Rubio: Kiyevə hərbi yardımın bərpası Ukrayna nümayəndə heyəti ilə görüşdən asılıdır

ABŞ-dən Ukraynaya hərbi tədarükün bərpası, eləcə də ona kəşfiyyat məlumatlarının verilməsi barədə qərar Amerika nümayəndə heyətinin Kiyev nümayəndələri ilə görüşdən “məmnun” çıxacağı təqdirdə qəbul edilə bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə deyib. “Sabah görək danışıqlar necə gedəcək. İclasdan məmnun çıxıb prezidentə hesabat verə bilsək, indiki pauza ilə bağlı qərarlar veriləcəyinə inanıram”, - Rubio vurğulayıb.

Ukrayna və Türkiyə əməkdaşlığı gücləndirirlər: qarşılıqlı fəaliyyətə dair yol xəritəsi təqdim edilib

Ukrayna və Türkiyə iqtisadiyyat, energetika və infrastruktur sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər, qarşılıqlı fəaliyyət üçün yol xəritəsi təqdim ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Bildirilib ki, martın 10-da Prezident Ofisinin rəhbər müavini Viktor Mıkıta Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenlə görüş keçirib, tərəflər əməkdaşlığı genişləndirmək, xüsusilə Türkiyə və Ukrayna şəhərləri və regionları arasında qarşılıqlı əlaqələri artırmaq barədə razılığa gəliblər. “Müzakirənin əsas mövzuları ikitərəfli əməkdaşlıq məsələləri, iqtisadi inkişaf üzrə birgə layihələr, həmçinin enerji və infrastruktur təşəbbüsləridir”, – prezidentin mətbuat xidməti bazar ertəsi bildirib. Bundan başqa, görüş zamanı Ukrayna və Türkiyə arasında əməkdaşlıq üzrə yol xəritəsi təqdim edilib. “Hazırda ölkənin müxtəlif bölgələrində mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir. HVA (hərbi vilayət administrasiyası – red.), icmalar və regionlardakı biznes icması onlarla fəal əməkdaşlıq edir. Türkiyə səfiri qeyd edib ki, Türkiyə tərəfdaşları hər gün bu önəmli dəstəyi duyurlar”, – məlumatda deyilir. Öz növbəsində, Mıkıta Türkiyəyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə, həmçinin Rusiyanın tammiqyaslı təcavüzü fonunda vasitəçilik səylərinə görə təşəkkür edib.

ABŞ-də daha bir hava gəmisi qəzaya uğrayıb, ölənlər var

Missisipi Universitetinin tibbi helikopterinin ABŞ-nin Missisipi ştatının Medison dairəsindəki meşədə qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə “CBS 42” telekanalı məlumat yayıb. Telekanal bildirib ki, universitetin tibb mərkəzinin nümayəndələrinin açıqlamasına görə, helikopterin göyərtəsində iki əməkdaş və bir pilot olub. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır. Qeyd edək ki, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının verilənlərinə əsasən, cari ilin ilk iki ayında ümumilikdə 143 hava hadisəsi baş verib ki, onların 21-də ölüm qeydə alınıb. Ölümlə nəticələnmiş hadisələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən az olsa da, ölənlərin ümumi sayı daha çoxdur. Onlardan ən faciəvisi isə yanvarın 29-da axşam paytaxt Vaşinqtonda olub. Sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində ümumilikdə 67 nəfər ölmüşdü.

“Ukraynalıları heç kim məğlub edə bilməz!”

“Dünya gündəmində əsas mövzu Ukraynanın aqibətidir. Müzakirələr gedir, çoxluğun qənaəti budur ki, ABŞ və Avropa ayrılmaq yerinə əvvəlki kimi bir olub, Putinin təcavüzünün qarşısını almalı, onu etdiklərinə görə cəzalandırmalıdır. Eyni zamanda bu gün Ukrayna yenidən və daha güclü dirəniş nümayiş etdirməlidir. 1 milyon ukraynalı cəbhəyə axın etməlidir. Çünki onsuz da bugünkü nəsil həyatını və yaşayışını gələcək nəsillər üçün qurban verib”. Bunu Musavat.com-a açıqlamasında Ukraynadakı diasporumuzun fəal nümayəndələrindən biri Yalçın Qəhrəmanoğlu bildirib. O qeyd edib ki, bu gün inkişaf etmiş Qərb dövlətləri də eyni yolu keçib: “Ötən əsrin 1960-70-ci illərində Avropanı bürüyən şəkər qıtlığı zamanı Ukrayna Norveçə yardım edirdi. Ukraynada şəkər bolluğunda mürəbbələr hazırlananda Norveçdə şəkər insanlar üçün xüsusi bir nemət idi. Bu gün də Norveç Ukraynaya yardım edir. Günün birində Ukrayna da Norveç kimi azad və inkişaf etmiş dövlətə çevriləcək”. Yalçın Qəhrəmanoğlu qələbəyə inandığını vurğulayıb: “Ukraynalıları heç kim məğlub edə bilməz. Doğrudur, çətinliklər var və olacaq. Qurbanlar verilir. Əminəm ki, ukraynalılar da məqamı çatanda biz azərbaycanlılar kimi torpaqlarını azad edəcəklər. Bu millət, xalq “dünyanı idarə edirlər” deyə təqdim olunan iki super dövlət mifini dağıtdı. Gücünü ortaya qoydu və bu gün də əzmlə həm hərbi, həm beynəlxalq siyasi cəbhədə savaşır. Səlcuq hökmdarı Alparslanın dediyi kimi: “Qələbə inananlarındır” Slava Ukraine!”

Mənim birinci dilim rus dilidir - Ayaz Salayev

Yeni tariximizdə rus dilinin yeri şübhəsizdir. Sozcu.az-ın məlumatına görə, bunu kinorejissor və kinoşünas Ayaz Salayev "kulis.az" saytına müsahibəsində deyib. O qeyd edib ki, öz dilindən əlavə başqa bir dili Ana dili səviyyəsində bilən adam daha çox inkişaf eləyir: "Bu, türk dilinə aid deyil. Çünki bizim dil türk dili ilə çox oxşardır. İkinci dil bilməyən cərraha özünüzü, doğmanızı əmanət eləyərsiniz? Azərbaycan dili müəlliminin ikinci dil bilməməyini qəbul etmək olar? Yox, heç vaxt! Məni təhqir eləyənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlətmək istəyənlərdir. Mənim birinci dilim rus dilidir. Elə olmasaydı, Moskvaya gedib yaxşı oxuya bilməzdim. Mən onlarla bir səviyyədə idim, hətta bəzi məsələlərdə onları keçmişdim. Mən aldığım təhsili özümdə saxlamadım, mədəniyyətimiz yolunda xərclədim. Onlar heç öz dillərini düz-əməlli bilmirlər".

“Cərimənin miqdarını planlaşdırmaqla, faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan”

“Cərimənin miqdarını planlaşdırmaqla, faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan. Cərimə yığıla da bilər, yığılmaya da bilər. Ona görə də bunun özü başadüşülən addım deyil”. Bunu "Yeni Sabah"a sabiq deputat Vahid Əhmədov deyib. O bildirib ki, Azərbaycanda cərimələrin sayı həddən artıq çox və cərimə məbləğləri yüksəkdir: “Bəzi sahələr var ki, orada cərimə həqiqətən tətbiq olunmalıdır. Amma cəriməni niyə görə tətbiq edirlər? Qayda-qanunu pozursan, ona əməl etmirsən. Buna görə cərimə edirlər, cərimə edirlər ki, bir də həmin qanun-qaydaları pozmayasan". V. Əhmədov fikrinin davamında qeyd edib: "Amma sizinlə razıyam ki, Azərabaycanda cərimələr kifayət qədər çoxdur və məbləğləri də yüksəkdir. Elə bu yaxınlarda, 2025-ci ilin dövlət büdcəsi müzakirə olunanda bu məsələyə toxunuldu. Maliyyə naziri çıxışında dedi ki, cərimələrdən büdcəyə 840 milyon manat vəsasitin daxil olması nəzərdə tutulub.  Əvvəla, cərimələri planlaşdırmağın özü səhv addımdır. Bəlkə heç o qədər cərimə yığılmayacaq? Cərimənin miqdarını planlaşdırmaqla faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan. Cərimə yığıla da bilər, yığılmaya da bilər. Ona görə də bunun özü başadüşülən addım deyil”.  Eks-deputat vurğulayıb ki, cərimələrin strukturuna yenidən baxılmalıdır: “840 milyon manat xeyli yüksək məbləğdir! Bu cərimələrin müəyyən hissəsi həmin təşkilatlarda qalır və həmin təşkilatların əməkdaşlarının maaşlarına artım kimi istifadə olunur. Buna görə də, onlar maraqlıdır ki, cərimələr çox olsun. Mən hesab edirəm ki, Azərbaycanda cərimələr kifayət qədər yüksəkdir və çoxdur. Bunun təkmilləşdirilməsinə ehtiyac var. Belə bir təklifi o vaxt Milli Məclisdə vermişdim. Cərimələrin strukturunda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var”.

Müəllimlərə “hinduşkabaş” deyən direktor barədə QƏRAR verildi

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilir. Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.  Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Xatırladaq ki, müəllimləri təhqir etdiyi iddia olunan 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səsyazısı üzə çıxıb. Səsyazısında direktorun müəllimlərdən pul yığdığı, onlara qarşı uyğunsuz davranış sərgilədiyi, hətta müəllmlərə “hinduşkabaş” deyərək təhqir etdiyi məlum olub.

Tikinti ərazisinə qaya parçaları uçdu: ölən var

Türkiyənin Kayseri şəhərinin Qocasinan rayonunda sürətli qatar xəttinin tikintisi sahəsinə qaya parçaları uçub. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 1 işçi ölüb, 1 nəfər isə xəsarət alıb. Ərazidə işləyən 5 işçi isə xilas ola bilib. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Ukrayna poliqonu vurdu: 4 koreyalı zabit öldü

Xerson vilayətində Şimali Koreyadan olan 4 zabit öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıblar. “Şimali Koreyadan olan zabitlər cəbhənin bu hissəsində döyüşlərin necə getdiyini görmək, onların xüsusiyyətlərini, düşmənin hansı silahlardan istifadə etdiyini öyrənmək üçün Xerson vilayətinə yollanıblar. Təəssüf ki, onların olduğu poliqon vurulub. Dörd Şimali Koreya zabiti və daha 12 hərbçi həlak olub”, - məlumatda qeyd olunub. Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin “Dnepr” qruplaşmasının rəhbəri general Mixail Teplinski də həmin poliqonda olub. Lakin raket zərbəsindən bir neçə dəqiqə əvvəl Teplinski poliqonun ərazisini tərk edib.

Gəncədə şagird məktəbli yoldaşını bıçaqladı

Gəncə şəhərində məktəbli bıçaqlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib. On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya apaırlıb. O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Gəncədə azyaşlı xəstəxanada öldü

Gəncədə 4 yaşlı uşaq xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, hadisə şəhər Uşaq Xəstəxanasında baş verib. TƏBİB-dən bildirilib ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib: "Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunur".

Şara döyüşlərdən danışdı: Gözlənilən idi...

Suriyanın qərbində təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarları arasındakı qarşıdurmalar gözlənilən idi. Sozcu.az xəbər verir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara deyib. "Biz hamımız ölkədə milli birliyi qorumağa çalışmalıyıq, eləcə də sülh şəraitində birgə yaşamağa can atmalıyıq", - Şara bildirib. O, mülki insanlara hücumlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb. Qeyd edək ki, 6 martda Əsəd tərəfdarları Latakiya əyalətində Suriya təhlükəsizlik qüvvələrinə hücum edib. Bundan sonra Suriya əraziyə ordu yeridib və sahilyanı ərazidə komendant saatı tətbiq edib. Suriya hökumət qüvvələri artıq Əsəd tərəfdarlarının ələ keçirdiyi kəndlərə və Cəbləyə nəzarəti bərpa edib. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.

PKK qurultay keçirəcək - Özünü buraxacaq

PKK terror təşkilatının yaxın bir ay ərzində qurultay keçirəcəyi və özünü buraxacağı gözlənilir. Sozcu.az “Sabah”a istinadən xəbər verir ki, qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir. İclasda təşkilatın xeyli sayda üzvü iştirak edəcək. Qurultayın keçiriləcəyi yerdə təhlükəsizliyi İraq təmin edəcək. Qeyd edilir ki, terror təşkilatının narkotik vasitələr, silah və insan alverindən 40 milyard dollar məbləğində sərvəti var. PKK-nın bəzi üzvlərinin bu qazancdan əl çəkmək istəmədikləri üçün silahlarını yerə qoymaq məsələsində müqavimət göstərə biləcəyi güman edilir.  Eyni zamanda bildirilir ki, təşkilat ləğv olunandan sonra silahlar yığılacaq. Bunun üçün xüsusi mexanizmin yaradılması gözlənilir. Terrorçuların Suriya qanadının silahları təslim etməsi xüsusilə əhəmiyyətlidir. Qeyd edək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.

800 milyard avro AB-ni müdafiə ittifaqına çevirəcək - Leyen

Təklif olunan 800 milyard avroluq yeni müdafiə paketi AB-ni müdafiə ittifaqına çevirəcək. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının lideri Ursula fon der Leyen deyib. “Avropanı 800 milyarda yenidən silahlandırmaq təşəbbüsümüz bizə əsl müdafiə ittifaqı qurmağa imkan verəcək”, - Leyen bildirib.

Ağ Ev yaxınlığında atışma: yaralanan var

Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Məlumata görə, xüsusi xidmət orqanları silahlı şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Onun avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə şübhəli atəş açmağa başlayıb. Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Bildirilib ki, həmin vaxt Prezident Donald Tramp Ağ Evdə deyil, Floridadakı iqamətgahında olub.

Britaniya ABŞ-sız “Dörd Göz” alyansı yaratmaq istəyir

Böyük Britaniya Kiyevlə kəşfiyyat mübadiləsi aparmaq üçün ABŞ-sız “Dörd Göz” alyansı yaratmağı təklif edir. Sozcu.az xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri məlumat yayıb. “Söhbət “Beş Göz”dən (ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanı əhatə edən kəşfiyyat alyansı – red.) çıxmaqdan yox, onun çərçivəsində ABŞ-sız “Dörd Göz” yaratmaqdan gedir. Böyük Britaniyanın bəzi müdafiə rəsmiləri ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinə qadağa qoymaması üçün alyans daxilində alt qrup yaratmağı təklif edir”, - məlumatda qeyd olunub.

DÜŞMÜŞƏM

Yaxan boyu “tilsim düymə” çalındı, Yanmaq üçün sorağına düşmüşəm. Axşam-səhər, saçlarımı darayır, Bir həsrətin darağına düşmüşəm. Belə dərdə nə daş dözər, nə dəmir, Bilirsənmi, lal baxışlar nə demir?! Gecələri yol gəlmişəm bir ömür, O gözlərin “çırağına” düşmüşəm. Sünbül-sünbül uralanmış zəmiyəm, Bir kamanın kökdən düşən simiyəm. Bir dəryada, bir yelkənsiz gəmiyəm, Dalğa vurub, qırağına düşmüşəm. Ay Məhəbbət, nə dözümün, nə tabın, Çəkirsənmi, bir içində hesabın?! Bu dünyada sevgi adlı kitabın, Nə yaxşı ki, varağına düşmüşəm. Məhəbbət Kəlbəcərli

KİV: Suriyada martın 6-dan toqquşmalarda azı 532 mülki şəxs həlak olub

Suriyanın Aralıq dənizi sahilindəki Latakiya, Tartus və Hüms əyalətlərində martın 6-dan bəri baş vermiş toqquşmalarda azı 532 mülki şəxs həlak olub. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, toqquşmaların başlanğıcından həlak olanların ümumi sayı 745-ə çatıb. Bu rəqəmə 213 döyüşçü daxildir: yeni Suriya hakimiyyətinə tabe olan təhlükəsizlik qüvvələrinin 93 nümayəndəsi və keçmiş prezident Bəşər Əsədin tərəfdarları tərəfindən yaradılmış silahlı birləşmələrin 120 üzvü. Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Hüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli atışmalar Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.

Lerikdə 4 bal gücündə zəlzələ qeydə alınıb

Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə zəlzələlərin tədqiqatı bürosunun məlumat yayıb. Qeyd edək ki, bir neçə saat öncə İsmayıllıda da zəlzələ baş vermişdi.

KİV: Trampın qolf həvəsi ABŞ büdcəsinə 18 milyon dollara başa gəlib

ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində istirahəti yanvarın 20-də Ağ evə qayıtdığı vaxtdan amerikalı vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “HuffPost” portalı yazıb. Hesablamalara görə, bu müddət ərzində Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib. Yüksək xərclər sahələrin böyük ərazisi ilə bağlıdır ki, bunun mühafizəsinin təmin edilməsi üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və çoxlu sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edilməsi tələb olunur. Nəşr qeyd edib ki, ilk prezidentlik müddətində Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. Nəşr ikinci müddət üçün xərclərin daha çox olacağını ehtimal edir. 2024-cü ildə seçki kampaniyası zamanı hazırkı ABŞ Prezidentinə qarşı iki sui-qəsd cəhdi olub, onlardan biri Florida ştatının Uest-Palm-Biç şəhərində, Trampın qolf oynadığı yerin yaxınlığında baş verib.

"Barselona"nın oyunu təxirə salındı

La Liqanın 27-ci turu çərçivəsində bu gecə keçirilməli olan "Barselona" - "Osasuna" oyunu təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.  Görüşün təxirə salınmasına səbəb "Barselona"nın həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsidir.  Oyunun nə vaxt keçiriləcəyi barədə məlumat isə qeyd olunmayıb. Əlavə edək ki, "Barselona" hazırda turnir cədvəlində 57 xalla (26 matç) 1-ci, "Osasuna" isə 33 xalla 11-cidir (26 oyuna).

Türkiyənin ərazi sularında 50 qanunsuz miqrant saxlanılıb

Egey dənizinin Türkiyənin ərazi sularına daxil olan hissəsində 50 qanunsuz miqrant saxlanılıb. Sozcu.az xəbər verir ki, miqrantlar bölgədə patrul aparan Sahil Mühafizəsi Xidmətinin gəmi heyəti tərəfindən Türkiyənin İzmir vilayətinin Çeşmə və Karaburun rayonları sahillərinə yaxın bölgədə ələ keçiriliblər. İki rezin qayıqda aşkarlanan bu miqrantlardan 22-nin azyaşlı olduğu müəyyən edilib. Miqrantlar aidiyyatı qurumlata təhvil veriliblər.

Almaniya ABŞ-dən qırıcı təyyarələrin alınmasından imtina edə bilər

Almaniya ABŞ-dən 35 ədəd F-35A qırıcı təyyarəsinin alınması barədə müqaviləni ləğv edə bilər. “Report” “Bild”ə istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinger bildirib. O, Vaşinqton, Kiyevə verilmiş HIMARS reaktiv yaylım atəş sistemlərinin buraxıcı qurğularında olduğu kimi, qırıcı təyyarələrdə də məsafədən idarə olunan “qəza söndürücüsü” quraşdırarsa, ABŞ-dən qırıcı təyyarələrin alınmasından imtina edilə biləcəyini açıqlayıb. “Əgər ABŞ-nin gələcək alman F-35-ləri ilə də Ukrayna ilə davrandığı kimi davranacağından ehtiyat etməli olsaq, müqavilənin ləğv edilməsini nəzərdən keçirə bilərik”, – o qeyd edib.

Yaponiya sahilində güclü zəlzələ olub

Yaponiyaya məxsus Rükü adalarının sahilində 5,9 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına əsasən, zəlzələ Bakı vaxtı ilə saat 03:42-də təxminən 555 min əhalisi olan Kaqoşima şəhərindən 315 km cənubda qeydə alınıb. Yeraltı təkanların ocağı 27 km dərinlikdə yerləşib. Zərərçəkmişlər və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.