Kanada və Meksikadan ABŞ-yə qarşı sərt QƏRAR

Kanadanın baş naziri Castin Trüdo ABŞ Prezidenti Donald Trampın rüsum tətbiqinə cavab olaraq ölkəsinin 155 milyard dollarlıq ABŞ mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Sozcu.az-ın məlumatına görə, hökumət başçısı bildirib ki, tarif paketinə 4 fevraldan etibarən 30 milyard dollarlıq mallara dərhal, 125 milyard dollarlıq məhsullara isə 21 gün ərzində əlavə rüsumlar daxildir. Baş nazir xalqı marketlərdən ABŞ məhsulları yerinə Kanada məhsulları almağa çağırıb. Eyni zamanda Meksika Prezidenti Klaudia Şeynbaum Trampın 25 faizlik rüsum qərarına cavab olaraq hökumətə Meksikanın maraqlarını müdafiə etmək üçün rüsum və qeyri-rüsum tədbirlərini özündə birləşdirən “B Planı”nı həyata keçirməyi tapşırdığını deyib. Rüsumlarla bağlı digər detallar açıqlanmayıb.

Ukraynanın danışıqlardan kənarlaşdırılması çox təhlükəlidir - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Ukraynanın ABŞ-Rusiya arasındakı danışıqlardan kənarlaşdırılması “çox təhlükəlidir”. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski “Associated Press“ agentliyinə müsahibəsində deyib. O, ABŞ prezidenti Donald Trampın administrasiyasının artıq Rusiya ilə müharibəyə son qoymaq üçün “çox ciddi” danışıqlar apardığı barədə bəyanatını şərh edib: “Onların öz münasibətləri ola bilər, amma bizsiz Ukrayna haqqında danışmaq hamı üçün təhlükəlidir”. O, öz komandasının Tramp administrasiyası ilə əlaqə saxladığını, lakin bu müzakirələrin “ümumi səviyyədə” olduğunu söyləyib. Zelenski yaxın vaxtlarda daha ətraflı razılaşmaların hazırlanması üçün şəxsi görüşlərin keçiriləcəyinə inanır.

Dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Bakıda və Abşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm). Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Sumqayıt, Şəmkir, Xaltan, Yevlax, Sabirabad, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb.

Sudanda bazara zərbə: ən azı 54 ölü, 158 yaralı

Şənbə günü Sudanın Çevik Reaksiya Qüvvələrinin Omdurman şəhərindəki bazara hücumu nəticəsində azı 54 nəfər ölüb, 158 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Çevik Reaksiya Qüvvələri isə bazara zərbə endirdiklərini təkzib edərək, Sudan ordusunun mülki şəxsləri atəşə tutduğunu iddia edib. Qeyd edək ki, Çevik Dəstək Qüvvələri üsyan qaldırıb və hərbi qüvvələrə qarşı uzun müddətdir mübarizə aparırlar.

Bakı-Xudat avtobusu yük avtomobili ilə toqquşdu: yaralanan var

Siyəzəndə baş vermiş avtobus qəzası nəticəsində yaralanan şəxsin kimliyi məlum olub. Sozcu.az APA -ya istinadla xəbər verir ki, onun Xaçmaz rayon sakini 72 yaşlı Nazim Kiçikbəyov olduğu bildirilir. N. Kiçikbəyov müvafiq tibbi yardımdan sonra evə buraxılıb. Xatırladaq ki, qəza Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. Hadisə zamanı avtobusda 51 sərnişin olub. Onlardan biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Türkiyədə ağır yol qəzası: Ölənlər və yaralılar var

Türkiyədə iki avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kırıkkale şəhərində baş verib. Ağır qəza nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Azyaşlı qidadan zəhərlənib öldü

2016-cı il təvəllüdlü Şamaxı rayon sakini Cəbrayıllı Maqsud vəfat edib.  Sozcu.az "Unikal"a istinadən xəbər verir ki, azyaşlı qidadan zəhərlənərək ölüb.  Məlumata görə, M.Cəbrayıllı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İŞİD rəhbərini məhv edin! - Trampdan TAPŞIRIQ

ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq göstəriş verib. Sozcu.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb. “Bu səhər mən hərbçilərə İŞİD-in Somalidəki terrorçularının olduqları ərazilərə dəqiq hava zərbələri endirməyi əmr etdim”, - deyə dövlət başçısı bildirib. O, terrorçuların Somalidəki mağaralarda gizləndiyini qeyd edib. “Zərbələr nəticəsində onların yaşadıqları mağaralar dağıdılıb və dinc əhaliyə heç bir zərər vurmadan çoxlu terrorçu məhv edilib”, - deyə Tramp əlavə edib.

