Azərbaycan qazının Türkiyəyə tədarükü dayandırılır

Azərbaycan qazının Türkiyəyə tədarükü avqustda ixrac qaz boru kəmərində aparılan texniki xidmət işləri ilə əlaqədar bir neçə gün müddətinə dayandırılacaq. Sozcu.az Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ məlumat yayıb. “Şahdəniz” qaz kəmərində planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə "Türkgözü" giriş nöqtəsindən beş gün ərzində - 31 iyul - 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) “Seyitqazi” giriş nöqtəsindən isə dörd gün ərzində - 5-9 avqust tarixlərində təbii qazın verilməsi mümkün olmayacaq", - məlumatda bildirilib. Eyni zamanda, şirkət qeyd edir ki, planlaşdırılmış texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansını təmin etmək üçün tədbirlər görülüb. Xatırladaq ki, “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi və 2-ci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir. "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Bu prospektdə hərəkət tam məhdudlaşdırılacaq

İyulun 26-sı saat 00:00-dan 30 iyul saat 00:00-dək Bakı şəhərinin 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Sozcu.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Həkim yeni doğulan körpəni oğurladı

Braziliyada uşaq nevroloqu yeni doğulmuş körpəni anası ilə yatdığı palatadan qaçırıb. Braziliyanın Qoyas əyalətində 42 yaşlı tibb işçisi uşağı qaçırdığı üçün həbs edilib. Məlumata görə, həkim Klaudiya Alves ana və uşağın yatdığı otağa daxil olaraq qızı bel çantasına qoyub və xəstəxanadan çıxarıb. Qızlarının itdiyini görən valideynlər polisə müraciət ediblər. Kamera görüntülərinə baxdıqdan sonra hüquq-mühafizə orqanları oğrunun yerini müəyyənləşdirib. Uşaq Alvesin evində tapılıb. Yeni doğulmuş körpə ailəsinə qaytarılıb, onu oğurlayan həkim həbs olunub və onu 8 ilə qədər həbs cəzası gözləyə bilər.

“Son söz seçicinindir...- Hər şey onun iradəsindən asılıdır...”

