“Rusbaş”lardan qurtarmaq üçün rus məktəbləri bağlanmalıdır” – Sərdar Cəlaloğlu

Sozcu.az ADP sədri Sərdar Cəlaloğlunun Sherg.az-a müsahibəsini təqdim edir:  - Sərdar bəy, kəskinləşən Rusiya-Azərbaycan əlaqələri təyyarəmizin vurulması ilə bağlıdır, yoxsa alt qatda başqa səbəblər dayanır?  - Rusiya-Azərbaycan arasında gərginliyin yaranmasının səbəbləri başqadır. AZAL-ın təyyarəsinin vurulmasından sonra yaranan məsələlər sadəcə prosesin görünən, zahiri tərəfidir. Təyyarə hadisəsi tətikləyici rol oynadı. Əslində isə Rusiyanın məqsədi Azərbaycanı öz təsir dairəsinə salmaq, dövlətimizin müstəqil xarici siyasət aparmasının qarşısını almaqdır. Kreml Bakı qarşısında Türkiyə ilə əlaqələri zəiflətmək, ABŞ və Avropa ilə münasibətlərə yenidən baxmaq, Ukraynaya dəstək verməkdən çəkindirmək kimi şərtlər qoyur. Azərbaycan bu şərtləri qəbul etmək niyyətində deyil. Çünki bu şərtlər müstəqilliyimizin, suverenliyimizin məhdudlaşmasına, hətta itirilməsinə gətirib çıxara bilər. Təyyarə qəzası isə bu gərgin prosesi inkişaf etdirən məqamlardan biridir.  - Rusiyadan Azərbaycana yönəlik açıq təhdidləri, məsələn, azərbaycanlı miqrantlarla bağlı şantajı necə şərh edərdiniz?  - Rusiyanın Azərbaycana qarşı heç bir arqumentləri ciddi deyil. Miqrantların geri qayıtması da bizim üçün təhlükə sayılmamalıdır. Əvvəla, miqrantların Rusiyadan çıxarılması mümkün deyil. Belə bir addım Rusiyanın özündə onsuz da bərbad gündə olan iqtisadiyyatın tamam pozulması ilə nəticələnər. Çünki azərbaycanlılar Rusiya bazarını təmin edən bir neçə əsas elementlərdən sayılır. Miqrantların ölkədən çıxarılması rusların özü üçün problemlərin yaranması deməkdir. Moskvadan tacikləri çıxarıblar, paytaxtın bütün küçələri zir-zibil içindədir. Azərbaycanlı miqrantların Rusiyadan qovulması rus bazarlarının çökdürülməsi anlamına gəlir. Bu da Rusiya üçün çox ciddi problemlər deməkdir.  - Rusiya problemləri gözə alaraq belə bir addım atsa, bizim üçün hansı nəticələrə səbəb olar?   - Əgər belə bir şey baş verərsə, yəni Rusiya azərbaycanlı miqrantları zorla çıxarmağa cəhd edərsə, Azərbaycan öz vətəndaşlarını qəbul etməyə hazır olmalıdır. Hətta deyərdim ki, özümüz buna cəhd etməliyik. Rusiyada çalışan azərbaycanlıların iş problemi varsa, onların iş məsələsi həll edilməlidir. Hazırda Qarabağda geniş bərpa-quruculuq işləri gedir. İşlərin tempi kifayət qədər yüksəkdir. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma və dövlət büdcəsinə gəlir gətirən sahələrin formalaşması üçün orada həddindən artıq işçi qüvvəsi lazımdır. Əgər Rusiyadan əmək miqrantları gələrsə, onların hamısı Qarabağa yönəltməliyik. Həmçinin, Azərbaycan hökuməti Türkiyə ilə bərabər Suriyanın bərpasında da iştirak edəcək. Suriyada adi fəhlədən, mütəxəssislərədək ehtiyac olacaq. Lazım olarsa, miqrantların böyük bir hissəsini Suriyaya istiqamətləndirmək olar. Yəni Rusiya Azərbaycanı belə məsələlərlə qorxuda bilməz. Miqrant məsələsi də Azərbaycana təsir etməz. Azərbaycanlı miqrantlara görə, dövlət müstəqilliyimizin məhdudlaşmasına, suverenliyimizin əldən çıxmasına razı ola bilmərik.  - Rusiyanın düşmən mövqeyindən sonra Azərbaycan ictimaiyyətində çağırışlardan biri də ölkəmizdəki rus məktəblərinin bağlanması yönündədir. Bu çağırış barədə nə deyə bilərsiz? - Ölkəmizdə rus məktəblərinin olması Azərbaycan Konstitusiyasına ziddiyyət təşkil etdiyinə görə bağlanmalıdır. Rus məktəbləri Azərbaycan dövlətçiliyinə böyük təhdid deməkdir. Kimlərsə bu məsələni indi gündəmə gətirir. Mən 3 ildir deyirəm ki, rus məktəblərinin açılması ölkə Konstitusiyasına ziddir. Bu addım Azərbaycanda Rusiyanın mədəni təsir dairəsinin genişlənməsinə xidmət edir. Rus məktəblərində faktiki olaraq Rusiya dövlətinin maraqlarını müdafiə edən adamlar yetişir. Rus məktəblərində təhsil alanların demək olar ki, hamısı Rusiya-Azərbaycan əlaqələrində Rusiyanın tərəfini saxlayırlar. Azərbaycanın çörəyini yeyirlər, burada şöhrət qazanıblar, amma Azərbaycan qalıb kənarda, Rusiyanın dəmirini döyürlər. Bunun ən acı nəticələrindən biri sovet dövründə rus təhsili alan adamların, "rusbaş" dediyimiz insanların rusafil mövqeləridir. İndi təsəvvür edin, onlara əlavə olaraq təxminən 1 milyon adam da rusafil təfəkkürdə hazırlanır. Əlbəttə, onlar öz dövlətinin, millətinin yox, Rusiyanın maraqlarını Azərbaycanda müdafiə edəcəklər. Çox təhlükəli məsələdir.  - Təhlükəli gördüyünüz məqamlar nədir?  - Rus sektorunda oxuyanların yanaşması odur ki, "ruslar türklərdən, ingilislərdən, amerikalılardan yaxşıdır". Biz 1990-cı illərdən başlayaraq, Türkiyəyə yaxınlaşmağın zərurətindən danışanda həmin "rusbaş"lar Rusiya təşkilatları yaratmağa başladılar. Kommunist Partiyasının, sosial-demokratların ölkəmizdə özəyini yaratdılar. Rus təhsili alanlar, rus kimi düşünənlər Rusiya ilə əlaqələr üçün hər şeyi etdilər. Özlərini Azərbaycan xalqının nümayəndəsindən daha çox rus xalqının tərkib elementi kimi görürlər. Bu, adi həqiqətdir. Avropa mütəfəkkirləri təhsillə bağlı öz əsərlərində qeyd edirlər ki, təhsilin əsas vəzifəsi konkret olaraq müəyyən düşüncəni formalaşdırmaqdır. Kim hansı dildə danışırsa, o xalqın nümayəndəsi kimi düşünür. Təhsilin vəzifəsi budur. İndi siz Azərbaycanda 1 milyon adamı rus dilində oxudursuzsa, deməli, onlar rus kimi düşünəcək və hərəkət edəcəklər. Hətta onların arasından Azərbaycan dövlətinə, xalqına qarşı agentlər də çıxacaq. İctimai birliklər, müxtəlif təşkilatlar yaradaraq Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edəcəklər. Təhsil sahəsi rusların 150 ildən artıqdır istifadə etdiyi üsuldur. İmperiya xalqları əvvəlcə mədəni təsirə salır, sonra onların üzərində imperiyanın siyasi təsirini təşkil edir. Ona görə də Azərbaycanda rus məktəbləri bağlanmalıdır.  - Deməli, rus məktəbləri Rusiyanın agentura şəbəkəsindən daha təhlükəlidir?  - Rus dilində məktəblər Rusiyanın agentura şəbəkəsindən yüz  qat daha təhlükəlidir. Niyə? Çünki konkret vəzifə icra edən agentlərin ifşası, cinayət məsuliyyətinə cəlb edilməsi və həbsə atılması mümkündür. Amma rus məktəbləri bütünlükdə Rusiyanın maraqlarını müdafiə edən, eyni zamanda hərəkətində cinayət əməli olmayan adamlarla doludur. Onlar rus mədəniyyətini, dilini, tarixini təbliğ edirlər. Təkcə təbliğ etmirlər, həm də o mədəniyyətin, tarixin bir tərkib hissəsi kimi özlərini hiss edirlər. Təhlükə də ondadır ki, faktiki olaraq həmin şəxslərin əməlləri cinayət tərkibi daşımır. Ancaq düşüncələri, baxışları Azərbaycan dövlətinin maraqlarına ziddir.  

İstanbul boğazı bağlandı

İstanbulu Avropa və Asiya hissələrinə ayıran İstanbul boğazında hərəkət qatı duman səbəbindən müvəqqəti olaraq bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb. “Yerli vaxtla saat 03:10-da sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, - məlumatda qeyd olunub.

Əxlaqsız paylaşımlar edən müəllim həbs olundu

Sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü S.Səfərov (şərti) barəsində fevralın 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Saxlanılan şəxs Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Səfərova 15 sutka inzibati həbs cəzası verilib. Qeyd edək ki, həbs edilən şəxs Sabunçu rayonunda yerləşən 10 saylı Musiqi Məktəbinin müəllimidir.

Ana azyaşlı oğlunu dənizə atdı

Türkiyənin İzmir şəhərində 30 yaşlı qadın azyaşlı oğlunu dənizə atıb. Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə şahidləri cəld reaksiya verərək uşağı dənizdən çıxararaq həkimlərə təhvil veriblər. Həkimlər uşağı ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Qadın hadisə yerində saxlanılıb. İlkin məlumatlara görə, onun psixi pozğunluğu var.

"Ukrayna ABŞ-a 500 milyard dollar dəyərində faydalı qazıntılar verməyə razılaşıb" - Tramp

"ABŞ Ukraynaya hərbi yardımı, sadəcə, pulsuz verməyə davam edə bilməz..." ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna, əslində, ABŞ-a 500 milyard dollar dəyərində faydalı qazıntılar verməyə razılaşıb. Bu, Vaşinqtonun Kiyevə göstərdiyi hərbi yardımın əvəzi kimi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri yazıb. "Onlar inanılmaz dərəcədə dəyərli torpaqlara- faydalı qazıntılar, neft və qaz, eləcə də digər resurslarla malikdir. Mən istəyirəm ki, bizim pullarımız qorunsun, çünki biz Ukraynaya yüz milyardlarla dollar xərcləyirik", - Tramp "Fox News" nəşrinə müsahibəsində deyib. Qəzet xatırladır ki, Tramp dəfələrlə ABŞ-ın hətta  Rusiya ilə sülh razılaşması əldə olunsa belə, Ukraynanın təbii sərvətlərinə çıxış əldə etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya verdiyi "300 milyard dollardan çox" vəsait digər ölkələrin bu müharibəyə ayırdığı yardımları xeyli üstələyir. "Onlar razılaşma əldə edə bilər, ya da əldə etməyə bilər. O torpaqlar bir gün rusların ola bilər, bir gün olmaya bilər. Amma bizim Ukraynada bu qədər pulumuz var və mən deyirəm ki, bunu geri qaytarmaq istəyirəm. Mən onlara dedim ki, 500 milyard dollar dəyərində faydalı qazıntıları almaq istəyirəm və onlar, əslində, buna razılaşıb", - ABŞ prezidenti izah edib. Bundan əlavə, Tramp vurğulayıb: "Mən onlara dedim: "Biz mütləq nəsə əldə etməliyik. Biz bu pulları, sadəcə, xərcləməyə davam edə bilmərik". Siyasətçinin sözlərinə görə, Ukraynaya yardım etməyə davam etmək, sadəcə, "ağılsızlıq" olardı. Eyni zamanda, "The New York Post" qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenski cümə günü ABŞ-la resurs tədarükü və təhlükəsizlik zəmanətləri müqabilində qarşılıqlı razılaşmanı dəstəklədiyini bildirib. Bu razılaşma mümkün sülh sazişinin bir hissəsi ola bilər. "Əgər razılaşmadan danışırıqsa, gəlin, bu razılaşmanı imzalayaq- biz yalnız buna tərəfdarıq. Biz Putini dayandırmalı və sahib olduğumuz resursları- Mərkəzi Ukraynanın çox zəngin Dnepr bölgəsini qorumalıyıq", - o, "Reuters" agentıiyinə müsahibəsində deyib. Qəzet qeyd edir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi, istefada olan leytenant-general Kit Kelloq başda olmaqla ABŞ nümayəndə heyəti Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti ilə görüşəcək. Onlar artıq üç ilə yaxın davam edən müharibənin necə bitiriləcəyini müzakirə edəcək. ABŞ üçün Ukraynanın faydalı qazıntıları - bəlli olanlar Bundan öncə Ukrayna xarici işlər naziri Andrey Sibiga Ukraynanın faydalı qazıntılarının ABŞ üçün necə sülhə gətirib çıxara biləcəyini izah edib. Onun sözlərinə görə, prezident Vladimir Zelenskinin qələbə planında Ukraynanın zəngin olduğu təbii resurslarla bağlı bir bənd var idi. "Xüsusilə, bizim tərəfdaşlarımızın bu sahəyə investisiya yatırmaq və onu birgə işlətmək imkanı var, çünki bu, bizim ümumi strateji marağımızdır. Bu, həmçinin "güc yolu ilə sülh" konsepsiyasının konkret təcəssümlərindən biridir", - o, qeyd edib. "Çünki bu, Ukraynada iri biznesin mövcudluğuna, eləcə də ən yaxın müttəfiqlərimiz olan ABŞ-ın bu yataqlara sərmayə qoyması və onların qorunması ilə maraqlanmasına zəmanət yaradır. Bu imkanlar bizim üçün həqiqətən də mövcuddur", - nazir vurğulayıb.

Siniflərdə 30-40 şagird var - Nazirlik buna diqqət etsin! - Ekspert

Məktəblərdə siniflərin 30 şagirddən ibarət olması  tədris prosesinə ciddi narahatlıq törədir. Sozcu.az-ın məlumatına görə, bunu təhsil məsələləri üsrə ekspert Ramin Nuraliyev bildirib. O, hətta bəzi məktəblərdə bu sayın 35-40 nəfərə çatdığı bildirib. “Bu məsələyə Elm və Təhsil Nazirliyi diqqət ayırmalıdır. Məktəblərdə şagirdlərin nizamla paylanması həyata keçirilməli, bu istiqamətdə müvafiq addımlar atılmalıdır”, - ekspert vurğulayıb. Qeyd edək ki, qanunvericiliyə əsasən, hər bir sinifdə şagird sayı 20 nəfırdən ibarət olmalı, 30-dan isə çox olmamalıdır.modern)

Hüquq müdafiəçiləri jurnalistə görə DİN-də qəbul edildilər

Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ötən həftə həbs edilən jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hüquq müdafiəçiləri nazirlikdə dinlənilib və müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib.  Şahnaz Bəylərqızının apellyasiya şikayətinə fevralın 12-si saat 14:00-da baxılacaq. Daha əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək Şahnaz Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dəstək olmalarını xahiş etmişdilər. Qeyd edək ki, Ş.Bəylərqızı qaçaqmalçılıq və başqa cinayətlərdə ittiham edilir. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.

Bakıdakı bu binalar zəlzələyə davamlı deyil — AÇIQLANDI

“Hələ SSRİ dövründə Azərbaycanın seysmik zonaya aid olduğunu nəzərə alaraq tikintiyə icazə strukturları Bakı şəhərində maksimum 10-11 mərtəbə hündürlüyə icazə verirdilər. Texnologiyanın inkişaf etməsi nəticəsində tikinti ediləcək ərazidə seysmik durum, suxurların vəziyyəti əvvəlcədən öyrənilir, daha sonra tikintiyə icazə verilir". Bu sözləri Demokrat.az-a çıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib. O bildirib ki, yeni binalar daha möhkəm qurğular üzərində tikilir, təhlükəsizlik məsələləri daha ciddi nəzarətə alınır: "Bu baxımdan daha hündür mərtəbəli binalar tikilə bilir. Düşünürəm ki, Bakı Şəhərsalma qurumu, memarlıq strukturları, FHN yanında Tikinti və Təhlükəsizliyə Nəzarətetmə xidməti Azərbaycanın seysmik zona olduğunu nəzərə almalıdırlar. Hazırda dövr olaraq seysmik çuxurlar və yer qabığı fəallaşıb. Türkiyədəki faciə də məhz bu səbəbdən baş vermişdi. Bütün bunları nəzərə alaraq yüksək mərtəbəli binaların tikintisinə daha ciddi yanaşılmalıdır. Əks halda böyük faciələrə səbəb ola bilər". Ekspertin sözlərinə görə, evlərinin tikintisində də nəzarət mexanizmi olmalıdır: "Ancaq bu mexanizm insanların tikinti arzularını, layihəhələrini reallaşdırması üçün əngəl olmamalıdır. Adətən hansısa mexanizm mürəkkəbləşdiyi zaman məmurlar özbaşınalıq edib bu yenilikdən hüquqların pozulması və qeyri-qanuni tələblər üçün istifadə edirlər. Birmərtəbəli evlər tikinti normativlərinə uyğun tikilibsə, onlar da elə də böyük problem yaranmayacaq. Yüksək mərtəbəli yaşayış mənzillərində isə bu ehtimallar hər zaman var.  Tikinti normativlərinə əməl edilməsi hündür mərtəbəli mənzilləri də faciədən qurtara bilər. Nəzarət mexanizmi tətbiq olunmalıdır ki, müvafiq icra orqanları da təhlükəsizliyin təmin edilməsi üçün nəzarət imkanı əldə etsin. Bütün hallarda bu vətəndaşların tikinti hüquqlarını əlindən almamalıdır".

Repetitorluğu ləğv etməklə problem həll olunmayacaq

"Biz təhsilin bir dövrəsinə gəlib çatmışıq ki, uşaqlar 1-ci sinifdən repetitor yanına gedir, sanki məktəb yoxdur. Bu, təhsilin uğursuzluğu deyilmi? Əgər məktəb lazımi bilik vermirsə, repetitor sistemini günahlandırmaq nə qədər doğrudur?" Sozcu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov yazıb. O bildirib ki, hazırlıq sistemini ləğv etməklə problem həll olunmayacaq: "Repetitorluq tədricən ləğv olunsa, bəs yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi? Hazırlıq sistemini ləğv etməklə problemi həll etmirik. Təhsili keyfiyyətli etmədən, repetitorluğu ləğv etməyə çalışmaq, xəstəlik müalicə olunmadan dərmanı atmaq kimidir. Əsas məsələ məktəbdə elə təhsil verməkdir ki, repetitor ehtiyacı yaranmasın". Ekspert qeyd edib ki, ibtidai siniflərdə uşaqların repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən almaqdır: "Amma orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək həmişə lazım olacaq. Hər şagird fərqlidir və məktəbdə hamının eyni templə öyrənməsi mümkün deyil. Əsas məsələ odur ki, repetitorluq məcburiyyət yox, seçim olsun. Əgər məktəblər yetərincə güclü olsa, repetitorluq təbii olaraq azalacaq. Amma məktəbləri dəyişmədən, sadəcə repetitorluğu ləğv etməklə, biz sadəcə uşaqların əlindən bir şans almış oluruq. İslahat ən zəif halqadan yox, sistemin özündən başlamalıdır".

Ermənilərin Bakıda növbəti məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokurorlar ittiham aktının nəticəvi hissəsinin elan edilməsini davam etdirir. İttiham aktının nəticəvi hissəsi elan olunduqdan sonra təqsirləndirilən şəxslər verilən ittihama münasibət bildirəcək. Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən elan olunan ittiham aktında Azərbaycanın ayrı-ayrı rayonlarına qarşı törədilmiş cinayətlər və dəymiş ziyanlar açıqlanıb. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Azərbaycanda un bahalaşdı - Siyahı

Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ötən həftə ilə müqayisədə topdansatış bazarda un bahalaşıb. Belə ki, un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar. Açıqlanan rəsmi məlumata görə, hazırda ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,50 - 28,2 manat aralığında dəyişir. Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM tərəfindən təqdim olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik:

DSX-nin hərbçisi faciəli şəkildə öldü

Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb. Sozcu.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Xaçmazın Qusarçay kəndi ərazisində baş verib. Avtomobil Şeydabəy Qəhrəmanovu vurub. O, hadisə nəticəsində həyatını itirib.

Nazirlikdən əsgər valideynlərinə daha bir çağırış

Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: "İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".

Şamaxıda 27 yaşlı qız dəm qazından boğuldu

Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.report)

Üçüncü kurs tələbəsi qəfil vəfat etdi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin tələbəsi qəfil vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə kollec məlumat yayıb. Məlumata görə, Tükəzban Arif qızı Bəşirli sosial iş (SİT 023) ixtisasının lll kurs tələbəsi olub. Onun ölüm səbəbi məlum deyil.

Vardanyanın məhkəmədə etirazı təmin olunmadı

Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib. Sozcu.az xəbər verir ki, onun müdafiəçisi, vəkil Avraam Berman Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır. Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır. Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər. Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

HƏMAS girovları verməkdən imtina etdi - İsraildən reaksiya

HƏMAS İsrailin Qəzza zolağında atəşkəs razılaşmasını pozmasını əsas gətirərək girovların azad edilməsini dayandırıb. Sozcu.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan hərbi sözçüsü məlumat verib. O qeyd edib ki, İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi növbəti xəbərdarlığa qədər təxirə salınıb. Məsələyə İsrailin müdafiə naziri İsrail Kats da münasibət bildirib: “Bu bəyanat atəşkəs razılaşmasının və girovların azad edilməsi ilə bağlı razılaşmanın tamamilə pozulmasıdır. Mən orduya Qəzzada baş verə biləcək hər hansı prosesə və əhalinin məskunlaşdığı əraziləri qorumaq üçün ən yüksək səviyyədə hazır vəziyyətə gətirilməsini əmr etdim. Oktyabrın 7-dəki vəziyyətə qayıtmağa imkan verməyəcəyik”.

Bu ölkədə avtobus dərəyə aşdı: 51 nəfər öldü

Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə “Emisoras Unidas” radiostansiyası məlumat yayıb. Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır. Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir. Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.

Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı

İtaliyada süni intellekt vasitəsilə müdafiə naziri Quido Krosettonun adından və səsindən istifadə olunaraq ölkənin aparıcı iş adamlarını hədəf alan dələduzluq edilib. Sozcu.az xəbər verir ki, fırıldaqçılar nazirin səsini süni intellektlə təqlid edərək 10-dək iş adamını aldatmağa çalışıblar. Belə ki, bir generalın adından həmin iş adamlarına nazirliyin stasionar telefonundan zənglər edilib. Daha sonra nazirin adından istifadə olunaraq İranda və Suriyada saxlanılan jurnalistlərin azad edilməsi üçün vəsait toplandığı bildirilib, bu vəsaitin daha sonra Mərkəzi Bank vasitəsilə iş adamlarına geri qaytarılacağı bildirilib. Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edəcəyini bildirib və sosial media hesablarında onun adından istifadə edərək dələduzluq olunduğu barədə xəbərdarlıq yayıb. Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Pravda.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə cəza çəkən məhkum İqor Avşarovun xəstəlikdən öldüyü bildirilir. İ.Avşarov anasını qətlə yetirdiyinə görə həbsxanada cəza çəkirdi. Sözügedən qətl hadisəsi 2016-cı ildə Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 78 yaşlı Lidiya Avşarovanın üzərində döyülmə üçün xarakterik nişanələr olan meyiti tapılıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı İqor Avşarov tutulub. Araşdırmalarla müəyyən edilib ki, xeyli vaxtdır yataq xəstəsi olan Lidiya Avşarova oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş. Bundan bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 11-ci ölüm hadisəsidir.

Tramp: Qəzza planımda fələstinlilərin geri qayıtmaq hüququ yoxdur

Qəzza planım çərçivəsində fələstinlilərin geri qayıtmaq hüququ yoxdur. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” kanalının müxbiri Bret Baierin fələstinlilərin geri qayıtmaq hüququnun olub-olmayacağı sualına cavabında deyib. “Onlar daha yaxşı mənzilə sahib olacaqlar. Başqa sözlə, mən onlar üçün daimi bir yer tikməkdən danışıram”, - Tramp qeyd edib.APA

Bakıda keçmiş xanımının boğazını kəsdi

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin işçisinə hücum olub. Sozcu.az xəbər verir ki, kişi keçmiş həyat yoldaşının boğazını kəsib. Hadisə ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Teleqraf-a bildirilib ki, 270 nömrəli tam orta məktəbin xanım texniki işçisinə (müvafiq səbəbdən adı qeyd olunmur) fevralın 10-da məktəbin yaxınlığında keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib. Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Ana 3 övladının biləklərini kəsdi, 2-si öldü

Ankaranın Keçiören rayonunda ana iki uşağını öldürüb, birini isə ağır yaralayıb. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, rayonun Ayvalı məhəlləsində yaşayan Serpil adlı qadın əsəb sarsıntısı keçirib və həmin an evdə olan 12, 10 və 7 yaşlı övladlarının biləklərini kəsib. Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb edilib. 10 və 7 yaşlarında olan iki uşağın hadisə yerində həyatını itirdiyi məlum olub. 12 yaşlı uşaq isə ağır yaralı halda xəstəxanaya çatdırılıb. Ana polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam etdirir.

Hərbi vəzifəlilər atış çalışmalarını icra etdi

Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını icra ediblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir. Toplanışın planına uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara ordumuzun silahlanmasında olan atıcı silahların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilir və atış məşqləri keçirilir. Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra edir.