Ukrayna kəşfiyyatından ruslara XƏBƏRDARLIQ: "Parada getməyin, hərbi texnikadan uzaq durun"

Ukrayna kəşfiyyatçıları ruslara 9 May paradına getməməyi və hərbi texnikadan uzaq durmağı tövsiyə ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov xəbərdarlıq edib. O, Rusiyanın Qələbə günü ilə bağlı bütün hərəkətləri və qərarları ilə bağlı məlumatların olduğunu bildirib. “Əlbəttə, əgər hansısa eyham və ya məsləhətdən danışırıqsa, o zaman adi rusiyalılara bütün günü hərbi obyektlərdən uzaq durmağı məsləhət görürəm”, – deyə Yusov qeyd edib.

Rusların iki bölüyü məhv edildi

Sutka ərzində Tavriya istiqamətində rusların iki bölüyü və 18 hərbi texnikası məhv edilib. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın “Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski deyib. “Düşmənin 2 ədəd tankı, BTR-i, MTLB-si, 3 ədəd PDM-i, 2 ədəd “2S5 Qiasint-S”, 2 ədəd “2S3 Akasiya” haubitsası və avtomobil texnikası məhv edilib. Ukrayna hərbçiləri rusların sursat anbarını da darmadağın ediblər”, - general bildirib.

Minaya düşən şəxsin ayağı amputasiya edildi

Tərtər rayonunda mina partlayışı zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, aprelin 26-da rayonun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi qeydə alınıb. Piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Tarıyel oğlu Babaşov xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir. “Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi davam etməkdədir. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli olmağa çağırır”, - məlumatda qeyd olunub.

Abramyan ÇƏRƏNLƏDİ: "Keçid məntəqəsi olmamalıdır, vəssalam"

“Keçid məntəqəsi olmamalıdır, vəssalam”. Sozcu.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb. O,  Azərbaycan keçid məntəqəsi ətrafında aparılan müzakirələrin ermənilərin maraqlarını əks etdirmədiyini bildirib. “Məsələ aydındır, yoxlama məntəqəsi olmamalıdır, vəssalam. Bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli sənəddə də yazılıb. Keçid məntəqəsində rusların və azərbaycanlıların funksiyalarının necə bölüşdürülməsi, kimin hansı halda hərəkətə keçməsi ilə bağlı müzakirələr Ermənistan tərəfi üçün pisdir. Bu hissədə danışılacaq heç nə yoxdur. Ola bilsin ki, başqa mövzularda güzəştə getmək ehtimalı var, amma konkret keçid məntəqəsi məsələsində güzəştə getmək olmaz. Çünki bu işləsə, onda hər şey çox tez bitəcək”, – deyə Abramyan çərənləyib.

ABŞ-dan Laçındakı nəzarət-buraxılış məntəqəsi ilə bağlı daha bir açıqlama

“Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətləri ABŞ Dövlət Departamentinin Baş katibinin çox yüksək qiymətləndirdiyi və çox önəm verdiyi bir məsələdir. Həftə sonu gördüyünüz kimi, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması bizi çox narahat edir”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel aprelin 25-də keçirdiyi brifinqdə deyib. “Açığını deyim ki, bu, sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır və biz Laçın dəhlizində insanların sərbəst və açıq gediş-gəlişinin və ticarətin olmasının tərəfdarıyıq. Lakin baş məsləhətçi Bono, katibin köməkçisi Hoqan, katib - biz bununla dərindən məşğul olmağa davam edəcəyik”, - V.Patel əlavə edib. Qeyd edək ki, Dövlət Departamentinin Mətbuat xidməti daha əvvəl yaydığı bəyanatda ABŞ-ın Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahat olduğu bildirilib.

Türkiyədə deputatlığa namizəd saxlanıldı - Terrorçuluqda ittiham olunur

Xəbər verdiyimiz kimi, ötən gündən Türkiyənin bir çox vilayətində terrorla əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar başladılıb. Sozcu.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbul vilayətində aparılan əməliyyatlar zamanı Yaşıl Sol Partiyanın Kocaelindən millət vəkili namizədi Aytən Dönmez də saxlanılıb. Onun bir müddət terror təşkilatı PKK/KCK-nın mərkəzdən kənarda təşkilatlandırılmasında rol aldığı iddia edilir.

Bakıda qadının çantasından pul oğurlandı

Bakıda qadının çantasından pul oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 17-də Bakı şəhər sakini olan bir qadının çantasından 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bakı metrosu 2 saat çox işləyəcək - SƏBƏB

"Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar "Bakı metropoliteni"nin iş rejimi 2 saat uzadılacaq. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, aprelin 28-dən 30-dək keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək: "Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək". B.Məmmədov qeyd olunan tarixlərdə gün ərzində qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacağını vurğulayıb./Report "Bununla belə, idman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq", - deyə o əlavə edib.

Dərmanların təsirinə mane olan QİDALAR – Bilməyiniz vacibdir

Bəzi məhsullar dərmanların həzminə mane olur və ya təsirini tamamilə neytrallaşdırır. İnsanın vəziyyəti ağır olarsa, bu, son dərəcə təhlükəli ola bilər.  Sozcu.az lent.az-a istinadən bildirir ki, buna görə də bu siyahını yadda saxlamağınız məsləhətdir. Onlar dərman qəbul etdikdən sonra və ya ən azı 2 saat əvvəl istehlak edilməlidir. Meyvə şirələri - həb qəbul etmək üçün qətiyyən uyğun deyil. Həmçinin, atenolol (aritmiya əleyhinə dərman) və ya aliskiren (hipertoniya əleyhinə dərman) qəbul edən insanlar müəyyən şirələrlə diqqətli olmalıdırlar. Bir alma və ya portağal yemək bədəninizdəki dərmanların səviyyəsini aşağı sala bilər. Qoz da dərmanlarla yeyilməməlidir. Qalxanabənzər vəzinin pozulması və levotiroksin qəbulu ilə qoz dərmanın effektivliyini azalda bilər. Yemək və dərman qəbul etmək arasında bir neçə saat keçməlidir. ABŞ Qida və Dərman İdarəsinin məlumatına görə, qreypfrut Kron xəstəliyi və ya xoralı kolit üçün dərmanlarla mənfi təsir göstərə bilər. Həmçinin, bu meyvəni statin qəbul edən yüksək xolesterolu olan şəxs yeməməlidir. Əczaçı Dima Kuatonun sözlərinə görə, qreypfrut statinlərin mübadiləsi üçün vacib olan fermentə maneə törədir. Bu o deməkdir ki, dərman qanda qalır və yığılır. Bu, əzələ ağrısı kimi yan təsirlərin riskini artıra bilər. Qreypfrut, həmçinin kalsium kanal blokerinin (hipertoniya dərmanı) effektivliyinə mane ola bilər. Əczaçı Betann Braun banan və anqiotensin çevirən ferment inhibitorları arasında arzuolunmaz qarşılıqlı təsirlər barədə xəbərdarlıq edir. Qan təzyiqi inhibitorlarını banan kimi kaliumla zəngin qidalarla birlikdə qəbul etmək mənfi təsir göstərə bilər. Bədəndə yüksək miqdarda kalium ürək aritmiyasına səbəb ola bilər.

Yeməkdən sonra qəhvə içmək olarmı? - CAVAB

Qəhvə uzun müddətdir ki, bir çox insanın sevimli içkisi olub, lakin onun orqanizmdə dəmir səviyyəsinə mənfi təsiri varmı? Bu gün qəhvənin müxtəlif növləri, eləcə də onu hazırlamaq üçün bir çox üsullar mövcuddur və qəhvə tez-tez desertlər və yeməklərlə müşayiət olunur. Ancaq bəzi insanlar yeməklə qəhvə içməkdən çəkinirlər. Sozcu.az lent.az-a istinadən bildirir ki, müxtəlif araşdırmalara görə, böyüklərin 70-80 faizi qəhvə və ya yüksək konsentrasiyada kofein olan digər içkilər içir və fenolik turşularla zəngin içkilər bağırsaqlarda dəmirin sorulmasını məhdudlaşdıraraq, dəmir çatışmazlığına səbəb olur. Ən çox kofein konsentrasiyası olan içkilər: nanə (73 faiz azalır), qara çay (79 faizdən 94 faizə qədər), cökə (52 faiz), verbena - 59 faiz (minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi-red.), çobanyastığı (47 faiz) və qəhvə (40 faiz). Beləliklə, bu içkiləri yemək zamanı içmək faydalı maddələrin qana və bədənin digər hissələrinə sorulmasına mane ola bilər. Maraqlıdır ki, bu effekt kofeinsiz qəhvə istifadəsi ilə davam edir. Ən yaxşı nəticə əldə etmək və orqanizminizi formada saxlamaq istəyirsinizsə, əsas yeməkdən 30-60 dəqiqə sonra qəhvə içmək məsləhətdir. Qeyd etmək lazımdır ki, şəkər və ya süd əlavə edilmiş qəhvə toxluq hissi yarada bilər, bu o deməkdir ki, içki içmək vaxtını daha gec bir ana keçirmək lazımdır. 

"Real"ın 76 illik seriyasını qırdı

"Jirona"nın futbolçusu Valentin Kastelyanos La Liqanın 31-ci turunda “Real”ın 76 illik seriyasında son qoyub. Sozcu.az xəbər verir ki, o, Madrid təmsilçisinin qapısına 4 qol vurub. Sonuncu dəfə hər hansı bir futbolçu "Real"ın qapısına 4 qolu 1947-ci ildə vurmağı bacarıb. Ümumiyyətlə, yalnız 5 futbolçu İspaniya çempionatı çərçivəsində bir matçda “Real”a 4 qol vura bilib: 2023 – Kastelyanos ("Jirona") 1947 – Eçavarriya ("Ovyedo") 1942 – Emelin ("Ovyedo") 1940 – Katalan ("Espanyol") 1935 – Ventolra ("Barselona")

“Lentsov bilir ki, Qarabağda yaxşı biznes var” - Rus general üçün “kabab iyi”

“Rusiyada o qədər generallar var ki, general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı Rusiya sülhməramlı kontingentinə komandan təyin olması heç kimi təəccübləndirməsin”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olanda polkovnik Üzeyir Cəfərov deyib. Hərbi ekspert Azərbaycanın aprelin 23-də Həkəri çayı üzərində quraşdırdığı nəzarət-buraxılış məntəqəsindən dərhal sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığında baş vermiş dəyişiklikdən söz açıb. Xatırladaq ki, Qarabağdakı Rusiya sülhməramlıların növbəti – beşinci komandanı general-polkovnik Aleksandr Lentsov təyin olunub. O, bu postda general-mayor Andrey Volkovu əvəzləyəcək. Öz növbəsində, Ü. Cəfərov söyləyib ki, Lentsovun gəlməsi heç nəyi dəyişdirməyəcək: “Əksinə, Lentsov bilir ki, orada yaxşı biznes var və o, Andrey Volkovdan fərqli olaraq, çalışacaq ki, 5 illiyi 3 ildə yerinə yetirsin. Çünki qabaqlar SSRİ-də belə bir şüar var idi ki, 5 illiyi 3 ildə yerinə yetirsinlər”. Polkovnikə görə, Lentsovun postun qurulmasından sonra Qarabağa gətirilməsi sadəcə bir təsadüfdür: “Sadəcə vaxt baxımından rotasiya olunmalı və Volkov getməli idi. Onsuz da Volkov harınlamış bir rus generalı idi. Lentsov gəlib guya nəyi dəyişəcək? Ona nə deyəcəklərsə, onu da edəcək. Lentsov bölgədə Sergey Şoyqunun tapşırıqlarını yerinə yetirəcək, yük daşıyacaq və s. Komandanın özü heç bir qərar qəbul etmir. Yəni o, hər hansı bir səlahiyyətdə və gücdə deyil ki, nəyisə həll etmə iqtidarındadır, yaxud kimsə ona bu şansı tanıyacaq. Belə olacağını düşünmürəm”. Müsahibimiz vurğulayıb ki, onun Lentsovdan böyük bir gözləntisi yoxdur: “Rusiya sülhməramlıları bölgədən çıxarılmalıdır. Çünki onlar kifayət qədər sülhyaratma missiyasının adına öz davranışları və hərəkətləri ilə xələl gətirdilər. Həm də ki, bundan sonra Rusiyanı kimsə heç yerə dəvət etməyəcək. Birdəfəlik hər kəsə aydın olmalıdır ki, Rusiya olan yerdə hər hansı bir sülhdən, əmin-amanlıqdan və sabitlikdən söhbət gedə bilməz. Rusiya olan yerdə qan-qada, bəla və problemin dərinləşməsi var. Ona görə də bu generalın Qarabağa gəlməsindən böyük heç nə gözləmirəm. Rütbə də sizi çaşdırmasın. Çünki Rusiyada daşı atırsan, generala dəyir. İndi Volkov gedəcək, Lentsov gələcək, nə isə dəyişəcək və s. desələr də, belə düşünmürəm”.

Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. Atış çalışmalarında “OSA” və S-125 ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib. Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra ediblər.

Ermənistanla sərhəddə qurulmuş sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb

Azərbaycanın Ermənistanla sərhədində qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Mərasimdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iştirak edib. Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib, çoxlu sayda yaralı var

İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin isə yaralanıb. Məlumatı “Amerikanın səsi” radiosunun fars redaksiyası yayıb. Bildirilib ki, rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib. Onlar ağır yaralanıb. Buna etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər. Bildirilib ki, hökumət qüvvələri etirazçılara odlu silahdan atəş açıb. Məlumata görə, Fənucə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib.

Azad olunan ərazilərdə mina partlayışı nəticəsində ölən və yaralananların sayı açıqlanıb

2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Nazir müavini: "Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq"

"Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq". Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda da zəlzələyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və monitorinqlərin keçirilməsi lazımdır: "Çünki bundan heç kim və heç bir dövlət sığortalanmayıb. Türkiyədə 40 saniyəyə 50 mindən çox insan həlak oldu. Bu hadisənin dəhşətindən xəbər verir. Təkcə FHN-nin xilasediciləri 53 insanı dağıntılar altından xilas edib. Oradakı insanlar əzizlərini zəlzələnin deyil, binaların öldürdüyünü qeyd edirdi. Bu həqiqətdir. Çünki oradakı binaların 60 faizi yerlə yeksan olmuşdu".

Şarl Mişel Paşinyana Azərbaycanın Laçındakı sərhəd-buraxılış məntəqəsi haqda nə dedi?..

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu haqda "Aykakan Jamanak" nəşri  erməni baş nazirin aparatına istinadla məlumat yayıb. "Söhbət zamanı Regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Baş nazir Paşinyan vurğulayıb ki, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar onun Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və Dağlıq Qarabağın tamamilə boşaldılmasına yönəlib. Baş nazir Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası istiqamətində fəal addımlar atmasının vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səyləri vurğulayıblar"- xəbərdə belə deyilir. Bəs  Avropa İttifaqı rəhbəri Azərbaycanın öz dövlət sərhədində sərhəd-buraxılış  məntəqəsi qurmasına necə münasibət bildirib? Bu haqda Ermənistan baş naziri aparatının yaydığı məlumatda heç nə deyilməyib..

Məşhur aktrisaya ağır itki üz verdi

Məşhur aktrisa Hande Erçel babası, təqaüdçü Metin Erçel 83 yaşında dünyasını dəyişib. Erçel babasının dəfnində iştirak etmək üçün Bandırmaya gedib. Hande Erçel sosial media hesabında paylaşdığı bu şəkillə acı xəbəri açıqlayıb. Qeyd edək ki, aktrisa Hande Erçel və böyük bacısı Gamze Erçel 2019-cu ildə anaları Aylin Erçeli xərçəng xəstəliyindən itiriblər./Azxeber.com

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 81,22 dollara, yüngül neftin bir barreli isə 77,59 dollara təklif edilir.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Dağıntı və tələfat haqda məlumat verilməyib.

İrəvanda “Nemezis”lə bağlı abidə açıldı – XİN-dən reaksiya

Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır. Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər. Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb. Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanda Nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır. Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır. Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur. Qeyd edək ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir", - məlumatda bildirilib.

427-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 427-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 188 410hərbçi, 3692 ədəd tank, 7162 ədəd zirehli döyüş maşını, 2877 ədəd artilleriya sistemi, 539 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 292 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5792 ədəd avtomobil texnikası, 2440 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 352 xüsusi avadanlıq itirib.

Gəncədə xəstəxanada yanğın: xəstə boğularaq öldü

10:33 Gəncə şəhərində 1 saylı Abbas Səhhət adına Xəstəxanada yanğın baş verib. Sozcu.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğının terapiya şöbəsində baş verdiyi bildirilib. Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub. *** Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın söndürülüb. Məlumata görə, reanimasiya şöbəsində qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb. Bu zaman həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub. *** Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın zirzəmisində yerləşən elektrik şkafında baş verib. Oxu.az-ın əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb. Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər mərtəbələrinə daxil olub. Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub. Onun şəxsiyyəti dəqiqləşdirilir.