Tramp qərar verdi: ABŞ ordusu bu ölkəyə girəcək!

ABŞ ordusu bundan sonra Meksikanın narkotik kartellərinə qarşı xüsusi hərbi əməliyyatlar keçirə biləcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat yayıb. Onun sözlərinə görə, Amerika hərbçiləri belə səlahiyyətləri Donald Trampın narkotik kartellərini terror təşkilatı kimi tanıyan fərmanından sonra alıb. Pentaqon rəhbəri yaxın vaxtlarda qonşu dövlətin ərazisində hərbi əməliyyatların planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirməyib. Qeyd edək ki, bundan öncə ABŞ ordusunun sabiq kəşfiyyatçısı Skott Ritter narkokartellərin terrorla cavab verəcəyini iddia etmişdi.

Gürcüstanda etiraz aksiyaları keçirilir

Tiflisdə Gürcüstan parlamentinin binası yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Aksiya səbəbindən parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti iflic olub. Eyni zamanda, aksiya Batumidə də keçirilir. Aksiyaçılar təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.

Pakistanda silahlı toqquşma: 42 ölü

Pakistanın Bəlucistan əyalətində hərbçi və separatçılar arasında silahlı toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Bildirilib ki, insident zamanı 18 hərbçi və 24 silahlı qruplaşma üzvü ölüb. Məlumata görə, silahlı toqquşma separatçıların yollarda qurduqları postların aradan qaldırılması zamanı baş verib. Qeyd edək ki, separatçıların hansı qruplaşmaya aid olduqları hələ ki bəlli deyil. Əlavə edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif toqquşmanı pisləyib.

Türkiyə mediası Paylanın Bakı əleyhinə bəyanatını tənqid etdi

Türkiyə mediası Xalqların Demokratiya Partiyasından (HDP) olan erməniəsilli millət vəkili Qaro Paylanın Azərbaycan əleyhinə bəyanatlarını tənqid edib. Sozcu.az Axar.az-a istinadən xəbər verir ki, “Yeni Akit” qəzeti “Hələ bu adam Türkiyənin çörəyini də yeyir” sərlövhəli məqaləsində deputatın Ermənistanın “3-5 il ərzində” Azərbaycana qarşı yeni təcavüzə hazırlaşması ilə bağlı sözlərinə diqqət çəkib. Nəşr Qaro Paylanın Ermənistanın Baş naziri Nikol Paşinyanla fotoşəklini paylaşıb, həmçinin onun erməni mətbuatına müsahibəsindən parçalara istinadla deputatın digərləri ilə yanaşı, İrəvanı “ABŞ və Fransanın güclü dəstəyini almağa” çağırdığını da qeyd edib. Məşhur xəbər resursu “Haber7.com” da Türkiyə millət vəkilinin qalmaqallı müsahibəsini oxuculara çatdırıb. Portal, həmçinin Qaro Paylanın mediada sözlərinin təhrif edilməsini əsas gətirərək Azərbaycana qarşı hücumlarını ört-basdır etməyə tələsdiyi müsahibədən sonra sosial şəbəkədəki paylaşımına da istinad edib.

