“Rusiyada o qədər generallar var ki, general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı Rusiya sülhməramlı kontingentinə komandan təyin olması heç kimi təəccübləndirməsin”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olanda polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspert Azərbaycanın aprelin 23-də Həkəri çayı üzərində quraşdırdığı nəzarət-buraxılış məntəqəsindən dərhal sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığında baş vermiş dəyişiklikdən söz açıb.
Xatırladaq ki, Qarabağdakı Rusiya sülhməramlıların növbəti – beşinci komandanı general-polkovnik Aleksandr Lentsov təyin olunub. O, bu postda general-mayor Andrey Volkovu əvəzləyəcək.
Öz növbəsində, Ü. Cəfərov söyləyib ki, Lentsovun gəlməsi heç nəyi dəyişdirməyəcək:
“Əksinə, Lentsov bilir ki, orada yaxşı biznes var və o, Andrey Volkovdan fərqli olaraq, çalışacaq ki, 5 illiyi 3 ildə yerinə yetirsin. Çünki qabaqlar SSRİ-də belə bir şüar var idi ki, 5 illiyi 3 ildə yerinə yetirsinlər”.
Polkovnikə görə, Lentsovun postun qurulmasından sonra Qarabağa gətirilməsi sadəcə bir təsadüfdür:
“Sadəcə vaxt baxımından rotasiya olunmalı və Volkov getməli idi. Onsuz da Volkov harınlamış bir rus generalı idi. Lentsov gəlib guya nəyi dəyişəcək? Ona nə deyəcəklərsə, onu da edəcək. Lentsov bölgədə Sergey Şoyqunun tapşırıqlarını yerinə yetirəcək, yük daşıyacaq və s. Komandanın özü heç bir qərar qəbul etmir. Yəni o, hər hansı bir səlahiyyətdə və gücdə deyil ki, nəyisə həll etmə iqtidarındadır, yaxud kimsə ona bu şansı tanıyacaq. Belə olacağını düşünmürəm”.
Müsahibimiz vurğulayıb ki, onun Lentsovdan böyük bir gözləntisi yoxdur:
“Rusiya sülhməramlıları bölgədən çıxarılmalıdır. Çünki onlar kifayət qədər sülhyaratma missiyasının adına öz davranışları və hərəkətləri ilə xələl gətirdilər. Həm də ki, bundan sonra Rusiyanı kimsə heç yerə dəvət etməyəcək. Birdəfəlik hər kəsə aydın olmalıdır ki, Rusiya olan yerdə hər hansı bir sülhdən, əmin-amanlıqdan və sabitlikdən söhbət gedə bilməz. Rusiya olan yerdə qan-qada, bəla və problemin dərinləşməsi var. Ona görə də bu generalın Qarabağa gəlməsindən böyük heç nə gözləmirəm. Rütbə də sizi çaşdırmasın. Çünki Rusiyada daşı atırsan, generala dəyir. İndi Volkov gedəcək, Lentsov gələcək, nə isə dəyişəcək və s. desələr də, belə düşünmürəm”.