Müsavat başqanı Almaniya səfiri ilə görüşüb

Martın 2-də Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann ilə görüşüb. Partiyadan verilən məlumata görə, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycanda ictimai siyasi vəziyyət, Qarabağ nizamlanması, siyasi məhbuslar, Müsavat Partiyası və Almaniya səfirliyi arasındakı münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Nemət Kərimli və səfirliyin birinci katibi Marsel Vietor iştirak ediblər. Basta

Rusiya itkilərlə bağlı problemlərini həll edə bilmir

Uqledar yaxınlığındakı son hücumu zamanı böyük itkiləri göstərdi ki, Rusiya ordusu hələ də ciddi heyət və texnika itkiləri ilə bağlı problemləri tez həll edə bilmir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. “Hərbi uğursuzluqlarının davamlı olması Rusiyanın effektiv hücum əməliyyatları aparmaq qabiliyyətinə mane olacaq”, - hesabatda qeyd olunub.

Ançelotti “El-Klassiko”dan danışdı: “Revanş barədə düşünmürük”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kubokunda “Barselona”ya qarşı keçirəcəkləri ilk yarımfinal oyunu haqda fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis Superkubok matçındakı məğlubiyyətin revanşını almaq barədə düşünmədiklərini deyib: “Biz matça inamla hazırlaşırıq. Həm müdafiədə, həm də hücumda yaxşı oynamaq üçün cəsarətli olmalıyıq. Biz finala yaxınıq və daha yaxşı olmağa çalışacağıq. İspaniya Superkubokunda üslubumuza və gücümüzə uyğun çıxış etmədik. Fərdi səhvlərimiz oldu və onların tez-tez təkrarlanması bizə təsir etdi. Bu dəfə eyni halın baş verəcəyini düşünmürəm. Çox vacib matçdır, amma həlledici oyun deyil. Müsbət nəticə qazanmağa çalışacağıq. Superkubokdakı məğlubiyyətin revanşı barədə düşünmürük. Sadəcə, kuboka yaxın olduğumuz üçün qalib gəlmək istəyirik”, - deyə Madrid klubunun rəsmi saytı Ançelottidən sitat gətirir. Bu gecə keçiriləcək “El-Klassiko” Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Ermənistanın Baş Qərargah rəisi və keçmiş müdafiə nazirləri 44 günlük müharibə ilə bağlı dindirilə bilər

Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan 44 günlük müharibə ilə bağlı dindirilə bilər. Bu barədə yerli “Joqovurd” qəzeti yazıb. Bildirilib ki, Ermənistanda parlamentdə müharibə ilə bağlı araşdırma aparan komissiya bu barədə qərar qəbul edə bilər. Qeyd olunub ki, həmçinin E.Asryanın sələfləri Artak Davtyan, Onik Qasparyan və həbsdə olan keçmiş müdafiə nazirləri, o cümlədən David Tonoyan da dindirilə bilər. Onlar yararsız raketlərin alınmasında və döyüşlərdə istifadə olunmasında istifadəsində ittiham edilirlər.

ABŞ institutu: “Çinin Belarus vasitəsilə Rusiyaya texnikalar ötürməsi mümkündür”

“Çinin Belarus vasitəsilə Rusiyaya texnikalar ötürməsi mümkündür”. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, martın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında 16 bənddən ibarət sənədlər paketi imzalanıb: “Bu, Çinin Rusiyaya yardımını Belarus vasitəsilə ötürməyə, beləliklə, Rusiyanın sanksiyalardan yayınmasına şərait yarada bilər. Rusiya Belarus vasitəsilə Qərbin sanksiyalarından yayına bilər”. Amerikalı analitiklər hesab edirlər ki, Rusiya qüvvələri ciddi texnika itkiləri ilə üz-üzədir: “Bu baxımdan “New York Times” nəşrinin araşdırmaları bizim məlumatları təsdiqləyir. Belə ki, qəzetin yazdığına görə, Rusiya Vuhledar qəsəbəsinə hücum zamanı ciddi itkilərlə üzləşib. Məlumata görə, həmin döyüşlərdə Rusiya qüvvələri ciddi səhvlərə yol veriblər. Nəticədə Rusiyanın tank kalonları Ukrayna tərəfinin pusqusuna düşüb. Rusiya son 3 həftədə ən azı 130 tank və zirehli texnika itirib”.

TƏBİB: "Təcili yardım gələnə qədər Hacı Şahin ürəktutmadan vəfat edib"

TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb. Qurumdan Sozcu.az-a bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına martın 2-də saat 05:30 radələrində çağırış daxil olub. Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: "Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".

Ərdəbil məktəblərində şagirdlər kütləvi şəkildə zəhərlənib

Martın 1-də Ərdəbil əyalətinin 9 qız məktəbində çox sayda şagird şübhəli şəkildə zəhərlənərək xəstəxanalara yerləşdirilib. Bu barədə Ərdəbil əyaləti valiliyinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə baş direktoru Əli Məhbubifər məlumat yayıb. Günorta saatlarında baş verən hadisədən sonra şagirdlərin valideynlərinin məktəblərin qarşısına toplaşdığı və polis qüvvələri ilə onlar arasında qarşıdurma yaşandığı bildirilir. Qeyd edək ki, bu, son bir neçə həftə ərzində İranın bir neçə şəhərində baş verən və yüzlərlə şagirdin zəhərlənməsi ilə nəticələnən hadisələrdən biridir. 

“Təhminə” Fəxrəddin Manafovla eşq yaşaması xəbərindən danışdı

Türkiyəli aktrisa, tamaşaçılara "Təhminə" filmindən tanış olan Meral Konrat yenidən Azərbaycanda filmə çəkilib.  Sozcu.az xəbər verir ki, aktrisa "Elçilik" filmində rol alıb. "Elgizlə izlə" verilişində qonaq olan Konrat Xalq artisti Fəxrəddin Manafovla bağlı sualları cavablandırıb. Aktrisa "Təhminə" filmindən sonra eşq yaşadığınız iddia edildi. Bu haqda heç vaxt danışmamısınız" sualına belə cavab verib: "Aramızda heç nə olmayıb. Həmin filmi qəlbdən hiss edərək oynadıq. Elə bir şey yaşanmadı. Çox yaxşı dostuq, onu çox sevirəm. Subayam, evlənmək istəyən namizədlərimi gözləyirəm".  Qeyd edək ki, Rasim Ocaqovun rejissorluq etdiyi "Təhminə" filmi 1993-cu ildə lentə alınıb. Film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılıb.

“TikTok” azyaşlılar üçün sosial şəbəkədən istifadə vaxtını məhdudlaşdırır

"TikTok" sosial şəbəkəsi 18 yaşdan kiçik şəxslərin hesabdan istifadə müddətini məhdudlaşdıracaq. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, şəbəkənin sahibi olan Çin şirkəti "ByteDance" yetkinlik yaşına çatmayanların istifadə vaxtının gündə 60 dəqiqə ilə məhdudlaşdırılacağını bəyan edib. Eyni zamanda, 13 yaşdan yuxarı yeniyetmələrdən limitə çatdıqdan sonra istifadəyə davam etmək üçün giriş kodunu daxil etmələri tələb olunacaq. Yaşı 13-dən az olanlar yalnız valideynlərinin və ya qəyyumlarının icazəsi ilə sosial şəbəkədə 60 dəqiqədən çox qala biləcəklər. Valideynlər giriş kodunu daxil edərsə, onlar daha 30 dəqiqə vaxt ala bilərlər. Bundan əlavə, valideynlər yetkinlik yaşına çatmayanlar üçün bildirişlərin söndürülməsi üçün qrafik təyin edə biləcəklər.

Kolbasa yeyərkən orqanizmdə nə baş verir? - Həkim açıqladı

"Fastfud qidalar, sosis, kolbasa, hisə verilmiş ət məhsullarından maksimum uzaq durmaq lazımdır. Sadalanan qidalar və enerji içkiləri immun sisteminin bir nömrəli düşmənləridir". Sozcu.az oxu.az-a istinadən xəbər verir ki bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində immunitet və vitamin çatışmazlığı haqqında danışarkən deyib. İstehlak edilən qidalar arasında immun sisteminə xeyri olmayan məhsullar var ki, immun sistemini zəiflədir: "Enerji içkiləri, digər qazlı, rəngli içkilər, tütün məhsulları immun sisteminə ziyan vurur. Gündəlik həyatda qidalanma zamanı üstünlük verilən məhsullar sağlam olmalıdır. Orqanizmin sadəcə tərəvəzə, ət məhsullarına və ya meyvəyə ehtiyacı yoxdur. Orqanizmin balanslaşdırılmış qidalanmaya ehtiyacı var. Su belə normasında içilməlidir. Ürək, qan-damar sistemi xəstəliyi olan şəxs gündəlik 3-4 litr su qəbul edərsə, bu, ona ziyan verə bilər. Ona görə də orqanizmin zülala, karbohidrata, yağlara və s. digər maddələrə də ehtiyacı var. Biz bədənimizi tanımalı və orqanizmi bütün bu maddələrin ehtiyac olduğu qədəri ilə təmin etməliyik ki, immun sisteminin fəaliyyəti pozulmasın".

Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilir

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Sozcu.az xəbər verir ki, Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksəksəviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

Sərhədi pоzan 34 nəfər saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin fevral ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. DSX-dən Sozcu.az-a bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 34 nəfər saxlanılmış, оnların 18 nəfəri Azərbaycan Rеspublikası, 11 Pakistan, 1 Rusiya Federasiyası, 1 Dominikan, 1 Konqo və 2 Əfqanıstan İslam Respublikası vətəndaşları оlmuşlar. Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 22 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılmışlar. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 915 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 251 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan olan 334 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 18 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınmışdır. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 91 kq 821 qram narkоtik vasitə və 565 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılmışdır. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 1 milyon 119 min 188 manat оlan qaçaqmal, о cümlədən qızıl-zinət əşyaları, tütün məmulatları və spirtli içkilər saxlanılmışdır. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Paşinyan Almaniyaya səfərə gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Almaniyaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan 2-3 mart tarixlərini əhatə edəcək səfər çərçivəsində Almaniya kansleri Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə görüşəcək.

Bakıda 1 yaşlı körpə ölüb

Bakıda 1 yaşlı körpə ölüb. Sozcu.az xəbər verir ki, ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi Məktəbli küçəsi, ünvansız fərdi yaşayış evində yaşayan yeni doğulmuş 2022-ci il təvəllüdlü Abdullayeva Melisa Bəhruz qızı yaşadığı ünvanda ölüb. Hazırda onun ölüm səbəbləri araşdırılır.

Blinken G20 XİN başçıları sammitinin yekunlarını müsbət qiymətləndirib

Bugünkü sammitdə hədəflərimizə çatdıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken G20 XİN başçıları sammitinin yekunlarına dair "Twitter" paylaşımında bildirib. "Bu gün G20 sammitinə 2 məqsədlə qatıldım. Bunlardan birincisi, Hindistanın rəhbərliyi ilə G20 sammitinin bizim ortaq hədəflərimiz təmin etməsinə əmin olmaq, ikincisi isə, dünyanın ehtiyaclarını ödəmək üçün ABŞ-ın öz tərəfdaşları ilə birgə fəaliyyətini nümayiş etdirmək idi. Hər iki məqsədimə çatdım", - o deyib.

Zaqatalada 3 aylıq körpə ölüb

Zaqatalada 3 aylıq körpə ölüb. Sozcu.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Aşağı Tala kənd sakini, 03.12.2022-ci il (üç aylıq körpə) təvəllüdlü Rəfail Tural oğlu Rəşidov bu gün səhər saat 06 radələrində xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 3 aylıq körpə xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını dəyişib. Körpənin bir müddət əvvəl Bakı şəhərindəki xəstəxanalardan birində əməliyyat olunduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.apa

Özünü və övladlarını binadan atan qadına qəsdən adam öldürmə ittihamı verilib

Ötən il özü və övladlarını binadan intihar məqsədilə atan qadına qəsdən adam öldürmə ittihamı verilib. Sozcu.az  xəbər verir ki, ötən il Yeni Yasamal yaşayış kompleksində 1997-ci il təvəllüdlü Aytən Abbasova, övladları Sara və Sofiya Abbasova ilə birlikdə intihar məqsədilə 5-ci mərtəbədən atıblar. Nəticədə 3 yaşlı Sara Abbasova dünyasını dəyişib, ana və digər qızı isə xəstəxanaya yerləşdirilib. İlkin olaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişində Aytən Abbasova barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. Hazırda cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 84,40 dollara, yüngül neftin bir barreli isə 77,74 dollara təklif olunur.

Hacı Şahinin son statusu: Ölməyə gəldim...- Foto

Xəbər verdiyimiz kimi, tanınmış din xadimi Hacı Şahin Həsənli vəfat edib. Hacı Şahin bu gün səhərə yaxın - 5 radələrində ürək tutmasından dünyasını dəyişib. Mərhum ilahiyyatçı ölümündən bir neçə saat öncə Ramiz Rövşəninin ölüm haqda olan şeirini "whatsapp" hekayəsində paylaşıb. "Mən bu ağlamalı, mən bu gülməli dünyaya ağlayıb-gülməyə gəldim. Bir dünya tapılmaz bundan ölməli, mən də tamahlanıb ölməyə gəldim".

Hacı Şahinin ölüm səbəbi bilindi - AÇIQLAMA

Tanınmış ilahiyyatçı Hacı Şahinin ölüm səbəbi məlum olub. Ailə üzvlərindən bildirib ki, Hacı Şahin bu gün səhərə yaxın - 5 radələrində ürək tutmasından dünyasını dəyişib. Dünən gecədən narahatlıq başlayıb və gecəylə həkimə gedib. Yoxlanışdan sonra evə qayıdıb və bir neçə saatdan sonra belə bir hadisə baş verib./Bakupost

Hacı Şahin dünyasını dəyişib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib. "Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - sosial şəbəkə səhifəsində qeyd olunub.

SONUNCU ELLADA

İlk oxuduğum kitablardan biri "Eladanın qhrəmanları" olub. Balaca nəfis kitab idi. Üstündə balaca Heraklın iki böyük ilanı boğan yerdə rəsmi var idi. Həm də beşikdə. Soruşmuşdum "Ellada" nə deməkdir? Demişdilər Yunanıstan. İlk dəfə "Ellada" sözünə o əfsanə kitabında rast gəlmişdim və heç vaxt unutmadım.   Amma bu lap çoxdan olub. Onda mən balaca Herakıldan 8-10 bahar böyük olardım...     ***  Toyuna getmişdim. Bilməmişdi orada olduğumu. Toydan bir neçə gün sonra idi. Çəkilişlərə baxanda görmüşdü iştirak etdiyimi. Mən olan parçanı kəsib mesencerimə atdı. Təşəjkkür elədi. Sevinmişdi toyunda olduğumu biləndə. Allah sizi qorusun - dedi. Sağlam, çox yaşamağım üçün dua da etdi. Minnətdarlıq elədim.  Bu bizim axırıncı söhbətimiz oldu.  TOYDAN ƏVVƏLLƏR Qağayılı dənizin fonunda bir şeirimi səsləndirib mənə atmışdı.  Fikrimi bilmək istəmişdi, - şeir səsləndirməkdə davam edim, ya yox?- deyə. Dedim davam eləyin əlbəttə. Səsi xoşuma gəlmişdi. Səsləndirmək də zamanla püxtələşəcək ifalardan idi. Sonra bir şeir də atdı. Sonra birini də...  Sonra toyu oldu. Sonra özü olmadı...       Çox təəccübləndim. Xəstəymiş dedilər. Bilmirdim deyə, qəfil oldu mənimçün. Hiss etdiyim kədərdən çox narazılıq idi. Bilmədim kimdən ya nədən? Amma narazı qaldım...  ***  İki nəfərin izdivacından gəlir insan dünyaya. Həm də vaxtında. Amma o qədər təkbnaşına gedən var ki dünyadan. Həm də vaxtından tez. Amma bu qədər tez olmamalıdır əslində. Həm də toyundan sonra. Adamlara etibar qalmayıb. Adamlarda günah olmasa belə...    *** Bu çoxdan olmayıb. Bir gün əvvəlin söhbətidir. Onun olmaması yəni. Bu əfsanə deyil, gerçək bir həyat, gözəl bir insan, hörmətli bir həmkar taleyi idi.  Yəqin ki, bu mənim həmişə yadımda qalan sonuncu "Ellada" olacaq.  Bilsəydim belə olar yəqin ki, toyuna getməzdim. Dekabrda xoşbəxtlik arzuladığın insana fevralda rəhmət oxumaq nəsə dolaşıq məsələdi. İllah da o zaman ki, adam təkcə həmkar yox. həm də ailəvi dostdur. Əslində Allah onu qorumalı idi. Nə yaşamışdı ki? Amma kim bilir, bəlkə belə qoruyur?... P.S Bu şeir idi səsləndirdiyi:  DÜNYANIN ƏN GÖZƏLİ Uşaq da olmuruq, Ana öləndə Desinlər, ölməyib, xalangildədir. Desinlər, nasazdır xalan bu gün də, Anan da gəlməyib, xalangildədir. Desinlər, analar ölmür, balası, Qəfildən harasa gedirlər bir gün. Desinlər, onu da bir gün anası, Çağırır yanına, boyunu görsün.  Sən də inanasan yarışübhəli, Gözün qapılarda qala bir ömür. Dünyanın ən gözəl, ən gözləməli Xəyalı könlünü ala bir ömür... İlqar Rəsul

Bu, döyüş meydanında ordumuzun qazandığı qələbənin masa arxasında təhvil verilməsidir" -Arif Hacılı

"Azərbaycan ərazisində separatçı qüvvələrin nümayəndələri ilə görüş keçirilir. Masada Azərbaycan bayrağı yox, masanın başında rus zabitləri, Rusiya bayrağı, başları üzərində rus generallarının portretləri. Azərbaycan və ölkə bölgəsinin nümayəndələri bərabərhüquqlu tərəflər kimi üzbəüz oturub.  Azərbaycan deputatı hətta milli bayrağımız olan deputat nişanını da çıxarıb". Sozcu.az xəbər verir ki,bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün "Feysbuk" səhifəsində yazıb.  "Görüşdən sonra Araik Harutunyan müstəqillik ideyasından bir addım da geri çəkilməyəcəklərini elan edir. Bütün bunlar əvvəllər də dediyimiz kimi döyüş meydanında ordumuzun qazandığı qələbənin masa arxasında təhvil verilməsinin daha bir sübutu, Azərbaycan xarici siyasətinin və diplomatiyasının növbəti uğursuzluğudur".

Ağsuda sahibsiz itlər ölüm kabusuna çevrilib: Aidiyyəti qurumların vecinə də deyil

Ağsu rayonunda sahibsiz küçə itlərinin sakinlərə yaşatdığı ciddi problemlər haqda mətbuatda dəfələrlə yazılıb. Belə ki, əgər əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdusa artıq gündüz vaxtı belə itlərin bir-biri ilə, gəlib-gedən insanlara hürüşməsindən rahatçılıq yoxdur. Ağsu rayonu bu baxımdan müəyyən mənada Hindistanın tipik şəhərini xatırladır.Yalnız bir fərqlə ki, burada toxunulmaz meymun və inəklər deyil küçə itləridir. Küçə itləri burada binaların ətrafında, küçələrdə, zibil yeşiklərinin ətrafında uzun müddət məskən saldıqca artıq oranı özlərinə doğma məskən sayırlar. Sahibsiz itlər hərəkət edən maşınların, velosipedlərin dalınca aqressiv qaçaraq hürürlər. Sahibsiz itlər özlərini Ağsuda özlərini o dərəcədə komfort hiss edirlər ki, həyətlərin “sahiblərinə” çevriliblər. Sahibsuz itlər son zamanlar o qədər balalayib çoxalIblar ki, bu avtomobil sahiblərinə belə baş ağrısına çevriliblər. Belə ki, sürücülərin onların qabağından keçən itləri bilmədən vurması halları çoxalıb.  Artıq iş o yerə çatıb ki, bu heyvanlar bağlara, bağçalara doluşaraq insanların həmin yerlərə çıxmasına imkan vermirlər. Hətta onların sürü şəklində qaranlıqda insanlara hücum etmələri halları da müşahidə olunmaqdadır. Agsuda itlər nəinki yaşayış məntəqələrinin yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərində yolun ortasında, supermarketlərin, restoranların, kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində günün günorta cağı var-gəl edirlər, daimi  məskən salıblar. Buna görə də məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər də vəhşi heyvanlardan çəkinirlər. İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Ağsuda  az qala qəhrəmanlıq saymaq olar. Şagirdlər deyirlər ki, onlardan qorunmaq üçün səhərlər məktəbə əllərində daşla gedirlər. Bəzən isə yollarını dəyişmək məcburiyyətində qalırlar. Əlbəttə itləri öldürmək də qeyri-insani bir hərəkətdir. Amma Ağsuda  insan həyatı, əsasən də azyaşlılar üçün real təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı, ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarlarda yerləşdirilməlidir. İcra Hakimiyyəti problemdən xəbərdardır, amma  heç bir tədbir  görmür, yalnız deyir “tədbir görüləcək”. Necə ki, küçə itləri ilə bağlı tədbir görməyən məmurlar da sığortalanmayıblar ki, onlar özləri və yaxınları itlərin hücumuna məruz qalmayacaq. Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır. Ekspertlər vətəndaşlara küçə itlərinin olduğu yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürlər. Amma bu da çıxış yolu deyil. Sahibsiz itlərlə üzləşən hər bir adam soyuqqanlı davranmasa onların hücumuna məruz qala bilər. Sahibsiz itlərin  məhəllələrin içinə gətirən səbəblər də var. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında daima çoxsaylı itlərə rast gəlinir. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. İtlər 6 aydan bir 7-8 bala verir. Heç kim demir ki, sahibsiz itlərin hücumuna qarşı mübarizə üçün onları mütləq güllələmək, öldürmək lazımdır. Sahibsiz itlərin sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.  Quduzluğa qarşı iynə vurulur, axtalanır, qısırlaşdırılır. Daha sonra qulaqlarına birka bağlanır. Bakı şəhərindəki itlərin 50 faizi birkalanıb. Bir sözlə küçə itlərinin sayı tənzimlənməlidir, yoxsa bu surətlə şəhəri itlər tamamailə basacaq. Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirilməlidir. Bunun üçün Türkiyənin, Avropa ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır. Avropanın şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edirlər Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir. Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa, insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır. Görünən odur ki, Ağsu rayon  Təmizlik Departamenti, Ağsu şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi demək olar ki, heç bir ciddi tədbir görmür. Sozcu.az