II hissə
Yuxarıda qeyd etdiyim kimi “Azərbaycan gəncləri qəzetində “Dağlarmı günahkardır, yoxsa” başlıqlı məqalə dərc edildikdən sonra Şınıxa maraq və diqqət artmışdı. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun müəllimi Vaqif Bayramovun sədrliyi ilə Şınıx Xeyriyyə Cəmiyyəti (Şınıx Təşkilat Komitəsi) Azərbaycan SSRİ Nazirlər Sovetinin 22 yanvar 1991-ci il tarixli 21 г saylı sərəncamı ilə Şınıx zona XDS yaranmış, Şınıx zonasında rayon tipli idarə və müəssisələr təşkil olunmuşdur.
1991-ci ilin noyabr ayında respublikada XDS icraiyyə komitələri ləğv edildiyinə görə Şınıx zona XDS icraiyyə komitəsi ləğv edilmiş və Şınıx zona icra hakimiyyəti yaranmışdır... 1992-ci ilin yanvar ayında Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatında humanitar məsələlər şöbəsində baş referent vəzifəsinin icrasına başladım. Həmin dövrü xatırlayanlar bilir ki, Dağlıq Qarabağ hadisələrinin kəskin dövrü idi. Ermənistanla sərhəd bölgədə yerləşən Gədəbəy rayonunda, xüsusilə Şınıxda vəziyyət gərgin idi. Gədəbəy rayonunun digər bölgələri ilə Şınıx bölgəsinin arasında yerləşən erməni kəndi Başkənd quldur yuvasına dönmüşdü.
Şınıxda və digər sərhədyanı kəndlərdə əhali qorxu və səksəkə halında yaşayırdı. Şınıx bölgəsinin Ermənistanın iki rayonu-Krasnoselo və Berd rayonları ilə həmsərhəd olması vəziyyəti daha da çətinləşdirirdi.
Milli ordu yenicə formalaşmağa başlamışdı. Şınıxın Düzrəsullu kəndində anadan olmuş polkovnik Cahangir Rüstəmovun komandanlığı altında Novosaratovka kəndində 861 nömrəli hərbi hissə təşkil olunmuşdur. Gədəbəy Rayon İcra Hakimiyyətinın başçısı Qənbər Qurbanovun rəhbərliyi ilə rayonda ordunun formalaşması, müdafiənin təşkili üçün fasiləsiz iş aparılırdı. Şınıxın kəndlərində yollar təmir olunur, sərhədboyu müdafiə işləri aparılırdı. Məni Şınıxa təhkim etmişdilər. Əsas diqqət müdafiə postlarının möhkəmləndirilməsinə yönəlmişdi. Gədəbəy rayon texniki təchizat birliyindən bir neçə “Leon” tipli ratsiya aparatlarını götürüb Şınıxın Mutudərə, Düzrəsullu, Göyəlli, Qaravəllər kəndlərində yerləşən postlarına payladım. Qaravəllər kəndinin qonşuluğunda yerləşən Tovuzun Qaralar kəndi ilə rabitə əlaqəsi təşkil etdim.
1992-ci ilin mart ayının 1-də Şınıx Zona İcra Hakimiyyətinin başçısı Musa Məmmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad olundu. Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsi müvəqqəti olaraq İsalı sovxozunun direktoru İsa Köçərliyə həvalə edildi.
Həmin vaxt Rayon İcra Hakimiyyətinin başçısı Qənbər Qurbanovun tapşırığına uyğun müntəzəm olaraq Şınıxda olurdum. Zonada əhali arasında daimi bir qorxu höküm sürürdü. Başkəndlə Ermənistanın iki rayonu arasında qalan Şınıxda hərc-mərclik idi.
Bir gün Şınıx zona Aqrar İstehsalat Birliyinin sədri Yusif Cəfərov və Arabaçı kəndində yerləşən “1 May” sovxozunun direktoru Baxış Nağıyev mənə yaxınlaşdılar. Onlar bildirdilər ki, gəl sən Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsinə razılıq ver. Qoy Qənbər müəllim səni həmin vəzifəyə təyin etsin. Zonada bu vəzifə səriştəsiz adamların əlinə keçməsin. Mən həmin təkliflə razılaşdım.
Yadında olanlar yaxşı bilir ki, həmin vaxt vəzifəyə kadrlar Rayon Soveti sədrinin Azərbaycan Xalq Cəbhəsinin rayon şöbəsinin və Rayon İcra Hakimiyyəti başçısının birgə razılığı ilə təyin olunurdu. Rayon Soveti sədrinin razılığı alınmışdı. Azərbaycan Xalq Cəbhəsi Gədəbəy rayon şöbəsinin sədrinin razılığı alınmamışdır.
1992-ci ilin may ayının 14-də Ayaz Mütəllibovun Milli Məclisin qərarı ilə yenidən Azərbaycan Respublikasının Prezidenti elan edilməsindən sonra, yəni mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi mənim təyinatımı gecikdirdi. May ayının 15-də Sabir Məmmədovun rəhbərlik etdiyi tələbələrdən ibarət silahlı dəstə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasını zəbt etdi. İcra başçısının möhürünü ələ keçirdi. Aparatın işçilərini işdən qovdular. Bir neçə gündən sonra möhür Qənbər Qurbanova verildi. Biz isə öz işimizə qayıtdıq.
May ayının 28-də Respublika günü münasibətilə Ermənistanla sərhəddə yerləşən hərbi postlara yardımlar aparmaq üçün qruplar təşkil edildi. Mən Şınıxın Qaravəllər kəndi ərazisində yerləşən Ağdaş postuna təhkim olundum. Həmin gün anamın dayısıoğlu jurnalist Sabir Hüseynov da bizimlə birlikdə idi.
Həmin günü hərbçilərlə birlikdə Respublika gününü qeyd etdik. Axşam saat 21 radələrində rayona –icra hakimiyyətinə qayıtdım. Rayon icra hakimiyyətində bütün otaqların işıqları yanırdı, Aparat işçiləri hamısı iş başında idi. Mənə dedilər ki, İsa Qənbərin sərəncamı ilə Qənbər Qurbanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Saat 22 radələrində Prezident Aparatının məsul işçisi Surxay Tağızadə rayona gəldi və sərəncamın icralarını təmin etdi.
Qənbər Qurbanov sənədləri Saleh Rüstəmova verərkən bildirdi ki, Sənan Quliyevin Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmağı haqqında əmr hazırlayıb, istəyirsən mən imzalayım və yaxud istəsəniz siz imzalayın. Saleh Rüstəmov bildirdi ki, Sənan Quliyevi tanıyıram. Sabah əmri imzalayaram. Səhəri gün may ayının 29-da mənim Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəifəsinə təyin olunmağım barədə əmr imzalandı. Həmin gün rayon sovetinin sədri Ədalət Nəsibov məni Şınıx Zona İcra Hakimiyyətinin kollektivinə təqdim etdi.
1992-ci ilin may ayının 29-da mən həyatımın ən çətin, ən şərəfli dövrünə qədəm qoydum. Azərbaycanın qərbində yerləşən ən strateji əhəmiyyətə malik bir bölgənin idarəçiliyi mənə tapşırılmışdı. Öncə zonanın rəhbər şəxsləri, fəalları ilə görüşdükdən sonra müdafiənin hansı səviyyədə olduğunu öyrənmək üçün müdafiə postlarında oldum, əsgər və zabitlərlə görüşdüm.
Zonanın Ermənistanla sərhəddində müdafiə işi yaxşı təşkil edilmişdi. Bir sıra strateji yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur.
Sərhədboyu yüksəkliklərə ermənilər tərəfindən vaxtında yollar çəkildiyindən onlar rahat həmin yüksəkliklərdə möhkəmlənmişdilər.
Milli Ordunun zabit və əsgərləri ilə görüşərkən əfsanəvi topçu-İsgəndər Aznaurov mənə yaxınlaşdı və bildirdi ki, Mor-Mor kəndi ilə Erməınistanın sərhədində yerləşən yüksəkliyi tutmasaq Şınıxın müdafiəsi təhlükə altında qalacaq. Ermənilər həmin yüksəkliyin sağ və sol tərəfindəki buza qüllə məsafəsində yerləşən yüksəkliyi tutmuşdular. Baxdım ki, çox düşünülmüş təklifdi. Lakin həmin yüksəkliyə yol yox idi. Tədbirlər planı hazırlayıb Gədəbəy Rayonu İcra Hakimiyyətinin başçısı Saleh Rüstəmova təqdim etdim. Zona ərazisində Şınıx zona yol idarəsinin 2 ədəd ÇTZ buldozeri var idi. Bundan başqa rayon mərkəzində Qarayev soyadlı traktorçunun idarə etdiyi Cebaksarı şəhərində istehsal olunmuş buldozer daxil olmaqla hər üç texnikanın iştirakı ilə həmin yüksəkliyə (hazırda Azərbaycan Respublikasının Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə “İsgəndər qalası” adlanır) yol çəkilməyə başlanıldı. Yolun tikintisi üçün 16 ton dizel yanacağı və digər texnikaların işləməsi üçün 20 ton benzin və 2 ton motor yağı tədarük olundu.
