Bakıda 18 yaşlı oğlan atasının silahı ilə özünü öldürdü

Bakıda dəhşətli intihar hadisəsi olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. 18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb. Evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq götürülüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Hər gün gördüm əzrayılın üzünü

Duyğu, vicdan çəki ilə ölçülməz, Tanrı vermiş bu həyata bir düzən,  Yollar çoxdur  sıldırımli, keçilməz, Həyat yolu gərək ola düz-düzən.  Uca daglar qar altında dayanmaz, Əritdikcə  suyu  daşdan keçirər,  Xəstə ürək sakit sakit vuranmaz, Qan dövr edə beyin, başdan keçirə.  Qəlbdə nisgil, dağda duman, çən yaşar, Xain xoflu, düşmən şərin içində.  Quşlar uçar, göydə süzər, şən yaşar, Şeytan xislət  şər zəhərin içində. Baxça bağın gül çiçəyi göz oxşar, Qurdlar, quşlar ləçəyinə salar, iz.  Söz var dərin məna verər, söz oxşar, Söz var ali, sözlər də var, saf təmiz. Zakir deyər daim sözün düzünü, Bu dünyada düzə zaval olar tez.  Hər gün gördüm əzrayılın üzünü, Pislər qalar, yaxşıları  alar tez . Zakir İsmayil

Meteohəssas insanlara pis xəbər

Abşeron yarımadasında aprelin 15-də küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. Yağıntı aprel ayının 17-dək davam edəcək.

Alışanın cinayət işi: O, məhkəməyə məcburi gətiriləcək

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər iştirak etməyib. Bildirilib ki, zərərçəkən Babək Məmmədzadə ölkə xaricindədir. Ona görə də prosesdə iştirak edə bilmir. Hakim zərərçəkən barədə məcburi gətirilmə ilə bağlı qərar çıxarılmasının zəruri olduğunu deyib. Həmçinin, prosesdə zərərçəkən Yadigar İsrafilov barədə məcburi gətirilmə qərarı çıxarılıb. Növbəti proses aprelin 24-nə təyin olunub. Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar. İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib. Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir. Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir. O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur. Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Kəlbəcərdə həlak olan hərbçi xanım cavan oğlunu itiribmiş… - Foto

Kəlbəcər rayonunda qəzaya düşərək, həlak olduğu bildirilən İlahə Rəsul qızı Şahverdiyevanın ötən ilin yazında cavan oğlu da dünyasını dəyişib. Sozcu.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə İ.Şahverdiyeva ötən ilin mayında sosial şəbəkədə paylaşım edib. “Sənsiz yaşamaq cəhənnəmdə yaşamaqdı, mən bu dünyada cəhənnəmdə yaşadım, sən cənnətdə ol, ömrümün bəzəyi oğlum. Sən ananın cənnətisən. Mən səndən ayri yaşamaq istəmirəm, canım oğlum..”, – deyə o, oğlunun fotosunu paylaşaraq yazıb. Qeyd edək ki, bu gün “Nissan Pathfinder” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyevanın həlak olduğu bildirilir. Hadisə ilə bağlı İ.Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev bildirib ki, İlahə Şahverdiyeva hərbi hissələrdən birində aşpaz kimi çalışırmış. Onun dediyinə görə, xanım hərbçi qəzadan sonra Gəncəyə hospitala aparılıb. “Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğunu bildiriblər. Gəncəyə hospitala aparıblar. Biz də oraya gedirik”, – deyə İ.Şahverdiyevanın əmisi oğlu A.Şahverdiyev bildirib. Qeyd edək ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı, Birinci Qarabağ müharibəsi şəhidi Rəsil Şahverdiyevin qızıdır.

Astarada 3-cü sinif şagirdi itkin düşdü

Astarada 3-cü sinif şagirdi itkin düşüb. Sozcu.az APA-ya istinadən məlumat verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir. Faktla bağlı polisə məlumat verilib.

Küləkli havaya dair sarı və narıncı XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb. Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Mingəçevir, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?

Azərbaycandan qatarla daşınan yüklər Ermənistanda yoxlanılmayacaq. Bu məhsulların bəyannaməsi Azərbaycanın özündə qeyd olunacaq və Mehridən keçərək, maneəsiz şəkildə Naxçıvana aparılacaq. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni şərhçi David Sərkisyan deyib. Onun sözlərinə görə, Antalya Demokratiya Forumunda səslənən fikirlər də bunu təsdiq edir. D.Sərkisyan iddia edir ki, Ermənistanın daşınan malları nəzərdən keçirməsi qadağan ediləcəyi üçün Azərbaycan Naxçıvana istədiyi yükü daşıya biləcək.

Ağdamda 35 yaşlı kişi faciəvi şəkildə öldü

Ağdamda 35 yaşlı kişi dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Birinci Dördyol qəsəbəsində qeydə alınıb. Belə ki, həmin qəsəbədə yaşayan Kəlbəcər rayonunun Zülfüqarlı kənd sakini, 1990-cı il təvəllüdlü Niyaməddin Nizami oğlu Bayramov evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Prezident təsdiqlədi: onların təhsil haqqını dövlət ödəyəcək

Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib. Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib. Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.

Xəzərlə bağlı şok xəbərdarlıq: Bulvar yoxa çıxacaq...

Lids Universitetinin britaniyalı alimlərinin araşdırmalarına görə, hətta qlobal istiləşmənin ən əlverişli ssenarisində (+2°C) belə, cari əsrin sonunda Xəzər dənizinin səviyyəsi 5-10 metr aşağı düşə bilər. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, alimlər iddia ediblər ki, ən pessimist proqnoz doğru olarsa, eniş 21 metr olacaq. Bu perspektiv 15 milyona yaxın insanın yaşadığı bütün region üçün genişmiqyaslı ekoloji fəlakət vəd edir. Elmi araşdırmanın nəticələri “Communications Earth & Environment” (CEE) jurnalında dərc olunub. Planetin ən böyük endoreik su hövzəsi olan Xəzər dənizi unikal ekosistemin saxlanmasında əsas rol oynayır. Xəzər suitisi, ağcaqayın, ulduz nərə balıqları və bir çox digər endemik növlərin məskəni kimi xidmət edir. Hesablamalar göstərib ki, temperaturun minimal artması ilə dənizin su səthinin sahəsi 112 min kvadrat kilometr azala bilər ki, bu da İslandiya kimi bir ölkənin ərazisindən böyükdür. Ekoloji və iqtisadi cəhətdən ən qiymətli torpaqların çoxu dayaz sularda yerləşdiyinə görə belə dayazlaşma biomüxtəlifliyə və yerli əhalinin rifahına dağıdıcı təsir göstərə bilər. Xəzərin şimal sahillərinin sakinləri ən həssas olacaqlar, çünki balıqçılığın yoxa çıxması onları əsas gəlir mənbəyindən məhrum edəcək, sərt iqlim şəraiti isə alternativ iqtisadi fəaliyyətlərin, o cümlədən kənd təsərrüfatının inkişafını faktiki olaraq qeyri-mümkün edəcək. Üstəlik, Bakı və Aktau kimi iri liman şəhərləri yeni sahil zolağından onlarla kilometr aralıda yerləşə bilər ki, bu da regionda neft hasilatı üçün zəruri olan bütün logistik infrastrukturun köklü şəkildə yenidən qurulmasını tələb edəcək. Nəhayət, Aral faciəsi kimi Xəzərin dayazlaşması da dəniz dibindən duz və sənaye çirkləndiricilərinin yayılması nəticəsində yaranan zəhərli toz fırtınalarına səbəb ola bilər. Yekun olaraq, tədqiqatçılar gözlənilən fəlakətin təsirini yumşaltmaq üçün tədbirlər kimi qorunan ərazilərin yaradılmasını, biomüxtəlifliyin monitorinqinə aktiv investisiya qoyulmasını və sahilyanı iqtisadiyyatların şaxələndirilməsini qətiyyətlə tövsiyə edirlər.

Nazirlikdən qeyri-sabit hava ilə bağlı müraciət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib. “Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - müraciətdə qeyd olunub.

