Bizdən əl çək! - Kanadalı siyasətçidən Trampa

Əziz Donald, bizi dəli Milad mesajınıza daxil etdiyiniz üçün təşəkkür edirəm. Lakin bizdən əl çək! Sozcu.az xəbər verir ki, bu fikirləri kanadalı deputat, Yeni Demokratik Partiyasının üzvü, parlament nümayəndəsi Çarli Anqus ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa müraciətində deyib. “Kanadalı olmaq pulsuz tibbi xidmətə və hücum silahlarına məhdudiyyətlərə sahib olmaq deməkdir. Əgər biz sizin 51-ci ştatınız olsaydıq, uşaqlarımız məktəblərdə güllələnər, şirkət rəhbərləri isə tibbi xidmətə görə rədd cavabı aldıqları üçün öldürülərdi. Ona görə də yox. İndi isə uzaq durun. Sizin şimal qonşunuz”. Qeyd edək ki, Donald Tramp Milad təbrikində Kanada Baş naziri Castin Trüdonu qubernator adlandırmış və ABŞ-ın 51-ci ştatı olacağı təqdirdə Kanadanın həddən artıq yüksək olan vergilərini 60 faiz azaldacağını bildirmişdi.

Prezident və xanımı ekipaj üzvlərinin vida mərasimində...

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Təyyarədə olan pilotların hər ikisi – İqor Kşnyakin (kapitan) və Aleksandr Kalyaninov həlak olub və onlar bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.

Ekipaj qəza ilə bağlı siqnal göndərib, qəbul etməyiblər - AZAL

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinə kənardan qeyri-qanuni təsirlər olub, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb. Sozcu.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib. "Belə bir məqamda pilotlarımız böyük cəsarət nümayiş etdirib. Ekipaj təyyarənin qəzaya uğraması ilə bağlı Qroznı və Mahaçqala hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər”, - deyə o qeyd edib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Bir milyonu mənimsəmiş sabiq rəisin məhkəməsi başlayır

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmmədovun icraatına verilib. Yaxın vaxtlarda məhkəmə başlanacaq. Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilib. Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib. R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Putinin Kremldə ona nə deməsindən asılı olmayaraq...

Ukraynaya elektrik enerjisi idxalında Slovakiyanın payı təxminən 19% təşkil edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O qeyd edib ki, ölkə rəsmilərinə vahid Avropa enerji sisteminin sabitliyini və Avropa enerji qaydalarını qorumaq üçün bütün tərəfdaşlarla birlikdə hər şeyi etmək barədə tapşırıq verib. "Putinin Kremldə olarkən Fitsoya nə deməsindən asılı olmayaraq, Avropa qaydaları Moskva ilə əlaqələrindən daha güclü olmalıdır", - Zelenski vurğulayıb. Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitso növbəti ildən Ukraynaya enerji tədarükünü dayandıracağını bildirib.

Qəzada həlak olan 24 nəfərin nəşi Bakıya gətirilir

AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir. Sozcu.az xəbər verir ki, cənazələr yaxın vaxtlarda Bakıya təyyarə ilə çatacaq. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq edib.

İki ölkə arasında elektrik kəsildi, NATO hərəkətə keçdi

NATO Estoniya ilə Finlandiya arasında sualtı elektrik xətləri və internet kabelləri kəsildikdən sonra Baltik dənizində hərbi varlığını gücləndirəcək. Sozcu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte Finlandiya Prezidenti Aleksandr Stubb ilə mümkün təxribat barədə danışıb. Rutte qeyd edib ki, NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək.

