Şəkidə maşın aşdı - Ölən var

Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə noyabrın 20-də Şəki rayonunun Qudula kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Zamir İsmayılov bu gün gecə saatlarında xəstəxanada ölüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”

Maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin birgə iclasında büdcə müzakirəsi zamanı "Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrıldığını bildirib. O qeyd edib ki, qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır: "Böyük zərər əmələ gəlir". Nazir əlavə edib ki, qazanxanaların səmərəliliyi olduqca aşağıdır və yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır. "Bununla bağlı bəzi təkliflər var, hazırda üzərində iş gedir". Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əsas müzakirə olunmalı nüans kommunal sahələrin effektiv idarə edilməməsidir: “Əlbəttə, büdcə müzakirələrində kommunal xidmətlərin ziyanla işləməsi ilə bağlı açıqlamalar belə bir fikir yaradır ki, yaxın zamanlarda qiymət artımı ilə bağlı qərarlar ola bilər. Amma nədənsə hər dəfə oxşar məsələlər müzakirəyə çıxarılanda həmin kommunal sahənin effektiv idarə edilməsi yox, məhz borc məsələsi, yaxud qeyri-rentabelli fəaliyyət önə çıxarılır. Lakin heç vaxt müzakirə olunmur ki, bu sahə niyə qeyri-rentabellidir?" Ekspertin fikrincə, bununla bağlı ciddi araşdırmalara ehtiyac var:  “Məncə, kommunal xidmətlərin qeyri-rentabelli fəaliyyətinin əsas səbəbi izafi xərclərdir. Təmir məsələsi və s. kifayət qədər şişirdilir və nəticə etibarı ilə rentabellilik aşağı düşür. Ona görə də, bu sahədə yeni yanaşmaya ehtiyac var. Yəni məsələnin kökünə enmək lazımdır. Ümumiyyətlə, audit araşdırması aparılmalıdır ki, Azərbaycanda niyə məhz kommunal xidmətlər, qiymətlərin aşağı olmasına baxmayaraq, ziyanla işləyir. Bu məsələdə səmərəli araşdırma ilə nəticələr əldə edilməzsə, təəssüf ki, qiymət artımı qaçılmaz olacaq”.

Azərbaycan hərbçisi VƏFAT ETDİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!

Çindən Rusiyanın nüvə təhdidinə reaksiya

Çin Rusiyanın nüvə doktrinasının yenilənməsi fonunda digər ölkələri sakit olmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinq zamanı deyib. "Biz bu hesabatları nəzərə almışıq. Hazırkı vəziyyətdə bütün maraqlı tərəflər sakit və təmkinli olmalı, dialoq və məsləhətləşmələr vasitəsilə gərginliyin və strateji risklərin azaldılması üçün birlikdə çalışmalıdırlar", - XİN rəsmisi qeyd edib.

Bakıda ağır qəza: 7 avtomobil toqquşdu, yaralılar var

21:12 Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Bu ölkələr də Ukraynadakı səfirliklərini bağladı

Noyabrın 20-də İtaliya və Yunanıstanın da Ukraynadakı səfirliklərini bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 24” məlumat yayıb. Məlumata görə, səfirliklər Ukraynaya hücum təhlükəsi ilə əlaqədar işini bir günlük dayandırmaq qərarına gəlib. Qeyd edək ki, ABŞ və İspaniya səfirlikləri də analoji qərar verib.

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır” - Nazir

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib. “Məktəbəqədər təhsil müəssisələrində əlçatanlıq məsələsini son 3 ildə 16%-dən 40%-ə çatdırırıq. Bizə ayrılan büdcə vəsaitinin böyük hissəsi məhz məktəbəqədər təhsil hissəsinin artırılmasına yönəlir.  Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir. Ölkədə hər il 120 min uşaq doğulur. Yəni biz 1 yaşı saymasaq, yarım milyon uşağı məktəbəqədər təhsilə yönəltmək istəsək, cari ildə xərclərimiz 2 milyard manat olar. Əgər bu realdırsa, biz bu söhbəti davam etdirə bilərik. Lakin bu məsələdə reallıq görmürüksə, həmişə alternativ modellərdən danışacağıq. Yəni bu kifayət qədər böyük xərclərdir. Nazirlik hazırda məktəbəqədər təhsilin əhatəliyini artırmaq məqsədilə məhz həmin alternativ modellər üzərində işləyir”.

Bakıda böyük söküntü başlayır: 3, 4 və 5 mərtəbəli binalar...

Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərtəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Məlumata görə, söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır. Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər aidiyyəti dövlət qurumlarına göndərilib. Söküləcək binalarda mənzillərin sayı, onların sahəsi və nə qədər sakinin yaşaması ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Bu binaların sakinlərinin əksəriyyəti mənzilləri müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər. Baku.ws Bakıda fərdi yaşayış evlərinin söküntüsünə hansı ərazilərdən və nə zaman başlanacağı barədə məlumat əldə edib. Belə ki, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işləri başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq. Məlum söküntü işlərini aparmaq üçün ev və obyekt sahiblərinə 1 kv.m üçün 2-3 min manat arası kompensasiya təklif edilib. Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park salınacaq. Söhbət Təzəpir məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxasına kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat/1 kv.m kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq, bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək. Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlər də söküləcəklər sırasındadır. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. Onlara kompensasiya və ya yeni tikiləcək çoxmərtəbəli binalarda evlər təklif olunacaq.

Xəzər Teyyublu "Neftçi"ni sərt tənqid etdi - "Daxili eqolu bir adam respublikanın flaqmanı “Neftçi”də padşahlıq edir"

Milli futbol komandanın çox da üstünə getmək düzgün deyil. Olanımız budur. İsveç ilə oyunda aparıcı bir fikirlə sarı simə toxundu: “Hər şey sıfırdan başlamalıdır”. Düz deyir qardaş. Uşaq futbolundan başlamalıdır. Heç kəs tənqidləri demir, yazmır, hamı çıxış yolu axtarır. Uşaq Futbol Klublarında gözəl məşqçilər var. Ancaq klublara koordinatorluq edənlərə diqqət etmək lazımdır. Məşqçilər uşaq yetişdirir, di gəl ki, bu koordinatorlar savadı çatdı-çatmadı, yetişməkdə olan gənc futbolçu qalır bir yanda, öz ağlına gələn, savadsız yanaşması ilə uşaqları sındırmaqla məşqul olur. Sozcu.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Xəzər Teyyublu öz Feysbuk hesabında paylaşıb. O bildirib ki, “Neftçi” FK-da uşaq futboluna koordinatorluq edən Elşad Əhmədov nə qədər yetişmiş, istedadlı futbolçuları həvəsdən salır və futboldan uzaqlaşdırmağa nail olur: “O, “Neftçi”nin U17 yaş qrupunda güclü istedadlı uşaqları didərgin saldı klubdan. Təsəvvür edin, bu yaş qrupunu ölkə çempionu etmiş baş məşqçini sıxışdırdı, klubdan uzaqlaşdırdı. Bacarıqlı məşqçiləri bu adamın gözü götürmür. Daxili eqolu bir adam respublikanın flaqmanı “Neftçi”də padşahlıq edir. Dövlətçilik bilgisi çatmır ki, istedadlı oyunçuları qorumaq lazımdır , onlar böyüyüb yetişib millidə oynayacaqlar. Belə mühim vəzifələrdə futbol üçün dövlətçilik naminə kadrlar test olunmalı, kontrolda saxlanılmalıdır. Dövlət büdcəsi bu qədər maaş ayırır onlara. Uşaq futbolu belələrinin hesabına yerində sayır”.

Pensiya ödənişi niyə gecikir? - Nazirlikdən açıqlama

Rayonlar üzrə pensiya ödənişi beş gündür ki, geçikir. Sozcu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi təqaüdçülərin müraciətinə cavab olaraq bildirib ki, pensiyaların noyabrın 20-23 tarixi aralığında verilməsi nəzərdə tutulub. Bildirək ki, adətən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ayın 10-na kimi, digər rayonlar üzrə isə 15-nə kimi ödənilirdi.

İran uranın zənginləşdirilməsini dayandırır

İran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını artırmağı dayandırmağa hazır olduğunu bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” MAQATE-nin məxfi hesabatlarına istinadla məlumat verib. Məlumata görə, Tehran həmçinin öz ərazisində yoxlamalar aparılması üçün MAQATE-nin dörd əlavə inspektorunun akkreditasiyasını müzakirə etməyə hazır olduğunu da bildirib. Bildirilib ki, ehtiyatların məhdudlaşdırılması məsələsi keçən həftə MAQATE rəhbəri Rafael Qrossinin İrana səfəri zamanı müzakirə olunub. Tehran zənginləşdirməni dayandırmaq üçün hazırlıq işlərinə artıq başlayıb. Qeyd edək ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları 182,3 kiloqrama çatıb.

