İsrail Dəməşq yaxınlığına hava zərbələri endirdi

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən hərbi obyektlərə hava zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu haqda SANA agentliyi məlumat yayıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Dəməşq və ətrafındakı bir sıra obyektləri hədəfə alaraq Qolan təpələri üzərindən raketlər atıb.

Müsavat başqanı Cümhuriyyət Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər, Əziz bacı və qardaşlarım! Sizi 28 May Cümhuriyyət Günü münasibəti ilə təbrik edirəm. 1918-ci il may ayının 28-də M.Ə. Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşlikatçılığı, Azərbaycan xalqının iradəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. M.Ə. Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən Tiflis şəhərində elan edilən Cümhuriyyətimiz xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Yaradılan dövlətimiz Cənubi Qafqazın əksər ərazilərini əhatə edən, müsəlman Şərqində ilk demokratik dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsinə dövrün az sayda olan azad dövlətlərindən biri kimi daxil oldu. Müsavat Partiyasının başqanı M.Ə.Rəsulzadə bu hadisəni “28 may 1918-ci ildə elan olunan Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”, – deyərək qiymətləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində xalqımız üçün ciddi işlər gördü. Ölkəmizin ərazisində demokratik ideyalar, insan haqları, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması təbliğ və tədbiq olundu. Bəzi Avropa dövlətlərindən daha tez qadınlara seçki hüququ verildi. Təəssüf ki, qısa müddət sonra Cümhuriyyətimiz bolşevik Rusiyası tərəfindən 1920-ci ilin 27 aprelində işğal olundu. Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət quruculuğu istiqamətində gedən proseslər dayandırıldı. Müstəqilliyimiz itirildi. Lakin xalqımızın qəlbinə əbədi həkk olunan İstiqlal eşqini silib atmaq mümkün olmadı. M.Ə.Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enmədi. İstiqlal idealına sadiq olan Azərbaycan xalqı 1991-ci il oktyabr ayının 18 də özünün itirilmiş dövlət müstəqilliyini yenidən bərpa etdi. Təəssüf ki, hakimiyyət uzun illərdi Cümhuriyyətimizin banilərinə, xüsusilə M.Ə.Rəsulzadəyə qarşı qısqanclıqla yanaşaraq gözdən salmağa çalışsa da xalqımız ona yoxdan bir bayraq və müasir dövlət yaratmış başda böyük Məhəmməd Əmin Rəsulzadə olmaqla unudulmaz tarixi şəxsiyyətləri layiqincə dəyərləndirir, onları hörmətlə yad edir. Müsavat Partiyası və digər demokratik qüvvələr ölkədə demokratik cəmiyyət qurulması uğrunda mübarizə aparır və əminik ki, ölkədə demokratik cəmiyyət qurulduqdan sonra ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin ideyaları tam şəkildə həyata keçmiş olacaq. Əziz həmvətənlər! Sizi bir daha xalqımızın ən önəmli bayramı olan 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Ukrayna qoşunları Baxmutda bir sıra yüksəklikləri geri alıb

Baxmut bölgəsində son bir neçə gündə Rusiya qüvvələrinin hücumlarında azalma müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib. Onun sözlərinə görə, rusların artilleriyası həm kifayət qədər intensiv işləyib, həm də kiçik nüans olsa da, fəaliyyətini davam etdirir: “Ukrayna Silahlı Qüvvələrinin bir sıra dominant yüksəklikləri öz nəzarəti altına qaytarması effektivliyi azaltmağa imkan verib. Rusların mövqelərinə təsir zonasını artırıb".

Cəlilabad sakini qətlə yetirildi: saxlanılan var

Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə Ş.Əzimovun həmkəndlisi, 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov şübhəli bilinir. O, saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. R.Aslanov polisə könüllü təslim olub. Araşdırma aparılır.

"Kiminsə anasını evdən qovmasını xalqa göstərməklə nə demək istəyirsiniz?"

Xalq artisti Rasim Balayev Azərbaycan telekanallarını tənqid atəşinə tutub. Sozcu.az xəbər verir ki, “YouTube”da yayımlanan "Mirinin Dibçəyi" layihəsinin növbəti qonağı olan R.Balayev televiziya məkanındakı boşluqlardan, Azərbaycan tamaşaçılarının zövqünün korlanmasından söhbət açıb: “Bu gün televiziyalar boş-boş şounun dalınca düşüblər. Ancaq filankəsin donu belə getdi, o birinin uşağı oldu və s. Səviyyəsiz şeyləri efirə verirlər. Ona görə də baxılmır. Baxılsa da, ancaq müəyyən kütlə baxır, məndən inciməsinlər. Ağlı üstündə olan adam televiziyaya baxmır. Son illər onlar insanların da zövqünü korlayıblar. Ancaq qeybət, səviyyəsiz söhbətlər... Bilirsiniz, elə şeylər var ki, onları efirə çıxarmaq olmaz. Məhkəməlik hadisələri efirə çıxarırlar. Məsələn, bir haramzadə oğlan anasını evdən qovur, tamaşaçı da buna baxır. Sonra cavan oğlan düşünür ki, deməli, ananı da evdən qovmaq olarmış, bu adiləşir, insanları pozur. Kiminsə anasını evdən qovmasını xalqa göstərməklə nə demək istəyirsiniz?! Bu işlər qapalı məhkəmələrdə həll olunmalıdır. Bu gün ciddi, insanı düşündürən söhbətlərə tamaşaçılar qulaq asmırlar. Çünki aparıcılar artıq istəklərinə nail olublar və insanların zövqünü korlayıblar”.  Aktyor televiziyaya yalnız peşəkarları gətirməklə  bu vəziyyəti düzəltməyin mümkün olduğunu bildirib: “Bu durumu dəyişmək üçün efirdə peşəkarlar olmalıdır. Televiziya bu gün açıq qapı olub, kim istəyir efirə çıxır. Əvvəl ancaq nümunəvi insanları efirə çıxarırdılar, indi fərq etmir. Bu gün ekrana şübhəli adamlar çıxır, bilmirsən qadındır, ya kişi. Qadınlar çıxıb efirdə əxlaqdan danışır, baxırsan ki, özünün heç əxlaqı yoxdur. Özü də dəhşətlisi odur ki, insanlar o adamı tanımır, amma mən yaxşı tanıyıram. Riyakarlar, yalançılar çıxıb görkəmli adamlardan sitat gətirir, camaat da elə bilir bu intellektual adamdır. Azərbaycan televiziyası bərbad vəziyyətdıdir”.

Prokurorluqdan mina partlayışı barədə AÇIQLAMA

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluqdan Sozcu.az-a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Ermənistan eyni səhvləri edir - Azərbaycanın bu dəfə cavabı nə olacaq?

Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi ərəfədə daimi belə təxribatlar yaradır. Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. "Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi ərəfədə daimi belə təxribatlar yaradır. Biz belə hallarla dəfələrlə rastlaşmışıq. Keçən ilin sentyabrında da başlanan təxribatlar sonunda sülh sazişi üzrə danışıqları təxminən altı ay müddətinə ləngitmişdi. Ermənistanda bu tərxibatlarla sülh sazişinin imzlanmasını müəyyən qədər uzun müddətə yaymağa çalışır. Bu cür təxribatların qarşısı keçmişdə də alınıb, indi də alınacaq. Təxribatların miqyasının genişlənməsi isə Azərbaycanın daha sərt adekvat və təsirli addımlar atmağa vadar edə bilər", - deyə o əlavə edib. Xatırladaq ki, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Azərbaycanlı aparıcının biznesi bağlandı

Aparıcı Samirə Mustafayeva uzun müddət əvvəl qurduğu biznesini dayandırıb. O, şəhərin mərkəzində fəaliyyət göstərən gözəllik salonunu bağlayıb. Bu haqda Samirə özü məlumat verib. "Gözəllik salonu çalışmır. Zaman ayıra bilmədiyim üçün fəaliyyətini dondurduq. Amma uyğun zamanda yenidən davam edə bilərik" deyə, Mustafayeva bildirib. //Axşam.az

“Microsoft” şirkətindən yaranan problemə “söndür-yandır, düzələcək” kimi çıxış yolu

"Windows" 10 və 11 üçün yeniləmələr bəzi funksiyalarda problemlərə səbəb olub. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "BleepingComputer"dən xəbər verilib. Məlumata görə, istifadəçilər bəzi hallarda "Kopiyala" və "Yapışdır" funksiyalarının işləməməsindən şikayətləniblər. Nasazlığın "CopyFile API" istifadə edən üçüncü tərəf proqramları ilə bağlı olduğu vurğulanıb. Həmçinin istifadəçilər əməliyyat sistemlərində faylların saxlanması funksiyasının işləməməsindən şikayət ediblər. Xüsusilə, problem "Word" və "Excel" kimi "Microsoft Office" proqramlarında görünüb. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Microsoft"dan problemdən xəbərdar olduqları və hazırda həll yolu axtardıqları bildirilib. Müvəqqəti düzəliş olaraq istifadəçilərə "Kopiyala", "Yapışdır" və "Saxla" əmrlərini bir neçə dəfə təkrarlamaq tövsiyə olunub. Bundan əlavə, istifadəçilərə problemli yeniləmələri silmək və əməliyyat sisteminin əvvəlki versiyalarına qayıtmaq tövsiyə olunub. "Microsoft" xidmətindən istehlakçılara verilən məsləhətlər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İstifadəçilər problemin həlli əvəzinə əmrləri bir neçə dəfə təkrarlamaq, ya əvvəlki versiyaya qayıtmaq kimi təkliflərin texnologiya aləmində məşhur olan "söndür-yandır, düzələcək" zarafatına bənzədiyini vurğulayıblar.