Ağsuda yol qəzasında iki nəfər xəsarət alıb

Ağsuda avtomobil qəzası baş verib. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

İki rayonda qar yağır

Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Şəki, Quba, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçalada arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağır. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Binə, Pirallahı, Çilov adası, Şərur, Daşkəsən, Göygöl, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ, Göyçayda duman müşahidə olunub, görünüş 50-200 metrədək məhdudlaşıb. Qərb küləyi arabir Naftalanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 9, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Dumana görə uçuşlar ləğv edildi

Böyük Britaniyada sıx duman səbəbindən aviasiya sahəsində xaos yaranıb. Sozcu.az xəbər verir ki, Qatvik, Hitrou və Mançester hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib. Sıx dumanın əsasən ölkənin cənub-şərq və mərkəzi bölgələrinə enəcəyi və görünüş məsafəsini 100 metrə qədər məhdudlaşdıracağı proqnozlaşdırılır. Bu gün Hitrou hava limanında 20 reys ləğv edilib, 29 reysdə isə gecikmə müşahidə olunub. Gatvik hava limanında isə bir reys ləğv edilib, 26 reys gecikir. Mançester hava limanında da oxşar vəziyyətlər qeydə alınıb. Gatvik hava limanının sözçüsü sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyərək deyib: “Zəif görüş səbəbindən müvəqqəti hava trafik məhdudiyyətləri tətbiq edilib. Gün ərzində bəzi reyslər gecikə bilər”. Duman səbəbindən yaranan bu məhdudiyyətlər bayram mövsümündə səyahət planlarına ciddi təsir edib. Təyyarə ilə səyahət edənlərdən hava limanlarına yola düşməzdən əvvəl reyslərini yoxlamaları tövsiyə olunur.

Yol polisindən küləkli hava ilə bağlı müraciət

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə dekabrın 29-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. BDYPİ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Qoşqulu, tentli, uzunölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Gürcüstanda güclü zəlzələ oldu

Gürcüstanın Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytı məlumat yayıb. Bildirilib ki, Tiflis vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Zelenski də Əliyevə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün sosial şəbəkə hesabında yazıb. Telefon danışığı zamanı Vladimir Zelenski Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznıda 25 dekabrda vurulan AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatına görə başsağlığı verib və qəza haqda fikirlərini bölüşüb.

Putin Əliyevə zəng etdi, üzr istədi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib. Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb. Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb. Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Özbəkistandan çağırış: Rusiyaya uçuşları dayandırın!

Özbəkistanda Milli Dirəniş (Milli Tiklaniş) Partiyasının lideri Əlişir Kadırov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra Özbəkistan Hava Yollarına məxsus təyyarələrin Rusiyaya uçuşlarını niyə davam etdirdiyini sorğulayıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb. “Rusiya hava məkanı təhlükəsizdirmi? Özbəkistan Hava Yolları ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyini düşünməlidir. “Milli Tiklaniş” vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlərə aydınlıq gətirmək məqsədilə Nəqliyyat Nazirliyinə və “UzAirways”ə rəsmi sorğu göndərmək niyyətindədir”, - o bildirib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub qəzaya uğramasından sonra bir neçə ölkənin hava yolları Rusiyaya uçuşlarını müvəqqəti dayandırıb.

Rusiyanın itkiləri 785 minə yaxınlaşır

Ukrayna müharibənin 1039-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 784 200 hərbçi, 9 651 ədəd tank, 19 970 ədəd zirehli döyüş maşını, 21 408 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1032 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 32 338 ədəd avtomobil texnikası, 21 013 ədəd PUA, 3003 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 668 xüsusi avadanlıq itirib.

#Rusiyaüzristə həştəqi ilə kampaniya başladıldı

Sosial şəbəkələrdə “#Rusiyaüzristə” həştəqi ilə kampaniya başladılıb. İstifadəçilər Rusiyadan Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin ölkənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmasına görə üzr istəməsini tələb edirlər. Sözügedən həştəqlə əsas olaraq feysbuk və “X” sosial şəbəkələrində paylaşımlar edilib. Bu paylaşımlara bir sıra tanınmış şəxslər də qoşulub. Qeyd edək ki, “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən, Rəsmi Bakının Rusiyadan üzr gözləməsini bildirib: “Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”. Xatırladaq ki, dekabrın 26-da “Euronews” “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raketin olduğunu yazıb. 

Biləsuvarda dəhşətli qəza: 3 nəfər öldü

Bu gün səhər saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvarın Arazbari kəndi yaxınlığında ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, qəza nəticəsində iki minik avtomobili toqquşub. İlkin məlumata görə, ölən və yaralananlar var. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub və yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Ölümcül oyun yaranıb: 82 uşaq öldü

Sosial mediada ölümcül oyun yayılır, bu, artıq ABŞ-da 82 uşağın ölümünə səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə “Medical Xpress” məlumat yayıb. Məlumata görə, iştirakçılar eyforiya vəziyyətini yaşamaq üçün beynin oksigenlə təmin olunmasını müvəqqəti olaraq kəsirlər.

Qroznıya hücumlar Kadırovu təşvişə saldı

Rusiyaya uzaqmənzilli raketlərlə zərbə endirməyə icazə verildikdən sonra Çeçenistan rəhbəri Ramzan Kadvrovun şəxsi hava təhlükəsizliyi gücləndirilib. Sozcu.az “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra da Suriyadan S-300 də daxil olmaqla, hava hücumundan müdafiə sistemləri daşınıb. Bu hava hücumundan müdafiə sistemləri Qroznıya və onun ətrafına yerləşdirilib: “Kadırovun rəsmi iqamətgahında hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Qroznıdakı məscid kompleksi belə indi ayrı bir heyət tərəfindən qorunur. İqamətgahdan uzaqda yerləşən Baronovski rayonunun sakinləri də hava hücumundan müdafiə vasitələri ilə qorunurlar. Kadırovun ailəsi bu rayonda yaşayır və bütün girişlər Kadırovun adamlarından ibarət silahlı mühafizəçilər tərəfindən ciddi şəkildə mühafizə olunur”. Kanalın məlumatına görə, daha bir S-300 kompleksi Kadırovların ata-baba kəndi Əhməd-Yurdda quraşdırılıb. Qeyd edək ki, son vaxtlar Qroznıya PUA hücumları artıb.

ABŞ İvanişviliyə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi açıqlama yayıb. Sanksiyalara İvanişvilinin ABŞ-dəki bütün aktivlərinin dondurulması, ABŞ fiziki və hüquqi şəxsləri tərəfindən ona tranzaksiyaların qadağan edilməsi daxildir. 

Lənkəranda qadın dəm qazından boğularaq öldü

Lənkəranda qadın dəm qazından boğularaq ölüb. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Səpnəkəran kəndində baş verib. Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Nəticədə dəm qazından boğulub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

“Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın” - Təyyarə qəzasında həlak olan pilotun qızı

Aktauda baş verən təyyarə qəzasında həyatını itirən AZAL-a məxsus sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atasına həsr olunmuş emosional paylaşım edib. Sozcu.az xəbər verir ki, kapitanın qızı sosial şəbəkə hesabında atasına olan hisslərini belə ifadə edib: "Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, günahkarı tapdın, öz həyatını qurban verdin. Həmişə mənim yanımda çox güclü idin. Sənin kimi atam olduğu üçün hər zaman fəxr edəcəyəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxtliyimizi istəyirdin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmət eləsin!" Qeyd edək ki, İqor Kşnyakin böyük təcrübəyə malik kapitan idi. O, 15 min saatdan çox uçuş həyata keçirmiş, bunlardan təxminən 11 200 saatını kapitan kimi idarəetmə məsuliyyəti daşıyaraq yerinə yetirmişdi. Dəhşətli qəzada 29 nəfərin sağ qalması, təyyarəni idarə edən kapitanın peşəkarlığı və qəhrəmanlığı sayəsində mümkün olub.

ABŞ təsdiqlədi: Təyyarəni Rusiya HHM vurub!

Bəzi ilkin əlamətlər göstərir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilər. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Biz bəzi ilkin əlamətlər müşahidə etdik ki, bunlar həmin təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulması ehtimalını göstərir. Bu hadisənin araşdırılması ilə bağlı Azərbaycan və Qazaxıstana kömək təklif etmişik", – deyə Con Kirbi bildirib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.