib.

Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayır

26 avqust tarixindən etibarən 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 2 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçirilir. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər. Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 22 iyul – 11 avqust tarixlərində 78 peşə təhsili müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 17 540 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim edib.

Donnarumma yeni klubu ilə razılaşdı

"Mançester Siti" PSJ-nin qapıçısı Canluici Donnarummanı transfer etməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. Bildirilib ki, qapıçı ilə artıq müqavilənin şərtləri razılaşdırılıb. PSJ əvvəlcə 26 yaşlı italyan üçün 45-50 milyon avro istəyib, lakin klub futbolçunun bir ildən sonra azad agent kimi gedə biləcəyi üçün qiyməti aşağı endirib. Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayında azad agent kimi "Milan"dan PSJ-yə keçib. Daha əvvəl də onun PSJ-dən ayrılmaq istədiyinə dair xəbərlər yayılmışdı.

Ermənistanda hərbçi güllələndi

Ermənistanda güllə yarası alan hərbçi xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. "Hərbçi hazırda həkimlərin nəzarəti altındadır, həyatına təhlükə yoxdur", - məlumatda qeyd edilib. KİV-in məlumatına görə, hadisə Göyçə vilayətindəki mövqelərdən birində baş verib. Əsgərin hansı şəraitdə yaralandığı hələ ki, məlum deyil.

Krımda partlayışlar: Dəmir yolu hücuma məruz qaldı

Krımda dəmir yolu infrastrukturu PUA hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Krımdakı Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Cankoy və Krasnoqvardeysk rayonlarında partlayışlar baş verib.

Braziliya İsrailin yeni səfirini qəbul etmədi

Braziliya Prezidenti Lula da Silva İsrailin yeni səfir təyinatını təsdiqləməyib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, İsrailin Braziliyadakı səfiri Daniel Zonşayn ötən həftə istefaya getdikdən sonra rəsmi Təl-Əviv onun yerinə ölkənin Kolumbiyadakı keçmiş səfiri Qali Daqanı təyin edib. Lakin Daqan Braziliyadan hökumətindən lazımi razılığı almayıb. İsrail də buna cavab olaraq yeni səfir göndərməyəcəyini və münasibətləri aşağı səviyyəyə endirdiyini açıqlayıb. Qeyd edək ki, iki ölkə arasındakı gərginlik Braziliya Prezidenti Lula da Silvanın İsrailin Qəzzadakı hərəkətlərini nasistlərlə müqayisə etməsindən sonra başlayıb. İsrail bundan sonra Lula da Silvanı arzuolunmaz şəxs (“persona non-qrata”) elan edib.

Musiqi dinlədiyinə görə qonşusunu öldürdü

Belqorod vilayətində kişi avtomobilində yüksək səslə musiqi dinləyən qonşusunu döyərək bıçaqlayıb. Hadisə nəticəsində zərərçəkmiş şəxs həyatını itirib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Belqorod vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb. İstintaqın məlumatına görə, 39 yaşlı təqsirləndirilən şəxs uzun müddət qonşusunun yüksək səslə musiqi dinləməsindən narazılıq edib və aralarında dəfələrlə mübahisə yaşanıb. İyunun 15-də həmin şəxs növbəti dəfə avtomobilinə əyləşərək, musiqi səsləndirdikdə müttəhim aqressiv reaksiya verib. O, əvvəlcə qonşusuna dəmir parçası ilə hücum edib, daha sonra isə onu pilləkənlərdən yerə yıxaraq bıçaqla dörd zərbə endirib. Eyni zamanda, dəmir parçası ilə zərərçəkmişin baş və bədən nahiyələrinə xəsarətlər yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb. Hazırda istintaq davam edir və materialların məhkəməyə təqdim olunacağı bildirilib. Rusiya qanunvericiliyinə əsasən, bu maddə üzrə təqsirləndirilən şəxs 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Bu tələbələrə ayda 350 manat veriləcək

Azərbaycanda ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb və artıq nəticələr məlumdur.  Bu il keçirilən qəbul imtahanlarında 5 mindən çox abituriyent 600-dən çox bal toplayıb. Onlardan bəziləri universitetə qəbul ola bilməyib. Sozcu.az-ın məlumatına görə, bu il də ən yüksək bal toplayan abituyentlərə Prezident təqaüdü veriləcək. 2001-ci ildə imzalanan sərəncama əsasən, Prezident təqaüdü Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbəyə verilir. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünün məbləği 275 manatdan 350 manata qaldırılıb. Təqaüdlərin kimlərə verilməsi ilə bağlı hər il sentyabr ayında sərəncam imzalanır. Qeyd edək ki, Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında  Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.