Rusiyanın itkiləri 571 mini ötdü

Ukrayna müharibənin 883-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 571 350 hərbçi, 8 313 ədəd tank, 16 039 ədəd zirehli döyüş maşını, 15 804 ədəd artilleriya sistemi, 1 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 904 hava hücumundan müdafiə sistemi, 363 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 21 358 ədəd avtomobil texnikası, 12 610 ədəd PUA, 2 402 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 661 xüsusi avadanlıq itirib.

İran əl çəkmir: Nizami Beynəlxalq Fondu yaratdı

Fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması istiqamətindəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün fars dili və İran ədəbiyyatında müstəsna yeri olan Nizami Gəncəvi Fondunun yaradılması qərara alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbirin imzası ilə yayılan bəyanatda bildirilib. Ali Mədəni İnqilab Şurasının təsdiq etdiyi qərarı İran Mədəniyyət və İrşad Nazirliyi də qəbul edib və onun icrası, bu istiqamətdə işlərin aparılması üçün bütün dövlət qurumlarına göndərilib. Qeyd edək ki, xüsusilə son illər İran Mədəniyyət və İrşad Nazirliyi, Fars Dili Akademiyası, Ali Mədəni İnqilab Şurası və başqa dövlət qurumları Nizaminin fars və İran şairi olduğu barədə təbliğatlarını artırıblar. Bunun üçün xüsusi büdcə və imtiyazlar ayrılıb, bir çox şəhərlərin məktəblərində “Nizmi həftəsi” keçirilir. 2022-2023-cü illərdə bu qəbildən olan tədbirlərin Şərqi və Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində keçirilməsi milli və mədəni fəalların etirazları ilə qarşılaşsa da, tədbirlər müxtəlif səviyyələrdə davam etdirilir.

Yağıntılar intensivləşib - Faktiki hava

İyulun 25-i saat 10:00-a olan məlumata görə, öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensivləşib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11 mm-dək, Balakən-Şəki bölgəsində 62 mm, Lənkəran-Astara bölgəsində 55 mm, Mərkəzi Aran bölgəsində 39 mm, Quba-Qusar bölgəsində 33 mm, Qarabağ bölgəsində 30 mm, Dağlıq-Şirvan bölgəsində 26 mm, Naxçıvan MR-də 13 mm, Gəncə-Qazax bölgəsində isə 11 mm-dək təşkil edib. İyulun 25-də gecə və səhər saatlarında Şəki rayonu ərazisindən axan Kişçaydan, Qəbələ rayonu ərazisindən axan Göyçaydan, Dəmiraparançaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Quba rayonu ərazisindən axan Qudyalçaydan sel keçib.

Sərhəddə insident: Ermənilər yenə təxribat törətdilər

Sərhədin demarkasiyasından sonra Qazaxla üzbəüz yerləşən Tavuş rayonunun Kirants kəndində Azərbaycan və Ermənistan sərhədçiləri arasında ilk insident yaşanıb.  Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata görə, hadisə Kirantsda yeni salınan yolun yaxınlığında qeydə alınıb. Belə ki, sərhədin demarkasiyası nəticəsində Ermənistandan Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi olan Kirantsdakı körpü Azərbaycan tərəfinə təhvil verilib və yeni, alternativ yolun tikintisinə başlanılıb. Lakin ermənilər yeni yolu sərhəd pozuntusu ilə çəkməyə cəhd göstəriblər. Nəticədə insident yaşanıb. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan məlumatı təsdiqləyib. “Kirants sakinlərindən öyrəndim ki, ötən gün Kirantsa gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri gəlib erməni sərhədçiləri ilə mübahisə edib və bildiriblər ki, yeni salınan yolun bir hissəsi Azərbaycan torpaqlarından keçir”, - o deyib. Ermənistan mediası və erməni deputat bununla da təxribatı etiraf etmiş olub. Azərbaycan tərəfindən olayla bağlı hələ ki rəsmi məlumat verilməyib. 

Sabirabadda dörd yaşlı uşaq kanalda boğuldu

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub.  Sozcu.az xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.  Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb.  Faktla bağlı araşdırma aparılır. report

Faciəvi şəkildə ölən şəxs müəllimdir

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1986-cı il təvəllüdlü Ağayev Ağabala Əlibala oğlu rayonun Çayqovuşan kəndi ərazisində şəlalədən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə A. Ağayevin fotoları yayılıb. Onun İvanovka kənd orta məktəbində idman müəllimi işlədiyi bildirilir.

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, iyulun 24-26-da bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala və Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda hərbi hissə komandiri həbs olundu

N saylı hərbi hissənin komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev həbs olunub. Sozcu.az Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub. Belə ki, Samir Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sürücülük vəsiqəsi olmadan maşın sürmə: Cərimə 200 manat oldu

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Cərimənin məbləği 100 manatdan 200 manatadək artırılıb. Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb. Bundan başqa, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə ediləcək.

Manatla bağlı BƏDBİN PROQNOZ – “Devalivasiya olacaq!”

Respublikaçıların namizədi Donald Trampın seçiləcəyi təqdirdə dolların dünya bazarındakı dəyərinin artacağı proqnozlarını verir. Bu, Azərbaycanın maliyyə bazarında ciddi narahatlığa səbəb olur. Digər tərəfdən, yaxın aylarda Azərbaycanda növbəti devalvasiyanın olacağı ilə bağlı xəbərlər yayılır. Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda manatın məzənnəsi birjalarla deyil, inzibati qaydada tənzimlənir: “Manatın dollara nisbəti dünyada baş verən proseslərdən az asılıdır. Yeganə asılılıq neft qiymətləridir. Çünki manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Bu, Nazirlər Kabineti və Mərkəzi Bankın birgə qərarı ilə ola bilər. Başqa cür mümkün deyil”.  İqtisadçının fikrincə, yaxın gələcəkdə manatın məzənnəsi dəyişəcək: “Onsuz da bir müddətdən sonra bu qaçılmazdır. Çünki uzun müddət sabit məzənnə rejimini saxlamaq çox çətindir, hətta mümkün deyil. Artıq 9-cu ildir ki, sabit məzənnə rejimində yaşayırıq. Bu il olmasa da, gələn il və ya gələn ilin sonuna yaxın manatın məzənnəsi ilə bağlı hansısa qərar veriləcək”.

Baltalı müğənni, qeyri-peşəkar mühafizəçi və tibbin şalvara batırması...

Sovet sistemi təkpartiyalı idi. Tanınmış insanlar, sənət adamları ya vətən xaini kimi cəzalanır, ya da xalq şairi-xalq artisti kimi komfort həyatla əhatə olunurdu. Hər şey birmənalı qiymətləndirilirdi. Ya yaxşı, ya pis. Ya qara, ya ağ. Başqa rəng, başqa seçim yox idi. Bu mərəz otuz ildir canımızdan çıxmır. Adamlara mütləq yarlıq yapışdırıb bir səngərə atırıq. Elə bil qeyri-səlis məntiqi yaradan fikir adamının həmyerliləri deyilik. Çağdaş milli qəhrəmanlıq dastanımızın "Ağadadaş Ağayevlə baltanın əhvalatı" boyunda da eyni performansı sərgiləyirik. Adamlar iki radikal qrupa bölünüb yarısı müğənnini, yarısı mühafizəçini müdafiə edir. Əlbəttə, bu əhvalat bir çox cəhətdən cəmiyyətimizin nə qədər çürük olduğunu göstərir: yalançı ad-san və şöhrət, manıs estetikasının xalqın ruhunu zədələməsi, qudurğanlıq, qeyri-peşəkarlıq, tibb sisteminin şalvarını batırmağa davam etməsi və sair və ilaxır. Lakin məsələnin hüquqi-mənəvi tərəfi çox sadədir: Ağadadaş Ağayev balta ilə hücum etməkdə səhvə və təbii, qanun pozuntusuna yol verib, mühafizəçi isə onu yerə yıxıb zərərsizləşdirəndən sonra təpikləməkdə. Nə o sənət adamı kimi davranıb, nə bu işini bilən peşəkar kimi. Hadisədə insanlıq amili axtarmaq isə bihudədir, çünki ortada qarşılıqlı zırramalıq faktından başqa heç nə yoxdur. Mansıların öz həmkarlarını müdafiə eləməsi də başadüşüləndir, lakin müdafiə çox biabırçı şəkildə ifadə olunur. Məsələn, paylaşımların birində hüquq-mühafizə orqanlarından iki şey xahiş edirlər: işə ədalətlə baxılmasını və Ağadadaş Ağayevin ulduz olduğunun nəzərə alınmasını... Xalqın inanılmaz həddə varlandırdığı bu kütbeyinlər demokratiya cəhənnəm, ədalətin də nə olduğunu bilmirlər. Amma yaxşı da edirlər! Bilənlər hara çıxıb guya? Bir şeyin ki izi-tozu yoxdur, onu bilmək dərd-azardan başqa heç nə gətirməz. Manıs olub yaşamalı ölkədir vallah! Şərif Ağayar, yazar

Azərbaycan Ordusuna atəş açmağı mən əmr etdim

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan 2021-ci ildə baş verən toqquşmalara görə məsuliyyət daşıdığını dolayısı ilə etiraf edib. Sozcu.az xəbər verir ki, bu barədə Karapetyan sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Azərbaycan Ordusuna atəş açmaq əmrini verdiyini təsdiqləyib: “Bəli, sərhədi qanunsuz pozan düşmənə atəş açmaq əmri vermişəm. Bəs bu əmr olmasaydı, əsgərim necə qoruna bilərdi?” O iddia edib ki, sərəncamı Paşinyanın xoşuna gəlməyib və onu dərhal vəzifədən azad edib. Qeyd edək ki, Karapetyanın çox böyük ehtimalla 13 noyabr 2021-ci ildə Qarabağdakı separatçı-terrorçu tör-töküntülərinin Azərbaycan əsgərinə qarşı təxribatı ilə başlayan, daha sonra isə Ermənistan ordusunun sərhəddə Ordumuza qarşı atəş açması ilə davam edən toqquşmanı nəzərdə tutur. Belə ki, separatçı-terrorçulara “yardım üçün” sərhəddə atəşi pozmağa başlayan Ermənistan ordusuna 15-16 noyabrda ağır zərbə vurulmuş və düşmən susmağa məcbur olmuşdu. Məhz həmin gün də Karapetyan vəzifədən alınmışdı.

Rusiyanın Ukraynadakı ümumi itkisi açıqlandı - Şok rəqəm

Rusiyaya Ukraynadakı genişmiqyaslı müharibə zamanı verdiyi itkilərdən sonra ordusunu bərpa etmək üçün beş il lazım olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Britaniya Müdafiə Qərargahının rəisi Entoni Radakin deyib. “Rusiya müharibə başlayandan indiyə qədər 555 min əsgər itirib və biz hesab edirik ki, Putinə Rusiya ordusunu 2022-ci ilin fevralında olduğu səviyyəyə çatdırmaq üçün beş il, müharibənin üzə çıxardığı zəif cəhətləri düzəltmək üçünsə daha beş il lazım olacaq”, - o bildirib.

Moskvada yüksək rütbəli zabitin avtomobili partladıldı - özü və arvadı yaralandı

Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov yaralanıb. O, partlayış nəticəsində ayağının bir hissəsini itirib. Xatırladaq ki, bu gün Moskvanın şimalında"Toyota Land Cruiser" avtomobilinin partlaması nəticəsində kişi və qadın yaralanıb.

Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...

Bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib... Çin ilk vaxtlar Çin-Rusiya birgə layihəsi kimi təqdim olunmuş uzunmənzilli, geniş gövdəli "C929" təyyarəsinin yaradılması layihəsini Rusiyanın iştirakı olmadan davam etdirmək qərarına gəlib. Sozcu.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Nəşr bildirir ki, indi Böyük Britaniyanın “Farnboro” Beynəlxalq Aviasiya Sərgisində yerləşdirilən Çin təyyarə istehsal edən "COMAC" korporasiyasının stendində təyyarənin modelində və onun təsvirində artıq Rusiyanın adı çəkilmir. Şirkət jurnalistlərə bildirib ki, Çin bu layihə üzərində ruslar olmadan işləyir. Eyni zamanda, Rusiyanın artıq layihələr təqdim etməməsinin səbəblərini də açıqlamayıblar. Uzunmənzilli təyyarə layihəsi əvvəllər "CR929" adlanırdı və "Boeing" və "Airbus" tərəfindən istehsal edilən təyyarələrlə rəqabət aparmaq üçün nəzərdə tutulmuşdu. Rusiyanın "Rostex" korporasiyası layihənin adındakı “C” hərfinin Çini, “R” hərfinin isə Rusiyanı ifadə etdiyini iddia edirdi. Moderator.az-ın araşdırmasndan bəlli olub ki, Çin və Rusiya Federasiyası “CR929”-u 2014-cü ildə birgə istehsal etmək barədə razılığa gəliblər. Layihənin dəyəri 50 milyard dollar qiymətləndirilirdi; o, iki ölkənin aviasiya sənayesində ən böyük layihəyə çevrilməli idi. Yeni təyyarənin “Airbus” və “Boeing” təyyarələri ilə rəqabət aparacağı güman edilirdi. Təyyarənin hazırlanmasına 2017-ci ildə başlanılıb və 2025-ci ildə başa çatdırılması və 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı... Onu  da xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib...

Sabah külək güclənəcək - SARI XƏBƏRDARLIQ

İyulun 24-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi qısa müddətə sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 24-26-da isə bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala, Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Paşinyan Bakıya gəlir? - Rəsmi cavab

Nikol Paşinyan məzuniyyətdən sonra, avqustda mətbuat konfransı keçirməyi planlaşdırır. O, burada noyabrda Bakıda keçiriləcək COP29 sammitində Ermənistanın iştirakı ilə bağlı Azərbaycanın dəvətinə cavabını açıqlayacaq. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak”ın sorğusuna Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edək ki, bir qədər əvvəl rəsmi Bakı Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.

Bayden sabah ictimaiyyət qarşısına çıxacaq

ABŞ Prezidenti Co Bayden iyulun 24-də seçki kampaniyasından imtinasına həsr olunmuş nitqlə çıxış edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin jurnalisti Tayler Peycer X səhifəsində yazıb. “Baydenin prezidentlik yarışından çıxması ilə bağlı nitqi sabaha planlaşdırılır”, - deyə o bildirib.

“Başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz?”

Milli Məclisin deputatı Fazil Mustafa Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə yaşadığı insidentə münasibət bildirib.  Sozcu.az xəbər verir ki, eks-deputat bu barədə öz “Facebook” səhifəsində paylaşım edib. Fazil Mustafa Ağadadaş Ağayevin mühafizəçiyə balta ilə hücum etməsini kəskin tənqid atəşinə tutub:   “Mühafizəçinin atası-anası yoxdur? O Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Üstəlik baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz? Bu cür videoların yayılmasının mən də əleyhinəyəm. İnsanın xəstəliyinin şiddətini, təsirini də anlayıram. Mühafizəçinin ekstremal şəraitdə əsəblərini cilovlaya bilməməsini də qınayıram. Ancaq suçu öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və böyük bir faciənin qarşısını almış mühafizəçi işləyən tanımadığım yoxsul bir Azərbaycan övladının üzərinə yönəltmək nə dərəcədə ədalətli davranışdır?", - deyə Fazil Mustafa öz postunda qeyd edib.  Xatırladaq ki, hadisədən sonra xalq artisti Ağadadaş Ağayev və dalaşdığı mühafizə əməkdaşı polis tərəfindən saxlanılaraq, istintaqa cəlb olunub. 

Ağadadaş Ağayevə cinayət işi açıldı

Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır: "Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Bakı-Xırdalan-Sumqayıt qatarı yeniyetməni vurdu

Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatar yetkinlik yaşına çatmayan şəxsi vurub. Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, hadisə iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman baş verib. Nəticədə şəxs aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Qaxda 2 yaşlı uşaq dərmandan zəhərləndi

Qax rayonunda iki yaşlı körpə dərmandan zəhərlənib. Sozcu.az xəbər verir ki, Qax şəhərində yaşadığı evdə nəzarətsiz qalan 2022-ci il təvəllüdlü A.Nemətzadə qəbzlik əleyhinə dərmanları içib. Nəticədə zəhərlənən körpə xəstəxanaya yerləşdirilib.report

Ağadadaş Ağayev tanışını balta ilə buna görə vurub – DETALLAR

DİN-in mətbuat xidmətindən məsələ ilə bağlı Sozcu.az-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb. X X X Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub. “Report” xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır. *** Xalq artisti Ağadadaş Ağayevlə bağlı yeni məlumatlar məlum olub.  Sozcu.az lent.az-a istinadən bildirir ki, müğənninin tanışı ilə küçədə mübahisəsi düşüb. Mübahisə zəminində Ağadadaş Ağayev əlindəki baltanı tanışına atıb. Nəticədə qarşı tərəf xəsarət alıb. A.Ağayevin saxlanıldığı bildirilsə də hələlik bu rəsmi təsdiqini tapmayıb. Hadisə ilə bağlı rəsmi məlumat yayılacaq. ***10:53 Daxili İşlər Nazirliyindən Lent.az-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər.  ***10:42 Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.  Sozcu.az news24.az-a istinadən bildirir ki, yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Dəhşət: Ata övladlarını bıçaqladıqdan sonra intihar etdi

08:55 Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti yetirib. Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb. Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar. *** Bakıda 1 şəxsin qəsdən öldürülməsi, digərinin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, iyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.