Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb. Sozcu.az "Trend"ə istinadən xəbər verir ki, artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanıb. Belə ki, istintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var. Məlumata görə, istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər Mərkəzdə ciddi qanun pozuntularına yol veriblər. Mərkəzdə xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta, Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da, bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.

Araik etiraf etdi: Gəncənin bombalanması...

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Araik Arutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Gənc şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından da danışıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyandan məlumat aldığını bildirib: “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan idi. Baş qərargah deyib, mənim baş qərargah rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanın vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu tarixlərdə 30 dərəcə isti olacaq

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. Direktor qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.

Palata Dövlət Turizm Agentliyində yoxlama aparır

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır. Sozcu.az APA-ya istinadal xəbər verir ki, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb Hesablama Palatasından da məlumat təsdiqlənib. Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Spirtli içki qəbul edən 64 yaşlı F.Həsənov yerləşdirildiyi toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin ehtimala görə, F.Həsənov metil spirtindən zəhərlənib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər Azərbaycanda 20-dən çox adam texniki spirtdən zəhərlənərək ölüb.

Daha 24 ailə Ballıcaya yola salındı

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Sozcu.az xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülür. Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatacaq.

Sənədsiz evlərlə bağlı mühüm məlumat

Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən iş davam etdirilir. Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi sənədlər olmadan aparılmış tikililərin, o cümlədən sənədləşdirilməmiş fərdi yaşayış evləri ilə bağlı problemlərin həll edilməsi üçün son illər bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, İqtisadiyyat Nazirliyi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin təhlili nəticəsində daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən və Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan sənədləri aşkarladıqda, bu növ sənədlərin Siyahıya daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Qeyd olunan hissənin icrası ilə əlaqədar mütəmadi olaraq Siyahının təkmilləşdirilməsi və qeydiyyat üçün əsas olan yeni sənədlərin Siyahıya daxil edilməsi istiqamətində tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyat nazirinin 2023-cü il 21 iyun tarixli əmrinə əsasən idarələrarası İşçi qrup yaradılıb. Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən problemin həlli yolları barədə hüquqi, iqtisadi, tikinti, şəhərsalma və torpaq qanunvericiliyi nöqteyi-nəzərindən təhlillər aparılır və məsələnin nizamlanması ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflərin hazırlanması istiqamətində işlər davam etdirilir. Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair yeni Qaydalar təsdiqlənib. Həmin Qaydalarda yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi torpaqların bir kateqoriyadan digərinə keçirilməsi əsaslarından biri kimi müəyyənləşdirilib. Beləliklə, Qaydaların tələblərinə uyğun olaraq, müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin və bələdiyyələr tərəfindən ərazi planlaşdırma və şəhərsalma sənədlərinə uyğun olaraq hazırlanmış əsaslandırılmış müraciətlər daxil olduqda, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla bilər. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən fərdi yaşayış evlərinə aid vətəndaşların istifadəsində olan əlavə torpaq sahələri ilə bağlı müvafiq layihə hazırlanıb. Layihə üzrə torpaqların kateqoriyasının müəyyənləşdirilməsi və həmin torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda Abşeron rayonu və Bakı şəhərinin Sabunçu, eləcə də xüsusən Bakı ətrafı inzibati rayonlarından daxil olan müraciətlərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evlərinin tikintisi məqsədilə vətəndaşlara məxsus torpaq sahələrinin mülkiyyət sənədləri mövcuddur. Həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məqsədilə inzibati ərazilər üzrə müvafiq rayon icra hakimiyyətləri tərəfindən vəsatət qaldırılması məqsədəuyğun hesab edilir. Eyni zamanda daşınmaz əmlakın sənədləşdirilməsi və sığorta edilməsi ilə bağlı bildirilib ki, "İcbari sığortalar haqqında" qanunun tələbləri çərçivəsində daşınmaz əmlaka faktiki sahibliyi həyata keçirən şəxslər tərəfindən icbari qaydada yaşayış evlərinin və mənzillərin, o cümlədən qeyri-yaşayış sahələrinin sığortalanması həyata keçirilir. Qanunvericiliyə müvafiq olaraq sığortalanmanın aparılmasına nəzarət müvafiq səlahiyyətli dövlət orqanları, sığortaçıların fəaliyyətinə nəzarət isə Mərkəzi Bank tərəfindən təmin edilir. Mərkəzi Bank tərəfindən bu sahədə yerli və xarici təcrübələr araşdırılmış, yerli və xarici ekspertlərlə müzakirələr aparılmış və bu xüsusda hazırlanmış ilkin təkliflər sığorta sektoru və səlahiyyətli dövlət qurumları ilə müzakirə edilir.

Sülh razılaşmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh razılaşması olduqdan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacağını bildirib. Sozcu.az xəbər verir ki, Mirzoyan bu barədə Ermənistan parlamentində danışıb. "Azərbaycanla münasibətlərin normallaşmasından sonra hesab edə bilərik ki, münaqişə institusional baxımdan başa çatıb, indidən deyə bilərik ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur", - o, bildirib. Mirzoyanın sözlərinə görə, Ermənistan təəssüf ki, Azərbaycan tərəfində bəzi ritorika görür. "Mövqeyimiz aydındır: sülh sazişi imzalanan kimi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da öz qeydlərimiz olacaq", - o qeyd edib.

ABŞ İranın neft nazirinə sanksiya tətbiq etdi

ABŞ İranın neft naziri Möhsün Paknejada və İran neftini Çinə daşıdığı iddia edilən 17 şirkət və 13 gəmiyə sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. “İran hökuməti və ordusu neft naziri Möhsün Paknejadın köməyi ilə İranın neft sərvətlərini oğurlayır",- məlumatda deyilib. Nazirlik İran neftinin ixracını sıfra endirməyə çalışdıqlarını bildirib.

Goranboyda məktəblilər şirin pambıqdan zəhərləndi

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib. Sozcu.az Report-a istinadla xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər. Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır. Faktla bağlı araşdırma aparılır.

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb

Müddətli hərbi xidmətinin orta təhsillər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifinin qəbul edilməsi məqsədəmüvafiq hesab edilməyib. Sozcu.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir. Müddətli həqiqi hərbi xidmətin alternativ xidmət haqqında təkliflər insanlar tərəfindən geniş müzakirə olunur və gündəmdədir. “Lakin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq. Bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq”, - hesabatda qeyd olunub.

17 yaşlı oğlanı öldürən şəxslər tutuldu - Rəsmi

1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 13-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə, 2007-ci il təvəllüdlü V.Əliyev (şərti), 2009-cu il təvəllüdlü C.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 2008-ci il təvəllüdlü D.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 2007-ci il təvəllüdlü A.Baxışovu (şərti) isə xəsarətlər yetirərək öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib. A.Baxışov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, hər üç şəxs iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin reaksiyaları gəlməkdədir. Sozcu.az xəbər verir ki, artıq Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, o cümlədən BMT sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar. Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.

Sarayda 67 yaşlı qadın faciəli şəkildə öldü

Sarayda 67 yaşlı qadın dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az Baş Prokurorluğa istinadla məlumat yayıb. Bildirilirb ki, hadisə Babək küçəsində yaşayan 1958-ci il təvəllüdlü Bənövşə İbrahimovaya məxsus evin hamam otağında baş verib. Faktla bağlı araşdırma aparılır.

ABŞ bu bombaların Ukraynaya tədarükünü yeniləyir

ABŞ Ukraynaya Rusiyanın elektron müharibə sistemlərinə qarşı təkmilləşdirilmiş dəqiq idarə olunan GLSDB bombalarının tədarükünü bərpa etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, bu bombaların döyüş meydanına qayıtması yaxın günlərdə baş verə bilər, çünki ehtiyatlar artıq Avropadadır. Sonuncu dəfə Ukrayna ordusu bundan bir neçə ay əvvəl istifadə edib.

İlkin Həsəni qəza keçirdib

Aparıcı İlkin Həsəni avtomobil qəzası keçirdib. Sozcu.az xəbər verir ki, bu haqda o, özü məlumat verib. "Bir neçə gündür başım qarışıb, kiçik qəza keçirtdim. Salamatçılıqdır, maşını düzəlməyə verdim" deyə, İlkin bildirib.

11 aylıq Məryəmin müəmmalı ölümü: “Həkim pul təklif etdi ki...”

11 aylıq Məryəm qızdırması qalxdığı üçün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Bir həftə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb. Evə gətirilən Məryəmin halı ağırlaşdığı üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, Məryəmin anası Esmira Xəlilova redaksiyaya göndərdiyi şikayət məktubunda bildirib ki, əkiz qızlarından biri olan Məryəmi 2023-cü ilin mart ayında xəstəxanaya aparıblar: “Qızdırması var idi. Həkim Pərvanə Əsgərovanın qəbulunda olduq. Bir həftə orada qaldıq. Uşağım müalicə alsa da səhhəti yaxılaşmadı. Həkimdən soruşanda dedi ki, düzələcək, dərmanların təsiridir. Bir həftə sonra bizim razılığımız olmadan xəstəxanadan evə göndərdi. Evə çatandan bir saat sonra uşağın vəziyyəti pisləşdi. Həkimə zəng edəndə yenə dedi ki, narahat olma. Bir dərman adı verdi ki, uşağa verək. Vəziyyətin pisləşdiyini görüb təcili yardıma zəng elədim. Uşağın bağırsaqları təmiz boşalmışdı. Xəstəxanaya aparanda uşaq orada vəfat etdi”. Esmira Xəlilova deyib ki, uşağı həkim səhlənkarlığının qurbanı olub: “Həkim məsuliyyətdən kənarda qaldı. Qızdırması olan uşaq niyə ölməlidir? Birinci dəfədir uşaq qızdırmalı olur? Səhv müalicənin nəticəsində uşağımı itirdim. Amma cinayət işinin açılması da rədd edildi. Ekpertiza rəyində yazılıb ki, guya uşağın bağırsağında xora aşkarlanıb. Necə oldu ki, indiyə qədər heç bir problem olmadığı halda bir gündə xoradan uşaq öldü? Bütün rəsmi qurumlara müraciət etmişik. Amma şikayətimizə baxan yoxdur”. Esmira Xəlilova bildirib ki, həkim və onun yaxınları dəfələrlə barışıq üçün onlara müraciət edib, maddi və mənəvi zərərin qarşılanmasını təklif etsələr də razılaşmayıblar: “Pul təklif etdilər ki, barışaq. Amma bu, mümkün deyil. Məryəmin ölümünə səbəb olan həkim qanun qarşısında cavab verməlidir”. Esmira Xəlilova bir çox instansiyalara müraciət edərək, səbəbkarların cəzalandırılmasını tələb edir.

"Soyqırımı" prioritetlərimiz arasında deyil - PAŞİNYAN

Qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması hazırda Ermənistanın xarici siyasət prioriteti deyil. Sozcu.az xəbər verir ki, bunu  Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mediasına açıqlamasında bildirib. O qeyd edib ki, qondarma "soyqırımı"nın  beynəlxalq aləmdə tanınması məsələsi Ermənistanın təhlükəsizliyi və regional sabitlik baxımından yenidən qiymətləndirilməlidir. O, digər dövlətlərin parlamentlərinin bu barədə qərarlarının Ermənistanın yaxın qonşuları ilə münasibətlərinə nə kimi təsir göstərdiyini sorğulayıb. Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının mövcud olduğu indiki şəraitdə əsas məsələ təhlükəsizlik və rifahın təmin edilməsidir. Bu kontekstdə, regionda sabitlik yaratmağın vacib olduğunu bildirib: "Bizim ehtiyacımız olan sülh, əlçatan olan sülhdür, yəni burada və indi əldə edilə bilən sülhdür".

Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Bakının sülh sazişi mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatlarını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. "Ermənistanın xarici siyasət idarəsi diplomatik kanallar vasitəsilə Bakıya bildirib ki, Ermənistan sülh müqaviləsi layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul edir. İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır", - XİN məlumat yayıb.

“Azza” bu məhsulun satışını dayandırdı - Rəsmi

“Azza”nın istehsal etdiyi “Fermazza” yağ məhsulunda uyğunsuzluq aşkarlanıb. Bu barədə Sozcu.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibdə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.

Mingəçevirdə kütləvi dava - Xəsarət alanlar var

Mingəçevir şəhəri Bağlar yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb, mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı şəhər polis şöbəsində istintaq araşdırmalarına başlanılıb və xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

İlham Əliyev nazir müavininə yeni vəzifələr verdi - SƏRƏNCAM

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət başçısının “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 23 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 16 yanvar 2009-cu il tarixli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 mart 2013-cü il tarixli sərəncamlarında dəyişiklik edilib.

Kürdəmirdə DƏHŞƏT: Özünü sürət qatarının altına atdı

Kürdəmirdə sürət qatarının vuraraq öldürdüyü şəxsin intihar etdiyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qarabucaq dəmir yolu stansiyasının ərazisində baş verib. Kürdəmir rayon sakini, 45 yaşlı Famil Zeynal oğlu Bağırov özünü surət qatarının altına atıb. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Temperatur günbəgün artır: Sabah 26 dərəcə - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.