Bakı aeroportunda həyəcanlı anlar - Rəsmi açıqlama verildi

Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib. Sozcu.az bu barədə hava limanına istinadən xəbər verir. Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib. Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb. "Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - deyə məlumatda qeyd olunub.

Bakı metrosunda problem - Qatarlar gecikir

Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Bu barədə Sozcu.az-a Bakı Metropolitenindən məlumat verilib. Qeyd edilib ki, qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb. Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.

Hərbi biletə görə 22 min verdim - Sabiq idarə rəisinin məhkəməsi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə şahid qismində Əhməd Əhmədov ifadə verib. O bildirib ki, hərbi xidmətə yararsız yazılmaq üçün 22 min manat pul verib. Şahidin sözlərinə görə, xarici ölkələrdən birində magistr təhsili alıb: "2024-cü ilin noyabrına qədər mənə hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdi. May ayında məni hərbi komissarlığa dəvət etdilər. Onlara hələ möhlət hüququmun olduğunu, xaricdə təhsil aldığımı, imtahanlarımın olduğunu desəm də xeyri olmadı. Daha sonra abituriyent vaxtında tanış olduğum Abdullaya müraciət etdim. Onun atası hərbi komissar olub. Birlikdə Xəzər rayon Hərbi Komissarlığında gəldik. Ramin Şükürovla görüşdük. Hətta belimdə və gözümdə olan problemləri də ona dedim. Söhbət əsnasında dedilər ki, vəziyyətə baxacağıq". Şahid qeyd edib ki, bir müddət sonra onu Sabunçu rayonudakı poliklinikaya dəvət ediblər və tibbi müayinələrdən keçib: "Qobuda Səfərbərlik xidmətinin müayinələridən də keçdim. Abdulla 22 min manat pula bu işin həll olunacağını dedi. Mən də 22 min manatı Bilgəh qəsəbəsində ona verdim. O, pulu Ramin Şükürova verəcəyini bildirdi. İyun ayında mənə hərbi xidmətə yararsız olan hərbi bilet verdilər". Daha sonra şahid qismində ifadə verən Araz Məmmədov bildirib ki, Yasamalda kafe işlədib: "Səfərbərlik xidmətində işləyən Bəhram Cəlilov kafeyə gəlirdi. Mənim də ofsiantım Rəhmanın qohumunun əsgərlik problemi var. Bəhramdan xahiş etdim ki, uşağı əsgərlikdən saxlamağa kömək eləsin. O da dedi danışaq. Bir neçə gün sonra gəldi ki, 8 min manat istəyirlər. Dedim, imkanları yoxdur. Bir müddət sonra 6 min istədi, razılaşdıq. Pulu Bəhrama mən verdim". Şahid sorğu-sual zamanı hərbi komissarın kim olduğunu, Bəhram Cəlilovun pulu kimə verdiyini bilmədiyini deyib. Araz Məmmədovun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqa ifadəsi arasında ziddiyyətlər açkarlanıb. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Şahidin həmin ifadəsindən məlum olub ki, bu iş alınandan sonra ona qonaqlıq verilib: "Həmin qonaqlığa Bəhram gəlmədi. Mən, Fariz və işi düzəldilən oğlan olduq. İş həll olunandan sonra hamamda istirahət etmişik". Növbəti proses oktyabrın 1-də davam edəcək.

İranda dəhşət: Bir ailənin 5 üzvü öldürüldü

İranın Kirman əyalətinin Rudbar Cənub şəhərində bir ailənin 5 üzvü avtomat silahdan açılan atəş nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Cinayəti törədən və ya törədənlərin hadisə yerindən qaçdığı, onların saxlanılması üçün əməliyyat başlanıldığı bildirilib.

AB buna görə Azərbaycana 23 milyon ayırır

Avropa Birliyi (AB) Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib. Sozcu.az APA-ya istiandən xəbər verir ki, bu barədə Avropa Komissiyasının AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistan səfərlərinin nəticələrinə dair bəyanatında qeyd edilib. Marta Kos səfəri zamanı AB-nin Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib, Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə dəstəyi vurğulayıb. “Komissar AB-nin ticarət yolları, infrastruktur layihələri və insanlar arasında əlaqələr vasitəsilə regional əlaqənin gücləndirilməsindəki rolunu qeyd edib”, - bəyanatda qeyd edilib. Bildirilib ki, komissarın Azərbaycana səfəri çərçivəsində Aİ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi və "Global Gateway" təşəbbüsü çərçivəsində investisiyaların cəlbi məqsədilə Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması barədə razılıq əldə olunub. O, eyni zamanda, AB-nin humanitar minatəmizləmə sahəsində dəstəyini davam etdirəcəyini təsdiqləyib. “AB və onun üzv dövlətləri “Team Europe” təşəbbüsü çərçivəsində 23 milyon avroya qədər vəsait ayırır. Səfərim zamanı verilən bəyanatlar bu baxışı konkret resurslarla dəstəkləyir, son diplomatik irəliləyişi bütün region üçün real nəticələrə çevirir. Mənim səfərim zamanı verilən elanlar bu baxışın arxasında konkret resurslar qoyur və son diplomatik irəliləyişləri bütün region üçün nəzərəçarpacaq nəticələrə çevirir”, - AB komissarı əlavə edib.

Tələbələr arasında dava: biri bıçaqlandı

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında yaranan mübahisə bıçaqlanma ilə bitib. Belə ki, hadisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi xXəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Qusarın Laza kəndində yolu sel suları basdı - Foto

Qusarın Laza kəndində yolu sel suları basıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərtac-a kənd sakinləri məlumat verib. Güclü yağışlar nəticəsində sentyabrın 22-si səhər saatlarında Laza kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən daş-palçıq qarışıqlı sel suları axıb. Sel suları kənd ərazisində piyada körpüsünü və yolu basıb. Evlərə və istirahət məkanlarına ziyan dəyməyib. Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub və fəsadlar qısa müddətdə aradan qaldırılıb. Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.

Həsənriz kəndinə növbəti köç karvanı yola salındı

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Sozcu.az xəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə bu mərhələdə 29 ailə (115 nəfər) köçürülür. Bununla da kəndə köçürülən ailələrin sayı 118-ə (671 nəfər) çatacaq.

Tramp bu liderləri Qəzza üçün toplayır

Tramp Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Nyu Yorkda ərəb liderləri ilə sammit keçirmək istəyir. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. “ABŞ prezidenti Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və müsəlman liderlə görüşməyi planlaşdırır. İclasa dəvət olunanlar arasında Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə lideri də var. Danışıqların əsas mövzusu Qəzzada müharibəyə son qoymağın mümkün yollarının tapılması olacaq”, - məlumatda deyilib.

2600 manat müavinət kimlərə ödəniləcək? - QAYDALAR AÇIQLANDI

Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib. Yeni qaydalara əsasən, həmin vətəndaşlarımız təhsil pillərini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər. Deputat Vüqar Bayramov bildirib ki, əvvəllər həmin şəxslər mövsümi paltar və ayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, həmçinin vəsait də dəqiqləşdirilir. Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarln, habelə onların arasından olan şəxslərin sosial təminatını daha gücləndirməkdir. Vəsaiti necə almağa gəldikdə isə bu müavinət hər bir təhsil müəssisənin büdcəsinə daxil edilir. Bu o deməkdir ki, həmin vətəndaşlarımız təhsillərini başa vuran zaman həmin müəssisəyə müraciət etməklə bu müavinəti ala bilərlər. Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili müəssisəni və ya universiteti təhsil alırsa, təhsilini başa vuran zaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu proses qısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldə edilməsi mümkündür.

Bu gün Azərbaycana payız gəlir

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq. Sozcu.az  xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.  Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Haaland Sulşerin uğurunu təkrarladı

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland yeni uğura imza atıb. Sozcu.az xəbər verir ki, o, buna ötən gün "Arsenal"la matçda bacarıb. 24 yaşlı hücumçu Premyer Liqadakı qollarının sayını 91-ə çatdırıb. Bununla da o, Ole Qunnar Sulşerin göstəricisini təkrarlayıb. Haaland 1 qol daha vurarsa Premyer Liqada norveçli oyunçular arasında rekorda sahib olacaq. Xatırladaq ki, sözügedən matç 1:1 hesabı ilə yekunlaşıb.