Zelenski Trampı Ukraynaya dəvət etdi: “Gəlsin, baxsın”

Ukraynadakı müharibə Üçüncü Dünya müharibəsinə çevrilə bilər. Sozcu.az CBS News-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski telekanala müsahibəsində deyib. "Əgər qətiyyət nümayiş etdirməsək, Putin irəliyə gedəcək. Bu, möhtəkirlik deyil, real təhlükədir. Onun əsas məqsədi Rusiya İmperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, məncə, vəziyyət dünya müharibəsinə çevrilə bilər". Ukrayna prezidenti vurğulayıb ki, dünyada heç kim üçün təhlükəsiz yer olmayacaq. Zelenski Rusiyanın hücumunun nəticələrini öz gözləri ilə görə bilməsi üçün Donald Trampın Ukraynaya səfərini görməkdən şad olacağını bildirib: "Mövqeyinizə hörmətlə yanaşırıq. Amma lütfən, hər hansı qərar, danışıqlar planından əvvəl gəlin və məhv edilmiş və ya ölən insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın". O əlavə edib ki, ABŞ bu müharibədə bitərəf qalmamalı və Tramp güclü dövlətin lideri kimi Ukraynanı dəstəkləməlidir.

Putin dərhal atəşkəsə razılaşmalıdır - Starmer

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Rusiyadan Ukraynadakı münaqişəni dərhal dayandırmağı tələb edib. Sozcu.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb. Siyasətçi Suma edilən hücumdan hiddətləndiyini bildirib. Eyni zamanda o, Ukrayna lideri Vladimir Zelenskinin artıq sülhə sadiqliyini nümayiş etdirdiyi qənaətində olduğunu bildirib. "Putin indi heç bir şərt olmadan tam və dərhal atəşkəsə razılaşmalıdır”, - deyə Starmer qeyd edib. Qeyd edək ki, bu gün Rusiya Ukraynanın Sum şəhərinə raket zərbələri endirib. İndiyə qədər olan məlumata görə, zərbələr nəticəsində 31 nəfər ölüb, 84 nəfər isə yaralanıb.

"Rusiyanın yay hücumu uğursuzluğa məhkumdur" - "The Telegraph"

"Ukraynanın dronlarla düşmən hədəflərinə dəqiq zərbələr endirmək qabiliyyəti Moskvanın irəliləyişini mümkünsüz edir..." Ukrayna Rusiyadan yeni genişmiqyaslı hücum gözlədiyi bir vaxtda, Moskva qoşunları Ukrayna mövqelərinə hücumlarını intensivləşdirir. Kiyev Rusiyanın növbəti böyük hücuma hazırlaşmaq üçün ehtiyat qüvvələr topladığını bildirir. Sozcu.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb. Lakin analitiklərin fikrincə, Vladimir Putinin mümkün sülh sazişindən əvvəl yeni əraziləri ələ keçirmək ambisiyalarının reallaşması çətin görünür. Səbəb Rusiya ordusunda çoxsaylı problemlər, zəif təşkilatçılıq və texnika çatışmazlığıdır. Hücumların tempi artır Müşahidəçilər bildiri ki, Rusiya qoşunlarının tank və zirehli texnika ehtiyatları demək olar ki, tükənib. Hətta kiçik taktiki uğurlar əldə olunsa belə, Rusiya bu uğurlardan məhdud resurslar səbəbilə istifadə edə bilməyəcək. Bundan əlavə, Ukraynanın dronlar vasitəsilə dəqiq zərbələr endirməsi Moskva üçün cəbhə xəttində böyük qüvvələr yerləşdirməyi çətinləşdirir ki, bu da genişmiqyaslı irəliləyişin mümkün olmadığını göstərir. Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo nəşrə deyib: "Hazırda Rusiyanın cəbhə xətti boyunca hər hansı irəliləyişi mümkün deyil. Rusiya cəbhədə böyük hərbi uğurlar əldə edə bilməyib, buna görə də, guya, böyük hərəkətlər və üstünlüklər varmış kimi təsəvvür yaratmaq istəyirlər. Biz ərazidə belə bir şey görmürük". Ötən ay prezident Vladimir Zelenski və G7 liderləri xəbərdarlıq edib ki, Rusiya xüsusilə Sumı və Xarkov istiqamətlərində yeni hücumlar planlaşdırır. Bu, Putinə gələcək danışıqlarda üstünlük qazandıra bilərdi. Çərşənbə günü Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski təsdiqləyib ki, hücum əməliyyatları artıq başlayıb, Rusiya hücumlarının intensivliyi xeyli artıb. Bu zaman Kiyev dünyada diqqəti Ukraynada baş verənlərə yönəltməkdə maraqlıdır, baxmayaraq ki, Donald Trumpın gündəmində sülh razılaşması yoxdur. "Hücumlar ciddi nəticə verməyəcək" Lakin Demokratiyaların Müdafiəsi Fondunun Rusiya proqramı üzrə direktor müavini Con Hardi əmindir ki, artan hücumlar mühüm nəticələr verməyəcək: "Gördüyümüz şey, sadəcə, hücumların tempində artımdır. Bu, çox kiçik miqyaslıdır. Onlar Ukrayna xəttində bir dəlik aça bilərlər, amma bu dəlikdən istifadə edib sürətli və əməli nəticə əldə edə bilməzlər". Təxminlərə görə, ən zəif nöqtə Sumı vilayətidir. Ukrayna ordusu burada qonşu Kursk bölgəsində Rusiyanın sürətli irəliləyişindən sonra yenidən qruplaşır. Kursk yaxınlığındakı döyüşlərdə iştirak etmiş ukraynalı hərbçi nəşrə bildirib ki, geriçəkilmə gecələr kiçik qruplar şəklində baş verib: "Çoxlu texnika orada qalıb", - o, deyib. Hardi qeyd edir ki, hücumlar əsasən texniki dəstəyi olmayan kiçik qruplar tərəfindən həyata keçirilir, çünki resurslar məhduddur. Təxminən 100 əsgərdən ibarət bölük ilə hücumlar nadir hallardandır. Ukrayna Rusiya müharibəsinə uyğunlaşıb Son bir ildə Rusiya təxminən 3000 tank, 9000 zirehli texnika və azı 13 000 artilleriya sistemi itirib. Hardi deyir: "Siz anbarlarda qalanlara, xüsusilə istifadə oluna biləcək texnikaya baxsanız, ehtiyatlar çox azalıb. Mən gözləyirəm ki, ilin sonuna qədər müharibəni davam etdirmək onlara çox çətin olacaq, tam tükənəcəklər". Rusiyanın üstünlüyü isə insan qüvvəsinin çoxluğudur. Putin bu yaxınlarda əlavə 160 min nəfərin orduya çağırılmasına dair fərman imzalayıb. Lakin Hardinin sözlərinə görə, bu çağırılanlara çox minimal-çox vaxt bir aydan az hazırlıq verilir. "Bu, Rusiyanın şüurlu qərarıdır- Ukraynaya təzyiqi davam etdirmək, bu əsgərləri "ət maşınına" atmaq və müharibə davam etdiyi müddətdə qüvvələrin keyfiyyətini artırmağa vaxt sərf etməmək". Hazırda Ukraynanın əsas vəzifəsi Rusiyanın çoxsaylı qoşunlarını bir məkanda toplamasının qarşısını almaqdır, çünki bu, müdafiə xəttinin yarılmasına səbəb ola bilər. Burada dronlardan istifadə həlledici rol oynayır. Hardi deyir ki, Ukrayna ən güclü dron bölmələrini genişləndirir və ümumilikdə pilotsuz sistemlərə güvənir ki, digər sahələrdəki çatışmazlıqları kompensasiya etsin. "Onlar Rusiyanın necə döyüşdüyünə yaxşı uyğunlaşıb", - ekspert bildirib.

Hakan Fidandan İsrailə ÇAĞIRIŞ

“Türkiyə Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmir”. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyənin Suriya ilə bağlı prioriteti sabitlikdir: “İsrail Suriyada təxribatlardan çəkinməlidir”. Nazir, həmçinin İsrailin uzun müddətdir Suriyada sabitliyə zərbə vurduğunu diqqətə çatdırıb.

Ersin Tatardan türk dövlətlərinə ÇAĞIRIŞ

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar türk dövlətlərinə ölkəsində səfirlik açmaları ilə bağlı çağırış edib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, bu barədə IV Antalya Diplomatiya Forumunda çıxışında deyib. E.Tatar bəzi türk dövlətlərinin Kiprin yunan hissəsini tanımaq cəhdlərinə münasibət bildirərək qeyd edib ki, bu, Avropa İttifaqının (Aİ) təlqinləri ilə həyata keçirilir: “Mən türk dövlətlərini eyni münasibəti Şimali Kiprlə də qurmasını istəyərdim”.

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının səhhətində problem yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı feysbuk hesabında paylaşım edib. Məlumata görə, Ə.Zeynallıya xərçəng diaqnozu qoyulub: “Əvəz Zeynallını təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər, biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” - bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar”. Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası iki ay azaldılıb.

130 ölkə ABŞ-la müzakirə aparır - Hassett

ABŞ-la əlaqə saxlayan və tarifləri müzakirə etmək istədiklərini bildirən ölkələrin sayı 130-a yüksəlib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett deyib. “Hazırda 130 ölkə bizimlə əlaqə saxlayıb və biz onlarla danışıqlar aparırıq. ABŞ bəzi ölkələr üçün idxal rüsumlarını 10%-ə endirib”, - Hassett bildirib.

Xəbərdarlıq: Bu tarixədək leysan yağacaq

Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xəbərdarlığa əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var. Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-dək davam edəcək.

Qəbələdə 53 yaşlı qadın dəm qazından öldü

Qəbələdə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Qəbələ rayonunda baş verib, hadisə nəticəsində rayon sakini 53 yaşlı Hacibalayeva Xatirə Məzahir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Aparılan bütün səylərə baxmayaraq şəxsin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Tramp onlara çağırış etdi: ABŞ-a qayıdın!

ABŞ Prezidenti Donald Tramp smartfonlar və kompüterlərə tətbiq olunan tarifləri 90 günlük ertələyəndən sonra texnologiya nəhənglərini istehsallarını ABŞ-a köçürməyə çağırır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt danışıb. "Prezident Tramp açıq şəkildə bildirib ki, Amerika yarımkeçiricilər, çiplər, smartfonlar və noutbuklar kimi həyati əhəmiyyətli texnologiyaların istehsalında Çinə arxalana bilməz", – deyə o bildirib. Onun sözlərinə görə, "Əpl", TSMC və "Nvidia" da daxil olmaqla dünyanın ən böyük texnologiya şirkətləri Trampın göstərişi ilə istehsallarını mümkün qədər tez ABŞ-a köçürməyə tələsirlər. CNN nəşri isə bildirir ki, smartfonlar, kompüterlər, monitorlar və müxtəlif detallara tətbiq olunan rüsumların ləğvi "Əpl" kimi texnologiya nəhəngləri üçün böyük xəbər ola bilər. Qeyd olunur ki, "Əpl" Ayfon istehsalı və yığımının təxminən 90%-ni Çində həyata keçirir.

Rusiyanın itkiləri 933 minə yaxınlaşır

Ukrayna müharibənin 1145-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 932 670 hərbçi, 10 603 ədəd tank, 22 088 ədəd zirehli döyüş maşını, 26 163 ədəd artilleriya sistemi, 1 362 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 128 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 43 950 ədəd avtomobil texnikası, 32 425 ədəd PUA, 3 145 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 799 xüsusi avadanlıq itirib.

Bu ərazilərə qar yağdı – Faktiki hava

Aprelin 13-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Şahbuzda 6, Zaqatala, Qaxda (Sarıbaş) 2, Naxçıvan, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Şəki, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar və Ağdamda 1 mm olub. Dağlıq ərazilərə - Şahdağ, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağıb. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Altıağacda 18, Şabranda 16 m/s-dək güclənib. Daşkəsən, Göygöl, Naftalan, Qax (Sarıbaş), Şəki, Zaqatala, Qobustan, Lerik və Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 9, Naxçıvan MR-da 8 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.