"Tramp Ukraynanın məğlubiyyətinin Amerika üçün çox böyük məğlubiyyət olacağı gerçəkliyi anlayır..."
Böyük Britaniyanın sabiq baş naziri Ukrayna üçün sülh planını açıqlayıb
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Donald Trampa Rusiya-Ukrayna böhranının həll variantlarını təklif edib.
Sozcu.az xəbər verir ki, bu barədə o, "Daily Mail" qəzetində dərc edilən məqaləsində yazıb.
Məqalənin əvvəlində britaniyalı siyasətçi ABŞ prezidentliyinə namizədin onun həyatına sui-qəsd zamanı cəsarət göstərdiyini yüksək qiymətləndirib və qeyd edib ki, Tramp "Amerikaya göstərib ki, qatil gülləsi onu nə fiziki, nə də psixoloji səhətdən məğlub edə bilməyib". "Hesab edirəm ki, indi dünyaya da, Ağ Evə də lazım olan məhz yenilməz ruhdur", - Conson yazıb.
O, əmindir ki, məhz bu keyfiyyət Trampa o cümlədən Rusiya-Ukrayna kimi münaqişələrin həllində kömək edəcək.
Bu zaman britaniyalı siyasətçi Trampın "Amerika hər şeydən öncədir" siyasətini nəzərə alaraq Şərqi Avropada müharibənin dayandırılmasına kömək edəcək bir neçə praktiki məsləhətlər vermək qərarına gəlib.
"Bəzi respublikaçıların keçmişdə Ukrayna haqqında nə deməsindən asılı olmayaraq, hesab edirəm ki, Tramp gerçəkliyi anlayır: Ukraynanın məğlubiyyəti Amerika üçün çox böyük məğlubiyyət olacaq", - britaniyalı siyasətçi buna əmindir.
O, hesab edir ki, Putin Ukrayna ilə qane olmayacaq və öz təcavüzkar siyasətini davam etdirəcək. Polşa, Baltikyanı ölkələr və ya Gürcüstan zərbə altına düşə bilər.
Onun fikrincə, Putinin potensial qələbəsi Ronald Reyqanın nailiyyətlərinin və "soyuq müharibə"nin başa çatmasından sonra bərqərar olan balansın üzərindən xətt çəkəcək. Üstəlik, Çin Rusiyadan nümunə götürərək "Tayvanı zəbt etməyə ruhlanacaq".
"Biz qəflətən əsl dəhşət doğuran münaqişənin astanasında qala bilərik. Bu münaqişədə amerikalılar seçim qarşısında qalacaq: ya dünya liderliyi uğrunda bütün iddialardan əl çəkmək, ya da qayda-qanunun bərpasına trilyonlarla dollar xərcləmək və gənc həmvətənlərimizi yenidən xaricə özgəsinin torpağında ölümə göndərmək", - Conson xoşagəlməz proqnoz verib.
Onun fikrincə, Ukraynaya vaxtında yardımı nizama salmaq və Ukrayna Silahlı Qüvvələrinə (USQ) var gücü ilə döyüşməyə imkan vermək lazımdır.
"Hal-hazırda Rusiya qoşunları havada planlaşdırıcı bombalardan istifadə edərək Ukraynanın mövqelərinə xeyli zərər vurur. Lakin USQ buna cavab verə bilmir, çünki ABŞ onlara Rusiyanın hava limanlarını məhv etmək üçün ATACMS-dan istifadə etməyə icazə vermir, Böyük Britaniya isə, təəssüf ki, Ukraynaya bu hədəfləri məhv etmək üçün "Storm Shadow" raketlərindən istifadə etməyi qadağan edir.
Consonun fikrincə, Tramp "bütün bu bürokratik tərəddüdlərə son qoya və zəruri icazələr verə bilər". Rusiya qoşunları geri oturulduqdan sonra isə ABŞ prezidenti rusiyalı həmkarına sövdələşmə təklif edə bilər.
"Putinə ən azı 2022-ci ilin sərhədlərinədək geri çəkilmək lazım gələcək. Gələcək münaqişələrdən və qeyri-müəyyənlikdən yan keçmək üçün Ukraynanın qalan hissəsinin öz taleyini Avropa İttifaqı və NATO-da seçim etməyə qadir olan suveren ölkə kimi tanımaq lazımdır", - o, hesab edir.
O, əmindir ki, Ukraynaya tezliklə bu təşkilatlarda üzlük verilməlidir. Bundan sonra böyük döyüş təcrübəsinə malik olan USQ bölmələri NATO-nun Avropa ölkələrində Amerikanın 70 minlik kontingentini əvəz edə bilər.
"Bu, Trampa qənaət etməyə, ABŞ hərbi qulluqçularını evlərinə qaytarmağa və avropalıların öz müdafiəsi üçün daha çoxunu etməyə imkan verə bilər. Bu, onun əsas məqsədlərindən biridir", - Conson bəyan edib.
Digər tərəfdən, Rusiya prezidenti Putinə "qələbə mənzərəsini çəkməyə" mane olunmamalıdır. "O, əlbəttə ki, "xüsusi hərbi əməliyyat"ın uğurla bitməsini və Ukraynanı denasifikasiya etdiyini bəyan edə bilər", - Conson yazıb.
Lakin praktiki addımlar da atılmalıdır. Bunlardan biri Ukraynanın rusdilli əhalisinin qanunvericiliklə müdafiəsi ola bilər. Onun fikrincə, Moskvaya qarşı təkcə qamçı ilə deyil, həm də kökə ilə hərəkət etmək gərəkdir.
"Hər şeydən öncə, Tramp Ağ Evi Rusiya ilə qlobal yaxınlaşmaya sövq edər, Putini isə Rusiyanın "Böyük səkkizlik" və hətta NATO ilə əməkdaşlıq etdiyi günlərə qaytara bilər", - Conson buna əmindir.
Lakin buna yalnız güc nümayiş etdirməklə nail olmaq mümkündür, o, qeyd edib. "Vaşinqton və Trampa beynəlxalq sərhədlərə hörmət edilməsinin zəruriliyini və sovet imperiyasını güclə bərpa etməyin mümkünsüzlüyünü göstərmək lazım gələcək", - britaniyalı siyasətçi güman edir.
"Heç vaxt unutmayın ki, Obama və ya Bayden deyil, məhz Tramp ukraynalılara 2022-ci ildə Kiyev uğrunda döyüşdə həlledici rol oynayan "Cavelin" tankəleyhinə silah verib. Tramp artıq Ukrayna demokratiyasının müdafiəsində qətiyyətli hərbi əməliyyatlarda təcrübəyə malikdir", - Conson xatırladıb.