Ukraynada Rusiyanın daha 1040 hərbçisi, 1 qırıcısı MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 162560 (+ 1040) nəfər canlı qüvvəsi, 3504 (+12) tank, 6810 (+11) ədəd zirehli döyüş maşını, 2539 (+11) ədəd artileriya sistemi, 503 (+1)) reaktiv yaylım atəşi sistemi, 265 (+3) hava hücumundan müdafiə sistemi, 305 (+1) təyyarə, 289 (+0) helikopter, 2145 (+13) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5394 (+17) avtomobil texnikası və avtosistern, 257 (+0) xüsusi texnikası məhv edilib.

DSX kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb

Dövlət Sərhəd Xidməti (DSX) kafedə qətlə yetirən əməkdaşı barədə məlumat yayıb. Məlumatda deyilir: Mart ayının 16-da saat 00:30 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat etmişdir. Baş Gizir Cəsarət Vəliyev, 44 günlük “Vətən Müharibəsi”ndə və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

Neft kəskin ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri kəskin ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,63 dollara, yüngül neftin bir barreli isə 68,42 dollara təklif olunur.

Maştağada qətl: evinin qarşısında öldürüldü

Martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Əli Seyidlinin ürək nahiyəsindən kəsici-deşici, üz nahiyəsindən isə küt alətlə yetirilmiş xəsarət nəticəsində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Azərbaycanda bu nazir vəzifədən çıxarıldı - Yeni təyinat

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim edəcək.

Urmiyada məhbusu işgəncə ilə öldürdülər

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasında siyasi məhbus Şirzad Əhmədinejad işgəncə ilə öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Yaxınlarının bildirdiyinə görə, məhbusun cənazəsi ailəsinə təhvil verilməyib. Ölüm xəbəri yayıldıqdan sonra martın 15-i gecə saatlarında Şirzad Əhmədinejadın doğulduğu Bukan şəhərində etiraz aksiyaları olub.

Əsəd Ərdoğanla “görüş şərtini” açıqladı

Türkiyə qoşunları Suriya ərazisindən çıxacağı təqdirdə Ərdoğanla görüşməyə hazıram. Sozcu.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib. “Ərdoğanla görüşə gəlincə, bu, Türkiyənin aydın formada və heç bir qeyri-müəyyənlik olmadan Suriya ərazisindən ordusunu tam çıxarmasına, vəziyyətin Suriyada müharibə başlamazdan əvvəlki vəziyyətinə qayıtmasına bağlıdır. Bu, mənim Ərdoğanla görüşümün baş tuta biləcəyi yeganə variantdır. Bundan başqa, belə bir görüş Suriyadakı müharibə üçün yekun nəticələrə gətirib çıxarmayacaqsa, onu təşkil etmək nəyə lazımdır?” - Əsəd bildirib. Onun sözlərinə görə, Türkiyə Suriyadakı müharibədə neqativ rol oynayıb, Dəməşqin terrorçu hesab etdiyi təşkilatları dəstəkləyib və ordusunu Suriya ərazisinə yeridib: “Türkiyə bizim üçün işğalçı dövlətdir”.

Ankarada TDT Nazirləri Şurasının iclası başladı

Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Sozcu.az xəbər verir ki, toplantını Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu açıq elan edib. O, zəlzələ ilə əlaqədər ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.

Rəqqasə Fatimənin köməkçisini maşın vurdu

Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadəni yolu keçərkən avtomobil vurub. Sozcu.az xəbər verir ki, rəqqasə Baku.vs-ə açıqlamasında hazırda Musa Nağıyev adına xəstəxanada müalicə alan Aytacın səhhətinin yaxşı olmadığını bildirib. “Köməkçimin vəziyyəti yaxşı deyil. Onu tezliklə 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) göndərəcəyik. Avtomobil vurduqdan dərhal sonra onu bura gətiriblər. Bir az burada qalmalıdır. Onu tərpətmək olmaz. Çünki kəllə-beyin travması alıb. İndi ümidimiz həkimlərin rəyinədir. İnşallah ki, ödəm olmaz. Gözləyirik ki, nəticələri yaxşı çıxsın. Hazırda hissiyyatı var, özündədir, amma danışmır. Yaxşı ki, qan daxildə qalmayıb. Daxildə qalsa idi, daha da pis ola bilərdi”. Məlumat üçün bildirək ki, bədbəxt hadisə Bakının Binəqədi rayonunda baş verib. Belə ki, Aytac "Kratos" restoranından çıxaraq əks tərəfə keçmək istəyəndə onu minik avtomobili vurub. Gənc xanım subaydır.

Bakıdan sülhlə bağlı yeni təkliflər almışıq - Paşinyan

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb: “Biz yaxın gələcəkdə öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh perspektivinə sadiqik”.

Faktlarımız var: Tehran Bakıya qarşı müharibəyə hazırlaşır – Şok

İranın PKK ilə əlaqələri uzun illərdir ki, mövcuddur və bu, hamıya məlumdur. Sözügedən əlaqələr dəfələrlə Türkiyə-İran münasibətlərinin əsas gündəm mövzularından olub. Bu sözləri Axar.az-a İranın terror təşkilatları ilə əlaqələri haqqında danışan Türkiyədə fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid deyib. Mütəxəssis İranın Azərbaycan və Türkiyə sərhədinə yaxın məsafədə yerləşən bir kəndi PKK-nın ixtiyarına verdiyini qeyd edib: “Son iki ildə daxili işlər naziri Süleyman Soylu da bir neçə dəfə İranı PKK məsələsində üzərinə düşənləri yerinə yetirmədiyinə görə sərt tənqid edib. Səbəb isə rəsmi Tehranın Qərbi Azərbaycan vilayətində Avacıq şəhərinin kəndlərindən birini PKK-nın ixtiyarına verməsidir. Sözügedən ərazi həm Türkiyə, həm də Azərbaycanın Culfa rayonu ilə sərhədə yaxındır. Bu addım Türkiyənin PKK-ya qarşı mübarizəsinə müəyyən əngəllər törədir. Yəni Şimali İraqda terror təşkilatına qarşı əməliyyat keçiriləndə terrorçular ordan qaçaraq Avacıqdakı kənddə gizlənirlər. Digər tərəfdən, biz Türkiyənin əməliyyat keçirmək istədiyi zamanlarda İranın və onun Qüds Qüvvələri Komandanlığının dəstəklədiyi Haşdi-Şabi qruplaşmasına bağlı Kataib Hizbullah və digər şiə milislər tərəfindən Başika hərbi bazasına hücumlar təşkil edildiyinin şahidi oluruq. Hətta oradakı bəzi İrana yaxın müctehidlər “kafirə qarşı vuruşmaq” haqqında cihad fitvası verə biləcəklərini də vurğulayıblar”. Babək Şahid İranın Qüds qüvvələrinin Suriyada ermənilərdən ibarət terror qruplaşmalarının qurulmasına və fəaliyyətinə ciddi dəstək verdiyini qeyd edib: “İrana bağlı qruplar ilə ermənilər arasında əlaqələrin doğurduğu terror qruplaşmalarından ən məşhuru Masis Mutanyanın başçılıq etdiyi Nübar Ozanyan Briqadasıdır. Briqada İranın Qüds qüvvələrinin dəstəyi ilə 2019-cu ildə Suriya ermənilərindən təşkil olunub. Terror təşkilatının hazırda 500-ə yaxın üzvü var. Belə “könüllü”lər vasitəsilə İran, Bəşər Əsəd və ermənilər arasında körpü qurulur və koordinasiya edilir. Digər qruplaşma Suriyadakı müharibə zamanı YPG terror təşkilatının tərkibində Süryani Birliyinin qolu kimi fəaliyyətə başlayan Suturo Briqadasıdır. Briqada 2014-cü ildə YPG-dən ayrılıb və İranın Qüds qüvvələri ilə yaxınlaşıb. Qarşılıq olaraq isə Qüds qüvvələri Qamışlı kəndindəki təlim düşərgələrindən birini sözügedən terror dəstəsinə verdi. Düşərgənin adını “Ağa Petros” qoydular. Ağa Petros 1918-ci ildə Cənubi Azərbaycanda Cilovluq faciəsini törədən ermənilərin başçısıdır. Hazırda Ermənistanda Daşnaksütyun Partiyasının sədri olan Hrant Markaryan bu ölkə ilə İranın Qüds qüvvələri arasındakı əlaqələrin qurulmasında vasitəçilik edir. Qeyd edim ki, Markaryan 1958-ci ildə İsfahan şəhərində Culfa məhəlləsində dünyaya gəlib, orada universitetdə erməni dili üzrə təhsil alıb, 1992-ci ildə isə Ermənistana gedib. Haşdi Şabiyə bağlı digər bir terrorçu dəstə isə Kataib Babiliundur. Tərcüməsi “İncil Briqadaları” deməkdir. Bu terrorçu qruplaşma rəsmi şəkildə Qüds qüvvələrinin tərkibindəki Bədr Ordusu ilə sıx əlaqədədir. Rəhbəri Rayan əl-Kəldani isə ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır. Kataib Babiliun Haşdi Şabi içərisində “50-ci Briqada” kimi də tanınır və təqribən 1000 nəfərlik terrorçudan ibarət olduğu bildirilir. Siyahıya Kataib Babiliuna yaxın olan Sehl-i Ninova terror qruplaşmasını da əlavə etmək olar”. Ekspert bildirib ki, VOMA terror təşkilatı haqqında Azərbaycan mətbuatında da çoxlu yazılar gedib. Bu terror təşkilatının başçısı Vladimir Vartanov Ermənistan vətəndaşıdır və onun PKK ilə çox yaxın əlaqələri var: “Vartanovun ən az 300 nəfər PKK terrorçusunu Ermənistana apardığı haqqında dəqiq məlumat var. Bunların hərəkət marşrutu isə böyük ehtimalla İran ərazisindən keçir. Terrorçuların İrana məxsus təyyarələr ilə daşınması da mümkündür”. Babək Şahid İranın sözügedən terror təşkilatlarından da istifadə etməklə Cənubi Qafqazda müəyyən dəyişikliklərə ciddi hazırlaşdığını vurğulayıb: “İranın yuxarıda sadaladığımız terror təşkilatlarına verdiyi dəstəyi dəqiq bilirik. Onların PKK ilə əlaqəsini də əksər hallarda İran qurur. Rəsmi Tehran cidd-cəhdlə Cənubi Qafqazda müəyyən dəyişikliklərə hazırlaşır. İki-üç gün əvvəl də SEPAH yayımladığı videoda Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandırdı və bunun üçün lazım olarsa, vuruşacağını bildirdi. Bütün əlimizdə olan məlumatlar əsasında İranın nəzarətində olan terror təşkilatlarından və PKK-dan terrorçuları bölgəyə daşıdığını, Türkiyə və Azərbaycana qarşı müharibə hazırlığı gördüyünü iddia edə bilərik”.

ABŞ Ukraynada həlak olan əsgərlərin sayını açıqladı

Ukraynadakı müharibə zamanı 100 mindən çox ukraynalı hərbçi həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti ABŞ rəsmilərinin bəyanatlarına istinadən məlumat yayıb. “Müharibədə il ərzində ən təcrübəli əsgərlər də daxil olmaqla, 100 mindən çox ukraynalı əsgər həlak olub”, – məlumatda deyilir. Qeyd olunur ki, bu itkilərin əksəriyyəti Artyomovskda baş verib.

Rusiyaya məxsus PUA məhv edildi

Martın 15-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın ZALA pilotsuz uçuş aparatını (PUA) vurub. Sozcu.az xəbər verir ki, bu barədə "RBC Ukrayna" məlumat yayıb. PUA Ukrayna ordusunun 58-ci briqadası tərəfindən məhv edilib. Qeyd olunur ki, bu model havadan kəşfiyyat və müşahidə üçün nəzərdə tutulub. Kamera və termal görüntü sistemi ilə təchiz edilən sistem 4 saat uça bilir. PUA-nın çəkisi 7,5 kq, qanadlarının uzunluğu 2,8 metrdir.

Rüfət Səfərova hücum edildi

Müdafiə Xətti” İnsan Hüquqları Mərkəzinin rəhbəri Rüfət Səfərov küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özünün sosial şəbəkə hesabında yazıb.

Azərbaycanda broyler yumurtaları bahalaşdı

Son günlər hamının “ferma yumurtası” dediyi broyler yumurtasının qiyməti 18-19 qəpikdən 25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik, pərakəndə satışı isə 40 qəpikdir. Amma mövsüm olaraq toyuqların yumurtladığı dövrdür. Bəs hansı səbəbdən bahalaşma indi baş verib? Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov yumurtanın qiymətinin artmasını inhisarçılıq amili ilə əlaqələndirib: “Yumurtanın bahalaşmasında heç bir iqtisadi amil yoxdur. Son illər elektrik enerjisi, su təchizatı, nəqliyyat vasitələri və dizel yanacağının qiymətində kifayət qədər artım baş verib. Bu fonda bəzi digər məhsullar kimi, yumurtanın da qiymətində artımın olması başadüşüləndir. Ancaq bu heç də o anlama gəlmir ki, yumurtanın qiyməti son 15 ildə iki dəfəyə qədər bahalaşsın. 2007-ci ildən üzü bəri yumurtanın qiyməti iki dəfədən də çox artıb. Bu isə anormal haldır və belə vəziyyətin yaranması birmənalı şəkildə inhisarçılıqla bağlıdır. Yumurta istehsalı tənzimlənmir. Bunun üçün dövlət orqanları müdaxilə etməli, bazar araşdırmaları aparmalı, səbəblər öyrənilməlidir”. Digər ekspertlərin fikrincə isə bu, bayramla əlaqədardır. Adətən, Azərbaycanda dünya ölkələrindən fərqli olaraq, hər şey bayramqabağı bahalaşır. Quşçuluq Cəmiyyətindən verilən məlumatda isə bildirilir ki, düzdür, toyuq yemlərində dünyada baş verən böhrandan dolayı müəyyən bahalaşma baş verib. Amma dövlətin gördüyü tədbirlər nəticəsində yemin də kəskin bahalaşmasının qarşısı alınıb: “Elə də ciddi böhran halı baş verməyib. Eyni zamanda, Cəmiyyət tərəfindən bazara çıxarılan yumurtalar topdansatış qiymətinə əvvəlki şəkildə satılır. Sadəcə, bu işlə məşğul olan ticarətçilər süni artıma gedirlər. Amma bu, müvəqqəti xarakter daşıyır, indi yumurtanın daha çox istehsalı dövrüdür”.

Ukraynada savaş həlledici mərhələyə daxil olub - Pentaqon rəhbəri

Pentaqonun rəhbəri Lloyd Ostin Ramşteyn-10 toplantısında çıxış edib. Sozcu.az "Ukrinform"a istinadən xəbər verir ki, o, Ukraynadakı savaşın həlledici mərhələyə daxil olduğunu bildirib. "ABŞ və Rusiya Federasiyasının genişmiqyaslı təcavüzünə qarşı müqavimət göstərməkdə Ukraynanı dəstəkləyən digər ölkələrin koalisiyası qətiyyət nümayiş etdirir. Hazırda ukraynalıların azadlıq mübarizəsinin həlledici məqamındayıq və birlik çox önəmlidir", - deyə ABŞ müdafiə naziri bildirib. Qeyd edək ki, Ramşteyn-10 onlayn formatda keçirilir.

“Kontakt Home” müştəriləri belə ALDADIR

Artıq uzun müddətdir ki, “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı şikayətlər bitmək bilmir. Şirkət isə bu şikayətlərə ciddi yanaşmır. Alınan məhsulun xarab çıxması, texniki nasazlığın olması isə müştəri məmuniyyətinin daha da aşağı düşməsinə yol açır. Təsadüfi deyil ki, şirkətlə bağlı şikayətlərə sosial şəbəkələrdə də sıx rast gəlinir. Sozcu.az Yenicag.az-a istinadən xəbər verir ki, şikayətçilərdən biri “Kontakt Home”un müştərisi olan Elvin Bəylər oğludur. Onun sözlərinə görə, kreditlərini vaxtından tez ödəsə də, sistemdə hələ də şirkətə borclu olduğu görünür: “Kontakt Home”dan mebel və ütü almışıq. Öncədən 1380 manat ödəniş etmişəm və kreditimi vaxtından qabaq ödəyib bitirmişəm. Ancaq buna baxmayaraq, şirkət adıma gecikmə düşdüyünü bildirir. Bununla bağlı şirkətin *6060 qaynar xəttinə yığmışam və mənə deyirlər ki, tam ödəniş edilməyib. Halbuki əlimdə ödəniş qəbzləri var. Krediti həyat yoldaşım Sahibə Nizaməddin qızı Balabəyovanın adına götürmüşük. Əgər şirkət sistemdən gecikməni silməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəm”. Digər şikayətçi isə vurğulayıb ki, endirimlə aldığı məhsulun qiymətini nəğd şəkildə ödəsə də, şirkət məhsulu təhvil verməkdən boyun qaçırıb: “25 noyabr 2022-ci il tarixində “Böyük Cümə” endirimi zamanı “Kontakt Home”dan endirimlə 139 manata blender almışdıq. İlk önce məhsulun 2 gün ərzində çatdırılacağı bildirilmişdi. Daha sonra məhsulun 2 gün gecikəcəyi bildirildi. Düzü tələsmirdik, anlayışla qarşıladıq ki, alıcı çox olub, çatdırılma zaman ala bilər düşündük. Bir həftədən sonra əlaqə saxladıq ki, məhsulumuz haradadır? Bildirdilər ki, sistemdə məhsulun bizə verildiyi qeyd olunub. Xülasə, sübut etdik ki, məhsul bizə çatdırılmayıb. Dedilər, onda 2 günə göndərərik… Sonra məhsulu aldığımız “Əhmədli” filialına getdik, vitrindən cızıq, qutusu cırıq məhsul gətirdilər ki, buyurun. Düzü heç təəccüblənmədik. “Anbarda məhsul qalmayıb” adı ilə bizə bunu verməyə çalışdılar. Sonra malı qaytarmağı təklif etdilər. Yəni mən həmin gün məhsulu başqa mağazadan eyni qiymətə ala bilərdim, amma indi qaytarıb daha baha qiymətə almalıyam?! Sonra bildirdilər ki, “Masallı” filialında var, onu çatdıraq. 1 həftə keçdi, xəbər olmadı. Məlumat mərkəzinə zəng edib şikayət etdik, 1 həftə keçdi, yenə də xəbər çıxmadı. Bir sözlə, “Kontakt Home” 25.11.22 tarixində satılmış məhsulu bizə hələ də təhvil verməyib və pulumuzu qanunsuz olaraq mənimsəyib. Məhkəməyə müraciət edib məbləğin 100 misli həcmində kompensasiya almaq istəyirik”. Daxil olan şikayətlərdən belə başa düşmək olur ki, “Kontakt Home”un servis xidmətində də müəyyən problemlər mövcuddur. Şikayətə görə, alınan məhsulun təmirə ehtiyacı olsa da, şirkət vaxtı uzatmaqla məsuliyyətdən qaçmağa çalışır: “”Kontakt Home”dan qızıl zəmanətlə paltaryuyan maşın almışam. Qızıl zəmanət üçün isə əlavə 450 manat ödəniş etmişəm. Maşının qapağı xarab olduğu üçün servisə aparıblar və artıq 1 aydır ki, xəbər yoxdur. Servislə əlaqə saxladım və mənə dedilər ki, hələ vaxtım tamam olmayıb, gözləməliyəm. Məğər bir qapağı dəyişməyə 1 ay vaxt lazımdır?! Ən əsası paltaryuyan maşını aparan usta niyə 1 aydan sonra gətirəcəkləri barədə öncədən məlumat vermir?! Bu qədər özbaşınalıq olarmı? Əgər “Kontakt Home” problemləri həll edə bilmirsə, onda camaatı niyə aldadır?!”.

Əvəz Zeynallının işini araşdıracaq hakim məlum oldu

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi icraata verilib. Sozcu.az xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.APA

"Kristal Abşeron"un inşa etdiyi tikililərə doğru nəzarət edilmir - Sabiq deputat

"Bakı şəhərində və ətraf qəsəbələrdə, xüsusən Xırdalanda, Biləcəridə tikintilər Şəhərsalma Məcəlləsinə və Tikinti Məcəlləsinə uyğun aparılmayıb. Hamı da bundan şikayətçidir, səkiləri zəbt edilib və onsuz da yüklənmiş şəhərdə əlavə yüklənmə aparırlar". Sozcu.az xəbər verir ki, bunu iqtisadçı alim, sabiq deputat Nazim Baydəmirli deyib. Sabiq deputat "Kristal Abşeron" şirkətinin inşa etdiyi binaların vəziyyətini tənqid edib. O, sözügedən binaların əksəriyyətində parkinq yerlərinin nəzərdə tutulmadığını söyləyib: "Ümumiyyətlə, hər hansı yanğın və digər məsələlərlə bağlı maşınların girməyi çətinləşib. Dəfələrlə bunu sosial media resurslarında izləmişik və əksər binaların həm xarici görünüşü, həm də üslubu çox bərbad vəziyyətdədir. Şəhər sakini olaraq biz onların bir çoxlarını görürük. Eyni zamanda, sakinlərin özləri layihələrdən kənar müxtəlif rekonstruksiya işləri apararaq divarları zədələyir, həmçinin əlavə olaraq balkonlar çıxarılır. Hətta, sovet vaxtı tikilən binalarda da qeyri-yaşayış sahəsində müxtəlif pozuntular olur. Bunlar hər yerdə var, çünki rayon icra hakimiyyətləri buna qazanc mənbəyi kimi baxırlar. Bundan da qaynaqlanaraq sözügedən problemlər ortalığa çıxıb. Keyfiyyətin, nəzarətin olmaması indiki vəziyyətə gətirib. "Kristal Abşeron" şirkətinin inşa etdiyi “Qobu Park-2” yaşayış kompleksi ilə bağlı görünən vəziyyət odur ki, bu cür tikililərə doğru nəzarət edilmir. Ona görə də bu cür acınacaqlı vəziyyət ortaya çıxıb".Demokrat.az

Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar edib

Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə tələbənin təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb. Qeyd olunub ki, universitetin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Gülşən Abbaslı uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada intihar edib.

“İstəyirlər ki, uşaq sualın cavabını bilməsin və kəsilsin” - Şok açıqlama

Martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarından sonra cəmiyyət iki yerə bölünüb. Hazırda test üsulunun ləğv edilməsini tələb edənlərlə yanaşı, bunun ciddi fəsadlara səbəb olacağını düşünənlər arasında mübarizə gedir. Birincilər hesab edirlər ki, testin tətbiqi əzbərçiliyə gətirib çıxarır və nəticədə şagirdlər fundamental biliklərə yiyələnə bilmirlər.  İkincilər isə test üsulunun ləğv edilməsinin təhsildə rüşvətxorluğun yayılmasına səbəb olacağından narahatdırlar.  Vəziyyətdən çıxış yolu nədir? Ənənəvi qaydada davam edək, yoxsa sovet dövründəki proseduru tətbiq edək?  Yenisabah.az-a açıqlamasında tanınmış rejissor, “SOY Production”ın rəhbəri Oqtay Əliyev deyib ki, bu gün nə sovet dövrünü tətbiq etmək, nə də hazırkı test üsulunda qalmaq lazımdır: “Çünki test üsulunda daha çox əzbərçilik var. Onlar bir müddət nə var əzbərliyirlər, ikinci-üçüncü kursdan sonra isə 80-85% tələbə hamısını unudur. Abituriyentlər sadəcə olaraq sualın cavabını bilir, lakin məsələnin mahiyyətinə enmir. Onlar sadəcə qısa-qısa ensiklopedik savad əldə edirlər”. Onun sözlərinə görə, uşaqların belə ensiklopedik savadla da çox şeydən xəbərləri olmur:  “Təbii ki, savadlı uşaqlarımız var, amma bu gün biz savavsızlığa doğru gedirik. O ki qaldı sovet dövründəki partiya və katib uşaqlarının istədiyi ixtisasa qəbul olmasına, nəzərinizə çatdırım ki, sovet dövründə hüquq fakültəsinə vəzifəli şəxslərin uşaqlarının qəbul olması qəti qadağan idi. Yaxud Xalq Təsərrüfatı İnstitutuna da, həmçinin... Sadəcə olaraq, bu ixtisaslara fəhlə, kəndli və kolxozçuların uşaqlarıı qəbul oluna bilərdi. Katib uşaqları tarix fakültəsinə girəndən sonra tarixdən çıxıb milisdə işləyirdilər. Amma hüquq fakültəsi və xalq təsərrüfatına qəti qadağa qoyulmuşdu”.  Onun fikrincə, sovet dövrünün də mənfi cəhətləri var idi:  “Orada da rüşvət və tapşırıqlar mövcud idi. Anarın bir əsəri var: “Şəhərin yay günləri”. Orada görürük ki, o-bu gəlir qapısına, rüşvət verir ki, uşağı qəbul olsun.  Bunun ortaq bir çıxış yolunu tapmaq lazımdır. Məsələn, bu gün Asan Xidməti görürük. İmtahan sistemində də Asan Xidmət kimi bir strategiya olmalıdır. İndi Asan Xidmətdəki pəncərələrin hamısı vaxtilə bir rüşvət yuvası və pəncərəsi idi. Adicə şəxsiyyət vəsiqəsi, pasport, çıxarış alanda da pul istəyirdilər. İndi bunların biri də yoxdur. Deməli, təhsildə də alternativ nələr isə etmək olar”.  “O ki qaldı imtahanların suallarına, tanış-biliş deyir ki, elə suallar qoyublar ki, hələ uşaqlar onu keçməyib. Mart ayında mayda uşağa keçirilməsi planlaşdırılan hansısa bir fənnin sualını qoymaq o deməkdir ki, bu uşaq sualın cavabını bilməsin və kəsilsin. Məsələn, aprel ayında Mirzə Fətəli Axundovu keçirlər. Bu uşağa isə qəbulda o haqda sual düşüb, hansı ki, bu adam onu oxumayıb və keçməyib”, - əlavə edib.  “Ona görə də belə nüansları aradan qaldırmaq lazımdır. Məndən olsa, institutların qapısını taybatay açmaq lazımdır ki, hamı oxusun. Sadəcə təhsili elə etmək lazımdır ki, yanvar semestrində artıq orada sadəcə savadlılar qalsın, bacarmayanlar da getsin. Heyfim ona gəlir ki, 680-700 bal yığan uşaqlar universitetə girəndən sonra hamısını unudur. Özləri də özlərinə heyfslənir ki, mən bu boyda əziyyəti axı nəyə çəkdim? Biz universitetlərdəki təhsildən başlamalıyıq. Onsuz da universitetlərdə keçirilən təhsilin səviyyəsini də bilirik. Bunları dəyişməliyik”, - yekunlaşdırıb. 

Test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq...

Dəyişmək, yeniləşmək zamanın tələbidir. Test Quran ayəsi deyil ki, toxunmaq qadağan olunsun...  Mən Azərbaycanda test üsulu ilə tələbə adını qazanan ilk pionerlərdən biriyəm. Əgər 1992-ci ildə ölkədə test üsulu tətbiq olunmasaydı, bəlkə də indi hansısa dərədə qoyun güdürdüm. İndiki gənclər bilməz, sovet dövründə ali təhsil almaq üçün təkcə yaxşı oxumaq kifayət etmirdi. Həm də yaxşı “dayı”, yaxşı pul lazım idi. Yaxşı “dayın”, yaxşı pulun olmayanda, yaxşı təhsilin əhəmiyyəti olmurdu. Oxuculardan üzr istəyirəm, iki eşşəyin arpasını bölə bilməyən adamlar dədəsinin pulu sayəsində tələbə ola bilirdilər. Nəinki tələbə, hətta məmur da olurdular. Pul bütün qapıları onların üzünə açırdı. Demirəm ki, savadlı, istedadlı gənclərimiz hamısı kənarda qalırdı, amma o vaxt ali təhsil almaq indiki kimi asan deyildi. Yüzdə, bəzən mində bir adama rüşvət vermədən tələbə adını qazanmaq qismət olurdu.  Mən Cəbrayılın ən adlı-sanlı, tanınmış kəndlərindən birində anadan olmuşam. Hələ sovet dövründə kəndimizdən 50-dən çox alim çıxmışdı. Soltanlı kənd orta məktəbinin məzunları bütün SSRİ-yə səs salmışdı. Müxtəlif ali məktəblərdə çalışan alimlərimiz öz qohum-qardaşlarının, yaxınlarının qolundan tutub irəli çəkirdilər. Buna görə də hər il məktəbimizin məzunlarının 70-80 faizi ali məktəblərə qəbul ola bilirdi. Onların arasında savadsız gənclərlə yanaşı, çox savadlı, istedadlı uşaqlar da vardı. Dərd burasındaydı ki, təkcə savadsız deyil, həm də savadlı uşaqların valideynləri qəbul vaxtı qapısındakı danaları bazara çıxarırdı. Nə qədər savadlı olsan da öküzün, davarın pulu olmasaydı, sən də tələbə ola bilmirdin.  Test üsulu kəndlini bu problemdən xilas etdi. 1992-ci ildən bəri heç kim uşağını oxutmaq üçün qapısındakı damazlıq dananı satmır, savadı olan abituriyentlər heç kimin minnətini götürmədən tələbə ola bilirlər.  Son günlər test üsulu ilə bağlı müzakirələr yenidən qızışıb. Hətta bəzi dostlarımız test üsulunun ləğv edilməsini, DİM-in səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə verilməsini təklif edirlər. İnanın, bu sözləri eşidəndə canımı qorxu alır. Kimlərsə bilərəkdən, ya da bilməyərəkdən bizi rüşvətin tüğyan etdiyi sovet dövrünə qaytarmaq istəyir. Elm və Təhsil Nazirliyinə etibar etmək olar?  Sizi deyə bilmərəm, şəxsən mən bu barədə düşünmək belə istəmirəm. Bir nazirliyin ki, tabeliyində olan məktəblərdə hətta süpürgəçini də işə rüşvətlə götürürlər, o quruma qəbul imtahanını həvalə etmək ağılsızlıq olardı. Test üsulundan imtina etsək, sürətlə keçmiş dövrə qayıdacağıq; yenə prokurorun balası prokuror, çobanın balası çoban olacaq... Bəs nə edək? Məncə, testi təkmilləşdirək, ağıllı adamların, mütəxəssislərin verdikləri təklifləri süzgəcdən keçirək, ölçək-biçək, xarici təcrübədən yaxşı nümunələr götürək, pisi atıb yaxşını seçək, amma nə isə edək... Bunu yazmağa əlim gəlmir, çəkinirəm, ehtiyat edirəm, amma belə olacağına yüz faiz əminəm: test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq... Seymur VERDİZADƏ

Rusiyanın Su-24 təyyarəsi məhv edildi

Ukrayna hərbçiləri Rusiyanın Su-24 bombardmançı təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb. Məlumata görə, təyyarə Donetsk vilayətinin Baxmut yaxınlığında vurulub.