Rayonlarda ev və torpaq bahalaşıb - SƏBƏB

Azərbaycanda daşınmaz əmlaka, xüsusilə torpaq sahələrinə maraqda artım müşahidə olunur. Əvvəllər alıcılar əsasən Bakı və ətraf ərazilərə üstünlük versələr də, son illər regionlara yönələn maraq əhəmiyyətli dərəcədə artıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fəzəliyev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müxtəlif turistik bölgələrində daşınmaz əmlak, fərdi yaşayış evləri və torpaq sahələrinin satış qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Onun sözlərinə görə, bu artımın əsas səbəblərindən biri, 2020-ci ildə pandemiyanın başlanmasından sonra ölkənin quru sərhədlərinin bağlanması ilə bağlıdır. “Beləliklə, əhalinin əksəriyyəti turist qismində xarici ölkələrə səfər etmək əvəzinə, Azərbaycanın müxtəlif turistik bölgələrinə üz tutmağa başladı. Bu isə ölkədaxili turizmin sürətli inkişafına səbəb oldu. Daxili turizmin canlanması həmin bölgələrdə torpaq sahələrinə və daşınmaz əmlaka olan tələbatı artırdı ki, bu da qiymətlərin artmasına birbaşa təsir göstərdi. Hazırda Azərbaycanın aparıcı turistik məkanlarına nəzər salsaq, bu ərazilərdə torpaq sahələrinin satış qiymətlərində əhəmiyyətli artım qeydə alınır. Eyni zamanda, turizm mövsümündə həmin bölgələrdə mənzillərin gündəlik kirayə qiymətləri minimum 50 manatdan başlayaraq 500-600 manat arasında dəyişir”. Ekspert qeyd edib ki, bu qiymətlər bəzi hallarda paytaxt Bakı ilə müqayisədə daha yüksək olur: “Bütün bu amillər investorlar, iş adamları və digər maraqlı şəxslərin diqqətini cəlb edir. Onlar turistik bölgələrdə torpaq sahələri alaraq villa tipli və ya kiçik fərdi yaşayış evləri tikir, daha sonra isə bu evləri icarəyə verərək gəlir əldə edirlər. Digər tərəfdən, turistik bölgələrə insan axınının artması nəticəsində yeni iaşə obyektlərinin – otel, kafe və restoranların inşası da geniş vüsət alıb. Bu proseslər də əmlak bazarındakı qiymət artımına əlavə təsir göstərir”. Əmlak eksperti onu da əlavə edib ki, hazırda Azərbaycanın şimal bölgələrinə, xüsusilə Quba və Qusar, həmçinin Qəbələ, Şəki və digər turistik regionlara nəzər salsaq, torpaq sahələrinin qiymətlərində davamlı artım müşahidə olunur: “Quru sərhədlərin hələ də bağlı olması da insanları daxili turizmə yönəlməyə məcbur edib. Bu da öz növbəsində turistik zonaların sürətli inkişafına səbəb olub”,- deyə E.Fərzəliyev bildirib.

Paşinyan “Yerkrapa” döyüşçülərinin rəhbərini “vurdu”

Şənbə günü Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının qurultayında yeni İdarə Heyəti seçilib. Sozcu.az xəbər verir ki, yenidən partiya sədri seçilən Ermənistanın baş naziri Nikol Paşinyan İdarə Heyətini bəzi şəxslərdən “təmizləyib”. Belə ki, “Yerkrapa” Könüllülər Birliyinin rəhbəri Sasun Mikaelyanın hakim partiyanın İdarə Heyətindən kənarda qalması diqqət çəkib. Ermənistanda bəzi ekspertlər Sasun Mikaelyanın hakim partiyanın İdarə Heyətinə daxil edilməməsini onun “vurulması” kimi qiymətləndiriblər. Qeyd olunur ki, Nikol Paşinyan hər il büdcədən milyonlarla dram vəsait alan “Yerkrapa” Könüllülər Birliyindən tədricən qurtulmaq istəyir. 2020-ci ildəki müharibədə çoxlu sayda üzvü ölən (74 nəfər) və yaralanan (114 nəfər) “Yerkrapa” Könüllülər Birliyi əsasən veteranları öz ətrafında birləşdirir. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirib. “Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur. “Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır. Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir. Erməni ekspertlər bildirilər ki, baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını nəzərə alaraq “Yerkrapa” təşkilatının buraxılmasında maraqlıdır.

Təqaüdçü və tələbələr üçün “yol pulu”nda GÜZƏŞT EDİLƏCƏK - RƏSMİ

Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib. O qeyd edib ki, yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağsız ödəniş sisteminə təşviq edəcək. “Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq, tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyi artırır. Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönəlmiş beynəlxalq təcrübədir”,- deyə o bildirib.

