Adil Əliyev icra başçısı təyin olunur

Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.  “AzPolitika.info”-ya daxil olan məlumata görə, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq.  Məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu Adil Əliyevdir.  Qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşdırılacaq Milli Məclisin tərkibində olduğu kimi, sədarətində də yenilənmə olacağı ehtimalı böyükdür. 

Beyləqanda süpürgəçini maşın vurub öldürdü

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.  Sozcu.az xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.  Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı zərbədən hadisə yerində həyatını itirib.  Faktla bağlı araşdırma aparılır. 

Rəsmi Bakının Pezeşkiandan gözləntisi - XİN rəhbəri danışdı

İranda yeni prezident vəzifəsinin icrasına başlayandan sonra əsas gözləntimiz Azərbaycanla münasibətlərin daha da inkişafı istiqamətindədir. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. “Bilirsiniz ki, bu yaxınlarda İranda növbədənkənar seçkilər keçirildi və yeni prezident seçildi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev ona (Məsud Pezeşkian) təbrik ünvanladı. Mən onu da qeyd etmək istəyirəm ki, biz bundan sonra da Azərbaycanla İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq”, - nazir qeyd edib.

Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...

Gürcüstan iqtisadiyyatında vəziyyət kifayət qədər yaxşıdır: 2022-ci ildə ÜDM 10,4%, 2023-də 7%, 2024-cü ilin 1-ci rübündə isə 8,4% artıb. İşsizlik yox dərəcəsindədir, hətta hamı işçi axtarır, maaşlar yüksəlib. Doğrudur, son 3-4 ildə qiymətlər də artıb, artıq Gürcüstan Azərbaycandan ucuz deyil, hətta bir çox sahələrdə daha baha ölkədir, amma maaşların yüksəlməsi, inflyasiyanın son ildə 1% civarında olması ölkədə iqtisadi vəziyyətə xeyli müsbət təsir göstərib.  Sozcu.az xəbər verir ki, bu barədə qonşu ölkədə səfərdə olan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O, özünün facebook səhifəsində bildirib ki, gürcülər üçün AB ölkələrinə vizasız rejimdir deyə, işçi qüvvəsinin bir hissəsi Avropaya gedib: “Ev tikən və təmir edənlər, maşın və telefon ustaları, TIR sürücüləri və bir çox başqa peşə sahibləri Polşa, Almaniya və s. ölkələrdə yüksək qazanc əldə edirlər, Gürcüstanda isə işçi çatışmır. Ona görə də əvvəllər iş tapa bilməyən soydaşlarımızın hamısı indi Tiflis və digər şəhərlərdə 1500-2000 lari arası maaşı olan işi rahatlıqla tapa bilirlər. Hətta 1500 lari maaş artıq cəlbedici deyil, hamı 2000 və daha yuxarı maaşlı iş axtarır. Biznes üçün də cənnətdir – kiçik sahibkarlar, illik dövriyyəsi 1 mln. lariyə qədər olanlar dövriyyədən cəmi 1% vergi ödəyib rahat işləyirlər. Biznes üçün çox sərfəli kredit şərtləri var, aqrar sektora da banklar uzunmüddətli və aşağı faizli kredit verirlər. Turizm sahəsi isə pandemiyadan öncəki səviyyəni keçib – keçən il 7 mln. turist qəbul edib, turizmdən 4 mlrd. dollar qazanıblar, bu ilə hədəf 8 mln. turist və 4,5 mlrd. dollardır”. Ekspertin sözlərinə görə, illər öncə Azərbaycana üz tutan Gürcüstandakı soydaşlarımız geri qayıtmağa başlayıb: “Mənim öz yaxın qohumlarımdan son 2-3 ildə azı 10 nəfərə yaxını geriyə, Gürcüstana qayıdıb. Onu da deyim ki, kəndlərin hamısında işıq-qaz-su problemi, demək olar ki, tam həllini tapıb, seçilmiş bələdiyyələr arı kimi çalışırlar, hətta kəndlərdə belə gecə işiqlandırma var, bələdiyyə hesabına küçələri işıqlandırırlar”. Onun sözlərinə görə, gürcülər Gürcü Arzusundan bizdə təsəvvür edildiyi kimi, narazı deyillər, Saakaşvilini də bizdəki kimi sevmirlər: “Gürcüstanın problemləri, təbii ki, var – demoqrafiya pis vəziyyətdədir, torpaqları işğal altındadır, yaranmış fürsətlərdən tam istifadə etmirlər, tənbəldirlər, amma yolları doğrudur, cəmi 10 ildən sonra çox irəlidə olacaqlar”. 

Bakıda polisi qətlə yetirdilər - Əməliyyat başında - FOTO

İyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum olunmuş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az -a bildirilib ki, M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib. Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyri-sabit hava sabah gündüzədək davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti iyulun 8-i gündüzədək davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzurda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Abşeronda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində öldü

Abşeronda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb. Hadisə Saray qəsəbəsində yerləşən fərdi evlərdən birində baş verib.  2022-ci il təvəllüdlü O.Cəbrayılov yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.  Faktla bağlı araşdırma aparılır./Report 

Rusiyanın itkiləri 550 mini ÖTDÜ

Ukrayna müharibənin 865-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 550 990 hərbçi, 8 155 ədəd tank, 15 645 ədəd zirehli döyüş maşını, 14 937 ədəd artilleriya sistemi, 1 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 879 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 103 ədəd avtomobil texnikası, 11 862 ədəd PUA, 2 352 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 495 xüsusi avadanlıq itirib.

İsmayıllıda 3 ailənin yaşadığı ev külə döndü: xəsarət alanlar var

İsmayıllıda 3 ailənin yaşadığı 5 otaqlı mənzil yanaraq külə dönüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Qalınçaq kəndində Bayramov Bəhmən Rəcəb oğluna məxsus 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğın zamanı ev sahibi, 1959-cu il təvəllüdlü Bayramov Bəhmən Rəcəb oğlu və 1969-cu il təvəllüdlü Bayramova Nəzakət Yaqub qızı zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, yanğın nəticəsində xırdabuynuzlu ev heyvanları və toyuq-cücə tələf olub. Hadisə yerinə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

İsa Qəmbər seçkilərdə namizəd olacaq? - AÇIQLAMA

İyulun 4-də Müsavat Partiyasının Məclisi özünün növbədənkənar sessiyasını keçirib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub. Məclis Müsavat Partiyasının 1 sentyabr seçkisində iştirak etməsi barədə qərar qəbul edib. Məclis həmçinin deputatlığa namizədlərin irəli sürülməsi və digər prosedur məsələlərlə bağlı operativ qərarların qəbul edilməsi üçün Divana səlahiyyət verib. Partiyanın başqanı İsa Qəmbərin təklifi ilə Arif Hacılı seçki qərargahının sədri seçilib. Bəs Müsavat Partiyasının başqanı İsa Qəmbərin özü də parlament seçkilərində iştirak edəcəkmi? Modern.az Müsavat Partiyası ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı bunları deyib: "Partiyanın Ali Məclisi toplaşıb seçkilərdə iştirakla bağlı məsələni müzakirə etdi. Qərara alındı ki, Müsavat Partiyası seçkilərdə iştirak etsin. Kimin seçkilərdə iştirak etməsi məsələsi isə müzakirə olunmayıb. Hər bir şəxs, hər bir müsavatçı istədiyi dairədən namizədliyini irəli sürməkdə sərbəstdir. Bu barədə məsələ hələ müzakirə olmayıb. İsa Qəmbər seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı ancaq özü məlumat verə bilər. Onun əvəzinə kimsə nəsə deyə bilməz".

MSK Müsavatın səlahiyyətli nümayəndələrini qeydə aldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Sozcu.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. İclasda Müsavat Partiyasının 30 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə 6 səlahiyyətli nümayəndəsi qeydə alınıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.apa

Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək

Ermənistanın baş naziri Nikol Paşinyan Kirants (Güney) və Açarkut kəndlərində yeni yolun inşası işləri ilə tanış olub. Respublikanın hökumət başçısı səfəri haqqında görüntüləri özünün "Telegram" səhifəsində paylaşıb. Onu Tavuş vilayətinin qubernatoru Vahe Qalumyan və digər məsul şəxslər müşayiət ediblər. Kadrlarda torpaq işləri və drenaj kollektorlarının tikintisi göstərilir. Yeni yol ona görə tikilir ki, Ermənistandan Gürcüstana gedən magistralda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcək. Bura Kirants kəndində iki ev, yolun bir hissəsi və 50-yə yaxın torpaq sahəsi daxildir. Kirants kəndinə səfəri zamanı baş nazir, həmçinin Ermənistan və Azərbaycan arasında təchiz edilmiş sərhəd sahəsini nəzərdən keçirib./Oxu.az

“Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq” - Prezident

"Böyük Qayıdış" Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

İranla bağlı qalmaqallı açıqlama: “Özünü toparlayan kimi düşmənçiliyə davam edəcək”

“Qərb İranın bəsit oyunlarına artıq aldanmır, İran diqqəti cəlb etmək üçün daha çox güzəştlər etməli olacaq”. Bu sözləri Güney Azərbaycanlı siyasətçi Çingiz Göytürk “Yeni Sabah”a açıqlamasında bildirib. O, seçkidən sonrakı vəziyyəti belə ifadə edib: “İran İslam Respublikasının bu seçki nümayişindən gözlədiyi əsas iki məsələ var. Birincisi teokratik rejimin öz daxilindən Qərb dövlətləri ilə dil tapa biləcək bir fiqurun ortaya çıxarılmasıdır ki, bu da 3 ay bundan öncəyə qədər proseslərdən tamamilə əl-ayağını çəkmiş, hətta əvvəlki seçkiləri boykot etmiş islahatçılarla mümkün idi. İkincisi isə, daxildə gündən-günə artan radikal anti-rejim təmayüllərini sistemin öz içərisindən və kontrolu altında ortaya çıxan alternativlərlə dəyişdirmək idi. Burada əsas hədəf kütlələrdən birisi də məhz Güney Azərbaycandır. Güney Azərbaycanda öz milli dövlətini qurmaq, İran və irançılıqdan imtina təmayülləri rejimi olduqca tədirgin edirdi və bu seçkilərdə Azərbaycan Milli Hərəkatının potensialını öz milli dövləti uğrunda mübarizədən İranda reform uğrunda mübarizəyə yönəltmək rejimin ən önəmli qayələrindən biri idi. Bu sahədə rejim istəklərinə arzu etdiyi səviyyədə nail olmasa da, yeni süni ümidlər yaratmaqla qismən də olsa bu hədəfə çatdı. Ancaq Qərbin İranda keçirilən seçki nümayişinə biganə yanaşması onu göstərir ki, Qərb artıq bu rejimin bəsit oyunlarına etibar etmir və İran onların diqqətini cəlb etmək üçün daha çox güzəştlərə getməlidir”. Siyasətçi qeyd edib ki, İran özünü toparlayan kimi, düşmənçiliyə qaldığı yerdən davam edəcək: “Bir türkün prezident seçilməsi nəyi dəyişdirər sualına gəldikdə isə, bilirik ki, İranda prezidentin səlahiyyətləri olduqca məhduddur. Dini rəhbərliyin razılığı olmadan hər hansı məsələnin dəyişdirilməsi mümkün deyil. Hətta o qədər ki, prezidentin birinci müavini, əsas nazirliklər, o cümlədən, ali təhsil və güc strukturlarına rəhbər şəxsləri belə rəhbər təyin edir. Birinci müavin və əsas nazirliklər dini rəhbərin idarəsindədir və o, bu vəzifələrə nazirləri təyin edir. Yəni, prezidentin hər hansı bir dəyişiklik həyata keçirməsi mümkün deyil.  Son olaraq onu da bildirim ki, İran İslam Cümhuriyyəti istər xarici, istərsə də daxili siyasətdə artıq ciddi çıxılmazlıqların içərisindədir. Daxili və xarici siyasətdə dəyişim isə qaçınılmazdır. Və yeni dönəmdə İran İslam Respublikası bu yöndəki iradəsini yeni seçilən prezident üzərində gerçəkləşdirməyə çalışacaq. Ancaq unudulmamalıdır ki, daha öncə də olduğu kimi, rejim özünü toparladığı anda təkrar əvvələ dönəcəkdir. Beləliklə də, düşmənçiliklərə qaldığı yerdən davam edəcəkdir”.

Pezeşkian İranı Turan edəcək? - “Türk əsri başlayır”, “Vahid Azərbaycan qurulur” deyənlər…

İranda keçirilən prezident seçkilərinin ikinci turunun nəticəsi elan edildi. Güney azərbaycanlı namizəd Məsud Pezeşkian 16 384 403 səs ilə prezident seçkilərinin qalibi oldu. Nəticələrin elan edildikdən sonra İranın paytaxtı Tehran, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya və digər şəhərlərində seçicilər küçələrə axışaraq, Məsud Pezeşkianın prezident seçkilərində qələbəsini qeyd edirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində M.Pezeşkianın qələbəsi sevinclə qarşılanır, hətta bu olayı “Türk Əsri” olaraq şərh edirlər. Sırf Güney azərbaycanlı olması səbəbindən Məsud Pezeşkianın qələbəsinə sevinmək onun xüsusi nə isə edəcəyini gözləmək real bir yanaşma sayılmır. Bu haqda indiyədək bir çox fikirlər var. Məsələ ondadır ki, Səid Cəlili kimi Məsud Pezeşkian da İran islam inqilabına və mövcud rejimə sadiqdir. Digər bir danılmaz fakt isə İrandakı seçki sistemi ilə bağlıdır. Pezeşkian və rəqiblərinin hamısının seçkidə iştirak etməsinə İran Ali dini lideri icazə verib. Yəni İranda prezident seçilmək bir yana, namizəd olmaq da o qədər asan bir şey deyil. Bundan başqa SEPAH faktoru da var və əslində həlledici yekun qərarı məhz o təşkilat verir. İranda geniş səlahiyyəti Ali dini lider institutu və atılan bütün addımlara nəzarət edən, qərar verən SEPAH olduğu müddətdə etnik mənsubiyyətindən asılı olmayaraq prezident olan şəxsin fərqli siyasət yeritməsi imkansızdır. Pezeşkianın prezident seçilməsini İranda “türk əsrinin” başlanması kimi təqdim etmək romantik yanaşmadan başqa bir şey deyil. İrandakı başlıca problem heç də türklərin siyasi proseslərdən kənarda qalması, ya da yüksək vəzifələrdə təmsil edilməməsi deyil. Müqayisə üçün deyim ki, İranda kifayət qədər Güney azərbaycanlı dini lider, deputat, siyasi şəxs var. Bilməyənlər üçün onu da deyim ki, SEPAH daxilində yüksəkrütbəli azərbaycanlılar da çoxdur. Lakin İrandakı teokratik rejim, onun elementləri və qərarvermə mexanizmi fars elitasının əlindədir. Bu sistem elə qurulub ki, etnik mənsubiyyət fərqi olmadan onun bir parçası olmaq, hətta yüksəlmək də olar. Lakin sistem etnik əsasda qərar verməyi ümmətçilik adı altında pərdələnən fars milliyyətçiliyini üstələməyə imkan vermir. Ümumiyyətlə, İranda Güney Azərbaycanın timsalında türk elitasının hakimiyyətə gəlməsini imkansız edən ən önəmli faktor milli kimliyin, özünüdərkin praqmatik əsaslarda deyil, romantizm əsasında olmasıdır. Yəni İrandakı türk elitası tam olaraq nə istədiyini bilmir. Elitanın ideoloqlarının bəzilərinin düşüncəsi belədir: 1. Güney Azərbaycan mədəni muxtariyyət əldə etməlidir; 2. Güney Azərbaycan yüksək muxtariyyət əldə etməlidir; 3. İran konfederasiya olmalı, iki dövlət modelinə keçməlidir; 4. Güney Azərbaycan müstəqil olmalıdır; 5. Güney Azərbaycan İrandan ayrılıb, şimala birləşməli, vahid Azərbaycan olmalıdır; 6. Türklər İranda hakimiyyəti ələ keçirməli, hakim elita olmalıdır. Bu görüş fərqliliyi əslində ötən əsrin ikinci yarısında İran islam inqilabının da seyrini dəyişdi və prosesi farsların lehinə yekunlaşdırdı. Güney Azərbaycan İran islam inqilabının qələbəsindən həlledici rol oynadıqdan sonra bir ildən də az müddətdə fikir ayrılıqları səbəbindən inqilaba dəstək verən ideoloqlarını, düşünürlərini itirməyə başladı. Bunlardan ən önəmli və dəyərlisi şübhəsiz əslən Güney azərbaycanlı olan Seyid Məhəmməd Kazım Şəriətmədari idi. O, din xadimi olsa da din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi. O, həm də İranda Cənubi Azərbaycan milli hərəkatının lideri olub və İranın tərkibində Cənubi Azərbaycan muxtariyyəti və daha sonra isə müstəqillik ideyasını dəstəkləyib. Lakin onun dövründə də türk elitasının heç də hamısı onu dəstəkləmədiyi üçün rejim qarşısında tab gətirə bilmədi. Hesab edirəm, Məsud Pezeşkianın prezident olması Güney Azərbaycandakı ideoloji böhranı daha da dərinləşdirəcək. Rejimə sadiq bir azərbaycanlının prezident olması sadəcə həmin rejimə sadiq təbəələrin yetişməsi, assimilyasiya prosesinin davam etməsi deməkdir. Turan Rzayev Globalinfo.az-ın siyasət yazarı

Pezişkianın seçkidən sonrakı mövqeyinin necə olacağı hələlik məlum deyil

İranda keçirilən prezident seçkilərində Məsud Pezişkian qalib gəlib.  Bu seçkilərdə Pezişkianın qələbəsi, xüsusilə bu qələbənin tanınması çoxları üçün gözlənilməz hadisədir.  Əslində ötən seçkilərdə namizəd olaraq seçkilərə buraxılmayan Pezişkianın  bu dəfə 6 namizəddən biri kimi seçkilərdə iştirakına icazə verilməsi əhalinin daha çox hissəsinin  seçkilərə qatılması naminə edilmişdi.  Pezişkian həm islahatçı qanadın yeganə nümayədəsi, həm də yeganə Azərbaycan türkü olaraq birgə seçki kampaniyası aparan digər 5 namizəddən fərqlənirdi.  Bəlkə ilk dəfə prezidentliyə namizəd seçki kampaniyasını islahatçı şüarlarla yanaşı, həm də aşkar azərbaycançı, türkçü şüarlarla aparırdı.  Bu seçki taktikası Azərbaycan əsilli Məsud Pezişkiana uğur gətirdi.  Seçkilərin ikinci turu ərəfəsində Pezişkianın qalib gələcəyindən ehtiyatlanan ali dini rəhbərin ona qarşı açıq mövqe bildirməsinə baxmayaraq Pezişkian rəqibindən fərqli üstün səs toplayaraq qalib gəldi.  …Pezişkianın seçkidən sonrakı mövqeyinin necə olacağı hələlik məlum deyil.  İran kimi mürəkləb bir ölkədə bu seçkilərin nəticələri kimi başqa gözlənilməz gedişatlar da ola bilər.  Amma bu seçkilərin hələlik məlum olan nəticələri İranda Azərbaycan amilinin mühüm yüksəlişi olmaqla yanaşı, mühafizəkar tərəfin mövqelərinə ciddi zərbədir.  Ümid edək ki, 5 iyul seçkiləri bu ölkədə intizarla gözlədiyimiz böyük dəyişikliklərin başlanğıc nöqtəsi olacaq. Arif Hacılı, Müsavat Partiyası Məclis sədri

Bakıda 43 yaşlı kişi talvardan yıxılaraq öldü

Bakıda 43 yaşlı kişi öz evinin talvarından yıxılaraq ölüb. Hadisə Xətai rayonu, General Şıxlınski küçəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Qaraşov Teymur Vaqif oğlu yaşadığı mənzilin damında talvar vurarkən öz ehtiyatsızlığı səbəbindən yıxılaraq ölüb. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.APA

ABŞ və Ermənistan birgə təlimə başlayır

İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək”, - məlumatda qeyd olunub. Bildirilib ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.

Rusiyanın itkiləri 550 minə yaxınlaşır

Ukrayna müharibənin 864-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 549 840 hərbçi, 8 153 ədəd tank, 15 629 ədəd zirehli döyüş maşını, 14 897 ədəd artilleriya sistemi, 1 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 878 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 053 ədəd avtomobil texnikası, 11 809 ədəd PUA, 2 351 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 479 xüsusi avadanlıq itirib.

Sabahdan Azərbaycanda toylar təxirə salınır - Məhərrəm ayı başlayır

Azərbaycanda sabahdan - iyulun 7-dən İslam təqvimi ilə Məhərrəm ayı başlayır. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında bildirilib. Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edəcək. Qeyd edək ki, Məhərrəm və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır. Bu il məhərrəmlikdən sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək.

İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana DƏVƏT ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda onu ölkəmizə səfərə dəvət edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı təbrik məktubunda bildirilib: “İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Məsud Pezeşkian kimdir?

M.Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində anadan olub. O, ibtidai təhsilini doğma şəhərində aldıqdan sonra əyalət mərkəzi Urmiya şəhərinə gedib və Urmiya Kənd Təsərrüfatı Kollecindən qida sənayesi diplomunu alıb. 1973-cü ildə Sistan və Bəlucistan əyalətində hərbi xidmətdə olan azərbaycanlı siyasətçi 1975-ci ildə təcrübi elmlər sahəsində yenidən təhsilə başlayıb və 1976-cı ildə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirib və Tibb Universitetində fiziologiya müəllimi kimi dərs deyib. 1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə, daha sonra 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisas alıb və dərhal Təbrizin "Şəhid Mədəni" Ürək Xəstəxanasında işə başlayıb, daha sonra həmin xəstəxananın rəisi olub. O, Məhəmməd Xatəminin prezidentliyi dövründə səhiyyə nazirinin müavini, daha sonra səhiyyə naziri vəzifəsində çalışıb. Məsud Pezeşkian İranın 8,9,10,11 və bu il keçirilən 12-ci dövr parlament seçkilərində qalıb gəlib, Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkili olub. Azərbaycanlı siyasətçi müxtəlif dövrlərdə İran parlamentinin Səhiyyə Komissiyasının üzvü, rəhbəri və parlament sədrinin birinci müavini vəzifələrini yerinə yetirib. 2013 cə 2021-ci illərdə prezident seçkilərində qeydiyyatdan keçən Məsud Pezeşkian son anda namizədliyini geri götürüb. O, 1 iyun 2024--cü ildə, Daxili İşlər Nazirliyində 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib, iyunun 9-d onun namizədliyi Nəzarət Şurası (Şurayi Nigəhban) tərəfindən təsdiq edilib. M.Pezeşkian ailəli olub, 4 övladı var, həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də o bir daha evlənməyib. İslahatçı siyasi cərəyana mənsub olan Təbrizin İran parlamentindəki millət vəkili mühafizəkar siyasi cərəyan üzvləri arasında da nüfuza sahibdir.  Uzun illər hakimiyyətdə təmsil olunmasına, yüksək vəzifələr tutmasına baxmayaraq adı repressiya və korrupsiya əməllərində hallanmayıb. O, iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, 16,384 milyon (53,6%) səs toplayaraq İranın 9-cu prezidenti seçilib.

Rusiyanın T90S tankı məhv edildi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir T-90S tankını KMT-7 mina trolu ilə məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib. O qeyd edib ki, hadisə Pokrovski istiqamətindəki Pobeda kəndi ərazisində baş verib.

Xidmət rəisi: İnsanlar bu qaydalara ciddi əməl etməlidirlər

Havanın isti keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğının baş vermə ehtimalını artırır. Buna uyğun olaraq, respublikanın meşə fondu ərazilərində tərəfimizdən qabaqlayıcı profilaktik tədbirlər görülməkdədir. Belə ki, meşə ilə həmsərhəd ərazilərdə yanğın əleyhinə zolaqlar çəkilir, nəzarət postlarının və müşahidə qüllələrinin sayı artırılır. Sozcu.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib. O qeyd edib ki, bu il ərzində meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə, Şəki, Ağdam, Lənkəran və Quba rayonlarında, ümumilikdə, 6 regional müşavirə, həmçinin respublikanın meşə örtüyü olan bütün rayonlarını əhatə etməklə Fövqəladə Hallar Nazirliyinin yerli qurumları ilə birlikdə 57 təlim keçirilib. Son dörd ay ərzində 543,35 kilometr uzunluğunda yanğın əleyhinə yeni qoruyucu mineral zolaqlar çəkilib, 351,3 kilometr zolaq isə bərpa edilib. Yanğın əleyhinə 61,62 kilometr uzunluğunda yeni yol çəkilib, 224,38 kilometr yol isə bərpa edilib. Bütün rayonlar üzrə 896 nəfərdən ibarət könüllü yanğınsöndürmə dəstələri yaradılıb. Regional Meşə Təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində baş vermiş yanğın barədə operativ məlumatın əldə edilməsi məqsədilə 38 müşahidə qülləsi quraşdırılıb, meşə ərazilərinin girişində 81 nöqtədə nəzarət postları qurulub. Xidmət rəisinin sözlərinə görə, təbiət ərazilərində, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması və əhalinin məlumatlandırılması məqsədilə meşələrin girişlərində və insanların daha çox olduğu ərazilərdə 1733 ədəd xəbərdaredici və məlumatlandırıcı yanğın lövhəsi vurulub. “Mütəmadi olaraq vətəndaşlarımıza, təbiət qoynunda istirahət edən turistlərə, meşə ətrafında yaşayan kənd sakinlərinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara və fermerlərə müraciət edirik ki, qızmar yay günlərində hədsiz diqqətli olsunlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, biçindən sonra sahələrə od vurmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və yaxud da məsuliyyətsizliyi qarşısıalınmaz yanğınlara səbəb olur. Vətəndaşlarımıza çağırış edirik ki, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməmək üçün daha da diqqətli olaq. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı və bu həyəcanı hər kəs hiss etməlidir”, - R.Əşrəfov bildirib.