Bu içki qadınlarda sonsuzluq yaradır

Alkoqol qadınlar üçün kişilərdən daha təhlükəlidir. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri narkoloq Daniil Petrov deyib. Həkim bildirib ki, pivə qadınlar üçün son dərəcə təhlükəli spirtli içkidir: ondan sui-istifadə potensial olaraq döş xərçənginə, polikistik xəstəliyə və sonsuzluğa səbəb ola bilər. Amma digər spirtlər də təhlükəlidir. Bədəndə lazımi fermentlərin sayının az olması səbəbindən asılılıq kişilərə nisbətən daha sürətli inkişaf edir. "Biz eşitməyə öyrəşmişik ki, pivə kişilər üçün zərərlidir, onun tərkibində kişi hormonal balansını pozan estrogen qadın hormonu var. Ancaq bu içkinin səbəb olduğu digər mənfi nəticələr haqqında unutmaq olmaz: metabolik pozğunluqlar, daxili orqanların patologiyası, piylənmə, sonsuzluq. Bütün bunlar həm kişiləri, həm də qadınlara təsir edə bilər", - Petrov xəbərdarlıq edib. Qadınlarda pivə artıq bədəndə olan estrogen səviyyəsinə təsir göstərə bilməz. Ancaq qadın orqanının reproduktiv sisteminin əsas fəaliyyət zəncirinə - yumurtalıqların, hipofiz bezinin və hipotalamusun əlaqəsinə təsir göstərir. Məhz bu zəncirə əlavə olaraq daxil olan estrogen hormonal fonu və menstrual dövrü pozur. Gələcəkdə dövr tam bərpa olunmaya bilər. Hormonal səviyyələrin pozulması döş xərçəngi, polikistik xəstəlik, yumurtalıq xərçəngi, sonsuzluğa səbəb ola bilər. Bundan əlavə, narkoloqun fikrincə, istənilən alkoqol qadınlar üçün kişilərdən daha təhlükəlidir. Fakt budur ki, qadın orqanizmində alkoqolu parçalayan fermentlər daha azdır. Müvafiq olaraq, asılılıq daha sürətli inkişaf edir. "Qadın orqanizmində 10 faiz çox su olduğu üçün spirt də daha yaxşı həll olunur. Həmçinin qadınlar kişilərdən daha emosional və dəyişkəndir, hormonal dəyişikliklər daha qabarıq şəkildə özünü göstərir və bu baxımdan asılılıq da daha sürətli inkişaf edir", - Petrov yekunda vurğulayıb.

"Urmu" və "Yağış" adlı əkizlərə 4 aydan sonra kimlik vəsiqəsi verildi

Təbrizdən olan azərbaycanlı valideynlər dörd aylıq mübarizə apardıqdan sonra əkiz qızları "Urmu" və "Yağış"a şəxsiyyət vəsiqəsi almağa nail olublar. Bu barədə əkizlərin atası Vəhid Baqirpur özünün sosial media hesabında paylaşım edərək övladlarına türk adı seçdiyi üçün İran Qeydiyyat İdarəsi tərəfindən incidildiyini yazıb. "İranda və hakimiyyətdə çox dəyişikliklər olsa da, bir şey dəyişilməz qalb. O da, İranda hakim rejimin İranda yaşayan xalqlara, xüsusilə azərbaycanlılara sistemli faşist münasibətidir",- Baqirpur bildirib. Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər. İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır. Onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

Göygöl sakini həmkəndlisini bıçaqladı

Göygöl rayonunun Mollacəlilli kəndində bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, kənd sakini Nəsrəddin Əhmədov gecə saatlarında həmkəndlisi Ayxan Nağızadəyə bıçaqla ağır xəsarət yetirib. İlkin araşdırma zamanı hadisənin Ayxan Nağızadənin həmkəndlisi barəsində nalayiq ifadələr işlətməsi səbəbindən baş verməsi məlum olub. Qarın nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı Göygöl RPŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.

Ukrayna Gürcüstanı rəsmi olaraq Sakartvelo adlandıra bilər

Ukrayna Ali Radasında Gürcüstanı rəsmi olaraq Sakartvelo adlandırmaq təklif olunub. Sozcu.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında dərc edilib. “Qanun layihəsinin məqsədinə çatmaq üçün Ukraynada rəsmi səviyyədə, rəsmi yazışmalarda və ünsiyyətdə, habelə kütləvi informasiya vasitələrində Gürcüstan əvəzinə rəsmi və tarixi adı – Sakartvelonun istifadəsinin tətbiqi təklif olunur. Müvafiq olaraq, gürcü xalqını (gürcüləri) kartvellər adlandırmaq”, - 9329 saylı qanun layihəsinin izahlı qeydində deyilir. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tbilisini yaxınlaşdıra, həmçinin ölkəni “ruslaşmış” adından xilas edə bilər. Qeyd edək ki, Sakartvelo Gürcüstanın tarixi adıdır. 2018-ci il mayın 3-dən Gürcüstanın orijinal adı – Sakartvelo Litva dilinə daxil edilib. Bununla da Litva Gürcüstana münasibətdə “Sakartvelo” adını istifadə edən ilk ölkə olub.

“Anadolu Hospital”ın direktoru Azərbaycandan çıxarkən tutuldu

Barəsində cinayət işi açılmış və istintaq aparılan “Anadolu Hospital”ın direktoru Alper Ceylan Azərbaycanı tərk etmək istəyərkən tutulub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü həkim Sədərək Gömrük Keçid Məntəqəsində quru yolu ilə ölkəni tərk etməyə çalışıb. O, saxlanılaraq polisə təhvil verilib. Alper Ceylana barəsində cinayət təqibinin davam etməsi və ölkəni tərk etməsinin mümkünsüz olması bildirilib. Qeyd edək ki, dələduzluqda şübhəli bilinən xəstəxana rəhbəri barəsində cinayət işinin istintaqı davam etdirilir. Bir müddət əvvəl A. Ceylan barəsindəki həbs qətimkan tədbiri Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəzlənib. Onunla yanaşı “Anadolu Hospital”ın direktor müavini Kərim Nadirov da dələduzluqda ittiham edilir. Hər iki şəxsin xəstəxanaya işə qəbul adı ilə şəxslərdən pul alıb vədlərinə əməl etməməsi bildirilir.

Rusiyanın Belarusa nüvə silahı ötürməsinə ABŞ-dan reaksiya

ABŞ Prezidenti Co Bayden Rusiyanın qeyri-strateji nüvə silahlarını Belarus ərazisinə daşınmasına son dərəcə mənfi yanaşır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Kahramanmaraşdə zəlzələ olub

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb. Bildirilib ki, yerli saatla 04:10-da 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.

Premyer Liqanı bu komanda tərk edir

Bu gün Azərbaycan Premyer Liqasının 36-cı turuna start veriləcək. Sozcu.az xəbər verir ki, mövsümün son turunun ilk oyun günündə 3 görüş baş tutacaq. “Sumqayıt” – “Zirə” və “Qəbələ” – “Kəpəz” matçları eyni saatda start götürəcək. Günün son matçında isə “Səbail” və “Şamaxı” komandaları üz-üzə gələcək. Bu oyunda elitanı tərk edəcək komandanın adına aydınlıq gələcək. Qeyd edək ki, “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində (HDQ) olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlara əvvəlcə Qərargah binasının akt zalında HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib. Daha sonra hərbi attaşelər döyüş gəmilərində şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, matros yataqxanası, yeməkxana və digər obyektlərə baş çəkib, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, mayın 26-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hövsanda anbardan 30 min manatlıq oğurluq olub

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30 000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini İxtiyar Abbasov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

Ramanada avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib. Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,95 dollara, yüngül neftin bir barreli isə 72,67 dollara təklif edilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 458-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 206 200 hərbçi, 3799 ədəd tank, 7442 ədəd zirehli döyüş maşını, 3406 ədəd artilleriya sistemi, 572 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 329 hava hücumundan müdafiə sistemi, 310 ədəd hərbi təyyarə, 296 ədəd helikopter, 6172 ədəd avtomobil texnikası, 2941 ədəd PUA, 1025 qanadlı raket, 18 gəmi/qayıq, 449 xüsusi avadanlıq itirib.