Mingəçevirdə şəhid anasına qarşı oğurluq hadisəsi qeydə alınıb. Belə ki, Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gedib.
Övladlarının məzarını təmizləyərkən dəsmal yumaq üçün uzaqlaşan ana çantasını məzarların yanında qoyub. Bu zaman onun çantasından telefon və pul qabı oğurlanıb.
Bəs görəsən, şəhid anasından oğurluq edənləri bağışlamaq olarmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, bu cür insanları bağışlamaq olmaz. Onlar sərt ictimai qınağa məruz qalmalıdırlar:
“İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz qələbədən sonra şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız o qədər xalqın gözündə yüksəlib ki, belə hadisələrin baş verməsi ikiqat ürəkağrıdıcıdır. Şəhidlər bizim milli-mənəvi dəyərimizdir, şəhidlərin ailələrinə əl uzadan, onlara qarşı kobudluq edən, haqlarını yeyən şəxslər bizdən deyillər, bu istər məmur olsun, istərsə sadə vətəndaş. Onlar sərt ictimai qınağa, eyni zamanda inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar ki, digərlərinə də dərs olsun. Bu nə deməkdir?! Bir ana iki şəhid verir, gedib övladlarının qəbrini təmizləməklə təskinlik tapmağa çalışır, hansısa əxlasız, alçaq da gəlib onun pulunu oğurlayır. Bundan dəhşətli hal ola bilərmi?”
Onun sözlərinə görə, həmin şəxslər qanunun sərt üzünü mütləq görməlidir ki, bu, başqalarına da dərs olsun:
“Biz şəhidlərimizə başımızın tacı deyirik, onların ruhu qarşısında baş əyirik, bu hadisəni törədənlər bilməlidir ki, bu gün olmasa da sabah törətdikləri əməl burunlarından qan olaraq axacaq. Onlar şəhid anasından oğurladıqları pulla necə çörək ala biləcəklər? Dükandan çörək oğurlayan insana bunu bağışlamaq olar, başqasının evinə girib nəyisə götürəni belə bağışlamaq olar, amma şəhid anasına qarşı atılan bu addımı heç cür bağışlamaq olmaz! Bu insanlar ciddi şəkildə həm xalqın qınağına məruz qalmalıdılar, həm də məhkəmənin sərt üzünü görməlidirlər. Onlar cəza çəkdikləri həbsxanada da qınağa məruz qalmalıdırlar, onlar həbsxanada ən axırıncı adam kimi küncdə saxlanılmalıdırlar, onlara hörmət qoyulmamalıdır.
Şəhid anası həm də imamlarımızın, peyğəmbərlərimizin anası deməkdir. Şəhidin bir damla qanı hara düşdüsə, ora çiçəklənir, Vətən olur. Şəhidin bir ahı günahkarları yandıra bilər. Biz şəhidlərin qanı hesabına bu gün alnı açıq, üzü ağ, qəddi düz gəzirik. Bu adamları bağışlamaq olmaz! Hətta şəhid anası onları bağışlasa belə olmaz. Mən əminəm ki, şəhid anası onları bağışlayacaq. İki oğul itirmiş bir ana bir telefon, bir az da pula görə kiminsə tutulmasına razı olmaz, amma cəmiyyət və rəsmi dairələr belə adamları bağışlamamalıdır”.