Külək, yağış, dolu... - Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Etibar Cəbrayıloğluya ağır itki üz verib

Tanınmış jurnalist Etibar Cəbrayıloğluya ağır itki üz verib. Jurnalistin anası Rəisə xanım bu gün 84 yaşında vəfat edib. Bu barədə mərhumun nəvəsi Turan Etibaroğlu bildirib. Allah rəhmət eləsin.

AFFA-dan iki futbolçuya 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sozcu.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib. “Şəki Siti” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Şəki Siti” komandasının futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün meydan sahibi komanda daha 100 manat cərimə edilib. “Kür-Araz” – “Dinamo” oyununun 40-cı dəqiqəsində “Kür-Araz” komandasının futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

ABŞ-də parkda atışma olub, ölən və yaralanan var

ABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub. Sozcu.az “CBS News”a istinadən xəbər verir ki, bu barədə yerli polis departamentindən bildirilib. Məlumata görə, silahlı insident nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə güllə yarası alıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Məsələnin təfərrüatları araşdırılır, atəş açan şəxsin axtarışları davam edir.

Rüstəm nişanlı idi, gəlməyinə 10 gün qalmışdı…

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusuyla vida mərasimi keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib. Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu İmanovla birlikdə qar uçqunu nəticəsində həlak olub. *** Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib. 2005-ci il təvəllüdlü Rüstəm Həmidov vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.

Təl-Əviv hava limanı hipersəs raketlə vuruldu

Ənsarullah hərəkatı (husilər) Təl-Əvivin Ben Qurion hava limanına səsdən sürətli raketlə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə hərəkat özü açıqlama yayıb. “Biz işğal altındakı Yaffa bölgəsində yerləşən Ben Qurion hava limanını Fələstin-2 hipersəs ballistik raketi ilə vurduq. Bütün aviaşirkətlərə xəbərdarlıq edirik ki, Ben Qurion hava limanı hava hərəkəti üçün təhlükəli hala düşüb və belə də qalacaq”, - Husilərin yaydığı bəyanatda bildirilib. Qeyd edək ki, hücumun nəticələri ilə bağlı məlumat yoxdur.

Fransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırdı

Ötən il Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 121,91 milyon ABŞ dolları təşkil edib. Sozcu.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, il ərzində investisiyaların həcmi 25,11 dəfə və ya 117,056 milyon ABŞ dolları artıb. Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,7% təşkil edir. Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,224 milyon ABŞ dolları (-2,43%) sərmayə qoyub, birbaşa xarici investisiyaların ümumi həcmində bu Avropa ölkəsinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1% təşkil edib. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik müqayisədə 5,83% artım) təşkil edib. 2023-cü ildə Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 4,854 milyon ABŞ dolları, ölkəyə yatırılan investisiyaların ümumi həcmi isə 6,658 milyard ABŞ dolları təşkil edib.

Bakıda 46 yaşlı qadın bayram günü faciəvi şəkildə öldü

Bakıda qadın bayram günü dəm qazından boğulub. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə martın 21-də Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92B, mənzil 9-da qeydə alınıb. 1979-cu il təvəllüdlü Gülövşə Şaban qızı Maqsudova yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Araşdırma aparılır.

Türkiyə Ermənistan üçün “Alican”ı açdı - ABŞ alqışladı

Amerika Birləşmiş Ştatları Ermənistanın Suriya xalqına humanitar yardım göstərməsinə imkan yaratmaq üçün “Marqara”-“Alican” sərhəd keçid məntəqəsinin müvəqqəti açılmasına görə Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun əməkdaşı Lui Bono X sosial şəbəkəsində yazıb. “Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir”, - o əlavə edib. Qeyd edək ki, ötən gündən Ermənistan və Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi açılıb və Ermənistanın Suriyaya göndərdiyi 4 yük maşını Türkiyəyə daxil olub. “Marqara” keçid məntəqəsinin martın 31-dək açıq olacağı bildirilir.

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əli Tariyel oğlu İmanovun və əsgər Ruslan Rüstəm oğlu Həmidovun nəşləri aşkar edilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb. Qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin! Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdir.

Tramp Tesla avtomobilləri ilə bağlı sərt xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp İlon Maskın Tesla avtomobillərini sabotaj edənlərə ciddi xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb. O, hüquq-mühafizə orqanlarının günahkarları və onların maliyyələşdirənlərini axtardığını, bu şəxslərin uzunmüddətli həbs cəzasına məhkum ediləcəyini bildirib. “Teslanı sabotaj edən şəxslər, böyük ehtimalla, iyirmi ilə qədər həbs cəzası alacaqlar, o cümlədən onları maliyyələşdirənlər də. Biz sizi axtarırıq, - deyə Tramp vurğulayıb.

İranda zəlzələ oldu

İranın İsfahan əyalətinin Natanz şəhərində 5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ yerli vaxtla saat 11:23-də qeydə alınıb. Yerin 10 kilometr dərinliyində baş verən zəlzələdə tələfat olub-olmaması ilə bağlı hələ ki açıqlama verilməyib.

Bakıda evdən 20 min manatlıq oğurluq oldu

Nizami rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-u Nizami rayonunda yerləşən evlərin birindən 800 manat pul və 19200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 27 yaşlı A.Novruzova müəyyən edilərək saxlanılıb. Rayon ərazisində daha bir oğurluq isə Naxçıvanski küşəsində baş verib. Bir qadının cibindən 500 manat dəyərində mobil telefonu talamaqda şübhəli bilinən 31 yaşlı K.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Tovuzda ana nikahdankənar körpəsindən İMTİNA ETDİ

“Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb. Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək”. Sozcu.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,Tovuz Rayon İcra Hakimiyyəti və DİN-nin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir. Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O bu gün (21 mart 2025-ci il) Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək”, - Komitə bəyan edib. Xatırladaq ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Zelenski: Rusiyaya təzyiqləri artırın ki...

Rusiya Federasiyasına təzyiqlərin artırılması "Şahid" terrorunun qarşısını almağın yoludur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, dünəndən etibarən Rusiya Ukraynanın müxtəlif bölgələrinə 200-dən çox zərbə dronu və imitasiya dronu ilə hücum edib. Bundan əlavə, idarə olunan aviasiya bombaları da istifadə olunub. Odessa, Zaporojye, Sumı, Kiyev, Xmelnitski və Çerniqov vilayətləri atəşə məruz qalıb. Zelenskinin sözlərinə görə, rusların Odessa vilayətinə kütləvi hücumları nəticəsində ticarət mərkəzində və mağazalarda yanğınlar baş verib, çoxmərtəbəli bina zədələnib. Üç uşaq yaralanıb. Zaporojyedə isə Rusiya aviasiya bombalarına görə altı nəfər xəsarət alıb, onlardan biri dörd yaşlı uşaqdır. Adi yaşayış evləri və avtomobillər zədələnib. Zərərçəkənlərə yardım göstərilir, fövqəladə xidmətlər işləyir. "Rusiya üzərində birgə təzyiqin artırılması, sanksiyaların sərtləşdirilməsi və dövlətimizin müdafiə dəstəyinin gücləndirilməsi bu terrorun və Rusiyanın müharibəni uzatmasının qarşısını almaq yoludur. Biz ABŞ, Avropa və bütün tərəfdaşlarımızdan Rusiyaya real təzyiq gözləyirik. Məhz bu, diplomatiyanın işləməsinə imkan yaradacaq", - deyə Zelenski vurğulayıb. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında verdiyi məlumata görə, bu gecə 114 Rusiya dronu vurulub, 81 imitasiya dronu hədəfinə çata bilməyib. Xüsusilə, 21 mart 2025-ci ilə keçən gecə (20 mart saat 20:00-dan etibarən) 214 "Şahd" tipli və müxtəlif tipli imitasiya dronları ilə hücum həyata keçirilib.

Ermənistan-Türkiyə sərhədi açıldı: İlk olaraq 4 yük maşını gedir

Martın 21-də beynəlxalq yükdaşıma şirkətlərindən birinin 4 yük maşını Suriyaya getmək üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinə doğru yola düşüb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Suriyaya humanitar yardım aparan yük maşınlarında qida, dərman, gigiyena vasitələri və digər zəruri əşyalar var. Qeyd edək ki, 21-31 mart tarixlərində Suriyaya humanitar yardım daşımaq niyyətilə Marqara sərhəd-keçid məntəqəsinin fəaliyyət göstərəcəyi bildirilmişdi.

Beyləqan sakini spirtli içkidən zəhərlənərək öldü

Beyləqan sakini spirtli içkidən zəhərlənərək ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, rayon sakini 1967-ci il təvəllüdlü Ramiz Orucov spirtli içki qəbul etdikdən sonra vəziyyəti pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bir müddət öncə Beyləqanda bir nəfərin də spirtli içkidən öldüyü xəbəri yayılmışdı.

Gecə boyu Ordumuz müxtəlif istiqamətlərdən atəşə tutuldu

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Britaniya sualtı qayıqları Rusiyanın 40 şəhərini məhv edə bilər

Britaniya sualtı qayıqları Rusiyanın 40 şəhərini məhv etməyə qadirdir. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniya Kral Donanmasının keçmiş kontr-admiralı Kris Perri bildirib. O, bu gəmilərin "Trident" ballistik raketləri ilə təchiz olunduğunu xatırladıb. "Bu, düşünməyə əsas verir. Bu raketlər hər bir dünya liderində qorxu hissi yaratmalıdır", – deyə o vurğulayıb.

Sərxoş kişi yarğana yıxılaraq öldü

Gədəbəydə bədbəxt hadisə baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, martın 19-u saat 18 radələrində Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə.Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşmüş və orada ölüb. Ə.Əsgərovun meyiti martın 20-si tapılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Türkiyədə ağır qəza: 26 şagird yaralandı

Türkiyədə şagirdlərin olduğu avtobus qəzaya düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, qəza Ədirnə şəhərinin Keşan rayonunda baş verib. Şagirdləri daşıyan məktəb avtobusu idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində 26 şagird və sürücü yaralanıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıblar. Qəzanın başvermə səbəbi araşdırılır.

Gorus və Basarkeşər istiqamətlərindən mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

İmamoğlunun səlahiyyətlərini kim icra edəcək?

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsini müvəqqəti icra edəcək şəxs açıqlanıb. Sozcu.az bu barədə NTV kanalına istinadən xəbər verir. Ötən gün saxlanılan İstanbul meri Əkrəm İmamoğlunun səlahiyyətlərini bələdiyyənin üzvü Nuri Aslan icra edəcək. Bildirilib ki, Ə.İmamoğlu tərəfindən dünən əlyazısı ilə hazırlanan “vəkalət” sənədi bələdiyyənin dəftərxanasına təqdim edilib.

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs yaxalandı

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.