Rusiyanın “bağışlanan” Balasanyanla bağlı planı

Qarabağdan qaçan separatçı Vitali Balasanyan İrəvana gəldikdən sonra şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu. Onun barəsində qondarma rejimdə başlanmış cinayət işinə xitam verildiyi, oğluna qarşı da işin bağlandığı bildirilib. Qohumları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Balasanyanın “bağışlanma”sının pərdəarxası məqamları açılır. Məlumata görə, Balasanyan ötən gün Rusiyanın Ermənistandakı səfirliyində olub. Onu səfirlikdən çıxarkən görüblər. Balasanyan boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib. Görünür, “bağışlanma” prosesini burada axtarmaq lazımdır. Balasanyan bunun müqabilində Rusiyaya işləməli olacaq. Rusiya ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlana bilər.

Rusiyanın itkiləri 292 MİNİ ötdü

Ukrayna müharibənin 605-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 292 850 hərbçi, 5063 ədəd tank, 9612 ədəd zirehli döyüş maşını, 7017 ədəd artilleriya sistemi, 822 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 548 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9391 ədəd avtomobil texnikası, 5330 ədəd PUA, 1535 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 990 xüsusi avadanlıq itirib.

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Dağıntı və tələfat barədə məlumat verilməyib. *** Türkiyənin Van vilayətində 4 bal gücündə zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 12,82 kilometr dərinliyində meydana gəlib. Qeyd edək ki, bu gecə İzmirin Buca rayonunda 3,9 bal gücündə zəlzələnin baş verməsi barədə məlumat yayılmışdı.

Rusiyada İsrail bayrağını yandıran azərbaycanlılar SAXLANILDI - FOTO

Rusiyanın paytaxtı Moskvada İsrail bayrağını yandıran azərbaycanlı qardaşlar saxlanılıb.  Sozcu.az xəbər verir ki, biri 21 digəri isə 19 yaşlarında olan Muradov qardaşları səhər saatlarında Moskvada Simferopol şossesində yerləşən “Highway” ticarət mərkəzinin yanında İsrail bayrağının yandırıblar.  Qardaşlar sosial şəbəkə vasitısilə canlı açaraq bunu yayımlayıblar.  Bundan sonra yerli əməliyyatçılar nümayiş meydanına gələrək, əllərində Azərbaycan və Fələstin bayraqları olan soydaşlarımızı saxlayıblar. Bizim.Media )

“Kasıb adam bahalı yerə getməsin, ayağını yorğanına görə uzatsın”

Şadlıq saraylarında toy qiymətləri dayanmadan artır. Bir stulun 200-350 manat olduğu şadlıq sarayları var ki, oradakı yeməklərin keyfiyyəti təklif olunan qiymətlərdən çox aşağıdır. Toy biznesi bir çox insanların dolanışığına xidmət etsə də, bir qisminin də “cibinə girir”. Maraqlıdır, bəs buna dövlət səviyyəsində müdaxilə olmalıdırmı? Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, dövlət restoran qiymətinə qarışmır: “Restoranda olan qiymətlərə dövlət tərəfindən hər hansı müdaxilə nə qanuna, nə bazar iqtisadiyyatı qaydalarına, nə də biznes etikasına görə doğrudur. Ümumiyyətlə, dövlətin bu cür şadlıq saraylarının qiymət siyasətinə müdaxilə etməsinin heç bir əsası yoxdur. Şadlıq sarayı strateji sektor deyil, əyləncə sektorudur. Məsələn, taxılın, metronun, suyun qiyməti olsaydı, deyərdim, hə, dövlət müdaxilə etməlidir və s. Amma əyləncə sektorunda heç kimi məcbur etmirlər ki, gəlib həmin şadlıq sarayının xidmətindən məcbur şəkildə istifadə etsin”. İqtisadçı deyib ki, şadlıq sarayının rəhbəri istəsə, 200-350 rəqəminin yanına bir və ya iki sıfır da artıra bilər: “Burada heç bir tənzimləmə lazım deyil. İnsanların şəxsi seçimidir, bazar iqtisadiyyatıdır. Adam var bir aya 300 manat qazanır, adam var yüz min qazanır, eləsi də var ki, bir milyon gəlir əldə edir. Ona görə də hər kəs ayağını yorğanına görə uzatmalıdır. Bazar həddindən artıq bölünüb, heç bazarın 3 faizi belə hər hansı bir şəxsin əlində deyil. Çoxlu sayda xırda, orta, böyük və daha iri şadlıq sarayı var və hər biri də müxtəlif qiymət təyin edirlər. Kasıb insan bahalı şadlıq sarayına getməsin, kimisə məcbur etmirlər”.

Türkiyədən xəbərdarlıq: Böyük müharibə...

Qəzza zolağında mövcud böhran həll olunmazsa, regionda daha böyük müharibəyə səbəb ola bilər. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-ə müsahibəsində deyib. "Bizim qarşımızda iki seçim var: Ya böhran həll olunacaq və uzunmüddətli sülhə gətirib çıxaracaq, ya da bizi dəhşətli alternativ gözləyir - regionda uzun və genişmiqyaslı müharibə və qeyri-sabitlik", - deyə H.Fidan bildirib.

Savaşda Mingəçevirə raketlər atdıq... – Zurabyandan sensasiya

Azərbaycan enerji sektorunda Qərbin ciddi iqtisadi tərəfdaşıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan erməni mediasına açıqlamasında deyib. O bildirib ki, Azərbaycandan neft ixracı xeyli artıb, Avropa enerji resurslarına görə Azərbaycandan 5% asılıdır ki, bu da Bakıya sanksiyaların tətbiqində çox ciddi və mühüm maneədir. Zurabyanın hesab edir ki, hazırda əsas problem İsraildir: “Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin memarı İsraildir. 2016-2020-ci illərdə Azərbaycan aldığı silahların 70%-ni İsraildən idxal edib. Ən müasir silahlarla Bakıya Təl-Əvivdən ümumilikdə 92 uçuş həyata keçirilib. İsrail Dəmir Qübbə sistemini yalnız Azərbaycana verib, başqa heç kimə. Niyə? Çünki bu sistem Mingəçeviri zərbələrdən qorumalı idi – necə ki, 44 günlük savaşda Mingəçevirə endirilən zərbələr hədəfə çatmadı (havada vuruldu – red.). Bundan əlavə, İsrail PUA-ları, Ermənistanın dəqiq rəqəmsal xəritələrini və yüksək dəqiqlikli “Laura” raketlərini Azərbaycana verib. Yəni Azərbaycanın qələbəsini təmin edəcək yardımlar edib. 19 sentyabrdan əvvəlki (lokal antiterror tədbirlərindən öncə - red.) bir ayda Bakı yenə İsraildən silah alıb”. Onun fikrincə, İsrailin Azərbaycana bu cür dəstəyinin səbəbi yalnız İrana qonşu olması deyil, İranda çoxmilyonlu azərbaycanlı əhalinin yaşamasıdır: “Qərb uzun müddətdir ki, azərbaycanlı separatizmi ilə İranı daxildən parçalamağa çalışır”. O qeyd edib ki, bu gün iki düşərgə formalaşıb: Qərbin rəhbərlik etdiyi köhnə hegemonlar və Çin, İran, Rusiya və digər ölkələrin təmsil etdiyi yeni hegemonlar. Onun iddiasına görə, İranla mümkün qarşıdurmada Azərbaycan Qərbin tərəfdaşıdır və buna görə də Qərb Azərbaycanı zəiflətmək üçün heç bir addım atmayacaq: “Qərb (Ermənistana – red.) bəyanatlar və humanitar yardım göstərmək baxımından addımlar atacaq, lakin bu, Azərbaycanın Zəngəzura təcavüzünün qarşısını almaq üçün Paşinyanın gözlədiyi olmayacaq. Qərbin hərbi bazalarının Ermənistanda yerləşdirilməsi təhlükəsizliyin təminatı ola bilərdi, lakin bu baş verməyəcək, çünki onların özlərində Ukraynaya yardım göstərməklə bağlı problemlər var, silahların bir hissəsi artıq İsrailə göndərilir. Ona görə də İrəvana heç bir düşərgə ilə körpüləri yandırmağa ehtiyac yoxdur, çünki kimin qalib gələcəyi bəlli deyil və bəlkə də indi qarşı olduğunuz düşərgə ilə hələ də münasibət qurmalı olacaqsınız. Bu gün ölkənin güvənsizliyi və iki düşərgənin qarşıdurması şəraitində bir düşərgə tərəfinə keçib, digər düşərgə istiqamətinə tüpürməsi təəccüb doğurur. Paşinyanın etdiyi də məhz budur. İndiki şəraitdə balansı qorumaq və Rusiya ilə Qərb arasında birləşdirici körpüyə çevrilmək vacibdir”.axar.az)

DTX tərəfindən saxlanılan Nəzakət Məmmədovadan YENİ XƏBƏR

Xəbər verdiyimiz kimi özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova Dövlət  Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.   Sozcu.az xəbər verir ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur. sfera)

Vitali Balasanyandan yeni xəbər var - İrəvandakı Rusiya səfirliyində...

Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyanla bağlı yeni xəbər var. Sozcu.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Vitali Balasanyan Qarabağdan Ermənistana qaçıb gəldikdən sonra şahid qismində dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub. Bildirilir ki, Xankəndidə qondarma “Artsax” rejiminin onun barəsində başladığı cinayət işinə xitam verilib, oğluna qarşı da iş başlanıb. Yaxınları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir. Onun nə işlə məşğul olduğunu və niyə kölgəyə çəkildiyini bilmirlər. “Hraparak”ın əməkdaşı oktyabrın 20-də Vitali Balasanyanı Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, səfirlikdən çıxaraq boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib. Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib. Balasanyan Azərbaycan torpaqlarının işğalında yaxından iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər qondarma qurumun “müdafiə nazirinin müavini” vəzifəsini tutub.  O, “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, V.Balasanyan Birinci Qarabağ müharibəsində ermənilərin əsir götürdüyü  “Qaradağ şahinləri” taborunun əsgəri Natiq Qasımovu şəxsən sorğu-sual etmiş, ona işgəncələr verdikdən sonra öldürmüşdür.   Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra V.Balasanyan Qarabağdan Ermənistana qaçıb.

"Üçüncü dünya savaşı çoxdan başlayıb və qaynar fazaya keçib" - Danilov

"2008-ci və 2014-cü illərdə dünya Putin soyadlı müasir Hitlerin cavabını versəydi, itkilərimiz xeyli az olacaqdı..." "Gürcüstan və Moldova öz ərazilərinin azad edilməsinə başlasaydılar, biz birlikdə təcavüzkar tərəfindən işğal edilmiş əraziləri xeyli tez azad edə bilərdik..." "Dünyada Rusiya-İran-KXDR "şər oxu" kollektiv Qərbə və ABŞ-a qarşı dayanıb..." "Qarabağda antiterror əməliyyatından bir neçə gün öncə nə baş verib?.." Üçüncü dünya savaşı 2008-ci ildə başlayıb və hazırda onun qaynar fazası baş verir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib. Danilov Vahid Xəbərlər telemarafonunda HƏMAS-ın İsrailə hücumu ilə üçüncü dünya savaşının başlanması, sivil dünyanın vuruşduğu "şər xətti"nin aydın sezilməsi tezisi ilə bağlı sualını cavablandırıb. "Üçüncü dünya savaşı Rusiyanın Gürcüstana hücumu və ərazisinin bir hissəsini ələ keçirdiyi 2008-ci ildə başlayıb. Sonra 2014-cü ilin fevralındakı vəziyyət olub.  Sadəcə, savaş "soyuq" vəziyyətdə olub, hazırda fəal mərhələyə keçib. Bu savaş 24 fevral 2022-ci ildə özünün qaynar fazasına keçib.  Bu gün İsrail və digər ölkələrin ərazilərində baş verənlər artıq bunun nəticələridir. Üstəlik, mən əminəm ki, bu münaqişə bizim sizinlə yaxın zamanlarda müşahidə edəcəyimiz son münaqişə deyil.  Dünya güclü hərəkət etməkdədir və çox şey bu məsələdə nə qədər tez bir zamanda nöqtə qoya biləcəyimizdən asılı olacaq, Allah eləməsin ki, bu, bütün dünyanı ağuşuna alsın", - Danilov deyib. O, vurğulayıb ki, dünyanın buna uyğun münasibət göstərməsi çox vacibdir. "Mən düşünürəm ki, məsuliyyətli siyasətçilər, o cümlədən ABŞ bu məsələdə imkan daxilində tez bir zamanda, birdəfəlik necə nöqtə qoyulmasını anlayır", - o, vurğulayıb. Danilovun sözlərinə görə, Ukraynada müharibə getdiyi zaman Gürcüstan və Moldova öz ərazilərini Rusiyadan azad etməyə başlasaydı, biz birlikdə təcavüzkar tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi məsələsini xeyli tez bir zamanda həll edə bilərdik. "Mənim mövqeyim hələ bizə qarşı təcavüz başlanada bəlli olub. Mən deyirdim ki, əgər gürcülər və moldavanlar öz ərazilərini rusiyalı işğalçılardan azad etməyə başlasalar, biz bu məsələnı xeyli tez həll edərdik. Lakin bu, onların hökumətlərinin, bu ölkələrin özlərinin qərarı ola bilər. Onlar hesab edir ki, bizim köməyimizlə, yəni biz rusiyalılar üzərində qələbə qazandıqdan sonra onlar öz ərazilərini tez bir zamanda işğaldan azad edəcək", - Danilov qeyd edib. "Mən dünyada mövcud olan bütün münaqişələrin imkan daxilində tez bir zamanda bitməsinin tərəfdarıyam. Üstəlik, bu münaqişələr ədalətlə, imkan daxilində az itlkilərlə bitməlidir. Təəssüf ki, biz bu gün öz müstəqilliyimiz uğrunda mübarizədə bu qədər itkilər veririk. Əgər 2008-ci ildə Gürcüstan müharibəsi, 2014-cü ildə Krım məsələsi olanda dünya Putin soyadlı müasir Hitlerin cavabını versəydi, itkilərimiz xeyli az olardı. Amma bu, artıq tarixdir. Biz öz işimizi görüb, düşməni məğlub etməliyik", - Danilov vurğulayıb. Yeni qlobal qarşıdurma Beynəlxalq dərəcəli ekspert Taras Jovtenkonun fikrincə, Ukrayna və İsraildən başqa, üçüncü dünya savaşı Koreya və Tayvanı da əhatə edə bilər.  HƏMAS-ın İsrailə hücumundan sonra informasiya məkanında getdikcə üçüncü dünya savaşından tez-tez danışılır. Məlumdur ki, Rusiya 2014-cü ildən başlayaraq Ukraynanı məhv etmək istəyir, HƏMAS İranın dəstəyilə İsrailə hücum edib, israillilərin Qəzza bölgəsinə zərbələrinə cavab olaraq şimaldan Suriya, Livan onu təhdid edir, Cənubi Koreya KXDR tərəfdən ehtimal edilən hücumu gözləyir. Bütün bu olaylar dünyaya "şər oxu"nu göstərib. Rusiya-İran-KXDR, bu üç ölkə bu gün öz liderlərinin bəyanatları səviyyəsində kollektiv Qərbə və Birləşmiş Ştatlara qarşı dayanıb. Çox vaxt bu "şər oxu"na Çin də aid edilir, lakin Pekin rəsmən hələlik təmkinli neytral mövqe sərgiləyir. Qarabağın geri qaytarılması Sentyabrın 19-da Qarabağda döyüş əməliyyatları bərpa edilib. Azərbaycan regionda antiterror əməliyyatı tədbirləri barədə elan edib. Artıq sentyabrın 20-də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təslim olduğunu elan edib. Razılaşmalara görə, tanınmamış "Dağlıq Qarabağ respublikas"ının "2024-cü il yanvarın 1-dək mövcudluğuna son qoyulur. Bu zaman oktyabrın 4-də Amerikanın " Politico" nəşri yazıb ki, ABŞ və Avropa İttifaqının yüksək vəzifəli məmurları Qarabağda qarşıdurmanın həlli üçün öz rusiyalı həmkarları ilə məxfi görüş keçirib. Bu danışıqlar Azərbaycanın antiterror əməliyyatına başlamasından cəmi bir neçə gün öncə baş tutub.

Separatçılar Bakıya yenidən müharibə elan etdi

Qarabağdan Ermənistana gedən separatçılar ətrafında son günlər yeni proseslər baş verir: Samvel Babayan Şahramanyanın qondarma rejimin buraxılması haqda qərarını “qeyri-legitim” hesab edərək, ləğvi çağırışları etdi; Şahramanyan bu gün İrəvanda “Qarabağdan gedən ermənilərin” qarşısına çıxaraq, bu qərarından imtina etdi; Erməni separatizmi artıq praktiki olaraq Azərbaycana təhlükə yaratmasa da, onların Ermənistanda “mövcud” olması və qondarma “hökumət” kimi qalması ilk növbədə Bakı-İrəvan xəttində sülh danışıqları üçün təhlükə yaradır. Və bu mənzərə fonunda baş verənlər suallar yaradır: - Babayan-Şahramanyan qarşıdurmasının səbəbi nədir? - Paşinyan erməni separatizmi kartını Bakıya qarşı yenidən işə salır? “Qarabağ erməni”lərinin etiraz aksiyasının sosial motivli olduğu aydındır, çünki separatçı rejimin özünü ləğv etməsi prosesi 1 yanvar 2024-cü il tarixinə qədər başa çatmalı idi və bu rejimdən “maaş” alanlar ən azı üç ay təmin olunacaqlarını düşünürdülər. Lakin Ermənistan hökuməti daha maliyyə yardımı ayırmaqdan imtina edir və görünür, onlar bu aksiya ilə nəticə əldə etməyə çalışırlar. Paşinyanın qəbuluna düşə bilməyən Şahramanyan da bu yolla səsinin eşidilməsinə çalışır. Hərçənd, Şahramanyan da anlayır ki, özünü buraxmaq haqda qərardan imtina onların özü üçün də problem yaradacaq və məlumatlara görə, o, əvvəlcə Paşinyanla məsləhətləşmələr apararaq, bu haqda danışmaq istəyirdi, lakin indi tələsik imtina açıqlaması verməsi Babayanla qarşıdurmadan qaynaqlanır. Daha öncə də yazmışdıq: Paşinyan Babayan üzərindən qondarma “artsax” ideyasını nəzarətə götürməyi planlaşdırır; Azərbaycanın erməni separatizmini ləğv etməsindən sonra Ermənistanda keçmiş “Qarabağ klanı” Paşinyana qarşı etiraz elektoratını toplamaq üçün bu kartdan istifadə edir, burada rusların da maraqları var. Babayanın Ermənistana getdikdən sonra televiziyaya çıxması və separatçıların bütün “rəhbərlərini” satqınlıqda ittiham etməsi, eləcə də Rusiyaya etirazları Paşinyanın “əks-həmləsi” idi. Qondarma “artsax” ideyasını “Qarabağ klanı”nın əlindən almaq istəyən Nikol Babayanı “piyada” olaraq istifadə edir və Araik, Bako və Arkadinin qandallanaraq, Bakıya gətirilməsindən sonra Samvelin önündə əsas maneə Şahramanyandır. Şahramanyanın özünü buraxmaq haqda qərarına etirazının hədəfi də onu oyundan kənarlaşdırmaq, separatçı ideologiyasının başına keçməkdir. Paşinyanın qəbuluna düşə bilməyən Şahramanyan da qərarından tələsik imtina ilə qabaqlayıcı gediş etmiş oldu. Və burada İrəvanın Bakı ilə danışıqlarda erməni separatizmindən istifadə edə biləcəyi ehtimalı da mövcuddur. Bakı separatizmin ləğvi prosesində qondarma rejimin “rəhbərliyini” Xankəndidən çıxmamışdan öncə özünü buraxmaq qərarını elan etməyə məcbur etdi. Bu, həm erməni separatizminin perspektivinin önünü almağa, həm qondarma “artsax” ideyasına qarşı “özünüburaxmaq qərarının” fakt kimi istifadə edilməsinə, həm də danışıqlarda İrəvanın Qarabağ kartından istifadəsinə qarşı hesablanıb. İstisna deyil ki, İrəvan “özünü buraxmaq qərarının” ləğv edilməsinə danışıqlarda əks-arqument kimi istifadə məqsədilə çalışır. Hərçənd, Paşinyan öncə bu kartı rəqiblərinin əlindən almaq, daha sonra işə salmaq niyyətindədir. Və o da istisna deyil ki, bu planın arxasında Fransa başda olmaqla Cənubi Qafqazda proseslərə müdaxiləyə can atan qüvvələr dayanır. Asif Nərimanlı

Nəzakət Məmmədova casus ittihamı ilə saxlanıldı

Tanınmış politoloq Nəzakət Məmmədova saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist, Criminal.az saytının rəhbəri Anar Məmmədov məlumat yayıb. O bildirib ki, N.Məmmədova Rusiyaya casusluqda ittiham olunur.

"Arif Hacılının mətbuat vasitəsi ilə verdiyi bir çox təkliflər hakimiyyət tərəfindən yerinə yetirildi"

“Müsavat Partiyasında qurultayın vaxtı hələlik təyin olunmayıb. Hansı ayda olacağı müəyyənləşməyib. Müsavat nizamnamə ilə idarə olunan siyasi partiyadır. Qurultaya qədər bütün rayon təşkilatlarında  müşavirələr keçirilməli, Qurultaya nümayəndələr təyin olunmalıdır. Bu, böyük bir prosesdir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı deyib.  O, sentyabrda keçirilməsi gözlənilən Müsavat Partiyasının növbəti qurultayının baş tutmamasının səbəblərini izah edib:  “Ona görə də Nizamnamədə bu proses hələ uzunmüddətlidir. Azərbaycanın bütün bölgələrində Müsavat Partiyasının rayon təşkilatları olduğu üçün bu proses bitdikdən sonra qurultayın vaxtı müəyyənləşəcək. Başqanlığa namizədliyə gəldikdə, partiyanın Divanında təmsil olunan bütün üzvlər başqanlığa layiqdir. Hələlik kimlərin namizədliyini verib-verməyəcəyi də müəyyənləşməyib. Müsavat Partiyası demokratik partiya olduğu üçün sıravi üzvündən tutmuş hər kəs namizədliyimi verə bilər. Mənim fikrimi bilmək istəyirsinizsə, - bu həm də partiyanın böyük əksəriyyətinin fikridir – bu dönəmdə partiyaya təcrübəli, siyasi cəhətdən hadisələrə düzgün diaqnoz verən, uzaqgörən siyasətçi lazımdır ki, bu da İsa Qəmbərdir”.  “O ki qaldı Müsavat Partiyasının zəifləməsi iddiasına, bu, çox yanlışdır. Arif Hacılının, İsa Qəmbərin, Gülağa Aslanlının, Mustafa Hacıbəylinin kütləvi informasiya vasitələrində verdikləri müsahibələr ölkədəki ictimai-siyasi hadisələrin yönlənməsində əhəmiyyətli rol oynayır. Müsavat Partiyasının başqanı Arif Hacılının mətbuat vasitəsi ilə verdiyi bir çox təkliflər hakimiyyət tərəfindən yerinə yetirildi və bu dövlətimiz üçün böyük uğur demək idi”, – əlavə edib.  N. Sadıxlı söyləyib ki, müxalifətin gücü təkcə keçirdiyi mitinqlərdə deyil, həm də seçki zamanı qazandığı uğurlardadır:  “Müsavat Partiyası olaraq Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etmişik, demək olar ki, hamısında qalibik. Səslərimiz hakimiyyət tərəfindən mənimsənilsə də, Avropa Məhkəməsindəki qalibiyyətimiz bunun sübutudur. Siyasi partiyanın hədəfi hakimiyyətə gəlməkdir. Müsavat Partiyası olaraq biz hakimiyyətə demokratik yolla gəlmək niyyətindəyik. Böyük ehtimalla, qarşıda referendum və parlament seçkiləri gözlənilir. Müsavat Partiyası da onda öz gücünü göstərəcək. Əminəm ki, bu seçkilərdə də Azərbaycan xalqı hər zaman olduğu kimi, məhz Müsavat Partiyasının arxasında olacaq. 

SON DƏQİQƏ: Fələstinə yardıma hazırıq - Türkiyə ordusu

Türkiyə ordusu Fələstinə yardım etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Bildirilir ki, respublikanın silahlı qüvvələri Qəzza zolağında həm humanitar yardım, həm də təxliyə proseslərində iştirak etməyə hazırdır.

İsraillə Türkiyə arasında seçim etmək məcburiyyətində qala bilərik

Türkiyə cəmiyyətinin İsraillə Qəzza arasında yaşananlara münasibəti çox üzücüdür. Dini şüar və lozunqlar sələndirən kütlə ABŞ-ın İstanbul və Adanadakı konsulluqlarına hücum edib, Türkiyədə yaşayan yəhudiləri cəzalandırmaq çağrışları səsləndirilir. Bunlar çox qorxulu nəticələrə aparıb çıxara bilər.  Hadisələrin bu istiqamətdə inkişaf edəcəyi isə gözləniən idi. Siyasi spektrin bütün cinahlarından İsrail əleyhinə sərt bəyanatlar yüksələndə, Fələsitinə dəstək və İsrail əleyhinə yürüşün önündə prezident Rəcəb Tayyip Ərdoğanın oğlu və kürəkəni gedəndə cəmiyyətin kəskin radikallaşacağı zaman məsələsi idi.   Qəzzada yaşananlara görə, prezident Rəcəb Tayyip Ərdoğanın üç günlük matəm elan etməsi, üç gün ərzində bütün konsertlərin ləğv edilməsi Türkiyənin seçimi kimi görünür. Son günlər baş verən hadisələr Türkiyənin Qərb tərəfdaşları və NATO müttəfiqləri ilə münasibətlərini kəskin zədələyəcək. Bəzi münasibətlər ümumiyyətlə əvvəlki kimi olmayacaq. Artıq ABŞ Adanadakı konsulluğunu bağlayıb. Bunu ilk xəbərdarlıqdır.   Türkiyənin İsrailə qarşı cəbhədə yer alması Azərbaycanı seçim etməyə vadar edəcəyi haqqında bir neçə gün öncəki ehtimalım gerçəkləşmək üzrədir. Əgər proses bu sürətlə davam edərsə, bir neçə gündən sonra İsraillə Türkiyə arasında seçim etmək məcburiyyətində qala bilərik.  Heç şübhəsiz ki, Azərbaycan özünün həyati əhəmiyyətli maraqlarından çıxış edərək, İsrailə qarışı cəbhədə yer ala bilməz. Əks seçim fəlakət olar.  Bütün Azərbaycan xalqı bilməlidir ki,güclü İsrail dövlətinin varlığı Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına uyğundur. İsrailin zəifləməsi isə Azərbaycanın müstəqiliyinə və ərazi bütövlüyünə ən böyük təhlükə olan Rusiya, İran və Ermənistanın maraqlarına uyğundur.  Dövlətin siyasətinim müəyyənləşməsində iştirak etməsəm də, tarix və millət qarşısında məsuliyyətimi dərk edərək toplumu və iqtidarı doğru seçim etməyə çağırıram. Xəqani Cəfərli, politoloq

TƏCİLİ: Bayden xalqa müraciət edəcək

ABŞ Prezidenti Co Bayden xalqa müraciət edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Bayden X hesabında yazıb. “HƏMAS-ın İsrailə qarşı terror hücumları. Qəzzada humanitar yardıma ehtiyac var. Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi davam edir. Biz partiya və ya siyasətdən daha böyük qlobal dönüş nöqtəsindəyik. Bu axşam saat 20:00-da mən Oval Kabinetdən xalqa müraciət edəcəyəm”, - Bayden qeyd edib.

Şəhidimizin xanımı vəfat etdi

Vətən müharibəsi şəhidi Elməddin Xasayevin həyat yoldaşı Azadə xanım vəfat edib. Sozcu.az xəbər verir ki, onun iki məktəbli övladı yadigar qalıb.  Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirdi. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 44 günlük Vətən müharibəsində, sentyabrın 27-də Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib. Elmədin Xasayev ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.modern) Allah rəhmət eləsin.

Bölgədə nə baş verir? - İsrail Türkiyədən bütün diplomatlarını geri çağırdı

İsrail hökuməti Türkiyədəki bütün diplomatlarını geri çağırmaq qərarı verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qərarla bağlı İsrail rəsmilərindən hər hansı açıqlama verilmir.

Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Komitə sədri Bəxtiyar Əliyev təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib. Buna uyğun olaraq, sənədə daxil olan “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

“TikTok”a görə ordudan qovulan hərbçilər: Onların suçu nə idi?

“Hərbçilərin sosial şəbəkədən istifadə etmə məsələsindəki fokusu dəqiqləşdirmək lazımdır ki, bunu edən kimlərdir? Yəni bu adamlar hazırda hərbi xidmətdədir, yoxsa tərxis olunublar? Və yaxud vaxtilə orduda xidmət edib deyə indi bu addan sui-istifadə edirlər? Qısası, bunları dəqiqləşdirmək lazımdır”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.  O, Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən bir sıra hərbçilərin sosial şəbəkələrdə canlı yayım açmasından sonra ordu sıralarından xaric edilməsi məsələsinə, habelə bu tendensiyanın tənzimlənmə mexanizmlərinə münasibət bildirib.  Q.Məhərrəmliyə görə, əgər kimsə hərbi xidmətdədirsə, bunun xüsusi tələbləri var və orada heç kim bu cür canlı yayımlar aça bilməz:  “Çünki bu, ordudakı hərbi intizama birbaşa bağlı olan məsələdir deyə, belə şeylər qadağandır. Lakin kimsə vaxtilə orduda xidmət edib indi “TikTok”da canlı açırsa, bunun qarşısını heç kim ala bilməz. Sadəcə olaraq, dəqiqləşdirmək lazımdır ki, bu şəxs həqiqətənmi hərbçidir, yoxsa paltarları əyninə geyinib medalları taxaraq bundan sui-istifadə edir? Ən əsas bunları dəqiqləşdirmək lazımdır”.  Onun fikrincə, birinci məqam istisna olmaqla ölkədə heç kimin söz demək və fikir yaymaq hüququnu məhdudlaşdırmaq olmaz:  “Sosial şəbəkələr heç kimə senzura tətbiq edə bilməz. Əgər o, etik qaydaları pozmursa, söyüş yoxdursa, bu şirkətlərin məzmuna müdaxilə etmək haqqı yoxdur. Sosial şəbəkələri idarəetmə heyəti yalnız etik qaydaları pozmaq, habelə müəyyən ölkələrin Konstitusiya quruluşunu zorla devirməyə, eləcə də bəzi qadağan olunmuş siyasi məsələlərlə bağlı çağırışlar olanda müdaxilə edə bilir. Amma ümumən kimsə hansısa problemi qaldırırsa, bununla bağlı istər “TikTok”, istərsə də “Facebook” olsun, onların etik qaydaları ilə ziddiyyət təşkil edən məqamlar istisna olmaqla heç kimə qadağalar qoya bilməz”.  “Məsələn, bu yaxınlarda “X” platformasının rəhbəri Elon Mask elan etdi ki, onlar 200 mindən çox istifadəçiyə terrorizmə çağırış etdikləri üçün məhdudiyyətlər qoyub. Hesab edirəm ki, bu, doğru addımdır və bu cür hallarda belə məhdudiyyətləri qoymaq olar. Amma şəxsi, sosial və ictimai problemlər qaldıran adamlarla bağlı heç bir sosial şəbəkə qadağa tətbiq edə bilməz”, - fikirlərini yekunlaşdırıb. 

Separatçı liderlər məhkəmədən sonra Ermənistana veriləcək? – Hüquqşünas açıqladı

“Separatçıların məhkəməsi kifayət qədər açıq mühitdə keçirilməli və ictimaiyyət nümayəndələri oraya dəvət olunmalıdırlar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında BDU-nun professoru, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. O, həbs olunan separatçıların neçə il cəza alması, cəzalarını harada çəkməsi və Ermənistana ekstradisiya olunması ehtimalları barədə fikir bildirib. “Açıq məhkəmələr gələcəkdə alver predmetini aradan qaldıracaq, Ermənistan bundan sui-istifadə etməyəcək. Hər halda, məhkəmələrin açıq şəkildə keçirilməsi yaxşıdır. Hətta təklif edərdim ki, elektron media, telekanallar məhkəmələrdən geniş reportajlar hazırlayıb “YouTube” və digər sosial şəbəkələrdə yerləşdirsin. Qoy hamı onların hansı cinayətləri törətdiyi və nə işlər gördüyünü bilsin”. Hüquqşünas əlavə edib ki, son söz məhkəmənindir: “Məncə, onlar ən ağır cəzaya layiq adamlardır və ən ağır cəzaya da məhkum ediləcəklər. Onların cəzası təbii ki, Azərbaycanda çəkilməlidir. Lakin cəzanın çəkilməsi ilə bağlı şəxslərin ekstradisiyasına dair Avropa Konvensiyası var. Bu məsələdə dövlətlərarası ikitərəfli razılaşma olmalıdır”. Q. Əlibəylinin sözlərinə görə, Azərbaycanın hələlik Ermənistanla sülh müqaviləsi yoxdur, amma Ermənistan separatçıların cəzalarını həmin ölkədə çəkməsinə əsasən Avropa Konvensiyasına istinad edərək müraciət edə bilər: “Həmin şəxs və yaxud şəxslərin verib-verilməməsi ilə həmin dövlətin səlahiyyətinə aid olan məsələdir. Məsələn, Ramil Səfərovla belə bir məsələ oldu və Macarıstan onu cəzasını çəkməsi üçün Azərbaycana təhvil verdi, Azərbaycan Prezidenti də öz səlahiyyətindən istifadə edib onu azadlığa buraxdı”. Müsahibimiz hesab edir ki, bu cür şəxslərin ekstradisiyası hüquqi cəhətdən mümkün olsa da, həmin şəxsləri cəzalarını çəkmək üçün Ermənistana vermək düzgün olmazdı: “Çünki onlar Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin törədilməsində iştirak edən şəxslərdir. Ona görə də onlar cəzalarını tam şəkildə Azərbaycan ərazisində çəkməlidir. Lakin hüquqi cəhətdən gələcəkdə onların ekstradisiyası mümkün ola bilər”.

Paşinyan Rusiya ilə bütün kommunikasiyaları LƏĞV EDİR

Ermənistan hökuməti respublikada yayımlanan Rusiya telekanalları ilə bağlı bütün mümkün variantlarını nəzərdən keçirir. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan brifinqdə bildirib. Onun sözlərinə görə, nazirliyin Rusiya telekanalları ilə imzaladığı müqavilə pozuntular aşkar etməsi halında, “müəyyən addımlar” atılmasını nəzərdə tutur. "Biz sazişin bütün bəndləri ilə tanışıq və müvafiq addımlar atacağıq. Sizə məlumat verəcəyik", - deyə o əlavə edib. Xatırladaq ki, hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Lusine Badalyan Ermənistanda Rusiya telekanallarının bağlanması məsələsi müzakirə olunduğunu söyləyib. Onu da əlavə edək ki, Ermənistanda Rusiyanın Birinci Kanalı, RTR Planeta, Rusiya, Mədəniyyət və dövlətlərarası “Mir” telekanalı ictimai multipleks vasitəsilə yayımlanır.

BMT TŞ zibil qutusuna atılmış bir qurumdur

BMT Təhlükəsizlik Şurası (TŞ), demək olar, zibil qutusuna atılmış bir qurumdur. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş deyib. O bildirib ki, bu təşkilat funksiyalarını yerinə yetirmir: “Bu gün “beynəlxalq hüquq”, “müharibə cinayətləri” termini mənasını itirib. Bu gün BMT TŞ müharibələrə, ayrı-ayrı regionlardakı hərbi toqquşmalara tamamilə laqeyd yanaşır. BMT hansı müharibəni dayandırıb? Rusiya ilə Ukrayna arasında davam edən savaşı dayandıra, müharibə cinayətlərinin qarşısını ala bildimi? Yox”.

Əhməd Vəliyevin bankı ləğv edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən Muğan Bank ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Sozcu.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Muğan Bank ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar Muğan Bank ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Muğan Bank ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Muğan Bank ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. Bildirilib ki, Muğan Bank ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. Muğan Bank ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Xatırladaq ki, “Muğan Bank” “Odlar Yurdu” Universitetinin təsisçisi Əhməd Vəliyevə məxsusdur.