Ukrayna silah almaq üçün ayda nə qədər pul xərcləyir?

Ukrayna ordu üçün silah, sursat və texnikanın alınmasına təxminən bir milyard ABŞ dolları xərcləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin hesabatında deyilir. Məlumata görə, mart ayında Ukrayna büdcəsindən hərbçilər üçün silah, sursat və texnikanın alınmasına 34,4 milyard qriven (935 milyon ABŞ dolları) xərclənib, fevralda bu xərclər 867 milyon dollar, yanvarda 780 milyon dollar olub. Ukrayna dövlətinin bütün xərclərində hərbi xərclərin payı təxminən 15% təşkil edir.

Bu ölkə Rusiyanın əmlakına həbs qoydu

Finlandiya Helsinkidə Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasına həbs qoyub. Sozcu.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu aktivlərə məhdudiyyətlərin tətbiqi barədə qərar dövlət məhkəmə icraçıları tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar bir həftə əvvəl qəbul edilib.

Rusiyada şok yazı: Rus meyitləri meşədə qalıb, götürən yoxdur!

Rusiyanın Yekaterinburq şəhərində reklam üçün istifadə edilən elektron lövhələrə müdaxilə edilib və orada Ukrayna ilə döyüşə göndərilən hərbçilərin və onların yaxınlarının cəbhədəki ağır vəziyyətlə bağlı yazışmaları əks olunub. Sozcu.az xəbər verir ki, yerli sakinlər elektron reklam lövhələrinin fotolarını çəkərək sosial şəbəkələrdə paylaşıblar. Reklam lövhələrinin birində qeyd olunub ki, Ukraynaya döyüşə göndərilən rusiyalı hərbçilər yemək tapmırlar, üstəlik, köhnə pulemyotlarla silahlanıblar. “Hərbi avadanlığın yarısı yarı yolda xarab olub. Çağırışçılar harada olduqlarını anlamırlar və geri çəkilmək istəyəndə dərhal öz silahdaşları tərəfindən atəşə tutulurlar. Meşədə çoxlu meyit var və heç kim onları ərazidən çıxarmır”. Digər elektron reklam lövhələrində də Rusiya ordusunun ağır durumunu təsvir edən yazılar öz əksini tapıb.

Ukrayna daha 5 "Şahid"i məhv etdi

Ukraynanın Zaporojye vilayətində Rusiyaya məxsus İran istehsalı “Şahid” pilotsuz uçuş aparatları məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. O, digər təfərrüatlar barədə məlumat verməyib.

SON DƏQİQƏ: Xəstəxanada baş verən yanğında 21 nəfər öldü

Pekində xəstəxanada baş verən yanğında 21 nəfər həlak olub.  Lent.az-ın xəbərinə görə, bu barədə şəhərin Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Sinxua agentliyinin məlumatına görə, 71 xəstə təxliyə edilib. Yanğının səbəbləri araşdırılır.

Şəmkir Polis Şöbəsinə yeni rəis təyin olub

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. "Sözcü.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, əmrə əsasən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Şəmkirin əvvəlki polis rəisi, polis polkovniki Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Sözcü.az

TƏCİLİ! Ermənistanda əsir saxlanılan hərbçimizdən XƏBƏR VAR

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb. APA Ermənistan Baş Prokurorluğuna istinadən xəbər verir ki, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir. Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib.

Gəlin, məni dindirin - Paşinyandan çağırış

"Dindirilmişəm, özü də çox detallı". Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Paşinyan müxalifəti 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclaslarında iştirak etməyə və dövlətə xəyanət işi çərçivəsində onu dindirməyə çağırıb. “Xahiş edirəm, gəlib məni komissiyada dindirin”, - Ermənistan baş naziri deyib.

“Keçmiş köçkünlər Laçın şəhərinə vaxtından əvvəl qaytarılacaq” - Prezident

“Keçmiş köçkünlər Laçın şəhərinə vaxtından əvvəl qaytarılacaq”. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində danışıb. “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük”, – dövlət başçısı qeyd edib. “Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”, – İlham Əliyev deyib. Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlərin getdiyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, o kəndlərə keçmiş köçkünlər ilin sonuna qədər qaytarılacaq.

Prezidentdən sülh açıqlaması: İrəvan rəsmən qəbul edib ki...

Sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub. Sozcu.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib. Dövlətimizin başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır.

Maşını ilə kanala düşən hərbçimiz hələ tapılmayıb - Video

Ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevin axtarışları davam etdirilir. FHN-dən Sozcu.az-a verilən məlumata görə, axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, S.Ağayev hərbçidir.

İran buna görə Azərbaycana düşmənçilik edir - Obalı

İran dövlətçiliyi farsçılığın üzərində qurulduğu üçün türk amilinə düşmən münasibət bəsləyir, buna görə də Azərbaycana qarşı düşmənçilik edir. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Çikaqo şəhərində yaşayan güney azərbaycanlı, GunAzTV-nin rəhbəri Əhməd Obalı deyib. Onun sözlərinə görə, Azərbaycanın nüfuzu artdıqca İranın mövqeyi dəyişməz qalacaq: "İran düşünür ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti onun Cənubi Qafqazdakı mövqeyini zəiflətdi". Siyasətçi eyni zamanda bildirib ki, İranda azad qadın anlayışı yoxdur və ölkə demokratik meyarlardan çox geri qalıb.

Türk əsgərlər PKK-nın mağarasına girdi

Türkiyə ordusu İraqın şimalındakı Zap bölgəsində PKK-nın mağarasına girib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı 12 terrorçu məhv edilib. Həmçinin mağaradan çoxlu silah-sursat ələ keçirililib.

Zelenski Avdeyevkaya getdi

Ukrayna Prezidenti Vladimir Zelenski ordunun Avdeyevkadakı mövqelərinə baş çəkib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Ofisindən məlumat verilib. Səfər zamanı Zelenski “Donetsk” əməliyyat-taktiki qrupunun komandirinin cavabdeh olduğu ərazidəki vəziyyətlə bağlı məruzəsini dinləyib.

“Artıq bu təxribatların müəlliflərini açıqlamağın zamanıdır...”

İrəvanda beynəlxalq səviyyəli idman tədbirində Azərbaycan bayrağının yandırılmasında Rusiya kəşfiyyatının daha çox rol oynaması ehtimalı nə qədərdir?.. “Bu davamlı təxribat seriyalarının qarşısını almaq üçün, öncə dediyim kimi, səbəbkar, təhrikçi, təxribatçı aşkarlanmalı, onun fəaliyyəti faktlarla, sübutlarla ortaya qoyulmalı və o, ifşa olunmalıdır. Bu baş verməyincə sərhədlərimizdə, Qarabağda və yaxud İrəvanda belə təxribat və aksiyalar davam etdiriləcək...” Görəsən, Ermənistanda ələ keçirilmiş hərbçilərimizə qarşı amansız münasibətdən və onların həbsdə saxlanmasından sonra İrəvanda beynəlxalq səviyyəli idman tədbirində Azərbaycan bayrağının yandırılması bu əməli törədənin öz təşəbbüsü idi, yoxsa daxildən hansısa qruplaşma, yaxud xarici kəşfiyyat tərəfindən təşkil olunub? Burada Rusiya kəşfiyyatının daha çox rol oynaması ehtimalı nə qədərdir? O mənada ki, Moskva bu cür təxribatlarla azı üç məqsəd güdür: birincisi,  Azərbaycanla Ermənistan arasında daha çox qarşılıqlı nifrət yaratmaqla sülh prosesini daha da uzatmaq,  ikincisi, Azərbaycanı Zəngəzur istiqamətində genişmiqyaslı hücuma təhrik etmək və üçüncüsü,  Ermənistanı onun barbar ölkə obrazını gücləndirməklə Qərbin gözündən salmaq, yəni onun Qərbə inteqrasiyasının qarşısını almaq... Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: “İrəvanda Azərbaycan bayrağı və idmançılarımızla bağlı təxribatın kim tərəfindən hazırlandığını birmənalı olaraq deyə bilmərəm. Amma onu birmənalı deyə bilərəm ki, bu cür olayların  bir qayda olaraq Azərbaycan-Ermənistan münasibətlərində müəyyən  dinamika, hətta dinamikaya yaxın bir hadisələr, addımlar olanda meydana çıxması təsadüf sayılmamalıdır. Bunun hansısa xarici güc tərəfindən təşkil və ya təhrik edilməsini araşdırmaq isə ilk növbədə, əlbəttə ki, Ermənistan dövlət orqanlarının, təhlükəsizlik və hüquq-mühafizə qurumlarının və siyasi hakimiyyətinin marağında olmalıdır və bu, onların səlahiyyətindədir. Buyursunlar, araşdırsınlar, aşkarlasınlar və bildirsinlər ki, həmin təxribat kimin, hansı ölkənin sifarişi ilə  həyata keçirilib. Bəli, onda bilinəcəkdir ki, həm siz deyən kimi Ermənistanı Qərb dünyasında gözdən salmaq, barbar dövlət kimi təqdim etmək, həm sülh prosesinə mane olmaq, həm də Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı nifrət yaratmaq və s. kimə lazımdır. O zaman, necə deyərlər, səbəbkarın adı və özü bəlli olacaq. Niyyəti isə öncədən bəllidir. Niyyət birmənalı şəkildə sizin sadaladığınız amillərdir. Bundan başqa da məqsəd həm də gündəmi dəyişməkdir. İstər Azərbaycandan, istər Ermənistandan gələn bütün müsbət tendensiyalar, müsbət mesajlar, özü də yalnız dövlətlər, hakimiyyətlər səviyyəsində deyil, həm də vətəndaş cəmiyyəti,  sadə insanlar səviyyəsində yarananda təxribatçı güclər mütləq nəsə törədib gündəmi dəyişdirirlər. Özü də ilk baxışdan xırda, amma kifayət qədər effektiv bir nəticə ilə... Bax, bu hadisə də o seriyadan olan olaylardandır. Və təəssüflə deyirəm ki, bu proses hələ davam edəcək, durmadan yeni-yeni təxribatlar törədiləcək, yeni-yeni oxşar aksiyalar təhrik olunacaq, Və nəhayət, belə addımlar o zamanadək davam edəcəkdir, bu cür təxribatların  təhrikçisi, təşkilatçısı aşkarlanıb faktla, sübutla və açıq mətnlə ortaya qoyulmayacaq. Hələlik isə bu davam edir. Və bu, Ermənistanın özünə də ziyandır. Bu, Azərbaycan- Ermənistan münasibətlərinin inkişafına da ziyandır. Bu, iki xalq arasında qarşılıqlı nifrəti daha da çoxaltmaqla yeni müharibə riskini artırmaq mənasında həm Azərbaycan, həm də Ermənistan üçün zərərlidir”.  Analitik hesab edir ki, bəhs edilən və bu günədək Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı digər təxribatların törədilməsində maraqlı olmasə ehtimal edilən tərəf ilk növbədə Rusiyadır.  “Bu məsələdə maraqlı olması ehtimal edilən tərəflərdən biri və birincisi, əlbəttə ki, Rusiyadır. Bu, çox birmənalıdır. Biz gördük ki, Qərbdən, Vaşinqtondan görüş təklifi gələn kimi cəbhə xəttində  bir təxribat törədildi. Özü də məhz Azərbaycan-Ermənistan sərhədində... 2022-ci ilin sentyabrında da həmin o Brüssel prosesini pozmaq üçün yenə də sərhəddə eyni addım atıldı. Və daha böyük miqyasda... Artıq bu təxribatların müəlliflərini açıqlamağın zamanıdır.  Və o da maraqlıdır ki, hər dəfə belə təxribatlar baş verən kimi onun ardınca Azərbaycan və Ermənistan rəhbərlərinə Moskvada görüşüb sülh danışıqları aparmaq dəvəti gəlir. Amma əslində sülh danışıqları Rusiya üçün maraqlı deyil, Kremlə maraqlı olan bu iki ölkə arasında idealda müharibə baş verməsidir ki, bundan istifadə edib bölgəyə hərbi müdaxilə etsin. Və ən azı, yəni minimal vəzifə isə Azərbaycan-Ermənistan sülh prosesinin davam etməsinə yol verməməkdir. Odur ki, bu davamlı təxribat seriyalarının qarşısını almaq üçün, öncə dediyim kimi, səbəbkar, təhrikçi, təxribatçı aşkarlanmalı, onun fəaliyyəti faktlarla, sübutlarla ortaya qoyulmalı və o, ifşa olunmalıdır. Bu baş verməyincə sərhədlərimizdə, Qarabağda və yaxud İrəvanda belə təxribat və aksiyalar davam etdiriləcək” -deyə ekspert vurğulayıb.

Bu, ürəyə çox pis təsir edir! - Kardioloqdan SOS

Kardioloq Faina Lobjanidze yaşlı insanların ürəyinə və damarlarına zərər verən pis vərdişləri açıqlayıb. Sozcu.az xəbər verir ki, həkim bu barədə Gazete.ru-ya danışıb. Həkimin sözlərinə görə, yaşlı insanların səhhətinə zərər vuran əsas amil hərəkətsizlikdir. Odur ki, gün ərzində çox hərəkət etmək lazımdır. Həkim çoxlu tərəvəz yemək lazım olduğunu da xatırladıb. Eyni zamanda duz qəbulunu azaltmağı məsləhət görür. "Orta hesabla bir insan gün ərzində təxminən 9 qram duz yeyir, amma 5 qramı keçməməsi tövsiyə olunur. Bu tendensiya təzyiqin artmasına və hipertoniyanın erkən inkişafına kömək edir", - Lobjanidze müsahibəsində deyib. Həkim həmçinin problemləri ürəyinizə salmamağı və xırda şeylərə görə narahat olmamağı da tövsiyə edib. (publika.az)

Qazinin qızı uğrunda mübarizəsi… - Foto

Vətən şüharibəsi şəhidlərindən bəhs edən “Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşmaq üzrədir. Kult.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib. “Müharibədə yaralanan qazinin qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib”, - Dadaşov bildirib. “Cineart” şirkətinin istehsalı olacaq filmin çəkilişləri Bakı şəhəri və ətraf qəsəbələrdə aparılıb. Film sentyabr ayında, Anım Günündən sonra bütün kinoteatrlarda yayımlanacaq. Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu rejissor Qulu Əsgərov, operatoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur. Baş rolu Rasim Cəfər canlandırır.

53 erməni dövlətə xəyanətdə günahlandırılır - Paşinyan

Ermənistanda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur. Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib. Paşinyanın sözlərinə görə, dövlətə xəyanətdə ittiham olunan şəxslərin əksəriyyəti hərbçilər və yüksək rütbəli zabitlərdir. "Pulla mövqelərin yeri barədə məlumat verirdilər", - deyə o əlavə edib.

Fitrənin məbləği bu il nə qədər?

Ramazan ayı sona çatır, tezliklə Fitr bayramı qeyd olunacaq. Bayramdan bir gün əvvəl çıxarılan fitrənin miqdarı nə qədər olacaq? Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Müşviq Əsgərov məbləği açıqlayıb: “Fitrə çıxarmaq hər kəsə vacibdir. O, buğdanın, xurmanın qiyməti ilə hesablanır. Adambaşına 3 kilo. Əvvəlki illərdə 5-10 manat arası təşkil edirdi. İmkanı olan isə adambaşına 10 manat verir. Adətən, fitrələr əsasən bayram namazından sonra verilir. Amma yaxşı olar ki, bayramdan əvvəl verilsin.  Fitrə imkanı olmayan şəxslərə, o cümlədən dullara, yetimlərə, imkansız şəhid ailələrinə verilməlidir. Fitrəni xurma, buğda ilə də vermək olar. Ancaq pul verilməsi daha yaxşıdır ki, imkansız şəxs onunla istədiyini ala bilsin”.

İqbal Ağazadə: “Baləlinin bu meyxanası çox bayağıdır, hələ başqalarını demirəm...”

“Meyxanaya niyə qulaq asmıram ki?! Qarşıma çıxanda qulaq asıram. Meyxanaçıların hamısını da tanıyıram, çoxu ilə şəxsi münasibətim var...” Sozcu.az Pravda-ya istinadla xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə bloger Şəhriyar Nadirin “Youtube” kanalına müsahibəsində deyib. O bildirib ki, meyxana da bir sənət növüdür: “Şanson müsiqi janrına niyə indi üstünlük verirlər?! Şansonu Azərbaycanda da sevən böyük kütlə var. Bu musiqi əslində, elə bir az da meyxananın fərqli forması idi. Vaxtilə şanson musiqi növünü gedib küçədə tinlərdə avara uşaqlarla oxuyurdular. Küçə musiqisinə çevrilmişdi. Sonra yenidən sənətə qaytardılar. Meyxananın, bədiyyə sənətinin də vaxtı var idi. Vaxtilə sufizmin ənənələrindən biri kimi meyxananı dərvişlər söyləyirdi. Sonra dərvişləri qoymadılar, onlar da gedib özlərinə meyxanələrdə yer tapdılar, meyxananı orada deməyə başladılar. Meyxana deyənlərin böyük əksəriyyəti qəzəlxandır, yaxşı qəzəllər yazır. Məsələn, rəhmətlik Baba Pünhanın, Maştağalı Babanın, Vüqar Biləcərinin, Aydın Xırdalanlının gözəl  qəzəlləri var. Bəlkə, indi Orxan da, Pərviz də, - Allah qapısını açsın, - Rəşad da, başqaları da bir az özlərini yetişdirsələr, yaxşı qəzəllər yaza bilərlər. Amma meyxana bir əyləncə növüdür. Deyə bilməzsən ki, bu sənəti toydan, insanların əyləndiyi yerdən çıxar. Çıxara bilməzsən. Rəhmətlik Turqut Özala anası demişdi ki, bu nədir, efirlərdə bayağı şeylər verirsiniz? Turqut Özal isə anasına demişdi ki, pult əlindədir, çevir başqa kanala bax. Yəni xoşuna gəlmir, meyxanaya da qulaq asma. Amma insanlara “meyxana deməyəcəksən” kimi bir qadağa qoya bilməzsən. Meyxana sadə sənət deyil, böyük hazırcavablıq, istedad istəyir. Düzdür, bayağılıq var, toy səviyyəsinə salıblar. Məsələn, Baləlinin trendə çevrilən son meyxanası “mən qara “Range Rover”əm, sən balaca “Chevrolet...” meyxanası çox bayağıdır. Bu kimi trendlər yaranıb. Hələ başqalarını demirəm. Amma bunlar toylardan çıxır, bu gün ədəbiyyat nümunəsi deyil. Hansı “otura” biləcəksə, o ədəbiyyatda da “oturaqcaq”... Məsələn, Məşədibabanın “Canan” qəzəli var: demə “canan” özünə, canan olub neyləmisən?” Aydın Xırdalanlının Qarabağla bağlı o vaxt “ANS”də dediyi meyxana var idi, Şuşada hava haqqında məlumatla bağlı deyirdi. Yaxşı və yerində olan bir şey idi, hansısa ədəbiyyat nümunəsinə çevriləcək. Ağız ədəbiyyatı belədir. Milyonlarla ağız ədəbiyyatı nümunəsi səslənir, amma biri gəlir şifahi xalq ədəbiyyatında özünə yer tutur, sonra artıq yazılı ədəbiyyatda şifahi xalq ədəbiyyatı nümunəsi kimi təqdim olunur. Əliağa Vahidin də Baləlinin dediyi meyxana kimi meyxanaları var...”

Müğənnilərdən Rövşanə haqda sərt sözlər: “Uşaqlıq travması var, etikası yoxdur”

Müğənnilər Nura Suri və Ayan Babakişiyeva son günlər qonaqları ilə verilişində qalmaqal yaşayan aparıcı Rövşanə Ağasəfqızını tənqid edib. Sozcu.az Olay-a istinadən xəbər verir ki, bu barədə onlar bloger Nagehan Abdullayevanın aparıcı ilə efirdəki mübahisəsinə fikir bildirərkən yazıb: “Gözəlim, sən niyə onun verilişinə getmisən axı? Onun hamı ilə problemi var. İnsanları sevmir, bilmirəm niyə belə edir... Bəlkə də uşaqlıq travması var. Sənin ailənə necə bağlı olduğunu, uşaqlarına, həyat yoldaşına necə baxdığını hamı bilir. Mən səni sevə-sevə izləyirəm. Anama da deyirəm ki, adamın Nagehan kimi gəlini ola! Yıxılan evin dirəyisən! Səni çox sevirəm. Çox yaxşı insansan və mərdsən! Bil ki, bunu hamı görür və bilir”, - deyə Nura Suri bildirib. Ayan Babakişiyeva isə Rövşanə haqda bunları yazıb: “Sualın məğzi olmalıdır ki, qonaq da ona uyğun cavab versin. Bu jurnalist özü sual verib, özü də cavablandırır. Nə dinləmə etikası, nə də düzgün yanaşması yoxdur. Nagehan da elə düzgün cavab verib ki, sualı birinci özün anla, daha sonra təqdim et. Əla! Doğurdan da yaxşı etmisən”.

“İsraildə Azərbaycan Evi” beynəlxalq birliyi Ermənistanın zorakılıq aktlarına hüquqi qiymət verməyə çağırıb

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı İsraildə fəaliyyət göstərən diasporumuzun kəskin etirazına səbəb olub.   “İsraildə Azərbaycan Evi” diaspor təşkilatının adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana hansı şəraitdə əsir düşmələrinə aydınlıq gətirilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insani hərəkətlərə diqqət cəlb edilib, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.   Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacibliyi vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb. Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən “İsraildə Azərbaycan Evi” beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb. 

İranda bir qrup müəllim aksiya keçirib

İranda bir qrup müəllim aksiya keçirib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, nümayiş Divandərə şəhərində baş tutub. Müəllimlər şagirdlərin naməlum şəkildə zəhərlənməsi və təhlükəli vəziyyətdə olmalarına etiraz ediblər.

Nəriman Abbasova uduzan MMA döyüşçüsü çəkisini dəyişir

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasova uduzan Rusiya təmsilçisi Marif Pirayev çəkisini dəyişir. Bu barədə 30 yaşlı idmançı "Sport-express"ə açıqlamasında bildirib. O, artıq 77 kq-da mübarizə aparacağını söyləyib: "Hamıya qələbə qazandırmağın nə mənası var? Bu çəkidə daha yaxşı olacağını düşünürəm. Tamam başqa cür olacağam. Məşqçilər, ailə, yaxınlarım çəkimi dəyişməli olduğumu deyirdilər. Özümü tam göstərə bilmədiyimi anladım". Pirayev 70 kq-da məhz Nəriman Abbasova yenildiyi döyüşü də xatırlayıb: "Onunla görüşdə formada olsam da, özümə gələ bilmədim. Təəssüf ki, bunu heç kimə izah edə bilməzsiniz. Mətbəxi içəridən heç kim görmür. Azarkeşlər qarşılaşmaya gəlirlər, birinin məğlub, digərinin isə qalib olduğunu görürlər. İdmançıların necə işlədiklərini, ailəsi və dostları ilə vaxt keçirə bilmədiklərini görmürlər". Qeyd edək ki, Marif Pirayev ötən ilin yayında Moskvadakı "AMC Fight Nights"da Nəriman Abbasova məğlub olub. Beləliklə, Azərbaycan döyüşçüsü çempionluq kəmərini müdafiə edib.