Şəhid qardaşı intihar etdi - Bu məktubu qoydu... + FOTO

Şəhid Aslanov Babək Sakit oğlunun birinci kurs tələbəsi olan qardaşı Saməddin vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev  məlumat paylaşıb.  O ölümündən əvvəl sosial şəbəkə hesabında paylaşım edərək ətrafındakılardan halallıq istəyib və həyatına son verəcəyini bildirib. Qeyd edək ki, Babək Aslanov 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. 

Pensiya alan qadınlara pis xəbər – İyuldan...

Son günlər ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də qadınların bu il pensiya yaşının artırılması ilə bağlıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 olacaq. Sirr deyil ki, son zamanlar ölüm yaşı gəncləşib, əksəriyyət pensiya yaşı həddinə çatmır. Sual yaranır: "Əgər ölüm yaşı azalırsa, o zaman pensiya yaşı nəyə əsasən tənzimlənir?" Sozcu.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, hazırda kişilərin pensiya yaşı 65-dir, qadınlarda da 2027-ci ilə qədər bu hədd 65-ə çatacaq. O, qanunla qadınların pensiya yaşının 6 ay artırıldığını qeyd edib: "Kişilərdə bu proses daha sürətli getdi, qadınlarda isə 60-dan 65-ə artırıldığına görə gec gedir. Artım kişilərdə 2021-ci ildə yekunlaşıb, qadınlarda 2027-ci ildə yekunlaşacaq. Bu, "Əmək pensiyaları haqqında" Qanuna uyğun həyata keçirilir. Artıq qanun 7-8 il bundan öncə Milli Məclisdə qəbul edilib. Sadəcə, ardıcıllıq belə planlaşdırılıb və 2027-ci ildə bitəcək". İqtisadçı deyib ki, son illərin statistikası əvvəlki illərlə müqayisədə ömür müddətinin artdığını göstərir: "Biz bunu rəsmi statistikaya əsasən deməliyik. Digər tərəfdən qadınların ömrü kişilərdən haradasa 2 il çox olur. Kişilərin 65, qadınların isə daha tez pensiyaya çıxmasına gender problemi kimi baxıla bilər. Nəzəri olaraq kişilərlə qadınların eyni vaxtda pensiyaya çıxması yaxşıdır. Lakin məsələyə ümumi yanaşdıqda, pensiya yaş həddi Azərbaycan üçün çoxdur. 2017-ci ildə qəbul edilmiş qanun tamamilə yanlışdır. Burada ciddi sürətdə anti-humanist addım atılıb. Dediyim kimi, qadınlar kişilərdən çox yaşayır. Bunun orta yaş həddi haradasa 74 yaş həddindədir. 65 yaşda pensiyaya çıxanda orta ömür müddəti 74 olursa, bu o deməkdir ki, hökumət nəzəri olaraq vətəndaşa 9 il pensiya vermiş olur. Bunu da ona görə belə ediblər ki, daha az adama pensiya verilsin. Çünki pensioner dövlət üçün əlavə sosial yükdür". Xalid Kərimli Azərbaycanla Avropanı müqayisə edib: "Avropada da 65 yaşdan pensiyaya çıxılır. Amma orada insanların ömür müddəti 83-84 ildir. Avropada ömür müddətinin 80 ildən aşağı olan ölkəsi yoxdur. Ona görə də bizdə həm kişilərin, həm də qadınların pensiya yaş həddinin 65-ə qaldırılması yanlış idi. Lakin kişi və qadınların eyni yaşda pensiyaya çıxması tamamilə doğrudur. Bu, fərqli ola bilməz. Hətta fərqli olacaqsa, kişilərin xeyrinə olmalıdır. Çünki bəylərin gözlənilən ömür müddəti daha aşağıdır". Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. 2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq. Beləliklə də, 1 iyul 2026-cı il tarixindən etibarən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı 65 olacaq. Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.

MƏNİ YARALAYAN GÜLLƏ

- Mən heç bilmirdim... - Nəyi? - Onu necə yaraladığımı. - Qanaxmadan öldü? - Yəqin ki... - Biz özümüzü necə idarə edə bilərik? - Bu mümkünsüzdür... - Ah.h.h.h! - Hə, insanlar biri-birilərini öldürmək üçün nə desən edirlər. - Bizi icad etdikləri kimi... O, sağ əlinin barmaqları arasında tutduğu gülləyə qəzəblə baxıb, sonra sol əlinin barmaqları arasındakı gülləyə gözucu nəzər saldı. Bir az əvvəl eşitdiyiniz dialoqu səsləndirən o özü idi. İki gülləni biri-biri ilə danışdıran əsgərin, bir saat əvvəl döyüş yoldaşı ağır yaralanmışdı. O davam edərək sağ əlindəki güllədən soruşdu: - Sən heç görmüsən ki, düşmən torpağının ilanı, ayısı, iti, pişiyi əlinə silah alıb, bizim torpaqdakı öz həmcinsləri ilə müharibə edə? - ... - Niyə susursan ay oğraş? Cavab ver! Yox, mən hələ dəli olmamışam... *** Hərbi xidmətimi sovet ordusu sıralarında Ukraynada keçirmişəm. Əsgərlikdən sonra anamın razılığı ilə orada qalıb ali təhsil də aldım. Lyudmila adlı bir qızla evləndim və Ukraynada yaşamağa qərar verdim. Hər şey qaydasında idi. İşləyirdim, oğlumuz dünyaya gəlmişdi, bir sözlə, xoşbəxt idim. Günlərin bir günü anamdan gələn məktub vəziyyəti dəyişdi. O yazırdı: “ Oğul, ermənilər burada yaman baş qaldırıblar. Hökümətimiz sovet əsgərləri ilə birlikdə camaatda olan silahları yığıblar, ov tüfənglərinə qədər alıblar əlimizdən, qalmışıq əliyalın. Elə bir axşam olmur ki, kəndi atəşə tutmasınlar. Evdə iki bacın var, qorxuram əsir düşərlər, el içinə çıxa bilmərik. Qayıt geriyə, oğul! Qayıt, vətənini, ailəni qoru!”  Məktubu Lyudmilaya oxudum vətəkidləgedəcəyimi bildirdim. Onun qoca anasından başqa heç kimi yox idi. Təbii ki, anasını qoyub heç yerə getməyəcəyini, dedi. Ana və vətən sevgisi uğrunda öz xoşbəxtliyimizi qurban verməli olduq.  Vətənə qayıtdım. Burada vəziyyət düşündüyümdən də gərgin idi. Min bir əzab-əziyyətlə özünümüdafiə dəstələri yaradıb kəndi qoruyurduq. Hava qaralan kimi ermənilər kəndi atəşə tuturdular. Cavab atəşi açanda isə sovet əsgərləri kəndi mühasirəyə alır, silahları yığmamış əl çəkmirdilər. Bütün bunlara baxmayaraq Milli Ordu yaradıldı və bütün könüllülər kimi biz də Müdafiə Nazirliyinin tərkibinə keçdik. Amma artıq ermənilər rus ordusunun köməyi ilə bizim kəndlərimizi boşaltdırmışdılar.Canımızı götürüb güclə kənddən çıxmışdıq. Bununla belə yenə döyüşərək bir neçə kəndi geri almışdıq. Döyüşlərin birində yaralandım. Üç aylıq0 müalicə kursundan sonra yenidən döyüş bölgəsinə qayıtdım. *** - Göydə ulduzlar da bomba kimi partlayır. Külək güllə kimi saçlarımı sığallayıb, qaçır açıq qalmış qapıdan. Ağaclarda yarpaqlar da qalmayıb, bu yaz günündə. Yarpaqlar da ölüb Lyudmila! Mənim qışqırmaq istədiyim sözləri top mərmiləri qışqırır. Bir dəfə bir zabit dedi ki, bu müharibənin səmalarında Allah yoxdur! Olsaydı, o özü də ölərdi...Mən ölmək istəmirəm Lyudmila!Bilirsən nə istəyirəm? Gecə səmada partlayan mərmilərin əvəzinə fişəngləri görmək istəyirəm. Görüb uşaq kimi sevinərək səni qucaqlamaq istəyirəm. Bu açıq qalmış qapıdan saçlarımı sığallayan külək yox, əllərin çıxmalı idi, mətbəxə gedib mənə çay gətirməli idi əllərin. Bu yaz günündə ağaclardakı yarpaqlar ölməməli idi, sənin adını pıçıldamalı idi qulaqlarıma! Hardasan Lyudmila? İndi nə edirsən? Necəsən? Bax, mən beləyəm... O yazdığı məktubu səliqə ilə qatlayıb, zərfə qoydu. *** İşlər gözlədiyimiz kimi getmədi. Rayonlar bir-birinin ardınca işğal olundu və mən bir neçə zabitlə bərabər torpaqların itirilməsində günahkar elan edilərək həbs olundum. Nəticədə ömrümün bir neçə ilini türmədə keçirməli oldum. Doğrudur, sonra bizə bəraət verildi və azad olunduq. Lakin olan olmuşdu. Ömrümün ən gözəl illərini həbsxanada keçirdim. Bu illər ərzində Lyudmila ilə maraqlanmağa imkanım olmadı. Həbsdən çıxdıqdan sonra Ukraynada vaxtilə yaşadığım ünvana məktub yazdım, lakin cavab gəlmədi. Anamın təkidinə baxmayaraq bir daha ailə qurmadım. Həyatımı yenidən qaydaya salmağa başlayırdım. Dostlarımın köməyi ilə qəzetlərin birində iş də tapmışdım. Nağıllarda deyildiyi kimi illər bir göz qırpımında keçmiş və saçımda silinməz izlərini salmışdı. Uzaq keçmişi demək olar ki, unutmuş və ya unutduğumu zənn etmişdim. Arabir yadıma düşən xatirələrdən başqa demək olar ki, heç nə xatırlaya bilmirdim.  Bir gün redaksiyada olarkən Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə xəbər eşitdim. Şimal qonşumuz bizə olduğu kimi bu ölkəyə də dolayı yolla müdaxilə etmişdi. Orada ağır döyüşlər gedirdi. Yadıma bir anlıq keçmiş vaxtlar, orada yaşadığım gözəl günlər düşdü. Vaxtilə Ukraynada yaşadığımı və oralara bələd olduğumu nəzərə alaraq məni ora ezamiyyətə göndərdilər. Bu mənimçün lap göydəndüşmə oldu. Düşünürdüm ki, həm Lyudmilanı tapar, həm də oradakı vəziyyəti lazımınca işıqlandıraram.  Artıq Kiyevdə idim. Əvvəlcə xəstəxanalara baş çəkdim. Xəstəxanalar yarılarla dolu idi. Onların arasında, əsgərlərlə yanaşı uşaqlar, qocalar, qadınlar da vardı. Sonra qaçqın düşərgələrinə getdim. Bura Krımdan, Donetskdən və Luqanskdan olan qaçqınlarla dolu idi. Onlar var dövlətlərini qoyub Rusiya üsul-idarəsini qəbul etməyib Kiyevə qaçmışdılar. Topladığım məlumatları redaksiyaya ötürdükdən sonra Lyudmilanı axtarmağa başladım. Bizi Ukrayna əsgərlərinin dəfn edildiyi qəbristanlığa ziyarətə apardılar. Ölənlərin əksəriyyəti gənclər idi. Valideynləri, əzizləri qəbirlərini ziyarətə gəlmişdilər. Şəkil-şəkil adamlar baş daşlarından baxırdılar. Kimisi sevdiyinə baxırdı, kimisi anasına, kimsi atasına. Ölülər də danışırmış Lyudmila! Şəkil-şəkil danışırmış... Bura Bakıdakı Şəhidlər Xiyabanına çox bənzəyir. Ölülərin milliyyəti olmurmuş Lyudmila... O məzarlara baxa-baxa irəliləyib, beynində Lyudmilanı axtarmağa haradan başlamaq barədə düşünürdü. İndi də başqa bir məzarın qarşısında bir qadın ağlayırdı. O bir az yaxınlaşıb dayandı. Yenə içindən keçənləri dodaqları pıçıldamağa başladı: - Yoxsa sən də şəkil olmusan Lyudmila? Ölü şəkli... Bəs oğlumuz necə, o hardadır? Necə oldu? Nə etdi?  Özü-özü ilə danışan adam, yəni mənim hekayəmin qəhrəmanı, bir az da o qadına tərəf yaxınlaşıb qəfil yerə yıxıldı. O anda mən heç özüm də bilmədim ona nə oldu...Sonradan mən onunla bu barədə də xəstəxanada danışdım. O deyirdi: - Bilirsən? Həmin məzarın baş daşında ölən şəxsin ata adının mənim adım olduğunu gördüm. Sən sağ əlimdə tutduğum gülləni xatırlayırsan? Mən bu haqda sənə danışmışdım. Bax, həmin güllə elə o andaca mənim ürəyimi deşib, kürəyimin ortasından çıxdı. Mən huşumu itirdim. Əziz Lyudmila sən xatırlayırsan... Əziz Lyudmila indi mən oğul itirmiş bədbəxt bir atayam? - Əbil, biz onu itirdik, amma sən sağsan... Əbil, yəni mənim hekayəmin qəhrəmanı, Lyudmilanın kövrək əllərindən tutub, öz saçlarına apardı. Gözlərinin qırağından axan yaş, özünə yol tapıb, ağ yastığa düşdü... Əbil Həsən

Daha bir təyyarə Aktauya məcburi eniş etdi

Almatı-Antalya reysi ilə hərəkət edən “Air Astana” şirkətinə məxsus təyyarə Aktau hava limanına məcburi eniş edib. Sozcu.az xəbər verir ki, hadisəyə mərkəzi yanacaq çəninin qoruyucu klapanındakı nasazlıq səbəb olub. Sözügedən ehtiyat hissəsinin çatdırılması zaman tələb etdiyindən reysin yerinə yetirilməsi 9 yanvar, yerli vaxtla saat 09:20-yə təyin edilib.

Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə – YENİ QAYDALAR

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib. Sozcu.az xəbər verir ki, sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.  Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir. S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb: Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək. Həmçinin, məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzun müddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər. Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək. Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq. Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edilmədiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq. Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək. Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək.  Qeyd edək ki, sözügedən Plenum qərarının tam mətni ilə Ali Məhkəmənin rəsmi saytında tanış ola bilərsiniz.

Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu

Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. Sozcu.az "Report"a istinadən xəbər verir ki, ilk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq. Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün - martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq. Belə ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub. Martın 23-ü və 24-ü şənbə, bazar gününə təsadüf etdiyindən ardıcıl olaraq 20, 21, 22, 23, 24, 25, 26 mart qeyri-iş günləri olacaq./Azxeber.com

Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək. Qeyd edək ki, Qasım Həşimov bu gün vəfat edib.

Oğurluq edən şəxsin bacısı: "İcra başçısının münasibətdə olduğu qadınlardan sadəcə biriyəm"

Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasına məxsus 103 min manatlıq avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxsin məhkəməsi başa çatıb. Sozcu.az "Qafqazinfo"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1976-cı il təvəllüdlü Yusif Axundov (bütün ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Yusifin bacısı bir neçə il əvvəl Bakının rayonlarından birinin sabiq icra başçısı olmuş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Oğurluq hadisəsi də sabiq icra başçısına məxsus karxanada baş verib. İş üzrə sabiq icra başçısının sürücüsü olmuş M.Məmmədov zərərçəkən şəxs qismində tanınıb. Sabiq vəzifəli şəxs ifadəsində obyektin ona məxsus olmasını gizlətməyib. O, karxananı qardaşı Teymur və sürücüsü olmuş M.Məmmədovla birgə işlətdiyini bildirib. Təqsirləndirilən şəxs isə keçmiş icra başçısının onun bacısından qisas almaq məqsədi ilə polisə müraciət etdiyini deyib. O, sabiq başçının və digər şəxslərin karxanaya məxsus avadanlıqların götürülməsindən məlumatlı olduğunu, heç bir oğurluq faktının baş vermədiyini deyib. Y.Axundovun​ bacısı L.Axundova da qardaşının dediyini təsdiq edib. O, ifadəsində sabiq icra başçısının çox imkanlı şəxs olduğunu, karxananı da onlara hədiyyə etdiyini bildirib: "İ.M. ilə 2017-ci ildə qeyri-rəsmi ailə münasibətləri qurmuşdum. Onunla 3 ilə yaxın birlikdə yaşamışıq. İ.M. karxananı qardaşıma verdiyini, nə istəyirsə, edə biləcəyini demişdi. Oranın sökülməsi ilə bağlı nəsə bilmirəm, lakin işlək vəziyyətdə deyildi, bundan əlavə karxananın fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi də mövcud idi. İ.M.-in maddi vəziyyəti yaxşı olduğu üçün bu cür vəziyyətdə olan karxananın qardaşıma verilməsi ona problem deyildi. Mənimlə yaşadığı müddətdə mənə ev də tikdirmişdi. Sabiq icra başçısı birgə yaşadığımız evdən getdikdən sonra qardaşımın onunla heç bir əlaqəsi olmayıb. Karxananın faktiki olaraq sahibi İ.M. idi, o, karxananı sata bilmirdi, hətta oranı metal qəbulu yerinə verməsinə baxmayaraq, qəbul etmirdilər. Qardaşım ondan xəbərsiz nəyisə satmayıb". L.Axundovanın sözlərinə görə, o, icra başçısı ilə qeyri-rəsmi münasibətdə olduğu qadınlardan sadəcə biri olub. Onun iddiasına əsasən, İ.M.​ digər qadınlara və onların qohumlarına da müxtəlif hədiyyələr verib: "​Maddi imkanı yaxşı olduğu üçün belə hədiyyələr normal idi". Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə oğurluqda təqsirli bilinən Y.Axundova 6 il həbs cəzası verilib.

Zaqatalada daha bir körpə ÖLÜMÜ

Zaqatalada yeni doğulan körpə ölümü baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, yanvarın 7-si Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə müraciət edib. X. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Körpə doğuşdan bir qədər sonra ölüb. Xanım Didiyevanın yaxınlarının məlumatına görə, bu onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl o, Zaqatala RMX-də müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib. Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Xatırladaq ki, ötən il də Zaqatalada bir neçə körpə ölümü faktı qeydə alınıb.

Sabah hava belə olacaq - PROQNOZ

Azərbaycanda yanvarın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.

Virus dərs davamiyyətinə necə təsir edir? - RƏSMİ

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyətdə mənfi dinamika müşahidə edilmir. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Xatırladaq ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb. Nazirlik dəfələrlə respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin qrip əleyhinə vaksinasiyadan keçməsini tövsiyə edir.

İki maddə üzrə təkliflər verdik, Azərbaycan razılaşsa...

Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə biz təkliflər irəli sürmüşük və Azərbaycan tərəfinin müsbət cavabı olduğu təqdirdə müqaviləni imzalamağa hazırıq. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan yerli mediaya açıqlamasında deyib.

Masallıda 27 yaşlı oğlan sübh tezdən özünü asdı

Masallıda intihar hadisəsi baş verib.  Sozcu.az xəbər verir ki, hadisə sübh tezdən rayonun II Yedioymaq kəndində qeydə alınıb.  Orada yaşayan, 27 yaşlı Məhəmməd Rəhmanov yaşadığı evin həyətində özünü asıb.  İntiharın səbəbləri məlum deyil.  Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Traktorla minik maşını toqquşdu: ölənlər var

Tərtərdə traktorla minik maşını toqquşub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Hümbətli kəndində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi VAZ-2101 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.S.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib. Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan "Belarus 82" markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Pentaqon AÇIQLADI: Ukraynaya yardım Baydendən sonra da davam edəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya dəstəyin Co Baydenin prezidentlik dövründən sonra da davam edəcəyini gözlədiyini bildirib. Sozcu.az xəbər verir ki, bu bəyanat Ukraynanın hərbi ehtiyaclarının 2027-ci ilə qədər təmin olunmasını müzakirə etmək üçün 9 yanvarda keçiriləcək təmas qrupu toplantısı ərəfəsində verilib. Bununla yanaşı, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsini Co Baydenin siyasətinin “fiaskosu” adlandırıb. O, Baydenin əvəzinə “nə etdiyini bilən bir prezident” hakimiyyətdə olsaydı, bu münaqişənin baş verməyəcəyini vurğulayıb. ABŞ-ın Ukraynaya hərbi yardımı ilə bağlı qərarlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Gələcəkdə bu yardımların miqyası və istiqamətləri siyasi vəziyyətdən asılı olaraq formalaşacaq.

Ərzurum silkələndi: ətraf bölgələrdə də hiss edildi

Türkiyənin Ərzurum vilayətində zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Pasinlər rayonunda qeydə alınan zəlzələ 4,5 bal gücündə olub. Məlumata görə, yerli vaxtla saat 04:30-da baş verən zəlzələ 14,8 kilometr dərinlikdə qeydə alınıb və ətraf bölgələrdə də hiss olunub. Zəlzələ nəticəsində xəsarət alan olmayıb.

Mask psixi pozuntu keçirir, xəstədir - Abramson

İş adamı İlon Mask dəli olub, psixikası zəifləyir. Sozcu.az xəbər verir ki, bunu biznesmen bioqrafı Set Abramson deyib. “Son iki il ərzində sosial şəbəkədə onun davranışını izlədim, onun özü də psixi pozğunluqların, narkotik maddələrdən istifadənin və həddindən artıq stressin ona təsir etdiyini etiraf edir, indi onun ağır xəstə olmasından qorxmağa əsas var”, - o bildirib. Abramson əlavə edib ki, Maskın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təsiri Amerika cəmiyyətini təhdid edir.

Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya - Ukrayna müharibəsinin qarşıdakı altı ay ərzində bitə biləcəyini deyib. Sozcu.az  xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. "Ümid edirəm ki, yarım il ərzində buna nail olacağam", - siyasətçi bildirib. Tramp Rusiya-Ukrayna müharibəsinə ABŞ-nin hazırkı Prezidenti Cozef Baydeni təqsirləndirib: "Müharibənin təqsirkarı Baydendir. Müharibəyə onun administrasiyasının səriştəsizliyi ilə təhrik edilib". Respublikaçıların lideri onu da söyləyib ki, Qərb Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü etiraf edir. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.

İlham Əliyev İranla əlaqələrdən danışdı

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunub. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”. Azərbaycan Prezidenti əvvəlki hakimiyyətlə münasibətlərin pisləşməsi ilə bağlı bəzi məqamları da xatırladıb. Prezident İlham Əliyev deyib ki, səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. “Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Xaçmazda iki maşın toqquşdu: yaralılar var

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı VAZ 2109 və “Audi” markalı minik avtomobilləri toqquşub. Hadisədə VAZ 2109-da olan sürücü və sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Paşinyandan Mirzoyana göstəriş: Qarabağla bağlı sənədlər...

Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağ danışıqları ilə bağlı sənədlərin inventarlaşdırılmasını tapşırıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyanın ofisi məlumat yayıb. Məlumata görə, baş nazir Nikol Paşinyan Mirzoyana Qarabağ danışıqları ilə bağlı Xarici İşlər Nazirliyində olan sənədlərin inventarlaşdırılması haqda göstəriş verib. Bu materialların dərc olunub-olunmaması məsələsinə Ermənistanın dövlət təhlükəsizliyi maraqları nəzərə alındıqdan sonra icazə verilə bilər. Xatırladaq ki, ötən ilin sonunda “Azadlıq” radiosu Nikol Paşinyana Qarabağ probleminin həlli ilə bağlı rəsmi sənədləri dərc etməyə hazır olub-olmadığı haqda sual ünvanlayıb. Nəşr bildirib ki, bu, cəmiyyətin faktlarla tanış olmasına və siyasi spekulyasiya etmədən nəticə çıxarmasına səbəb ola bilər.

Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı, qatarların hərəkəti dayandı

Bakı Metropoliteninin "Dərnəgül - Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar 15 dəqiqədən çoxdur, "Ulduz" - “Koroğlu” stansiyaları arasındakı tuneldə qalıb. Bu barədə "Report"a sərnişinlər məlumat verib. Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.

Metroda gediş haqqı artırılır?

Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı bildirilir. Pravda.az məsələni dəqiqləşdirmək üçün "Bakı Metropoliteni" QSC-nin artımla bağlı Tarif Şurasına müraciət edib-etmədiyi barədə sorğu ünvanlayıb. Üç gün keçməsinə baxmayaraq, qurumdan heç bir mövqe bildirilməyib. Xatırlatma: Hazırda metroda gediş haqqı 50 qəpikdir.