“Kamala Xarris  Amerika cəmiyyətinə bir o qədər tanış olmasa da, onun şansları daha yüksək görsənir. Ona görə ki, Trampı artıq bütün Amerika tanıyır. Hamı bilir ki, Tramp kimdir, o nə danışa bilər, o nə edə bilər və o nə edəcək...” “Co Bayden prezidentliyə namizədlikdən geri çəkildikdən sonra, təbii ki, ənənəyə görə, prezident iştirak etmirsə, əsas namizəd kimi onun müavini, yəni vitse-prezident seçki kampaniyasına qoşulur. Və 3 gün öncə də biz bunun elan olunmasının şahidi olduq. Düzdü, hələlik Kamala Xarrisin  namizədliyi rəsmi səviyyədə təsdiqlənməyib. Bunu təsdiqləyə biləcək partiya qurultayı hələ avqustun ikinci yarısında olacaq. Lakin  artıq bu bir neçə gün ərzində çox maraqlı tendensiyalar görünməyə başlayıb”. Bunu Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu  “Böyük ehtimalla artıq rəsmən ABŞ prezidentliyinə mümkün namizəd olacaq Kamala Harrisin bir siyasətçi kimi keyfiyyətlərini və Donald Tramp üzərində qələbə şanslarını necə dəyərləndirirsiz?” sualını cavablandırarkən söyləyib. “Onu xatırladaq ki, Baydenlə məlum debatdan sonra bütün sorğularda Tramp 2-3 faiz irəlidə idi.  Lakin Kamala Xarrisin öz namizədliyini irəli sürməsi faktiki olaraq situasiyanı dəyişdi. Hərçənd bu dəyişiklik müvəqqəti ola bilər. Bəs bu dəyişiklik nədən ibarətdir? Birincisi, Xarrisin seçki qərargahının fonduna 100 milyon dollardan artıq ianə daxil oldu. Burada söhbət yalnız böyük donorlardan yox, həm də sadə insanların verdiyi 5-10 dollar həcmindəki ianələrdən gedir. Müxtəlif xəbərlərə görə, bu ilkin kampaniyada 20 milyonadək insan iştirak edib.  Digər tərəfdən, son sorğular göstərdi ki, Xarris Trampı 2 faiz önləyib. Bu, nədən irəli gəlir? Bu, ondan irəli gəlir ki, əvvəl də Bayden-Tramp sorğusu aparılanda qeyd olunmuşdu ki, respondentlərin 20 faizi hələ  müəyyənləşmədiklərini bildirib.  Bu isə təxminən o deməkdir ki, onların böyük bir qismi hələ Baydenlə bağlı böyük bir tərəddüdlərə malikdirlər. Digər tərəfdən isə prinsip etibarilə Trampa səs vermək istəməyənlərdir. Çünki Trampa səs vermək istəsəydilər, onun namizədliyi artıq ortadadır, rəsmən təsdiqlənib. Amma gördüyümüz kimi, həmin 20 faiz hələ də tərəddüd edirdi.  Görünür, o 20 faizin müəyyən bir hissəsi artıq qərarını verib və nəticədə Kamala Xarris 2 faiz önə çıxıb. Lakin qeyd etdiyim kimi, bu hələ heç nə demək deyil. Xarris parlaq siyasətçi kimi tanınmır. Yəni onun bir siyasətçi kimi heç bir zaman parlaq bir siyasi fəaliyyəti nəzərə çarpmayıb. Kaloforniyanın baş prokuroru olub, həmin ştatdan senator olub. Senator fəaliyyəti zamanı da nəsə xüsusi fəaliiyyəti müşahidə olunmayıb. Ancaq görünən budur ki, Trampın stabil elektoratı, ən azı bugünkü vəziyyətə baxsaq, onun seçilməsi üçün kifayət etmir. Hətta o, özünə seçdiyi vitse-prezidentliyə namizədlə də öz vəziyyətini bir qədər də çətinləşdirdi. Çünki həmin  Devid Vensi deyilən senatorun özünün də yetərincə qüsurlu tərəfləri var. Onun ifrat mühafizəkarlığı, aqressivliyi və s. Amerika cəmiyyətinin böyük bir hissəsi tərəfindən məqbul sayılmayan keyfiyyətlərdir... Bundan başqa, biz gördük ki Respublikaçılar partiyasının daxilindıki nüfuzlu simalar belə, Trampa dəstək vermədilər, hətta onun əleyhinə çıxış edənlər də oldu. Məsələn, onun keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirdi ki, Trampın növbəti dəfə prezident seçilməsi Amerika üçün faciə olardı”, - deyə davamında analitik bildirib.  “Bax, belə bir vəziyyət müşahidə olunur. Və bu mənzərədə, əlbəttə, demokratların əli daha güclü görünür. Ona görə də bugünkü vəziyyətdən baxdıqda Xarrisin önə çıxmaq şansları daha yüksəkdir. Amma bu, onun şəxsi keyfiyyətlərinə görə deyil. Ola bilsin, bu, onun irqi mənsubiyyətinə, qadın olmasına, vitse-prezident olmasına görədir. Lakin ən başlıcası, demokratlar düşərgəsinin mümkün namizədi olmasına görədir... Beləliklə, deyərdim ki, ABŞ prezidentliyinə namizədlər hardasa, bərabər şanslara malikdir. Əlbəttə, Donald Tramp kifayət qədər məhdud baxışları olan siyasətçidir. Kamala Xarris isə Amerika cəmiyyətinə bir o qədər tanış olmasa da, dediyim kimi, onun şansları daha yüksək görsənir. Ona görə ki, Trampı artıq bütün Amerika tanıyır. Hamı bilir ki, Tramp kimdir, o nə danışa bilər, o nə edə bilər, o nə edəcək. Prinsip etibarilə bunlar hamısı bəllidir. Və bir də var, Amerika cəmiyyətinin siyasətə düşünülmüş yanaşan təbəqəsi, o, əlbəttə, hakimiyyətə dövlət adamlarının gəlməsində maraqlıdır və belələrinə səs verir. Tramp isə bir çoxları tərəfindən dövlət adamı kimi qəbul edilmir... Hələlik dediyim kimi, durum belədir. Kamala Xarris qalib gələcəkdisə, əlbəttə ki, o daha çox  Demokratlar partiyasının resursları hesabına qalib gələcək... Amma hər şey kampaniyanmın gedişatından asılı olacaq.  Və düşünürəm ki, namizədlərin reytinqlərdə bir-birini önləməsi hələ davam edəcəkdir. Son sözü isə təbii ki, seçici deyəcək. Demokratların informasiya resursları daha güclüdür, daha təsirlidir, onların əhatə dairəsi daha genişdir. Onların beynəlxalq nüfuzu daha böyükdür. Ola bilsin, bunların da Kamala Xarrisin seçkilərdə qalib gəlməsinə təsiri olsun. Ancaq yenə deyirəm ki, bu gün onun və yaxud Trampın qalib gələcəyini söyləmək qeyri-mümkündür. Yadınızdadırsa, 2016-cı il seçkilərində də bütün proqnozlar Hillari Klintonun qalib gələcəyini göstərsə də, nəticədə Tramp qalib gəldi. Deməli, hər şey seçicinin iradəsindən asılıdır”, - deyə ekspert vurğulayıb. 

Siqaretlərin qiyməti BU SƏBƏBDƏN QALXDI- Ekspert AÇIQLADI

Baş nazir Əli Əsədovun ötən gün imzaladığı qərarla “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.  Dəyişikliyə görə, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb. Bəs, sözügedən dəyişikliklərin sahibkarlar üçün təsiri nə dərəcədə olacaq? Artım siqaret alıcılarının sayında azalmaya ya artıma səbəb olacaq?  Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Moderator.az-a danışdı: “Aksiz vergisinin artması yeni baş verdi, yəni, qanun dünəndən qüvvəyə mindi. Amma bu məsələlər bir neçə ay öncədən müzakirə olunurdu. Aksiz vergisinin artmasının iqtisadiyyata xüsusi təsiri olmayacaq.  Aksi vergisinin artması bəzi siqaret növlərinin qiymətinə çox təsir etməsə də, bu artım  dəyişikliklərə də səbəb olacaq. 43-dən, 45,5-ə qalxması bütün siqaretlərin qiymətinin dərhal qalxması demək deyil. Sahibkar böyük ehtimalla öz mənfəəti hesabına konpensasiya edəcək. Məhsuluna təlabat çox yoxdursa, rəqabət yoxdursa cibindən ödəyəcək. Məhsul rəqabətlidirsə özünün də xərci 5 qəpik artıbsa, qiymətləri də daha çox artıra bilər. Yəni 1 qutuda 5 qəpik xərc artdığına görə, əminliklə qiymətlərin artacağına dair fikir söyləmək mümkün deyil, çünki hər bir siqaret satıcısının öz dəyər zənciri var, artan 5 qəpiyin də satıcı üçün hansı təsiri olduğu fərdi məsələdir. Mən böyük artım olmadığına görə son satış qiymətlərinin artacağına güman etmirəm. Amma təbii ki, siqaret alıcılarının xərci bu aksiz vergisi deyil, digər xərclər də arta-azala bilər və bu konteksdə də qərar qəbul edə bilərlər. Tutaq ki, alış qiyməti ilə bərabər, 5 qəpik aksiz artıbsa sahibkar bunu əsas gətirib əhəmiyyətli artım edə bilər.  Alıcı sayının azalmağı və ya çoxalmağına gəıdikdə isə, ümumiyyətlə qiymətin artması istifadəni azaldan təsirə malikdir. Bu bir mənaldır ki, biz istənilən şeyin qiyməti artdıqda onun istifadəsin azaltmağa çalışırıq. Amma siqaretdən bir asılılıq olduğu, istifadəçilər ata bilmədiyi üçün 5-10 qəpik və yaxud  1-2 manat qalxması ilə ciddi təsirin olacağını, alıcı sayının azalmasını gözləmirəm. Amma ümumiyyətlə siqaretin qiymətinin artılırması əsasən istifadəçi sayını azaltmaq üçün alınan qərardır. Kim imtina edə bilirsə edir. Ölkəmizdə bununla bağlı araşdırma da yoxdur ki, məsələn deyək 5% bahalaşma olduqda istifadəçi sayı 1% aşağı düşür vəs. Ümumiyyətlə siqaret çəkənlərin sayı barədə statistikada yoxdur. Amma bunu qeyd etmək mümkündür ki, qiymət artımı istifadəyə azaldıcı təsir göstərir”.

Xocalıda ağır qəza - Ölən var

Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə saat 11 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocalı rayonu Sığnaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Təmkin Şahpələngəvon idarə etdiyi “Shacman” markalı yük maşını idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə Regional qrupunun rəhbəri Eşqin Qasımov faktı təsdiqləyib və araşdırma aparıldığını bildirib.

Rusiyanın itkiləri 571 mini ötdü

Ukrayna müharibənin 883-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 571 350 hərbçi, 8 313 ədəd tank, 16 039 ədəd zirehli döyüş maşını, 15 804 ədəd artilleriya sistemi, 1 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 904 hava hücumundan müdafiə sistemi, 363 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 21 358 ədəd avtomobil texnikası, 12 610 ədəd PUA, 2 402 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 661 xüsusi avadanlıq itirib.

İran əl çəkmir: Nizami Beynəlxalq Fondu yaratdı

Fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması istiqamətindəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün fars dili və İran ədəbiyyatında müstəsna yeri olan Nizami Gəncəvi Fondunun yaradılması qərara alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbirin imzası ilə yayılan bəyanatda bildirilib. Ali Mədəni İnqilab Şurasının təsdiq etdiyi qərarı İran Mədəniyyət və İrşad Nazirliyi də qəbul edib və onun icrası, bu istiqamətdə işlərin aparılması üçün bütün dövlət qurumlarına göndərilib. Qeyd edək ki, xüsusilə son illər İran Mədəniyyət və İrşad Nazirliyi, Fars Dili Akademiyası, Ali Mədəni İnqilab Şurası və başqa dövlət qurumları Nizaminin fars və İran şairi olduğu barədə təbliğatlarını artırıblar. Bunun üçün xüsusi büdcə və imtiyazlar ayrılıb, bir çox şəhərlərin məktəblərində “Nizmi həftəsi” keçirilir. 2022-2023-cü illərdə bu qəbildən olan tədbirlərin Şərqi və Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində keçirilməsi milli və mədəni fəalların etirazları ilə qarşılaşsa da, tədbirlər müxtəlif səviyyələrdə davam etdirilir.

Yağıntılar intensivləşib - Faktiki hava

İyulun 25-i saat 10:00-a olan məlumata görə, öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensivləşib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11 mm-dək, Balakən-Şəki bölgəsində 62 mm, Lənkəran-Astara bölgəsində 55 mm, Mərkəzi Aran bölgəsində 39 mm, Quba-Qusar bölgəsində 33 mm, Qarabağ bölgəsində 30 mm, Dağlıq-Şirvan bölgəsində 26 mm, Naxçıvan MR-də 13 mm, Gəncə-Qazax bölgəsində isə 11 mm-dək təşkil edib. İyulun 25-də gecə və səhər saatlarında Şəki rayonu ərazisindən axan Kişçaydan, Qəbələ rayonu ərazisindən axan Göyçaydan, Dəmiraparançaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Quba rayonu ərazisindən axan Qudyalçaydan sel keçib.

