Şəhid atası VƏFAT ETDİ

Vətən müharibəsi şəhidi Mirmuraz Cəfərovun atası Mirbaba Cəfərov vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl onun səhhətində problemlər ortaya çıxıb. Şəhid atası bu gün axşam saatlarında Gəncədə həyatını itirib. Mərhum sabah Gəncənin “Təzə Səbiskar” adlanan qəbiristanlığında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, M.Cəfərov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. “Vətən uğrunda” (ölümündən sonra), “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

Ukrayna-Rusiya müharibəsi nə dayandıralacaq, nə də dondurulacaq!

Müharibə davam edəcək, bu dəfə daha kəskin və daha ciddi. Ukrayna tək deyil. Ukrayna təslimçi sülhə getməyəcək, getməməlidir!  Baş verənlər Trampın təkadamlıq geosiyasi şousudur, siyasi teatrıdır. Demirəm ciddiyə almayaq, amma bu qədər pessimizmə qapılmaq da olmaz. Buna gərək yoxdur.   Dünəndən bəri yazıram, bir daha təkrar edirəm, Tramp blef edir. Tramp öz aləmində, bəlkə də, nə isə etmək istəyir, amma buna nə dərəcədə nail olacaq, hələ bəlli deyil. Çünki fikrində tutduğu işlər ağlabatan deyil.  Putinlə görüşə gedib, Zelenskinin yanına ABŞ-in ikinci, üçüncü dərəcəli adamlarını göndərmək tərbiyəsizlikdir. Ukraynanın masada olmadığı danışıqlarda hansısa razılaşma, bölünmə faktı boş söhbətlərdir.  Bəzi adamların bu kontekstdə Tramp-Putin görüşünü DÜNYANIN BÖLÜŞDÜRÜLMƏSİ kimi təqdim eləməsi gülməlidir, məncə, başqa işlə məşğul olsalar yaxşıdır.   Trampın nail olmağa çalışdığı tək şey niyəsə Putini şar kimi şişirtməsi, qoltuğuna qarpız bağlamasıdır. İşin qəribə tərəfi budur.  Amma, məncə də, oynayır. Rusları da aldadacaq.. Hə, bununla razıyam ki, sırf Trampın patronajlığı ilə ABŞ, bu prosesdə təəssüf ki, ədalətli hakim ola bilmir. Özünü bu miqyasda Putinə təslim etməyə çalışan adamdan ədalətli hakim ola bilməz.   Xüsusilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyi, üç il ərzində öldürülən yüz minlərlə insan, məhv edilən həyatlar, dağıdılan kəndlər, qəsəbələr, şəhərlər, yollar, limanlar, ağlasığmaz infrastruktur və s. hansısa avantürist plana görə gözardı edilə bilməz.  Nə prezident Zelenski, nə Ukrayna elitası, nə də cəmiyyət və xalq xain plana razı olmayacaq, bu, mümkün deyil.  Belə bir vəziyyətdə Donald Trampın Putinlə danışıqlarda nəyəsə nail olma şansı inandırıcı deyil. ABŞ dövləti təkcə Trampdan ibarət deyil və gözlə görünməsə də, orada qərarları yalnız ABŞ prezidenti vermir. Mənim fikrimcə, müharibə davam edəcək, bu dəfə son döyüşlər olacaq və savaşın daha şiddətli fazasına daxil olacağıq.  Ukrayna ərazi bütövlüyünü və suverenliyini itirməyəcək. Avropa dövlətləri başda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa olmaqla qitənin yeni təhlükəsizlik konsepsiyasını qəbul edəcək və Ukraynanı tayı-bərabəri olmayan miqyasda dəstəkləyəcək.  Avropa Ukrayna-Rusiya müharibəsi fonunda daha fərqli bir formatda, daha fərqli bir güc faktoru kimi özünü külündən yenidən yaradacaq, yenidən doğacaq. Mirzə Rəşad Orbey, siyasətçi

İran yenə Ermənistana dəstəyini nümayiş etdirdi

İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi bu gün Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyanla görüşüb. Sozcu.az “Mehr” Agentliyinə istinadən xəər verir ki, görüşdə Məcid Təxt Rəvançi İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqeyinə toxunaraq, “İranın regionda geosiyasətinin dəyişməzliyi ilə bağlı mövqeyi aydındır” deyib. Taxt Revançi Ermənistanla əlaqələrin İranın xarici siyasətində xüsusi əhəmiyyət kəsb etdiyini və bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu qeyd edib. Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyan isə İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə təbrik edib və deyib: “İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin dərinləşdirilməsi Ermənistan hökuməti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edir”. Bu görüşdə Ermənistan və İran arasında siyasət, iqtisadiyyat, infrastruktur, enerji və regional inkişaf sahələrində əməkdaşlıq da müzakirə edilib.

