Pandemiya sonra dünyanın əski halına qayıtması asan iş deyildi. Psixologiyaları, düzənləri alt-üst olmuş insanların pandemiyadan öncəki həyatlarını qaydasına salması üçün zaman lazım idi. Pandemiyadan 2 il keçib hələ də həyatın bir çox sahələrində axsamalar olduğunu görmək mümkündür. Belə bir zamanda Bursadan gözəl bir xəbər gəldi. Yörük Türkmən Birliyi Bursa Uludağ Universiteti ilə “Türk dünyası Stratejik Araşdırmalar Kongresi: Avrupalı Türkler ve Avrupada Türkler” adlı beynəlxalq elmi simpozium keçirir. Simpoziuma biz də “Göyçək Fatma və Cindrella nağıllarında motivlər” mövzulu məruzə ilə biz də müraciət etdik. Simpoziumun cazibədar tərəfi sadəcə Yörüklərin tədbiri keçirməsi deyil, həm də xərclərin orqanizator tərəfindən ödənməsidir. Pandemiya sonrası belə tədbirlərin sayı olduqca azalmışdı. Aldığı maaş ilə ayın bu başından o başına güclə çıxan Azərbaycan aliminin də xaricə çıxışı ancaq bu şəkildə ola bilərdi. Odur ki, səbrsizliklə simpozium gününü gözləməyə başladım.
Mayın 16-sı gecə saatlarında Bursaya yolçuluq başladı. AMEA Folklor İnstitutunun əməkdaşı dəyərli Fidan Qasımova, həmin institutun doktorantı Şəbnəm Əsədova, İslam Əsədov və bu gözəl ailənin oğlu Nadir Əsədov ilə tam bir heyət olduq. Bizim biletimiz İstanbula 17 May səhər tezdənə idi. Bizi Bursaya aparacaq avtobus isə axşam saat 18:00-da olacağı üçün İstanbulu gəzmək istədik. Öncəliyi Türkiyədə məşhur olduğu qədər ölkəmizdə də məşhur olan serpme kahvaltı etmək istədik. Kadıköyde olduqca ləzzətli bir səhər yeməyinə sudan ucuz pul ödədikdən sonra Bakıdakı qiymətlərin niyə bu qədər bahalı olduğunu, Türkiyədəki maaşın Bakıdakı maaşlardan dəfələrlə çox olmasına rəğmən Bakıda qiymətlərin əl yandırmasından bəhs edərək Kadıköy sahilini dolaşdıq. Canlı musiqi müşayəti ilə gəmiyə minib Eminönüyə getmək həm də gəmiyə minib ucuz bir mini Boğaz turu atmaq qərarına gəldik. Liman şəhəri olan Bakıda niyə gəmi vapurlarının olmaması da gəmidəki söhbət mövzumuz idi. Bakıda Ələtdən şəhər mərkəzinə gələ bilmək üçün gündə iki dəfə marşurut işləyir ya da işləmir. Şansımız olub marşuruta minsək şəhərin ən ucqar metrostansiyasına 2 saata çatmaq mümkündür. Halbuki gəmi ilə bu müddət sadəcə yarım saata düşə bilər. Bakıda bu cür dəniz marşurutlarının niyə olmaması fikri də bizi narahat etsə də, Boğazın gözəl mənzərəsində bunu məhv etmək istəmədik. Deyə-gülə gəldik çatdıq Əminönünə...
Əminönündən Kadıköyə dəniz ilə deyil, marşurut ilə qayıtmaq istədik. Heyhat! Yol uzandıqca uzandı. Marşuruta mindik, daha sonra metrodan istifadə etdik, Marmaraya keçdik, təkrar metro və nəhayət Sabiha Gökçen hava limanı... Yanlış anlaşılmasın, bu keçidlərin hamısı od bahası pul ilə gerçəkləşdi. Bir xətt üzrə olmamasının məntiqini anlamadım heç cür. Görünür, kapitalist sistemdə “hər şey pul tələsidir” ifadəsi doğru imiş.
Birtəhər özümüzü hava limanına çatdırdıq. Təşkilatçıların qarşılama avtobusu hazır vəziyyətdə bizi gözləyirdi. Avtobusda bəzi alimlərin simaları tanış idi, bəzilərini ilk dəfə idi tanıyırdım. Lindita Xanarinin ata nənəsi Türkiyə Türkü bir alban idi. Zamanında Türk olduğu üçün nənəsinin yaşadığı çətinliklərdən danışdı bizə. Olduqca üzücü bir hekayə idi.
Linda xanımdan diqqətimizi ayırdıqdan sonra bir gənc xanımı Azərbaycanlı sanıb adını soruşdum. Çox şirin bir Türkiyə Türkçəsində mənə boşnak olduğunu dedi. Xanımın bir Azərbaycanlıya oxşadığını dedim, güldü və yoldaşılarının hamısının belə düşündüyünü dedi. Avtobusda diqqətimi çəkən bir digər iştirakçı hindistanlı Nouşad oldu. Türkçə şirin ləms ilə tərtəmiz danışırdı. Avtobusdakı alim karmasından necə bir simpozium keçəcəyi haqqında az-çox təəssürat sahibi olmaq mümkün idi. Simpoziumun proqramına görə 10 ölkədən 150-dən çox iştirakçı var idi. Hələlik ilk karma çox maraqlı idi.
18 May səhər tezdən simpoziumun olacağı salona girərkən bizi qarşılayan Türk Dünyası Gənclərindən ibarət komanda əslində necə bir toplantıya gəldiyimizin ilk ipuclarını verdi bizə. Uyğur, Özbək, Türkmən, Qazax, Azərbaycan Türklərindən ibarət gənclik tam mütəşəkkil, təcrübəli bir komanda olub. Arı kimi işləməklə yanaşı, simpoziumun ən gözəl fərdləri idi. Açılış toplantısı hər zamankı kimi rəsmi çıxışlardan ibarət oldu. Daha sonra sessiya çıxışları başladı. Avropadakı Türklər və Avropalı Türklər mövzuzusnda bir birindən maraqlı məruzələr dinlədik. İlk gecə Bursa Böyük Şəhər Bələdiyyəsi bizə Merinosda Gala yeməyi verdi. Olduqca maraqlı və səmimi ortamda keçdi yemək gecəsi. Bəndəniz də hər zamankı kimi harda gənc görsə özünü onların içinə aid edir bir şəkildə. Bu dəfə də ənənə dəyişmədi. Bu gənclərlə söhbət etdikcə, onların necə gözəl yetişdiyini gördükcə anladım ki, Türk gəncliyi hələ də diridir, Türklük dünşücəsi isə sağlam əllərə əmanətdir. Bu gəncliyin içərisində Uyğur kökənli Abdullahın hekayəsi isə ürəyimi parçaladı. Abdullahdan “uyğurlara edilən işkəncələr haqqında xəbərlər doğrudurmu?” sualımın qarşılığında verdiyi cavab hər şeyi izah edirdi: Abdullah 2021-ci ildən bu yana ailəsindən heç bir xəbər ala bilmirmiş. İllər öncə Misirə gedib oxumaq üçün daha sonra Türkiyəyə gəlib və bir daha geri qayıtmayıb. Ailəsi aktiv uyğurlardan imiş. Buna görə də “cəzasını çəkib”.
Simpoziumun ikinci günü yenə olduqca maraqlı məruzələr dinlədikdən sonra təşkilat komitəsi qonaqlara mini şəhər gəzintisi təşkil etmişdilər. Əvvəlcə Kənt meydanında getdik. Yüksək bir zirvədən Bursanın mənzərəsini izlədik. Dağların dört tərəfdən qucaqladığı şəhər göz oxşadıqca oxşayırdı. Dağlar sıra-sıra düzülmüşdü. Bəzilərinin başında qar var idi. Qar olan dağların məşhur Uludağ olduğunu dedilər. Yamyaşıl ağacların arasından qırmızı kərpicli binalar boy göstərməyə çalışırdı. Mənzərə yaxınlaşdıqca isə ağaclar binaların arasından boy göstərməyə çalışırdı. Təkdən tükdən bir ağac qırmızı kərpiclərə rəng qatırdı sanki. Mənzərəyə heyran olmamaq olmazdı.
Sonrakı istiqamətimiz Panorama muzeyi idi. Muzeyin adını ilk dəfə eşidəndə Bursanın gözəl mənzərələrindən ibarət bir muzey olduğunu düşündüm. Ancaq daha sonra məsələnin çox başqa olduğunu bildim. Muzey Osman Qazinin 1326-cı il 6 aprel günü Bursanı fəth etməsinə həsr edilibmiş. 20 illik mühasirədən sonra Osman Qazi Bursanı fəth edir. Bu fəthin şərəfinə o günün panoramasından ibarət 3D texnologiyası ilə muzey qurulub. Muzey 8300 kvadrat metrlik sahədə qurulub. Bir dəfə dairə atıb panoramı gəzmək ən az 20 dəqiqəyə başa gəlir. Panoramdakı mənzərələr də ayrı aləmdir: Osman Qazi ilə Bursanı təslim etməyə gəlmiş heyətin alaçıq önündə mənzərəsi, başqa bir tərəfdə Bursanın o günkü bazarı, tərəkəmələrin qurduqları alaçıq, karvan yolu və simvolik bir neçə mənzərə. Bu mənzərələrdən ən gözəli hər halda Dədə Qorqudun başına kənd camaatını yığıb boy boylayıb, soy soyladığı mənzərədir. Muzeyin həmin hissəsindən keçdikdə sanki xəfif şəkildə qopuz səsi eşidilir. Qopuzun hər simi titrədikcə ürəyi titrəyir insanın.
Panorama muzeyinə hayıl-mayıl olub olduqca yüksək əhval-ruhiyyə ilə oradan ayrılıb yörük çadırlarına doğru üz tutduq. Panorama muzeyindən sonra Yörük çadırında oturub dincəlməyin hansı səviyyədə mənəvi qida olduğunu izah edə bilmərəm. Dünyanın bir çox ölkələrinə getmiş, müxtəlif simpoziumlarda və təşkilatçılıqlarda olmuş birisiyəm. Doğrusu, bu dəfəki simpoziumu çox ayrı bir kateqoriyaya qoymaq istəyirəm. Təşkilatçılar sanki düşünərək ardıcıl şəkildə öncə qonaqlarını Türk Dünyasının gəncləri ilə tanış edir, daha sonra tarixin fərəhli səhifələrinə aparır, ən sonda çadırda Türklüyü qana-qana yaşadır. O gecə o çadırda hər Türk xalqından bir nümayəndə özünə aid bir lətifə danışdı. Daha sonra Türk Dünyasının ortaq kültüründən bəhs edildi. Sanki ruhumuzun illərdir bu söhbətlərə ac olduğunu, ruhumun necə qanadlandığını o gecə orada hiss edirdim. Heç bir şəkildə bir azdan bu gözəlliyin bitməsi düşüncəsindən qurtulub anın keyfini çıxara bilmirdim. Gerçəkdən də vaxt gəldi və biz çadırı tərk edib otelimizə qayıtdıq.
O gecə yata bilmədim. Çadır, alaçıq kültürünün bizdə də olduğunu, hətta savaş çıxana kimi nənəmin yayda yaylağa, qışda qışlağa getdiyini xatırlayıram. Bildiyim qədərilə Gədəbəydə hələ də yaylaq-qışlaq kültürü yaşamaqdadır. Digər tərəkəmə bölgələrimizdən xəbərim yoxdur. Bu kültür bizdə də varsa biz niyə heç yerdə çadır qurmuruq görəsən?
Sonra ağlıma gələn fikirdən özüm də ürpərdim: çadırı qurub bu dəfə də girişini od qiymətinə etməsinlər? Məlumdur ki, bizdə hər şey, ancaq özəlliklə milliliyimizi xatırladan nüansların hamısı od qiymətinədir. Bu çadırı universitetin kampusuna tələbələr üçün qurublar. Yörük Türkmən Birliyinin dəliqanlıları burada oturur, məsləhət-məşvərət edirlər. Köməyə ehtiyacı olanlara kömək edirlər. Yəni, bir sözlə, kültürü dərindən yaşadır, günümüzdə gənclərə aşılayırlar. Bu çadıra girən gəncin artıq ruhundakı tərəkəməlik, damarındakı türklük oyanmış olur. Sonrasında etdiyi hər şey milli ruhdan kənara çıxa bilməz!
Simpoziumun üçüncü günü 19 May, yəni Gənclik və spor bayramına düşürdü. Məruzələrimizi bitirib Bursa, Kələs yaylasına getdik. Yaylada universitet gənclərinin qələbəliyi ilə yanaşı, şəhər sakinləri də gəlmişdir və hər kəs piknik edirdi. Yaylada Qaşqay Türklərinin dərnəyinin, Yörük Türkmən Birliyinin və Universitetin qurduğu çadırlar yenidən bizi pastoral əhval-ruhiyyədən otantik hisslərə doğru apara bildi. Bu necə duyğu idi axı?Bir yanda yaşıl yamaclı dağlar, təbiətin gəlhagəli, digər tərəfdə tarixin türk qoxusu buram buram dolurdu ciyərlərimizə. Əlimizdə son model telefonlarımız ilə bu pastoral-otantik mənzərəni nə qədər çəkə bilərdik ki? Müasirlik tarixiliyi nə qədər içinə ala bilərdi ki?
Simpozium təşkilatçılarının məqsədi bizi tarixi köklərimizə qaytarıb, əslində kim olduğumuzu xatırlatmaq idimi bilmirəm, ancaq simpozium boyunca bizə təlqin edilən yöürklük (təkəməlik), türklük ensantenələrinin oxunan onlarla məruzədən daha təsirli olduğunu bilirəm. Təşkilatçılara bu mənada sonsuz təşəkkür edirəm. Simpoziumdan bir “qucaq” mənəvi zənginlik və hüzur ilə qayıtdığım yol boyunca elə təyyarədəcə bu məqaləni yazıram... Tanrı Türkə yar olsun.
Dos.Aynur Qəzənfərqızı
Xəzər MAFİ-nin koordinatoru, folklorşünas