Ukrayna Trampdan zəmanət alıb - Yermak

Ukrayna Donald Trampın ABŞ prezidenti seçkilərində mümkün qələbəsindən qorxmur və Kiyev hər iki namizəddən dəstək zəmanəti alıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. “Aydındır ki, ABŞ-ın siyasəti bizim üçün böyük əhəmiyyət kəsb edir, onlar bizim əsas müttəfiqimizdir. Və biz çox yaxşı bilirik ki, Amerika cəmiyyəti bizimlədir. Zelenskinin ABŞ liderləri - Bayden və Kamala Harrislə, eləcə də Trampla söhbəti çox yaxşı keçdi. Görüşdə mən də iştirak etdim, təfərrüat verməyəcəyəm, amma deyə bilərəm ki, biz ABŞ-dan əminliklə qayıtdıq. Namizədlərin heç biri Putinin bu müharibədə qalib gəlməsinə imkan vermək istəmir və hərbi dəstək davam edəcək”, - Yermak bildirib.

Bu ölkədə bina çökdü: 40 nəfər dağıntılar altında…

Nigeriyanın paytaxtı Abuca şəhərinin yaxınlığında yaşayış binası çöküb. Sozcu.az xəbər verir ki, bu barədə yerli “Punch” qəzeti məlumat yayıb. Binanın çökməsi nəticəsində dağıntılar altında 40 nəfər qalıb. Yerli sakinlər dağıntılar altında qalanları xilas etməyə çalışır.

Elektromobillər problem yaradır – Sürücülərdən narazılıq

Ölkəmizdə elektromobillərə maraq günbəgün artır. Azərbaycanda avtomobil bazarına yeni daxil olduğu üçün insanlarda maraq yaradır. Ona görə də, maşın alarkən elektromobillərə yönəlirlər. Amma bu avtomobillərin bazarda yeni olması da bəzi suallar doğurur. Sozcu.az xəbər verir ki, bəzi sürücülər böyük xərc çəkib maşın alarkən bir çox müsbət tərəflərinə görə elektromobil seçsələr də, peşman olduqlarını deyiblər. Belə ki, yayda avtomobili sürmək rahat olsa da, yağışlı günlərdə onların maksimum gediş məsafəsi aşağı düşür. Bu da sürücülərin mənzil başına çatmasında problemlər yaradır. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Bizim.Media”ya bildirib ki, elektromobil alarkən diqqət edilməli məqamlar var. "Belə hallarla rastlaşmamaq üçün alıcılar həmin maşının Azərbaycana rəsmi qaydada gətirilib-gətirilmədiyinə diqqət etməlidirlər. Əsasən də həmin avtomobilin Azərbaycanda ehtiyyat hissələrinin, servis mərkəzinin olub-olmadığına fikir verməlidirlər”. Eldəniz Cəfərov qeyd edib ki, Azərbaycanda elektromobilə maraq çox olsa da, tələbat azdır. Tələbatın az olmasını da hələ ölkəmizdə elektromobillərə tam keçidin mümkün olmaması ilə əlaqələndirib: "Elektromobillər üçün enerji doldurma məntəqələrinin sayı azdır, bu da sürücülərə çətinlik yaradan başqa bir amildir”.

MN açıqladı: Bu sursatlar məhv ediləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 28.10.2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Qəbələ AĞIR QƏZA, 2 nəfər yaralanıb

Qəbələdə avtomobil qəzası baş verib. Hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib. İlkin məlumata əsasən VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində bir nəfər yüngül, digəri isə ağır bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır./APA

Bu rayonlara qar yağdı - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 27-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlarında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan , Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm , Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub. Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb. Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.

Rusiyanın itkiləri 690 minə yaxınlaşır

Ukrayna müharibənin 977-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 689 040 hərbçi, 9 113 ədəd tank, 18 355 ədəd zirehli döyüş maşını, 19 792 ədəd artilleriya sistemi, 1 240 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 982 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 560 ədəd avtomobil texnikası, 17 849 ədəd PUA, 2 625 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 542 xüsusi avadanlıq itirib.

Gürcü Arzusu Tiflisdə uduzdu

Tiflisin bütün rayonlarında keçirilən parlament seçkilərində hakim Gürcü arzusu – Demokratik Gürcüstan Partiyası uduzub. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Dairəsindən məlumat verilib. Məlumata görə, Tiflisdə səslərin 100 faiz sayılmasından sonra hakim partiya burada 50 faizdən də az səs toplayıb. Gürcü Arzusu Partiyası Vake, Saburtalo, Qldani, Samqori, İsani, Mtaçminda, Krtsanisi, Çuqureti, Nadzaladzevi və Didube rayonlarında ümumilikdə 45.54, müxalifət partiyaları isə 45.8 faiz səs toplayıb.

İcra başçısının oğlunun rəhbərlik etdiyi "Chery" avtomobillərinin Azərbaycanda rəsmi distribütoru məhkəməyə verildi

"Chery" avtomobillərinin Azərbaycanda rəsmi distribütoru "Efendiler Motors" MMC məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciəti vətəndaş Vəliyev Ramiz (ad şərti-red) Zülfiqar oğlu edib. Mahiyyəti maddi ziyanın ödənilməsi üzrə mübahisə olan iş hakim Ülkər Yusifovanın icraatındadır. Qeyd: MMC-nin daxil olduğu "Efendiler Group"a Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvər Ənvərlinin rəhbərlik etdiyi bildirilir. "Efendiler Group" 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup "Porsche", "Audi", "Geely" və "Chery" kimi avtoistehsalçıların distribütor şirkətləri və "Euro Style" texniki servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu, restoran sektorunda isə "Cafe Cayenne" ilə təmsil olunur.

Zelenskidən qərar: əcnəbilərə orduda vəzifə verilir

Ukrayna ordusunda əcnəbilərin komandanlıq vəzifələrində xidmət etməsinə icazə veriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski qanun imzalayıb.

Kürdəmirdə ağır qəza: 7 yaralı

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində Yevlax rayon sakini, 34 yaşlı Qabil Famil oğlu Əkbərlinin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Hadisə zamanı beton parcaları əks hərəkətin təşkil olunduğu yola tökülüb. Hadisə zamanı əks itiqamətdə hərəkət edən Ucar rayon sakini, 48 yaşlı Alim Hüseynalı oğlu Şüküralıyevin idarə etdiyi "Lada" markalı minik avtomobili həmin beton parçalarına çırpılıb. Nəticədə "Mercedes"də olan 3 nəfər -Yevlax rayon sakinləri, sürücü; Qabil Əkbərli, sərnişinləri; 44 yaşlı Bəhmənli Amirə Vidadi qızı və 67 yaşlı Alxanova Gülsüm İbrahim qızı, "Lada" markalı avtomobildə olan 4 nəfər - sürücü; 48 yaşlı Alim Şüküralıyev, sərnişinləri; sürücünün qardaşı 51 yaşlı Asif Hüseynalı oğlu Şüküralıyev, 41 yaşlı Həsrət Nüsrət oğlu Mehdiyev və 44 yaşlı Emil Rəhim oğlu Qasımov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Gürcüstanda seçkilərin ilkin rəsmi nəticəsi: Kim öndədir?

21:44 Gürcüstanda bu gün baş tutan seçkilərin ilkin rəsmi nəticəsi elan edilib. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvili brifinqdə bildirib. Onun sözlərinə görə, bülletenlərin 97%-nin sayılmasından sonra nəticələr belədir: - Gürcü Arzusu – 52,99%; - Birlik – Milli Hərəkat (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 9,83%; - Dəyişiklik üçün Koalisiya ("Axali", "Girçi - daha çox azadlıq", "Droa") - 11,2%; - Güclü Gürcüstan (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 9,02%; - Gürcüstan üçün Qaxariya – 8,22%. Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər. Bu nəticələr Gürcü Arzusunun tam qalib gəldiyini və hökuməti təkbaşına formalaşdıracağını göstərir. Buna baxmayaraq, o, arzuladığı konstitusiya çoxluğunu əldə edə bilməyib. Bundan ötrü Gürcüstan parlamentindəki 150 yerin 113-nə sahib olmaq lazımdır. Hazırkı nəticələr isə Gürcü Arzusuna 90-91 mandat vəd edir.

Tiflisdə kritik dönəm başladı: Müxalifət hərəkətə keçir

Gürcüstanda Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusunun seçkini qazandığını açıqlasa da, müxalifət ekzit-pollun nəticələrini əsas götürərək, qələbəsini elan edib. Bu, çətin mərhələnin indi başlandığı deməkdir. Tərəflərdən heç biri geri çəkilməməyə çalışacaq: müxalifətin hökumət binalarının bloklanması ssenarisi üzrə aksiyalara başlayacağı, hakimiyyətin inzibati resurslardan istifadə etməklə, vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcəyi bəllidir. Artıq hökumət binalarının ətrafına xüsusi təyinatlı qüvvələrin yerləşdirildiyi məlumatları var. Əsas məsələ Tiflisdə növbəti “rəngli inqilab”ın nə qədər real olmasıdır. Bu ehtimalı zəif görünür: müxalifət etiraz aksiyaları ilə hara qədər gedə biləcəyini daha öncədən ortaya qoyub və mümkündür ki, yeni aksiyalar uzunmüddətli olsa belə, yekun hədəfə yaxınılaşdırmayacaq; Qərbin Gürcüstanda hadisələrin inkişafını yönləndirəcək gücü əvvəlki qədər deyil. Təzyiq dalğasının genişlənməsi rəsmi Tiflisi alternativlərə - Rusiya və Çinə daha çox yaxınlaşdıra bilər ki, bunda maraqlı olmayan Qərbin müxalifətin aksiyalarını dəstəkləməklə yanaşı, hakim partiya ilə də bütün “körpüləri yandırmamaq” xəttini tutacağı gözləntilər arasındadır. Asif Nərimanlı

Müsavat rəhbərliyi Gürcüstanda seçkiləri müşahidə edir

Müsavat Partiyasının başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı, başqanın müavinləri Gülağa Aslanlı və Razim Əmiraslanlı Gürcüstanda səfərdədirlər. Bu haqda Arif Hacılı özünün feysbuk səhifəsində paylaşım edib. “İsa bəy, Gülağa bəy və Razim bəylə birlikdə beynəlxalq qurumların dəvəti ilə beynəlxalq müşahidəçi kimi burada, Tbilisidəyik. Bu gün Tbilisi, Rustavi şəhərlərində, Marneuli rayonu ərazisində bir çox seçki məntəqələrində olduq. Yeni texnolgiyaların tədbiq edildiyi seçki prosesini izlədik. Siyasi qüvvələr arasında çox ciddi rəqabət şəraitində keçən parlament seçkiləri tezliklə başa şatacaq. Ümid edirik ki, seçkilərin nəticələri xalqın azad iradəsini ifadə edəcək və Gürcüstanın gələcək inkişafında mühüm rol oynayacaq” – deyə, Arif Hacılı qeyd edib.

“Azəristiliktəchizat”ın ləğv olunması tələb edilir

Payızın dəyişkən havası özünü göstərməkdədir. Paytaxtda hava şəraiti mülayim olsa da, dağlıq və dağətəyi rayonlarda artıq havalar soyuyub. Havalar soyuduqca, insanların istiliklə bağlı qayğıları artır. Çünki əksər çoxmənzilli binalarda yaşayan sakinlər qış aylarında mənzillərin yaxşı qızdırılmamasından gileylənirlər. Qeyd edək ki, ölkəmizdə mənzillərin və fərdi evlərin isidilməsi üçün müxtəlif mənbələrdən istifadə olunur. Bakıda və digər iri şəhərlərdə xeyli sayda çoxmənzilli yaşayış binası mərkəzləşdirilmiş qaydada qızdırılır. Mərkəzi istiliyin verilməsi hər il noyabrın 15-də başlayıb aprel ayının 15-də sona çatır. Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Yəni bununla bağlı istehlakçı və "Azəristiliktəchizat" ASC arasında müqavilənin olması mütləqdir. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab edilir. Lakin sözügedən müqaviləni bağlamaqdan imtina edənlər də az deyil. Vətəndaşlar buna əsas səbəb kimi xidmət keyfiyyətinin aşağı, istiliklə bağlı tariflərin yüksək olmasını göstərirlər. Xatırladaq ki, bu xidmətin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda “Azəristiliktəchizat”dan istilik alan əhali qrupu mənzilin hər kvadrat metri üçün 15 qəpik, qeyri-əhali qrupu üzrə bir kub isidilən həcmə 25 qəpik, bir Qkala görə isə 30 manat ödəyir. Bəs, görəsən, mövcud problemin həlli istiqamətində hansı addımların atılmasına ehtiyac var? "Azəristiliktəchizat" ASC yeni mövsümə necə hazırlaşır? "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyir ki, hazırda payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir: “Hər il hazırlıq mövsüm başa çatdıqdan sonra növbəti mövsüm başlayan günə qədər davam edir. Magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılır, qazanxanalarda təmizlik işləri aparılır, avadanlıqlar yoxlanılır. Hazırda qurumun balansında 564 qazanxana mövcuddur. Ümumilikdə, 3 871 yaşayış binası, 184 500-dən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2 224 sosial və təsərrüfat obyektləri istiliklə təmin olunur. Məhz bu il 564 qazanxanadan beşi sökülərək yerində yenisi qurulub. Səbail, Nizami, Nərimanov və Yasamal rayonunda daha dörd qazanxana sökülüb və hazırda yerində müasir tipli qazanxana tikilir. Səbail rayonunda bir qazanxana isə zirzəmidən çıxarılaraq yeni layihə əsasında qurulur. Yenidən qurulan qazanxanalar daha təhlükəsiz, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən daha təmizdir”. Mətbuat katibinin sözlərinə görə, yeni qazanxanaların tikilməsi daha çox istehlakçıya xidmət göstərmək imkanı yaradacaq: ”Məsələn, Nizami rayonu ərazisində sökülən qazanxana ilə əvvəl 19 binanı istiliklə təmin etmək mümkün idisə, yeni qazanxana 29 binanı istiliklə təmin etmək gücünə malikdir”. "Azəristiliktəchizat" ASC ilə istehlakçılar arasında müqavilələrin bağlanılması məsələsinə aydınlıq gətirən E.Basqallı bu prosesin bir ilə yaxındır davam etdiyini vurğulayır: “Təbii ki, keyfiyyətdən razı olmayan, yüksək keyfiyyətli istilik almadığını iddia edən istehlakçı istənilən vaxt "Azəristiliktəchizat" ASC-yə müraciət edə bilər. Bu halda müvafiq akt tərtib olunaraq həmin mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təminatdan çıxarılır. Amma indiyədək belə halla rastlaşmamışıq. Artıq ümumi mənzillərin 50 faizdən çoxunda istehlakçı ilə müqavilə bağlanılıb. Müqavilə ilə bağlı problem yoxdur. Əsas problem köhnə tipli qazanxanalarla bağlı yaranır. Hazırda 60-dan çox qazanxana köhnədir. Bu istiqamətdə də bu ildən işlərə başlanılıb və köhnə tipli qazanxanalar yenilənir”. Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov “Azəristiliktəchizat” ASC ilə müqavilə bağlamaqdan imtina edən istehlakçıları haqlı sayır. Onun sözlərinə görə, bu qurumun fəaliyyəti rentabelli olmadığından ləğv edilməsinə ehtiyac var: "Həm “Azəristiliktəchizat” ASC, həm də mövcud istilik sistemi bizə sovet dövründən miras qalıb. İstilik şəbəkəsinin xətləri çox köhnədir, boruların istismar müddəti 30-33 ildir, artıq çürüyüblər. Nəticədə mütəmadi olaraq sistemdə sızmalar ortaya çıxır. Soyuq aylarda əhali məcbur olub mənzilə istiliklə yanaşı, elektrik qızdırıcıları qoşur. Ayın sonu isə “Azəristiliktəchizat” ASC keyfiyyətsiz istiliyə görə abonentlərdən pul istəyir. Əslində Azərbaycanda istilik tarifləri baha deyil, sadəcə xidmət keyfiyyətsiz olduğundan tərəflər arasında narazılıq yaranır. Abonentlər keyfiyyətsiz istiliyə görə aylıq ödənişi etməkdən imtina edir, ödənişi gecikdirirlər. Təbii ki, buna görə haqlıdırlar. Amma istehlakçının ödənişi gecikdirməsi nəticəsində “Azəristiliktəchizat” ASC zərərlə işləyir və suya, qaza, elektrik enerjisinə görə böyük miqdarda borcu yaranır. Bu, dövlət qurumları arasında mübahisəyə səbəb olur ki, ziyanı yenə də vətəndaşa dəyir”. Mütəxəssis problemdən çıxış yolunu kombi sisteminin tətbiq olunmasında görür: “Hesab edirəm ki, zamanla mərkəzləşdirilmiş istilik sistemi tarixə qovuşacaq. Çünki keyfiyyətli xidmət üçün yeni qazanxanalar tikilməli, xətlər dəyişdirilməlidir. Bu, külli miqdarda vəsait tələb etdiyindən mümkün görünmür. Həm də binalar bir-birinə o qədər yaxın inşa olunub ki, yeni qazanxana tikməyə yer qalmayıb. Gələcəkdə daha ciddi çətinliklərlə qarşılaşmamaq üçün ən uyğun seçim kombi sistemidir. Bu sistem ya dövlətin, ya da vətəndaşın şəxsi vəsaiti hesabına qurula bilər. Məsələn, imkanı olmayan vətəndaşlara kombi sistemi qurmaq üçün dövlət tərəfindən güzəştli şərtlərlə kredit verilə bilər”. Həmsöhbətimiz qış-yaz mövsümü ardıcıllığının aradan qaldırılmasını da vacib sayır. Onun fikrincə, son illər dünyada baş verən iqlim dəyişmələri fəsillərə mənfi təsir etdiyindən bu təqvim mahiyyətini itirib: “Qış-yaz mövsümü ardıcıllığı sovet dövründə qoyulmuşdu. Noyabrın 15-dən aprelin 15-dək qış mövsümünə keçid edilir, qazın təzyiqi artırılır, istilik sistemi işə düşürdü. İndi iqlim dəyişmələri ilə bağlı belə bir təqvim mahiyyətini itirib. Bəlkə elə oktyabrın sonu qar yağdı, şaxta oldu? Mərkəzi istilik sistemi ilə qızdırılan binaların sakinləri soyuqdan donmalıdırlarmı?”    (“Kaspi” qəzeti)

TƏCİLİ! İranda TERROR: 10 polis ÖLDÜRÜLDÜ

İranın Sistan və Bəluçistan vilayətinin Təftan bölgəsində yerləşən Qouhar Kuh rayonunda törədilən terror aktı nəticəsində ən azı 10 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib. Musavat.com xəbər verir ki, bu barədə İslam Respublikasının polisi məlumat yayıb. Hadisənin təfərrüatlarını araşdırmaq üçün İranın daxili işlər naziri İskəndər Momeni xüsusi istintaq qrupunun yaradılmasını tapşırıb. İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, terror aktı nəticəsində xəsarət alan yaralılar xəstəxanalara yerləşdirilib, lakin onların dəqiq sayı açıqlanmayıb. Sistan və Bəluçistan vilayəti polis idarəsinin açıqlamasına əsasən, hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Hadisə ilə əlaqədar bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyətə nəzarət etmək və istintaq aparmaq üçün xüsusi təhqiqat qrupları əraziyə göndərilib.

Gürcüstanda parlament seçkiləri: Seçici fəallığı açıqlandı

Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. 2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.//Report

Gürcüstanda seçki zamanı 1 nəfər ölüb

Gürcüstanın Potidəki seçki məntəqələrindən birində bir nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.  Məlumata görə, namizədlərdən birinin vəkilinin vəziyyəti pisləşib. O, həkimlər gələnə qədər dünyasını dəyişib. Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. 

Bu bölgəmizə qar yağır

11:08 Bakıda oktyabrın 26-sı saat 10:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Şahdağda qar örtüyünün hündürlüyü 2 sm təşkil edir. Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub. Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir. Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb. *** Oktyabrın 26-sı saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb. Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 18, aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub. *** Oktyabrın 26-sı saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış, Qusar(Laza), Xınalıq, Qrız, Şahdağda isə qar yağır. Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 16 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

İran səhvə yol versə yenidən vuracağıq! - Haqari

İndi İsrailin İranda əməliyyatlar keçirməsi üçün daha əlverişli şərait yaranıb və İran səhvə yol versə yenidən cavab verəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Ordusunun sözçüsü Daniel Haqari deyib. “Bizim mesajımız aydındır, İsrail dövlətini təhdid edən və bölgəni daha geniş gərginliyə sürükləməyə çalışanların hamısı bunun əvəzini ağır ödəyəcək”, - o bildirib. Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Ostin Qalantla danışdı: Qəti imkan verilməyəcək!

ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı Yoav Qalantla arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayderin yazılı bəyanatında deyilir. "Pentaqon rəhbəri ABŞ-ın İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna sarsılmaz sadiqliyini təsdiqləyib. O vurğulayıb ki, ABŞ-ın döyüş hazırlığı İran və onun dəstəklədiyi terror qruplarının təhdidləri qarşısında ABŞ qüvvələrini, İsraili və regiondakı tərəfdaşları qorumaq məqsədilə artırılıb. ABŞ hər hansı bir subyektin gərginlikdən istifadə etməsinə və ya regiondakı münaqişəni genişləndirməsinə qəti şəkildə imkan verməyəcək", - deyə bəyanatda bildirilib.

İran İsrailin bir raketinin belə qarşısını ala bilməyib - KİV

İranın hava hücumundan müdafiə qüvvələri bir dənə də olsun İsrail raketinin qarşısını ala bilməyib. Sozcu.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Bildirilib ki, İsrail rəsmiləri İranın hava hücumundan müdafiə qüvvələrinin İsrail raketlərinin əksəriyyətinin qarşısını ala bildiyinə dair xəbərləri təkzib edib.

İsrailin İrana hücumu başa çatdı

İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb. "Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı", - məlumatda deyilir. "Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrail Dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi", - odrunun açıqlamasında deyilir. Bəyanatda, həmçinin qeyd olunur ki, İran rejimi hücumlarını davam etdirsə İsrail Dövləti vətəndaşlarını qorumaq hüququnu özündə saxlayır. Həmçinin ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq. Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib. Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.

İsrail İranda bu hədəfləri vurub

İsrail ordusu İrandakı hədəflərə üç ardıcıl zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin siyasi müxbiri Barak Ravid X hesabında yazıb. "ABŞ və İsrail rəsmiləri üç zərbə dalğasının baş verdiyini bildiriblər. Birinci dalğa İranın hava hücumundan müdafiə sisteminə, ikinci və üçüncü dalğalar isə raket və dron bazalarına, o cümlədən istehsal sahələrinə yönəlib",- o bildirib. Qeyd edək ki, daha əvvəl İsrail hücumun İranın hərbi hədəflərinə yönəldiyini açıqlamışdı.