Sərhəddə insident: Ermənilər yenə təxribat törətdilər

Sərhədin demarkasiyasından sonra Qazaxla üzbəüz yerləşən Tavuş rayonunun Kirants kəndində Azərbaycan və Ermənistan sərhədçiləri arasında ilk insident yaşanıb.  Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata görə, hadisə Kirantsda yeni salınan yolun yaxınlığında qeydə alınıb. Belə ki, sərhədin demarkasiyası nəticəsində Ermənistandan Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi olan Kirantsdakı körpü Azərbaycan tərəfinə təhvil verilib və yeni, alternativ yolun tikintisinə başlanılıb. Lakin ermənilər yeni yolu sərhəd pozuntusu ilə çəkməyə cəhd göstəriblər. Nəticədə insident yaşanıb. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan məlumatı təsdiqləyib. “Kirants sakinlərindən öyrəndim ki, ötən gün Kirantsa gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri gəlib erməni sərhədçiləri ilə mübahisə edib və bildiriblər ki, yeni salınan yolun bir hissəsi Azərbaycan torpaqlarından keçir”, - o deyib. Ermənistan mediası və erməni deputat bununla da təxribatı etiraf etmiş olub. Azərbaycan tərəfindən olayla bağlı hələ ki rəsmi məlumat verilməyib. 

Sabirabadda dörd yaşlı uşaq kanalda boğuldu

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub.  Sozcu.az xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.  Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb.  Faktla bağlı araşdırma aparılır. report

Faciəvi şəkildə ölən şəxs müəllimdir

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1986-cı il təvəllüdlü Ağayev Ağabala Əlibala oğlu rayonun Çayqovuşan kəndi ərazisində şəlalədən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə A. Ağayevin fotoları yayılıb. Onun İvanovka kənd orta məktəbində idman müəllimi işlədiyi bildirilir.

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, iyulun 24-26-da bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala və Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda hərbi hissə komandiri həbs olundu

N saylı hərbi hissənin komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev həbs olunub. Sozcu.az Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub. Belə ki, Samir Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sürücülük vəsiqəsi olmadan maşın sürmə: Cərimə 200 manat oldu

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Cərimənin məbləği 100 manatdan 200 manatadək artırılıb. Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb. Bundan başqa, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə ediləcək.

Manatla bağlı BƏDBİN PROQNOZ – “Devalivasiya olacaq!”

Respublikaçıların namizədi Donald Trampın seçiləcəyi təqdirdə dolların dünya bazarındakı dəyərinin artacağı proqnozlarını verir. Bu, Azərbaycanın maliyyə bazarında ciddi narahatlığa səbəb olur. Digər tərəfdən, yaxın aylarda Azərbaycanda növbəti devalvasiyanın olacağı ilə bağlı xəbərlər yayılır. Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda manatın məzənnəsi birjalarla deyil, inzibati qaydada tənzimlənir: “Manatın dollara nisbəti dünyada baş verən proseslərdən az asılıdır. Yeganə asılılıq neft qiymətləridir. Çünki manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Bu, Nazirlər Kabineti və Mərkəzi Bankın birgə qərarı ilə ola bilər. Başqa cür mümkün deyil”.  İqtisadçının fikrincə, yaxın gələcəkdə manatın məzənnəsi dəyişəcək: “Onsuz da bir müddətdən sonra bu qaçılmazdır. Çünki uzun müddət sabit məzənnə rejimini saxlamaq çox çətindir, hətta mümkün deyil. Artıq 9-cu ildir ki, sabit məzənnə rejimində yaşayırıq. Bu il olmasa da, gələn il və ya gələn ilin sonuna yaxın manatın məzənnəsi ilə bağlı hansısa qərar veriləcək”.

Baltalı müğənni, qeyri-peşəkar mühafizəçi və tibbin şalvara batırması...

