“Prezident Administrasiyası ikinci görüş üçün Qarabağın erməni icmasını Bakıya dəvət etdi. Çünki faktiki olaraq bu adamlar Azərbaycan ərazisində yaşayırlar. Cənab Prezident də hər yerdə qeyd edir ki, bizim imtiyazlardan onlar da istifadə edə bilər. Yəni qaynayıb qarışsınlar və separatçı qüvvələrdən uzaq qalsınlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Millət vəkili ötən gün Prezident Administrasiyası tərəfindən Qarabağ erməniləri ilə ikitərəfli danışıqların növbəti raundu üçün onların Bakıya dəvət olunması, habelə Qarabağın erməni icmasının təmsilçilərinin bu dəvətdən imtina etmələri məsələsinə münasibət bildirib.
V. Əhmədova görə, bölgədə bu gün separatçı qüvvələr kifayət qədər çoxdur:
“O cümlədən Ermənistandan onlara müəyyən göstərişlər gəlir. Bu tərəfdən də təhdidlər var, sərhəddə mütəmadi atəşkəs pozulur. Bunlar belə bir xülyalara qapılıblar. Amma Azərbaycan qarşılıqlı əlaqələr yaratmaq istəyir. Lakin təəssüf ki, bunlar ona getmirlər və Bakıya da gəlmək istəmirlər. Ola bilər ki, onlar Bakıya gəlməkdən də narahatdırlar, çünki əhalinin çoxu bunu birmənalı qarşılamır. Lakin ideya çox normal idi”.
Deputat diqqəti ona yönəldib ki, onsuz da bu görüşlər və təmaslar gec-tez yaranacaq:
“Ərazidəki sülhməramlılar da müvəqqətidir, çıxıb gedəcəklər, sərhədlər qurulacaq, bir-birimizin ərazi bütövlüyünü tanıyacağıq. Bunlar uzun çəkməyəcək, həll olunacaq. Ondan sonra da bir yerdə yaşayacağıq”.
“Onların ayrıca dövlət olmaq ideyaları və s. artıq getdi, qurtardı. Prezident bunların hamısını arxivə göndərdi. Ermənilər artıq bunu anlamalıdır. Ona görə də buradakı əsas rolu Ermənistan və separatçılar oynayır”, – söyləyib.