Yanacağın əksər hissəsi Düzrəsullu kəndində sovxozun yanacaq bazasında, bir hissəsi isə Bayram Hacıyevin komandir olduğu Düzrəsullu zastavasının həyətində yerləşən yanacaq çənlərinə boşaldıldı. 1992-ci ilin iyun ayının əvvəlində başlanan tikinti işləri avqust ayının 1-dək başa çatdırıldı. Yüksəkliyə yolun çəkilişi başa çatdırıldıqdan sonra orada istehkamın qurulması işləri aparıldı. Möhkəmləndirilmiş istehkamın qurulmasında Şınıx Xeyriyyə Cəmiyyətinin körpü tikintisi üçün Şınıxa gətirdiyi dəmir materiallardan istifadə olundu. Həmin materialların daşınmasında zonada yerləşən kolxoz və sovxozların texnikası bizə kömək etdilər. Hətta həmin dövrdə Düzrəsullu sovxozuna məxsus traktorlardan biri dərəyə yuvarlandı. Traktor sıradan çıxsa da traktorçu vaxtında kabinəni tərk etdiyinə görə ölüm hadisəsi olmadı. Həmin yüksəklikdən Krasnoselonun rayon mərkəzi aydın göründüyündən ermənilərin hərəkətlərini dəqiq müşahidə etmək olurdu.
Həmin vaxtlar Şınıx zonasında elə surətli hadisələr baş verdi ki, sonradan təhlil aparanda bu hadisələrin qarşısının alınmasında yalnız uca Allahın yenilməz iradəsinin mənə kömək olduğunu dərk etdim.
1992-ci ilin iyun-iyul aylarında Şınıx zonasında yerləşən hərbi dəstələrə vahid rəhbərlik yox idi. 861 nömrəli hərbi hissənin qərarhagı Novosaratovka kəndində, Şınıx müdafiəsinə cəlb edilmiş batalyonun qərargahı isə Gədəbəy şəhərində, texniki peşə məktəbinin binasında yerləşirdi.
Zonada yerləşən rotaların işinə batalyon komandirlərinin müavini kapitan Əlövsət Seyidov rəhbərlik edirdi. Zona İcra Hakimiyyətin başçısı kimi Mutudərə tibb məntəqəsinin “UAZ” markalı avtomobilini Əlövsət Seyidovun sərəncamına verdim.
İş qrafikim səhər saat 8-dən başlaylb, gecə saat 2 radələrinə qədər çəkirdi. Xidməti “Niva” markalı avtomobilin yanacaq çəni hər gün doldurulsa da gün ərzində zona daxilində istər vətəndaşlarla, istərsə də hərbçilərlə görüşlər tam sərf olunurdu.
Yuxarıda qeyd etdiyim kimi Şınıx zonasında rayon tipli dövlət qurumları-zona polis bölməsi, təhsil şöbəsi, sosial təminat şöbəsi, mədəniyyət şöbəsi, VVAQ şöbəsi, pasport masası, zona mərkəzi xəstəxanası, yol idarəsi, tikinti idarəsi, qaz idarəsi, Avtokalona, Aqrar istehsalat birliyi və digər qurumlarla bərabər Şınıx zona rabitə qovşağı da fəaliyyət göstərirdi. Rayon mərkəzi və hərbi hissələrin qərargahları ilə rabitə əlaqələri hər an ermənilərin yaşadıqları Başkənd kəndinin ərazilərindən keçirdi. Rabitə əlaqələri hər an danışıqların ermənilər tərəfindən dinlənilməsi təhlükəsi var idi.
Buna görə də qərara aldıq ki, Tovuz rayonunun ərazisindən keçməklə Düzrəsullu kəndi ilə Novosaratovka kəndi arasında yeraltı rabitə xətti çəkilsin. Bu işə rəhbərlik Şınıx rabitə qovşağının mühəndisi Ələddin Sarıyevə tapşırıldı. O, bu işin öhdəsindən layiqincə gəldi. Beləliklə, Şınıxla-Novosaratovka kəndi arasında etibarlı rabitə xətti quruldu.
Şınıx Zona İcra Hakimiyyəti və Şınıx polis bölməsi Düzrəsullu kənd orta məktəbin binasında yerləşirdi. Həmin məktəb Şınıx zonasında tikilmiş ilk müasir tipli məktəb idi.
1992-ci ilin iyun ayının əvvəlində Şəmkir rayonundan olan igid oğlanlardan təşkil olunmuş “Dəli Kür” hərbi dəstə Şınıxa gəldi. 76 nəfərlik dəstə Düzrəsullu kənd orta məktəbinin binasında Şınıx Zona İcra Hakimiyyətinin qonşuluğunda yerləşdirildi. Zonada yerləşən hərbi hissələr ilk vaxtlar ərazidə yerləşən 6 çörəkbişirmə müəssisələri tərəfindən çörəklə və digər ərzaqlarla təmin olunmuşdu.
Düzrəsullu kəndində yerləşən rotanın komandiri Tofid İsmayılov əvvəllər Şınıx Zona İcra Hakimiyyətinin işçisi olmuşdu. Onların iş yerləri saxlanılırdı. Düzrəsullu rotasının tərkibinə daxil olan Məzahir Rüstəmovun xidmət etdiyi vzvod mühüm strateji məntəqədə Krasnoselo-Başkənd yolunun üstündə Mutudərə kəndində yerləşirdi. Vzvod komandirinin müavini kimi Məzahir Rüstəmovun sayəsində Mutudərə zastavasında ciddi intizam qaydaları hökm sürürdü. Hər dəfə həmin zastavaya baş çəkəndə mən orada daha bir yeniliyin şahidi olurdum. Şınıxın müdafiəsinin təşkilində İsgəndər Aznaurovun müavini Sahib Rüstəmovun xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Sahib Rüstəmov istedadı və bacarığı ilə ad çıxarmışdı.
Qeyd etdiyim kimi sərhəd postlarının qurulması işi yarımçıq qalmışdı. Göyəlli, Qaravəllər kəndlərinin yaxınlığında yerləşən hərbi postların qurulmasına Yevlax rayonundan gəlmiş tikinti briqadası cəlb edilmişdi. İşin gedişi bizi qane etmirdi. Ona görə də işi sürətləndirmək üçün zonada yerləşən 2 kolxozun və 3 sovxozun texnikasının bu postların tikintisinə cəlb etməli oldum.
Ermənsitanın Krasnoselo rayonundan daim Şınıxa hücüm gözlənilirdi. Krasnoselo-Başkənd yolu müasir tipli yol idi. Həmin yolda bütün növ hərbi texnika asanlıqla hərəkət edə bilirdi. Hücüm təhlükəsini azaltmaq, hər hansı hücüm planının qarşısını almaq üçün yolun partladılması lazım olacaqdı. Bunun üçün Şınıx yol idarəsindən Balakən rayonuna partlayıcı maddə gətirmək üçün avtomobil göndərdim. 1 tona yaxın partlayıcı maddəni 861 nömrəli hərbi hissəyə təhvil verdik.
Şınıxın müdafiəsində əməyi olan şəxslərdən biri, xeyriyyəçi, səmimi insan Dövlət Məmmədovun xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Dövlət Məmmədovla məni qohumum jurnalist Sabir Hüseynov tanış etdi. Dövlət Məmmədov gecəgörmə cihazlar daxil olmaqla xeyli hərbi sursat gətirmişdi. Bundan başqa tikiş maşınları da gətirmişdi ki, Şınıxda əhalinin məşğulluğuna kömək etsin. Hərbi sursat hissələrə təhvil verildikdən sonra Sabir Hüseynov, Dövlət Məmmədov və mən Dördlər kəndində Aşıq Musanın qonağı olduq. Gecə səhərə qədər Şınıxın müdafiəsi və gələcəyi barədə söhbətlər etdik.