Ukraynadan Vardanyanla bağlı Azərbaycana ÇAĞIRIŞ

Ruben Vardanyan təkcə Qarabağdakı əməllərinə görə deyil, həm də Ukraynadakı hərəkətlərinə, Rusiyaya qarşı təcavüzü maliyyələşdirdiyinə görə cəzasını almalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukraynanın xalq deputatı, Ali Radanın Müvəqqəti İstintaq Komitəsinin sədri Anna Skoroxod bəyan edib. O, ötən il Ukrayna, Latviya, Litva və Rumıniyadan olan 120-dən çox deputatın Vardanyanın namizədlər siyahısından çıxarılması tələbi ilə Nobel Komitəsinə kollektiv məktub imzaladığını xatırladıb: “Vardanyan Putinin pul kisəsidir, Ukraynaya qarşı təcavüzün sponsorudur, Qarabağda qanunsuz separatçı təşkilatın keçmiş rəhbəridir. Ümid edirəm, rəsmi Bakı xatırlayacaq ki, bu adam təkcə Qarabağa qarşı təcavüzdə iştirak etdiyinə görə deyil, həm də Ukraynaya görə, 21-ci əsrin baş diktatorunu maliyyələşdirdiyinə görə cəzaya layiqdir. Əgər ABŞ, AB və Ukrayna Vardanyana qarşı sanksiyalar təklif edibsə və ya tətbiq edibsə, o zaman Azərbaycan Vardanyana real cəza tətbiq etməlidir. O, buna layiq olduğunu dəfələrlə və müxtəlif ölkələrdə sübut edib”./Axar.az

Türkiyə Ordusu İraqda iki terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçiririb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Pənçə-Kilit əməliyyat bölgəsində PKK terror təşkilatının iki üzvü zərərsizləşdirilib. Nazirlikdən bildirilib ki, terrorçulara qarşı əməliyyat davam edəcək.

Azərbaycanda zəlzələ oldu

Qubada 3,2 maqnitudada zəlzələ olub. Sozcu.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib. Yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava ilə bağlı xəbərdarlıq yayıb. İdarədən Sozcu.az-a verilən məlumata görə, hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb. Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar.

Sabah hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, zəif çiskin olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Rayonlar havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Rusiyanın itkiləri 840 minə yaxınlaşır

Ukrayna müharibənin 1074-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 839 040 hərbçi, 9 902 ədəd tank, 20 653 ədəd zirehli döyüş maşını, 22 493 ədəd artilleriya sistemi, 1 266 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1050 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 35 629 ədəd avtomobil texnikası, 23 694 ədəd PUA, 3054 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 727 xüsusi avadanlıq itirib.

Beyləqanda maşın daş lövhəyə çırpıldı - Sürücü öldü

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub. Sozcu.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Novruzovun idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xials etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

12 yaşlı qız dəm qazından öldü

Yasamalda 12 yaşlı qız dəm qazından ölüb. Sozcu.az xəbər verir ki, 2013-cü il təvəllüdlü, paytaxt rayonu sakini Nərgiz Əliyeva yaşadığı mənzilin hamam otağında çimərkən zəhərlənib . Faktla bağlı araşdırma aparılır.

Rəsulzadə -141: Novxanıda yürüş-mitinq keçirildi – Foto, Video

Mustafa Hacıbəyli Milli lider Məhəmməd Əmin Rəsulzadənin doğum gününü Novxanıda, onun heykəli qarşısında qeyd etdik. Tədbirimizdə Novxanı agşaqqalları da iştirak etdilər, onlara söz verildi. Rəsulzadənin doğmalarının məzarlarını ziyarət etdik. Yürüş mitinqimizdə “Rə-sul-za-də”, “Azər-bay-can”, “A-zad-lıq”, “Mü-sa-vat” şüarlarını səsləndirdik. Azərbaycanın və Müsavatın himnlərini oxuduq.

Paşinyan: "ATƏT-in Minsk Qrupu nəyə lazımdır?"

"Ermənistan tərəfi ATƏT-in Minsk qrupu çərçivəsində beynəlxalq danışıqlar formatının buraxılmasına razılıq verməyə hazırdır". Sozcu.az TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. "ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Biz aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Lakin biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də ATƏT-in Minsk qrupunun buraxılması eyni məna daşıyır", - deyə o bildirib.

Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Komissiya tərəfindən ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsi müəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib. Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

Aİ müşahidəçiləri yenidən sərhəddə gəldi

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanın Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək, müşahidə aparıblar. Sozcu.az xəbər verir ki, bir neçə maşında gələn avropalı müşahidəçilər bu dəfə də binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər. Müşahidə Missiyasının hərəkətləri Azərbaycan sərhədçilərinin nəzarətindən yayınmayıb. Azərbaycan sərhədçiləri onların həm avtomobil, həm də piyada hərəkətlərini müşahidə altında saxlayıblar. Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadıb.