Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə əsasən Bakıda siqaret kötüyünü yerə atanlar 50 manat cərimələnəcəklər. DİN-in qanunuvericiliyin icrasından irəli gələn bu addımı geniş müzakirəyə səbəb olub, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Bildirilir ki, paytaxtın xüsusən mərkəzi küçələrində polis siqaret kötüyünə nəzarət edəcəksə, digər inzibati qaydalar da diqqətdən kənarda qalmamalıdır. Təklif edilir ki, ictimai yerlərdə nümayişkəranə şəkildə tüpürənlərə də cərimə tətbiq edilsin.
Tanınmış kulturoloq Aydın Xan Əbilov da Pravda.az-a açıqlamasında təklifi dəstəkləyib.
O bildirib ki, dünya praktikasında da tüpürməyə görə cərimə tətbiqi var: “Məsələn, Sinqapurda yerə tüpürməyə, siqaret kötüyünə, çeynənmiş saqqızın yerə atılmasına görə 50 manat yox, 800 dollar inzibati cəza növü var. Bu hərəkətin iki-üç dəfə təkrar edilməsi həbslə nəticələnirsə, niyə də bu, Azərbaycanda olmasın? Ümumiyyətlə, ictimai yerlərdə ictimai davranış, etik normaları pozan insanlara tez-tez rast gəlirik. Yüksək tonla danışmaq, ictimai nəqliyyatdan normal istifadə etməmək, qadınlara, yaşlılara, xəstələrə, əlillərə xüsusi qayğı göstərməmək əxlaqa zidd hallar sayılır. Azərbaycanda bununla əlaqədar ictimai davranış mədəniyyəti oturuşmayıb. Cəmiyyətdə çoxsaylı çağırışlar edirik. Amma vəziyyət hələ də dəyişilməz qalır. Müəyyən zaman sonra doğulduğu yerdən başqa yerə köçüb gəlmiş insanların həmin cəmiyyətdə qəbul edilmiş ümumi etik normalara riayət etməməsi acınacaqlı vəziyyətə aparıb çıxarır. Hərəmiz ayrı ləhcə ilə şəhərdə özümüzü aparmağa başlayırıq. Şəhər mədəniyyəti, qlobal urbanizasiya etikası pozulur? Bunu düşünəndə insanların bir-biriləri üçün yaratdıqları problem göz önünə gəlir. İctimai qınağı, tənqidi gücləndirməklə, cərimələr tətbiq etməklə, insanların bir-birinin davranışlarına nəzarət etmələri ilə belə halların qarşısını almaq mümkündür. Yerə tüpürmək, siqaret kötüyünü yerə atmaq, yol hərəkəti qaydalarını pozmaq, yüksək səslə musiqi dinləmək, danışmaq əslində psixologiyamıza, şüurumuza təsir edən, birgəyaşayışı pozan amillərdir. Buna yol verənlər inzibati, yaxud cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. İnsanlar nə qədər cəzasızlıq mühitində yaşayacaqlarsa, bu problem daha aktual olacaq. Ona görə də müəyyən mənada qanunvericilikdə dəyişikliyə ehtiyac var”.
Ekspert deyib ki, illərdir bu yöndə neomaarifçi, neoekoloji maarifləndirmələr aparır: “Məişətdə istifadə olunan, yaxud qida və digər tullantıların maşının, evin pəncərəsindən çölə atılmasını qəti qınayırıq. Təəssüf ki, aparılan bütün ictimai tənqid proseslərinin real nəticəsi, demək olar, sıfıra bərabərdir. Nəinki Bakının özündə, Azərbaycanın hər yerində - dəniz kənarından tutmuş, yaşayış məntəqələrinin kanallarına qədər Azərbaycan torpaqlarının çirkləndiyinin, ekoloji “soyqırımı”na məruz qaldığının fərqindəyik. İnsanlar isə zir-zibillərin, sellofan qutuların hara gəldi atıldığının fərqində deyillər. Əfsus ki, Azərbaycanda yalnız və yalnız Bakıda zibil utilizasiya edən bir müəssisə var. Qalan rayonların heç birində bu, yoxdur. Rayonlarda yığılan zibillər, məişət, sənaye tullantıları birbaşa yandırılır. Bu da ekologiyanı məhv edir”.
Aydın Xan Əbilov vurğulayıb ki, siqaret kötüyünə görə 50 manat cərimə çox azdır: “Siqaret kötüyünün, yaxud istənilən zir-zibilin yerə atılması ilə bağlı cəzanı İnzibati Xətalar Məcəlləsindən Cinayət Məcəlləsinə qədər aparıb çıxarmaq lazımdır. Tənbeh daha da sərtləşdirilməlidir. Təkcə 50 manatla kifayətlənsək, görəcəyik ki, yenə eyni qaydada zir-zibili yerə atırlar. Sanki maşınındakı, evindəki tör-töküntüləri çölə atmaqla necə “bərkgedən” olduqlarını cəmiyyətə sübut etmək istəyirlər. Xatırlayırsınızsa, pandemiya dövründə inzibati tənbeh növü kimi seçilən və cəza növü kimi tətbiq edilən çox yüksək cərimələr öz bəhrəsini verdi. İnsanlar qanunlara riayət etməyə başladılar. Külək əsəndə şəhərin hər tərəfində yerə atılmış siqaret tullantıları və digər zibillərlə əhatələnirik. Üstündən milyonlarla maşın keçir. Bu maşınlar həmin kimyəvi maddələrdən istehsal olunmuş avadanlıqların qırıntılarını, məişət tullantılarını toz halına çevirir, insanlarımız da bunu udur. Sonra da deyirlər ki, niyə yeni nəsil, qocalar arasında bu qədər çox xəstə var? Sözsüz ki, öz əməllərimiz bizə qarşı təbiət tərəfindən silah olaraq qaytarılır. Bunu anlayıb, dərk etmədikcə bir o qədər problemlər yaşayacağıq”.
Ekspert deyib ki, Azərbaycanda zibil toplanması ilə bağlı bərbad vəziyyət var: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, QHT-lər, ictimai fəallar bununla əlaqədar addımlar atsalar da, təsirini əhəmiyyətli dərəcədə göstərmir. Sellofanları ödənişli etdilər, amma yenə eyni problemdir. Düşünürəm, bununla əlaqədar görüləsi çox işlərimiz var. Təəssüf ki, bir neçə şirkətdən başqa heç kim məişət və zəhərli tullantıların yığılması ilə bağlı addım atmayıb. Elektron mallar satılan şirkətlərdən birinə məxsus mağazada məişət batareyalarının geri dönüşümü ilə bağlı qutu gördüm. Çox xoşuma gəldi. Bu tip addımları koorporativ sosial məsuliyyətə cəlb olunası şirkətlərdən tutmuş şəxslərə, fərdlərə qədər hər kəs dərk etməlidir. Bakını ekoloji baxımdan təmiz görmək istəyiriksə, hər kəs özündən başlamalıdır. Necə deyərlər, şəhər bizim simamızdır, o simanı təmiz saxlayaq”.