Başkənd təhlükə mənbəyi olaraq qalırdı. Ermənilər çalışırdılar ki, Şınıxın sərhəd kəndləri arasında hərbi postlar yerləşdirsinlər. Onların bütün cəhdlərinin qarşısı qətiyyətlə alındı və Başkənd ətrafında erməni postlarının qoyulmasına imkan verilmədi. Yalnız Başkəndin giriş və çıxışında postlar qalırdı.
Novasaratovkadan Şınıxa-Başkəndə girmədən əlavə yol çəkilmişdi. Həmin yol çox təhlükəli idi. Tək avtomobilin həmin yolda hərəkət etməsi mümkün deyildi. Yuxarıda qeyd etdiyim kimi ermənilər 1990-cı ilin yanvar ayının 30-da Başkənd ərazisində olan “jiquli” avtomobilini dayandırmış və avtomobildə olan şəxsləri qəddarlıqla öldürmüşdülər.
Bir gün Ermənilər Şınıxa gələn avtomobilin qabağını kəsərək onlara maneçilik törətmək istəmişdilər. Biz kəndin rəhbərliyi ilə Mutudərə zastavasının yaxınlığında danışıq aparıb, onların bu hərəkətlərinə son qoymasını tələb etdik. Ermənilər özlərini çox narahat hiss edirdilər. Krasnoselo-Başkənd yolunun üzərində yerləşən Mutudərə zastavasından onların bütün hərəkətlərinə nəzarət olunurdu.
1992-ci ilin son günləri idi. Batalyon komandirinin müavini Əlövsət Seyidov mənə yaxınlaşıb bildirdi ki, ermənilər Başkənddə Sizinlə danışıq aparmaq istəyirlər. Biz isə adətən Mutudərə zastavasının ərazisində danışıq aparırdıq. Mən təklifi qəbul etmədim və ona bildirdim ki, mənim kəndin içərisinə gedib ermənilərlə hər hansı danışıq aparmaq fikrim yoxdur. Həmin danışıq rayon və respublika rəhbərliyi ilə razılaşdırılmamışdır. Əlövsət Seyidov sürücü Məhərrəm və Düzrəsullu kəndinin icra nümayəndəsi Vilayət Məmmədov birlikdə Başkəndə getdilər. Mən bir neçə nəfərlə Başkəndlə Düzrəsullu sərhəddində idim. Aradan 20 dəqiqə keçdikdən sonra gördüm ki, Əlövsət Seyidovun getdiyi “UAZ” markalı avtomobil sürətlə bizə tərəf gəlir. Avtomobil gəlib yanımda dayandı. Avomobili Əlövsət Seyidov idarə edirdi. Seyidovun yanında bir nəfər kapitan formasında erməni hərbçi oturmuşdu. Onun əlində qumbara var idi. Ermənilər Vilayət Məmmədov və Məhərrəmi avtomobildən düşürüb, onları döymüş və Seyidovdan mənim Başkəndə gətirilməyimi istəmişdirlər. Seyidov məndən bir daha Başkəndin mərkəzinə gedib ermənilərlə görüşməyimi istədi. Mən ermənilərin çinkin niyyətini başa düşüb, getmədim. Seyidovdan onlarla gələn erməni hərbçisini də götürüb ərazini tərk etməsini tələb etdim. Sonradan öyrəndim ki, görüş baş tutsaydı ermənilər məni kirov götürəcəkdilər..
Aradan bir müddət keçdi. Axşam saat 22 radələri olardı: Yaşadığım evin yaxınlığında yerləşən posta idi. Güclü atışma başladı. Məlum olmayan qüvvələr tərəfindən post və mənim yaşadığım ərazi atəşə tutulurdu. Mən dərhal ratsiya ilə Şınıx polis bölməsinin rəisi Tofiq Qarayevdən və Düzrəsullu kəndində yerləşən “Dəli Kür” dəstəsindən kapitan Sərdar Heydərov başda olmaqla kömək istədim. Sərdarın dəstəsi bizim evə gəldi, Tofiq Qarayevin dəstəsi digər tərəfdən Göyəlli kəndindən həmin posta tərəf irəlilədi. Hərbi köməyin gəldiyini görən silahlı dəstə üzvləri atəşi dayandırıb qaçmalı oldular.
Həmin gündən qədər sonra səhəri Bakıda yaşayan dayım Fərman Süleymanov axşam saat 20 radələrində bizim evdə mənimlə söhbət edirdi. Bir ar keçmiş Fərmandan böyük olan dayım İsbəndiyar idarə ediyi “Ural” markalı avtomobillə bizim yanımıza gəlirdi. Dayım Fərmanla mən onun qabağına çıxdıq. Bu zaman evin qabağındakı kolluqdan atılan güllə Fərmanla mənim aramdan keçdi. Vəziyyət çox ciddi idi. Müəyyən qüvvələr zonada aparılan işlərə maneçilik törətmək və ərazidə hərc-mərclik yaratmaq istəyirdilər. Mən Gədəbəy rayon polis şöbəsinə müracət edərək təhlükəsizliyimin qorunması üçün kömək istədim. Rayon polis şöbəsi isə mənim müraciətimə müsbət yanaşmadı. Şınıxda bizim qohum- əqrabanı “çeçenlər” adlandırırdılar. Ona görə də məkrli qüvvələr açıq şəkildə mənə qarşı təxribat törədə bilmirdilər. Hərəkət marşurutumu tez-tez dəyişməli olurdum. Bu isə onların çirkin niyyətlərini həyata keçirməyə mane olurdu.
Yaşadığım ev Ermənistan sərhəddinə yaxın idi. Kəndin ərazisindən Ermənistan ərazisinə atılan qrad mərmilərin ikinci atışı bizim evin üstündə baş verdi.
Zonanın rəhbər şəxslərindən Göyəlli kəndinin icra nümayəndəsi Ələddin Qurbanov, Hacılar kəndinin icra nümayəndəsi Əsəd Alıyev, Düzrəsullu kənd icra nümayəndəsi Vilayət Məmmədov, Arabaçı kənd icra nümayəndəsi Mirzə Quliyev, Arabaçı sovxozunun direktoru Baxış Nağıyev, Göyəlli kolxozunun sədri Subhan Orucov, Hacılar kolxozunun sədri Mədəd Hacıyev, Şınıx zona Aqrar İstehsalat Birliyinin rəisi Nazim Babayev və Şınıx polis bölməsinin rəisi Tofiq Qarayevlə birgə ərazidə müdafiənin təşkili, ictimai asayişin qorunması, əhalinin təhlükəsizliyinin təmin olunması üçün fasiləsiz olaraq gərgin iş aparırdım.
İsgəndər Aznaurovun topçu dəstəsi Mor-Mor kəndinin üstündə “Daşlı boyun” deyilən ərazidə erməni mövqelərindən aşağıda yerləşirdi. Ermənistanın hədəf nöqtələrini müəyyən etməkdə çətinlik yaranırdı. Həmin vaxtlar xidməti “Niva” markalı avtomobillə Hacılar kəndinin ərazisində yerləşən teleötürücü qüllənin yaxınlığındakı təpəyə çıxaraq ermənilərin atəş nöqtələrini müəyyən edib koordinantları İsgəndər Aznaurova ötürdük. Bu işdə icra nümayəndələri Ələddin Qurbanov və Əsəd Alıyev mənə yaxından köməklik göstərirdilər.
İsgəndər Aznaurovla birlikdə bizim evin yaxınlığında yerləşən təpədə quraşdırılmış 100 mm-lik topun şəxsi heyəti də fədakarlıq göstərirdilər. Onlar tərəfindən ermənilərə məxsus hərbi texnikanın hərəkətinə imkan verilmirdi. Ləzgiqaya yüksəkliyi və ətraf ərazilər daim həmin topun nəzarətində olurdu.
1992-ci ilin avqust ayı yaxınlaşdıqca Şınıxda vəziyyət gərginləşirdi. Ara-sıra baş verən hadisələr nəticəsində Novasaratovka-Başkənd-Şınıx yolu, Krasnoselo-Başkənd yolu bağlanırdı. Bu isə hər iki tərəfdə hərbi toqquşmanı yaxınlaşdırırdı.
Novosaratovkadan-Şınıxa getmək üçün Tovuz rayonunun Böyük Qışlaq kəndindən keçməklə uzun bir yol keçilməli olurdu.
Avqust ayının 2-də erməni hərbçilərinin atdığı top mərmisi Şınıxın Çayrəsullu kəndində Sinəxanım Məmmədovanın yaşadığı evə düşdü. Ermənilərin top atəşi nəticəsində zonada elektrik enerjisi kəsildi.
