Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır - Tramp

Ermənistan və Azərbaycan 30 ildən çox müharibə içində idi. Bu müharibə hər iki dövlətə böyük ziyanlar vurmuşdur. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə söyləyib. "Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır", - o deyib.

Üç liderin imzaladığı bəyannamənin TAM MƏTNİ

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar. Sozcu.az Birgə Bəyannamənin tam mətnini təqdim edir: "Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik: 1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq; 2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq; 3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir; 4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik; 5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik; 6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik; 7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik. Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanıb". 00:19 Azərbaycan, ABŞ və Ermənistan arasında üçtərəfli bəyannamə imzalanıb. Sozcu.az xəbər verir ki, imzalanma mərasimi Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə baş tutub. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.

Zakir İsmayılın yeni kitabı işıq üzü görüb - Foto

"Ruhumda Yanan Köz" adlı kitabım artıq işıq üzü görüb. Əziz dostlar, Sizə sevinc və qürurla bildirirəm ki, “Ruhumda Yanan Köz” adlı şeirlər kitabım Qanun nəşriyyatında çap olunaraq oxucuların ixtiyarına verildi. Bu kitabda gənclik illərimdən bu günə qədər yazdığım – məhəbbət, Vətən, ailə, valideynlər və doğma torpağa bağlılıqla yoğrulmuş şeirlərimlə yanaşı, Tanrı ilə səmimi söhbətlərim, ruhumun dərin qatlarından süzülən ilahi düşüncələrim və zamanın gətirdiyi ağrıları, çatışmazlıqları qələmə aldığım poetik nümunələr də yer alır. “Ruhumda Yanan Köz” – içdən gələn bir çağırış, ruhun səsini eşitmək istəyənlər üçün səmimi bir dəvətdir. Kitabla maraqlananlar mənimlə birbaşa əlaqə saxlaya və ya "Qanun" nəşriyyatının əhatə etdiyi satış mağazalarından əldə edə bilərlər. Düşüncəmə, sözümə, könül yanğıma dəyər verən hər birinizə əvvəlcədən təşəkkür edirəm. Zakir İsmayıl

Əli çölə çıxardınsa, 40 manat cərimə - DYP-dən xəbərdarlıq

Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır. Sozcu.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub. Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir:  "Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır". Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq ediləcək.

Tramp Netanyahuya əsəbiləşdi, üstünə qışqırdı

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında kütləvi qıtlıq barədə xəbərlərin HƏMAS tərəfindən uydurulduğunu deyən İsrailin baş naziri Binyamin Netanyahuya əsəbiləşib və onun üstünə qışqırıb. Sozcu.az xəbər verir ki, bu iddia ilə NBC News adı açıqlanmayan keçmiş ABŞ rəsmilərinə istinadən çıxış edib. Qeyd olunur ki, hadisə iyulun 28-də telefon danışığı zamanı baş verib. Məqalədə qeyd edilir ki, bu söhbət ABŞ prezidentinin xüsusi nümayəndəsini ötən həftə regiona səfərə sövq edib. Xatırladaq ki, o, səfər zamanı Netanyahu ilə görüşüb və Qəzza zolağına baş çəkib.

“Həmin Palatanın belə səlahiyyəti yoxdur”

“Son vaxtlar Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin səlahiyyət sərhədlərini aşaraq qanunvericilikdə nəzərdə tutulmayan müdaxilələr etməsi müşahidə olunur”. Sozcu.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində fəaliyyət göstərən “Azərekspertiza” Birliyindən bildirilib. Belə ki, adıçəkilən birliyin adı Palatanın rəsmi saytında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsində yer alıb. 50 ildən çoxdur fəaliyyət göstərən birlik iddia edir ki, bu müdaxilələr qiymətləndirici təşkilatlara yəni hüquqi şəxslərə yönəlir: “Belə ki, Qiymətləndiricilər Palatasının rəsmi saytında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsində bəzi təşkilatların, yəni hüquqi şəxslərin adlarının yer alması açıq şəkildə səlahiyyətin aşılmasıdır. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir” - səlahiyyətləri yalnız qiymətləndirici fiziki şəxslər ilə məhdudlaşır. Qanunda aydın şəkildə göstərilir ki, qiymətləndirici – bu qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyəti hüququna malik olan və Palatanın üzvü olan fiziki şəxsdir. Qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilat isə ayrı hüquqi subyektdir və onun üzərində Palatanın heç bir ləğvetmə və ya xitamvermə səlahiyyəti yoxdur”. Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarının əks olunduğu Qiymətləndirmə fəaliyyəti haqqında Qanunla tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz. “Azərekspertiza”dan verilən açıqlamada bildirilib ki, qiymətləndirmə sahəsində şəffaflıq və qanunlara əsaslanan fəaliyyət, bu sahədə etibarlılığın və ictimai inamın təminatı üçün əsas şərtlərdəndir: “Bu məqsədlə yaradılmış Azərbaycan Qiymətləndiricilər Palatasının missiyası peşəkar qiymətləndiricilərin hazırlanması və reyestrə salınması, fəaliyyətin tənzimlənməsi və nəzarəti, beynəlxalq standartların tətbiqi və dövlət-özəl sektor üçün etibarlı qiymətləndirmə sisteminin qurulması kimi ictimai maraqlara xidmət etməlidir. Palatanın bu addımı qanunvericiliyin pozulmasıdır. “Azərekspertiza” Birliyi öz sahəsində uzun illərdir peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Burada çalışan əməkdaşların böyük bir hissəsi 10 illərlə bu sahədə təcrübəyə malikdir. Onların arasında 27 illik və 14 illik peşəkar təcrübəyə malik qiymətləndiricilər var. Bu, fəaliyyətin sabit və davamlı olduğunu göstərir. “Azərekspertiza” Birliyi ilə AQP sədrinə mənsub şirkətlərlə eyni lahiyələrdə uzun illərdir xidmət göstəririk. Palata tərəfindən qanunazidd, heç kimə məlum olmayan daxili prosedurlara əsasən qəbul olunan qərarın məqsədi bizim təşkilatı həmin lahiyələrdən uzaqlaşdırmaqdır. Palatanın rəhbərinin bu hərəkətləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda AQP-nin qiymətləndirici təşkilatlara qarşı heç bir səlahiyyət – fəaliyyətə xitam verilməsi, ləğvetmə və ya digər tədbirlərin tətbiqi nəzərdə tutulmayıb. Palatanın bu addımı açıq-aşkar hüquqaziddir və bu səbəbdən də yaranmış vəziyyətlə bağlı hüquqların müdafiəsi məqsədilə məhkəmə mübahisələri də daxil olmaqla qanunvericiliyin verdiyi bütün hüquqi vasitələrdən istifadə ediləcək. Qiymətləndirmə sahəsindəki hüquqi çərçivələrin pozulması yalnız konkret təşkilatlara deyil, ümumi ictimai inama və iqtisadi münasibətlərə zərər vurur. Qiymətləndiricilər Palatası kimi institutların əsas funksiyası qanunlara uyğun şəkildə tənzimləmə və dəstək verməkdir. Hüquqdankənar səlahiyyət tətbiq etməklə görülən fəaliyyətlər isə yalnız şəxsi maraqların güdüldüyünü göstərir”. İttihamlarla əlaqədar Azərbaycan Qiymətləndiricilər Palatasına da sorğu ünvanlanıb.

Azərbaycan 12 illik təhsilə keçir? - Nazirlikdən CAVAB

Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb. Sozcu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Apa-ya bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir. Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir: məktəbəhazırlıq mərhələsi (5 yaş); ibtidai təhsil (I-IV siniflər); ümumi orta təhsil (V-IX siniflər); tam orta təhsil (X-XI siniflər). "Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, - məlumatda qeyd olunub.

Azyaşlıya qarşı əxlaqsızlıq edən barəsində qərar verildi

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən Mərdan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Sozcu.az "Teleqraf"a istinadən xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, avqustun 5-də Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılıb. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbuluna aydınlıq gətirildi

Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulunda heç bir maneə yoxdur. Bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib. "Məktəbəhazırlıq qrupları icbari xarakter daşımır. Birinci sinfə qəbul zamanı məktəbəhazırlıq mərhələsində iştirak etməyən uşaqlar da qeydiyyatdan keçə bilərlər”, - Aidə Əsgərli qeyd edib.APA

185 balla tələbə olmaq mümkündür - İxtisaslar AÇIQLANDI

Bakı Avrasiya Universiteti 2025-ci tədris ili üçün III ixtisas qrupu üzrə bakalavr pilləsinə qəbul olunacaq ixtisaslar və onların plan yerlərini açıqlanıb. Sozcu.az AzEdu.az-a istinadən xəbər verir ki, universitetdə tədris aparılacaq ixtisaslar və müvafiq keçid balları müəyyənləşdirilib. Belə ki, “Beynəlxalq münasibətlər” ixtisası üzrə 60 plan yeri ayrılıb və bu ixtisasa qəbul üçün keçid balı 235.6 olaraq müəyyən edilib. Həmin ixtisasın ingilis dilində tədris olunan variantı üzrə də 60 yer nəzərdə tutulub, keçid balı isə 200-dür. Filologiya ixtisasının Azərbaycan dili və ədəbiyyatı üzrə tədris olunan variantında 100 yer mövcuddur və keçid balı 283 (2024-cü ildə 274.9 olub). İngilis dili və ədəbiyyatı üzrə filologiya üzrə də 100 yer ayrılıb, keçid balı isə 234-dür. Türk dili və ədəbiyyatı üzrə isə 30 yer nəzərdə tutulub. Regionşünaslıq ixtisası üzrə ABŞ və Kanada, Avropa ölkələri, eləcə də Yaxın və Orta Şərq ölkələri üzrə ümumilikdə 110 yer ayrılıb və bu istiqamətlər üzrə keçid balı eyni olaraq 185.1-dir. Tərcümə ixtisası üzrə isə ingilis dili üzrə 130 yer, alman dili üzrə 30 yer, fransız dili üzrə 25 yer, fars dili üzrə isə 25 yer müəyyən olunub. Bu ixtisasların hər biri üzrə keçid balı 200-dür. Sosial iş ixtisası üzrə isə 85 yer ayrılıb və keçid balı 244.2 olaraq göstərilib.

Polis dağlarda əməliyyat keçirdi: silahlı dəstə saxlanıldı

Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb. Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 yaşlı Tahir İsmayılov, qohumu 49 yaşlı Oktay Gülüyev və tanışları 59 yaşlı Nizami Qarayev müəyyən olunaraq saxlanılıb. Əraziyə baxış keçirilərkən narkotik tərkibli bitkilər, qanunsuz saxlanılan 2 ədəd ov tüfəngi və digər maddi sübutlar aşkarlanıb. Şübhəli şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər. Həyata keçirilən digər tədbirlərlə narkotik vasitələrin dövriyyəsini təşkil edən və digər cinayətlər törədən daha 3 nəfər – Oruc Orucov, Elvin Papayev və Nasir Yetimov tutulublar. Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirdikləri əməliyyat nəticəsində isə dağlıq ərazilərdə gizlədilən 2 ədəd “Kalaşnikov” avtomatı və 4 ov tüfəngi də aşkar edilib. Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ölkə ərazisində külək güclənəcək, bu tarixə kimi davam edəcək

Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, həftəsonu gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu avqustun 9-10-11-də 27-29° isti olacaq.

“Dəhliz söhbəti artıq yoxdur, Tramp Marşrutu var”

"Dəhliz söhbəti artıq yoxdur. Tramp-Paşinyan-Əliyev sammitinin əsas mövzusu "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlı yeni tranzit və inkişaf planı olacaq". Sozcu.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında ABŞ-də yaşayan jurnalist Aleks Raufoğlu yazıb. “Ermənistan və Azərbaycanı birləşdirməli olan Tramp Route infrastrukturunun inkişaf planı Ağ Evdəki Sülh Sammitində təqdim olunacaq.  Bu Cümə Tramp, Paşinyan və Əliyev arasında keçiriləcək görüşdən əvvəl mən bir neçə ABŞ rəsmisi ilə danışdım. Cümə günü keçiriləcək sammit yekun sülh razılaşması deyil, davamlı sülhün əsasını qoyan mühüm bir addımdır. Liderlər bir sıra sənədlər imzalayacaqlar”, - deyə o qeyd edib.

7 nəfərin öldüyü qəzadan görüntülər… – FOTOLAR

Bu gün sübh vaxtı Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsində 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasından video yayılıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisədən bir neçə dəqiqə sonra lentə alınmış görüntülərdə qəzaya düşmüş “Mercedes Sprinter” markalı mikroavtobusun sağ hissəsinin yük maşınına çırpılması məlum olur. Zərbənin təsirindən nəqliyyat vasitəsində olan sərnişinlər yolun hərəkət hissəsinə düşüb. Sürücü və 6 sərnişin hadisə yerində həlak olub. İlkin ehtimala görə, hadisədən öncə mikroavtobusun 59 yaşlı sürücüsü Arif Bağırov sükan arxasında infarkt keçirib. Görüntülər həssas olduğundan videonu deyil, bir neçə kadrı təqdim edirik:

Aliment ödəməkdən imtina edən valideynləri nə gözləyir?

Uşaqların saxlanılması valideynlərin qanuni və mənəvi borcudur. Lakin bəzən aliment ödəməkdən yayınan valideynlər olur ki, bu da həm uşağın hüquqlarının pozulmasına, həm də qanun qarşısında ciddi məsuliyyətə səbəb olur. Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov alimentin ödənilməsi ilə bağlı qanunvericiliyin müddəaları və tətbiq edilən məsuliyyət tədbirləri barədə Moderator.az-a ətraflı məlumat verib. Hüquqşünas deyib ki, Azərbaycan Respubliksının Ailə Məcəlləsinin 75-ci maddəsində deyilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar: “Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir: “Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən  uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı:   Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:   1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;     3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilir ki, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması  Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Hüquqşünas əlavə edib ki,  tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir: “Həmin şəxs alimenti ödəməkdən imtina edərsə, İcra Haqqında Qanunun 43-cü maddəsinə əsasən ilk növbədə tələb onun əmlakına yönəldilir. Yəni, şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur. İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir. Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru praktikaya əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş edir. Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər.  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə şəxs məsuliyyətə o halda cəlb oluna bilər ki, o icra məmurunun qanuni tələblərinə əməl etməsin. Misal üçün aliment ödəməli olan şəxs icra məmurunun çağırışlarına gəlməsin və yaxud icra məmurundan əmlakını bilə-bilə gizlətsin və s. Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər. Yekunda əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir”. Fariz Əkbərov qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə şəxs aşağıda göstərilmiş formalarda cinayət məsuliyyəinə cəlb edilə və cəzalandırıla bilər: 1) 2000 manatdan 4000 manatadək miqdarda cərimə 2) 320 saatdan dörd 480 saatadək ictimai işlər 3) 2 ilədək müddətə islah işləri 4) 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması 5) 3 ilədək müddətə azadlıqdan məhrumetmə

Avqustun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 25-30-u tarixlərində bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. "Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir", - deyə fonddan bildirilib.

7 nəfərin öldüyü qəzada yaralananların SON DURUMU

07.08.2025-ci il tarixində saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən Sozcu.az-a bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib. 1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb. 2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Qeyd edək ki, qəza zamanı 7 nəfər həyatını itirib.

Şəmkirdə dəhşətli qəza: 7 nəfər öldü

08:26 Şəmkirdə ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. *** Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub. Məlumata görə, yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var: - M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini - N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini - K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini - Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini - B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb. Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakini olduğu bildirilir. *** Şəmkirdə ağır qəzada ölənləri adları məlum olub. Məlumata görə, ölənlərin 4-ü kişi, 3-ü qadındır: - 1992-ci il təvəllüdlü Şadət Bayramov, - 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, - 1977-ci il təvəllüdlü Aydın Pənahov, - 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, - 2008-ci il təvəllüdlü Kənan Məmmədov, - 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova - 1966-ci il təvəllüdlü Arif Bağırov. *** Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə avqustun 7-də saat 05:00 radələrində 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib. 1975-ci il təvəllüdlü qadının müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970-ci il təvəllüdlü qadının və 1995-ci il təvəllüdlü kişinin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü kişi öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb. 2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

Ötən ay xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb

İyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Sozcu.az TKTA-ya istinadla xəbər verir ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 78 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 5 dövlət nümunəli olmayan transkript (qismən tanınmaya münasibətdə), 5 dövlət nümunəli olmayan diplom, 4 təhsilalma forması, 3 əhəmiyyətli fərq (kredit sayı), 3 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 2 tədris yükü, 1 bakalavr diplomuna imtina verilməsi səbəbilə, 1 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmanı göstərmək mümkündür. Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 173, iqtisadiyyat üzrə 46, biznesin idarə edilməsi üzrə 44, maliyyə üzrə 30 müraciət qeydə alınıb. 

Kürdə suyun səviyyəsi niyə azalıb?

Kürdə suyun səviyyəsinin aşağı düşməsinə səbəb Mingəçevir su anbarından çayın aşağı hissəsinə tökülən kiçik çayların sululuğunun azalmasıdır. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev deyib. Onun sözlərinə görə, Kür çayı üzərində yerləşən Mingəçevir su anbarından Kür çayına hazırda 250 kubmetr/san su buraxılır və bu, bir neçə aydır ki, belə davam edir: "Kür çayının Mingəçevir su anbarından aşağı hissəsinə tökülən kiçik çayların sululuğu azaldığından Kür çayında da suyun səviyyəsi aşağı düşüb. Belə vəziyyət ciddi çətinliklər yaratmır". Xidmət rəsmisi əlavə edib ki, əvvəlki illərlə müqayisədə son bir neçə il havaların yağmurlu keçməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb: "Bunun nəticəsində ölkəmizin su anbarlarında kifayət qədər su ehtiyatı toplanıb. Hazırda ölkəmizin əsas su anbarlarında 18 milyard kub metr su ehtiyatı toplanıb. Su anbarlarında su ehtiyatının olması suvarma kanallarına kifayət qədər suyun verilməsinə imkan verir. Bildiyiniz kimi, hazırda ölkə ərazisində istilər olduğundan və havalar yağmursuz keçdiyindən, çaylarda (əsasən dağ çaylarında) suyun səviyyəsi aşağı düşüb".

Putinlə Uitkoff arasında görüş 3 saat davam etdi

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş keçirilib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, müzakirələr 3 saata yaxın davam edib. Bundan sonra S.Uitkoffu müşayiət edən avtomobillər Kremlin ərazisini tərk edib.

Azərbaycanda kişi istidən öldü

Gəncədə küçədən kişi meyiti tapılıb. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Sözügedən ərazidə təxminən 70 yaşlarında olan kişinin meyiti aşkarlanıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Məlumata görə, yaşlı kişi isti havada ürək tutmasından dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir. Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

Erməni hərbçilər qəzaya düşdü: ölən var

Ermənistanda hərbçilər yol qəzasına düşüb. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, yol qəzası günorta saatlarında Marqara-Vanadzor şossesində, Armavir vilayətinin Djrarat kəndi yaxınlığında baş verib. “Nissan” və QAZ-24 avtomobillərinin toqquşması nəticəsində 1 erməni hərbçisi ölüb, daha 3 hərbçi və bir neçə mülki şəxs yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı cinayət işi açılıb.

Torpaq almaq istəyənlərin Diqqətinə: Bu sənədə aldanmayın

Bu gün yatırım məqsədilə torpaq alanların sayı artır. Bəs insanlar torpaq alarkən nələrə diqqət etməlidirlər? İnsanlar pulu batmasın deyə hansı addımları atmalıdırlar? Ev tikmək üçün hansı təyinatlı torpaq seçilməlidir? Məhkəməlik və ya ipotekada olan torpaqları necə müəyyən etmək olar?  Alıcı bu riskləri necə qabaqlaya bilər? Moderator.az-a danışan əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, bu gün təkcə torpaq deyil, ev və digər daşınmaz əmlak növlərinə maraq artıb. Onun sözlərinə görə, Azərbaycanda, xüsusilə də Bakı və Bakıətrafı ərazilərdə əmlak bazarı çiçəklənmə dövrünü yaşayır:  “Elə olur ki, bu gün aldığınız əmlakı 3-5 aydan sonra satsanız, əlavə qazanc əldə edə bilərsiniz. Bu səbəbdən yatırım edənlər əksər hallarda pullarını daşınmaz əmlaka yatırırlar. Bu tendensiya təkcə yerli deyil, həm də xarici investorların da diqqətindən yayınmır. Hər gün bu sahəyə maraq göstərənlərin və yatırım edənlərin sayı artır. Torpaq məsələsinə gəldikdə isə burada bir sıra vacib məqamlar var. İnsanlar çox zaman düşünürlər ki, çıxarışlı torpaq sahəsi alırlarsa, orada ev tikmək mümkündür. Ancaq bu yanaşma yanlışdır. Torpağın çıxarışı olsa belə, onun təyinatı – yəni kateqoriyası – mütləq şəkildə nəzərə alınmalıdır. Çünki bəzi çıxarışlı torpaq sahələri var ki, onların təyinatı kənd təsərrüfatı, əkin sahəsi və ya başqa məqsədlər üçün nəzərdə tutulub. Bu cür torpaqlarda ev tikintisinə icazə verilmir. Təəssüf ki, insanlar bəzən ya məlumatsızlıqdan, ya da tələskənlikdən bu nüansa diqqət etmirlər. Nəticədə torpaq alındıqdan sonra məlum olur ki, orada tikinti aparmaq üçün əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir. Bu isə əlavə vaxt və xərc tələb edir. Ona görə də alıcılar torpaq alarkən mütləq onun çıxarışında göstərilən kateqoriyasına diqqət yetirməlidirlər ki, sonradan peşman olmasınlar”. Ekspert vurğulayıb ki, insanlar torpaq alarkən mütləq şəkildə çıxarışı alıb diqqətlə gözdən keçirsinlər və orada qeyd olunan torpağın kateqoriyasına xüsusi diqqət yetirsinlər: “Yəni, əgər məqsəd fərdi yaşayış evi tikməkdirsə, bu halda torpağın kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmalıdır. Bu kateqoriyaya aid torpaqlar xüsusi olaraq yaşayış üçün nəzərdə tutulub və orada ev tikintisinə heç bir məhdudiyyət yoxdur. Çünki həmin sahələr yaşayış məqsədilə ayrılıb və bu səbəbdən həmin ərazidə ev tikmək üçün icazə almaq problemi yaranmır. Digər torpaqlar isə – məsələn, kənd təsərrüfatı təyinatlı və ya sənaye məqsədli torpaqlar – təyinatına uyğun istifadə olunmalıdır. Yəni bu torpaqlarda ev və ya obyekt tikmək üçün əvvəlcə təyinat dəyişdirilməlidir. Təəssüf ki, insanlar çox vaxt çıxarış görən kimi, onun detallarına baxmadan alqı-satqı edirlər. Mən tövsiyə edirəm ki, çıxarış alarkən sadəcə “çıxarış var” deməklə kifayətlənməsinlər, sənədi ətraflı incələsinlər, xüsusilə kateqoriya bölməsinə diqqət yetirsinlər. Bir daha vurğulayıram: əgər torpaq fərdi yaşayış evi tikmək məqsədilə alınırsa, onun çıxarışında “yaşayış məntəqəsinin torpaqları” yazılmalıdır. Yalnız bu halda həmin torpaq üzərində ev tikməyə icazə verilir. Bu, təkcə yaşayış üçün yox, həm də ticarət obyektləri üçün keçərlidir. Əgər kimsə ticarət obyekti tikmək üçün torpaq alırsa, həmin torpağın da müvafiq təyinatı olmalıdır. Təəssüf ki, bəzi insanlar bu nüansa da diqqət etmirlər. Elə bilirlər ki, torpaq varsa, istənilən obyekt tikmək olar. Halbuki, əgər torpağın kateqoriyası, məsələn, kənd təsərrüfatı və ya sənaye məqsədli torpaqdırsa, bu halda orada mağaza və ya başqa obyekt tikmək qanunla mümkün deyil. Hər tikinti növünün – istər fərdi yaşayış, istər ticarət obyekti – özünə uyğun torpaq kateqoriyası var və alıcılar bu məsələyə ciddi yanaşmalıdırlar”. Anar Nəsirov deyib ki, digər vacib məsələ isə torpaq üzərində məhkəmə işlərinin olub-olmamasıdır. Əgər torpaq və ya əmlakla bağlı hər hansı məhkəmə prosesi varsa, yaxud torpaq üzərində həbs qərarı (stop) qoyulubsa, bu zaman alqı-satqı prosesi dayandırılır: “Belə hallarda notarius bunu sistem üzərindən görür və alqı-satqını həyata keçirmir. Yalnız əgər torpağın üzərində hər hansı məhdudiyyət yoxdursa, bu zaman onun alqı-satqısına qanuni şəkildə icazə verilir və sənədlər təsdiqlənir. Torpaq alan şəxslər həm bu hüquqi məqamları, həm də torpağın təyinatını dəqiq öyrənməlidirlər. Sadəcə “çıxarış var” deməklə kifayətlənmək olmaz. Qeyd edim ki, bu gün Azərbaycanda əmlak bazarı elə bir vəziyyətdədir ki, mən düşünmürəm ki, bu sahəyə uğurlu şəkildə yatırım edən bir iş adamı və ya investor zərərə uğraya bilər. Bəlkə də keçmiş Sovet ölkələri arasında yeganə ölkə Azərbaycandır ki, burada daşınmaz əmlak bazarı investorlarını hər zaman sevindirir və gəlir gətirir". “Mən güman etmirəm ki, Azərbaycanın daşınmaz əmlak bazarı hansısa formada öz investorlarını məyus edə bilər. Yəni bu sahədə zərərə uğrayan, qazanc əldə etməyən investor demək olar ki, yoxdur. Hazırkı bazar vəziyyəti də bunu təsdiq edir. Ən azından indiki mərhələdə belə bir risk gözlənilmir. Əmlak bazarına yatırım edənlər bu gün tam əmin ola bilərlər ki, bu sahə hələ uzun müddət gəlir gətirməyə davam edəcək. Azərbaycanın əmlak bazarı olduqca dinamik və sabit bir bazardır. Mən düşünmürəm ki, yaxın zamanda bu prosesdə mənfi tendensiya müşahidə olunsun. Əksinə, qiymət artımı hələ də davam edəcək. Xüsusilə çıxarışı (kupçası) olan torpaq sahələri – yəni sənədi tam qaydasında olan torpaqlar üzrə qiymət artımı daha çox olacaq. Ən ciddi artım isə fərdi yaşayış evi tikintisi üçün ayrılmış və şəhərə yaxın ərazilərdə yerləşən torpaqların qiymətində müşahidə ediləcək. Eyni zamanda, kommersiya məqsədilə ayrılmış torpaq sahələri və onların çıxarışlı olması da qiymət artımına təsir edən əsas amillərdəndir. Bu kateqoriyaya daxil olan torpaqlarda yaxın zamanda daha ciddi qiymət artımı gözlənilir”,- deyə Anar Nəsirov qeyd edib.