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Lənkəran-Astara zonasında yağıntılar intensiv və güclü olub. Düşən yağıntının miqdarı Astarada 113, Yardımlıda 62, Lerikdə 42, Lənkəranda 33, Biləsuvar, Cəlilabad, Beyləqanda 19, Qəbələdə 17, Ordubadda 16, İmişlidə 15, Neftçalada 14, Oğuzda 13, Ağdamda 11, Quba, Qax, Tərtər, Naxçıvan, Gədəbəy, İsmayıllı, Sabirabad, Şahbuz, Cocuq mərcanlı, Şahdağ, Qusar, Tovuz, Şirvan, Hacıqabul, Qrız, Balakən, Altıağac, Xaltan, Ağstafa, Culfa, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Şəmkir, Xınalıq, Zaqatala, Şamaxı, Qobustan, Şabran, Bərdə, Zərdab, Kürdəmirdə 9 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 22-si axşamadək davam edəcəyi, 23-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ağdərədə partlayış səsləri eşidiləcək - MN-dən xəbərdarlıq

Pirəkəşkül və Ağdərədə 22-26 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - MN-dən bildirilib.

1307-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1307-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 102 570 hərbçi, 11 194 ədəd tank, 23 282 ədəd zirehli döyüş maşını, 32 999 ədəd artilleriya sistemi, 1 493 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 218 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 344 ədəd helikopter, 62 363 ədəd avtomobil texnikası, 62 001 ədəd PUA, 3 747 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 969 xüsusi avadanlıq itirib.

Britaniya İsrailə çağırış etdi: İşğaldan əl çək!

Biz açıq şəkildə bildirmişik ki, bu qərar (Böyük Britaniyanın Fələstin dövlətini tanıması) həm İsrailin, həm də fələstinlilərin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri İvette Kupe BBC-yə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkəsinin Fələstin dövlətini tanımasına cavab olaraq İsrailin Qərb sahilinin bir hissəsini ilhaq etməsi yolverilməzdir və bu barədə Təl-Əvivə xəbərdarlıq edilib. “Bu, sülhü, ədaləti və ən əsası Yaxın Şərqdə təhlükəsizliyi qorumaq üçündür. Biz bölgədəki bütün tərəflərlə bu istiqamətdə işləməyə davam edəcəyik. Ən asan yol sadəcə geri çəkilib “bu çox çətindir” demək olardı, lakin bu qədər dağıntı və əzab gördükdən sonra bunun doğru olmadığını düşünürük. Biz İsrail dövlətini tanıdığımız kimi, fələstinlilərin də öz dövlətlərinə sahib olmaq hüququnu tanımalıyıq”, – deyə Kupe əlavə edib. Qeyd edək ki, Böyük Britaniya ötən gün Fələstin dövlətini tanıyıb.

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Avtobuslar gecə saat 12-yə kimi işləyəcək – Rəsmi

Bir çox hallarda ictimai nəqliyyat saat 24:00-a kimi işləyəcək. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib. O bildiribki, hazırda yetərli sayda avtobusun daşımalara cəlb edilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələnin sistemli həllinə imkan vermir: “Bu da marşrutda işləyən avtobuslar arasında intervalın artmasına və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobusların işləməməsi ilə nəticələnir. Xüsusən, axşam saatlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelli olmadığına görə xəttdən çıxarılır və və depoya yönləndirilir”. O əlavə edib ki, yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq: “Bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək”.

Ursula fon der Leyen Almaniya prezidenti olur? - Açıqlama

Almaniyada 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırmıram. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib. O, seçkilərlə bağlı düşünmədiyini deyib: “Mən Komissiya prezidenti kimi vəzifələrimə tam sadiqəm və digər vəzifələr üçün namizəd deyiləm”, - Leyen vurğulayıb. Qeyd edək ki, Fon der Leyen 2019-cu ildən bəri Avropa Komissiyasına rəhbərlik edir və ötən il bu vəzifəyə yenidən təyin olunub. Almaniya mediasında onun 2029-cu ildə başa çatacaq mandatından əvvəl istefa verərək ölkəsinin prezidentliyinə namizəd ola biləcəyi barədə məlumatlar yayılmışdı.

4 gün ardıcıl İŞ OLMAYACAQ

2025-ci ilin noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. Sozcu.az xəbər verir ki, 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günüdür. Hər iki gün müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Bu səbəbdən noyabrın 10 və 11 tarixləri qeyri-iş günü olacaq.  Beləliklə, 8-11 tarixlərində iş olmayacaq.

Özgür Özel yenidən CHP sədri seçildi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçirilib. Sozcu.az xəbər verir ki, qurultayda partiya sədrliyinə seçkilər baş tutub. Səsvermənin nəticələrinə əsasən, hazırkı sədr Özgür Özel 917 seçicidən 835-nin (82 səs keçərsiz sayılıb) səsini qazanaraq yenidən partiyanın lideri seçilib. O, seçkiyə yeganə namizəd kimi qatılmışdı.