Güclü külək əsəcək - Sarı xəbərdarlıq

Sabah bəzi bölgələrdə güclü külək gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xəbərdarlığa əsasən, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Zelenskidən şok: Trampın razılaşmasını imzalamadı

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşdən sonra təbii ehtiyatlarla bağlı sazişə dair sənədləri imzalamayıb. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatına görə, Zelenski nadir metallar haqqında sazişi imzalamaqdan imtina edib. Bildirilib ki, Zelenski Trampla üzbəüz görüşə ümid edirdi, lakin bunun əvəzinə maliyyə razılaşması təklifi ilə qarşılaşıb.

Tramp: Ukraynada müharibəni bitirmək üçün yaxşı imkan var

Ukraynada müharibənin sonlandırılması üçün yaxşı imkan var. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında bildirib ”Dünən Rusiya və Ukrayna ilə əla danışıqlar aparıldı. Bu dəhşətli müharibəni bitirmək üçün yaxşı imkanlar var”- deyə Tramp vurğulayıb. Qeyd edək ki, fevralın 12-də Tramp Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparıb.

Avropa Parlamenti Zurabişvilini Gürcüstan prezidenti kimi tanıyan qətnamə qəbul edib

Avropa Parlamenti Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə qəbul edib. Sozcu.az xəbər verir ki, “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” adlı qətnaməni 400 deputat dəstəkləyib, 63-ü əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb. Qətnamənin müəllifi Avropa Parlamentindəki 5 siyasi qrupdan - Avropa Xalq Partiyası, Sosial Demokratlar, Mühafizəkarlar və İslahatçılar, Yeniləşmə və Yaşıllar partiyasından olan 57 deputatdır. Qətnamədə Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir. Sənəddə həmçinin Avopra İttifaqı Şurasının Prezidentinə Zurabişvilinin şuranın qarşıdan gələn iclasına, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitinə Gürcüstanı təmsil etməsi üçün dəvət göndərməsi çağırışı edilir. Qətnamə layihəsində Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb.apa

Məcburi köçkünlər üçün tikilmiş mənzillər satışa çıxarıldı

2023-cü ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən satış prosesi ümumilikdə 5 kompleks üzrə 1662 mənzili əhatə edir. Satış prosesinin 2023-cü il iyulun 1-dək davam edəcəyi gözlənilsə də hazırda nazirliyin müvafiq portalında satılmayan mənzillərə rast gəlinir. Eyni zamanda, xeyli sayda bron edilən mənzillər də var. Sozcu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Bizim.Media-ya keçmiş məcburi köçkünlər üçün tikilmiş, ancaq istifadəsiz qalan mənzillərin nazirlik tərəfindən satış prosesinin davam etdirildiyi bildirilib. Qeyd olunub ki, nazirlik tərəfindən satışı həyata keçirilən mənzillərlə bağlı məlumat (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) ms.sosial.gov.az portalında təqdim olunur: “Mənzillərdən maksimum 3 mənzili bron etmək mümkündür. Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır. Bron prosesinin ardından isə vətəndaşlar mənzilə baxış keçirmək və qərarlarına əsasən alqı-satqı prosesini yekunlaşdırmaq üçün dəvət olunurlar. Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur”. Bildirilib ki, hazırda 1194 mənzil satışdadır: “Yeni binalarda yerləşən həmin mənzillər tam təmirlidir, istifadə olunmayıb. Hazırda Qaradağ rayonundakı Ümid qəsəbəsindəki kompleksdə 44 ədədi üç otaqlı, 14 ədədi dördotaqlı olmaqla ümumi 58 mənzil, Abşeron rayonundakı kompleksdə 821 ədədi üçotaqlı, 197 ədədi dördotaqlı olmaqla ümumi 1018 mənzil, Sabuçu rayonu, Ramana qəsəbəsindəki kompleksdə 102 ədəd dördotaqlı, Samux rayonunda yerləşən kompleksdə isə 16 ədəd dördotaqlı mənzil satışdadır. Mənzillər çıxarışla təmin olunduğu üçün ipoteka və kredit predmeti hesab oluna bilər. Bunun üçün vətəndaşlarımız müvafiq banklara müraciət edə bilərlər”. Məlumat üçün bildirək ki, satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı keçirilir

