Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsi 3 azərbaycanlının həbs qətimkan tədbirinin müddətini uzadıb. Əziz Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev istintaq təcridxanasında qalacaqlar.

Sozcu.az Lent.az -a istinadla bildirir ki, onların hər üçü Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsi üzrə ittiham olunur (əvvəlcədən əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən, tamah məqsədi ilə və ya sifariş əsasında törədilmiş qətl).

Abbasov, Lalayev və Gənciyev 2026-cı il martın 29-dək həbsdə saxlanılacaqlar. İstintaq iddia edir ki, guya bu 3 nəfər mütəşəkkil cinayət qrupunun üzvləri olublar.

Qeyd edək ki, bu ilin iyun ayında Yekaterinburq şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirilib. Nəticədə 50-yə yaxın həmyerlimiz saxlanılıb və əməliyyat zamanı onlardan 2-si qətlə yetirilib.

Share on Facebook