“Müvafiq qanun əsasında hər bir tikinti şirkəti qarşısında öhdəlik qoyulmalıdır ki, tikilmiş evlərin, məsələn, 10 faizi Müdafiə Nazirliyinə, 5 faizi Dövlət Sərhəd Xidmətinin balansına keçririlsin. Və həmin evlər hesabına ərazidə yaşayan hərbçilər də mənzillə təmin edilsin...”
“Hərbçilərin statusu haqqında qanundakı maddələrdən belə nəticə hasil olur ki, hərbçi peşəsi başqa peşələrdən üstündür. Ancaq reallıqda bu üstünlük görünmür. Hərbçilərin, o cümlədən veteran və əlil hərbçilərin yaşadıqları, işlədikləri yerlərdə evlə, işlə təmin olunmaq hüququ, istirahət hüququ və s. hüquqlarını mərkəzi və yerli icra hakimiyyətləri həyata keçirməlidir. Amma ötən söhbətimizdə də dediyim kimi, yelri icra hakimiyyətlərində bunun üçün bir çox səlahiyyət və imkanlar yoxdur və nəticədə hərbçilərlə bağlı qanunda qeyd edilən məsələləri icra edə bilmirlər”.
Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, istefada olan general-mayor Tacəddin Mehdiyev dilə gətirib.
“Hərbçilərin yaşayış yeri ilə təmin olunmasını asanlaşdırmaq üçün mən təklif edərdim ki, hərbçilərin statusu haqqında qanunda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və s. qurumların balansına uyğun qaydalar əsasında mənzil tikintisi ilə məşğul olan şirkətlər tərəfindən keçirilmiş mənzillərdən verilməsi də nəzərdə tutulsun. Yəni müvafiq qanun əsasında hər bir tikinti şirkəti qarşısında öhdəlik qoyulmalıdır ki, tikilmiş evlərin, məsələn, 10 faizi Müdafiə Nazirliyinə, 5 faizi Dövlət Sərhəd Xidmətinin balansına keçririlsin. Və həmin evlər hesabına ərazidə yaşayan hərbçilər də mənzillə təmin edilsin”, -deyə davamında sabiq nazir təklifini irəli sürüb.
“Onu deməliyəm ki, sovet dövründə hərbçilər, xüsusən də “Böyük Vətən” müharibəsi veteranları daha böyük imtiyazlara malik idi. Onların işləmək, pensiya hüququ, istirahət hüququ və s. xeyli dərəcədə təmin olunurdu. Veteranlar sanatoriyalarda pulsuz müalicə ala bilirdi. Taksilərdən başqa bütün şəhərdaxili nəqliyyat: avtobus, tramvay, metro və s. onlar üçün pulsuz idi. Veteranlar ildə bir dəfə təyyarə və qatar ilə ölkənin istənilən nöqtəsinə pulsuz gedib-gələ bilirdilər. Kommunal xərclərin (qaz, işıq, su və s.) 50 faizini ödəyirdilər, telefon isə tamamilə pulsuz idi. Hesab edirəm ki, bu gün də Azərbaycan dövlətinin veteranlara, hərbçilərə bunlardan artıq güzəştlər təmin etməyə gücü yetər. Yəni mövcud qanunlara uyğun olaraq hərbçilər, müharibə veteranları əhalinin digər kateqoriyalarından seçilməlidir...
Bundan əlavə, dövlətimizin imkanı var ki, Qarabağ müharibələrinin iştirakçılarına ya faizsiz, ya da heç olmasa, cüzi, yəni 2-3 faizlə pul krediti təşkil etsin. Bundan istifadə edərək onlar öz müxtəlif həyati ehtiyaclarını təmin edə bilərlər. Dövlət xəstəxanalarının pulsuz xidmətindən əlavə, müvafiq qanun qəbul etməklə özəl tibb müəssisələrinin qarşısında da vəzifə qoymaq olar ki, hərbçilərə, müharibə veteranlarına bütün müalicə, əməliyyat və s. qiymətlərində 50 faiz güzəşt edilsin. Bunu bir dəfə də demişəm. II Dünya müharibəsindən sonra SSRİ-də kolxoz sədrləri, zavod direktorları, rayon partiya komitəsinin katibləri və s. kimi aparıcı vəzifələrə öncə idarəetmə qabiliyyəti olan veteran zabitlər təyin edilirdi. Ancaq bu gün qazilərin xeyli hissəsi işsiz qalıb. Hazırda qazilərin idarə, təşkilat və müəssisələrdə uyğun işlə təmin edilməsi haqda qanunlar qəbul olunub, amma, təəssüf ki, çox vaxt onlar düzgün icra olunmur.
Bütün bu deyilənləri hərbçilərimiz, qazilərimiz, əlillərimiz üçün təmin edilsə, insanlar öz dövlətlərinə, ordularına bağlı və sadiq olarlar. Dövlətimizin, xalqımızın, torpaqlarımızın, sərhədlərimizin keşiyində dayanan insanları narazı salmaq olmaz. Və onlar razı salınsa, bundan dövlət yalnız qazanar”, - deyə general vurğulayıb.