Medvedevdən nüvə təhdidi

Rusiya Qərb qoşunlarının Ukraynaya göndərilməsinə Vaşinqton, Paris və Londona nüvə zərbəsi ilə cavab verəcək. Yenipress.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Qoşunlarınızı Ukraniyaya göndərmək ölkələrinizin birbaşa müharibəyə girməsinə gətirib çıxaracaq, biz buna cavab verməliyik. Və təəssüf ki, bu cavab Ukraynada verilməyəcək.  Bu qlobal fəlakət olacaq. Yeri gəlmişkən, Kennedi və Xruşşov bunu 60 ildən əvvəl başa düşə biliblər. Amma Qərbdə hakimiyyəti ələ keçirmiş indiki axmaq uşaqlar sadəcə başa düşmək istəmirlər”, - o bildirib.

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az- a cavab olaraq bildirilib. İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Prezidentdən qərar: Yeni cərimələr müəyyənləşdi

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr müəyyənləşib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Belə ki, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Müsavatda Divan və Məclis sədri seçkilərinin vaxtı bilindi

Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası mayın 18-də saat 11:00-da keçiriləcək. Müsavat Partiyasından verilən məlumata görə, sessiyada Məclisin sədri, katibi və Divan üzvləri seçiləcək. Namizədlərin irəli sürülməsi prosesi mayın 15-i saat 18:00-dək davam edəcək.

Ukrayna rəsmisi Putinin andiçmə mərasimini ələ saldı

Ukrayna rəsmiləri Rusiya prezidentinin andiçmə mərasimini “düşərgə lotusunun növbəti tacqoyma mərasimi” adlandırıblar. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu bənzətməni Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak öz “Telegram” kanalında paylaşıb. Vladimir Putini “klassik aztəhsilli diktator” adlandran Podolyak qeyd edib ki, Rusiya azad ölkə deyil və başqalarının qanına susayan, nifrət, paxıllıq kompleksləri olan tam bir diktatura ilə idarə olunur.

Zelenskiyə qarşı sui-qəsd: Rusiya agentləri ifşa olundular

Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenskinin qətlini planlaşdıran Rusiya Federal Təhlükəsizlik Xidməti agentlərini ifşa edib. Onların arasında Rusiya Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovniki də var. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib. Məlumata görə, Ukrayna əks-kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidməti müstəntiqləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenskini və dövlətin ali hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrinin qətlləri ilə bağlı planlarının qarşısını alıblar. “Agent şəbəkəsi tərəfindən həyata keçirilməli olan plan Dövlət Təhlükəsizlik İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ifşa edilib. Agent şəbəkəsinin tərkibində Rusiya Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovniki də olub ki, Rusiyanın məxfi məlumatlarını “sızdıran” bu polkovniklərin fəaliyyətləri Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvadan idarə olunub”, - deyə məlumatda bildirilib.  Qurumun məlumatına görə, Federal Təhlükəsizlik Xidmətinin kəşfiyyat şəbəkəsinin vəzifələrindən biri Ukrayna prezidentinin təhlükəsizlik əməkdaşlarına yaxın olan hərbçilər arasında Zelenskini girov götürəcək, sonradan da öldürə biləcək icraçıların axtarışı olub. Həmçinin öldürüləcək hədəflər arasında Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər yüksəkrütbəli məmurlar da olublar. Sui-qəsd üçün Ukrayna rəsmilərinin yerləşdiyi hədəflərə dron hücumları və raket zərbələrinin kombinasiyasından istifadə edilməsi nəzərdə tutulubmuş.

“Ermənistan noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”

“İrəvan məlum prinsiplər çərçivəsində noyabra qədər Bakı ilə sülh sazişi imzalamağa hazırdır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. “Mən noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıyam və bunun üçün sazişdə bütün razılaşdırılmış prinsiplər qeyd olunmalıdır”, - Paşinyan deyib.

Azərbaycanda vəzifəli şəxsi həbs olundu - RƏSMİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar açılmış cinayət işi üzrə xəstəxananın vəzifəli şəxsi həbs olunub. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iş üzrə Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxan məhkəmənin qərarı ilə hər iki şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdi. Məhəbbət Abdullayev barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müvafiq qərardan verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmuş və təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilib.

Ucarda 25 yaşlı oğlan faciəvi şəkildə öldü

Ucarda şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ucar rayon prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Electro-İndustries QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da Mingəçevir REŞ MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.

