İsrailə uçuşlar dayandırıldı: AZAL da siyahıda…

İsrailin Ben-Qurion hava limanı husilər tərəfindən hipersəsli ballistik raketlərlə hədəfə alınıb. Raket zərbələri nəticəsində hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bəzi reyslər dayandırılıb. Sozcu.az xəbər verir ki, məlumatı “Yerusəlim Post” nəşri yayıb. Qeyd olunub ki, son hadisələrlə əlaqədar bir neçə beynəlxalq aviaşirkət İsrailə uçuşları 7 may tarixinədək dayandırıb. Uçuşları dayandıran aviaşirkətlər arasında Azərbaycan Hava Yolları (AZAL) da yer alır.

İran bu partlayışa görə 5 milyard dollar itirdi

Aprelin 26-da Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində İran 5 milyard dollara qədər ziyana məruz qalıb. Sozcu.az xəbər verir ki, bunu İranın telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsün Sədr deyib. Onun sözlərinə görə, dəymiş ziyanın miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrinin aradan qaldırılmasını gözləyir. Qeyd edək ki, Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 57 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb.

Faciəvi şəkildə ölən şəxs FHN əməkdaşı imiş

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə nəticəsində həyatını itirən K.Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub. K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq

Ürək-damar xəstəlikləri ilə bağlı dərman vasitələrinin resept əsasında icbari tibbi sığorta tərəfindən qarşılanması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə deyib. O bildirib ki, növbəti mərhələdə həzm və tənəffüs xəstəliklərinin dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulub.

Ev alanda 2 dəfə düşünün - Çıxarış almaq mümkün deyil - AÇIQLAMA

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda daşınmaz əmlak üzərində 86708 mülkiyyət hüququ qeydə alınaraq çıxarışla təmin edilib. Əmlak məsələləri dövlət xidmətinin məlumatına əsasən, bunun 14224-ü fərdi yaşayış evləri və bağ evləridir. 19200-ü mənzillərdir, 49386-sl isə torpaq sahələrinin payına düşür. Bi tərəfdən qeydiyyatsız evlərin sənədləşdirilməsi üçün işlər görülür, amma digər tərəfdən yeni sənədsiz evlər hətta məhəllələr inşa edilir. Söhbət qiymətinin ucuz olması ilə alıcıları cəlb edən makler evlərdən gedir.  Bəs bu evlərin hansı problemləri olur?  Məsələ ilə bağlı Moderator.az-a daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, qanunla icazə verilməyən ərazilərdə tikilən əmlakların leqallaşdırılması nəzərdə tutulmayıb və buna ümid etməyə də ehtiyac yoxdur: "Bəzi vətəndaşlar düşünürlər ki, onların aldıqları evlər gələcəkdə leqallaşa bilər. Təəssüflər olsun ki, bununla bağlı heç bir əsas yoxdur. Vətəndaş birinci növbədə bilməlidir ki, leqallaşdırdığı halda o əmlakın özünü də riskə atır. T'bii ki, vətəndaş orda qeydiyyatda olmur. Sığorta hallarından da istifadə edə bilməyəcək və qanunla nəzərdə tutulmuş imtiyazlardan və imkanlar məhdudlaşdırılmış olur. Əsasən, əmlak bazarında vasitəçilikdə məşğul olan sahibkarlar, maklerlər qeyri-yaşayış təyinatlı torpaqları alaraq bu evləri tikir və ucuz qiymətə satır. Bu ərazilərdə isə payız, qış vaxtı bataqlıq zonalar əmələ gəlir. Bundan əlavə evə yaxın ərazilərdə məktəb, uşaq bağçası olmur. Ən əsası isə bu evlərin keyfiyyəti aşağı olur".  Məsələ ilə bağlı hüquqşünas Nəriman Əliyev bildirib ki, rəsmi sənədi olmayan evlərin mülkiyyət hüquqlarının mühafizəsi də mümkün olmur: "Bu cür evlər sökülə də bilər, dövlət ehtiyacları tərəfindən müsadirə də edilə bilər. Belə ki, mülkiyyət hüququ həm sərəncam, həm sahiblik, həm də istifadə hüququnu özündə birləşdirir. Daşınmaz əmlak mülkiyyət hüququ isə onun rəsmi olaraq dövlət tərəfindən qeydiyyata alındığı andan əmələ gəlir. Əgər bu mülkiyyət hüququ dövlət tanınmırsa, bu vətəndaşlar gələcəkdə mülkiyyət hüququnun tanınması istiqamətində böyük çətinliklərlə üzləşə bilərlər".  Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-dən çıxarışla təmin olunmamış evlərə komunal xidmətlərin göstərilməsi, qadağan olunub. Amma buna baxmayaraq maklerlər tikdikləri evləri müxtəlif yollarla kommunikasiya xətlərinə qoşmağa çalışırlar. Müvafiq qurumlar isə hər an bu xətləri kəsə bilərlər.

Təcili: Ukrayna hərəkətə keçir – 9 Mayda Moskvaya mesaj, dünyaya xəbərdarlıq

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada 9 May – Qələbə Günü paradına qatılmağı planlaşdıran xarici ölkə nümayəndələrinin təhlükəsizliyi ilə bağlı risklərə diqqət çəkib. O, Rusiya paytaxtında keçiriləcək tədbirdə iştirakın müəyyən təhlükələr daşıdığını vurğulayıb. Buna cavab olaraq, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media hesabında sərt açıqlama verib. O bildirib ki, Qələbə Günü təxribat baş verərsə, Kiyev mayın 10-nu görməyəcək. Bəs Zelenski bu riski gözə alacaqmı? Bu barədə Moderator.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Zelenskinin bəyanatı əsasən xəbərdarlıq və mesaj xarakteri daşıyır: "Düşünmürəm ki, 9 Mayda – bir çox xarici dövlət rəhbərlərinin də iştirak edəcəyi bir tədbir zamanı Moskvaya birbaşa hücum həyata keçirilsin. Doğrudur, Ukraynanın belə bir təcrübəsi var – bir müddət əvvəl PUA-lar Kremlə qədər uça bilmişdilər. Lakin bu bəyanat daha çox həmin tədbirdə iştirak edəcək ölkələrə siyasi mesaj xarakteri daşıyır". Politoloq qeyd edir ki, Zelenskinin əsas məqsədi bu bəyanat vasitəsilə həmin dövlətlərin diqqətini Rusiya-Ukrayna müharibəsindəki təhlükəli vəziyyətə yönəltməkdir: "Şübhəsiz ki, Zelenski yaxşı başa düşür ki, 9 Mayda Moskvaya zərbə endirilsə, bunun qarşılığı çox sərt ola bilər. Üstəlik, tədbirdə iştirak edən xarici dövlət rəhbərləri də təhlükə altına düşərsə, bu, Ukraynanın beynəlxalq imicinə mənfi təsir göstərə bilər". O. Qasımov hesab edir ki, Zelenski Moskvanın birbaşa hədəf alınmasından çəkinəcək. Lakin  həmin günlərdə Rusiyanın digər bölgələrində hərbi obyektlərə və infrastruktur nöqtələrinə hücumlar həyata keçirilə bilər: "Bu hücumlar da Ukraynanın özünü müdafiə hüququ çərçivəsində qiymətləndirilə bilər. Ukrayna təcavüzə məruz qalmış bir ölkədir və atdığı addımlar da əsasən bu çərçivədə dəyərləndirilməlidir". Sonda politoloq vurğulayıb ki, Moskvanın 9 Mayda hədəf alınması ehtimalı aşağıdır. Çünki bu, Ukrayna üçün beynəlxalq aləmdə əlavə diplomatik risklər yarada bilər.

DİQQƏT! – Bu tarixlərdə Azərbaycanda zəlzələ olacaq?

May ayında Günəş fəallığının artması Yer kürəsində bir neçə maqnit qasırğasının qeydə alınmasına səbəb olacaq. Mütəxəssislərin proqnozlarına əsasən, bu hadisələr müxtəlif günlərdə müxtəlif intensivliklə baş verəcək və xüsusilə meteohəssas insanlar üçün sağlamlıq problemləri yarada bilər. 4-5 may – orta səviyyəli maqnit aktivliyi (G1-G2 səviyyəsində)  11 may – aşağı səviyyəli dalğalanmalar 16-18 may – güclü maqnit qasırğası (G3 səviyyəsində) 23 may – yenidən orta güclü aktivlik 28-29 may – zəif maqnit dəyişiklikləri Xüsusilə G3 səviyyəsində olan maqnit qasırğaları bəzi bölgələrdə texnoloji sistemlərə və rabitəyə təsir göstərə bilər. Həmçinin, ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərdə baş ağrısı, yuxusuzluq, halsızlıq kimi simptomların artması mümkündür. Sozcu.az xəbər verir ki, son dövrlər sosial şəbəkələrdə maqnit qasırğaları ilə zəlzələlər arasında əlaqə ola biləcəyi barədə iddialar yayılıb. Bu narahatlıqlar əsasən Günəş fəallığının artdığı dövrlərdə baş verən bəzi zəlzələ hadisələri ilə üst-üstə düşən təsadüfi vaxtlara əsaslanır. Lakin elmi cəhətdən bu iddiaların əsaslandırılması üçün kifayət qədər sübut yoxdur. Geofiziklər bildirirlər ki, zəlzələlər Yerin daxili qatlarında baş verən təbii geoloji proseslərin nəticəsidir. Əsas səbəb tektonik plitələrin hərəkətidir. Bu proseslər minlərlə kilometr dərinlikdə baş verdiyindən, Günəşdən gələn maqnit sahəsindəki dəyişikliklərin bu hərəkətlərə təsir etmək ehtimalı praktiki olaraq yoxdur. Bəzən insanlar Günəş fəallığının artdığı dövrlərdə zəlzələ hadisələrinin çoxaldığını müşahidə etdiklərini deyirlər. Amma bu, yalnız təsadüfi zaman uyğunluğudur. Statistika və elmi təhlillər bu iki hadisə arasında səbəb-nəticə əlaqəsini sübut etmir. Zəlzələlər geoloji aktiv zonalarda baş verir və onların baş vermə vaxtını dəqiq proqnozlaşdırmaq hələ ki, mümkün deyil. Eyni mövzu ilə bağlı NASA və Avropa Kosmik Agentliyi (ESA) kimi nüfuzlu qurumlar da dəfələrlə açıqlama verərək bildiriblər ki, Günəşdəki partlayışlar və nəticəsində yaranan maqnit qasırğaları Yer kürəsində seysmik aktivliyə səbəb olmur. Bu baxımdan, may ayında gözlənilən maqnit qasırğaları ilə bağlı ictimaiyyətin zəlzələ riski ilə bağlı narahatlığı elmi əsaslara söykənmir və bu kimi xəbərlərin yayılması panika yaratmaqdan başqa bir nəticə vermir.yenisabah)

Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib

"2030-cu ilə kimi tikiləcək 10 yeni stansiyanın dəqiq yerlərinin müəyyənləşdirilməsi prosesi tamamlanmaq üzrədir". Bu fikirləri "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib. O bildirib ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, 10 yeni stansiyanın 6-sı "bənövşəyi" xəttin, 4-ü isə "yaşıl" xəttin üzərində yerləşəcək: "Stansiyalar arasında tunellərin və keçid yollarının layihələndirilməsi işi aparılır". B.Məmmədov əlavə edib ki, yeni stansiyalar sayəsində Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlər şəhər mərkəzinə daha rahat şəkildə çatacaqlar: "Yeni şəbəkə "Nizami", "Sahil" və "Xətai" stansiyalarında digər xətlərlə keçidi təmin etməklə sərnişin axınını xeyli optimallaşdıracaq. "Yaşıl" xətt üzərində yerləşəcək 4 yeni stansiya isə 8 Noyabr prospektindən Əhmədliyə qədər olan ərazilər və ətraf kəndlər üçün mühüm əhəmiyyət daşıyacaq. Layihə, həmçinin, xətlərin ayrılması baxımından da önəmlidir".Oxu.az

Bakıda oğul atasını öldürdü

Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Rahib Tağıyev küçəsi ev 20-də baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirova bir neçə bıçaq zərbəsi vurub. N.Əmirov hadisə yerində ölüb. M.Əmirovun özü də xəsarət alıb. O, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sırrı Süreyya Öndər vəfat etdi

Ürək xəstəliyi səbəbindən uzun müddətdir reanimasiyada olan DEM Partiyasından olan millət vəkili, TBMM sədr müavini Sırrı Süreyya Öndər vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Bildirilib ki, 62 yaşlı Öndər müalicəsinin 18-ci günündə çoxsaylı orqan çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Vuçiç xəstəxanaya yerləşdirildi

Serbiya prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib. Sozcu.az bu barədə Serbiya mediasına istinadən xəbər verir. Onun Belqraddakı Hərbi Tibb Akademiyasına yerləşdirildiyi bildirilir. Məlumata görə, Vuçiç ABŞ-yə səfəri zamanı özünü pis hiss edib və səfərini yarımçıq qoymaq qərarına gəlib. Rəsmi qurumlar siyasətçinin səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.

Bütün bunlar müharibənin sonunda baş verəcək - Zelenski

Xarici hərbi kontingentin Ukraynaya gəlməsi yalnız müharibə başa çatdıqdan sonra mümkündür. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib: “Bununla belə, bütün bunlar müharibənin sonunda baş verəcək. Siz başa düşürsünüz ki, heç kim hərbi əməliyyata cəlb olunmaq üçün Ukraynaya sadəcə olaraq öz qoşunlarını göndərməklə risk etməyəcək. Hətta heç kim olmasa da, əksər ölkələr”. Zelenski qeyd edib ki, “Arzulayanlar koalisiyası”nın iştirakçıları arasında öz hərbi kontingentini Ukraynaya göndərməyə hazır olanlar da var. “Biz bunu çox dəstəkləyirik”, - deyə Prezident bildirib. Ukrayna Prezidenti vurğulayıb ki, bəzi ölkələr atəşkəsdən sonra Ukrayna və Rusiyanın təkbətək qalmasını istəyəcək. Artıq belə siqnallar qeydə alınır. “Görürsünüz, hətta ilk addımı - atəşkəsi əldə etmək nə qədər çətindir. Təsəvvür edin, hamı başa düşür, ərazi məsələsi, sanksiyalar – bütün bunlar nə qədər çətin olacaq. Ona görə də elə siqnallar var ki, böyük ehtimalla atəşkəs haqqında razılığa gələndən sonra bəzi ölkələr bizimlə rusların təkbətək qalmasını istəyəcək. "Bunlar məhz belə siqnallardır", - deyə Zelenski ABŞ-ın danışıqları tərk etməsi ilə bağlı suala cavabında bildirib. Eyni zamanda, Prezident vurğulayıb ki, Avropa Ukraynanın yanında olacaq, “çünki çoxlu əlaqədar məsələ var”. ABŞ-ın danışıqlar prosesindən geri çəkilməsi ehtimalı ilə bağlı Zelenski deyib: “Mənə elə gəlir ki, onların belə düşüncələri var, çünki hər şey həqiqətən çox çətindir”.

Rusiyanın "arteriyasına" ağır zərbə hazırlanır

ABŞ hakimiyyəti Ukraynadakı müharibəni həll etmək məqsədilə Moskvaya təzyiq göstərmək üçün bank və enerji sektorlarında Rusiyaya yeni sanksiyalar hazırlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb. “ABŞ rəsmiləri Prezident Donald Trampın Ukrayna müharibəsinə son qoymaq səylərini dəstəkləmək üçün Moskvaya təzyiqi artırmaq məqsədilə bank və enerji sahələri də daxil olmaqla, yeni iqtisadi sanksiyaları yekunlaşdırıblar”, - məqalədə deyilir. Qeyd olunur ki, sanksiyaların hədəfi Rusiyanın dövlət enerji nəhəngi “Qazprom” və təbii ehtiyatlar və bank sektoru ilə əlaqəli iri müəssisələrdir.

Rusiyanın itkiləri 955 mini ötdü

Ukrayna müharibənin 1165-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 955 470 hərbçi, 10 745 ədəd tank, 22 369 ədəd zirehli döyüş maşını, 27 186 ədəd artilleriya sistemi, 1 375 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 153 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 47 003 ədəd avtomobil texnikası, 34 665 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 870 xüsusi avadanlıq itirib.

11 çayda suyun səviyyəsi qalxdı

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açqılanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 3-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 22 sm, Əyriçay-Ağyazı və Vəlvələçay-Afurcada 16 sm, Qusarçay-Kuzunda 7 sm, Qudiyalçay-Qımılda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 11 sm, Tərtərçay-Vəngdə 8 sm, Bərgüşadçay-Əliquluuşağıda 6 sm, Quruçay-Böyük Tağlarda 2 sm artım qeydə alınıb.

Kondisioneri əvəz edəcək yeni üsul - Evi anında soyudur

İsti havaların yaxınlaşması ilə bir çox insanlar kondisionerə ehtiyac olmadan evlərini sərin tutmağın praktik yollarını axtarırlar. Temperaturlar yavaş-yavaş isinməyə başladığı üçün vətəndaşlar evdə sərin qalmağın ucuz yollarını axtarmağa başlayıblar. Kondisionerlərin yüksək enerji istehlakı və ventilyatorların real soyutma təmin edə bilməməsi səbəbindən bir çox insanlar diqqəti cəlb edən praktik və ucuz bir üsula müraciət etdilər: alüminium folqa. Supermarketlərdən sərfəli qiymətə əldə edə biləcəyiniz mətbəx tipli alüminium folqa pəncərə şüşələrinə yapışdırılaraq istifadə olunur. Bu üsul birbaşa günəş işığı alan pəncərələrdə xüsusilə təsirlidir. Parlaq səth folqa günəş işığını əks etdirir və istiliyin daxil olmasına mane olur. Beləliklə, otaqların temperaturu nəzərəçarpacaq dərəcədə azalır. Mütəxəssislərin fikrincə, folqa adi pərdələrdən daha yaxşı istilik əks etdirici rolunu oynayır. O, günəşin pəncərə şüşəsindən keçməsinin qarşısını alır və içərini daha da qızdırır, beləliklə, kondisionerə ehtiyacı azaldır. Kondisioner qədər effektli olmasa da, folqa üsulu və bu kimi sadə tədbirlər yayın istisində sərin qalmağınıza və elektrik enerjisinə qənaət etməyə kömək edə bilər. Üstəlik, tətbiq etmək asandır və dəyəri demək olar ki, əhəmiyyətsizdir. /Milli.az/

Traxtorun qələbəsi - Güney Azərbaycanın sevinci

Traxtorun çempionluğu Güney Azərbaycanın şəhərlərində coşqu ilə qeyd edilib. Traxtorun çempionluğu rəsmiləşdikdən sonra Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin, Tehran, Qum, Maku, Sulduz, Tikan Təpə, Astara, Kəlibər, Xalxal, Xiyav, Xoy, Salmas, Qoşaçay, Sayınqala və başqa bir çox şəhərlərdə insanlar küçələrə axlşaraq bayram keçirib, milli şüarlar səsləndiriblər. Ötən gecə Təbrizdə minlərlə Güney Azərbaycan türkü "Təbriz, Bakı, Ankara, biz hara farslar hara?!” şüarı səsləndiriblər. Təbrizlilər Qərbi Azərbaycandakı kürd terror qruplaşmaları və onların Tehrandakı havadarlarına xəbərdarlıq olaraq, "bu torpağdan pay olman Urum Kürdüstan olmaz" şüarları səsləndiriblər. Urmuda isə minlərlə Azərbaycanlı "Urmu türkündür, türkün, qalacaq", "Təbriz, Zəncan, Ərdəbil; Bu səs Urmudan gəlir”, “Türk Dilində mədrəsə olmalıdır hər kəsə” şüarları ilə Urmu Dövlət Meydanına axışıblar. Zəncanın müxtəlif yerlərində, o cümlədən El Dağında minlərlə Zəncanlı Azərbaycan mahnıları və rəqsləri ilə bayram keçiriblər. Ərdəbildə də Təbrizdə olduğu kimi, qələbə sevinci ilə yanaşı, milli şüarlar səsləndirilib.

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun həyat yoldaşına qarşı zorakılığı barədə sensasion xəbər şok effekti yaratdı. Təkcə ona görə yox ki, zorakılığı törədən şəxs ölkədə tanınmış şəxsin övladıdır, həm də ona görə ki, döydüyü, dəhşətli zorakılığa (fotolardan aydın görünür) məruz qoyduğu qadın həyat yoldaşı və üstəlik, hamilə olub. Nəticədə qadın övladını itirib. Məhəmməd Pənahovun törətdiyi hadisənin xəbər yükü də ilk növbədə bir qadına qarşı törədilən zorakılıqdır. Daha sonra isə onun məhz Məzahir Pənahovun övladı olması diqqəti çəkir. Amma bütün bunlara – oğlunun törətdiyi əməllərə görə Məzahir Pənahovun əlbəttə ki, heç bir məsuliyyəti yoxdur. Burada əsas məsələ Məzahir Pənahovun heç bir yerdə işləməyən oğlunun ABŞ-da, özü də bu ölkənin ən bahalı bölgələrindən olan Los-Ancelesdə yaşadığı dəbdəbəli həyatdır. Cütlük kifayət qədər lüks həyat şəraitinə malik olub. Oğul Pənahovun həyat yoldaşına qarşı zorakılığının səbəblərinin də dəbdəbəli həyatın yaratdığı pis vərdişlərdən qaynaqlandığı deyilir. Yayılan xəbərin yaratdığı ikinci sensasiya məhz budur: 2022-ci ildə Bakıda ailə həyatı quran oğul Pənahov ABŞ-a köçüb və Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir iş yeri, məşğuliyyəti, qazanc mənbəyi olmayıb, lakin bu onun Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağına maneçilik törətməyib. Los-Anceles, Hollivud ulduzlarının yaşadığı Bel-Eyr bölgəsi və 2 milyon 35 min 400 dollarlıq villa. Britaniyanın “Halifax”, “Natwest” bankları, ABŞ bankları, eləcə də Dubayda heç vaxt boş olmayan bank hesabları... Bu arayış bütün diqqəti məhz Məzahir Pənahovun üzərinə yönəldir. MSK sədri Məzahir Pənahovun aylıq vəzifə maaşı 3 min manatdır. Uzun illər fəaliyyət göstərdiyi postun yaratdığı müəyyən üstünlüklər də ola bilər, misal üçün, dövlət mükafatları, çoxillik iş təcrübəsinə görə mükafatlar və s. Amma Məzahir Pənahovun aylıq maaşı və rəsmi şəkildə əldə edə biləcəyi maliyyə imkanları Los-Ancelesdə 2 milyonluq villa almasına yetərli ola bilməz. Hesablamağa çalışaq: Məzahir Pənahovun aylıq maaşı 3 min manatdırsa, oğlunun aldığı 2 milyon 35 min 400 dollarlıq villanı almaq üçün yemədən-içmədən 679 ay işləməlidir və bu, 56 il 8 ay edir. 74 yaşlı Pənahov 2000-ci ildən MSK-nın sədridir. Belə bir hesablama bütün riyazi məntiqi alt-üst edir... Məzahir Pənahovun oğlunun hamilə arvadını döyməsi xəbərində ikinci, əslində əsas sensasiya da məhz burada gizlənib. Atası 3 min manat maaş alan, özü heç bir yerdə işləməyən oğul Pənahov 2 milyonluq villanı necə alıb? Ümumiyyətlə, oğul Pənahov ABŞ-da işləmirsə, orda biznesi yoxdursa, niyə və hansı vəsaitlə Los-Ancelesdə, ən bahalı məhəllədə yaşamalıdır? Sualın cavabı varmı?.. Asif Nərimanlı Axar.az

Nazirlikdən qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır: "İntensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Bundan əlavə, qərb küləyi fonunda havanın temperaturunun yüksəlməsi nəticəsində bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur".

ABŞ Rusiyaya təzyiq üçün variantlar hazırlayıb

Prezident Vladimir Putin Ukraynada müharibəni dayandırmağa tələsmədiyi üçün ABŞ administrasiyası Rusiyaya iqtisadi təzyiqi artırmaq məqsədilə bir sıra variantlar hazırlayıb. Sozcu.az xəbər verir ki, “Blumberq” adının açıqlanmasını istəməyən Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb. “Diplomatik səylər davam etdiyi üçün Prezident Donald Tramp hələ qərar verməyib. Yekun qərar yalnız prezident tərəfindən veriləcək”, - məlumatda qeyd olunub.

Xocalıda hərbi sursat partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci il 2 may tarixində hərbi sursatın partlaması hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub. Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Sərhədçilərimizə atəş açıldı - Ölən və yaralanan var

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, mayın 1-i saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb. Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin cənub-şərq istiqamətində keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı hədəfin saxlanılması məqsədilə saat 22:40-da sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilib, xəbərdarlıq atəşi açılıb. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib, nəticədə sərhəd pozucularının hər ikisi yaralanıb. Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularının ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi üzrə təxirəsalınmaz tədbirlər görülüb. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq sərhəd pozucularından birinin həyatını xilas etmək mümkün olmayıb. Digər sərhəd pozucusunun isə müasir tibb müəssisəsində müalicəsi davam etdirilir. Layner tipli itisürətli üzmə vasitəsinə keçirilmiş baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd “Garmin” markalı GPS və 1 ədəd “THURAYA” markalı peyk telefonu aşkarlanaraq götürülüb. İlkin araşdırma tədbirləri nəticəsində sərhəd pozucularının İran vətəndaşları – 1985-ci il təvəllüdlü Qaranicat Nuri Qurban Məhəmməd (yaralı) və 1990-cı il təvəllüdlü Uməhəmmədi Behsad Saleh (ölən şəxs) olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məzahir Pənahovun oğlu arvadına dəhşətli işgəncələr verib - İDDİA + FOTO

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir. Sozcu.az xəbər verir ki, o, Haqqin.az-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb. Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib. O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub. Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məlumat üçün bildirək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.

Bunları antiteror əməliyyatlarında gördük - Eyvazov

Müasir döyüş üsullarının öyrənilməsi, yeni tendensiyaların orduya tətbiq edilməsi yollarını antiteror əməliyyatlarında gördük. Sozcu.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində müdia gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında peşəkarcasına döyüşən ordu fəaliyyət göstərib. “Qarabağda heç bir mülki insana, abidələrə zərər gəlməməli idi. Bu kimi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri erməni birləşmələrinin qalıqlarını ölkə ərazisindən təmizlədi”, - deyə o bildirib.