Sovet sistemi təkpartiyalı idi. Tanınmış insanlar, sənət adamları ya vətən xaini kimi cəzalanır, ya da xalq şairi-xalq artisti kimi komfort həyatla əhatə olunurdu. Hər şey birmənalı qiymətləndirilirdi. Ya yaxşı, ya pis. Ya qara, ya ağ. Başqa rəng, başqa seçim yox idi. Bu mərəz otuz ildir canımızdan çıxmır. Adamlara mütləq yarlıq yapışdırıb bir səngərə atırıq. Elə bil qeyri-səlis məntiqi yaradan fikir adamının həmyerliləri deyilik. Çağdaş milli qəhrəmanlıq dastanımızın "Ağadadaş Ağayevlə baltanın əhvalatı" boyunda da eyni performansı sərgiləyirik. Adamlar iki radikal qrupa bölünüb yarısı müğənnini, yarısı mühafizəçini müdafiə edir. Əlbəttə, bu əhvalat bir çox cəhətdən cəmiyyətimizin nə qədər çürük olduğunu göstərir: yalançı ad-san və şöhrət, manıs estetikasının xalqın ruhunu zədələməsi, qudurğanlıq, qeyri-peşəkarlıq, tibb sisteminin şalvarını batırmağa davam etməsi və sair və ilaxır. Lakin məsələnin hüquqi-mənəvi tərəfi çox sadədir: Ağadadaş Ağayev balta ilə hücum etməkdə səhvə və təbii, qanun pozuntusuna yol verib, mühafizəçi isə onu yerə yıxıb zərərsizləşdirəndən sonra təpikləməkdə. Nə o sənət adamı kimi davranıb, nə bu işini bilən peşəkar kimi. Hadisədə insanlıq amili axtarmaq isə bihudədir, çünki ortada qarşılıqlı zırramalıq faktından başqa heç nə yoxdur. Mansıların öz həmkarlarını müdafiə eləməsi də başadüşüləndir, lakin müdafiə çox biabırçı şəkildə ifadə olunur. Məsələn, paylaşımların birində hüquq-mühafizə orqanlarından iki şey xahiş edirlər: işə ədalətlə baxılmasını və Ağadadaş Ağayevin ulduz olduğunun nəzərə alınmasını... Xalqın inanılmaz həddə varlandırdığı bu kütbeyinlər demokratiya cəhənnəm, ədalətin də nə olduğunu bilmirlər. Amma yaxşı da edirlər! Bilənlər hara çıxıb guya? Bir şeyin ki izi-tozu yoxdur, onu bilmək dərd-azardan başqa heç nə gətirməz. Manıs olub yaşamalı ölkədir vallah! Şərif Ağayar, yazar

Azərbaycan Ordusuna atəş açmağı mən əmr etdim

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan 2021-ci ildə baş verən toqquşmalara görə məsuliyyət daşıdığını dolayısı ilə etiraf edib. Sozcu.az xəbər verir ki, bu barədə Karapetyan sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Azərbaycan Ordusuna atəş açmaq əmrini verdiyini təsdiqləyib: “Bəli, sərhədi qanunsuz pozan düşmənə atəş açmaq əmri vermişəm. Bəs bu əmr olmasaydı, əsgərim necə qoruna bilərdi?” O iddia edib ki, sərəncamı Paşinyanın xoşuna gəlməyib və onu dərhal vəzifədən azad edib. Qeyd edək ki, Karapetyanın çox böyük ehtimalla 13 noyabr 2021-ci ildə Qarabağdakı separatçı-terrorçu tör-töküntülərinin Azərbaycan əsgərinə qarşı təxribatı ilə başlayan, daha sonra isə Ermənistan ordusunun sərhəddə Ordumuza qarşı atəş açması ilə davam edən toqquşmanı nəzərdə tutur. Belə ki, separatçı-terrorçulara “yardım üçün” sərhəddə atəşi pozmağa başlayan Ermənistan ordusuna 15-16 noyabrda ağır zərbə vurulmuş və düşmən susmağa məcbur olmuşdu. Məhz həmin gün də Karapetyan vəzifədən alınmışdı.

Rusiyanın Ukraynadakı ümumi itkisi açıqlandı - Şok rəqəm

Rusiyaya Ukraynadakı genişmiqyaslı müharibə zamanı verdiyi itkilərdən sonra ordusunu bərpa etmək üçün beş il lazım olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Britaniya Müdafiə Qərargahının rəisi Entoni Radakin deyib. “Rusiya müharibə başlayandan indiyə qədər 555 min əsgər itirib və biz hesab edirik ki, Putinə Rusiya ordusunu 2022-ci ilin fevralında olduğu səviyyəyə çatdırmaq üçün beş il, müharibənin üzə çıxardığı zəif cəhətləri düzəltmək üçünsə daha beş il lazım olacaq”, - o bildirib.

Moskvada yüksək rütbəli zabitin avtomobili partladıldı - özü və arvadı yaralandı

Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov yaralanıb. O, partlayış nəticəsində ayağının bir hissəsini itirib. Xatırladaq ki, bu gün Moskvanın şimalında"Toyota Land Cruiser" avtomobilinin partlaması nəticəsində kişi və qadın yaralanıb.

Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...

Bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib... Çin ilk vaxtlar Çin-Rusiya birgə layihəsi kimi təqdim olunmuş uzunmənzilli, geniş gövdəli "C929" təyyarəsinin yaradılması layihəsini Rusiyanın iştirakı olmadan davam etdirmək qərarına gəlib. Sozcu.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Nəşr bildirir ki, indi Böyük Britaniyanın “Farnboro” Beynəlxalq Aviasiya Sərgisində yerləşdirilən Çin təyyarə istehsal edən "COMAC" korporasiyasının stendində təyyarənin modelində və onun təsvirində artıq Rusiyanın adı çəkilmir. Şirkət jurnalistlərə bildirib ki, Çin bu layihə üzərində ruslar olmadan işləyir. Eyni zamanda, Rusiyanın artıq layihələr təqdim etməməsinin səbəblərini də açıqlamayıblar. Uzunmənzilli təyyarə layihəsi əvvəllər "CR929" adlanırdı və "Boeing" və "Airbus" tərəfindən istehsal edilən təyyarələrlə rəqabət aparmaq üçün nəzərdə tutulmuşdu. Rusiyanın "Rostex" korporasiyası layihənin adındakı “C” hərfinin Çini, “R” hərfinin isə Rusiyanı ifadə etdiyini iddia edirdi. Moderator.az-ın araşdırmasndan bəlli olub ki, Çin və Rusiya Federasiyası “CR929”-u 2014-cü ildə birgə istehsal etmək barədə razılığa gəliblər. Layihənin dəyəri 50 milyard dollar qiymətləndirilirdi; o, iki ölkənin aviasiya sənayesində ən böyük layihəyə çevrilməli idi. Yeni təyyarənin “Airbus” və “Boeing” təyyarələri ilə rəqabət aparacağı güman edilirdi. Təyyarənin hazırlanmasına 2017-ci ildə başlanılıb və 2025-ci ildə başa çatdırılması və 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı... Onu  da xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib...

Sabah külək güclənəcək - SARI XƏBƏRDARLIQ

İyulun 24-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi qısa müddətə sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 24-26-da isə bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala, Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Paşinyan Bakıya gəlir? - Rəsmi cavab

Nikol Paşinyan məzuniyyətdən sonra, avqustda mətbuat konfransı keçirməyi planlaşdırır. O, burada noyabrda Bakıda keçiriləcək COP29 sammitində Ermənistanın iştirakı ilə bağlı Azərbaycanın dəvətinə cavabını açıqlayacaq. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak”ın sorğusuna Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edək ki, bir qədər əvvəl rəsmi Bakı Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.

Bayden sabah ictimaiyyət qarşısına çıxacaq

ABŞ Prezidenti Co Bayden iyulun 24-də seçki kampaniyasından imtinasına həsr olunmuş nitqlə çıxış edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin jurnalisti Tayler Peycer X səhifəsində yazıb. “Baydenin prezidentlik yarışından çıxması ilə bağlı nitqi sabaha planlaşdırılır”, - deyə o bildirib.