Bakıda məşhur bazar yola görə sökülür? - Rəsmi

Bakıda tixacların aradan qaldırılması üçün Ziya Bünyadov prospektinə paralel olaraq Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyasına qədər çəkiləcək yeni yolun məşhur “Keşlə” bazarının ərazisindən keçəcəyi və buna görə də bazarın söküləcəyi haqda məlumat yayılıb. Bu barədə Axar.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib ki, bu haqda hazırda qəti söz demək çətindir. “Hazırda tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. İndiki mərhələdə tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. Bu işlər yekunlaşandan sonra bu barədə dəqiq söz demək mümkün olacaq”, - A.Nəcəfli qeyd edib.

“Trendyol”dan alış-veriş edən müştərilər artıq xərc çıxdığı üçün “Kapital Bank”dan imtina etməklə çox yaxşı ediblər - AÇIQLAMA

“Trendyol”dan “Kapital Bank” vasitəsilə alış-veriş edən müştərilər hesablarından artıq xərc çıxdığı üçün “Kapital Bank”dan imtina etməklə çox yaxşı ediblər. Qoy cəzalandırılsın. Xüsusən bu cür  kəşbek verən banklar xarici valyuta ilə alışları həddindən artıq pis edirlər. Siz internetdə oturub Mərkəzi Bankın saytı ilə baxıb özünüzdə kalkulyasiya aparırsınız ki, alış nə qədər olacaq. Amma "Kapital Bank” kimi banklar xarici valyutanın kursunu çox pis götürürlər. Bəzən normal kursu 2-3% aşağı götürürlər. Bununla da verdikləri kəşbeki elə müştəridən oradaca tutub geri alırlar. Siz də elə bilirsiniz ki, guya bank sizə kəşbek verir”. Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.  Ekspert bildirib ki, bankların hər birinin mobil tətbiqində xarici valyuta kursları haqqında məlumat verilir: “Bu zaman baxmaq lazımdır ki, sizdən lirəni, yaxud rublu, digər valyutanı neçəyə alacaqlar. Buna diqqət etmək lazımdır. Problem də buradan qaynaqlanır. Kəşbek xərcli prosesdir, çünki bankın öz cibindən gedir. Bu səbəbdən bir az yaxşı kəşbek verən banklar çalışırlar ki, hansısa formada onu müştəridən geri alsınlar. Çarpaz satışlar, kredit satışlar və s. ilə valyuta satışını baha etməklə kəşbekləri geri alırlar. Müştərilər “Kapital”dan çıxmaqla düzgün addım atırlar. Bunu müsbət qiymətləndirirəm ki, insanlar artıq rasional xərclərini, gəlirlərini hesablayırlar. Hansı bank sərfəlidirsə, vətəndaşlar onunla işləməlidirlər”. 

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 9-u gündüzədək davam edəcək.  Sozcu.az xəbər verir ki, bu abərədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosu məlumat yayıb.  “Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında mayın 8-i gündüzədək arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi bu gün gündüz saatlarına qədər tədricən mülayimləşəcək. Bölgələrdə də yağıntıların 9-u gündüz saatlarına qədər tədricən kəsiləcəyi gözlənilir”, - məlumatda qeyd edilib.  Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu bu gün gündüz saatlarında 13-16, aran rayonlarında 15-20, dağlıq rayonlarında isə 6-11 dərəcə isti olacaq. 

32 yaşlı qadın dəm qazından boğularaq öldü

Qusarda 32 yaşlı qadın dəm qazından boğularaq ölüb.  Sozcu.az xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Sevda Bədəlova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.  Araşdırma aparılır. 

DƏHŞƏT! Azərbaycanda iki məktəbli dalaşdı, biri öldü

Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticlənib. Sozcu.az xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.  Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumuruqla xəsarət yetirib.  Xəsarət alan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.  Faktla bağlı araşdırma aparılır.(Trend.az) 

İndi Müsavatın və gənclərin qayğısına qalan oldunuz?

Müsavat Partiyasının son qurultayı ətrafında müzakirələr və münasibətlər kifayət qədərdir. Hələ də davam edir. Təbiidir, gözlənilən idi. Müsavat Gənclər Təşkilatında olan seçkilər belə cəmiyyətdə bütün partiyaların sədr seçkilərindən daha ciddi və kütləvi müzakirə olunduğunu bildiyimiz halda, partiya başqanı seçkilərinin hansı səviyyədə müzakirə ediləcəyini hesablamaq elə də çətin deyildi. Ağlı başında olan, nəyin doğru, nəyin səhv olduğunu bilən səmimi insanlar İsa Qəmbərin yenidən Müsavat başqanı seçilməsini bəyənir, alqışlayır, təbrik edir, doğru hesab edirlər. Onların da sayı kifayət qədərdir. Az sayda insan da var, hansılar ki, Müsavat Partiyasına və İsa Qəmbərə qarşı kampaniyalarını hər zaman aparıblar. Onlar bu istiqqmətdə bir növ ixtisaslaşıblar, öz peşələrinə sadiqlik göstərib yersiz böhtan xarakterli kampaniyalarını aparırlar. Bu qara kampaniyanı aparanlar həm də mənim və Fərəc Kərimlinin üzərindən Müsavata, İsa Qəmbərə hücum edirlər deyə, hər birinə ayrı-ayrılıqda cavab verməkdənsə, hamısına bu yazıyla cavab verməyi lazım və doğru hesab etdim. Əslində bu cavabın da onları qane etməyəcəyini bilirəm.  Onların əksəriyyətinin gözünü qərəz və kin o dərəcədə tutub ki, nə cavab versək dayanmayacaq, durmayacaqlar. Yalan deyilirsə, həqiqət də mütləq deyilməlidir. İzləyənlər və obyektiv düşünənlər üçün. Bu yazı əsasən az sayda səmimi tənqidçilər və onlar kimi düşünən oxucular üçündür. Qərəzli olanlar kimlərdir, onları necə müəyyən edə bilərik? 10 ildir Müsavat Partiyasının rəhbərliyində ən yüksək səviyyədə gənclər olaraq təmsil olunuruq. Bu illər ərzində indi “gənclərə yol verilmir”, “irəli çəkilmir” deyənlərdən hər hansı birini göstərə bilərsizmi biz gəncləri dəstəkləyən, təbliğ edən, çıxışlarımızı paylaşan, bizi gənc siyasətçilər olaraq efirlərinə dəvət edən, gördüyümüz işləri qabardan, paylaşan bir fəaliyyətləri olsun? Tam əksinə! Faktlarla da deyə bilərəm ki, həmin şəxslərin önündə gedənlər bizə qarşı ən çirkin kampaniyalar aparıb, haqqımızda olmayanları danışıb, bizi də gözdən salmaqla məşğul olub. Bizə nifrət etdiklərini açıq etiraf edənlər olub. Hətta, “İsa Qəmbəri yalnız ona görə bəyənmirəm ki, Müsavatın rəhbərliyinə mənim xoşum gəlməyən insanların gəlməsinə şərait yaratdı” deyənlər olub. Müsavat Partiyasına hər hansı mövzuda müsahibə üçün, efir üçün müraciət ediləndə partiya başqanı Arif Hacılı səviyyəsində dəfələrlə onlara məni və digər dostlarımıza müraciət etmək məsləhət edilsə də, “gənc siyasətçiləri efirə dəvət edin” deyilsə də hər dəfə müxtəlif bəhanələrlə onlar bu təkliflərdən boyun qaçırıblar. “Ad çək” deyən olmasın deyə qərəzlilərindən və öndə gedənlərindən birinin adını çəkim. Sevinc Osmanqızı. Bir neçə dəfə bu kimi təkliflərdən müxtəlif bəhanələrlə imtina edib. Hətta bir dəfə təxminən belə bir cavab verdiyini xatırlayıram ki, biz yeni siyasətçilərlə deyil, tanınmışlarla müsahibələr edirik. Başqa bir faktı deyim, mitinqlərin birində obyektiv müşahidəçilərin etiraflarına görə ən parlaq çıxış edən biri olaraq mənim çıxışım video yazılardan kəsilərək müxtəlif xaricdə və daxildə fəaliyyət göstərən internet tv-lərin efirlərindən nümayiş edilmişdi. Son parlament seçkilərində ölkə üzrə ən parlaq seçki kampaniyası aparan gənc namizədlərdən biri olsam da  o mövzuda mənimlə bağlı bir cümlə səsləndirməyənlər indi güya məni və Müsavatı çox sevən oldular? Nə dəyişdi? Digərləri də gənclərə təxminən oxşar münasibət göstərib. İndi güya gəncləri düşünən, vacib hesab edən, dəstəkləyən, sevən olublar. Başqa partiyalara qarşı niyə belə münasibət yoxdur, onlarda gənclərə niyə yol verilmir deyib kampaniya aparılmır onu da bilirik. Sədr postuna da deyil, ikinci partiya vəzifəsinə, Ali Məclis sədrliyinə seçkilərdə yaşlı və heç populiyar olmayan yaşlı siyasətçiyə, nisbətən tanınan gənc siyasətçinin uduzdurulduğu partiyada da bəzi üzvlər sən demə Müsavatda gəncləri dəstəkləyirmiş, biz bilməmişik. Həmin zaman o partiyaya qarşı “gənclərə niyə yol vermirsiz?” deyə kiminsə yazdığına da rast gəlmədik. Daha hədsiz kin və nifrətlə bəslənən, həyatlarını intiriqalarla, ona buna söz atmaqla sürənlərə, onlar Müsavat və ya İsa Qəmbər əlehinə 1 gün yazmayanda təəccüblənən gənclər onların adını tağ etməklə bizə söz atıb statuslarda ələ saldıqlarına, ələ salındıqlarını başa belə düşməyənlərə cavab verməyi ümumiyyətlə lazım bilmirəm. Səmimi olaraq gəncləşmə, yenilənmə istəyənlərə tam səmimi olaraq deyirəm bizə partiya başqanı olmaq üçün ən yüksək səviyyədə təkliflər edilib, şəxsən İsa bəy də belə bir təklifi tam ciddi şəkildə şəxsi söhbətlərdə, daxili müzakirələrdə və ictimai qaydada efirlərdən səsləndirib. Bilməyinizi istəyirəm ki, İsa Qəmbərin yenidən Müsavat başqanı olması təklifi ilk dəfə potensial ən gənc namizədlər, bizlər tərəfindən səsləndirilib və dəstəklənib. Eləcə də mümkün namizədlər tərəfindən bu təklif birmənalı dəstəklənib, ən doğru hesab edilib. Müsavat Partiyasının başqanlığına mən niyə namizəd olmadım? Cavabım qısa və konkretdir. Mən düşünmürəm ki, indiki çətin və mürəkkəb dövrdə mən İsa Qəmbər qədər Azərbaycan cəmiyyəti və Müsavat Partiyası üçün faydalı ola bilərdim. Sizi əmin edirəm, əgər mən və ya başqa bir gənc dostumiz Müsavat başqanlığına namizəd olsaydı, seçilsəydi İsa Qəmbərə hücum edənlər daxil olmaqla 10 dəfə çox insan indi bizim əleyhimizə döşəyirdi. Gələk sona, bir partiyanın rəhbərini həmin partiyanın üzvləri, qurultay nümayəndələri seçir. Demokratiya istəyirik deyənlərin tam demokratik seçkinin nəticələrini dartışması məncə səmimi deyil. Müsavat Partiyasının gəncləşməsini, yenilənməsini istəyən səmimi insanlara burdan müraciət edirəm, gəlin qoşulun sıralarımıza, uğurlu bildiyiniz başqa gəncləri, xanımları da dəvət edək sıralarımıza 4 il sonra qurultay nümayəndəsi seçilin, gənclərdən birinin və ya özünüzün namizədliyinizi verin təbliğat aparın dəyişiklik edin. İndi isə bu çətin mərhələdə ən doğru seçim İsa Qəmbər idi, biz də onu seçdik. Hər kəsə sevgi və hörmətlə. Səxavət Soltanlı

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir.

Xəzərdə dalğanın hündürlüyü 3 metri ötdü

Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Aytən Ələkbərova dəhşətli faktlar açıqladı: “Onlar boşanmış qadınları yoldan çıxarırlar”

Son vaxtlar sosial şəbəkələrdə bəzi psixoloqların boşanmış və ya boşanmaq istəyən qadınlara tamamilə yanlış yol göstərdiyi ilə bağlı iddialar səslənir. Onlar psixoloqların qadınları səhv addım atmağa sövq etdiyini bildirirlər.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bu cür psixoloqların kifayət qədər çox olduğunu bildirib:  “Son dövrlər boşanmaların sayının artması ilə qeyri-peşəkar “psixoloqlar” da artıb, mən onları psixoloq belə adlandıra bilmirəm, onlar sadəcə danışmaqla insanları yanlış yola aparırlar. Bu da ondan irəli gəlir ki, həmin şəxsin özünün əxlaqı keyfiyyətləri formalaşmayıb.  Boşanmaq niyyəti olan xanımın müraciətində öncə onun psixi xüsusiyyətini müəyyən edirik, biz onun psixi xüsusiyyətinə görə, onu narahat edə biləcək problemi tapıb önyarğıya çəkirik”.  A.Ələkbərova bildirib ki, öncə pasiyentin psixi durumuna baxılmalı, daha sonra ona düzgün yol göstərilməlidir. Onun sözlərinə görə, 85 faiz hallarda boşanmaq istəyən pasiyentlərini bu fikirdən döndərə bilir:  “Bu gün 3 uşağı olan qadın boşanmaq qərarına gəlirsə, əvvəlcə bilmək lazımdır ki, problem nədir. Əgər səni yoldaşının kobud rəftarı narahat edirsə, nəzərə almalısan ki, sabah boşansan 3 uşağı damın altında qoyub gedib haradasa çalışmalısan ki, o uşaqlara baxa biləsən. Hansı daha çətindir? Biz gələn insana bu sualı veririk.  Bu sualları verdikdən, qarşımızdakı şəxsin psixoloji temperamentini öyrəndikdən sonra ona yardım edirik. 26 ildir ki, bu peşədəyəm. Yanıma boşanma ilə bağlı gələn pasiyentlərin 85 faizinə ailəni möhkəmləndirməyi məsləhət görmüşəm. Ailədə qalıb bir-birinizi tanıdıqca, bir-birinizin psixi xüsusiyyətlərinə alışdıqca, ortada yaranan konfliktləri dərk edərək qəbul etdikdə boşanma ehtiyacı azalır. Yanıma gələn pasiyentlər bunu anladıqca, boşanmadan vaz keçirlər. 85 faiz hallarda bu, belə olur. Digər 15 faiz isə vaz keçmir, çünki buna ciddi səbəblər olur: ya o şəxsiyyət pozuntusundan əziyyət çəkən birinin yanındadır və ya həyat yoldaşı narsist, narkoman, iqraman, kliptoman biridir. Bu kimi hallarda həmin şəxsin yanında qalıb sabah hansısa faciənin baş verməyini gözləmək lazım deyil. Belə situasiyalarda artıq çıxış yolu yoxdur və boşanma mütləqdir. Amma sıradan səbəblərdən ötrü buna gərək yoxdur.  Bəzən elə qadınlar gəlir ki, deyir sizdən əvvəl başqa psixoloqda oldum, dedi ki, ailəni dağıtma, amma sənin də yaşamağa haqqın var. Baxın, öz əxlaqını formalaşdıra bilməyən biri, sabah övladlarına necə tərbiyə verəcək”. 

Nağd 100, ipoteka ilə 200 min – Azərbaycanda dodaquçuqladan faizlər

Ölkədə ipoteka ilə mənzil almaq, sözün əsl mənasında müşkülə çevirilib. İpoteka ödənişlərinin və faizlərin yüksək olması əksər vətəndaşlar üçün çıxılmaz vəziyyət yaradır. Kredit müddəti uzandıqda isə, ödəniləcək məbləğin dəyəri faizlərlə birlikdə alınan mənzilin ümumi dəyərindən minimum 2 dəfə daha baha olur. 100 min manat civarında olan mənzilin ipoteka ilə qiyməti təxminən 200 manata başa gəlir.  Bəs buna səbəb nədir?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu digər ölkələrlə müqayisədə Azərbaycanda ipoteka faizlərinin xeyli yüksək olması ilə bağlıdır:  “Bu məsələyə 2 aspektdən baxmaq lazımdır. Birincisi, Azərbaycanda ipoteka faizlərinin yüksək olması məsələsidir. Ölkəmizdə ipoteka faizləri olduqca yüksəkdir. Biz alternativ bazarlarla müqayisə etsək, dünya ortalaması təxminən 2.62 faizdir. Bu Avropa ölkələrində 2, 2.5 faiz, ABŞ-da isə 3 faiz ətrafında olur. Azərbaycanda isə ipoteka faizləri Avropa və ABŞ-dan olduqca yüksəkdir. Bunun səbəbi vəsaitin xərci məsələsidir. Çünki İpoteka Fonduna yalnız güşətli ipotekanın verilməsi məqsədi ilə vəsait ayrılır və bu maksimum 4 faizlə olur. Adi ipoteka üçün isə vəsait bazardan cəlb edilməlidir. Cəlb edilən vəsaitin isə xərci vardır. Bu gün ölkədə uçot faiz dərəcəsi 7.25 faizdir. Hansı ki bəzi ölkələrdə bu rəqəm  0, 0.5 faiz ətrafında dəyişir. Belə olduğu təqdirdə daha aşağı xərclə vəsait cəlb etmək olur. Amma Azərbaycanda mövcud maliyyə mənbələrinin imkanlarını nəzərə alsaq, İpoteka Fondu bu vəsaiti cəlb edəndə daha yüksək faizlərlə cəlb etmiş olur. Burada xərclər onun üzərinə əlavə edilir”.  Ekspert qeyd edib ki, ipoteka kreditinin müddətinin uzanması pulun öz dəyərini itirməsi ilə nəticələnir: “Bildiyiniz kimi, burada prosesi icra edən tərəf banklardır. Banklar uzunmüddətli dövrdə məsuliyyəti tam üzərinə götürür. Çünki bizdəki dövlət ipoteka mexanizminə görə, məsuliyyət və ipotekanın gələcəyi tam olaraq bank sektoruna transformasiya olunur. Bank sektoru risklərə görə məsuliyyət daşıyır. Bu məsuliyyətin qarşılığında təbii ki, bank da 3-4 faizli marjasını ipotekanın üzərinə əlavə edir. Pul uzunmüddətli dövrdə öz dəyərini itirir. Biz mənzil alarkən vətəndaşın 2 dəfə daha artıq pul ödədiyini deyirik, amma 25-30 il ərzində həmin vəsaitlər olduqca dəyərsizləşir. Belə olduqda vətəndaşın 120 min manata aldığı mənzil 30 il sonra 250-300 min manat olur. Bununla bağlı hansısa addımlar atmaq olar. Bu barədə resurslar araşdırılmalıdır. Faizlərin aşağı düşməsi üçün dövlət hesabına olan təminata daha çox üstünlük verilməlidir”. 

Bakıda güclü külək əsəcək, intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Qeyd olunub ki, mayın 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 7-si axşam yağıntıda fasilə olacaq.

Ukrayna Rusiyaya zərbə endirdi: 6 ölü, 35 yaralı

10:18 Rusiyanın Belqorod vilayətinə növbəti PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna PUA-sı Borisovsk rayonunda “Aqro-Belqorye” şirkətlər qrupuna məxsus maşına çırpılıb. Nəticədə 33 nəfər yaralanıb, 6 nəfər ölüb. *** Belqorod vilayətinin qubernatoru Vyaçşeslav Qladkov yaralıların sayının 35-ə çatdığını bildirib: “Şirkət işçilərini aparan iki “Qazel” və minik avtomobili Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Hadisə Borisovsk rayonunun Berezovka kəndi yaxınlığında baş verib. Təəssüf ki, partlayış nəticəsində 6 nəfər aldığı xəsarətlərdən yerindəcə ölüb”.

Ceyhun Bayramov-Ararat Mirzoyan görüşünün yeri və vaxtı açıqlandı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Sozcu.az xəbər verir ki bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə görüş mayın 10-da Almatıda baş tutacaq.

“Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı

Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Şevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub. DİN-dən Sozcu.az-a verilən məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI

Suraxanıda əri tərəfindən dəfələrlə bıçaqlanan həkim Arzu Balabəyovanın vəziyyəti açıqlanıb. Bu barədə “Qafqazinfo”ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Bildirilib ki, mayın 4-ü saat 22:10 radələrində 1973-cü il təvəllüdlü şəxs (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. O, qarının ön divarının, döş qəfəsinin sol yarısının ön divarının, sol çiyin nayihəsinin və sağ budun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Qaraciyər, mədə yaralarının və kəsilmiş-deşilmiş yaraların birincili cərrahi işlənməsi və tikilməsi əməliyyatı icra edilib. Xəstənin müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir. Qeyd edək ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü A. Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. 1970-ci il təvəllüdlü Fikrət Balabəyov ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Hadisədə şübhəli bilinən F. Balabəyov polis tərəfindən saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən faktla bağlı araşdırma aparılır. A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.