İki ailə arasında dava: 3 ölü, 5 yaralı

Türkiyənin Diyarbəkir vilayətinin Çermik rayonunda iki ailə arasında baş verən insident qanla bitib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, qonşu ailələr arasında yaranan mübahisədə daş, dəyənək və silahdan istifadə olunub. Hətta ətrafdakı bir neçə avtomobil də yandırılıb. İnsident zamanı 3 nəfər hadisə yerində ölüb, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Azərbaycanlı ailə övladlığa götürdükləri uşaqlara işgəncə verdi - Foto

Rusiyanın İrkutsk vilayətində azərbaycanlı ailə uşaq evindən götürülən uşaqlara işgəncə verib. Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki uşaq evinin müəllimi işgəncələrdən xəbər tutandan sonra uşaqlar azərbaycanlıların əlindən alınıb. Məlumatlar qəyyumluq orqanına verilib.  “Anar əmi cəza olaraq məni və qardaşımın ombasını evdə qızdırılan radiatorun yanına qoydu. Dedim ki, məni incitdi, amma yenə də ordan ayrılmağa icazə vermədi” - zərərçəkən azyaşlı bildirib. Qeyd olunur ki, Anar bu əməllərini İrkustk şəhərindəki uşaq bağçalarından birində müəllim işləyən anası Durlabika ilə birgə edib. Ana-bala uşaqların əllərini çəngəllə deşərək, qızdırılan radiatorun yanında dayanmağa məcbur ediblər. Yoxlamanın nəticələrinə əsasən, Durlabika və oğlu Anardan qəyyumluq dərhal  alınıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117-ci maddəsilə cinayət işi başlanıb. Qeyd olunur ki, hazırda uşaqlar başqa ailədədir.

Üzərinə hasar uçan 20 yaşlı qız öldü

Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qız ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "İnternat məktəbi" adlanan ərazisində qeydə alınıb. Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Nərmin Rafiq qızı Hüseynova aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Satıcını bıçaqla hədələyib, kassa aparatını ələ keçirdi

Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Nazirə hücum edildi: burnu sındı

Serbiyanın Novi-Sad şəhərindəki etirazlar fonunda ölkənin mədəniyyət naziri Nikol Selakoviçə hücum edilərək onun burnu sındırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç İnstaqram hesabında məlumat paylaşıb. "Onlar, həmçinin nazir Selakoviçə bu gün axşam hücum ediblər və düşünürlər ki, problemi həll ediblər. Onlar, sadəcə olaraq, bu ölkədə demokratiya haqqında nə düşündüklərini və onlardan fərqli düşünən insanlara necə yanaşacaqlarını bir daha göstərdilər" , - deyə o yazıb. Xatırladaq ki, martın 7-də Novi-Sadda tələbələr etiraz yürüşü keçiriblər, xeyli sayda vətəndaş onlara qoşulub. 2024-cü il noyabrın 1-də dəmiryol vağzalında talvarın uçması nəticəsində 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə etirazlar başlayıb.

Sabah 20 dərəcə isti olacaq

Martın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Çərşənbə tonqalında yanan azyaşlı öldü

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Vətən müharibəsi iştirakçısı vəfat etdi

44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib. Sozcu.az xəbər verir ki, faktı Tovuz Rayon İcra Hakimiyyətindən Oxu.az-a təsdiqləyiblər. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib. Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.

Bakının 9 mikrorayonu, “Vorovski” qəsəbəsi və Nərimanov rayonu susuz qaldı – Böyük qəza

Qəza baş vermiş boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bu səbəbdən işin icrasının 8 mart tarixinə qədər davam etdirilməsi zərurəti yaranıb. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovksi” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb. Sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Türkiyə buna görə İranı bombalaya bilər - Sohtaoğlu

Qarşıdakı payız aylarında ya ABŞ-ın iştirakı ilə və ya onsuz İsrailin İranın nüvə bazalarına hava hücumları etməsi gözləniləndir və 2025-ci ildə İran dünyada barəsində ən çox danışılan ölkə olacaq. Sozcu.az xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi Mete Sohtaoğlu “Haber Qlobal” televizya kanalındakı çıxışında deyib. “İran öz torpaqlarında PKK və PJAK terror təşkilatlarına ev sahibliyini davam edəcəyi təqdirdə Türkiyə hava qüvvələri İraqın şimalında Pəncveyn bölgəsində olduğu kimi, terrorçuların İranın şimal qərbindəki yerləşən bazalarını da bombalaya bilər”, - o bildirib. Sohtaoğlu İranda iqtisadi problemlərə, xüsusən elektrik kəsintiləri səbəbindən yenidən başlayan narazılıq və gərginliyə diqqət çəkərək, Tehranın terror təşkilatlarına dəstəyini kəsmədiyi təqdirdə daha ciddi təpkilərlə qarşılaşacağını söyləyib.

"Azpetrol"da avtomobil partladı

Lökbatan qəsəbəsində "Azpetrol" yanacaq doldurma məntəqəsində avtomobil yanıb. Sozcu.az "unikal"a istinadən xəbər verir ki, "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub: "Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində "Chevrolet Cobalt" markalı avtomobildə baş verən yanğın söndürülüb. Ətrafdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub".

Müəllimləri təhqir edən direktorun səsyazısı yayıldı - VİDEO

Müəllimləri təhqir etdiyi deyilən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səs yazısı üzə çıxıb. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, səs yazısında direktorun müəllimlərdən pul yığdığı məlum olub. Belə ki, o, müəllimlərə hər bir şagirddən 100 manat yığmağı tapşırıb. Səsdən aydın olur ki, pulu yığa bilməyən müəllimə töhmət verilib. Səs yazısını təqdim edirik:

Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA – Alimlər araşdırmağa başlayıb

Alimlər Günəşdə baş verən partlayışların və geomaqnit qasırğalarının Yerə təsiri barədə müxtəlif ehtimallar irəli sürür və bu istiqamətdə elmi tədqiqatlar aparırlar. Bəzi araşdırmalar bu hadisələrin planetimizdə geodinamik proseslərə müəyyən dərəcədə təsir edə biləcəyini göstərsə də, bu əlaqənin nə dərəcədə güclü olduğu və zəlzələlərə birbaşa təsir edib-etmədiyi hələ dəqiq sübut olunmayıb. Əgər Günəş aktivliyinin Yer kürəsindəki təbii fəlakətlərə səbəb olduğu ehtimal edilirsə, bu, elmi fakt kimi qəbul edilə bilərmi? Günəşdə baş verən dəyişikliklərin zəlzələ riskini artırdığı doğrudurmu? Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bu mövzu haqda Yenisabah.az-a danışıb: “Günəşdə baş verən partlayışlar və geomaqnit qasırğaları təbii olaraq Yer səthinə müəyyən təsir göstərir. Bu istiqamətdə müxtəlif elmi tədqiqatlar aparılır. Bəzi mütəxəssislər Günəşdəki bu cür hadisələrin planetimizdəki təbii fəlakətlərə təsir edə biləcəyini ehtimal edirlər. Məsələn, geodinamik proseslərdə millimetr səviyyəsində dəyişikliklər müşahidə oluna bilər. Əgər hansısa seysmik ocaqda aktivlik yaranırsa, geomaqnit qasırğası bu prosesi daha da sürətləndirə bilər”.  Q.Babayev vurğulayıb ki, zəlzələ ilə bağlı öncədən dəqiq məlumat əldə etmək mümkün deyil: “Bununla belə, bu ehtimalları sübuta yetirilmiş fakt kimi deyil, fərziyyə kimi qəbul etmək daha məqsədəuyğundur. Günəş aktivliyi ilə zəlzələlər arasında əlaqə ola biləcəyini demək mümkündür, lakin onların birbaşa səbəb-nəticə əlaqəsinə malik olduğunu iddia etmək elmi baxımdan hələlik əsaslandırılmayıb. Başqa sözlə, Günəşdə aktivlik artdıqdan sonra mütləq şəkildə zəlzələ baş verəcəyini gözləmək doğru olmaz.  Bu sahədə araşdırmalar davam edir, süni intellektin tətbiqi üzərində iş aparılır. Lakin zəlzələnin konkret başvermə yeri, maqnitudası və dərinliyi barədə əvvəlcədən dəqiq proqnoz vermək hələlik mümkün deyil”.

Vardanyan azərbaycanlılara təşəkkür etdi: “Sülhə çağırıram”

500 gündən çoxdur ki, Bakıda həbsdə olan qondarma “Dağlıq Qarabağ Respublikası”ın “keçmiş dövlət naziri” Ruben Vardanyan Cənubi Qafqazda həqiqi birgəyaşayış üçün zəmin yaradacaq, ləyaqətə söykənəcək fundamental bəşəri dəyərlərə əsaslanan sülhün tərəfdarıdır. “Public Radio of Armenia”da gedən xəbərdə belə deyilir. Həmin xəbərin davamını təqdim edirik: “Vardanyan ailəsi vasitəsilə Bakı təcridxanasından audiomüraciət göndərərək, telefon danışığının lentə alınmasını və ictimaiyyətə çatdırılmasını xahiş edib. O, “həqiqi, sabit, uzunmüddətli sülhə – təkcə kağız üzərində deyil, davamlı və bütün insanlar tərəfindən riayət olunan sülhə” çağırır. Vardanyan dəstəyə görə hər kəsə təşəkkür edir, səhhəti barədə danışır, yaxınlarından üzr istəyir. O, keçdiyi yoldan söhbət açır, aclıq aksiyasının məhkəməyə etiraz olduğunu bildirir, hüquqi prosesin qanun çərçivəsində aparılmasını tələb edir. Ruben Vardanyan məhkəməni bütün ermənilərə qarşı iş kimi səciyyələndirir və xəbərdarlıq edir ki, Azərbaycan bununla dayanmayacaq. O, incitdiyi hər kəsdən bağışlanmasını arzulayır və “Dağlıq Qarabağ”da edə bilmədiklərinə görə üzr istəyir. Ruben Vardanyan Artsax xalqına minnətdarlığını bildirir və regionda əldə olunan nailiyyətləri etiraf edir. O, insanları pisliyi yaymamağa çağırır. Bunun iğtişaşlara və millətlərarası qarşıdurmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edir. O, həmçinin bəzi azərbaycanlılara humanist rəftarlarına görə təşəkkür edir. Vardanyan davamlı sülhün bərqərar olacağına və Ermənistanda millətin gələcəyini düşünən elitanın meydana çıxacağına ümid etdiyini bildirir. Vardanyan erməniləri müsbət dəyərlərə sadiq olmağa çağırır, özü ilə barışdığı üçün həbsxanada da xoşbəxt olduğunu bildirir və hər kəsi ümidsizliyə qapılmaqdan çəkindirir, bunu ən böyük günah adlandırır”. Bugünlərdə Bakıda keçirilən məhkəmədə Ruben Vardanyanın votsap yazışmaları gündəmə gəldi. Onun terrorçu dəstlərlə əlaqələri üzə çıxdı. Əminliklə demək olar ki, məhz bu amil Ruben Vardanyanı yenidən humanizmə tərəf yönləndirib, sülhə çağırış etməyə əsas yaradıb. Ruben Vardanyan başa düşüb ki, vəziyyət son dərəcə acınacaqlıdır. Ancaq bu vəziyyətdən uduşla da çıxmaq olar. Bunun üçün isə rəsmi Bakı ilə bəribaşdan anlaşmaq lazımdır... Elbəyi Həsənli, Sürix

“Lukoyl”da ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar

Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Maşınlara vurulan yanacağın həcmini müxtəlif üsullarla azaldır, yaxud digər vasitələrdən istifadə edirlər. Şəxsən özüm bir neçə dəfə “Lukoyl” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu, fırıldaqla rastlaşmışam. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında deyib. Onu sözlərinə görə, ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar: “Ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır, həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir, davam edir, eyni pozuntular bu gün də baş verməkdədir”. Deputat bildirib ki, digər pozuntu isə müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır: “Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Ona görə ki benzin vurularkən oğurluğa yol verilir, bu rəqəm isə gündə on tonlarla ölçülür. Mən aidiyyəti qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”.

Temperatur 22 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Ehtiyata buraxılan hərbçilərə formaları ilə bağlı QADAĞA

Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı günlərdə daşıya biləcəklərinə dair qaydalar müəyyənləşir. Sozcu.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Təklif edilən dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər. Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Silahlı Qüvvələrdən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Silahlı Qüvvələr hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

8 martın əvəzində hansı gün iş olmayacaq? - Rəsmi QƏRAR

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əmək Məcəlləsinə əsasən, Azərbaycanda 8 Mart tarixi həmişə qeyri-iş günü olub. Builki 8 Mart tarixi şənbəyə təsadüf etdiyindən 10 mart (bazar ertəsi) da istirahət günü elan olunmalıydı. Lakin Nazirlər Kabinetinin 8 mafrtla bağlı hər hansı qərarı verilmədi. Yəni 10 mart adi qaydada iş günü olacaq. Sozcu.az-ın məlumatına görə, əvəzində 10 mart tarixinin yerinə 27 mart qeyri-iş günü elan olunub. Belə ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarında deyilir: “İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilsin”. Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir. Həmin tarixlərdə həm Novruz bayramı, həm də Ramazan bayramı (30-31 mart) qeyd olunacaq. Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Mask 111 milyard dollar itirdi

İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən indiyədək 110,8 milyard dollar azalaraq, 353,2 milyarda düşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Bildirilib ki, azalmaya səbəb “Tesla” səhmlərinin ucuzlaşmasıdır. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda “Tesla” səhmləri 15% ucuzlaşıb. Qeyd edək ki, Maskın şirkətinin ABŞ-ın tarifləri səbəbindən böyük itkilərə məruz qalacağı vurğulanır, çünki Çin “Tesla” elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır, istehsalda isə Kanadadan hissələr idxal edilir.

Aİ-nin Ukraynaya yardımının artırılmasını Macarıstandan başqa bütün ölkələr təsdiqləyib

Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının artırılması və Aİ-nin hərbləşdirilməsi planı birliyin 27 ölkəsindən 26-sı tərəfindən bəyənilib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Brüsseldə keçirilən fövqəladə təhlükəsizlik sammiti çərçivəsində avropalı mənbə bildirib. "Ukraynaya yardım və Aİ-nin yenidən silahlanma planı İttifaqın 27 ölkəsindən 26-sı tərəfindən dəstəkləndi", -diplomat deyib. O, Macarıstanın hələlik bitərəf qaldığını qeyd edib. Diplomat vurğulayıb ki, sammitdə müzakirələr hələ davam edir.

ABŞ-nin maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalara tərəddüdsüz hazırıq

ABŞ Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün zəruri olacağı təqdirdə tərəddüd etmədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olacaq. Sozcu.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent deyib. “Hazırkı administrasiya sanksiyaları saxladı və əgər bu, sülh danışıqlarına təsir göstərməyə kömək edərsə, heç bir şeydən çəkinməyəcək”, - o deyib. Nazir bildirib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dərhal, maksimum effekt əldə etmək üçün sanksiyalardan açıq və aqressiv şəkildə istifadə olunacaq”. Bessentin sözlərinə görə, ABŞ bununla belə məhdudlaşdırıcı tədbirlərin nəzərdə tutulan məqsədlərinə çatmasını təmin etmək üçün tətbiq olunan məhdudiyyətləri diqqətlə izləyəcək.

Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət alıb

Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C. qəhvəxanaya silahlı basqın edib. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 22:00 radələrində baş verib. Qeyd edilir ki, silahlı şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım cəlb edilib. Yaralılar şəhərin ayrı-ayrı xəstəxanalarına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis silahlı hücumu həyata keçirən şəxsin saxlanılması üçün geniş miqyaslı əməliyyata başlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Rusiyada hərbi və mülki avtobusların toqquşması nəticəsində 6 nəfər ölüb

Rusiyanın Belqorod vilayətində hərbi və mülki avtobusların toqquşması nəticəsində 6 nəfər ölüb, daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilib ki, ölənlər arasında hərbçilər yoxdu. Bildirilib ki, hadisə yerində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Zelenski Ukrayna və ABŞ nümayəndələrinin görüşəcəyini təsdiqləyib

Ukrayna və Amerika nümayəndə heyətləri gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib. Dövlət başçısı qeyd edib ki, o martın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək, Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşəcək.