Ukrayna rus qazının nəqlini dayandırır

Rusiya qazının Ukrayna ərazisindən tranziti 2025-ci il yanvarın 1-də səhər saatlarında müvafiq müqavilənin müddətinin başa çatması ilə əlaqədar dayandırılacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal Ali Radada çıxışında deyib. “Qaz tranziti müqaviləsi 2025-ci il yanvarın 1-də başa çatır. Səhər saat 7-də tranzit bu müqavilənin ləğvi ilə əlaqədar fiziki olaraq dayandırılacaq”, - Şmıqal bildirib. Qeyd edək ki, Ukraynanın “Naftoqaz” şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti arasında tranzit müqaviləsi 2019-cu ilin sonunda beş il müddətinə imzalanıb. Rusiya Avropaya qazı Ukrayna ərazisi ilə tədarük edir.

Mask ABŞ prezidenti ola bilməz - Tramp

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp onun yerinə iş adamı İlon Maskın dövlət başçısı vəzifəsini icra edəcəyindən narahat deyil. Sozcu.az xəbər verir ki, bu barədə Tramp Arizona ştatının Feniks şəhərində keçirilən “AmericaFest” konfransında deyib. “Trampın prezidentliyi İlon Maska verməsi ilə bağlı yeni söz-söhbət ortaya çıxıb. Xeyr, bu baş verməyəcək. O, prezident olmayacaq, mən təhlükəsizlikdəyəm. Bilirsinizmi niyə o, ABŞ prezidenti ola bilmir? O, bu ölkədə doğulmayıb”, - Tramp bildirib. Qeyd edək ki, İlon Mask 1971-ci ildə Pretoriyada (Cənubi Afrika) anadan olub, məktəbi bitirdikdən sonra Kanadaya, sonra isə ABŞ-a köçüb. ABŞ qanunvericiliyinə görə, ABŞ-da doğulmayan şəxs prezidentliyə namizəd ola bilməz.

16 yaşlı sürücü qəza etdi: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 16 yaşlı sürücü Fərhad Saqir oğlu Şəmsəddinov idarə etdiyi “Tofaş” markalı avtomobillə Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində hərəkətdə olan zaman yol kənarında dayanmış Simran Vaqif oğlu Qarayevi vurub. Nəticədə piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Bu qanuna dəyişiklik edildi - Onların təhsil haqqını dövlət ödəyəcək

Dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, mövcud qanunvericilikdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sırasından olan şəxslərin əhatə dairəsi genişləndirilib. Belə ki, hər iki valideyni vəfat edən və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, bir valideyni vəfat etmiş və digər valideyni aşağıda sadalanan bəndlərdən hər hansı birinə aid olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab ediləcəklər: cəzaçəkmə müəssisələrində cəzasını çəkən; məlum olmayan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər. Modern.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi bildirib ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (övladlığa götürüldükdə belə) təhsil aldıqları müddətdə tam dövlət təminatına götürülürlər. Belə ki, dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma formasında və 23 yaşınadək ödənişli əsaslarla təhsil aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Əlavə olaraq, ödənişli və ya dövlət sifarişi ilə (ödənişsiz) təhsil almasından asılı olmayaraq onlara imtahan sessiyalarındakı orta bal göstəriciləri (ÜOMG) nəzərə alınmaqla müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda hər ay əlavə təqaüdlər verilir, təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müavinət ödənilir. Eyni zamanda təhsil müəssisələrini bitirdikləri zaman mövsümi paltar, ayaqqabı və birdəfəlik pul vəsaiti ilə təmin edilirlər. O cümlədən ilk dəfə işə düzələn zaman onlara birdəfəlik müavinət ödənilir.

Zəlzələ gözlənilir: Yeri və zamanı açıqlandı

Geoloq Prof. Dr. Naci Görür Mərmərə dənizində baş verən ardıcıl zəlzələlərdən sonra sosial media hesabından açıqlama verib. Sozcu.az xəbər verir ki, ekspert bu dəfəki zəlzələdən sonra başqa bir bölgəyə işarə edib. O, sosial media paylaşımında bu fikirləri qeyd edib. "Mərmərə dənizində 4-dən kiçik zəlzələləri qiymətləndirmirik. Son zəlzələ Mərmərə Ereğlisi sahillərində baş verdi. Bu bölgənin şərqindəki Kumburqaz qırağında zəlzələni gözləyirik. Qərbdə Tekirdağ fayı qırılıb, lakin bu bölgədə zəlzələlər daha çox qaz buraxılması və çöküntülərdəki deformasiyalar nəticəsində baş verir. Bu böyüklükdə zəlzələlər hətta kilidli qırılmalarda da normaldır. Qüsur sonda stress toplayır və bəzən kiçik zəlzələlərə səbəb olur".

Aliment borcu bu hallarda silinə bilər - RƏSMİ

Azərbaycan Respublikasının Ali Məhkəməsi aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.  Sozcu.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. "İşin hallarına görə, iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin edib. Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz. Birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verib. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 12 avqust – 20 dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Ali Məhkəmə də hesab edib ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2022-ci ilin avqust - dekabr aylarına hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər.  Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.  Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir", - deyə məlumatda qeyd olunub.

Koreyalılar Kurskda məhv edildi: 77 ölü, 40-dan çox yaralı

Ukrayna ordusu son 3 gündə Kursk vilayətində 80-ə yaxın Şimali Koreya hərbçisini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvəsinin Teleqram kanalında məlumat yayılıb. “Kursk vilayətində 3 gün ərzində Şimali Koreya ordusunun 77 hərbçisi öldürülüb, 40-dan çox hərbçisi isə yaralanıb. Ukrayna ordusu şimali koreyalıların 12 ədəd avtomobil və zirehli texnikasını da məhv edib”, - məlumatda qeyd olunub.

Rusiyada PUA anbarı yandırıldı

Rusiyada “Şahid” PUA-larının detallarının saxlanıldığı anbar yandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, yanğın Rusiyanın “Alabuqa” xüsusi iqtisadi zonasının ərazisindəki anbarda yanğın baş verib. Bildirilib ki, anbarda 400 ədəd “Şahid-136” PUA-sının hazırlanması üçün nəzərdə tutulmuş füzelajlar, mühərriklər, naviqasiya sistemləri və teplovizorlar saxlanılırdı. Ümumilikdə dəyəri 16 milyon dollar olan detalların hamısı məhv edilib.

Məhbus fəalın həyatı təhlükədədir

Təbriz həbsxanasında saxlanılan ictimai fəal Yaşar Təbrizi işgəncəyə məruz qalıb və səhhətində ciddi problemlər yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. “Yaşar 33 gün xəbərsizlikdən sonra dekabrn 22-də qısa telefon əlaqəsi saxlayaraq həbsxanada fiziki və psixi işgəncələrə məruz qaldığını bildirib”, - məlumatda deyilir. Onun yaxınlarının həbsxanadakı mənbələrə istinadən bildirdiyinə görə, ictimai fəal işgəncəyə məruz qalmasına etiraz olaraq quru aclıq aksiyası keçirib. Günlərlə aclıq edən Yaşar huşunu itirdikdən sonra həbsxananın tibb məntəqəsinə köçürülüb. Azərbaycanlı fəalın ailəsi bildirib ki, onun həyatına görə Təbriz həbsxanasının rəhbərliyi və İran məhkəmə sistemi məsuliyyət daşıyır. Noyabrın 12-də təhlükəsizlik məmurları məhkəmə hökmü olmadan təbrizli fəalın evinə basqın edib, axtarış aparıb və onun şəxsi əşyalarını müsadirə edilər. Qeyd edək ki, son dəfə noyabrın 19-da həbs edilən ictimai fəal və siyasi məhbus Yaşar Təbrizi bundan əvvəl də bir neçə dəfə məhkumluq dövrü yaşayıb. O, “milli təhlükəsizliyə zərbə vurmaq” və “xarici ölkələrlə əlaqə qurmaq”da günahlandırılır.

Ağstafada dəhşət: 18 yaşlı arvadını atasının evində ÖLDÜRDÜ

Ağstafada ər həyat yoldaşını qətlə yetirib. Sozcu.az xəbər verir ki, 18 yaşlı Mədinə Qədimova qətlə yetirilib. Məlumata görə, hadisəni törətməkdə Vurğun qəsəbə sakini 23 yaşlı İlyas Qədimov şübhəli bilinir. Onun həyat yoldaşı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, hadisə Mədinə Qədimovanın atasının evində baş verib. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Cem Yılmaz Bakıya gəlir

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Bakıda konsert verəcək. Sozcu.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 17-18 yanvar tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 95, maksimum isə 450 manatdır.

Bakıda dəhşət: toya gedən ailə həlak oldu - Qəzanın təfərrüatı

18:23 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin 15-ci km-də yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mersedes” markalı minik avtomobilinin idarəetməni itirirək yol kənarında yerləşən maneəyə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub. Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Əliyeva Xatun Tofiq qızı, 1964-cü il təvəllüdlü Əliyev Akif Əlisamid oğlu və 1967-ci il təvəllüdlü Əliyeva Lətafət Tofiq qızının meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. *** Bakının Qaradağ rayonunda baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub. Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Oxu.az-a bildirib ki, ağır yol-nəqliyyat hadisəsi saat 16:15-də Bakı-Qazax yolunun 17-ci kilometrliyində qeydə alınıb. “Mersedes-Benz” markalı 77-NT-576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı iaşə obyektinə çırpılıb. Avtomobilin içərisindəki 3 nəfər həyatını itirib. Məlumatına görə, qəzada ölən şəxslər dekabrın 24-də baş tutacaq toy məclisi üçün Bakıya gəlirmişlər. Onların gəlinin bibiləri olduğu bildirilib. Qeyd edək ki, nəzərdə tutulan toy məclisi təxirə salınıb. Faktla bağlı araşdırma aparılır.

Zurabişvili hakimiyyətə bir həftə vaxt verdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan hakimiyyətinə yeni parlament seçkilərinin təyin edilməsi üçün bir həftə vaxt verib. Sozcu.az xəbər verir ki, bu haqda “Sputnik Gürcüstan” məlumat yayıb. Zurabişvili bununla bağlı videomüraciət yayacağını qeyd edib.

Tramp Rusiyaya təzyiqi davam etdirməlidir - Sallivan

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaların əldə olunmasına kömək edə bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Sallivan bildirib ki, Tramp Kiyevə silah verməkdən imtina etməməlidir: Onun sözlərinə görə, respublikaçı Rusiyaya siqnal göndərməlidir: “ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək, siz ədalətli dünya qurmaq üçün ədalətli şərtləri qəbul etməyənə qədər Avropa Ukraynanı dəstəkləyəcək. Keçmişdə Rusiya hakimiyyət orqanları təzyiq altında olduqlarını hiss etdikləri müddətcə sövdələşmələrə hazır olduqlarını göstəriblər. Ona görə də düşünürəm ki, Tramp təzyiqi davam etdirməlidir”.

Türkiyədə ikinci zəlzələ oldu

17:47 Türkiyədə Mərmərə dənizində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15.08-də (Bakı vaxtı ilə 16:08) 3,5 bal gücündə, yerin 7 kilometr dərinliyində baş verib. *** Türkiyənin Aralıq dənizi sahilində də 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7,03 kilometr dərinliyində qeydə alınıb.

Şagirdləri cəzalandırmaqla deyil, onları qazanmaqla uğurlu bir gələcək qurmaq mümkündür

Pedaqoji mühitdə böhran: Şagirdlərin “qaradinməz” oyunları ilə cəzalandırılması, hətta ağızlarının skoçlanması kimi qeyri-etik hərəkətlər təhsilimizin hansı dərəcədə deqradasiyaya uğradığını göstərir. Bu cür yanaşmalar nəinki qanunaziddir, həm də şagirdin şəxsiyyətinə ciddi zərbə vurur.  Əslində problem dərindən başlayır – sertifikasiya sistemi müəllimlərin peşəkarlığını yoxlamaq yerinə, əzbərçi bilikləri ölçməklə kifayətlənir. Yaxşı müəllim sinfi idarəetmə bacarığı, empatiya və innovativ yanaşma ilə fərqlənir. Təəssüf ki, bu keyfiyyətlər mövcud sistemdə nəzərə alınmır. Təhsilin keyfiyyətini artırmaq üçün yalnız texniki yox, həm də mənəvi islahatlara ehtiyac var. Təhsil təkcə bilik deyil, həm də dəyərlərdir. Şagirdləri cəzalandırmaqla deyil, onları qazanmaqla uğurlu bir gələcək qurmaq mümkündür. Kamran Əsədov, təhsil eksperti 

Məhdudiyyətlər içində olan insan ağlındakı azadlığa can atanda...

Məhdudiyyətlər içində olan insan ağlındakı azadlığa can atanda... bir də görür ki, həyatın dibində və miskinliyin ağuşundadır. Məhdudiyyətlər məhrumiyyət deyil, məhrumiyyətlər məhdudiyyət, - deyirdi Vahid MÜƏLLİM! AN məsələsidir insanın Azadlığını Ömrünü Hər şeyini itirməsi! Cəmi bircə AN... Heç bir Ağıl Himayə Nüfuz Sərvət o bircə ANın qarşısında yetərli deyil... azadlıq istəyinin uçuruma yuvarladığı aqibətlə! Aydın Can

Rusiya və cinayətkar təşkilatların... - Meloni

Qeyri-qanuni immiqrasiya Avropa Birliyinin təhlükəsizliyinə təhdiddir və qurum öz sərhədlərini Rusiya və cinayətkar təşkilatların bununla bağlı yaratdığı təhlükədən qorumalıdır. Sozcu.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib. “Fikrimcə, qeyri-qanuni immiqrasiya problemini yalnız həmrəylik əsasında həll etmək səhv idi. Nəticədə sərhədlərimizi qoruya bilmədik. Biz xarici sərhədlərimizi qorumaq istəyirik və Rusiyanın və ya cinayətkar təşkilatların təhlükəsizliyimizi pozmasına icazə verməyəcəyik”, - Meloni bildirib.

Türkiyə ordusu Suriyada 6 terrorçunu MƏHV ETDİ

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, "Fərat qalxanı" və "Barış Pınar"ı bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının altı üzvü öldürülüb. Nazirlik terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.

Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi

2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən çoxu isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb. “2023-cü ilin oktyabr ayından etibarən İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı 45 259 nəfərə yüksəlib, daha 107 627 nəfər yaralanıb” – məlumatda qeyd edilir. Qəzza Səhiyyə Nazirliyi onu da bildirir ki, son 24 saat ərzində İsrailin anklavı atəşə tutması nəticəsində 32 nəfər ölüb, daha 54 nəfər yaralanıb.

Hakan Fidan Suriyada - Yeni hökumətin lideri ilə GÖRÜŞDÜ

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə gedib, yeni administrasiyasının rəhbəri ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi görüşdən foto yayaraq məlumat verib. Bildirilir ki, nazir Fidan Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Şara ilə görüşüb.

Bakı yollarında TIXAC

Bakının bir sıra yollarında tıxac yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Zərifə Əliyeva küçəsində; 6. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xatirə Rəhimbəyli - Yaddaşımdan silmə onu , İLAHİ

Bir duam var...qəbul eylə,noolar, Məndən əzəl  alma onu, İLAHİ. Cahıl olub,nə eyləyib eyləyib, Gözlərimdən salma onu,İLAHİ... O gedəli heç gülmürəm,bilirsən, Nə ölürəm...nə ölmürəm...bilirsən SƏN biləni mən bilmirəm, bilirsən, Nolar,suçlu bilmə onu, İLAHİ. Ürəyimin gizli,saxlı yeridi, Sevincimin şax-budaqlı yeridi. Yaddaşımın yaraşıqlı yeridi, Yaddaşımdan silmə onu , İLAHİ. O taleyi kürsə... ona bağışla, Pir bilirdim...pirsə, ona bağışla. Bir savabım varsa,ona bağışla, Nolar, suçlu bilmə   onu,İLAHİ, Məndən əvvəl alma onu,İLAHİ. Xatirə Rəhimbəyli

Rusiyaya qarşı yeni SANKSİYALAR

Avropa İttifaqı (Aİ) 2025-ci ilin fevralında Ukrayna ilə müharibənin üçüncü ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır. Sozcu.az-ın məlumatına görə, bu barədə "Welt am Sonntag" Aİ-dəki mənbələrə istinadən bildirib. Qeyd edilir ki, artıq hazırlıq işlərinə başlanılıb. Növbəti sanksiyalar paketi rəsmi Moskvaya açıq siqnal kimi nəzərdə tutulub: "Məhdudiyyətlər Rusiya iqtisadiyyatının hələ də sanksiyalarla əhatə olunmayan və ya kifayət qədər əhatə olunmayan konkret sahələrinə qarşı tədbirləri ehtiva edəcək".