İlham Əliyev Olimpiya medalçılarını MÜKAFATLANDIRDI

Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə informasiyanı Prezidentin mətbuat xidməti yayıb. Sərəncama əsasən birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat,  üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat veriləcək.

Ukraynanın hücumu Putinə sərt şillə idi

Ukrayna ordusunun Kursk vilayətinə hücumu Rusiya hərbçiləri və Kreml üçün şok oldu. Sozcu.az xəbər verir ki, bu barədə “Moskva Tayms” nəşri Kremldəki mənbələrə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, Rusiya rəhbərliyi Ukrayna qoşunlarının 100 kvadrat kilometrdən çox ərazini ələ keçirməyi və bu qədər hərbçini əsir götürməyi bacara biləcəyini ağlasığmaz hesab edirdi. “Bu, prezidentin üzünə vurulan sərt sillədir. Rusiyanın regionu və əhalisi üçün təhlükə var. Bu, qələbəsinə arxayın olan ölkənin davranışı deyil”, - mənbə vurğulayıb. Putini yaxından tanıyan mənbələr nəşrə bildiriblər ki, ictimai çıxışlar zamanı prezident açıq şəkildə narazı və qıcıqlanmış görünürdü: “Liderin bu gün əhvalı pis idi. O, yəqin ki, 2022-ci ilin payızında Rusiya ordusunun Xersondan çıxarılmasından sonra belə görünməyib. Məmurlardan biri açıq deyib: “Sərhəd qoşunlarımız mühasirəyə alınıb. Çağırışçılar əsir götürülüb. Ukraynanın irəliləməsinin dərinliyinin məhdud olduğu aydındır. Buna baxmayaraq, baş verənlər reputasiyamız üçün çox xoşagəlməzdir”.

Fransadan İsrailə mesaj: Bundan narahatıq!

Fransa İsrailin norveçli diplomatların akkreditasiyasını ləğv etməsindən narahat olduğunu ifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Bəyanatda həmçinin qeyd olunub ki, yalnız iki dövlətli həll israillilər və fələstinlilər üçün davamlı sülhü təmin edə bilər. Qeyd edək ki, bir müddət əvvəl İsrail Təl-Əvivdə yerləşən və Fələstin administrasiyası ilə iş aparan 8 norveçli diplomatın akkreditasiyasını ləğv edib.

HƏMAS Təl-Əvivə raket zərbəsi endirdi

HƏMAS İsrailə iki raket atıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Qeyd olunub ki, raketlərdən biri Təl-Əvivə, o biri isə Qəzza zolağına düşüb.

Rus əsgər kababa görə hərbi hissədən qaçdı

Rusiyanın Çelyabinsk vilayətində əsgər hərbi hissəni icazəsiz tərk edib.   Hadisə bu il iyulun 7-də baş verib. İş materiallarına görə sıravi əsgər Çebarkul şəhərindəki hərbi hissəni üç saata tərk edib. Bu zaman gənc manqal yeməyə gedib. "Hərbi qulluqçuların statusu haqqında" Federal Qanunun kobud şəkildə pozulması aşkar edildikdən sonra, şəxs qarovulda saxlanmaqla 20 gün müddətinə intizam həbsi şəklində intizam tənbehi verilib.

Rusiya ilin sonunda yenidən səfərbərlik elan edəcək

Rusiya 2024-cü ilin sonunda yeni səfərbərliyə başlaya bilər. Sozcu.az xəbər verir ki, bunu "Bloomberg" yazıb. "Rusiya ordusu hərbi personal çatışmazlığı yaşayır və cəbhədə itkilər verir - bu, ikinci səfərbərlik dalğasına səbəb ola bilər", - "Bloomberg" Kremlə və RF Müdafiə Nazirliyinə yaxın bir neçə mənbəyə istinadən yazır. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, Ukraynada müharibə başlayandan bəri hərbi itkilər maksimum həddə çatıb. Birdəfəlik ödənişləri və digər bonusları artırmaqla problemi həll etməyə çalışırlar, lakin yaranan kəsiri tam bağlamaq mümkün deyil. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu bu problemi hər kəsə açıq şəkildə göstərib və buna görə də Rusiya hakimiyyəti yeni səfərbərliyə başlaya bilər. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, bu, Ukraynada döyüşlərdə səfərbər olanların “istirahət üçün” rotasiya tədbiri kimi təqdim edilə bilər. Başqa bir mənbə layihənin 2024-cü ilin sonunda elan oluna biləcəyini söyləyib.

Azərbaycanda ayı gecə kəndə hücum etdi - FOTO

Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb. Sozcu.az "Report"a istinadla xəbər verir ki, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub. Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu gecə saatlarında həyətdə səs eşitdiyini bildirib. O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb: "Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Haradasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”. Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.

Vəfa Nağı 102-yə zəng etdi, Tənzilə Rüstəmxanlının posterlərini sökdürdü - FOTO

70 saylı Neftçala seçki dairəsinin namizədləri arasında qalmaqal yaşanıb.  Sozcu.az xəbər verir ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar  seçkilərin namizədlərindən olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlının posterlərini Neftçalanın Həsənabad qəsəbəsindəki Mədəniyyət Evindən sökdürüb. Vəfa Nağı bu barədə paylaşdığı görüntüləri belə şərh edib: “Təşviqat kampaniyası çərçivəsində Həsənabad qəsəbəsini gəzərkən Mədəniyyət Evinin binasına Tənzilə Rüstəmxanlının posterlərinin yapışdırıldığını gördük. Bununla bağlı 102-yə, DSK-ya şikayət etdim. Sonra “Tik Tok”dan canlı yayım açdım. Sonra Rüstəmxanlının posterlərini açdılar. Dövlət qurumunu təbliğat üçün istifadə edirdilər”.  Xatırlatma: 70 saylı Neftçala seçki dairəsində "Neftçala üçün birlikdə!" şüarı ilə seçkilərə qoşulan Tənzilə Rüstəmxanlının ən güclü rəqibi Vəfa Nağıdır. O, "İndi VƏFA vaxtıdır!" şüarı ilə seçkilərdə qalib gələcəyinə əminlik nümayiş etdirir. 

Nəcməddin Sadıqov üçün həbs zamanı yetişdi

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov həbs edilib. Bu barədə KİV-in sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.  Qeyd edək ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Məmmədov Elmar Heybətqulu oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.  Yada salaq ki, bir neçə gün əvvəl  Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin sabiq müdiri Rəhim Laçınov həbs edilib. Ona qarşı da Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib.  dirnaq modelleri “Yeni Müsavat” xəbər verir ki, Rəhim Laçınov təmir bölməsində 2016-cı ildən rəis işləyib. Onun birbaşa rəisi Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəhbəri, polkovnik  Fikrət Mirzəyev isə iki il əvvəl həbs edilmişdi. Həmin vaxt Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilmişdilər. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.   İndiyədək keçirilmiş məhkəmə proseslərində  MN üçün ayrılan məbləğin “otkat” şəklində mənimsənildiyi haqda faktlar üzə çıxıb.  Bildirilib ki, bu qaydanı Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov tələb kimi qoyubmuş. İndi əsas diqqətlər sıradakı şəxsin Nəcməddin Sadıkov ola biləcəyi haqda iddialardır.  “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkov 1993-cü ildən 2020-ci il Vətən müharibəsinin ilk ongünlüyünə qədər Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini daşıyıb: “İllərlə mətbuatda Nəcməddin Sadıkovun tutduğu postdan öz şəxsi maraqları üçün sui-istifadə etməsinə dair çoxsaylı faktlar yazılıb. Onun Vətən müharibəsi ərəfəsində, Vətən müharibəsi günlərindəki fəaliyyəti də çox ciddi şübhələr doğurub. Yəni siyasi qərar verilərsə, Nəcməddin Sadıkovun həbsi üçün yetirincə əsaslar var. O, ətrafına yığdığı kadrların köməyi ilə Müdafiə Nazirliyi sistemində rüşvət və korrupsiya bataqlığı yaradıb. Sonuncu həbs olunan Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov da həmin kadrlardan biridir. Ondan əvvəl tutulan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev buna bariz nümunədir. Zahid Niftəliyevin məhkəmə işindən belə məlum oldu ki, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcməddin Sadıqovun ən yaxın adamı Zahid Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur. Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Yəni Nəcməddin Sadıqovun ətrafı bu xislətdə olan kadrlardır. Ətrafını isə onun özü formalaşdırıb. Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıqov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Əslində həmin gündən Nəcməddin Sadıkovun həbsi gündəmdədir. Bunu özü də bilir. Çünki onun neqativ, daha çox düşmənə sərf edən fəaliyyəti ən təvazökar araşdırma ilə cinayət işinin materialı ola bilər. Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu "Milli Qəhrəman" adına layiq görməsi, Dərbənddə adına küçənin olması Baş Qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub. Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır? Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun Birinci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub. Bu və bir cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb".

902-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 902-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 593 160 hərbçi, 8 455 ədəd tank, 16 385 ədəd zirehli döyüş maşını, 16 764 ədəd artilleriya sistemi, 1 146 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 920 hava hücumundan müdafiə sistemi, 366 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 22 649 ədəd avtomobil texnikası, 13 491 ədəd PUA, 2426 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 806 xüsusi avadanlıq itirib.

Rusları dəhşətə salan hücum: Zelenski mesaj göndərdi

Ukraynanın Rusiya ərazilərinə soxulmaqla bağlı cəsarətli planı Moskvanı dəhşətə saldı. Ukrayna əsgərləri Kursk vilayətinin dərinliklərində ələ keçirilən yaşayış məntəqələrindən kadrları dərc edərək inamla irəliləyirlər. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” nəşrinin hazırladığı materialda qeyd olunub. “Ukraynalılar getdikcə daha çox yaşayış məskəni ələ keçirirlər. Kiyev generalları onların cəsarətli planının baş tutduğuna getdikcə daha çox əmin olurlar. Ukrayna Rusiyanı transsərhəd hücumu ilə heyrətə saldı. Gülümsəyən əsgərlərin videolarına baxsaq, onların əyləndiklərini görərik. Lakin əməliyyatın başlanmasından bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Ukraynanın son ambisiyalarının nə olduğu bəlli deyil”, - materialıda bildirilib. Nəşr yazıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski nailiyyətlərini möhkəmləndirmək və ələ keçirdikləri Rusiya torpaqlarının bir hissəsini saxlamaq qərarına gələ bilər: “Ya da geri çəkilib, başqa əraziyə hücumu seçə bilər. Niyə görə Ukrayna Rusiyaya hücum etməyə qərar verdi və Zelenski nəyə nail olmağa çalışır?” “Tayms” bu il Ukraynanın dəhşətli dərəcədə əziyyət çəkdiyini, hətta ötən ay Kiyevdəki “Oxmatdet” uşaq onkoloji xəstəxanasının da vurulduğunu yazıb: “Şəhərlərdə elektrik enerjisinin kəsilməsi müntəzəm xarakter alıb və apreldə Kiyevin ən böyük elektrik stansiyasının dağıdılması qarşıda soyuq və qaranlıq qışın olmasını göstərir. Donbasda cəbhə xəttində ukraynalı əsgərlər Rusiyanın atəş gücünə təslim olur, Xarkov isə bombalı hücumlara öyrəşib. Ancaq aylarla uğursuzluqdan sonra Rusiyanın kiçik irəliləyişləri ukraynalılara mənəvi təkan verdi. İki il yarım davam edən amansız müharibədən sonra ukraynalı əsgərlərin Rusiya sərhədini keçməsi ilə bağlı videogörüntülər əhval-ruhiyyəni artırıb”. Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun hərbi elmlər üzrə direktoru Metyu Sevill bu hücumla Zelenskinin xalqlına və tərəfdaşlarına mesaj da göndərdiyini deyib: “Almaniyanın uzaqmənzilli “Taurus” raketləri ilə bağlı müraciətləri rədd etməsi və ABŞ-ın seçkilərin başlanmasına az qalması ilə Ukraynaya yardımın gələcəyi qaranlıq olaraq qalır. Bu, Avropaya və ABŞ-a işarədir: “Biz qalibik, bizi dəstəkləyin. Daha çox silahımız olsaydı, daha çox belə hücumlar edə bilərdik”.

Rusiya Ukraynaya qarşı taktiki nüvə silahı tətbiq edə bilərmi?

Bu sual Ukrayna müharibəsi ilə bağlı hər kəsi maraqlandıran əsas suallardan biridir. Bu gün Rusiya “Telegram” kanallarında adının çəkilməsini istəməyən diplomatik mənbəyə istinadən bu mövzuda maraqlı məlumat yayılıb. Rusiyalı həmin mənbə bildirib ki, Kursk hadisələri ilə əlaqədar Moskvanın nüvə silahına əl atması mümkün deyil. O deyib ki, nüvə silahının tətbiqi beynəlxalq səviyyəli fövqəladə hadisə olar və Moskva bu addımın həm dünya siyasətinə təsirlərini, həm də nüvə dövlətlərinin mövqeyini nəzərə almalıdır.  “Rusiyanın tərəfdaşları Çin və Hindistan ümumiyyətlə, bu məsələnin qoyuluşuna qarşıdırlar. Vaşinqtonun mövqeyi məlumdur – onlar bu halda qeyri-nüvə xarakterli zərbə ilə cavab verəcəklər. Britaniya isə Ukraynaya taktiki nüvə silahı verməyi nəzərdən keçirəcək” – deyə həmin mənbə əlavə edib. Onun sözlərinə görə, hərbi əməliyyat zonasında taktiki nüvə silahının tətbiqi Ukrayna ordusunun kapitulyasiyasına səbəb olmayacaq və Rusiyanın ciddi təcridinə, ağır beynəlxalq böhranın yaranmasına aparıb çıxaracaq. Bir rusiyalı təhlükəsizlik eksperti isə bildirib ki, Rusiya rəhbərliyi nüvə silahının tətbiqini nəzərdən keçirmir və bu mövzu yalnız publisistikada mövcuddur.  Öz tərəfimdən əlavə edim ki, hazırda ATACMS taktiki ballistik raketləri ilə Rusiya ərazisinə zərbə endirilməsinə icazə verilməsi üçün Kiyev və Vaşinqton arasında danışıqlar gedir. Bu gün Kiyevə gələn ABŞ senatorları – demokrat Riçard Blumental və respublikaçı Lindsi Qrem Kursk əməliyyatına tam dəstək ifadə edərək Ukraynaya hər cür silahın verilməsi üçün Baydenə təzyiq göstərəcəklərini bildiriblər. Şahin Cəfərli, politoloq

Ukrayna torpaqlarını işğal edən Rusiya indi özü işğala məruz qalır

ABŞ və Qərb heç vaxt Rusiyaya, Putinə qarşı bu qədər qətiyyətli olmamışdı. Ukrayna torpaqlarını işğal edən Rusiya indi özü işğala məruz qalır - ukraynalılar tərəfdən. Mən fotolarda Rusiyadan güc alan ermənilərin Xocalıdan, Laçından, başqa rayonlarımızdan, öz yurdundan, yuvasından qovduğu, qaçqın düşən azərbaycanlıları görmüşdüm. İndi fotolarda Kurskdan - Rusiyadan qaçan rusları görürəm. Rusiya başqalarına yaşatdıqlarını az da olsa, yaşayır.  Ukraynanın Avropa, yoxsa Rusiya yolunu tutması öz seçimidir, öz haqqıdır. Özünə hörmət edən heç bir xalq Rusiya, Çin, Şimali Koreya, İran, Belarus yolunu seçməz! Özünə hörmət edən ukraynalılar ən böyük alqışlara, xoş sözlərə layiqdir. Slava, Ukrayna! Rəşad Ergün, Jurnalist

Mustafa Hacıbəyli Azay Quliyevi debata çağırdı

Azay Quliyevi debata çağırıram. Azərbaycanda ən çox namizədin qeydə alındığı seçki dairələrdən biri 8 saylı Binəqədi birinci seçki dairəsidir. 12 namizəd var və bu ğunlərdə keçirilən sorğular onu göstərir ki, indiki deputat və növbəti dönəm üçün də iqtidarın namizədi olan Azay Quliyev heç ilk üçlükdə yoxdur. Dairədə olan bütün namizədləri əməkdaşlığa çağırıram.  Azay Quliyevi isə debata çağırıram. Ona sual verəcəm, necə oldu ki, Əli Həsənovun sağ əli idin, amma o vurulandan sonra da  iqtidarın düşərgəsində qala bildin? Adam dostlarına sadiq qalmazmı?  Əgər bu suala cavab versə, maraqlı debat alınacaq. Mustafa Hacıbəyli, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd

Ordumuzun qarşısındakı erməni hərbçilər mövqelərdən getdilər - SƏBƏB

Ermənistanın Azərbaycanla sərhəddəki ordu bölmələrinin bir qismi hərbi xidməti tərk edib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan yazıb. Onun sözlərinə görə, silahlı qüvvələri xüsusilə orduya cəlb edilmiş polislər tərk ediblər. onlayn aptek “Sərhəddə təhlükəli müdafiə mövqelərində xidmət edən polislər ayda 180 min dram (təxminən 790 manat) alırdırlar. Onların maaşı 60 min drama (təxminən 260 manat) endirilib. Buna görə də polislərin bir qismi xidmətdən gediblər”, – O.Sərkisyan bildirib.

Türkiyədə avtobus partladı: ölənlər var

Türkiyənin Şırnak əyalətinin Silopi rayonda avtobus partlayıb. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisənin təfərrüatı barədə hələ məlumat yayılmayıb.

Dövlətimiz adından bu sözü verə bilərəm ki... - Zelenski

Dövlətimiz adından söz verə bilərəm ki, ən vacib şey: Ukrayna müharibəyə görə heç bir nəsil itirməyəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Xalqımızın ukraynalı gənclərə ehtiyacı var və onlara dövlətimizin təhlükəsizliyini qaytaracağıq", - Zelenski qeyd edib.

Müsavat rəhbərliyi avropalı diplomatlarla görüşdü

Bu gün, avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər. Peter Mixalkonun təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar Aİ ilə Azərbaycan arasında münasibətlər və digər məsələlər müzakirə olunub.

“Şəhid anaları indi yadınıza düşdü?” - Aparıcıdan namizədlərə sərt sözlər

Tanınmış televiziya aparıcısı Amil Xəlil sentyabrın 1-i ölkəmizdə keçiriləcək parlament seçkiləri barədə danışıb.  Sozcu.az xəbər verir ki, o, deputat mandatı uğrunda mübarizə aparan bəzi namizədləri tənqid atəşinə tutub:  “Ölkədə tək-tük adamlardan biri - namizədliyini irəli sürməyən, Amil.  dirnaq modelleri  2 il əvvələ kimi müxbir olan, bir-iki yol, su problemlərinin çəkilişində iştirak edən, qızlı-oğlanlı hamı deputatlığa namizəddir. Vallah, kənardan bəziləriniz çox eybəcər görünürsünüz.  Hələ Binəqədi rayonu ərazisində olan şəhid analarını narahat edənlərdən demirəm... İndiyə kimi qapılarını tanımırdınız, şəhid anaları indi yadınıza düşdü? Siz Allah, hərə öz işi ilə məşğul olsun”. 

MEDİA: Azərbaycanda xarici hərbi kontingenti mövcud deyil

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb. Sozcu.az xəbər verir ki, həmin açıqlamada deyilir: "Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirmiş, guya İsrailin öz həbrçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yaymışdır. onlayn aptek Bildiririk ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırıq. Eyni zamanda, bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edib. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq".

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.1.2-ci yarımbəndinə “40 faizi” sözlərindən sonra “, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi meyarlara uyğun olaraq yerli istehsala aid edilən müasir suvarma sistemlərinə münasibətdə isə 60 faizi” sözləri əlavə edilsin.

SON DƏQİQƏ! Geomaqnit qasırğası bu tarixədək davam edəcək

Hazırda geomaqnit qasırğası davam edir. Bu barədə Sozcu.az-a Nəsirəddin Tusi adın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, geomaqnit sahəsinin 14 avqustda sakit səviyyəyə dönəcəyi gözlənilir. Sonrakı günlərdə geomaqnit qasırğası proqnozlaşdırılmır.

Bir ailədən 3 nəfərin öldüyü hadisənin TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, avqustun 10-na keçən gecə Zərdab rayonu ərazisində 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən şəxslərdən 13 yaşlı Xədicə Eyvazlı Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin VII-ci sinif şagirdi imiş. Onunla birgə yaxın qohumu olan 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və onun 3 yaşlı qızı Mədinə də aldıqları xəsarətlərdən vəfat edib. Bildirilir ki, avtomobildəkilərin hamısı bir ailənin üzvü və yaxın qohumlar olub. Onlar Ağcabədidən Bakıya A.Quliyevanı və 3 yaşlı qızını xəstəxanada müayinə etdirmək üçün gəlibmiş. Hadisə də rayona qayıdarkən baş verib. Qeyd edək ki, 1986-cı il təvəllüdlü Quliyev Niyaməddin Eyvaz oğlunun idarə etdiyi “VGV U75 Plus” markalı 77-YE-816 dövlət qeydiyyat nişanlı avtomobil Kürdəmir-Zərdab yolunda aşıb. Nəticədə sürücünün qızı 2011-ci il təvəllüdlü Xədicə Eyvazlı, onun yaxın qohumu 2000-ci il təvəllüdlü Ayşən Quliyeva və A.Quliyevanın qızı 2021-ci il təvəllüdlü Mədinə vəfat edib. Sürücü və digər sərnişinləri: qızı Həcər və Raya, eləcə də 1980-ci il təvəllüdlü İlqar Quliyev, 1989-cu il təvəllüdlü Tünzalə Quliyeva, 2012-ci il təvəllüdlü Lalə Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanıb.

Bu xəstəliklər icbari tibbi sığorta zərfinə daxil edildi

İcbari tibbi sığorta orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. Sozcu.az xəbər verir ki, bu hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər müxtəlif orqan və toxumalarda meydana gələ bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və müalicəsi gələcəkdə inkişaf edə biləcək xərçəng hallarının qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək, o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür. Şişönü xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metodlardan istifadə olunur. Bu metodların hər biri müəyyən xəstəliklərin aşkarlanmasında yüksək həssaslıq və dəqiqlik təmin edir. Maqnit rezonans tomoqrafiya (MRT) bədənin daxili strukturlarını detallı şəkildə göstərir və bir çox hallarda şişönü dəyişikliklərin aşkarlanmasını təmin edir. Bu metod, xüsusilə yumşaq toxumaların görüntülənməsi üçün effektivdir. Kompüter tomoqrafiyası (KT) skanerləri bədənin müxtəlif hissələrinin detallı görüntülərini təqdim etməklə şişlərin yerini və ölçüsünü müəyyənləşdirməyə imkan yaradır. Bu metod xüsusilə bərk toxumalarda və orqanlarda şişlərin aşkarlanması üçün istifadə olunur. Digər bir diaqnostik metod olan kolonoskopiya, kolorektal (yoğun və düz bağırsaq) xərçəngə çevrilmə potensialı yüksək olan şişönü lezyonların erkən diaqnostikasında geniş istifadə olunur. Bu prosedur zamanı həkim endoskop vasitəsilə kolonun daxili divarlarını yoxlayır. Şübhəli bölgələr tapıldıqda biopsiya nümunələri götürülür və laboratoriyada analiz olunur. Qastroskopiya mədə və onikibarmaq bağırsaqda (duodenum) şişönü dəyişikliklərin diaqnozu üçün istifadə olunur. Bu metod mədə-bağırsaq traktının yuxarı hissəsinin görüntülənməsini təmin edir və şişlərin erkən aşkarlanmasına kömək edir. Kolposkopiya uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri erkən mərhələdə müəyyən etmək üçün istifadə olunan yüksək dəqiqliyə malik ginekoloji müayinə metodudur. Bu müayinə prosesində kolposkop cihazı ilə uşaqlıq boynu optik olaraq incələnir. Şübhəli bölgələr aşkarlandığı halda isə həmin hissələrdən nümunələr götürülərək laborator analizlərə göndərilir. Histeroskopiya qadın sağlamlığının qorunması və erkən diaqnostika üçün ən müasir metodlardan biridir. Bu prosedur zamanı histeroskop cihazı uşaqlıq boşluğuna daxil edilir və görüntü real vaxtda ekrana ötürülür. Bu sayədə uşaqlıq daxilindəki hər hansı patologiya çox asanlıqla müşahidə edilə bilir. Bu müayinə bir çox ginekoloji xəstəliklərlə yanaşı, uşaqlıq xərçənginin və şişönü xəstəliklərin aşkar edilməsində həyata keçirilən vacib müayinə metodudur. Mammoqrafiya süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsini təmin edən vacib bir diaqnostika üsuludur. Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Şişönü lezyonlar adlanan xərçəngə çevrilmə potensialı yüksək atipik hüceyrə bölgələrindən götürülən toxuma nümunələrinin mikroskopik analizi diaqnostikada qızıl standart hesab edilir. Bu metod hüceyrələrin struktur vəziyyətini qiymətləndirməyə imkan verməklə dəqiq diaqnostikanı təmin edir. Həmçinin, qanda xüsusi biomarkerlərin səviyyəsi müəyyən xəstəliklərin mövcudluğunu göstərə bilər. Bu testlər sırasından olan onkomarkerlərin qanda təyini bəzi şişönü xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur və xəstəliyin gedişatını izləməyə kömək edir. Pap smear testi isə qadınlarda uşaqlıq boynunda (serviks) şişönü xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur. İcbari tibbi sığortanın tətbiqi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşın vaxtında müalicəyə cəlb olunmasına və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqаt institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.