Rusiyanın itkiləri 750 mini ötdü

Ukrayna müharibənin 1017-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 750 610 hərbçi, 9 514 ədəd tank, 19 518 ədəd zirehli döyüş maşını, 21 043 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1020 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 899 ədəd avtomobil texnikası, 20 023 ədəd PUA, 2 855 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 633 xüsusi avadanlıq itirib.

İsrail Hizbullahın Suriya sərhədindəki anbarlarını vurdu

İsrail aviasiyası Suriyanın Livanla sərhədində Hizbullahın silah anbarları və silah qaçaqmalçılığı marşrutlarına zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədindəki nəzarət-buraxılış məntəqələri yaxınlığında yerləşən silah qaçaqmalçılığı yollarına və terrorçuların infrastrukturuna zərbələr endirib. Bu marşrutlar Hizbullah tərəfindən silahların saxlanması və qaçaqmalçılığı üçün istifadə olunurdu”, - məlumatda qeyd olunub.

"Kurtlar vadisi"nin aktyoru finala hazırlaşan serialda

TRT1 kanalında yayımlanan "Kara ağaç destanı" serialının final tarixi ilə bağlı qərar dəyişməyib. Sozcu.az xəbər verir ki, ekran işinin reytinqlərə görə 32-ci bölümdə izləyicilərinə vida edəcəyi təxmin edilsə də, serialın 30-cu bölümdə final edəcəyi dəqiqləşib. Bundan əlavə, "Kurtlar vadisi" serialındakı "Hikmət" obrazı ilə məşhurluq qazanan Erdem Ergüney də final bölümündə layihədə rol alacaq. Qeyd edək ki, serialın baş rolunu Olqun Şimşeklə Emre Kıvılcım paylaşır.

Çalhanoğlu zirvədə

"İnter"in futbolçusu Hakan Çalhanoğlu komandada noyabr ayının ən yaxşı futbolçusu seçilib.  Sozcu.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı türkiyəli yarımmüdafiəçi azarkeşlərinin səsverməsi ilə sorğuda qalib olub. Klubun etdiyi açıqlamada bildirilir: "Arsenal" və "Napoli" ilə matçlarda parlayan Hakan Çalhanoğlu üçün çox yaxşı bir ay keçdi. "San Siro"da "Arsenal" qarşı matçda həlledici qolu vurdu. "Napoli" ilə görüşdə isə uzaqdan vurduğu qol onun şah əsəri oldu". Qeyd edək ki, Hakan Çalhanoğlu noyabrda "İnter"in heyətində 4 oyuna çıxaraq 2 qol vurub. O, zədə səbəbindən ötən ay İtaliya A Seriyasında "Verona"ya qarşı oyunu buraxmalı olub. 

Sabirabadda ağır qəza: ölən var

Sabirabad şəhərində avtomobil piyadanı vurub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Saatlı sakini Elşad Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Sabirabad sakini, 1974-cü il təvəllüdlü Zaur Adil oğlu Səfərovu vurub. Ağır xəsarətlər alan piyada Sabirabad xəstəxanasında ölüb. Faktla bağlı araşdırma aparılır.

Bayramov isveçli həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenergard ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədəki rəsmi hesabında məlumat yayıb. Nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. C.Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.

Həbsdə olan polkovnik-leytenantın cəzası 3 il artırıldı

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başladılan cinayət işi üzrə məsuliyyətə cəlb olunan Müdafiə Nazirliyi Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun barəsində verilən hökmdən apellyasiya protesti və şikayətləri üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib. Mahir Şirvanovun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla onun cəzası 6 ilə qədər artırılıb. Mahir Şirvanovun vəkili tərəfindən verilən apellyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, bu il sentyabrın 9-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3 il müddətinə azadlıqdan mərhum edilib. Xatırladaq ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Makron onun istefasını qəbul etdi

Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnierin hökumətin istefası tələbini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Mirzoyan Fidan və Blinkenlə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Valettada (Malta) türkiyəli həmkarı Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qısa görüşlər ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində keçirilib. A.Mirzоyanın türkiyəli həmkarı və Blinken ilə apardığı müzakirələrin mövzuları açıqlanmayıb. Məlumatda qeyd olunub ki, Mirzoyan, həmçinin Almaniya, Avstriya, Lüksemburq, Ukrayna, Niderland və Andorranın XİN başçıları ilə də görüşüb.

Partlayış zamanı evsiz qalan sakinlərə ev veriləcək?

Xəbər verdiyimiz kimi, dekabrın 3-də Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş qəza ilə əlaqədar müvafiq orqanlar tərəfindən binaya yoxlama aparılıb. Sozcu.az-ın Milli.az-a istinadən məlumatına görə, bu haqda Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məlumat verib. "Mütəxəssislərin rəyinə əsasən, müvafiq qərar veriləcək. Qərar alındıqdan sonra, əgər zərurət yaranarsa, ailələrin müraciətləri əsasında onlara müvəqqəti yaşayış yeri təmin ediləcək", - o qeyd edib. Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hizbullah Suriyada döyüşə girdi

Hizbullah döyüşçüləri və İraqdakı iranyönlü şiə silahlı birləşmələri müxalif siyasətçilərə qarşı müdafiə əməliyyatları keçirmək üçün Suriya hökumət qüvvələrinə qoşulublar. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” Hizbullah və İraq silahlı qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb. Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” Həmas və İdlibi ələ keçirdikdən sonra Həmaya hücum edib. Hazırda döyüşlərin Həmanın girişində davam etdiyi bildirilir.

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

İranın cənub-qərbində, Xuzistan əyalətinin Heftgel və Məscid əl-Süleyman şəhərlərində ardıcıl zəlzələlər baş verib. Sozcu.az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, Xuzistan əyalətinin Heftgel şəhərində 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 07.32-də yerin 10 kilometr dərinliyində baş verib. Yerli vaxtla saat 07.53-də isə Xuzistanın Məscid əl-Süleyman şəhərində 4,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ bölgələrinə 6 qiymətləndirmə qrupu göndərilib. Hadisələr nəticəsində 20-dək adamın xəsarət aldığı bildirilir.

Bu dərmanları satanlar 11 min manatadək cərimələnəcək

Yararlılıq müddəti bitmiş dərmanların satışına görə cərimələr artırılır. Sozcu.az-ın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir. Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər doqquz min manatdan on bir min manatadək məbləğdə cərimə ediləcək.

Bitkoin tarixdə ilk dəfə 100 min dolları ötdü

Bitkoinin məzənnəsi rekordunu yeniləyərək tarixdə ilk dəfə 100 min dollar həddini keçib. Sozcu.az xəbər verir ki, günün əvvəlində bitkoinin dəyəri yüksək sıçrayışla 103 min 387 dollara çatıb. Hazırda “Binans” platformasında kriptovalyutanın qiyməti 101 min dollar ətrafında sabitləşib. Analitiklərin fikrincə, bu, kriptovalyuta bazarının inkişafında yeni mərhələ açır.

Rusiyanın itkiləri 748 mini ötdü

Ukrayna müharibənin 1016-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 748 950 hərbçi, 9 506 ədəd tank, 19 472 ədəd zirehli döyüş maşını, 21 023 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1020 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 843 ədəd avtomobil texnikası, 19 977 ədəd PUA, 2 855 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 630 xüsusi avadanlıq itirib.

Blinken Tiflisi hədələdi: Tədbir görəcəyik!

ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstan hakimiyyətini AB-yə üzvlük danışıqlarının dayandırılmasına etiraz edən nümayişçilərə qarşı zorakılığa görə pisləyib və Tiflisi daha sərt sanksiyalarla hədələyib. Sozcu.az xəbər verir ki, bu barədə Entoni Blinkenin yaydığı bəyanatda bildirilib. “Birləşmiş Ştatlar Gürcü Arzusu Partiyasının Gürcüstan vətəndaşlarına, etirazçılara, media nümayəndələrinə və müxalifət xadimlərinə qarşı amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir. Dinc toplaşmaq və söz azadlığı hüquqlarından istifadə etdiyi üçün saxlanılan şəxslər dərhal azad edilməli, qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyan məmurlar tam məsuliyyətə cəlb edilməlidir”, - Blinken vurğulayıb. Blinken rəsmi Vaşinqtonun Gürcüstan xalqı ilə həmrəy olduğunu da vurğulayıb: “Birləşmiş Ştatlar əvvəllər elan etdiyimiz ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, əlavə sanksiyalar da daxil olmaqla, ixtiyarımızda olan vasitələrdən istifadə etməyə hazırlaşır”. Qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti Tiflisin AB-yə üzvlük danışıqlarını təxirə salmaq qərarına və etirazçılara qarşı güc tətbiqinə görə ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını açıqlamışdı.

Nərgiz Məhəmmədi tibbi məzuniyyətə buraxıldı

İranın tanınmış ictimai xadimi, həbsdə olan hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi 190 min dollar məbləğindəki girov qarşılığında səhhəti ilə əlaqədar tibbi məzuniyyətə buraxılıb. Sozcu.az “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədinin vəkili Mustafa Nili bildirib. Vəkilin sözlərinə görə, məhbus bu yaxınlarda cərrahiyyə əməliyyatı olunub. Xatırladaq ki, 52 yaşlı N.Məhəmmədi son 20 ildə dəfələrlə həbs edilib və sonra azadlığa buraxılıb. O, hazırda "İran əleyhinə təbliğat aparmaqda” ittiham olunaraq bir il müddətinə azadlıqdan məhrum edilib.

Sulu qəlyanın quru ölümü - Həkim AÇIQLADI

Qəlyan son illərdə gənclər arasında populyarlığı artan bir vərdişdir. "Bir dəfə ilə heç nə olmaz" deyərək sulu qəlyan çəkənlər sonradan vərdişkar və aludəçi hala gəlirlər. Əsasən, gənclərin zərərsiz hesab etdiyi sulu qəlyan isə zənn edildiyindən də artıq ziyanlıdır. Cəmi bir dəfə çəkilən qəlyan orqanizmin bir aylıq immunitetini məhv edir. Ən təhlükəlisi isə qəlyandan əvvəl və ya sonra spirtli içki qəbul etməkdir. Bu, orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən də çox nikotin var... Əvvəllər siqaret çəkməyə alternativ kimi təqdim edilən qəlyan bir çoxları tərəfindən daha az zərərli olduğu düşünülərək istifadə edilir. Lakin qəlyanın sağlamlıq üzərindəki təsirləri heç də gözlənildiyi kimi deyil. Bir çox insan qəlyan çəkməyin siqaretdən daha az zərərli olduğuna inanır, amma bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər. Qəlyanın tərkibindəki zəhərli maddələr və uzun müddətli istifadəsi bədənin müxtəlif hissələrində ağır fəsadlar yarada bilər.  Bəs qəlyanin nə kimi zərərləri var? Məsələ ilə bağlı Milli.Az-a həkim Sərxan Musayev açıqlama verərək bildirib ki, qəlyan çəkmək tütünün su vasitəsilə keçməsi səbəbindən bir çox insan tərəfindən zərərli maddələrdən təmizlənmiş kimi qəbul edilir. Lakin bu, tamamilə səhv bir fikirdir. "Su yalnız zərərli maddələrin bir hissəsini süzüb təmizləsə də əsas zəhərli maddələr hələ də qalır və bu maddələr çəkmə zamanı orqanizmə daxil olur. Qəlyan çəkərkən tütün ağ ciyərlərə daha dərin şəkildə daxil olur və bununla da tütünün yaratdığı zərərlər artır. Həmçinin, qəlyan çəkmək üçün istifadə olunan bir dəfəlik musluklar da infeksiyalardan qorunma təmin etmir. Çünki bakteriyalar tütünün qoruyucu qatında və su qabında qalır. Qəlyanın qızdırılması üçün istifadə olunan kömürdən ayrılan zəhərli qazlar, tütün vasitəsilə ağ ciyərlərə daxil olur. Nəticədə qəlyan çəkmək dad hissiyatının pozulmasına, ağ ciyər və qalxan bədən xərçənginə, astmadan əziyyət çəkməyə, davamlı baş ağrılarına, yanaq əzələlərinin deformasiyasına, spermatozoid keyfiyyətinin pisləşməsinə və bədəndə bir çox bakteriyanın toplanmasına səbəb ola bilər. Buna görə də qəlyan müntəzəm olaraq istifadə edildikdə ciddi sağlamlıq problemlərinə yol aça bilər".

Sayı günü-gündən artan piyada ölümləri: insanları necə xilas etməli?

Son vaxtlar ölkədə piyadavurma hadisələrinin sayı artıb. Elə bu gün Dövlət Yol Polisi də bununla bağlı əhaliyə müraciət edib. Bildirilib ki, piyadavurma hadisələrinin sayının artmasının əsas səbəbi hava şəraiti və yolların sürüşkən olmasıyla bağlıdır. Təkcə son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb. Ancaq piyada ölümləri yalnız hava şəraiti ilə bağlı deyil. Burada sürücü və piyadaların yol hərəkəti qaydalarına əməl etməmələri, eləcə də digər amillər ciddi rol oynayır . Bəs, piyada ölümlərinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakupost.az -a açıqlamasında bildirib ki, piyada ölümlərinin qarşısını almaq üçün müasir yanaşmalar tətbiq olunmalıdır: "Qəzalar dünyanın hər yerində baş verir. Səbəblər müxtəlif ola bilər, amma ayrı-ayrı ölkələrin bu məsələyə yanaşması fərqlidir. Vision Zero konsepsiyası mövcuddur - ölüm hallarına sıfır dözümlülük siyasəti. Yəni qəza qaçılmazdır, lakin qəzanın nəticəsi olaraq insanlar yollarda ölməməlidir. Bunun üçün Azərbaycanda görülən işlərin davamı gəlməlidir. Məsələn, sürəti azaldan qərarlar qəbul edilib, nişanlar qoyulub, cərimə balları artırılıb və ya yağışlı havada sürətin azaldılmasının vacibliyi tablolarda əks olunub. Lakin fiziki olaraq sürətli sürməmək üçün yetərincə tədbirlər görülməyib”. Ekspert qeyd edib ki, piyada keçidlərinin təhlükəsizliyi artırılmalı, şəhər daxilində zolaqların enləri daraldılmalıdır: “Şəhər daxilindəki küçələrdə zolaqlar daha genişdir. Zolaqların ensizləşdirilməsi əməliyyatı aparılmalıdır. Bəzi prospektlərdə bunu görmək mümkündür. Məsələn, 8 Noyabr prospektində bu addım atılıb, amma bütün şəhərdə həyata keçirilməlidir. Zolaqlar ensizləşdirildikdə kanallaşma təmin edilir, yəni sürücülərin yanlış manevr etməsi mümkünsüz olur. İki zolaqdan artıq olan prospektlərdə, eyni səviyyəli piyada keçidlərində təhlükəsizlik adacıqları qurulmalıdır. Piyada küçəni tam keçə bilməsə belə, həmin adacıqlarda özünü təhlükəsiz hiss edir və avtomobilin keçməsini gözləyir. Bu adacıqlar olmadıqda, sürücülər sürəti artırır və piyadaların yanlış hərəkət etməsi ilə qəzalar qaçılmaz olur. Bundan əlavə, piyada keçidlərinin işıqlandırılmasına diqqət yetirilməli və işıqforlarla nizamlanan keçidlərin sayı artırılmalıdır. Bu tədbirlər həyata keçirildikdə, qəzalarda yalnız maddi ziyan və yüngül xəsarətlər ola bilər". Ekspert qeyd edib ki, qəzalar bir halda insan həyatına son qoya bilər, digərində isə zərər yalnız qırıq və ya zədə ilə məhdudlaşa bilər: "Əsas məqsəd insan həyatını qorumaqdır. Küçələri sakitləşdirən elementlərin sayını artırmaq və həssas insanların hərəkət etdiyi ərazilərdə fərqli həllərə üstünlük vermək lazımdır. Dünyada belə həllər tətbiq olunur. Məsələn, bağçalar, məktəblər və xəstəxanaların önündə süni maneələr qoyulur ki, buna "Berlin yastığı" deyilir. Riskləri azaldan həllərə gəldikdə, sürəti sakitləşdirən elementlər və qəzanın nəticəsini yüngülləşdirən tədbirlər iki hissədə nəzərdən keçirilməlidir. İnsan faktoru burada mühüm rol oynayır: sürücünün peşəkarlığı, avtomobilin texniki vəziyyəti və hava şəraiti qəza səbəbləri ola bilər. Amma əsas məqsəd nəticədə insanın həyatını itirməməsidir. Bir şeyi də qeyd edim ki, sadaladığım elementlər Bakı şəhərində var, amma nöqtəvidir. Məsələn, Həsən Əliyev küçəsində Kral şadlıq evinin yanında və Ağa Nemətulla küçəsində təhlükəsizlik adacıqları qurulub. Ağ Şəhər layihəsi çərçivəsində də müasir elementlər tətbiq olunub. Məhəllə girişləri səki səviyyəsinə qaldırılıb ki, bu da sürücüləri sürəti azaltmağa məcbur edir" Rauf Ağamirzəyev həmçinin, Bakı şəhərində mövcud piyada infrastrukturundakı problemləri də dilə gətirib: “Əgər biz hər hansı vərdişlərdən danışırıqsa, çox təəssüflər olsun ki, bizim piyada infrastrukturumuz bərbbaddır. Səki və keçidlərdə çoxlu maneələr -ağaclar, nişanlar, işıq dirəkləri və dükanların pilləkənləri kimi əngəllər mövcuddur. Konkret zəbt hallar var ki, bu da piyadaları yolun hərəkət hissəsinə çıxmağa məcbur edir və yanlış vərdişlər formalaşdırır. Biz ilk olaraq, səkiləri azad və abad etməliyik". Ekspert vurğulayıb ki, cərimələrin tətbiqində boşluqlar var: "Səkilər azad edilməli və qayadalar sərtləşdirilməlidir. Son statistikalara görə, taksilərlə hərəkət edənlərin müəyyən faizi avtobus və metroya keçib, lakin bunun əsas önəmli faizi piyadalardır. Şəhərimizdə məsafələr qısa olmasına baxmayaraq, şəxsi avtomobil və taksi istifadə edilir ki, bu da yol infrastrukturunda küçə yol şəbəkəsinin yüklənməsinə, tıxacların atmasına birbaşa təsir edir. Ona görə də piyada infrastrukturunun yaxşılaşdırılması, təhlükəsizlikliyin təmin olunması məsələlərinə diqqət artırılmalıdır".

Leysan yağacaq - PROQNOZ

Dekabrın 6-dan 7-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında dekabrın 6-dan 8-i gündüzədək bəzi şərq rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların (Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Qusar) leysan xarakterli olacağı ehtimalı var.

Məktəbli yoldaşını bıçaqlayan saxlanıldı

Məktəbli yoldaşını yaralayan şagird saxlanılıb. Sozcu.az DİN-ə istinadla xəbər verir ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

Bu dərmanları reseptə yazanlara XƏBƏRDARLIQ

Dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər cərimələnəcək. Sozcu.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -221.12-ci maddəsində əksini tapıb. Layihəyə əsasən, “Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək. Təklif edilən yeni -221.13-cü maddədə isə dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilməsi təklif edilir.

Ağsuda şəhid ailəsinin şikayətinə baxan yoxdur - Video

Ağsu rayon sakini, şəhid qardaşı Zöhrabov Sərdar Şirvan oğlu Sozcu.az saytına yazaraq, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun onların müraciətlərinə baxmadığını bildirib. Zərdar Zöhrabov bildirib ki, şəhid ailəsi olaraq üzün illər növbə gözlədikdən sonra, 2020. - ci ildə ailənin özünə məxsus olan torpaq sahəsində mənzil tikilərək onlara təhvil verilib. Çox keyfiyyətsiz və ucuz materiallarla tikilən mənzili ailə özü yenidən vəsait xərcləyərək bərpa edib. Sərdar Zöhrabov bildirir ki, hazırda həmin mənzilə gedən yol və mənzilin ətrafı bərbad gündə olduğu üçün ailə hələ də, onlara tikilən mənzilə köçə bilmir. Yağışlı havalarda ərazi palçıq olur və hətta, avtomobil ilə gedib-gəlmək mümkün olmur. Bununla bağlı dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinə müracət etsələr də, onların müraciətinə baxan olmayıb, deyə, şikayətçi qeyd edib. https://www.youtube.com/shorts/lyXNv4DWB6k

Hazırda tıxac olan yolların SİYAHISI

Bakının bir sıra yollarında tıxac yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Babək prospekti, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.