Gündüzlər düşünüb, gecəni yada salırsan,
Gecələr yuxu yox, gündüzə həsrət qalırsan.
Zaman ötüb keçir, yavaş-yavaş qocalırsan,
Aldadır başını, beləcə, aldadır dünya.
Saçların ağarır, bel bükülür, dil söz tutmur,
Kövrələn ürək tez inciyir heçnə ovutmur.
Gözündən axan yaşı təsəllilər qurutmur
Aldadır başını, beləcə, aldadır dünya.
Köhlən atının belinə qalxa bilməyəndə,
Gözlərin zəifləyib uzağı görməyəndə.
Anlayırsan keçən günlər geri gəlməyəndə,
Aldadır başını, beləcə, aldadır dünya.
Əcəl zəngi çalınır, titrəyir dil-dodağın,
Əbədi yumulur göz, soyuyur əl-ayağın.
Hər kəs yığılır başına, yayılır sorağın,
Aldadır başını, beləcə, aldadır dünya.
Seymur Eminli