Kiyev və Vaşinqton Marşal Planını hazırlayır

Kiyev Vaşinqtonla birlikdə iqtisadiyyatı bərpa etmək üçün Marşal Planının analoqunu hazırlamağa başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib. Nazirin sözlərinə görə, ABŞ hökuməti və biznes nümayəndələri ilə görüşdə ABŞ-dan investisiyalar, respublika iqtisadiyyatının transformasiyası və hərbi risklərin sığortalanması məsələləri müzakirə olunub. O vurğulayıb ki, Ukrayna iqtisadiyyatının bərpası üçün əsas ilk növbədə ABŞ-dan birbaşa xarici investisiyalar olacaq.

Ermənilər bizdən qorxdular, ona görə belə hərəkət etdilər - İdmançımız

“Biz qalib dövlətin qalib idmançıları kimi Vətənə qayıtdıq”. Sozcu.az xəbər verir ki, bu sözləri İrəvandan qayıdan azərbaycanlı ağır atlet İsa Rüstəmov deyib. O bildirib ki, ermənilər bütün dünyaya rüsvay olub: “Onlar bizdən qorxdular. Biz bu yarışa tam gücümüzlə hazırlaşmışdıq. Öz himnimizi orada səsləndirmək istəyirdik. Ermənilər bizdən qorxduqlarına görə, belə bir hərəkət etdilər”. Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

Uqledarda Rusiyanın 130-dan çox texnikası məhv edilib

Bu qış Donetsk vilayətində Uqledarın müdafiəsi zamanı Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının 130 texnikasını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib. Zalujnı qeyd edib ki, həmin vaxt düşmən öz elit bölmələrini döyüşə atıb, lakin Ukrayna Silahlı Qüvvələri düşmənin 130-dan çox texnikasını məhv edib.

"Rusiya torpaqlarımızı azad etməyə imkan vermir"

10 noyabr 2020-ci ildən sonra Azərbaycan və Ermənistan arasında müharibənin bitmədiyini sübut edən kifayət qədər hərbi, siyasi hadisələr baş verib. Son hadisələr- əsir əsgərimizə verilən işgəncə və bayrağımızın beynəlxalq tədbirdə yandırılması göstərir ki, müharibə iki millət arasında da davam edir. Yolu azıb erməni tərəfə keçən əsgərimizə vurduqları təpiklə ermənilər reinteqrasiya dediyimiz birgəyaşayışı qəbul etmədiklərini, bunun qeyri-mümkünlüyünü bir daha göstərdilər. Bayrağımızı İrəvanda, rəsmi tədbirdə yandıran ermənilər vandallıqları ilə yanaşı, bizimlə heç zaman barışmayacaqlarını nümayiş etdirdilər. Müharibəni yalnız hərbiçilər deyil, erməni cəmiyyətinin sıravi üzvləri də davam etdirir. Bu qənaətə gəlməyimizin səbəbi sərhəddə baş verən son hadisə deyil, belə təxribatlara adət etmişik. Naxçıvan istiqamətində yol azıb düşmən tərəfə keçən əsgərimizə təpiyi erməni əsgəri yox, mülki erməni vurub və nümayiş etdirib. Bayrağımızı da sıravi dizayner yandırıb. Müharibə bitməyib, dayandırılıb. Müharibənin dayanmasından iki il yarım zaman keçib və vaxt uzandıqca himayədarına sığınan, işğaldan ruhlanan Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını, müstəqil olacaqlarını daha bərkdən söyləyirlər. Ümumiyyətlə, bu gün real vəziyyət necədir? Azərbaycanın hərbi-siyasi üstünlükləri ortada olsa da reallıqda Azərbaycan torpaqlarının 3,2 min kvadrat kilometr sahəsi hələ də Ermənistan ordusunun işğalı altındadır, üstəlik 8 anklav kənd. Qarabağda öz qoşunları ilə dayanan Rusiya torpaqlarımızı azad etməyə imkan vermir. Deməli, bu ərazi həm də Rusiyanın işğalı altındadır. Bütün bəlanın mənbəyi də budur. Erməni məğlub olub, amma Azərbaycan torpaqlarının 3, 2 min kvadrat kilometrini işğal altında saxlamaqla hələ də real qazancın əlində olduğunu bilir və onu əldən verməmək üçün 29 aydır ki, hər cür dona girir. Əlbəttə ki, bu donları onların əyninə himayədarları- Rusiya, İran, Fransa biçdiyindən sülhdən, razılaşmadan qaça bilir.  Müharibə yalnız iki dövlət arasında deyil, həm də vasitəçi adı ilə geosiyasi təsir imkanlarını reallaşdırmaq istəyən Qərb və Rusiya arasında davam edir. Ukrayna müharibəsindəki isti qarşıdurma öz yerində, Qarabağda da guya ki, vasitəçi olanlar arasında qarşıdurma gah işğal altında olan ərazilərimizdə, gah da iki dövlətin sərhədində təxribatlarla müşayət olunur. Verilən məlumatlara görə ABŞ-da və Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Nəticəsi olacaqmı? Müharibə bitəndən indiyədək belə görüşlər çox olub, hansısa razılaşmalara da nail olunub, amma heç biri reallaşmayıb, çünki vasitəçilər Cənubi Qafqazda bir-birini sıxışdırmaq üçün müxtəlif təxribatlara əl atdıqca heç bir razılaşma olmayacaq. Bu siyasətdə vasitəçilərin aləti, həmişə olduğu kimi Ermənistandır. Azərbaycanla sülh müqaviləsini bağlamamaq üçün bütün manevrlərdən istifadə edir, gələcəkdə hansı qütbün yanında olacağına qərar verə bilmədiyi üçün və ya qəsdən hər iki tərəfə vədlər verərək, onların maraqları ətrafında reveranslar edib əlverişli beynəlxalq şəraiti gözləyirlər.  İki il yarımdır ki, Ermənistan və Rusiyanın zaman uzatmaq siyasətinin şahidiyik. Yeni görüşlər, yeni delimitasiya, demarkasiya işləri, infrastrukturun açılması müzakirə olunacaq, vədlər veriləcək, Nikol Paşinyan Brüsseldən, Vaşinqtondan qayıdan kimi, orada dediklərini unudub tamam əks mövqedən çıxış edəcək, Soçiyə, ya da Moskvaya çağrılacaq, oradan da qayıdanda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlavə şərtlərdən danışacaq. Yəni, Putin Valday çıxışında dediyi kimi, “ Vaşinqton variantı ilə Qarabağdan imtina edirsinizsə, biz də buna razıyıq” deyib, Ermənistan rəhbərliyini şantaj etməkdə davam edəcək.  Biz Ermənistana hərbi və birbaşa himayədarı olan Rusiyaya diplomatik təzyiqlərimizi artırmalıyıq. Ermənistana ilk hərbi təzyiqimiz 8 anklav kənd ətrafında baş verməlidir. Bu ərazilər Qarabağ deyil, burada 10 noyabr bəyanatı keçmir. Burada Ermənistanın işğalı altında olan ərazilərin qısa müddətdə azad edilməsi həll olunmalıdır. Ermənistanın 41 kvadrat kilometrlik Başkənd anklavı bizim nəzarətimizdədirsə, Ermənistanın nəzarətində 200 kvadrat kilometrdən çox 8 anklav kəndlərimiz var. Düşmən bilməlidir ki, tezliklə masa arxasında bu problem həll olmasa hərbi yola əl atmaq beynəlxalq hüququmuzdur. Rusiyaya təzyiqimizi Qərblə koordinasiyalı şəkildə aparmalıyıq. Bu təzyiq ilk növbədə Laçın yolunda sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılması ilə başlanmalıdır. Buna Qərb də etiraz etmir, heç Ermənistan hakimiyyəti də. Bu işə yalnız Rusiya mane olur. Dinc aksiyanın götürülməsi müqabilində nəzarət məntəqəsinin qurulmasının yaxın tarixi elan olunmalıdır. İkinci təzyiq erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması ilə bağlı olmalıdır. Rusiya imzasına hörmət edirsə, bu silahlı qüvvələrin çıxarılmasının da vaxtını elan etmək lazımdır.   “Kəsə qarabağı”, Rusiyaya diplomatik təzyiq Qarabağla, Ermənistana hərbi təzyiq anklav kəndlərlə başlanmalı və sona çatmalıdır. Yoxsa, biz bu tamaşanı sonadək seyr edə bilmərik, çünki bu tamaşanın sonu yoxdur. moderator İlham İsmayıl

Paşinyan sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməmək barədə göstəriş verib

Ermənistan baş naziri Nikol Paşinyan sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməmək barədə göstəriş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Nəşrin məlumatına görə, martın əvvəlində Almaniyaya səfər edən Ermənistanın baş naziri Qərb ölkələrindəki tərəfdaşlarından "paralel ixracı dayandırmaq, Rusiyaya bank köçürmələrini kəsmək və Rusiyaya Qərbin sanksiyalarının öhdəsindən gəlməkdə kömək etməmək barədə xəbərdarlıq alıb". "Baş nazir Paşinyan Ermənistana qayıdan kimi Mərkəzi Bankın sədri, hökumət üzvləri və Dövlət Gəlirləri Komitəsinin rəhbərinə Rusiyaya yardımı dayandırmağı tapşırıb. Rusiyaya uçan sərnişinlərin baqajlarında İT texnologiyaları üçün lazım olan çipləri və aksesuarları daşımaması üçün hava limanında ciddi nəzarət yaradılıb", - nəşr bildirib./APA

İranın hökumət qüvvələri sakinləri atəşə tutdu: ölənlər var

İranın Mazandaran bölgəsində Daniyal kəndində hökumət qüvvələri kənd sakinlərini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Ukraynalı politoloq: “İrəvanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir"

“Ermənistanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir". Bunu ukraynalı politoloq Aleksandr Kovalenko deyib. "Ağır atletika üzrə Avropa Çempionatına ev sahibliyi etmək müəyyən mənada Ermənistan üçün şərəf olmalı idi. Bu, bir növ belə yarışların təşkilatçılığı ilə bağlı etimad göstəricisi idi. Amma Ermənistan Azərbaycana qarşı təxribat olmaması tapşırığının, öhdəliyinin öhdəsindən gələ bilmədi", - politoloq qeyd edib. "Qarabağ məsələsinin diplomatik yolla həll edilməsinin zəruri olduğunu düşündüyümüz zamanda Ermənistan daxilində revanşist qüvvələrin bu və ya digər məsələlərə təsirinin sağlam düşüncəlilərdən daha çox olduğunu görürük. Bu cür jest, akt – necə istəyirsiniz, elə də adlandırın – yolverilməz vandalizmdir. Özü də rəsmi beynəlxalq tədbir çərçivəsində edilmiş vandalizmdir. Əgər rəsmi İrəvan bu gün islamafobiyanın, aqressiyanın nümayişinin qarşısını almağı bacarmırsa və Ermənistanı sivil ölkələrin gözündə özünü barbar və hər şeyin baş verə biləcəyi ölkə kimi təqdim edirsə, bu cür beynəlxalq tədbirlərin orada keçirilməsi böyük sual altına düşməlidir. Axı bu, Ermənistan ərazisində bu və ya digər idman növü üzrə yarışlarda iştirak edəcək komandalar üçün birbaşa təhlükədir" - Aleksandr Kovalenko əlavə edib.

İrəvanda qızıl qazandı, qələbəni Azərbaycana həsr etdi

Ermənistanda qızıl və gümüş medal alan türkiyəli atletlər qələbələrini Azərbaycana həsr ediblər. Sozcu.az xəbər verir ki, Cansu Bektaş medal aldıqları üçün xoşbəxt olduqlarını və hər ikisi qələbəni Azərbaycana həsr etdiklərini və yanımızda olduqlarını bildiriblər.

ANAMA-dan Xızıdakı partlayışla bağlı məlumat

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb. ANAMA-nın Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib. Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.

Xızıdakı partlayışda xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinə yerləşdirilib

Xızı rayonunun Yaşma qəsəbəsində baş verən hadisə ilə əlaqədar 1976-cı il təvəllüdlü vətəndaş TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Ona sol budun odlu qəlpə yarası, ayaq barmağının sınığı, döş qəfəsinin açıq yarası diaqnozu qoyulub. Tibb müəssisəsinin Travma şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Baş Prokurorluq Xızıdakı partlayışla bağlı məlumat yaydı

Xızı rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilir ki, aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub. Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa şəbəb Sumqayıt şəhər sakinləri - 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub. Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.  Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.  İbtidai istintaq davam etdirilir.

Xızıda mina partladı: İki nəfər öldü, bir nəfər yaralandı

Xızıda mina partlayıb. Sozcu.az xəbər verir ki, hadisə Yaşma yaşayış ərazisində qeydə alınıb. İlkin məlumata görə, iki mülki şəxs ölüb, bir mülki şəxs xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

"Etdiyi təxribatlara görə Ermənistanı peşman etməliyik"

"İlk dəfə deyil ki, Ermənistan idman, mədəniyyət proseslərini siyasi məqsədlərlə istismar edir. Biz müxtəlif illərdə bu cür situasiyaların şahidi olmuşuq". Bu sözləri politoloq Yeganə Hacıyeva  İrəvanda Azərbaycan bayrağının yandırılması hadisəsi ilə bağlı Musavat.com-a açıqlamasında deyib. Politoloq qeyd edib ki, yandırılan Azərbaycan bayrağının dərhal alışması onu göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış təxribatdır: "Məlum məsələdir ki, bayraq həmən alışıb, yana bilməzdi. Bayrağın tez alovlanması sübut edir ki, onun tez alışması üçün xüsusi yağ maddələrindən istifadə olunub. Yəni, bu, xüsusi planlaşdırılmış təxribat idi". "Azərbaycan hansı addımlar atmalıdır?" sualına politoloq bu cür cavab verdi: "Azərbaycan artıq addımlar atır. Zatən idmançılarımızın orada təhlükəsizliyi ilə bağlı narahatlıqlarımız var idi və indi bu narahatlıqlardan biri özünü artıq doğruldur, indi idmançılarımızın oradan sağ-salamat geri dönməsi, bir sözlə, təhlükəsizlik məsələləri sual doğurub, telefonlarına zəng çatmır və sairə. Ermənistan son günlərdə bir-birinin ardınca Azərbaycana qarşı təxribatlar törətməkdədir. Əsgərlərimizə işgəncə verilir, daha sonra bayrağımız yandırılır. Azərbaycan bütün bu təxribatları dünyanın diqqətinə çatdırmalı, Ermənistanın əsl simasını göstərməlidir. Bunun üzərindən həm yerli, həm də beynəlxalq, regional səviyyədə kampaniya aparmalı, bu məsələnin izini biraxmamalı və bu istiqamətdə işlər həyata keçirməliyik. Bu cür təxribatları törətdiklərinə görə Ermənistanı peşman etdirməliyik".

Erməni deputat: “Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə illərlə geri düşmüşük”

“Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə biz illərlə geri düşmüşük”. Ermənistan KİV-in məlumatına görə, bu sözləri Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının üzvü, deputat Arpi Davoyan deyib. “Əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın”, - Davoyan deyib.

Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı göstəriş verdi

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib. Bu barədə Aysor.am öz mənbələrinə istinadən məlumat yayıb. Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb. Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onların mehmanxanadan buraxılmadığını bildirib. Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər. /Oxu.az

Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr istədi

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Ovik Ağazaryan ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının dizayner Aram Nikolyan tərəfindən yandırılmasına münasibət bildirib.  Sozcu.az xəbər verir ki, millət vəkili erməni xalqının adından məlum hadisəyə görə üzr istəyib. “Mən bütün beynəlxalq və sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm. Ayıb olsun mənə”.  Xatırladaq ki, bu gün Azərbaycan milli komandası yarışları boykot edərək ölkəyə qayıtdığını elan edib. 

İkardidən yeni müqavilə ilə bağlı açıqlama

"Qalatasaray"ın ötən yay PSJ-dən icarəyə götürdüyü Mauro İkardi İstanbul təmsilçisi ilə mövsümün sonunda başa çatacaq müqaviləni uzadıb-uzatmayacağı barədə danışıb.  Sozcu.az xəbər verir ki, hücumçu bu haqda Superliqanın 29-cu turunda "Kayserispor"la matçdan sonra fikirlər söyləyib. O deyib:  "Qalatasaray" forması ilə ilk dəfə het-trik etdiyim üçün çox xoşbəxtəm. Qarşıda 9 oyun var və onların hər birində qalib gəlmək istəyirik. Mövsümün başa çatmasına hələ var. Son oyundan sonra klub prezidentimiz və direktorlarımızla gələcəyim haqqında danışacağıq". 

Ramazan bayramında 4 gün iş olmayacaq

Artıq Ramazan ayının bitməsinə sayılı günlər qalıb.  Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.  2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.  Ümumilikdə, cari ayın 21,22,23,24-ü qeyri-iş günləridir. Bayramdan sonra ilk iş günü isə aprel ayının 25-də başlayacaq. 

Bu davranışlar qəbuledilməzdir, qınayırıq - Cahit Bağçı

Ermənistan tərəfindən edilən davranışları qınayırıq.  Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "Twitter" hesabında yazıb. “Dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmagan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq”,-səfir vurğulayıb. 

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirir

Ukrayna Silahlı Qüvvələri arxa cəbhədə Rusiyanın hərbi obyektlərinə zərbələr endirir. Sozcu.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi (ISW) İnstitutu məlumat yayıb. Bildirilir ki, Rusiya mənbələrinin iddialarına əsasən, Ukrayna qüvvələri Luqansk vilayətində arxa cəbhəyə zərbələr endirməkdə davam edir. Xüsusilə, Luqanskın Rubejnoye və Troitskoye yaşayış məntəqələri vurulub. Bundan əlavə, Zaporojye bölgəsində Rusiyanın arxa xətlərinə zərbələr endirilməsi məlumdur. “Rusiya mənbələri aprelin 14-də Ukrayna qüvvələrinin Kupyansk-Svatovo xətti boyunca kəşfiyyat fəaliyyətini davam etdirdiyini də iddia edib”, - məlumatda deyilir.

Davoyan: Bayraq yandırmağı hələ də “qəhrəmanlıq” sayırıq…

Bayraq yandıranlar və bayraq yandıranlarla fəxr edənlər var. Deməli, biz çox geridəyik. Sozcu.az xəbər verir, bunu Ermənistanın hakim partiyasının deputatı Arpi Davoyan deyib. “Əgər bayrağı yandırmaq “qəhrəmanlıq” addımıdırsa, bir daha əsl qəhrəmanlar haqqında danışma”, - o bildirib. Qeyd edək ki, ağırlıqqaldırma üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində yarış təşkilatçılarından olan stilist Aram Nikolyan səhnəyə qaçaraq, Bayrağımızı onu daşıyan qızın əlindən qapıb və yandırıb. O, polisə aparılsa da, qısa müddətdən sonra azad edilib və ona cinayət işi açılmasından imtina edilib. Azərbaycan milli komandası isə çempionatdan imtina edib və ölkəmizə qayıtmağa qərar verib.

"Paytaxt Əbdülhəmid”in aktyoru Bakıda

Türkiyənin məşhur aktyoru, “Paytaxt Əbdülhəmid” (Payitaht Abdülhamid) serialında Tahsin paşa obrazı ilə ürəkləri fəth edən Bahadır Yenişəhirlioğlu Bakıda səfərdədir. Sozcu.az xəbər verir ki, mənəvi söhbətləri ilə daim diqqət çəkən aktyor “İftar öncəsi” başlıqlı görüşü ilə sevənlərinin qarşısına çıxacaq. B.Yenişəhirlioğlu Ramazan ayının mənəvi söhbətləri, Mövlana şeirləri və La Tahzen (üzülmə) mövzularında çıxış edəcək. Fəlsəfi fikirləri ilə gündəmdə olan Yenişəhirlioğlu gələn qonaqlara öz dilindən xüsusi Ramazan duası da oxuyacaq. “Excevent” şirkətinin və "Beylimedia"nın təşkilatçılığı ilə təşkil olunacaq tədbir bu gün saat 16:00-da “Badamdar Estates” (Əvvəlki adı “Pulman Otel”) otelin konfrans zalında keçiriləcək.

Hüseyn və Aqşinin yaxınları Avropa Məhkəməsinə müraciət etdi

Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yollarını azaraq Ermənistan tərəfə keçən və orada saxlanılan Azərbaycan hərbçilərinin yaxınları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək onlardan Ermənistan hökumətinin hərbçilərin təhlükəsizliyini təmin etməyə və onlara tibbi yardım göstərilməsinə məcbur edilməsini tələb ediblər. Sozcu.az xəbər verir ki, KİV-də Azərbaycan hərbçisinə qarşı zorakılıq faktlarını əks etdirən video və foto materialların yayılmasından sonra Hüseyn Axundov və Aqşin Bəbirovun yaxınları Ermənistana qarşı müvəqqəti tədbirlərin görülməsi tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Müraciətdə Ermənistan hakimiyyətini dərhal Azərbaycan hərbçilərinin təhlükəsizliyini təmin etmək və onlara tibbi yardım göstərmək, habelə onların harada olması, saxlanma şəraiti və sağlamlıq vəziyyəti barədə məlumat verməyə məcbur etmək barədə tələblər yer alıb.