Ukrayna bu silahlardan da istifadə edəcək - Zelenski

Ukraynanın öz istehsalı olan uzun mənzilli dronları, "Dlinnıy Neptun" raketi var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Ukraynanın öz istehsalı olan uzun mənzilli dronları, çoxlu “Dlinnıy Neptun” raketləri var. İndi bizdə ATACMS-lər də var və bütün bunlardan istifadə edəcəyik", - o bildirib.

Rayonlara qar yağdı

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub. Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Ukraynanın neçə təhlükəli raketi var?

Ukrayna silahlı qüvvələrində hazırda Amerika istehsalı olan təxminən 50 ATACMS raketi var. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Ukrayna silahlı qüvvələri ATACMS-i işə salmaq üçün kifayət qədər sayda HIMARS və MLRS M270 çoxsaylı buraxılış raket sistemlərinə malikdir. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyanın dərinliklərini ATACMS raketləri ilə zərbələr endirməyə icazə verib.

Haaqa Məhkəməsinə müraciət: Rəsmi Bakı İrəvandan təzminat tələb edir

Azərbaycan 2024-cü il noyabrın 19-da Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata əsasən, sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib. Bildirilib ki, bu iddia sənədi, 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 2024-cü il yanvarın 12-də keçirilib. Qeyd olunub ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib. Ermənistanın beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir. Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına maneçilik törədib. XİN-in məlumatında vurğulanıb ki, Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcək.

Bu ölkə Ukraynaya qırıcılar verəcək

Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib. “F-16 ilə bağlı planlarımız dəyişməyib”, - deyə o, Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. Danimarkanın Baş naziri Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.

Bakıda universitet müəllimi vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi vəfat edib. Modern.az xəbər verir ki. universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Məmmədova Məhsəti İsa qızı dünyasını dəyişib. Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!

Mehriban Vəzir : "Mirzə Cəlil zənn etmişdi ki, sıra ona gəlməyəcək"

Əziz Şərifin `Molla Nəsrəddin`in 30 illiyi ilə bağlı `Literaturnıy Azərbaycan`da çap etdirdiyi məqalə çox baxımdan diqqətəlayiq mənbədir. O yazıda mühüm həqiqətlər var. Hətta `Molla Nəsrəddin` jurnalında gedən yazıların gerçək müəlliflərini öyrənmək üçün xeyli ipucu var məqalədə.  Qəlbini bolşevizmə təslim etmişlərdən olan müəllif, yazısına çox qiymətli bir yekun vurmuşdur. O, jurnalın və Məmmədquluzadənin fəaliyyətinə öz ideoloji və xroniki  şərhini verdikdən sonra yazır: `Yeni şərtlər(sovet rejimi-M.V) yeni yanaşma, yeni məzmun, yeni güc istəyirdi. Lakin özünün parlaq istedadına baxmayaraq Məmmədquluzadə hakimiyyətə gəlmiş fəhlə sinfinin gözləntilərini doğrulda bilmədi. Nəticədə `Molla Nəsrəddin` jurnalının adı dəyişdirilib `Allahsız` qoyuldu. Beləcə, türk mədəniyyətində olan  ilk satirik jurnalın varlığı sona yetdi` Mirzə Cəlilin həm şəxsiyyət, həm də ədib olaraq faciəsi məhz Əziz Şərifin yazdığı  bu məqamdadır: fəhlə hökumətinin gözləntiləri və ya ədibin bolşevizmdən gözləntiləri.  Mirzə, dostu Nərimanova, bolşevizmə, ədalətli dəyişikliyə inanmış, aldanmışdı. Bu, elə bir aldanış idi ki... Aldanmaq sözünü min qat aldanmaqla yükləsən belə Mirzə Cəlilin müsibətini ifadə etməz. Mirzə öz bolşevizm gözləntilərində faciəli şəkildə aldanmışdı. Mirzə zənn etmişdi ki, bolşevizm yalnız onun nifrət etdiyi zadəgan sinfini məhv edəcək, sıra ona gəlməyəcək.  Mirzə yanılmışdı. Sıra təkcə ona, `Molla Nəsrəddin`ə deyil, Mirzənin övladlarına da, nəsilbənəslinə də gəldi... Mirzə Cəlil Nərimanovun israrlı təkidi ilə Təbrizdən döndükdən sonra gördüklərindən dəhşətə gəlmiş, başına gələnlərdən sarsılmışdı. Təbrizdə xan kefində yaşayan, istədiyini yazan, yeri gələndə hikkəsini yeridən Mirzə Cəlil, Bakıda bir parça çörəyə möhtac qalmış, amansız bolşevik senzorlar hülqumuna çökmüşdü. Həmidə Xanımın varı, dövləti, mülkiyyəti, hətta evi əlindən alınmış, böyük ailə çarəsiz  bir yoxsulluğa düşmüşdü. Mirzənin ağlına gəlməyən başına gəlmişdi.  Böyük ədibin  bütün fikirləri, bildikləri, etdikləri, güvəndikləri... yerlə yeksan olmuşdu. Əslində, Mirzə Təbrizdən geri qayıtmaq istəmirdi. Nərimanovun təkidləri - teleqramları onu yerindən edə bilməzdi. Çünkü 1920-ci ilin may üsyanında bolşeviklərin törətdikləri qətliamı öz gözləri ilə görmüşdü. Şahid olmuşdu ki, bolşeviklər Gəncədən üzü Qarabağa, ta Araza kimi  tək-tək öldürmədilər, kənd-kənd yandırdılar, yox etdilər, qocalara, uşaqlara, bələkdəki çağalara belə aman vermədilər. Təbrizdə isə `Molla Nəsrəddin`in bazarı tutmuşdu, jurnal sevilmişdi.  Hətta hökumətin yasağı ilə jurnalın çıxmadığı gün Təbriz bazarı üsyan etmiş, baqqallar, tüccarlar `Molla` çıxmasa, biz də çıxmayacağıq` deyib dükanları qapatmışdlar.  Şəhər valisi geri çəkilməyə məcbur olmuşdu.  Mirzə Cəlili Həmidə Xanımın inadı Təbrizdən Bakıya dönməyə vadar etdi. Həmidə Xanım, günlərlə sürən mübahisələrin yekununda  `sən getməsən də mən gedəcəm` dedi. Bu isə başqa bir yazının mövzusudur... Qeyd: adı çəkilən məqaləni mənə göndərdiyi üçün professor Cəmil Həsənliyə təşəkkür edirəm. Mehriban Vəzir, yazıçı-publisist 

Ukraynada hakimiyyətə o qədər ac olan insanlar var ki...

Hamımız bilirik ki, Ukrayna Konstitusiyası və qanunları müharibə şəraitində seçkilərin keçirilməsinə icazə vermir. Sozcu.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında yazıb. O bildirib ki, dünyada heç kim Ukraynadan seçki tələb etməyib və tələb etmir. "Amma bizdə, Ukraynada hakimiyyətə o qədər ac olan insanlar var ki, dövlət naminə yox, dövlətimizin daxilində döyüşmək istəyirlər. Telestudiyalardakı kimi səngərlərdə siyasi arqumentlər istəyirlər. Bu, Ukrayna üçün zərərlidir. Ukraynaya ilk növbədə ədalətli sülh lazımdır. Və o zaman ukraynalılar ədalətli seçkilər keçirəcəklər", - Zelenski qeyd edib.

Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama

Bu gün rayonlardan paytaxtda yerləşən tibb ocaqlarına üz tutan sakinlərin sayı kifayət qədərdir. Buna səbəb isə bölgədəki xəstəxanalara və orada fəaliyyət göstərən həkimlərə əhalinin inamsızlığıdır. Çoxları iddia edir ki, rayon yerində yetəri qədər biliyi olan həkim tapmaq müşkülə çevrilib. Elə məhşurlar da bu fikri təsdiqləyirlər. Bir neçə gün bundan öncə Aşıq Namiq Fərhadoğlunun atası Şəmkir rayonunda yerləşən xəstəxanaların birində edilən əməliyyatdan sonra dünyasını dəyişdi. Sənətçinin efirdə səsləndirdiyi iddialara görə, bu, həkim səriştəsizliyinin nəticəsi olub.  İfaçı bu hadisədən danışarkən atasını dəfələrlə Bakıdakı xəstəxanalarda müayinə etdirmək istədiyini, bölgədəki tibb ocaqlarına güvənmədiyini dilə gətirmişdi. Maraqlıdır, rayonlarda işləyən həkimlərin paytaxtdakılardan fərqi nədir? Niyə əhali arasında onlara inam aşağı səviyyədədir? Həkim-terapevt Rasif Bağırov bu barədə sualları “Yeni Sabah”a cavablandırarkən iddialara belə aydınlıq gətirib: “Bu fikirlərdə müəyyən qədər həqiqət var. Həqiqət ondan ibarətdir ki, rayon yerində rəqabət demək olar ki, yoxdur. Kim harada təyin olunub işləyirsə, hökumətdən maaş alır və belə də yaşayır. Yəni təminatı o istiqamətdə həyata keçirir. Amma Bakıda vəziyyət başqa cürdür. Burada çox güclü rəqabət var. Özəl və dövlət klinikalarında kifayət qədər həkimlər işləyir. Bu həkimlərin içərisində kimsə kifayət qədər xəstə kontingenti toplaya bilirsə, o, ancaq öz biliyi sayəsində bunu bacarır. Doğrudur, bəzən efirlərdə reklamlar vasitəsilə də həmin prosesi həyata keçirmək mümkündür. Amma o da çox uzunömürlü olmur. Bir müddət sonra insanlar reallığı bildikdə belə yerlərdən uzaqlaşırlar”. Həkim bildirib ki, şəhərdəki rəqabətə tab gətirən, insanları öz ətrafına toplamağı bacaran həkimlər həqiqətən də savadlı, qabiliyyətli həkimlərdir: “Xəstələrə də həmin həkimlərin