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. O, tərcüməçi və vəkillə təmin olunub. Prokurorların bu gün ittiham aktının nəticəvi hissəsinin elanının başa çatdırılacağı gözlənilir. Qeyd edək ki, ötən proses Ruben Vardanyan və müdafiəçiləri qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib. Məhkəmə onun əsassız sayıb və etirazını təmin etməyib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Paşinyan müxalifəti hədələdi: “Hakimiyyəti ancaq xalqa qaytara bilərəm”

“Mən hakimiyyəti ancaq xalqa qaytara bilərəm. Bu, həmişə mənim prinsipim olub”. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan müxalifətin “istefa!” tələbinə münasibət bildirərkən deyib. Paşinyan bildirib ki, o, heç vaxt imkan verməyəcək hansısa müxalifət qrup hakimiyyəti xalqın əlindən alsın. “Mən xalqın hakimiyyətini sizdən müdafiə edirəm və onu sona qədər qoruyacağam”, - deyən Paşinyan müxalifətə, keçmiş hakimiyyətə müraciət edərək təkrarlayıb: “Əgər sabah sxalq hakimiyyəti ələ almaq istəsə, o bunu edəcək”.

Azərbaycan Ermənistanı məhkəməyə VERDİ

Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Bu barədə XİN-dən Sozcu.az-a məlumat verilib. Bildirilib ki. 12 fevral 2025-ci il tarixində Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib: "İddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb. Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib. Qeyd edək ki, 18 yanvar 2023-cü il tarixində Azərbaycan sözügedən dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana arbitraj bildirişi göndərib. 15 sentyabr 2023-cü il tarixində arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək, 12 aprel 2024-cü ildə Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib". Qeyd edilib ki, Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir: "Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaşı 2000-dən çox olan qədim ağacların olduğu Azərbaycanda minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin zərər gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını əlavə edərək, əvvəllər işğal olunmuş ərazilərdə mədənçiliyin "suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə" səbəb olduğunu sənədləşdirib. İşğal zamanı Ermənistan tərəfindən törədilən hərəkətlər hələ də bir neçə qorunan balıq və amfibiya növünü təhdid edir. Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhv edilməsi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək".

Bu xəstələrə əlillik statusu verilir – ŞƏRTLƏR

Cərrahi əməliyyat zamanı orqanlarından birindən məhrum olan və ya öz funksiyalarını böyük ölçüdə itirən şəxslər əlillik hüququnu necə alır? Mövzu ilə bağlı "Yeni Sabah"a danışan vəkil Turan Abdullazadə bildirib ki, bu məsələ əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna əsasən tənzimlənir: “Qanuna əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətini müvafiq orqan (qurum) müəyyən edir. Qanun Azərbaycan vətəndaşlarına, habelə ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil olunur. Əlilliyin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında status müəyyənləşdirilir.  "Əmək pensiyaları haqqında" qanunun 11-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə ümumən sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlillik pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir”.  Hüquqşünas qeyd edib ki, əlilliyə görə əmək pensiyası almaq istəyən vətəndaşlar bunu etməlidir: “Dövlət Sosial Müdafiə Fondun regional filialına və ya DOST mərkəzlərinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron qaydada müraciət. Qanunların məzmununundan göründüyü kimi, əlilliyə görə pensiya sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Əgər əməliyyat zamanı vətəndaş daxili orqanlarından hər hansı birini itirirsə və onun real vəziyyəti yuxarıda qeyd olunan qanunların müddəalarına da uyğun gəlirsə əlbəttə ki, ona da əlillik təyin edilə bilər. Əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilə bilər”.

Tramp Putindən sonra Zelenskiyə zəng etdi

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Qeyd edək ki, bundan öncə ABŞ və Rusiya prezidentləri telefonda danışmışdılar.

“Kim bunu edirsə, şəxsiyyəti...” - Psixoloqdan qalmaqallı 14 fevral açıqlaması

Sevgililər Günü sevginin və romantikanın bayramı kimi təqdim olunsa da, bu gün hər kəs üçün xoş emosiyalar doğurmur. Sosial mediada nümayiş olunan ideal sevgi münasibətləri, bahalı hədiyyələr və xüsusi jestlər bəzi insanlarda yalnızlıq hissini daha da gücləndirir. Tək olanlar özlərini kənarda qalmış kimi hiss edə, münasibətdə olanlar isə yüksək gözləntilər səbəbindən təzyiq və stress yaşayırlar. Sevginin simvoluna çevrilmiş bu gün, əslində, bir çox insan üçün emosional gərginliyin və sosial müqayisənin qaynağına çevrilə bilər. Psixoloq Vüsalə Rüstəm bununla bağlı “Yeni Sabah”a açıqlama verib. O, işbazların bu günü bir növ alətə çevirdiyini vurğulayıb: “Bu, müqəddəs valentin günü kimi Roma imperiyası dövrünə təsadüf edən, katolik xristianların inancına görə bayram edilən tarixi bir gündür. Qlobal dünyada insanlar çox asanlıqla səyahətə gedə bilir və müxtəlif sivilizasiyalardakı bayramları və tarixi günlərini öz ölkələrinə gətirə bilirlər. Bu gün xristianlara aid olan bir gündür. Milli sevgililər günü isə iyun ayının 26-sı qanlı yanvar şəhidlərimizdən olan İlham və Fərizənin evlilik günü hesab edilir. Sevginin günü, saatı, dəqiqəsi, ili olmur, sevgi insanı həyata bağlayan bir duyğudur. Keçmiş dövrlərdə olan bayramları müasir dövrdə kommersiya alətinə çeviriblər. Gül və hədiyyə satışı ilə məşğul olanlar o günü sosial şəbəkələrdə qabardaraq insanları hədiyyə almağa təşviq edir”. Psixoloq onu da qeyd edib ki, keçmiş dövrlərdə həmin günləri diqqət üçün ayırıb insanları duyğulara köklənməyə, daha mərhəmətli sevgi dolu olmağa çağırırdılarsa, bu gün elə günlər başqalarında həsəd yaratmaq, mağazalardakı hədiyyələri daha baha qiymətə satmaq məqsədi güdür: “Heç bir əsl sevgili, ya həyat yoldaşı, ya da nişanlı öz sevdiyinə aldığı hədiyyəni və öz sevgisini kiməsə nümayiş etdirmək ehtiyacı duymaz. Kim bunu edirsə, şəxsiyyəti tam formalaşmayıb, həyatını ona-buna göstərməklə yaşayır və reallıqla heç bir əlaqəsi olmur. Çox zaman ayrılır, ya da boşanır. Əsl olan ailə, sevgi münasibətləri sosial şəbəkələrdə paylaşılmağa ehtiyac duyulmayanıdır. Çox insan bunu anlamır, başqalarının sevgililər günü hədiyyələrini baxaraq tənhalaşır, depressiya düşür. Anlamır ki, sosial şəbəkə çox zaman yalançı göstəriş üzərində qurulur, real həyat tam başqadır. Sevdiyin insanı sevmək üçün nə sənə xüsusi gün, nə də hədiyyə lazım deyil. Onun verdiyi quru bir çiçək sənə ruh verir, dünyaya bağlayır, həyatın rənglənir. Hədiyyə, pul  üzərində qurulan heç bir münasibət real deyil, buna inanmayın. Gec ya tez həqiqət üzə çıxır. Sevgilisi olmayan insanlar belə günlərdə sosial şəbəkələrdə göstərilən böyük ayı oyuncaqlarına, üzük taxılmış "aşkımın hədiyyəsi" üzüklərini baxıb öz həyatları barədə neqativ düşünməsinlər. Belə insanların çoxu paylaşımları ilə kimlərəsə acıq verir, ya da mağaza, hədiyyə reklamları olur. Xoşbəxtlik gizliliyi və sakitliyi sevir. Bir çiçək alan real insanları sevin, maddiyyat üzərində qurulan münasibətlər sınıq körpüdür, gec ya tez uçacaq”.

11-ci sinif şagirdi vəfat etdi

Bakıda orta məktəb şagirdi vəfat edib. Sozcu.az xəbər verir ki, 238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əli Məmmədov dünyasını dəyişib. Onun uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Tramp Putinlə danışığı haqda yazdı: Moskvaya gəlir!

