Ümumiyyətlə müşahidələr göstərir ki, siyasətlə məşğul olan insanları həmişə etibarlı saymırlar. Azərbaycan kimi ölkələrdə siyasətçilər haqqında qaranlıq təsəvvürlər mövcuddur. Avtoritar və ya totalitar ölkələrdə əzilən, əziyyət görən xalqın bu rəyi hesab edirəm ki, təbii görünməldir. Bir çox ölkələrdə uzun illərin mənzərəsi bunu ortaya qoyub. İnsanların etibar etdiyi, arxasınca getdiyi, inandıqları siyasətçilər onları yarı yolda qoyub, pul, vəzifə, mandat qarşılığında maraqlarını müdafiə etdiyi insanları məğlubiyyətə, mənəvi sarsıntılara düçar edərək əks düşərgəyə keçib və dahada azğınlaşaraq simasızlaşıblar. Bunu görən sadə insanlar isə siyasəti belə təsəvvür etməyə başlayıblar. Xəyanət, pul qarşılığında satılmaq, mandata görə xalqı yarı yolda qoymaq siyasi inamı, siyasi dürüstlüyü yaddaşlarda arxa plana keçirib.
Bu qeyd olunanları əlbəttə ki, bütün siyasətçilərə, siyasi fəaliyyətlə məşğul olanlara aid edilə bilməz. Amma siyasi əhval-ruhiyyə o qədər çirkablaşır ki, yaxşı kimi tanıdığın siyasətçilərə belə şübhə ilə yanaşmağa başlayırsan. Düşünürsən ki, görəsən budamı kiminsə əlinə işləyir, kiminsə adamıdır ? Özün-özlüyündə sual edirsən.
Ümumiyyətlə şübhə çox gözəl bir şeydir. Şübhə həqiqətin açarıdır. İnsanı araşdırmağa, həqiqəti bütün çalarları ilə görməyə, daha çox öyrənməyə, məlumatlanmağa sövq edir. Şübhə insanı tələsik qərarlar verməyə sövq etməməlidir. Mükəmmələşməyənə qədər mövqeyini özündə saxla. İnana biləcəyin dürüst siyasət adamı xalqın içərisindən olan, xalqa daha yaxın, xalqın dərdini özününkü bilən, xalq maraqlarını hər şeyin üstündə bilən adamlar ola bilər. Bunu bəlkə müəyyən etmək bir az çətin olsun, amma gəldiyi qısa yola baxmaq ilkin müşahidə üçün yetərli hesab oluna bilər. Yeni dövrdə bütün bunlar daha əlçatan və rahatdır.
Dürüst siyasətə gəldikdə isə bu bütün mütərəqqi ölkələrin uğurlarının əsas açarıdır. Dələduz, oğru, cinayətkarlar heç bir zaman xoş mənzərə yarada və ya düzən qura bilməzlər. Bütün gözəlliklər dürüst adamların əsəridir. Özünəmünasibət, ətrafındakı insanlara, gələcəyə sağlam yanaşma dürüst siyasətin təməl özülüdür. Özünəmünasibətlə etibarlılıq qazanmaq, ətrafındakı insanların inamını hər zaman qorumaq və bu dəyərləri gələcəyə ötürmək. Dürüst siyasətin əsasında etibarlılıq qazanılır, şəffaflıq qorunur və bütün bunların nəticəsində hesabatlılıq təmin edilir. Dürüst siyasət xalqın saflaşan və saflaşmağa meyilli ruhundan doğur.
Dürüst siyasəti xalq öz soyuducusunda, uşaqlarının geyimində, yaşadığı məkanın görüntüsündə, ictimai nəqliyyatda, məktəbdə, xəstəxanada, dövlət idarələrində görə bilər. Bunu hansı formada görürsünüzsə ölkənizdə ki, siyasətçilərin nə qədər dürüst olduğunu anlaya bilərsiniz.
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri