Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-da Azərbaycanla təmasların bərpa edilməsinə razılıq verib. Rəsmi Bakının da Vaşinqton danışıqlarına razı olduğu deyilir.
Həmçinin Ceyhun Bayramovla Ararat Mirzoyanın ABŞ-da görüşünün planlaşdırıldığına dair məlumatları var.
Azərbaycan və Ermənistan arasında vasitəçisiz görüşün keçirilməsi, son olaraq birgə bəyanatın yayılması, əsirlərin dəyişdirilməsi kimi müsbət addımlardan sonra Vaşinqton görüşünün gündəmə gəlməsi müzakirələrə səbəb olub. Artıq sülhə doğru irəli bir addımın da atıldığı, müqavilənin yaxın günlərdə imzalana biləcəyinə dair iddialar gündəmə gəlir.
Sülh danışıqları Vaşinqton masasına qayıdır? Bu görüşdən gözləntilər nələrdir? Sülh müqaviləsi Vaşinqtonda imzalana bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakı və İrəvan rəsmiləri arasında ilk görüşün başqa məkanda keçirilə biləcəyini deyib:
“Vaşinton masasında hər hansı sənədin imzalanacağına inanmıram. Bu istiqamətdə müxtəlif platformalar arasında ciddi rəqabətin olduğunu görürük. Bir platformada hansısa irəliləyiş olanda, razılaşma əldə ediləndə digər tərəflər bunu qısqanclıqla qarşılayır. Görünən odur ki, Qərb platforması yenidən gündəmdədir. Səhv etmirəmsə, tərəflər arasında ilk görüş Brüsseldə olacaq. Lakin Vaşinqtonda da keçirilə bilər”.
F.Şəfiyev Qarabağdan köçən ermənilərin geri qayıtması məsələsinin mümkün görünmədiyini bildirib:
“Sülh müqaviləsinin şərtləri ilə bağlı Bakı ilə İrəvan arasında müəyyən fikir ayrılığı var. Prezident İlham Əliyev də ötən günlərdə bu barədə məlumat vermişdi. Biz ermənilərin Qarabağa, azərbaycanlıların Qərbi Azərbaycan ərazilərinə qayıdışı məsələsinə qarşılıqlı prinsip əsasında yanaşırıq. Ermənistan parlamentinin spikeri Alen Simonyan elə erməni stilində qeyd etdi ki, azərbaycanlıların Ermənistana qayıdışı qeyri-konstruktivdir.
Mən düşünürəm ki, ümumiyyətlə sülh sazişində Qarabağdan köçən şəxslərin geri qaytarılması məsələsi öz əskini tapmayacaq. Çünki biz bu prosesin birtərəfli şəkildə həyata keçirilməsinə razı olmayacağıq. Belə görünür, ermənilər də azərbaycanlıların Ermənistan ərazisinə qayıtmasını qəbul etməyəcək”.