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin səfər mübadiləsi barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Tramp “Truth Social”da yazıb. Trampın sözlərinə görə, Putinlə Ukrayna böhranının həllinin zəruriliyi barədə razılığa gəliblər: “Biz ölkələrimizə səfərlər də daxil olmaqla, çox sıx əməkdaşlıq etməyə razılaşdıq”. Qeyd edək ki, az öncə Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub.

ABŞ-dan Avropaya NATO ilə bağlı xəbərdarlıq...

ABŞ NATO-dan çıxmağı nəzərdə tutmur, lakin Avropa ilə münasibətlərdə Brüsselin Vaşinqtondan asılılığını artıran balanssızlığa dözməyəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında deyib. "Bizim transatlantik alyansımız onilliklərdir mövcuddur. Və biz onun gələcək nəsillər boyu davam edəcəyini tam gözləyirik. Lakin bu, öz-özünə baş verməyəcək. Bunun baş verməsi üçün bizim avropalı müttəfiqlərimiz arenaya çıxmalı və qitədə şərti təhlükəsizliyin təmin edilməsi üçün məsuliyyət daşımalı olacaqlar", - Heqset xəbərdarlıq edib.

Putin Trampla telefon danışığı apardı - Təcili

Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla danışıqlar aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib. “Prezident Putin və ABŞ Prezidenti Donald Tramp az öncə telefon danışığını tamamladılar. Bu, çox uzun telefon danışığı idi, demək olar ki, bir saat yarım davam etdi", - Peskov bildirib. Vladimir Putin və Donald Tramp telefon danışığında şəxsi təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər. Qeyd edək ki, Tramp bundan əvvəl də Putinlə telefon danışığı apardığını açıqlamış, ancaq Peskov bu məlumatı təsdiq və ya təkzib etməmişdi.

"Niyam məni işdən çıxardıb, yalan danışmasın"

Xəbər verdiyimiz kimi, müğənni Niyam Salami mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünun ondan qalan evi satması barədə açıqlama verib. Axşam.a-ın məlumatına görə, "xeberci.az_official" intaqram səhifəsinə açıqlama verən Gülü evi satmadığını bildirib: “Niyə yalan danışır? Mən evimdə oturmuşam. İndi də həmin evdəyəm". Gülü Niyamın yanında işləməsi xəbərinə də aydınlıq gətirib: "Niyam məni işdən çıxardıb. 5-6 aydır oturmuşam evdə. Dedi ki, burada sənlik yer yoxdur. Başqa restorana getdi, doğrudan da mənlik iş yox idi. Dedi ki, saat 6-da gəl və gecə 12-də get. Edə bilmədim. Niyam deyir ki, Gülü işləmir, amma yanımdadır. Heç kimin yanında deyiləm. Heç kim acından ölmür, çörəyimi tapıb yeyirəm. Pensiya alıram, onunla dolanıram. Tək adamam, bəs edir. Niyam niyə yalandan deyir, Gülü yanımdadır? Bəlkə kimsə mənə yardım etmək istəyir? Niyə qarşısını alırsınız?". Qeyd edək ki, N.Salami "Bir gün" verilişində Gülünün onun yanında olduğunu deyib.

"Barselona"nın tranfer planlarından danışdı

"Barselona"nın idman direktoru Deku klubun yay transfer pəncərəsi üçün planlardan danışıb.  Sozcu.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. O deyib:  "Hazırkı vəziyyətdə 4-5 futbolçu transfer etməyə ehtiyacımız yoxdur. Hazırda biz razıyıq. Çünki əvvəlki zamanlara nisbətən transferlərlə bağlı narahatlığımız daha azdır. Gənc futbolçularımız öz rollarına yetişirlər".   Qeyd edək ki, "Barselona" La Liqanın turnir cədvəlində 48 xalla 3-cü yerdədir. İkinci yerdə 49 xalı olan "Atletiko" qərarlaşıb. 50 xala malik olan "Real" isə cədvələ liderlik edir. 

NATO Müdafiə nazirlərinin fevralın 13-də Brüsseldə görüşü olacaq

NATO ölkələri müdafiə nazirlərinin fevralın 13-də Brüsseldə görüşü olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Alyans məlumat yayıb. Bildirilib ki, bununla da tərəflər 2025-ci ilin iyun ayında Niderlandın Haaqa şəhərində keçiriləcək NATO Sammitinə hazırlıqlara başlayacaqlar. Məlumata görə, görüş çərçivəsində nazirlər yenilənmiş Müdafiə İstehsalı Fəaliyyət Planı da daxil olmaqla müdafiə sənayesi potensialının gücləndirilməsinə diqqət yetirəcəklər. Görüşdən əvvəl dəyərləndirmə aparan NATO Baş katibi Mark Rutte qeyd edib ki, Alyansın hərtərəfli istehsal qabiliyyətinin artırılması üçün daha sürətli olmaq lazımdır. Məlumatda o da vurğulanıb ki, sabah əsas gündəmdə NATO-nun Ukraynaya dəstəyi məsələsi dayanacaq. "Sabahki NATO-Ukrayna Şurası görüşündə isə Ukraynanın müdafiə naziri Rustem Umerov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə birlikdə Ukraynadakı vəziyyət və ölkənin təcili ehtiyacları müzakirə ediləcək",-əlavə edilib.

Paşinyan: Aİ ilə bağlı qanun AİB və Rusiya ilə münasibətlərdə riski artırmır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentinin “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləməsinin Avrasiya İqtisadi Birliyi (AİB) və Rusiya ilə münasibətlərdə riskləri artırmadığını hesab edir. Sozcu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışında bildirib. “Hamımız bilirik ki, çoxlu risklərimiz var. Amma bu qərar bu risklərin heç birini daha da riskli etmir, əksinə, bu, bir çox riskləri idarəolunan edir”, - deyə o, deputatın sualını cavablandırıb və qəbul edilən qanunu hökumətinin balanslaşdırılmış siyasətinin sübutu adlandırıb.

HƏMAS-dan Trampa SƏRT REAKSİYA: "Bu, irqçiliyə və etnik təmizləməyə çağırışıdır"

“ABŞ prezidenti Donald Trampın Qəzza zolağının transformasiyası ilə bağlı bəyanatları irqçiliyin təzahürü və etnik təmizləmə çağırışıdır”. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS-ın açıqlamasında bildirilib. Dünən İordaniya Kralı II Abdullah ilə görüşünün açılış hissəsində Tramp qeyd edib ki, ABŞ Qəzza zolağını satın almayacaq və vergi ödəyicilərinin pulunu bu sahəyə xərcləməyəcək. Lakin Tramp Qəzza ilə bağlı “doğru” işlər görəcəyinə söz verib və Misirlə razılaşmaya ümid etdiyini bildirib. “Trampın bəyanatları irqçiliyin təbliğidir. Fələstin məsələsini aradan qaldırmaq və xalqımızın hüquqlarını tapdamaq üçün etnik təmizləməyə çağırışdır”, – HƏMAS-ın bəyanatında deyilir. Daha əvvəl Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək və regionun yenidən qurulmasına cavabdeh olacaq. Eyni zamanda onu bütün dünya üçün “Yaxın Şərq Rivierası”na çevirəcək. O, həmçinin ABŞ-ın öz ordusunu Qəzzaya göndərə biləcəyini istisna etməyib.

Ləğv edilən qurumun işçiləri 3 aydır maaş ala bilmir

Bir müddət öncə ləğv edilən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin keçmiş əməkdaşlarına son üç ayın məvacibi, həmçinin işlərini itirmələri ilə əlaqədar ödənməli olan kompensasiya verilmir. Sozcu.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən qurumda çalışan şəxslər bildiriblər. Onların sözlərinə görə, əməkhaqları ödənilmədiyindən 3 ay ərzində banklara borcları yığılıb qalıb. Hazırda Mərkəzlə bağlı Ləğvetmə Komissiyası yaradılıb və komissiyanın sədri Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazovdur. Həmin şəxslərin əməkhaqları və kompensasiyalarının ödənilməməsi ilə bağlı problemə aydınlıq gətirilməsi üçün ƏMDX-yə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğvi ilə bağlı komissiya yaradılıb. Mülki Məcəllənin 59-61-ci maddələrində nəzərdə tutulmuş tələblər çərçivəsində ləğvetmə prosesi davam etdirilir. Qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar çərçivəsində Tərcümə Mərkəzinin əməkdaşlarının əməkhaqqı və digər təminatlarının verilməsi öz həllini tapacaq”. Qeyd edək ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi 23 may 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Mərkəz 2 milyon 40 min 124 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Afaq Məsud Məsud qızıdır. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxsi 2024-cü ilin noyabrın 21-i ləğv edilib.