“Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...”
“Hazırda Ermənistan sürətlə silahlanır. Və onlara Rusiya ilə yanaşı, İran da, Hindistan da, hətta Avropa da dəstək verir. Maraqlı bir də orasıdır ki, Qarabağda erməni məsələsi bəlkə də Rusiya ilə İranın birgə projesidir. Amma buna rəğmən Rusiya və İranla düşmən olan Qərb ölkələri həmin projeni müdafiə edirlər. Bax, bu, çox qəribədir”.
Bu fikri Moderator.az-a açıqlamasında 1988-ci ildən başlanan milli azadlıq hərəkatının fəallarından biri, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa ifadə edib.
“Hesab edirəm ki, mövcud durumda Azərbaycan əsas iki xətt üzrə işləməlidir. Birincisi, dünya ölkələrinin ictimaiyyəti ilə işləməliyik. Deyirik ki, ABŞ, yaxud Fransa Qarabağ məsələsinə niyə belə münasibət bəsləyir. Bunun qarşısını almaq üçün həmin ölkələrin ictimaiyyəti, vətəndaşları arasında güclü təbliğat aparmaq gərəkdi ki, onlar da öz dövlətlərinə təsir göstərə bilsinlər. Həmin məqsədlə Qarabağ haqda gerçəklər qısa şəkildə yazılmış bukletlər çap olunur və onlar məsələn, Fransa paytaxtı Paris küçələrində insanlara paylanır. Əgər hansısa Fransa vətəndaşı Gülüstan, Türkmənçay müqavilələrindən üzü bəri və bu gün Qarabağ ətrafında gerçəkdən nə baş verdiyini öyrənərsə, çox güman ki, onda bu məsələ barədə ədalətli rəy formalaşar. Özü də bu təbliğatı təkidli şəkildə aparmaq lazımdır. Xaricdən və Ermənistandan gələn ermənilərin hələ sovet dövründə Azərbaycan ərazisində, xüsusən də Qarabağdakı ermənilər arasında necə təbliğat aparması haqda faktlar məlumdur. Əhali dəfələrlə onları qovurmuş, buna rəğmən yenə geri dönüb sözlərini deyirmişlər... Bunlar həm də onu göstərir ki, Qarabağda baş verənlər əslində “millətlərin öz müqəddəratını təyin etməsi” məsələsi ilə bağlı deyil. Xaricdən Ermənistan vasitəsi ilə idarə olunan dirijor çubuğunun, həmin ölkənin ilhaqçılıq siyasətinin nəticəsidir. Bir çox siyasilər və politoloqlar nədənsə bu məsələni qabartmırlar. Birincisi, ermənilər öz müqəddəratını Ermənistanın qondarılmasıyla həll edib. Və ikincisi, Qarabağ məsələsi Ermənistandan uzadılan barmağın fəaliyyətinin nəticəsidir və bunun adı “millətlərin öz müqəddəratını təyin etməsi” yox, işğaldır, ekspansiyadır”- deyə polkovnik açıqlamasının davamında bildirib.
“Azərbaycanın tutacağı ikinci xətt isə daha dişli, daha qətiyyətli hərbi-siyasi proseslərin aparılmasıdır. Bizim ərazimizdə qeyri bir ölkənin hərbi birləşmələri var. Dünya nə deyir, desin, biz həmin işğalçı birləşmələrin ərazimizdən çıxarılmasına, yaxud zərərsizləşdirilməsinə nail olmalıyıq. Dəfələrlə sual qoymuşuq ki, əgər Azərbaycan ərazisində doğrudan da Ermənistan ordusu yoxdursa, bəs Qarabağda ölən bir çox əsgərlər niyə aparılıb Ermənistanda dəfn olunur. Deməli, bunlar Ermənistanın Azərbaycan ərazisindən vuruşan əsgəridir. BMT-nin işğal faktının müəyyən olunması haqda qətnaməsi var. Əgər bir ölkənin ərazisində digər bir ölkənin hərbi mövcudluğu varsa, bunun adı işğal deyil, bəs nədir? Bu yandan da, erməni hərbi birləşmələrinə dəstəkçi kimi digər bir ölkənin – Rusiyanın hərbi kontingenti heç bir beynəlxalq mandatı-filanı olmadan “sülhməramlı” adı altında ərazimizə soxulub və həmin işğalçı erməni ordusuna maddi-texniki və ruhi-mənəvi dəstək verir. Onların gözü qarşısında emənilər canlı qüvvə və texnikalarının sayını artırır, təlimlər keçirlər, əlavə torpaq yollarla silah-sursat daşıyır, yeni yollar salmağa çalışırlar. Bu, nə deməkdir? Və indi artıq məsələ o yerə çatıb ki, Azərbaycan ordusu separatçı və işğalçı ermənilərin addımlarını nəzarətdə saxlamaq üçün hansısa bir yüksəklikdə mövqe tutur, Rusiyanın “sülhməramlı” kontingenti isə ordumuza qarşı həmin yüksəkliyi tərk etmək haqda tələblər irəli sürür. Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir”- deyə Arif Paşa yekunlaşdırıb.