Ermənistanla sərhəddə qurulmuş sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb

Azərbaycanın Ermənistanla sərhədində qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Mərasimdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iştirak edib. Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib, çoxlu sayda yaralı var

İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin isə yaralanıb. Məlumatı “Amerikanın səsi” radiosunun fars redaksiyası yayıb. Bildirilib ki, rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib. Onlar ağır yaralanıb. Buna etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər. Bildirilib ki, hökumət qüvvələri etirazçılara odlu silahdan atəş açıb. Məlumata görə, Fənucə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib.

Azad olunan ərazilərdə mina partlayışı nəticəsində ölən və yaralananların sayı açıqlanıb

2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Nazir müavini: "Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq"

"Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq". Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda da zəlzələyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və monitorinqlərin keçirilməsi lazımdır: "Çünki bundan heç kim və heç bir dövlət sığortalanmayıb. Türkiyədə 40 saniyəyə 50 mindən çox insan həlak oldu. Bu hadisənin dəhşətindən xəbər verir. Təkcə FHN-nin xilasediciləri 53 insanı dağıntılar altından xilas edib. Oradakı insanlar əzizlərini zəlzələnin deyil, binaların öldürdüyünü qeyd edirdi. Bu həqiqətdir. Çünki oradakı binaların 60 faizi yerlə yeksan olmuşdu".

Şarl Mişel Paşinyana Azərbaycanın Laçındakı sərhəd-buraxılış məntəqəsi haqda nə dedi?..

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu haqda "Aykakan Jamanak" nəşri  erməni baş nazirin aparatına istinadla məlumat yayıb. "Söhbət zamanı Regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Baş nazir Paşinyan vurğulayıb ki, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar onun Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və Dağlıq Qarabağın tamamilə boşaldılmasına yönəlib. Baş nazir Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası istiqamətində fəal addımlar atmasının vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səyləri vurğulayıblar"- xəbərdə belə deyilir. Bəs  Avropa İttifaqı rəhbəri Azərbaycanın öz dövlət sərhədində sərhəd-buraxılış  məntəqəsi qurmasına necə münasibət bildirib? Bu haqda Ermənistan baş naziri aparatının yaydığı məlumatda heç nə deyilməyib..

Məşhur aktrisaya ağır itki üz verdi

Məşhur aktrisa Hande Erçel babası, təqaüdçü Metin Erçel 83 yaşında dünyasını dəyişib. Erçel babasının dəfnində iştirak etmək üçün Bandırmaya gedib. Hande Erçel sosial media hesabında paylaşdığı bu şəkillə acı xəbəri açıqlayıb. Qeyd edək ki, aktrisa Hande Erçel və böyük bacısı Gamze Erçel 2019-cu ildə anaları Aylin Erçeli xərçəng xəstəliyindən itiriblər./Azxeber.com

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 81,22 dollara, yüngül neftin bir barreli isə 77,59 dollara təklif edilir.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Dağıntı və tələfat haqda məlumat verilməyib.

İrəvanda “Nemezis”lə bağlı abidə açıldı – XİN-dən reaksiya

Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır. Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər. Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb. Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanda Nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır. Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır. Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur. Qeyd edək ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir", - məlumatda bildirilib.

427-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 427-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 188 410hərbçi, 3692 ədəd tank, 7162 ədəd zirehli döyüş maşını, 2877 ədəd artilleriya sistemi, 539 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 292 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5792 ədəd avtomobil texnikası, 2440 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 352 xüsusi avadanlıq itirib.

Gəncədə xəstəxanada yanğın: xəstə boğularaq öldü

10:33 Gəncə şəhərində 1 saylı Abbas Səhhət adına Xəstəxanada yanğın baş verib. Sozcu.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğının terapiya şöbəsində baş verdiyi bildirilib. Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub. *** Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın söndürülüb. Məlumata görə, reanimasiya şöbəsində qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb. Bu zaman həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub. *** Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın zirzəmisində yerləşən elektrik şkafında baş verib. Oxu.az-ın əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb. Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər mərtəbələrinə daxil olub. Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Vəziyyət ağırdır: General Baxmuta getdi

Baxmutda vəziyyət həqiqətən də ağırdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin komandanı, general Viktor Xorenko deyib. “Doğrudan da Baxmutda vəziyyət ağırdır, amma indiki şəraitdə nə etmək və necə hərəkət etmək lazım olduğunu bilirsiniz. Sizin buradakı işiniz bir daha sübut edir ki, Xüsusi Əməliyyat Qüvvələri ilk növbədə keyfiyyətin kəmiyyətdən üstünlüyüdür”, - Baxmutda hərbçilərlə görüşən Xorenko bildirib.

Bu fondun əməkdaşı Suqovuşanda minaya düşdü

09:46 Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə partlayış baş verib. Bu barədə Sozcu.az-a Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Tarıyel oğlu Babaşov xəsarət alıb. Qeyd edilib ki, xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir və həyatı təhlükəsi yoxdur. *** Tərtərdəki mina partlayışı ilə bağlı araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirirlib ki, aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycanın kiberməkanına İrandan hücumlar edildi

2022-ci ildə Azərbaycanın kiberməkanına İrandan hücumlar olub və bu, Bakı-Tehran münasibətlərini daha da gərginləşdirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatında bildirilir. Sənəddə deyilir ki, ötən il ölkənin səlahiyyətli qurumları 25 kiberhücumun mənşəyi ilə bağlı araşdırma aparıb. Bu hücumların 24-nün İran, 1-nin isə Niderland əsaslı olduğu üzə çıxıb. Beləliklə, kibertəhlükəsizlik məsələsi Azərbaycanın milli təhlükəsizliyi üçün ən ciddi narahatlıq və çağırışlardan birinə çevrilib. "Hazırda ölkənin aidiyyəti strukturları İran, eləcə də Ermənistan və Rusiyadan qaynaqlanan potensial kiberhücumlara qarşı iş aparır. Kiberhücumlar barədə ilk öncə iqtidarda olan Yeni Azərbaycan Partiyasından (YAP) müraciət olunub. Araşdırma zamanı hakerlərin İP (İnternet Protokol) ünvanlarının İran mənşəli olması sübuta yetirilib. Bir ay sonra isə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL), eləcə də bir telekanalın internet səhifələrinin iranlı hakerlərin hücumuna məruz qalmasına dair xəbərlər yayılıb", - hesabatda qeyd olunub. Bundan başqa, sənəddə ölkənin kiberhücumlarla bağlı tarixçəsinə toxunulur və bildirilir ki, 2000-ci ilin yanvarında erməni hakerlər Azərbaycanın 20-yə yaxın dövlət saytını, ABŞ-ın Bakıdakı səfirliyinin və bir sıra beynəlxalq təşkilatların saytlarını hədəfə alıb, rəsmi Bakıya, xüsusilə keçmiş Prezident Heydər Əliyevə qarşı düzgün olmayan və təbliğat xarakterli materiallar yerləşdirərək Qafqaz regionunda rəqəmsal münaqişələrin genişlənməsinin əsasını qoyub. “2012-ci ilin yanvarında müəyyən xəbər agentliklərinin internet saytları da dövlət əleyhinə fikirlərin yayılması məqsədini güdən hücuma məruz qalmışdı. Digər bir araşdırmaya əsasən, “Staksnet" (Stuxnet) adlı "kompüter qurdu"nun hücumu dünyanın bir çox dövlətlərini təsirə məruz qo duğu kimi Azərbaycan ictimaiyyətinin diqqətini kibertəhlükəsizliklə bağlı məlumatlılıq mövzusuna cəlb edib. "Staksnet" əsasən İrandakı kompüter şəbəkələrinə qarşı yönəlmişdi, lakin Azərbaycan daxil olmaqla bir sıra digər ölkələrdə də aşkarlandı. Şübhəsiz ki, effektiv əks-tədbirlərlə operativ reaksiya nəticəsində bu "kiber-raket"in ("cyber-missile") yaratdığı ziyan məhdudlaşdırılsa da, "Staksnet" hadisəsi Azərbaycanda kiberməkanın mövcud müdafiə vasitələrinə xəbərdarlıq mahiyyəti daşıdı", - hesabatda bildirilib.

Erməni terror təşkilatı olan VOMA-dan şok çağırış: Silahlanın və hazırlaşın!

Erməni terror təşkilatı olan VOMA (Voxj Mnalu Arvest – Sağ qalmaq sənəti) Azərbaycana qarşı müharibə çağırışı edib. Sozcu.az xəbər verir ki, sosial şəbəkə platformalarında edilən çağırışda terrorçular əhalini kütləvi şəkildə silahlanmağa səsləyib. “Biz nə qədər ki, hansısa kağız parçalarına ümid edəcəyik, düşmənin belə fəaliyyətləri davam edəcək. İndi isə yeni trend var: “ABŞ “arsax”ı tanıyacaq və bütün problemlərimiz həll ediləcək”. Əgər siz sabah türklərin (Osmanlı, Xəzəryanı) İrəvanın ətrafında peyda olmasını istəmirsinizsə, cəfəngiyatla məşğul olmayın, özünüzdən başlayın. Silahlanın və hazırlaşın! Düşməni Ermənistan ordusu və siz qarşılayacaqsınız: milislər, ezam olunmuşlar, könüllülər, ruslar, amerikalılar, avropalılar, marslılar yox!” – çağırışda bildirilib. Qeyd edək ki, VOMA uzun müddətdir Ermənistanda, o cümlədən Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərir. Bu terror qruplaşması səngərlər qazır, mülki şəxslərə silahla davranmağı öyrədir və Azərbaycana qarşı nifrət yayır. VOMA-nın qurucusu və rəhbəri Vova Vardanovdur.(axar)

"Zod qızıl mədənində işlər tamamilə DAYANDIRILDI" - "Hraparak"

“Zod qızıl mədənində işlər tamamilə dayandırılıb”. Sozcu.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb. Qeyd olunub ki, bir neçə gün əvvəl Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan mədənin işçiləri ilə görüşüb, onlardan konkret addımlar atmaq üçün aprelin 25-nə qədər gözləməyi xahiş edib. “Bu gün qubernator yenidən mədəninin işçiləri ilə bir araya gəlib və bildirib ki, yatağın fəaliyyəti dayandırılır, mədən bundan sonra işləməyəcək. Mədəndəki fəhlələrdən birinin dediyinə görə, qubernator onlara bu ayın maaşının 1/3-ni alacaqlarını, 40 işçinin Rusiyanın hansısa zavodunda işlə təmin olunacağını, qalanlarının isə öz işləri ilə məşğul olacağını deyib. Zod qızıl mədənində əsasən Vardenis icmasından olan 800-dən çox insan işləyirdi”, – deyə Hraparak yazır.konkret)

Mayda 10 gün iş olmayacaq - TƏQVİM

Mayda 10 gün iş olmayacaq. Sozcu.az xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib. Belə ki, gələn ay 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. 2023-сü ildə mayın 28-i bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 29 may da istirahət günüdür. Beləliklə mayda şənbə və bazar günləri də daxil olmaqla 10 gün qeyri-iş günü olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü oldu - YENİLƏNDİ

Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Sozcu.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub. Prezident Rumen Radev Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması tədbirində iştirak üçün Bolqarıstana səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib. Prezident İlham Əliyev səfərə dəvətə görə Prezident Rumen Radevə minnətdarlığını bildirib. Görüşdə “Həmrəylik Halqasi” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu xüsusda Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulanıb. Söhbət zamanı siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. *** 14:45 Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Mehman Hüseynov Vahid Əhmədovla müsahibə haqda ilginc detalları açdı

Bir neçə gün öncə tanınmış bloger Mehman Hüseynovun deputat Vahid Əhmədovla video müsahibəsi yayılıb. Milli Məclisin aprelin 25-də keçirilən plenar iclasında həmin video ciddi şəkildə müzakirə olunub. Hətta bir neçə millət vəkili, o cümlədən vitse-spiker Fəzail İbrahimli V.Əhmədovun ünvanına sərt sözlər deyiblər. Qeyd edək ki, vitse-spiker V.Əhmədova mandatı təhvil verməyi təklif edib. Sitat: “Vahid Əhmədov, sən dövlətinin necə yanındasan? Məgər Azərbaycan parlamenti bu dövlətin bir qolu deyil? Sən parlamenti saxtakar adlandırırsan. Adama deyərlər ki, bəyənmirsən, oturma da. Sənin vicdanın dözmürsə mandatını açıq şəkildə qoy və get”. Müsahibənin müəllifi Mehman Hüseynov Globalinfo.az-a açıqlama verib. O bildirib ki, hər zaman jurnalist olaraq öz məhsulunu yaratmağı düşünür: “Mən insanlara fərqli nələrsə yaratmağın mümkün olduğunu göstərdim. Hamımız bilirik ki, deputatların təkrar sözləri, eyni çıxışları insanlara maraqlı deyil. Mənə Erkin Qədirlidən sonra Vahid Əhmədovla müsahibə etməyə fürsət oldu. Bu, spontan müsahibə deyildi. Təxmini iki həftəyə yaxın Vahid bəyi gözləmişik. O adamı hardasa 10 günə razı salmışıq. Burada heç bir məqsəd olmayıb. Sadəcə, mən Azərbaycan xalqına fərqli bir söhbət təqdim etdim. Orada məni, ictimaiyyəti narahat edən məsələlərlə bağlı danışdım. Xalqın rifahından, Milli Məclisdən və bizneslə məşğul olan deputatlar haqda danışdıq. Açıq, heç bir montaj olmadan efirə gedən bir müsahibə olub”. M.Hüseynov görüntülərin 10 gün sonra müzakirə edilməsinin səbəbini anlamadığını deyib: “Həmin görüntülər efirə 10 gün əvvəl gedib, amma nədənsə, bəzi deputatlar bu gün coşublar. Mənim üçün şübhəli məqam da budur ki, niyə müsahibədən dərhal sonra deyil, günlər sonra münasibət bildirilib?! Vahid bəydən bizneslə məşğul olan deputatların olub-olmamasını soruşdum. O da Milli Məclisdə belə deputatların varlığını bildirdi və bunun qanunsuz olduğunu dedi. Düşünürəm ki, məhz bu söz orada əyləşən bəzi oliqarx deputatların xoşuna gəlməyib, dolayısı ilə bizneslə məşğul olan millət vəkillərinə də xoş olmayıb. Orada digər deputatlara qarşı hörmətsizlik edilməyib, onlara qarşı qeyri-etik ifadələr olmayıb. Bəzi millət vəkilləri məni də təhqir etməyə başlayıblar. Amma onlara cavab verməyə halım və marağım yoxdur. Həm də bu, söz azadlığıdır. Mövqe bildirmək istəyirlərsə, buyursunlar. Məsələ burasındadır ki, bir neçə gün öncə Siyavuş Novruzova və digər deputatlara müraciət etdikdə, müsahibədən qaçdılar. Bu isə artıq onların seçimidir, mənim problemim deyil”. Əməkdaşımız M.Hüseynovdan V.Əhmədovu əlverişsiz vəziyyətə saldığı üçün peşman olub-olmadığını soruşduqda, o, peşman olmadığını bildirib: “Düşünürəm heç Vahid bəy özü də peşman deyil. Hər birimiz insanıq və dediyimiz sözün məsuliyyətini dərk edirik. Adam cəsarət toplayıb daxilində olan fikirləri dilə gətirib. İnsan dediyi sözə görə peşman olmamalıdır. Digər deputatlar da cəsarətli çıxışlar etməyə hazırdırlarsa, onlardan müsahibə ala bilərəm. Amma cəsarətli olmasa da olar. Əsas odur məni narahat edən sualları cavablandırsınlar”.

General Volkov da Həkəri körpüsünə gəldi... -Sərhəd postumuzu götürtməyə çalışır?..

“Rusiya sülhməramlı qoşunlarının komandanı general-mayor Andrey Volkovun da iştirakı ilə Həkəri körpüsünün açılması ilə bağlı danışıqlar davam edir” Sozcu.az xəbər verir ki,  bunu Qarabağdakı 32  yaşlı separatçı-terrorçu rejimin qanunsuz “parlamenti”nin hakim fraksiyasının rəhbəri Artur Arutyunyan Amerikanın  “Azadlıq” radiosunun erməni bürosuna -“Azatutyan”a müsahibəsində bildirib. “Ruslar həm Azərbaycan, həm də Artsax tərəfi  ilə ayrı-ayrılıqda müzakirələr aparırlar. Lakin artıq 3-cü gündür ki, davam edən danışıqlar hələ ki, nəticə verməyib”-deyə A.Arutyunyan əlavə edib. Bu arada general Andrey Volkovun “sülhməramlı”ların komandanı vəzifəsində Rusiya müdafiə naziri Sergey Şoyqunun yaxın adamlarından biri olan “müharibələrdə iştirak etmiş”, “daha iradəli” bir general-polkovniklə əvəzlənəcəyi haqda informasiyalar yayılıb. Xatırladaq ki, Artur Arutyunyan baş separatçı Araikin qardaşıdır...moderator

“Laçındakı sərhəd postumuzda Rusiya “sülhməramlı”larının da yoxlanılması vacibdir...”

“Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər...” “Laçında sərhəd-buraxılış məntəqəmizin qurulmasını alqışlayıram. Bunu çoxdan etməliydik.  Çünki həmin məkandan bizim dövlət sərhədimiz keçir və oraya sərhəd-buraxılış məntəqəsi qoymaqla bağlı heç kəslə məsləhətləşmək də lazım deyildi. Biz bir müstəqil dövlət olaraq öz suveren ərazimizdə beynəlxalq və yerli qanunların yol verdiyi hər şeyi edə bilərdik. Odur ki, Ermənistanla sərhəddə, bilavasitə  Xankəndinə  gedən yolun üzərində nəzarət-buraxılış məntəqəmizin qurulmasına heç bir xarici dövlətin etiraz etməyə nə ixtiyarı, nə də haqqı var”. Bu fikirləri Moderator.az-a açıqlamasında  müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov ifadə edib. “Əgər azı son 30-35 ildə Azərbaycan xalqının başına gətirdikləri faciələrə, işğallara, soyqırımlara baxmayaraq,  Qarabağdakı ermənilərə sərhəd-buraxılış məntəqəmizdən keçməklə Ermənistana gediş-gəlişlərinə şərait yaradırıqsa, buna icazə veririksə, onlar bizə minnətdar olmalıdırlar. Onlar bu yolla silah-sursat, qadağan olunmuş məhsullar, texniki vasitələr və s. daşımayacaqlarsa, nədən ehtiyat edirlər,  gəlib-getsinlər. Amma deyilənləri nəzərə alaraq Həkəri çayı üzərindəki körpüdə sərhəd xidməti ilə yanaşı, gömrük və baytarlıq xidmətlərinin də postları olmalıdır. Bundan əlavə, yalnız Laçında deyil, Ermənistanla  keçmiş Dağlıq Qarabağ ərazisində keçidin mümkün olduğu bütün torpaq, qrunt yollarının, at, ulaq cığırlarının hamısının başında sərhəd postları qurulmalıdır”- deyə açıqlamasının davamında polkovnik bildirib. “Xalqı narahat edən digər bir məsələ bəhs edilən sərhəd məntəqəsindən keçən Rusiyanın “sülhməramlı” adlanan hərbçilərinin minik və yük avtomobillərinin də yoxlanıb-yoxlanılmayacağıdır. Çünki son iki il yarıma yaxın müddətdə onların müvəqqəti nəzarətində olan ərazilərimizdə baş verənlərdən, xüsusən də Qarabağda rəsmi qurumlarımız tərəfindən də qeydə alınan son hadisələrdən, yəni Rusiya hərbçilərinin dəstəyi ilə  kənar yollarla oradakı separatçı, işğalçı xislətli ermənilər üçün silah-sursat, əlavə canlı qüvvə daşınması faktlarından sonra “sülhməramlı”lar öz etibarlarını tamamilə itiriblər. Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər. Odur ki, Laçındakı sərhəd postumuzda Rusiya hərbçilərinin də yoxlanılması vacibdir”, - deyə sabiq nazir müavini vurğulayıb.

Maşın aşdı: Ata və ana yaralandı, övladları öldü

Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb. Belə ki, VAZ-21011 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar. Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Vahid Əhmədovdan ittihamlara cavab: “Göstərişi kim verib, bilirəm”

“Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm”. Sozcu.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov deputat həmkarlarının ittihamlarına cavab olaraq deyib. O bildirib ki, bugünkü çıxışlarla bağlı kim bu göstəriş verib, onu da bilir: “Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orda da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orda dövlətin, millətin yanında olan insanam”. Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib. Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burda deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm” – deyə bildirib.

Sumqayıt Tibb Mərkəzində araşdırma: Cinayət işi açıldı

“Sumqayıt Tibb Mərkəzi”ndə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.