təsiri çox olur. Bölgələrdə fəaliyyət göstərən həkimlər öz üzərində çalışmır. Bilir ki, yanına gələn xəstənin imkanı zəif olduğuna görə, şəhərdəki tibb ocaqlarına üz tuta bilməyəcək və məcbur olub onların qəbuluna gedəcək. Öz üzərində çalışmayan həkimlər də xəstələrə lazımi kömək göstərə bilmirlər. O nöqteyi-nəzərdən bugün rayondan Bakıya elə xəstəni göndərirlər ki, onu həmin bölgə xəstəxanasında da müalicə etmək olar. Biz həmin həkimlərlə fikir mübadiləsi apararkən də məlum olur ki, öz üzərilərində çalışmır və universitet vaxtında öyrəndikləri biliklərə əsasən fəaliyyətlərini davam etdirirlər”.

Britaniya Rusiyaya növbəti sanksiyalar tətbiq etdi

Britaniya hakimiyyəti Rusiyanın 10 rəsmisinə və dövlətlə əlaqəli gənclər təşkilatına sanksiya tətbiq edib. Onlar məcburi deportasiya və ukraynalı uşaqlara ideologiya aşılamaq cəhdlərində təqsirli bilinirlər. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb. Bildirilib ki, Rusiyanın Ukraynanın mədəni və milli kimliyini silmək üçün sistemli cəhdlərində iştirak edənlərə qarşı sanksiyalar tətbiq edilib. Qeyd edək ki, Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya işğalı başlayandan sonra 19 mindən çox uşaq Rusiyaya aparılıb.

AB Ukrayna ilə bağlı bu ağır yükü daşımağa hazırdır - Polşa

AB-nin böyük ölkələri ABŞ-ın Ukraynaya yardımına potensial məhdudiyyətlər kontekstində Kiyevə hərbi və maliyyə dəstəyinin ağır yükünü daşımağa razıdır. Sozcu.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. “AB-nin gələcək xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallasla birlikdə Ukraynaya dəstəyimizi artırmaq imkanları haqqında fikir mübadiləsi apardıq. AB-nin böyük dövlətlərinin ABŞ-ın iştirakının mümkün məhdudlaşdırılması kontekstində Ukraynaya hərbi və maliyyə dəstəyi yükünü öz üzərinə götürməyə hazır olduqlarını etiraf edirəm”, - Sikorski bildirib.

Astarada 3 nəfər bıçaqlandı, 2-si qardaşdır

Astarada bıçaqlanma hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, rayon ərazisində 3 nəfərin bıçaqlandığı bildirilir. Məlumata görə, onlardan ikisi qardaşdır. Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb. Bıçaqlanan şəxslərdən biri 1990-cı il təvəllüdlü Ərçivan sakini Samir Etibar oğlu Mehdiyevdir. Fakt araşdırılır.

Azərbaycan və Türkiyənin oyunları bu kanallarda

Millətlər Liqasının 5-ci turunun bu gün keçiriləcək bəzi matçları Azərbaycan və Türkiyə kanalları vasitəsi ilə canlı yayımlanacaq. Sozcu.az xəbər verir ki, oyunları aşağıdakı kanallardan izləyə bilərsiniz:  AZƏRBAYCAN "CBC Sport" 23:45 İsveç – Azərbaycan TÜRKİYƏ TV 8 23:45 Monteneqro – Türkiyə