CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun

Cənubi Qafqaz və Orta Asiya bölgəsini əhatə edən geosiyasi proseslər, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı perspektivlər Türkiyədə də diqqətlə izlənilir. Bu mövzuda Modern.az-a açıqlama verən Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) xarici siyasət koordinatoru İlhan Üzgel Zəngəzur dəhlizinin təkcə regional deyil, beynəlxalq əhəmiyyətə malik olduğunu bildirib. “Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin davam etməsi bizim üçün önəmlidir. Belə bir mühitdə region ölkələri sahib olduqları potensialı daha səmərəli şəkildə həyata keçirə bilər. Biz bu sabitliyin qorunmasını və inkişaf etdirilməsini dəstəkləyirik” – deyə Üzgel vurğulayıb. CHP rəsmisi Azərbaycanın Türkiyə üçün qardaş və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib: “Azərbaycan bizim üçün sadəcə dost deyil, qardaş ölkədir. Biz hər zaman Azərbaycanın təhlükəsizlik və rifah içində olmasını istəyirik. Çünki Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Türk xalqının dünyada ən çox güvəndiyi xalq azərbaycanlı qardaşlarımızdır”. İlhan Üzgel Zəngəzur dəhlizi layihəsinin region üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıdığını bildirib: “Zəngəzur dəhlizini biz yalnız Azərbaycanın iki parçasını birləşdirən layihə kimi deyil, eyni zamanda Türkiyədən Orta Asiyaya açılan strateji koridor, Türk dünyasını birləşdirən mühüm bir körpü kimi qiymətləndiririk. Bu layihə təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün bölgəyə iqtisadi fayda gətirəcək bir fürsətdir”. CHP rəsmisi qeyd edib ki, bu dəhlizin tezliklə açılması həm Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyatı asanlaşdıracaq, həm də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri yeni mərhələyə daşıyacaq: “Zəngəzur dəhlizi həmçinin Orta Asiya ölkələrinin də Türkiyə və Azərbaycanla bağlarını möhkəmləndirəcək, regional əməkdaşlığa ciddi töhfə verəcək. Bu səbəbdən də biz bu prosesin sürətlə və Azərbaycanın maraqları nəzərə alınmaqla həll edilməsinin tərəfdarıyıq”. İlhan Üzgel əlavə edib ki, CHP olaraq istər müxalifətdə, istərsə də gələcəkdə iqtidarda olsunlar, Azərbaycanın yanında olmağa davam edəcəklər: “Biz partiya olaraq bu kimi strateji dəhlizlərin üçüncü ölkələrin nəzarətində deyil, Azərbaycanın razılığı və maraqları çərçivəsində idarə olunmasını dəstəkləyirik. Ən böyük arzularımızdan biri bu xəttin bir an öncə istifadəyə verilməsi və regionda yeni bir iqtisadi canlanmanın başlanmasıdır”.

Azyaşlı Kürdə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Rusiyada dəhşətli partlayışlar: Türkmənistandan qaz nəql edən kəmər sıradan çıxdı

Rusiyada partlayışlardan sonra “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, avqustun 2-də Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb. O, “Qazprom”a məxsus qaz kəməri sisteminin bir hissəsidir və Türkmənistandan təbii qazı Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiyaya nəql edir. Qeyd olunur ki, partlayışlar barədə xəbərlərdən sonra Rusiyanın fövqəladə hallar xidmətləri qaz kəmərinə doğru yola düşüb. Yerli sakinlərin sözlərinə görə, hüquq-mühafizə orqanları və təmir briqadaları partlayışın nəticələrini aradan qaldırmaq üçün Volqoqrad vilayətinin Nexayevski rayonunun Dinamovskoye kəndi ərazisindədir. Bu boru kəməri Rusiya hərbi-sənaye kompleksinin bir sıra obyektlərini – Demixovski Maşınqayırma Zavodunu, MİQ Rusiya Təyyarəqayırma Korporasiyasını (1 nömrəli İstehsalat Kompleksi), “Maqnum-K” patron istehsalı zavodunu və başqa obyektləri enerji ilə təmin edir. Bildirilir ki, Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri ilə qaz nəqli qeyri-müəyyən müddətə dayandırılıb. Daha əvvəl Ukrayna PUA-larının Samara vilayətində Novokuybışevkadakı sənaye obyektinə hücum etdiyi bildirilirdi. PUA-ların yerli neft emalı zavodunu vurduğu qeyd edilirdi. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ryazan Neft Emalı Zavoduna zərbələr endirdiyi də bildirilib.

İşləmək üçün Sebiyaya gedən soydaşımız yüksəklikdən yıxılıb, öldü

İşləmək üçün Sebiyaya gedən Lənkəran sakini binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb. Sozcu.az "Report"a istinadla xəbər verir ki, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov bir müddət əvvəl işləmək üçün Serbiyaya gedib. Bir neçə gün əvvəl isə o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Mənsubov dörd gün komada qaldıqdan sonra ölüb. Meyitin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür. Qeyd edək ki, H.Mənsubov bodibuildinq ilə məşğul olub.

TƏCİLİ! Rusiya Paşinyanı devirmək üçün Gümrüyə silah daşıyır

Rusiya Ermənistanda yerləşən Gümrü şəhərindəki 102-ci hərbi bazaya təkcə ağır texnika deyil, həm də şəhər döyüşləri və yaxın məsafəli hərbi toqquşmalar üçün nəzərdə tutulan silahlar göndərir.  Sozcu.az xəbər verir ki, bu barədə yerli erməni KİV-ləri məlumat yayıb. Erməni KİV-ləri qeyd edir ki, sözügedən silahların bazaya gətirilməsi son aylarda artan gərginlik və regionda baş verə biləcək potensial toqquşmalar fonunda baş verir.  Məlumata görə, göndərilən silah-sursatlar sırasında snayper tüfəngləri, əl qumbaraları və küçə döyüşlərinə uyğun digər yüngül silah növləri yer alır. Bu addım Rusiyanın Paşinyana qarşı hərbi çevriliş planı olduğunu göstərir.  Rusiya tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində fəaliyyət göstərir və bölgədəki mühüm geosiyasi obyektlərdən biri hesab olunur.Demokrat.az)

Xankəndidə evdən kişi meyiti tapıldı

Xankəndidə evdən Kəlbəcər sakininin meyiti aşkarlanıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Kəlbəcər rayon sakini, 1993-cü il təvəllüdlü Ş.Fərmanzadə olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Qeyd edək ki, meyiti tapılan 32 yaşlı Ş.Fərmanzadə Goranboyda yaşayırdı. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Azərbaycanın hava məkanı nəzəri cəhətdən Ermənistandan gələn mülki təyyarələr üçün açıqdır, lakin onlar oradan uçmurlar. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin açıqlamasında bildirilib. “Azərbaycanın hava məkanı Ermənistanın mülki təyyarələri üçün açıqdır, lakin praktikada Ermənistanın aviasiya operatorları göstərilən ərazidən uçmurlar ki, bu da sonuncunun daxili qərarları ilə bağlıdır”, - deyə məlumatda qeyd edilib.

Bakıda ağır qəza: 18 yaşlı gənc öldü

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda baş verib. Məlumata görə, 1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi VAZ-2104 markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada – 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb. Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1256-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 055 210 hərbçi, 11 068 ədəd tank, 23 069 ədəd zirehli döyüş maşını, 30 982 ədəd artilleriya sistemi, 1 452 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 203 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 024 ədəd avtomobil texnikası, 49 196 ədəd PUA, 3 551 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 935 xüsusi avadanlıq itirib.

Fələstin dövlətini tanımağa hazıram - Stubb

Finlandiya Fələstin dövlətini tanımağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb sosial şəbəkə hesabında bildirib. “Dövlətin tanınması prezidentin qərarıdır, lakin hökumətin təklifi əsasında olmalıdır. Fələstin dövlətinin tanınması təklifi olsa, mən onu qəbul etməyə hazıram. Onu təklif edib-etməyəcəyi hökumətin qərarıdır. Başa düşürəm ki, finlərin Fələstinin tanınması ilə bağlı fərqli baxışları və narahatlıqları var. Ancaq mən xarici siyasət məsələlərində Fələstin də daxil olmaqla, açıq, dürüst və obyektiv müzakirələri təşviq etmək istəyirəm”, - prezident vurğulayıb.

Baydendən Tramp açıqlaması: Qaranlıq dövrə daxil oluruq...

Donald Trampın hərəkətləri səbəbindən qaranlıq dövrə daxil oluruq. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Bayden CNN telekanalına bildirib. "Hakimlər önəmlidir. Məhkəmələr vacibdir. Qanun vacibdir və Konstitusiya vacibdir. Mən indi bizim prezidentimiz olan bu adamın təzyiqi altında olduğumuzu anlamağa başlayan amerikalılar haqqında çox düşünürəm... Hazır olun, cənablar, bu, yalnız başlanğıcdır", - Bayden deyib. Baydenin sözlərinə görə, hazırkı Amerika administrasiyası onun prezidentliyi dövründə əldə etdiyi bütün uğurları məhv etmək üçün hər şeyi edir.

Putinə verilən vaxt: Rusiyanın dostu qalmayacaq...

ABŞ Prezidenti Donald Tramp hələ də Ukraynadakı müharibənin diplomatik yolla həlli üçün təzyiq rıçaqlarına malikdir. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib. Onun sözlərinə görə, əgər Kreml rəhbəri Putin atəşkəsə razı olmasa, artıq gələn həftədən etibarən ABŞ-ın Rusiyaya və onunla biznes quran ölkələrə qarşı sərt sanksiyaları qüvvəyə minəcək. Uitaker əlavə edib ki, Putin nefti Hindistana, Braziliyaya və Çinə satır, buna görə də bu ölkələr də Rusiya ilə əməkdaşlığa görə ciddi nəticələrlə üzləşəcəklər. “Rusiyanın dostu qalmayacaq. Onun ticarət tərəfdaşları olmayacaq. Və müharibəni maliyyələşdirmək imkanları tükənəcək”, – Uitaker qeyd edib. O qeyd edib ki, atəşkəsə nail olmaq lazımdır və bunu yalnız diplomatiya və danışıqlar vasitəsilə əldə etmək mümkündür. Uitaker hər iki tərəf üçün ideal şərtlər görmədiyini deyib, lakin bu, Ukrayna və Rusiyanı qan tökməni dayandırmaqdan çəkindirməməlidir.

Minlərlə insanın gələcəyi bürokratik sürət tələbləri naminə risk altına atılır

Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul prosesi hər il yüz minlərlə gəncin gələcəyini müəyyən edir, amma bu il yenidən göstərdi ki, planlaşdırma və idarəetmə prinsipləri hələ də insan amilini nəzərə almır. Bu il elektron ərizə təqdim edənlərin sayı 131 168 nəfərə çatıb, onlardan təxminən 100 000 nəfəri real müsabiqə iştirakçısıdır. Lakin bu qədər böyük kütləyə ixtisas seçimi üçün cəmi 9 gün vaxt ayrılıb. Bu, sağlam idarəetmə qərarı deyil və nə məntiqlə, nə də ədalətli yanaşma ilə izah oluna bilər. Rəqəmlərə diqqət etsək, I qrup üzrə 31 000-dən çox, II qrup üzrə 26 000-dən çox, III qrup üzrə 28 500-dən çox, IV qrup üzrə 6 600-dən çox, V qrup üzrə isə 10 000-dən çox abituriyent iştirak edir. Üstəlik, 30 000-ə yaxın subbakalavr da bu prosesə qoşulur. Bu qədər geniş kütlənin həyatını formalaşdıracaq qərarı verməsi üçün ən azı 13-14 gün lazımdır, amma DİM cəmi 9 gün ayırır. İroniya ondadır ki, magistratura pilləsinə 20 000 iştirakçı üçün 10 gün, orta ixtisas təhsilinə 27 000 iştirakçı üçün 8 gün verilir, amma 100 000-dən çox gəncin taleyini həll edən ali təhsil seçiminə daha az vaxt ayrılır. Üstəlik, DİM-in məsul şəxsi Vəfadar Misirov iyulun 30-da 10 gün vaxt ayrılacağını açıqlasa da, real vəziyyətdə müddət 9 gündür. Belə qeyri-sabit qərarlar abituriyentlərdə haqlı narazılıq yaradır, prosesə olan etimadı sarsıdır. Dövlət qurumlarının əvvəlcədən elan etdiyi şərtləri sonradan dəyişməsi gənclərin günahı deyil, amma onların taleyinə birbaşa təsir göstərir. Qəbul prosesi illərdir göstərir ki, ixtisas seçimi mərhələsi planlı və rasional şəkildə təşkil edilmir. Gənclərə qərar vermək üçün kifayət qədər vaxt ayrılmır, şəffaflıq və sabitlik təmin edilmir. Minlərlə insanın gələcəyi bürokratik sürət tələbləri naminə risk altına atılır. Təhsil idarəçiliyi belə strateji mərhələlərdə daha məsuliyyətli və insana yönəlik qərarlar qəbul etməlidir, əks halda ədalətsizlik və çaşqınlıq davam edəcək. Kamran Əsədov, təhsil ekspeti

İranın süqutu Rusiyanın, Rusiyanın süqutu İranın süqutu deməkdir

Rusiyanın təcürbəli mütəxəsisləri İran ətrafında gedən proseslərdən böyük qorxu keçirirlər. Keçmiş diplomat, tarix elmləri doktoru Nikolay Platoşkin açıq şəkildə bəyan edir ki, İran parçalansa növbə Rusiyaya çatacaq. Platoşkin bildirir ki, İran Rusiyanın önündəki sonuncu domino daşıdır. Sonuncu daş da aşsa, Rusiyanın parçalanması qarşısıalınmaz olacaq.  İrandakı rejim minlərlə dinc insanı öldürməyə qadir olduğunu dəfələrlə nümayiş etdirdiyi üçün belə rejimin dağılması üçün daha böyük gücün müdaxiləsinə ehtiyac var. Buna görə də İsrailin İrana hərbi müdaxiləsinin Azərbaycanın həyati əhəmiyyətli maraqlarına uyğun olduğunu bildirirdik. İranı müdafiə etmək isə dolayısı ilə Rusiyanı müdafiə etməkdir.  İran ətrafında isə həlqə daralır. İrana geniş müdaxilə ərəfəsində geniş koalisiyanın formalaşmasının da başa çatmaq üzrə olduğu aydın görünür. İranın süqutu Rusiyanın, Rusiyanın süqutu İranın süqutu deməkdir. Bu iki imperiyanın süqutu isə Böyük Azərbaycanın doğuluşunun təməl şərtidir. Xəqani Cəfərli, politoloq

"Rusiyanın ABŞ və müttəfiqləri qarşısında müqavimət göstərməsi mümkünsüzdür" - ABŞ Dövlət katibi

"ABŞ və Rusiya arasında pərdəarxası danışıqlar gedir..." ABŞ Dövlət katibi Marko Rubio bu həftə Rusiya ilə Ukrayna müharibəsinə dair gizli danışıqların aparıldığını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb. Dövlət katibinin sözlərinə görə, bu görüşlər ABŞ-ın təşəbbüsü ilə baş tutub və məqsəd münaqişəyə dinc həll yolu tapmaq olub. Lakin Vaşinqton bu cəhdlərin nəticə vermədiyini və Rusiya tərəfinin sülhə real maraq göstərmədiyini hesab edir. Rubio bildirib ki, prezident Donald Tramp bu gedişatdan dərin narahatlıq keçirir. "Tramp çox yaxşı telefon danışıqları aparır, hər kəs razılaşır ki, bu müharibə dayandırılmalıdır. Amma sonra o, xəbərləri açır və daha bir şəhərin bombalandığını görür. Və bu şəhərlər bəzən cəbhədən uzaqda yerləşir", - Rubio vurğulayıb. ABŞ-ın təzyiq vasitələri masadadır Dövlət katibinin sözlərinə görə, əgər Rusiya yaxın günlərdə konstruktiv addım atmasa, ABŞ daha sərt tədbirlərə əl atmağa hazırdır. Tramp artıq Rusiyaya 50 günlük ultimatum qoymuşdu, lakin vəziyyət dəyişmədiyindən bu müddət avqustun 8-dək qədər azaldılıb. Bu, ABŞ-ın sülh təşəbbüsünə göstərdiyi son səbr əlamətidir. Rubio əlavə edib ki, Trampın əlində Rusiyaya qarşı bir neçə ciddi təzyiq aləti var. Bunlara Rusiya neftini alan ölkələrə qarşı ikincili sanksiyalar, eləcə də sektor və bank sisteminə yönəlmiş sərt iqtisadi məhdudiyyətlər daxildir. "Biz çalışırıq ki, bu addımlardan qaçaq və savaşsız həll yolunu tapaq. Amma əgər Rusiya tərəfi iradə göstərməzsə, prezident gözləmək niyyətində deyil", - o, xəbərdarlıq edib. Medvedevin nüvə təhdidləri və ABŞ-ın cavabı Bu arada Rusiyanın sabiq  prezidenti Dmitri Medvedevin ABŞ-a qarşı nüvə təhdidləri Vaşinqtonda rəsmi olaraq ciddiyə alınmasa da, diqqətdən də kənarda qalmır. Rubio Medvedevin Kremlin rəsmi mövqeyini təmsil etmədiyini, lakin bu cür açıqlamaların informasiya təxribatı olduğunu bildirib. "Medvedev real qərarverici şəxs deyil. Amma rəsmi vəzifədə olduğu üçün onun sözləri ictimai rəy üçün təhlükə yaradır", - Rubio qeyd edib. ABŞ tərəfi hesab edir ki, Rusiya ilə birbaşa müharibə ehtimalı praktiki olaraq real deyil. Nüvə qüvvələri arasında belə bir qarşıdurmanın bəşəriyyət üçün dağıdıcı nəticələr doğuracağı qeyd olunur. Hətta konvensional, yəni nüvəsiz müharibə ssenarisində belə Rusiyanın ABŞ və onun müttəfiqləri qarşısında müqavimət göstərməsi mümkünsüz sayılır. "Medvedev sözlərinə diqqət etsin!" Dmitri Medvedevin açıqlamaları artıq ABŞ siyasətçilərinin birbaşa reaksiyasına səbəb olub. Trampa yaxın senator Lindsi Qrem ona sərt cavab verdikdən sonra, ABŞ prezidenti özü də açıq şəkildə münasibət bildirib: "Medvedevə deyin, sözlərinə fikir versin. O, çox təhlükəli bir oyuna girişir!" Hazırkı vəziyyət göstərir ki, Vaşinqton sülhə ümidini tam itirməyib, amma bu ümidin son tarixini də müəyyən edib. Bu tarixdən sonra diplomatiya yerini daha sərt strategiyalara verə bilər.

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir. Sozcu.az xəbər verir ki, bu barədə Güntayın valideynləri məlumat yayıb. Onlar 22 apreldə anadan olan övladlarına sənəd verilmədiyi üçün uşağa tibbi xidmətlərn göstərilməsində problem yarandığını bildiriblər. Körpənin ailəsi məsələni hüquqi yollarla davam etdirmək üçün vəkil tutsa da, Parsabad məhkəməsinin üçüncü şöbəsinin hakimi onlara baş hakimin mane olması səbəbindən hökm çıxarmağın mümkün olmadığını deyib və işin başqa şəhərə aparılmasını təklif edib. Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsini bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirir.

Türkiyənin bu ərazisində meşə yanğınları başladı

Türkiyənin Bursa vilayətinin Yenişəhər rayonunda meşə yanğınları başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Qavaqlı məhəlləsinin kənd ərazisindəki meşəlik ərazidə başlayan yanğınla mübarizəyə 2 helikopter, 8 yanğınsöndürən maşın və digər lazımi texnikalar cəlb olunub.

Zelenski elan etdi: Putinlə görüşməyə hazıram

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə münaqişənin həllini müzakirə etmək üçün görüşməyə hazır olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, Zelenski bu barədə özünün Teleqram kanalında yazıb. “Kiyev Donald Trampın müharibəni bitirmək səylərini görür və dəstəkləyir. Əgər Moskvanın bəyanatları ləngitmə taktikası deyil, münaqişəni sona çatdırmaq üçün real niyyətin siqnalıdırsa, biz istənilən vaxt liderlər arasında danışıqlara açıq olduğumuzu təsdiq edirik”, - Zelenski bildirib.

Öskürək, qusma, ishal – Həkim XƏBƏRDARLIQ ETDİ!

“Yay mövsümündə dənizlə təmas uşaqlar üçün həm fiziki, həm də psixoloji baxımdan faydalıdır. Dəniz havası, günəş və hərəkət immun sistemini gücləndirə bilər. Amma son illərdə biz həkimlər olaraq müşahidə edirik ki, dənizdən sonra uşaqlarda müxtəlif infeksion əlamətlər – öskürək, qızdırma, qusma, ishal və qarın ağrısı ilə müraciətlər artmaqdadır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında pediatır, infeksionist Aytən Ziyadova bildirib. Həkim məsələ ilə bağlı bir sıra məqamları diqqətə çatdırıb: “Bu hallar əsasən iki səbəblə bağlı ola bilər: birincisi, çimərlik suyunun və qumun mikrobioloji baxımdan təmiz olmaması; ikincisi isə gigiyena qaydalarına əməl olunmaması. Uşaqlar qumlu əllə ağızlarına, gözlərinə toxunur, dəniz suyunu udurlar və bu, virus, bakteriya və parazitlərin orqanizmə keçməsi üçün şərait yaradır.  Qeyd etməliyəm ki, bu simptomlar sadəcə soyuqdəymə deyil, rotavirus, adenovirus, enterovirus, bəzi hallarda isə bağırsaq parazitləri ilə bağlı ola bilər. İnfeksiya əlamətlərini ciddiyə almaq və vaxtında həkimə müraciət etmək vacibdir”. A.Ziyadova uşaqları dəniz və çimərlik infeksiyalarından qorumaqla bağlı valideynlərə aşağıdakı tövsiyələri verib: “Çox sadə, amma vacib qaydalara riayət etməklə bu riskləri minimuma endirmək mümkündür: Yalnız rəsmi və sanitar nəzarətdən keçmiş çimərliklərə gedilməlidir. Uşaq dənizdən çıxan kimi təmiz su ilə yuyulmalı, islanmış geyim dərhal dəyişdirilməlidir. Qumla oynayan uşaqların əlləri tez-tez yuyulmalı, gigiyena öyrədilməlidir. Yeməklər mütləq ev şəraitində hazırlanmalı, su isə butulkada verilməlidir. Əgər uşaqda halsızlıq, qızdırma, qusma və ya ishal yaranarsa, dərhal pediatr-infeksionistə müraciət edilməlidir – çünki vaxtında müdaxilə daha ciddi fəsadların qarşısını alır”.

Sabah 41 dərəcə isti gözlənilir - HAVA PROQNOZU

Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 36-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacaq.

Türkiyədə mədən çökdü, fəhlələr dağıntı altında qaldı

Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, hadisə zamanı mədəndə fəhlələr olub. Onların xilas edilməsi istiqamətində əməliyyat aparılır. Hadisə yerinə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.

Ukrayna ordusu irəlilədi, bu ərazilər azad edildi

Ukrayna hərbçiləri Zaporojye vilayətinin şərq hissəsi istiqamətində irəliləyərək uğur qazanıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu məlumat yayıb. Məlumata görə, geolokasiya görüntüləri Ukrayna ordusunun bu yaxınlarda Qulyaypolun şimal-şərqində yerləşən Temirovkaya nəzarəti bərpa etdiyini göstərir: “Bundan əlavə, Ukrayna ordusunun Liman istiqamətində, yəni Limanın şərqində, Dibrovanın cənubunda bir neçə irəliləyişi qeydə alınıb. Həmçinin Velikomixaylovka istiqamətində irəliləyiş və Malıyevka üzərində nəzarət bərpa olunub”.

Abşeronda fəhlə faciəvi şəkildə öldü

Abşeronda 48 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən inşası davam edən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Tikinti sahəsində çalışan fəhlə hündür mərtəbədən yıxılaraq həyatını itirib. Meyit müvafiq ekspertiza təyin olunmaqla aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Füzulidə yük maşını evakuatorla toqquşdu

Füzulidə yük maşını evakuatorla toqquşub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndində qeydə alınıb. Belə ki, Aqil Rəhmanlının idarə etdiyi “Howo” markalı yük maşını Şəmistan Abbasovun idarə etdiyi evakuatorla toqquşub. Nəticədə hər iki sürücü - A.Rəhmanlı və Ş.Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır.