“Hal-hazırda Mingəçevir Dram Teatrında müqavilə ilə çalışıram. Sağ olsun, teatrın direktoru İntiqam Soltan məni dəvət edib. Burada mənimlə bərabər bizim hörmətli aktyorumuz Natiq Fərzəliyev də çalışır. Əli Əmirlinin “Varlı qadın” tamaşasını hazırlayıram. Tamaşanın rejissoru mənəm, özüm də oynayıram. Bu tamaşa bir çox teatrlarda səhnələşdirilib, bizim teatrda da olacaq. Yəqin ki, tamaşaçılarımızı bu tamaşa vasitəsilə teatra cəlb edə biləcəyik”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.
“Uzun illərdir çalışdığım Sumqayıt Dövlət Dram Teatrından yaşa görə işdən azad olundum. 70 yaşım var. Təklif olundu ki, müqavilə ilə çalışaq, mən razı olmadım. Bu mənə çox toxundu. Bəzən sual verirlər ki, “Valeh müəllim, filmlərdə niyə çəkilmirsiniz?”. Çəkilmirsiniz sözü bir az böyük çıxır. Çəkən yoxdur axı. Çəkən olsa çəkilərəm. Bəlkə də düşünürlər ki, qiymətim bahadır. Amma elə də fövqəlada qiymətə çəkilmirəm. Teatra, filmə gənc aktyor da lazımdır, qoca da. Gənc aktyorun başına pudra töküb ağartmaqdansa, elə ağsaqqal aktyorunu çək də. Bu gün bizim sahədə yoldaşlıq, dostluq, qohumbazlıq daha böyük rol oynayır. Bu problemlər insanları sənətlə məşğul olmağa qoymur. Hər kəs öz dostunu, qohumu çəkir. Hətta zəif də olsa belə deyir ki, mənə qəbuldur. Belə olan halda da sənət uçuruma gedir. Bu sənət deyil, özfəaliyyətdir. Bəzən özüm haqda eşidirəm, rejissorlar deyir ki, “Nə qədər rol oynasa da, Moşudur da, ona nə rol verək?”. Bu düzgün yanaşma deyil, bu sözü yalnız aciz rejissorlar deyə bilər” deyə sənətkar bildirib.
Xalq artisti “Bəxt üzüyü-2” filmində əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədovun çəkilməməsinə bu cür aydınlıq gətirib.
“Gülşad xanımdan xəbərim yoxdur, amma Ayşada şəxsən özüm demişəm. Dedi ki, istəmirəm. İstəmirsən sağ ol da. Ramiz Əzizbəyli filmi tam başqa cür çəkmişdi, Tahir İmanov isə tam başqa cür. O tragikomediya idi, bu isə komediya. Şekspirin “Hamlet” əsərini dünyanın bütün teatrları səhnələşdirib, hər kəs də özünəməxsus şəkildə. Bəlkə sabah “Bəxt üzüyü” filmini bizdən yaxşı çəkəcəklər?! Heç kimi qınamaq olmaz” deyə sənətkar bildirib.
Xalq artisti şəxsi həyatından da danışıb.
“O vaxt aktyor olduğum üçün qızlarını mənə vermirdilər. Aktyorluğu hamı qəbul etmirdi. Heç mənim atam da sənətimi qəbul etmirdi. Qaynatama demişdilər ki, aktyor deyil, rejissordur. Demişdi ki, “bu lap pis, rejissor aktyorlara, aktrisalara qucaqlaşmağı, öpüşməyi öyrədir” (gülür). Bir neçə ay qapılarına gedib-gəldik. Sonunda nəhayət ki, evləndik. Həyat yoldaşım artıq həyatda yoxdur. İkinci dəfə evlənməyi özümə rəva bilmirəm. Teatrda rolu iki nəfərə verirlər, biri o birini əvəz edir. Buna teatr dilində dublyor deyirlər. Mən ikinci qadını dublyor hesab edirəm. O nə məni, nə də ki, övladlarımı sevə bilməz” deyə sənətkar bildirib.