Mənim iş yerimlə (Düzrəsullu kəndi) qaldığım (Sonalar kəndi) yerin arasında 11 km məsafə var idi. Axşam saat 9 radələrində xidməti avtomobili ratsiya ilə yanıma çağırdım. Çünki, avtomobillərdə olan ratsiya ilə ətraf aləmlə əlaqə saxlayırdım. Sürücü Qabil Məmmədov iş yerinin yaxınlığında, Düzrəsullu kəndində qalırdı. O, çağırışa gəlməkdən imtina etdi. Məcbur olub Hacılar kolxozunun sədri Mədəd Hacıyevlə birlikdə QAZ-53 markalı avtomobillə iş yerinə gəldim. Qabil Məmmədov yenə də avtomobili idarə etməkdən boyun qaçırdı. Bir təhər Düzrəsullu kənd sakini Sultanəli Cəfərov xidməti avtomobili idarə etməyə razı saldıq. Xidməti avtomobillə Çayrəsullu kəndinə hadisə yerinə getdim. Ermənilərin top mərmisinin partlaması nəticəsində Sinəxanım Məmmədova və ailənin digər 2 üzvü həlak olmuşdu. Əhali vahimə içərisində idi. Zonanın rəhbər şəxslərini səfərbər edib ərazidə sakitlik yaratdıq. Rayon rəhbərliyi ilə əlaqə saxlayıb səhəri gün həlak olanları dəfn etdik.
Həmin vaxt on min nəfərlik əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən Şınıx zonasında sərhədlərin müdafiəsi ilə yanaşı əhalinin təhlükəsizliyinin qorunması ən aktual məsələyə çevrilmişdi.
Avqust ayının 3-də Ermınistanın Krasnoselo rayonu ilə Mutudərə kəndinin sərhəddində atışma zamanı 3 nəfər erməni yaraqlısı öldürüldü və xeyli hərbi sursat ələ keçirildi. Vəziyyət getdikcə çətinləşirdi. Ermənilər Krasnoselo-Başkənd yolunu açmaq üçün hücüma hazırlaşırdılar. Mutudərə və Qasımağalı kəndlərinin əhalisinin köçürülməsi zərurəti yarandı. Rayondan bir neçə avtobus və İsalı sovxozunun avtomobilləri vasitəsilə hər iki kəndin əhalisinin bir hissəsini çıxara bildik.
1992-ci ilin avqust ayının 6-da səhər tezdən Mutudərə zastavasının komandiri Şahbaz və Mutudərə kənd sakini Ələddin müəllim mənim yanımda oldular. Onlar ermənilərin hücüm edəcəyini və buna görə də Mutudərə zastavasına əlavə kömək verilməsini istədilər. Mən dərhal polis bölmə rəisi Tofiq Qarayev başda olmaqla 20 nəfər milis işçisini, Sərdar Heydərov başda olmaqla “Dəli Kür” dəstəsindən 20 nəfər hərbiçini-cəmi 40 nəfəri Mutudərə zastavasına köməyə göndərdim.
Ermənilərin ilk hücümü saat 12 radələrində dəf edildi. Həmin vaxt ratsiya ilə məlumat verdilər ki, Ermənilər Şınıxın digər hissəsində yerləşən Qaravəllər kəndini atəşə tutub. Xeyli ölən və yaralanan var. Şınıx polis böləməsinin rəisi Tofiq Qarayevlə birgə təcili yardım briqadası götürüb. Qaravəllər kəndinə getdik. Kəndə çatanda gördük ki, ermənilərin atdığı top mərmiləri bir neçə evin həyətyanı sahəsinə düşsə də xoşbəxtlikdən ölüm yoxdur.
Saat 14 radələrində Hacılar kəndinin icra nümayəndəsi Əsəd Alıyevlə (onun avtomobilində ratsiya var idi.) Çayrəsulluya qayıtdım. Yolda Mutudərəyə köməyə göndərdiyim polis işçisi Şakirlə rastlaşdım. Ondan soruşdum ki, Sizin dəstə Mutudərəni müdafiə etməli idi. Nə oldu? Dedi ki, köməyə göndərdiyin hərbi dəstəni geri çağırdılar. Erməni tankları artıq Mutudərəni keçib Başkəndə giriblər.
Xidməti avtomobili ratsiya ilə çağırdım. Avtomobil Çayrəsullu məktəbinin yaxınlığında Şınıx-Qaradaş yolunun üstündə durmuşdur. Aramızda 150 metrə masafə var idi. Əsəd Alıyev kəndə qayıtdı. Mən avtomobilin yanındakı körpünü keçib yola çıxdım. Sürücü avtomobili qaçırmışdı.
Ərazidə köç başlamışdı. Bütün kəndlərdə əhali daşınan əşyaları müxtəlif növ nəqliyyat vasitələrinin köməyi ilə ərazidən çıxarırdı.
Şınıx mədəniyyət şöbəsinin avtomobilinin sürücüsü Qoşqar Tağıyevin köməyi ilə xidməti avtomobili Tovuz rayonunun Qaradağ kəndi ərazisində tapdım. Artıq gecə saat 12 radələri olardı. Sürücü qəti olaraq avtomobili idarə etməkdən imtina etdi. Mən bir neçə nəfərin köməyi ilə avtomobili Qabil Məşədiyevdən aldım. Mədəniyyət şöbəsinin sürücüsü Qoşqar Tağıyev məni qardaşım Adıgözəli və bir nəfər adını bilmədiyim kapitan rütbəli hərbçini Tovuzla Şınıx sərhədinə gətirdi. Həmin vaxt Qoşqarın ailə üzvləri bizim yanımıza gəldi və onun avtomobili idarə etməsini istəmədilər.
Mən heç bir sürücülük təcrübəsi olmadan xidməti avtomobili idarə etməyi qərara aldım. Bir təhər avtomobili Çayrəsullu kəndinə gedənə qədər idarə etdim. Ratsiya ilə bütün postlarla əlaqə saxladım və əhalinin sakitliyinə çalışdım. Xalam oğlanları Baxış Hüseynovla Talıb Həmzəyevi köməyə çağırdım. Həmin gecə avtomobili xalam oğlu Baxış Hüseynov idarə etdi.
Həmin gecə Düzrəsullu-Başkənd və Tovuz rayonunun Göyəbaxan kəndlərinin sərhədində yerləşən “Qaradağ” postunda Məhərrəm Ələsgərov ratsiyada fasiləsiz olaraq kimləri isə söyür, onları satqın adlandırırdı. Sonradan öyrəndim ki, Məhərrəmin mənim və digərlərinin həmin gecə ratsiya ilə olan danışıqlarını Şınıx Xeyriyyə Cəmiyyətinin sədri Vaqif Bayramov yazdırırmış.
Gecə Gədəbəy tərəfdən Böyük Qışlaq yolu ilə Məhərrəm Hüseynovun dəstəsi köməyə gəldi. Gecə həmçinin Gədəbəy rayon prokurorunun köməkçisi Aytəkin Paşayev MTN Gədəbəy rayon şöbəsinin rəis müavini Vahid İsmayılov və Şahin Əliyevdə Şınıxa gəlmişdilər. Onlarla mən Şınıxın mərkəzində yerləşən bazarın yanında görüşdüm. Vəziyyətlə tanışlıqdan sonra avqustun 7-də onlar rayon mərkəzinə qayıtdılar.
Səhər tezdən ermənilərin hücumu nəticəsində Mutudərənin müdafiəsi zamanı Məzahir Rüstəmovun qəhrəmancasına həlak olması xəbərini aldım.
Gecə ikən qadınlar və uşaqlar kəndləri tərk etmişdilər. Postlarda dayanan əsgərlərə yemək çatdırmaq lazım idi. Odur ki, onlara çörək və digər ərzaqlar toplayıb özümüz çatdırmalı olduq.
Ayın 7-də Başkəndə Gədəbəy tərəfdən hücüm gözlənilsə də, həmin gün heç bir əməliyyat aparılmadı.
Avqustun 8-də Başkəndin, Mutudərə və Qasımağalı kəndlərinin erməni işğalçılarından azad edilməsi planı hazırlanmışdı.
Şınıx tərəfdə Fərzalı xəstəxanasında gərargah yatarmışdıq. Şınıx zonasında döyüşən əsgər və zabitlərin ərzaq təminatını, yaralanan və ölən hərbçilərin daşınması və yerləşdirilməsi işlərini qərargahdan idarə edirdim.
(ardı var)
Sənan Quliyev